Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Məzarıma nə başdaşı qoyun, nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın geyib getsin..."
Onu Azərbaycan ədəbiyyatında tənhalıq poeziyası yaradan, qəlibsiz şeirlər yazan, Allah üçün darıxan şair adlandırırlar.
Bu gün ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür.
Düz 11 il bundan əvvəl biz onu itirdik...
Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya gəlib.
O, 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirib, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb.
Daha sonra isə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.
Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq başlayan Vaqif Səmədoğlu, 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.
O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub.
Şairin "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Və bundan sonra onun əsərləri dövri mətbuatda vaxtaşırı dərc olunub.
4 kitabın, 8 dram əsərinin, saysız-hesabsız şeirlərin, 23 filmin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Vaqif Səmdəoğlu 2015-ci il yanvarın 28-də, 76 yaşında vəfat edib və Fəxri Xiyabanda, atasının yanında dəfn olunub.
Ruhu şad olsun!
Hərdən adama elə gəlir, o ölməyib. Hansısa uzaq, yaşıl bir adaya gedib. Və bir gün, hökmən geri qayıdacaq...
Uzaq yaşıl ada
Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata...
Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada...
Tez ol xəbər yetir, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə...
Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...
“Ədəbiyyat və incəsənət”
(28.01.2026)


