Super User

Super User

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Bəzən insan dünyanı gözləri ilə deyil, ürəyi ilə görür. Bəzən isə görən gözlər həqiqəti görmək istəmir, amma qaranlıqda yaşayan bir insan həyatın ən aydın həqiqətlərini hiss edə bilir. 1961-ci ildə ekranlaşdırılan “Korun mahnısı” filmi də məhz bu ziddiyyət üzərində qurulmuş, insanın daxili dünyasını və mənəvi həssaslığını ön plana çıxaran ekran əsərlərindən biridir.

 

Filmin rejissoru Azərbaycan kinosunun nümayəndələrindən olan Rauf Kazımovskidir. O, bu ekran əsərində təkcə bir insanın taleyini deyil, həm də cəmiyyətin insanlara münasibətini, mərhəmət və anlayış kimi dəyərlərin əhəmiyyətini bədii dillə təqdim etməyə çalışmışdır.

 

Səssiz dünyanın səsi

Filmin mərkəzində görmə qabiliyyətini itirmiş bir insanın taleyi dayanır. Onun həyatı zahirdən baxanda məhdudiyyətlər və çətinliklərlə dolu görünür. Lakin film göstərir ki, insanın dünyanı dərk etməsi təkcə gözlərdən asılı deyil.

Kor qəhrəmanın həyatında musiqi xüsusi yer tutur. Onun oxuduğu mahnılar təkcə səs deyil, həm də bir hiss, bir fəryad, bəzən isə həyatla barışığın ifadəsinə çevrilir. Bu mahnılar vasitəsilə tamaşaçı qəhrəmanın iç dünyasına daha dərindən daxil olur.

Məhz buna görə film sadəcə bir insanın taleyini göstərmir; o, insan ruhunun incə və həssas qatlarını açmağa çalışır.

 

Görənlərin korluğu

“Korun mahnısı” filmində diqqət çəkən məqamlardan biri də sosial məqamdır. Rejissor Rauf Kazımovski tamaşaçıya incə bir sual ünvanlayır:

Həqiqətən kor olan kimdir?

Fiziki olaraq görməyən insanmı, yoxsa ətrafında baş verənləri görmək istəməyənlərmi?

Film boyu bu sual müxtəlif səhnələrdə öz əksini tapır. Bəzən cəmiyyət fiziki qüsuru olan insanı zəif və köməksiz kimi qəbul edir. Lakin ekran hadisələri göstərir ki, mənəvi baxımdan güclü olmaq üçün gözlərin görməsi kifayət deyil.

Əsl görmə qabiliyyəti insanın vicdanında və hisslərində gizlənir.

 

Həyatın melodiyası

Filmin poetik tərəfi də məhz burada üzə çıxır. “Korun mahnısı”nda musiqi sadəcə bədii element deyil, həm də həyatın metaforasına çevrilir. Qəhrəmanın oxuduğu mahnılar onun yaşadıqlarını, hisslərini və dünyaya baxışını ifadə edir.

Bu mahnılar bəzən kədərli, bəzən isə ümid dolu səslənir. Çünki həyatın özü də belədir: qaranlıqla işığın, ağrı ilə ümidin arasında davam edən bir yol.

Rejissor Rauf Kazımovski bu emosional atmosferi sadə, lakin təsirli kino dili ilə təqdim edir.

 

Azərbaycan kinosunda humanist xətt

1960-cı illər Azərbaycan kinosunda insanın daxili dünyasına daha çox diqqət yetirilən dövrlərdən biri idi. “Korun mahnısı” da həmin dövrün humanist ruhunu əks etdirən ekran əsərlərindən sayılır.

Film tamaşaçıya sadə bir həqiqəti xatırladır: insanın gücü onun fiziki imkanlarında deyil, ruhunun gücündədir. Çətinliklər qarşısında sınmayan iradə və həyata bağlılıq insanı həqiqətən böyük edir.

 

Son söz

Bəzən həyatın ən təsirli hekayələri məhz səssiz insanların taleyində gizlənir.

“Korun mahnısı” filmi bizə bir həqiqəti xatırladır:

dünyanı görmək üçün təkcə gözlər kifayət deyil.

Çünki bəzən görməyən gözlər belə həyatın ən dərin həqiqətlərini görə bilir.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

Çərşənbə, 18 Mart 2026 10:14

Beyləqanda Novruz Festivalı keçirildi

Rəqsanə Babayeva,

“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişili təmsilçisi

 

17 mart 2026-cı il tarixində Novruzun sonuncu çərşənbəsi-ilaxır çərşənbə ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər Mədəniyyət və İstirahət parkında möhtəşəm Novruz Festivalı keçirildi.

 

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivi, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri, o cümlədən Mil-Muğan iqtisadi rayonuna daxil olan bütün rayonlardan nümayəndələr iştirak etdilər.

Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən möhtəşəm festivalda Beyləqan rayonunun müxtəlif kənd və qəsəbələrindən, eləcə də Mil-Muğan iqtisadi rayonuna daxil olan digər rayonlardan gəlmiş nümayəndələr tərəfindən qurulan Novruz ab-havalı stendlər tədbirə xüsusi rəng qatdı. Həmin stendlərdə milli adət-ənənələrimiz, xalq sənətkarlığı nümunələri və əl işləri nümayiş etdirilərək ziyarətçilərə təqdim olundu.

Eyni zamanda, Festival çərçivəsində el pəhləvanlarının və idmançıların çıxışları da böyük maraqla qarşılandı. Onların nümayiş etdirdiyi güc, çeviklik və ustalıq bayram şənliyinə xüsusi dinamika qataraq tamaşaçıların alqışına səbəb oldu.

Baharın gəlişini, yenilənməni və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən bu bayram tədbiri yüksək əhval-ruhiyyə, zəngin proqram və rəngarəng səhnə nömrələri ilə yadda qaldı. Festival boyunca milli rəqslər, şən musiqi ifaları, Keçəl və Kosanın maraqlı çıxışları iştirakçılara əsl bayram ovqatı yaşatdı. Bununla yanaşı, Beyləqan, Sabirabad, İmişli və Saatlı rayonlarından dəvət olunan tanınmış mədəniyyət işçiləri və musiqiçilər tərəfindən səsləndirilən bayram əhvallı mahnılar tədbirə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşatdı. Azərbaycanın ən uca və ən qısa boylu sakinlərinin təqdim etdiyi şən məzhəkələr isə tamaşaçıların böyük marağına səbəb oldu.

Novruz tonqalı ətrafında bir araya gələn sakinlər qədim ənənələrimizi yaşadaraq birlik və həmrəylik nümayiş etdirdilər. Səməni, milli ornamentlər və bayram atributları ilə bəzədilən məkan əsl Novruz ab-havasını hər kəsə hiss etdirdi.

Beyləqanda keçirilən bu möhtəşəm Novruz Festivalı bir daha göstərdi ki, xalqımız öz milli dəyərlərinə sadiqdir və bu ənənələri böyük sevgi ilə yaşadır.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

 

Efiopiya Federativ Demokrativ Respublikasında “ASAN xidmət” modeli əsasında yaradılmış növbəti “MESOB” dövlət xidməti mərkəzlərinin açılışı olub. 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Efiopiya tərəfinin dəvəti əsasında Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Adama şəhərində baş tutmuş açılış mərasimində iştirak edib. 

Efiopiya tərəfindən isə Federal Dövlət Xidməti Komissiyasının rəhbəri Mekuria Hayle, Oromiya regionunun vitse-prezidenti Avelu Abdi və digər rəsmi şəxslər qatılıblar.

Müvafiq xidmət mərkəzlərində əhaliyə dövlət qurumları və özəl təşkilatlar tərəfindən ümumilikdə 130-dan çox xidmət təqdim olunur. Mərkəzlərin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri və uşaq guşəsi daxildir.

Hazırda Efiopiyada “ASAN xidmət” təcrübəsi əsasında 36 xidmət mərkəzi fəaliyyət göstərir. Cari ilin sonuna qədər 200-dən çox xidmət mərkəzinin açılışı planlaşdırılır.

Xatırladaq ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

 

Səbinə Yusif,

"Qazax Xeyriyyə” İctimai Birliyinin mətbuat katibi.

“Ədəbiyyat və incəsənət”

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib. "Sazın səsi, sözün nəfəsi" layihəsi çərçivəsində baş tutan gecə Mədəniyyət Nazirliyi, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, eləcə də "Qazax" Xeyriyyə İctimai Birliyinin maddi-mənəvi dəstəyi ilə ərsəyə gəlib.

 

Tədbirdə ziyalılar, şairin ailə üzvləri, doğmaları, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, media nümayəndələri iştirak edirdilər.

Tədbirin girişində şairin həyat yolunu əks etdirən nadir video görüntülər nümayiş olunub, onun öz səsi ilə ifa etdiyi ölməz şeirləri dinlənilib. Daha sonra Səməd Vurğunun 90 illik yubileyində Ulu Öndər Heydər Əliyevin yubiley nitqindən video kadrlar nümayiş olunub.

Gecəni giriş sözü ilə açan layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Səməd Vurğun yaradıcılığının aşıq sənəti ilə ayrılmaz bağlarından danışıb. O, dahi şairin istedadlı aşıqların tanıdılmasında və bu qədim sənətin inkişafındakı əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

Tədbirin moderatoru yazıçı-publisist Ramiz Göyüşov şairin yaradıcılıq fəlsəfəsi haqqında ətraflı məlumat verib. O, Vurğun ocağının davamçıları – Yusif və Vaqif Səmədoğluların, eləcə də Aybəniz Vəkilovanın Azərbaycan ədəbiyyatı və incəsənətinə bəxş etdikləri töhfələrdən söz açıb, şairlə bağlı maraqlı xatirələri və tarixi faktları bölüşüb.

Daha sonra çıxış üçün söz ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə verilib. Professor şairin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndinin onun yaradıcılığındakı ilham mənbəyi olduğunu konkret nümunələrlə əsaslandırıb. Yusif Alıyev qeyd edib ki, Səməd Vurğun poeziyasının ana xəttini türkçülük, islam dəyərləri, tarixilik və millilik təşkil edir.

Şairin yaradıcılığını Corc Bayronla müqayisə edən natiq, Vurğun irsinin xalqla daha dərin tellərlə bağlı olduğunu bildirib. O, həmçinin dahi şairin akademik fəaliyyətinə diqqət çəkərək deyib: "Səməd Vurğun təkcə böyük şair deyil, həm də fundamental elmi irs qoyan bir akademik idi. Mir Cəlal Paşayevin dediyi kimi, o, əlinə qələm alanda kağız korlamayan yeganə sənətkar idi."

Yubiley gecəsi rəngarəng musiqi proqramı ilə davam edib. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, xanəndələr Sahib İbrahimov və Kamilə Nəbiyeva şairin sözlərinə bəstələnmiş mahnıları məharətlə ifa ediblər. Əməkdar artist Zakir Əliyev Rəsul Həmzətovun dosta vəfa rəmzi olan "Əziz dostum" şeirini səsləndirib. Aşıqlar Avdı Musayev, Ramin Qarayev, Samir Cəlaloğlu və Şahin Süleymanov isə saz havaları üstündə şairin qoşmalarını ifa edərək salona xüsusi ruh bəxş etdilər.

"Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin Səməd Vurğun irsinə verdiyi yüksək qiyməti xatırladıb. O, şairin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq Sərəncam imzaladığı üçün Prezident İlham Əliyevə bütün ziyalılar və Qazax mahalı adına minnətdarlığını bildirib.

İlham Pirməmmədov 1996-cı ildə Səməd Vurğunun 90 illik yubileyinin keçirilməsi haqqında Ulu Öndər Heydər Əliyevin sərəncam imzalandığını və təntənəli şəkildə qeyd olunmasını vurğulayıb:

"Bir il ərzində Azərbaycanın hər bölgəsində Səməd Vurğunun 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Nəhayət, 1997-ci ilin mart ayında Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Ulu Öndər Heydər Əliyevin iştirakı ilə dövlət səviyyəli yubiley tədbiri keçirildi. Ulu Öndər Heydər Əliyev həmin tədbirdə çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatında müstəsna yer tutduğunu xüsusi vurğuladı və dedi: "Səməd Vurğun Azərbaycan xalqının böyük şairidir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir və xalqımızın milli-mənəvi sərvətidir.”

Ulu Öndər çıxışında həmçinin qeyd etmişdir ki, Səməd Vurğunun yaradıcılığı xalqımızın milli ruhunu, vətən sevgisini və mənəvi dəyərlərini əks etdirir, onun əsərləri zaman keçdikcə daha da qiymət qazanır və yaşayır.

Mən hesab edirəm ki, Səməd Vurğunun 120 illik yubileyi də bir il müddətində Azərbaycanın hər bölgəsində keçiriləcək və nəhayət, yenə də Heydər Əliyev Sarayında təntənəli yubiley mərasimi təşkil olunacaqdır.

İlham Pirməmmədov keçirilən tədbirin Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ilk tədbir olduğunu vurğulayaraq, keçiriləcək digər tədbirlərdə "Qazax" Xeyriyyə İctimai Birliyinin yaxından iştirak edəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. İlham Pirməmmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun salamlarını tədbir iştirakçılarına çatdırıb və may ayında Səməd Vurğunun 120 illik yubileyinin Qazax rayonunda yüksək səviyyədə keçiriləcəyini qeyd edib. Tədbirin aparıcısı Ramiz Göyüşova da minnətdarlığını bildirib: "Ramiz müəllim, yubiley tədbirini yüksək səviyyədə apardığınız üçün sizə təşəkkür edirik. Səməd Vurğuna həsr etdiyiniz kitabın nəşr olunması münasibətilə sizi təbrik edirik. Yaxın günlərdə həmin kitabın təqdimatı Səməd Vurğunun Ev Muzeyi və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun Ev Muzeyində keçiriləcəkdir".

İlham Pirməmmədov qeyd edib ki, 2000-ci ildən etibarən "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən hər il 21 mart tarixində Səməd Vurğunun və Fəxri Xiyabanda dəfn olunmuş Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Muğanna və Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq artistləri Leyla Vəkilova və Əminə Dilbazinin, dövlət xadimi Möhsün Poladovun məzarları ziyarət olunur. Bu il də 21 mart saat 11:00-da Fəxri Xiyabanda Səməd Vurğunun və orada dəfn olunmuş qazaxlıların məzarları ziyarət olunacaqdır. O, bütün Vurğunsevərləri keçiriləcək həmin tədbirə dəvət edib.

Daha sonra Ramiz Göyüşov tədbirin yüksək səviyyədə təşkil olunmasında gərgin əməyinə görə "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Sultanxanım Nəsibovaya təşəkkürünü bildirib.

Xanəndə və aşıqların birgə ifasında Səməd Vurğunun "Azərbaycan" şeiri xorla ifa olunub.

Yubiley gecəsi Ulu Öndər Heydər Əliyevin "Azərbaycan" şeirini səsləndirdiyi kadrların nümayişi ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

 

Çərşənbə axşamı, 17 Mart 2026 12:46

Cəlil Xəlilov - Vətən sevgili fədakar

 

 Mübariz Süleymanlı,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist.

“Ədəbiyyat və incəsənət”

 

Hər dəfə insanlar haqqında yazı yazanda, söz.danışanda yadıma qədim yunan filosofu Epirtetin müdrik bir kəlamı düşür: "Həmişə özünlə danışmağa çalış, çünki özünə söyləyəcəyin və özündən soruşacağın çox şey var".


Ümimiyyətlə dünəninə boylanıb özünə hesabat verən insanlar müdrik insanlardır. Bu da nüfuz sahibinin ən böyük mükafatı daxilən rahat olmasıdır.

Cəlil Xəlilovun fəaliyyətinin qayəsini dövlətə sədaqətlə xidmət etmək təşkil edir.

Onun hər bir çıxışında və müsahibələrində ümummili lider Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan mövzusu və xalqımızı birliyə səsləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasətin nəticəsində qalib ölkə olmağımız geniş yer alır.Cəlil müəllim hər zaman bu siyasəti dəstəkləyir, dövlətin həyata keçirdiyi sosial və iqtisadi layihələrdə vətəndaş mövqeyi ilə iştirak edir.
Onun üçün dövlət sadəcə idarəetmə sistemi deyil, xalqın milli qürurun və iradəsinin rəmzidir. Bu səbəbdən o, hər zaman dövlət maraqlarını şəxsi maraqlarından üstün tutur və gənc nəslə də bu prinsipi aşılayır.

Yüksək əxlaqi keyfiyyətləri, təvazökarlığı və geniş dünyagörüşü ilə həmişə seçilən Cəlil müəllimin mənəvi zənginliyinin başlıca şərti onun sadəliyidir.
Bəli, Cəlil müəllimi sevdirən onun peşəkarlığı və Vətənsevərliyidir.
Məhz, onun Vətən sevgisi, əsl fədakarllğı odlu alovlu iki mühəribənin iştirakçısı olmasından görünür. Polkovnik Cəlil Xəlilov Əfqanıstan və Qarabağ müharibələri veteranıdır.

Bu gün Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədridir.
Yüz mindən çox üzvü olan təşkilat bugündə Türk dövlətlərinin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələr qurmaqda davam edir.

Hal-hazırda təşkilat 37 dövlət ilə sıx əməkdaşlıq edir və həmin ölkələrə respublikamızın ictimai-siyasi və mədəni həyatında baş verən yenilikləri çatdırır. Belə qənaətdə gəlmək olar ki, bu əlaqələrin yaradılmasında sözsüz ki Cəlil müəllimin işinin öhtəsindən ustalıqla gəlməsi durur.

Ümumiyyətlə, Cəlil müəllim harada işləməsindən asılı olmayaraq, verilən tapşırıqları layiqincə yerinə yetirmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır.
Polkovnik Cəlil Xəlilov şəxsiyyətə xas xüsusiyyətlərə malik insan, cəsarətli Vətənpərvər bir ziyalıdır.
O, hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hisslərin sahibi olub Vətənin şərəfini yüksəklərə ucaldan bir işıqlı ziyalıdır. Onun keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı, ictimai fəaliyyəti göz qabağındadır.
Bu gün Cəlil Xəlilovun işgüzarlığı, təşkilatçılıq bacarığı və prinsipiallığı yüksək qiymətləndirilir.
Cəlil Xəlilov 2003-cü ildən siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, yeddi elmi əsərin müəllifi, Dövlət İdarəçəlik Akademiyasının dosentidir.

Cəlil müəllim Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür. Xidmət dövründə Azərbaycanın və digər ölkələrin medalları və ordenlərilə təltif edilmişdir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin də üzvüdür.
Cəlil Xəlilov həmçinin, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan "Milli təhlükəsizlik strategiyası" və Milli Təhlükəsizlik Nəzəriyyəsi dərslikləri və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox elmi məqalənin müəllifidir.

Belə şərəfli ömür yaşayan polkovnik Cəlil Xəlilov haqqında çox yazıb, çox danışmaq olar.
Cəlil müəllim Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında fəaliyyətə başladığı ilk gündən ölkənin ictmai-siyasi və mədəni həyatında baş verən yeniliklərlə əlaqədar mütəmadi olaraq ölkə mətbuatında çıxışlar edir, hadisələrə münasibət bildirir.

Bununla yanaşı, təşkilatın əsas binasında ölkəmizin nüfuzlu ziyalılarının iştirakı ilə respublika əhəmiyyətli bayram tədbirləri təşkil edir. Tədbirlərdə dövlət başçısının son illər yeni-yeni uğurlara imza atmasından, beynəlxalq arenada qazanılan nailiyyətlərdən danışılır .

Hal-hazırda veteranlar təşkilatında ölkəmizdə baş verən dövlət əhəmiyyətli olaylarla bağlı operativ silsilə tədbirlər keçirilir.

Vətən müharibəsi veteranlarının, qazilərin, şəhid ailələri nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali təhsil ocaqları rəhbərlərinin, şəhər və rayon icra hakimiyyəti başçılarının və ictimai fəalların iştirak etdiyi tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun şücaəti nəticəsində qələbəyə nail olmasından söhbət açılır.
Cəlil müəllim üçün bu, sadəcə vəzifə deyil, həmdə mənəvi borcdur.

O çıxışlarında virğulayır ki, “Vətən uğrunda canını fəda edən hər bir şəhidin ailəsi bizim öz ailəmizdir, onların dərdi bizim dərdimizdir.” Bu düşüncə tərzi Cəlil Xəlilovu fərqləndirən əsas insani keyfiyyətlərdəndir.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, o cümlədən öz ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını təmin etməsindən ətraflı danışılır.
İnanırıq ki, çoxminli veteranlar təşkilatı bundan sonra da öz işini uğurla davam etdirəcək.

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

Çərşənbə axşamı, 17 Mart 2026 10:16

“ASAN xidmət” Qvineyada tətbiq ediləcək

 

16-17 mart 2026-cı il tarixində Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Burunonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, səfərin ilk günü qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda  canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

 

 Sonra qvineyalı qonaqlar “ASAN xidmət” mərkəzinə səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

 

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” imzalanıb.

 

Saziş “ASAN xidmət” təcrübəsinin Qvineyada tətbiqini, eləcə də qvineyalı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübələrin Qvineya tərəfi ilə paylaşılmasını nəzərdə tutur. 

 

Qvineyalı nazir “ASAN xidmət”in onda yüksək təəssürat yaratdığını və əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, qısa müddət ərzində ölkəmizin müvafiq sahədə qabaqcıl təcrübəsinin Qvineyada tətbiq etmək niyyətində olduqlarını ifadə edib.

 

Ölkəmizə səfər çərçivəsində qonaqlar Zəfər abidəsini ziyarət edəcəklər. 

Həmçinin “ASAN xidmət”in mütəxəssisləri tərəfindən müxtəlif sahələri əhatə edən təqdimatlar baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

 

16 mart 2026.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

 

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 489 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1-ci maddənin birinci hissəsi üzrə:

1.1. dördüncü – səkkizinci abzaslar müvafiq olaraq on birinci – on beşinci abzaslar, doqquzuncu – on beşinci abzaslar müvafiq olaraq on səkkizinci – iyirmi dördüncü abzaslar hesab edilsin;

1.2. aşağıdakı məzmunda dördüncü – onuncu, on altıncı və on yeddinci abzaslar əlavə edilsin:

“milli film – xarici film hesab edilməyən və bu Qanunun 4-cü maddəsində göstərilən tələblərə cavab verən film;

xarici film – bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;

birgə istehsal filmi – yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;

film istehsalı – film çəkilişinə hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması mərhələlərini özündə əhatə edən proses;

film çəkilişinə hazırlıq – filmin ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin yazılması və film çəkilişi məqsədi ilə digər inzibati və texniki məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses;

film çəkilişi – filmin bilavasitə kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən fəaliyyətləri əhatə edən proses;

filmin çəkilişinin tamamlanması – çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən proses;”;

“yerli prodüser – Azərbaycan Respublikasının vətəndaşı və ya qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan prodüser;

xarici prodüser – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser;”.

2. 3-cü maddənin birinci hissəsinin altıncı və yeddinci abzasları yeddinci və səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi;”.

3. 4-cü maddənin ikinci hissəsində “müştərək çəkilmiş” sözləri “birgə istehsal edilmiş” sözləri ilə əvəz edilsin.

4. 7-ci maddə üzrə:

4.1. birinci hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.2. üçüncü hissəyə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

5. 10-cu maddənin birinci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

6. 13-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

“Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödənilir.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2026-cı il

Mənbə: Prezident.az

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinin nəticələri məlum olub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan kinematoqrafiyasının inkişafına yönəlmiş müsabiqə çərçivəsində təqdim olunan layihələr mərhələli qiymətləndirmədən keçərək pitçinq mərhələsinə təqdim edilib.

Pitçinq mərhələsinin nəticələrinə əsasən aşağıdakı film layihələri 2026-cı il üzrə dövlət sifarişi ilə istehsal üçün seçilib:

 

“Türkmənçay” — “Şahdağ Film” MMC, rejissor Elxan Cəfərov

 

“Rəqqa” — “Rakurs Film-Media” MMC, rejissor İsmayıl Səfərəli

 

“Mən, Lalə, bir də o” — İctimai Televiziya və Radio Yayımları Şirkəti, rejissor Rüfət Şahbazov.

 

Seçilmiş layihələr Azərbaycan kino sənayesinin inkişafına yönəlmiş yaradıcı yanaşmaları, aktual mövzuları və müxtəlif bədii həll yollarını özündə əks etdirir.

“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi milli kino istehsalının sistemli şəkildə dəstəklənməsi, yaradıcı mühitin stimullaşdırılması və keyfiyyətli film layihələrinin həyata keçirilməsinə şərait yaradılması məqsədini daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün sizlərə məşhur kouç Napoleon Hillin «Düşün və varlan» kitabından bəzi qiymətli kəlamları təqdim edəcəyik:

«Uğur qazanan insanlar öz təşəbbüsləri ilə hərəkət edirlər. Amma onlar, hər hansı istiqamətə doğru hərəkət edəndə hara çatacaqlarını da əvvəldən bilirlər».

«Əgər yanında ona kömək edən adamlar olmasa heç bir şəxs daim uğur qazana bilməz».

«Ən uğurlu adamlar o adamlardır ki, onlar çoxsaylı insanlar üçün işləyirlər».

«Sən bir şeyi yalnız o zaman edə bilərsən ki, sən bunu edə biləcəyinə inanasan».

«Bu çox vacibdir, əvvəl özünün xoşuna gəlməlisən, sonra başqalarının».

«Öz fikirlərini düz istiqamətə yönəlt. Öz emosiyalarına nəzarət et. Öz məqsədini dəqiq müəyyənləşdir».

«Entuziazmla içini doldur. Entuziazmla hərəkət et!»

«Beynini istədiyin, arzuladığın şeylərlə doldur, istəmədiklərinlə, arzulamadıqlarınla yox. Qədim bir məsəl var: «Öz arzularınızdan qorxun, onlar mütləq həyata keçəcəklər».

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Hekayə saatı” rubrikasında bu gün sizlərə Sumqayıtda yaşayıb yaradan yazıçı-dramaturq Ağalar İdrisoğlu,nun “Anamın müqəddəs nağılı” hekayəsini təqdim edir.

  

 

AĞALAR  İDRİSOĞLU

 

ANAMIN  MÜQƏDDƏS   NAĞILI

 

(Hekayə)

 

 

Oğlum, müharibələr dünyanın ən dəhşətli bəlası və Ulu Tanrının lənətlədiyi bəşəri  faciədi. Dünya yaranandan bunun qarşısını almaqda Böyük Yaradan özü də acizdi. Bəlkə də bu müharibələrə görə Ulu Tanrı  insanları yaratmağa da peşimandı...

                                                                 Atamın dediyi sözlər

 

Uşaq yaşlarımda anam mənə çox nağıl danışıb. Lap çox... Onun danışdığı nağılları dəfələrlə eşitsəm də, hər dəfə sakitcə oturub, maraqla qulaq  asardım. Çünki anam bu nağılları elə maraqla danışardı ki, elə bil özü də bu nağılların iştirakçısı olmuşdu. Elə bil bu dəhşətli  hadisələr onun öz başına gəlmişdi...

Amma bir nağılı danışanda, neyçünsə həmişə ala gözləri dolar, gözəl, ağ siması qaralar və bir müddət harasa uzaqlara baxıb, bu bayatını deyərdi:

 

           Əzizinəm hər aylar,

           Hər ulduzlar, hər aylar.

           Balası ölmüş analar

          “Bala” deyib haraylar...

 

Sonra da anam mənim balaca, totuq əlimdən tutar, həyətimizin günbatan tərəfindəki qara, böyük daşın yanına gətirərdi. O, bu qara daşa qəmli-qəmli baxıb səssizcə ağlayardı. Mən də anamın ağladığını görəndə, gözlərimin yaşı kipriklərimi isladıb, yanağımdan sinəmə axardı. Əziz adamını itirmiş kimi ağlayardım... Uşaq ağlımla, düşüncəmlə başa düşürdüm ki, bu qara daş nə isə müqəddəs bir daşdı. Və bu qara daşın altında kimsə yatır. Bu, kiminsə, əziz bir adamın qəbridi. Ancaq kimin? Başa düşə bilmirdim...

O nağıl yaddaşıma elə hopmuşdu ki, illər keçəndən sonra anamın söylədiyi nağılların çoxunu unutdum; təkcə o nağıldan başqa. O nağıl mənim həyat yolum, həyat çırağım oldu. O nağıl mənim ali məqsədim, əsas ideyam oldu. O nağıl məni həmişə haqqı müdafıə eləməyə səslədi. Davalara, müharibələrə, günahsız insan qanı tökənlərə nifrət bəsləməyi öyrətdi. İnsanların haqqını müdafiə etmək üçün məni hüquqşünas elədi o nağıl. Haqqa tapınmağı, həmişə haqqın tərəfində olmağı öyrətdi. Bəlkə də elə o nağıl məni yazıçı elədi...

Anam o nağılı belə söyləyirdi:

- Oğul balam, noğul balam, şəkər balam, gül balam. Biri vardı, biri yoxdu. Allahdan savayı yer üzündə çoxlu insanlar vardı. Bu insanların içərisində Məhəmməd adlı bir ata, Sona adlı bir ana və onların da, bax, sənin kimi bapbalaca, sənin kimi totuq-motuq bir oğlu vardı. Adı sənin adın kimi Murad idi. Bu balaca oğlan murada, muraza çatdırmışdı həm atasını, həm də anasını. Onların sevincləri, arzula, istəkləri yer, göy qədər idi. Nələr arzu eləmirdilər Muradın atası, anası...

Bu vaxt yerlə göy bir-birinə qovuşdu. Göyün üzünü qara buludlar örtdü. İnsanlan oxşamala, ağıları, yalvaşları, göz yaşları yerdən göyə ucaldı. Bir matəm bürüdü bu məmləkəti, eli, obanı. Dedilər ki, dava başlayıb. Dedilər ki, kişilər torpağı, Vətəni, anaları, uşaqla qorumaqçün gərək davaya getsinlər. Yoxsa  yağı düşmən gəlib torpaqlamızı torba ilə daşıyacaq. Bizi yurd-yuvamızdan didərgin salıb, özü də gəlib burda ağalıq eləyəcək. Yurd-yuvamıza sahib çıxıb deyəcək ki, bu yurd elə əzəldən mənim dədə-babamın olub. Mənim əcdadımın sümükləri var burda. Siz bu yerlərə gəlməsiz. Siz bu yerlərə yadsız... Bütün bunları özündə götür-qoy eləyən Məhəmməd ata da dava paltarını geyinib, əlinə silah götürüb getdi Vətəni, torpağı, arvadını, oğlunu, elini, obasını qorumağa...

Ana tək qaldı. Bircə körpəsilə. Ana tək qaldı öz cavan ömrü, taleyilə. Əynindəki hələ də rəngi solmayan toy paltarı ilə. Bu paltarını çıxarıb qara paltar geyindi ana. Qara yayq bağladı. Qara geyindirdi bircə Murad balası da. Bə nə?... Axı, Vətən dardaydı. Yağı düşmən bu yerlərə can atırdı. Yağı düşmən qana susamışdı. Belə vaxtda ağ, ya da güllü paltar geyinə bilməzdi ana. Belə vaxtda şən mahnı oxuya bilməzdi Sona. Belə vaxtda toylar, çal-çağırlar olmazdı. Allah bağışlamazdı belə işləri. Yoxsa günlərini daha qara gətirərdi bu məmləkətin, bu millətin. Yağı düşmənə daha çox güc-qüvvət verərdi. O da sədləri, bənd-bərəni aşıb bu yerlərə gəlib çıxardı. Buranın torpağını torba ilə daşıyardı. Evlərini söküb, qəbirlərini viranə günə qoyardı. Bunu həmin məmləkətin insanları bildiyindən hamı qara geyinmişdi. Hamı səfərbər olmuşdu. Hamı bir olmuşdu. Hamı kini, küdurəti, vəzifə, nəsil, tayfa davasını bir yana atıb, yumruq kimi birləşmişdi. Qocası da, qarısı da, cavanı da, uşağı da bir şey fikirləşirdi: “Vətən torpağı yadellilərdən təmizləmək. Nəyin bahasına olursa-olsun, yadların, yağıların tapdağında qalmamaq. Köçkünlük, didərginlik ömrü yaşamamaq. Gedib kimlərinsə qoltuğuna sığınmamaq”...

 Bu dərd azmış kimi Ulu Yaradan aclıq imtahanına da çəkdi bu məmləkəti, bu milləti. Həmin il çox quraqlıq oldu. Taxıl bitmədi. Çörək olmadı. Təndirlər qalanmadı. Tabaqlar boşaldı...

Acından ananın da qarnı belinə yapışdı. Üç gün qucağındakı  oğlu Murad “çörək”, “yemək”,- deyib ağladı, zarıdı... Dördüncü gün dörd yaşındaca gözlərini əbədi yumdu Murad. Yaşamağa heyi, taqəti qalmayan anaya Ulu Tanrı tərəfindən güc, qüvvət gəldi. O, bala deyib, qıyya çəkdi, zülüm-zülüm ağladı. Balası gözlərinin qarşısında öldürülən yalquzaq tək haray qopartdı... Sifətində dırnaqları ilə şırımlar, yaralar açdı Sona. Ağ bənizi al qana qərq oldu ananın... Amma balasını geri qaytara bilmədi. Qurtara bilmədi onu ölümün pəncəsindən, bədheybət  Əzrayılınəlindən. Bir gün səhərə kimi qucağında balasının meyidi zarıdı, oxşama dedi Sona ana... Səhəri gün qar basmış yeri, torpağı əlləri ilə, barmaqları ilə diddi, qəbir qazdı ana öz balasına...

Oğlunu torpağa tapşıran günü ana özü də sağalmaz dərdə düşdü. Sağalmaz bir xəstəlik tapdı Sona ananı; ürək getmə xəstəliyi... Beləcə qəbrin yanında ürəyi getdi Sona ananın. Onu, ərləri davada olan qadınlar birtəhər evə gətirdilər. Üç gün ölü kimi yatdı Sona ana. Elə bildilər ölüb. Cavan bir ailəyə belə zülüm verdiyinə, Murad kimi gül  balaya, Sona kimi qənirsiz gözələ qıydığına görə yamanladılar Əzrayılı. Əzrayılın cildinə girmiş yağı düşməni də yamanladılar... Dördüncü gün Sona ayıldı. Oğlunu soruşdu.  Ölüb”,- dedilər. İnanmadı ana bu sözə. Murad hey!.. Ay Murad, - deyə çağırdı, haray qopardı, ucadan səslədi körpəsini. Murad hay vermədi. Muradın səsi gəlmədi... Murad bir daha görünmədi. Amma Muradın ruhu tez-tez ananın röyalarına gəldi. Ana hövlnak yuxudan ayıldı. Körpəsini yanında görmədi. Yenə də ürəyi getdi. Səsi, qışqırığı, harayı həyət-bacanı götürdü. Səsinə, harayına qonşular tökülüşdü. Əllərini ovuşdurdular, alnına su vurdular. Min cür əzab-əziyyətlə ürək keçməsindən ayıltdılar Sonanı ...

…Həmin ilin baharında dava qurtardı. Yağı düşməni öz evinə qədər qovdu igid əsgərlərimiz. Düşmən məcbur oldu ki, təslim olsun. Məcbur oldu ki, özünün cinayətkar, qəsbkar olduğunu boynuna  alsın. Bir daha günahsız qanlar tökməyəcəyinə, anaları, ərləri  övladsız qoymayacağına, başqa məmləkətə soxulmayacağına söz  verdi düşmən. Bizim igid, rəşadətli əsgərlərdən aman dilədi. Hətta təslim sənədlərinə, daha bundan sonra başqa millətlərin torpaqlanı zəbt eləməyəcəkləri ilə də bağlı sənədlərə imza atdılar...

Bu vaxt Məhəmməd ata sapsağlam, ancaq saçları ağappaq ağarmış vəziyyətdə davadan qayıtdı. Beş ilə elə bil o, otuz il qocalmışdı. Evdə  xəstə yatan arvadı Sonanı gördü. Oğlu Muradı soruşdu. “Ölüb”,- dedilər. Muradın həyətin günbatan tərəfindəki qəbrini ona göstərdilər. Oğlunun ölüm xəbəri sarsıtdı onu. Beş illik davada yüzlərlə ölüm, qan-qada, məhrumiyyətlər görən Məhəmməd heç belə sarsılmamışdı... Lakin tez də özünü ələ aldı. Davanın qan-qadası mətinləşdirmiş    bir qədər soyuqqan etmişdi onu. O, hardansa böyük, qara daş tapıb, gətirib həmin yerə qoydu.

… Məhəmmədin gəlişilə Sonanın da gözlərinə işıq gəldi. O, kəfənini cırdı. Ayağa durdu. Yaşamağa həvəsi, istəyi artdı. Ürəyində, beynində yeni arzular çiçək açdı...

... Yenidən həyat qaynadı. Qələbə çalmış insanların yaşamağa, qurub-yaratmağa inamı, ümidi  artdı. Axı, inam, ümid həyatın sərmayəsidi. Yağı düşmənin uçurub dağıtdığı, tari-mar elədiyi evləri, kəndləri, şəhərləri təmir elədi, yenisini tikdi insanlar. Haqq-ədalət onlar tərəfində olduğundan Ulu Tan onlara çox böyük  güc-qüvvət, var-dövlət verdi. Atalar, analar dünyaya yeni övladlar gətirdilər. Məhəmməd ata ilə Sona ana da yenidən övlad istəyinə düşdülər. Düz  on ildən sonra  Böyük Yaradan onlara yenidən bir oğul payı verdi. Bu oğlanın da adını Murad qoydular; ilk Muradın qırılmış həyatını yaşamasıyçün. İlk Muradın çata bilmədiyi muradlara ikinci Muradın çatmasıyçün. Dünyaya  gələn Murad da öz gəlişilə unutdurdu  Məhəmmədə, Sonaya dörd yaşında dünyasını dəyişən oğul dərdini, oğul itkisini, oğul dağını. Murad onların bütün ümidlərini, istəklərini, arzularını doğrultdu...

 ... İllər keçdi. Mən anamın nağılları ilə böyüdüm. Və günlərin bir günü bildim ki, anamın danışdığı bu qəmli əhvalat nağıl yox, əsl həqiqət imiş. Bu həqiqət, bu tarixçə başqasının yox, elə mənim öz atamın, anamın və dörd yaşında ikən anamın qucağında dava vaxtı, şaxtalı, qarlı qış günündə  acından ölən, indisə mən adını daşıdığım qardaşımın başına gəlib bu faciə, bu qəmli əhvalat...

Mən də atamın, anamın istəyilə iki ali məktəb qurtarmışam. Qardaşımın adından yazıb-yaradıram. Öz adımdan isə beynəlxalq səviyyəli hüquqşünas olmaqla, haqqı müdafiə eləyirəm. Və bu yolda var qüvvəmlə vuruşuram  ki,  Yer kürəsi qazan kimi qaynamasın, davaların kökü kəsilsin. Qaçqınlar, köçkünlər, didərginlər olmasın. Uşaqlar atasız, anasız, kimsəsiz qalıb acından ölməsinlər. Həmişə sülh, əmin-amanlıq olsun. Heyif  ki, hələ də öz istəyimə çata bilmirəm. Çünki  Yer kürəsini yenə də nadürüstlər, nakəslər, bədxahlar  başına götürüb... İnsanlar ölüm-dirim uğrunda mübarizə aparırlar. Ölümün pəncəsindən qaçıb, yad  ellərə sığınırlar… Qaçqınlıq, köçgünlük kimi dəhşətli hadisə insanların  ömrünə, həyatına balta çalır…

Bu od püskürən planetimizdə günahsız qanlar axıdan qəsbkarları, cinayətkarla, qaniçənləri gördükdə ucadan bağırmaq, onların yaxasından tutub qışqırmaq, bu vəhşilərə, nadürüstlərə, atasından bixəbərlərə anamın nağılını danışmaq istəyirəm. İstəyirəm ki, onlara deyəm:

- Ey adını insan qoyan vəhşilər, qaniçənlər, qəddarlar, qəsbkarlar, atasından bixəbərlər, insanlıq adına ləkə olanlar! Əzrayılın dəyirmanına su tökənlər! Məgər sizi ana doğmayıb? Məgər siz analarınızın nağıllarını eşitməyibsiz?..  Məgər, haqsızlığa etiraz eləyən analarınızın gözündə  yaş görməyibsiz? Axı belə getsə, ərlərini, övladları, yaxınlarını itirən anaların  göz yaşları gec-tez selə-suya dönəcək. Və  bu sellər, sular da Yer kürəsini məhv eləyəcək. Yer kürəsini sel, su basacaq. Anaların göz yaşına görə dəUlu Tanrı sizi qarğıyacaq. Qarğıyacaq ki, niyə  siz  o göz yaşlarını görmürsüz. Böyük Yaradan tezliklə sizi cəzalandıracaq və Yer kürəsini tar-mar eləyəcək. Axı, zaman-zaman  bu Yer planeti bizim kimi adamlarla dolub-boşalıb…  Yəqin ki, onlar da bizim kimi davalar, qırğınlar törətdiklərinə görə Ulu Yaradan onları məhv eləyib. Yer planeti selə-suya qərq olub. Sonra elə möcüzələr yaradıb ki, sellər, sular çəkilib. Yeni canlılar yaradıb. Və ümid edib ki, yeni yaratdığı  bu adamlar öz sələflərinin bəd, pis əməllərini yəqin ki, davam etdirməzlər. Lakin əfsus... Sədd heyf ki, Böyük Yaradan da zaman-zaman öz  inamında yanılıb. Artıq  O, indi yenə də bu planeti dağıdıb, yenisini yaratmaq barədə  fikirləşir...

Çünki hər gün təbiətdə baş verən fəlakətlər, tufanlar, qasırğalar, sunamilər və qarşısı çox çətinliklə alınan, insanlara bəla gətirən  ayrı-ayrı xəstəliklər, artıq  bundan xəbər verir... Barı bir anlıq siz də öz analarınızı fıkirləşin, ey Yer kürəsində dəhşətlər yaradan yırtıcılar, insanlıq simasını itirənlər. Yer kürəsindəki insanların sayını tən yarı azaltmaq istəyən vəhşilər...

Bu gözəl planetimizin gələcək taleyini, onun qoynunda böyük arzularla, əməllərlə yaşayan insanları, fidan körpələri, heç olmasa öz övladlarınızın gələcək taleyini düşünün! Düşünün!.. Hələ ki, gec deyil… Onu da bilin ki, müharibələr, bilərəkdən ayrı-ayrı dağıdıcı xəstəliklər yaratmaq vəhşiliyin pik nöqtəsi, insanlığın sonu  deməkdi…

Bu sözləri yazandan sonra beynimdən bu fikirlər də keçdi: “Axı, elə bugünkü dünyamız özü də min cürə murdarlıqlarla, əclaflıqlarla, qəddarlıqlarla, dəhşətli faciələrlə dolu  bir nağıldı. Bu nağılın gedişinə Ulu Tanrı özü də mat qalıb. Həqiqətən    mat qalıb!..

Əgər  heyvanlara Böyük Tanrı tərəfindən biz az şüur, ağıl verilsəyi və onlar müharibə etməyi bacarsaydılar ilk müharibələri elə  insanlara qarşı olardı və  onları  Yer kürəsindən birdəfəlik silərdilər!..” 

 

(Bakı şəhəri, May-iyun, 1972-ci il. Bəzi əlavələr 2010- ci ilin may ayında olub.)

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2026)

 

 

 

 

83 -dən səhifə 2856

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.