Super User

Super User

Çərşənbə, 04 Fevral 2026 11:29

Amma gördüm ki, gerçək elə yuxum imiş

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Cismim buradadır. Amma mən burda deyiləm. Ruhum uzaqlarda, kimsəsiz bir boşluqda itib. Sanki dərin bir röyanın içindəydim. Bu gün oyandım. Hər şey yuxudakı kimidir — nə bir az əksik, nə də artıq.

 

Mən yuxudan oyanmaq istəmişdim. Amma gördüm ki, gerçək elə yuxum imiş — qurtulmaq istəyib də oyanmağa çalışdığım.

İndi hara oyanım, hara dalım? Bilmirəm.

Bütün yollar eyni yerə çıxır: çıxışsız bir dolanbaca.

Dəyişən sadəcə saatın əqrəbləri, ötən təqvim vərəqləri imiş. Bir də mən.

Yuxuya dalanda özümü qocalmış, yorğun hiss edirdim. Yatmaq tək rahatlığım idi. Bəlkə də bir qaçış…

İndi aynanın qarşısında dayanıb oynanmış mənə baxıram. Necə gənc, necə gözələm… Gəncliyimə qayıtmışam.

Hisslərimin coşğunluğu məni qorxutmağa başlayır. Təqvimə baxıram. Zaman geriyəmi qayıdıb? Yox, hər şey öz qaydasındadır. Bəs mən niyə özümü belə hiss edirəm?

Ağlımda durmadan cavabsız suallar dolaşır. Sanki mən qocalığı tez, gəncliyi gec dadmışdım. Sanki hər şey məndə tərsinə baş verirdi. Bəs düz olan nə idi? Ya da məni tərsinə çevirən həyat məndən nə istəyirdi?

Bilmirəm.

Bilmirəm bu aynanın qarşısında duran qız indi kimdir, kim idi və kim olacaq. Sadəcə ona baxıram — qarşımdakı yadlaşmış doğmam kimi. Bilmirəm nə danışım, haradan başlayım. Amma o baxışlarda məni həm titrədən, həm də qucaqlayan tanış bir varlıq görürəm.

Və mən bu baxışların içində susuram.

Çünki bəzən cavablar sözlərdən ağır olur.

Bu aynanın qarşısında dayanan qız —

Keçmişimin izləri, gələcəyimin qorxuları və bu günümün çaşqınlığıdır.

Mən ona baxıram.

O isə mənə…

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

 

Çərşənbə, 04 Fevral 2026 09:33

Qocaman aktyor indi meylini nərdə salıb

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qazax mahalı zaman-zaman güclü incəsənət xadimləri də yetiribdir. Bu sırada həm aktyorlar, həm musiqiçilər, həm rəssamlar, həm menarlar yer alırlar. Əlbəttə ki, ad sadalasaq, mütləq Tariyel Qasımovun da adını çəkəcəyik.

 

Tariyel Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman kinoya sevgisi öz sözünü deyib, Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi olarkən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb.

 Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə — Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda oxuyarkən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.

 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub.

1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır.

 "Azərbaycanfilm"dən başqa "Türkmənfilm", "Tacikfilm", "Özbəkfilm", "Mosfilm", "DEFA" (Almaniya) studiyalarında filmlərə çəkilib: "Rüstəm və Söhrab" (1969–1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), "Qızıl rəngi", "Çilidə gecə", "Əlvida, yaşıl yay", "Həyatın mənası", "Odlu yollarla, "Sahib", "Sonya raport verir" (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard).

Bunlar hamısı dünəndədir. Bəs bu gün?

“Hər gün Ağstafada şair Səməd Vurğunun adına olan parka gedirəm və qoca kişilərə qoşulub nərd oynayıram. Başqa işim yoxdur, günümü belə keçirirəm”. Bu yaxınlarda mediaya açıqlama verən Xalq artisti uzun illərdir ki, Bakıdan Ağstafaya köçdüyünü və fəaliyyətsiz qaldığını bildiribdir. Halbuki, ən azı Qazax teatrında məsləhətçi kimi öz bilik və təcrübəsini gənc nəslə ötürə bilər..

87 yaşlı sənətkar bununla belə unudulmadığını da bildirir:

“Bakıya tez-tez gəlib-gedirəm. Radiodan, televiziyadan çağırırlar, tədbirlərə qatılıram. Mənim unudulmaq kimi problemim yoxdur”.

Tariyel Qasımov Bakıda nümayiş etdirilən tamaşaları izlədiyini də bildirir:

“Məni tamaşaları izləməyə dəvət edirlər. Gəlib baxıb, fikrimi bildirirəm. Gənc Tamaşaçılar Teatrından ayrılsam da, mənim portretim teatrın foyesində birinci vurulub. Premyeralar olanda həmişə dəvət edirlər”.

Aktyor ata yurdu Ağstafaya köçmə səbəbindən də danışır:

“Burada sakitlikdir, təmiz havası var. Günüm xoş keçir. Hər gün nərd oynayıb başımı qatıram, darıxmıram”.

 

Kitabları

- Ömrün sənət yollarında

- İnam

 

Filmoqrafiya

- Ad günü

- Axırıncı aşırım

- Babək

- Bir ovuc torpaq

- Bizim küçənin oğlanları

- Dağ meşəsindən keçərkən…

- Dairə

- Gilas ağacı

- Həyat, sən kiminsən?

- Hökm

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

- III dərəcəli "Əmək" ordeni

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

Çərşənbə, 04 Fevral 2026 15:06

Hərbi-vətənpərvərlik üzrə məsul

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Müharibə dövründə o kəşf edildi.

Zəhimli səsində bir çağırış, yağı əsarətində qalan torpaqların yanğısı vardı. Bu səs nə qədər yeniyetmə və gəncdə yurd sevgisi oyatdı, onları mübarizəyə köklədi.

Şəmistan Əlizamanlı – bu adın və soyadın yükü əlbəttə ki çox böyükdür.

 

Şəmistan Əlizamanlı 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.

1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirib. Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndəriblər. Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirib.

Özü bu bəradə belə deyib: "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di. Levitan haqqında çox şey öyrəndim."

Şəmistan Əlizamanlı fəaliyyətinə hərbi diktor kimi başlayıb. Onu zaman-zaman səs tembrinə görə Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru Yuri Levitanla müqayisə ediblər. Qarabağ müharibəsinin başlanması və Azərbaycanda hərbi-vətənpərvərlik mahnılarının qıtlığı fonunda, Şəmistan Əlizamanlı hərbi-vətənpərvərlik mahnılarını ifa etməyə başlayıb.

1992-ci ildə onu Azərbaycan Dövlət Televiziyasına keçiblər. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarıblar və onun səsi üzərində dayanıblar. Sonradan 10 il müddətində Müdafiə Nazirliyində çalışıb, ehtiyatda olan zabitdir.

 

“Belə-belə işlər”in hazırladığı videoda bildirilir ki, Şəmistan Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ilk ifa edəcəyi mahnısını həsr edəcəyinə söz verib. Şahin Musaoğlunun bəstələdiyi və şer yazdığı "İgid əsgər" mahnısı Yusif Mirzəyevin qəhrəmancasına vəfatından sonra ona həsr olunub.

Sonradan Şəmistan Əlizamanlı "Cənab Leytenant","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", , "Vətən əmanəti", "Can Azərbaycan", "Birinci batalyon", , "And içirəm", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə", "Bir şarlısan sən", "Ağ ümid", "Qərib bir karvan gedir", "Qəlbin payızı", "Şahinlər" və s. mahnılarını da ifa etməyə başlayıb.

Onun ifa etdiyi tanınmış "Öncə vətəndir" mahnısı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına həsr olunub. Bu mahnı 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin yaranmasının 80 illiyinə həsr olunan tədbirdə dövlətin ali rəhbərliyinin qarşısında ilk dəfə səslənib. Hal-hazırda onun ifa etdiyi mahnılar Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənir.

Şəmistan Əlizamanlı Azərbaycan hərbi musiqisini və hərb sənətini məşhurlaşdıranlardan biri kimi tanınıb. O uzun illər Azərbaycanın universitet, məktəb və bağçalarının qonağı olub, müəllim, tələbə və şagirdlərlə görüşüb, onları vətənpərvərliyə, vətənini sevməyə, birlik və həmrəyliyə çağırıb.

 Bu tədbirlərdən biri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının təşkil etdiyi müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbi “Azərbaycan – yurdum mənim!” adlı tədbirlər silsiləsində iştirakı olub.

Şəmistan Əlizamanlı Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova ilə bir sıra mahnıları duet şəklində səsləndiriblər. İndiyə kimi Şəmistan Əlizamanlının mahnılardan ibarət olan aşağıdakı diskləri işıq üzü görüb:

 

"Çağırır vətən"

"Vətən əmanəti"

"Ana yurdum"

 

O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir:

 

"Qafqaz dağı yol ver bizə"

"İgid əsgər möhkəm dayan"

"Çırpınırdı Qara dəniz"

"Gülüstan"

"Ya Qarabağ, ya ölüm"

 

Son illər Şəmistan Əlizamanlı yeni vətənpərvərlik mahnıları üzərində işləyir. Onun səsi ilə "Şəhidlər xiyabanı", "Əsgər Marşı", "İgid oğlum, leytenantım", "And", "Güllələrin mübarək" mahnıları da uğur qazanıb.

Uzun illərdir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rayon İcra Hakimiyyətləri ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbirlər Azərbaycanın bütün bölgələrində keçirilir və Şəmistan Əlizamanlı tədbirləri aparmaqla yanaşı hərbi-vətənpərvərlik mahnıları ilə də çıxış edir. 1997-ci ildə şair-publisist Rəşid Faxralının müəllifi olduğu "Diqqət! Diqqət!.." adlı kitab nəşr olunubdur.

 Kitabda hərbi diktor Şəmistan Əlizamanlının səsinin fonunda müharibənin görünən və görünməyən məqamları öz əksini tapıb. Azərbaycanın Məmməd Araz, Nizam Paşa Mutlutürk və digər tanınmış yazıçı və şairləri Şəmistan Əlizamanlıya şer və məqalə həsr ediblər. Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunan "Dövrün səsi" sənədli filmi onun 60 illik yubileyinə hərs olunan tədbirdə ilk dəfə göstərilib.

Tədbirdə Azərbaycanın millət vəkilləri, Qarabağ qaziləri, müharibə veteranları, şəhid ailələri, generallar, zabitlər, şair və yazıçılar, Abşeron rayon ictimayiəti də iştirak edib. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Xalq qəzeti" onu 60 illik yubileyi münasibətilə əlaqədar olaraq "Azərbaycanın ilk hərbi diktoru" adlı məqaləsində təbrik edib və xoş arzularını çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

Çərşənbə, 04 Fevral 2026 14:32

“Ədəbi söhbətlər”də kölgə əsərləri

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Yazıçının kölgə əsərləri: hər böyük yazıçının siyirmədə qalan, heç vaxt bitirmədiyi roman var. Bəs bu əsərlər onun əsl siması haqqında nə deyir?

 

Hər böyük yazıçının masasının siyirməsində bir sirr yatır. Bitməmiş əlyazmalar, yarımçıq romanlar, tərk edilmiş süjetlər. Bir müəllif ölümündən əvvəl əlyazmalarını yandırmağı vəsiyyət edir, digəri yazdıqlarını arxivdən çıxarmaq istəmir. Bu yandırılmış, silinmiş, rədd edilmiş əsərlər yazıçının nəşr olunmuş kitablarından daha çox şey danışır onun daxili müharibəsi haqqında. Çünki bitirdiyin əsər sənin gücünü göstərir, bitirmədiyin isə qorxunu, şübhəni, ən dərin həqiqətini.

Yazıçı nəşr etdiyi əsərdə ictimai maskasını taxır. Redaktor keçir, nəşriyyat süzgəcindən ötür, oxucu münasibəti gözləyir. Amma siyirmədə qalan roman heç kimin baxışı altında deyil. Orada yazıçı çılpaqdır. Orada o, özünə belə etiraf etməkdən çəkindiyi fikirləri yazır. Tərk edilmiş roman çox vaxt yazıçının cəsarət edə bilmədiyi təhlükəli məkana gedişdir.

Əsərində qadağan mövzular, qeyri-ənənəvi fikirlər ola bilər və yazıçı bilir ki, bu ictimai imicinə zərbə vura bilər. Ona görə yazmır, amma yazdığı əlyazma ömrü boyu siyirmədə qalır.

Bitməmiş əsərlər qorxunun salnaməsidir. Yazıçının nədən qaçdığını göstərir. Bir roman bitməyib, çünki müəllif avtomobil qəzasında həlak olub, əlyazma çantasında tapılıb. Oxuyanda hiss edirsən ki, bu onun ən şəxsi, ən az süzülmüş səsidir. Uşaqlıq, yoxsulluq, ana, özgəlik hissi o qədər çılpaqdır ki, müəllif sağ olsaydı, bəlkə də çapa verməyəcəkdi. Çünki bu əsərdə o, filosof-yazıçı maskasını çıxarıb sadəcə yaralı uşaq kimi danışır.

Hər yazıçının özünə verdiyi zəmanət var: "Bunu yazaram, amma heç kimə göstərməyəcəm." Bu zəmanət azadlıq yaradır. Və yazıçı orada ən sərbəst anını yaşayır. Sonra isə məhz bu sərbəstlik qorxu doğurur. Çünki o əsər müəllifinin həqiqətini o qədər açıq göstərir ki, bunu dünya ilə bölüşmək öz çılpaqlığını meydana qoymaq kimidir. Bir şair esse üzərində işləyir, amma tamamlamır. Yazıda müəlliflik, kimlik, yaradıcılıqda şəxsiyyətin silinməsi var. Özü şəxsiyyət böhranı yaşayır və bu yazı onun daxili müharibəsinin ifadəsidir. Bitirmir, çünki bu yazını bitirmək öz yoxluğunu qəbul etmək demək ola bilər.

Bitməmiş əsərlər müəllifin estetik paradokslarını da göstərir. Yazıçının bəzi şeirləri dəftərində qalıb, heç vaxt nəşr edilməyib. O şeirlərdə ictimai çıxışlarındakı оptimizm yoxdur, əvəzinə dərin melanxoliya, hətta ümidsizlik var. Deməli, yazıçı özünə icazə verir ki, dəftərində başqa adam olsun. İctimai mən ilə gizli mən arasında dərin aşırım var. Və bu aşırımı bitməmiş əsərlər göstərir. Kölgə əsərlər yazıçının öz sənətinə xəyanət tarixi də ola bilər. Çünki yazıçı bəzən ictimai qəbul, kommersiya, şöhrət xatirinə əsl səsindən imtina edir və həmin əsl səs siyirmədə qalır.

Bitməmiş əsərlərin dili də fərqlidir. Orada redaksiya yoxdur, təkrarlar var, sözlər xam halındadır. Bu xamlıq autentiklik deməkdir. Nəşr olunmuş əsər cilalı, hamarlanmış, ictimai normaya uyğunlaşdırılmışdır. Siyirmədəki əlyazma isə əsl yaradılış anını saxlayır. Orada yazıçının düşüncə prosesi görünür, necə cümlə qurub, sonra silib, yenidən yazdığı izlənir. Bu qeydlər yazıçının beyininin qara qutusudur.

Yazıçının siyirməsindəki roman onun iflas etmiş layihəsi deyil, əksinə, ifrat cəsarət tələb edən layihədir. O romanı bitirmədi, çünki cəsarət çatmadı. Yaxud bitirdi, amma nəşr etmədi, çünki nəticəsindən qorxdu. Neçə yazıçı var ki, oxşar əsərlər yazıb, amma siyirməyə atıblar, çünki risk edə bilməyiblər? Həmin əsərlər yazıçının şəxsi tarixində qorxaqlıq nişanı kimi qalır. Və bu, yazıçını içdən yeyir. Çünki hər yazıçı bilir ki, əsl əsər nəşr etmədiyidir. Nəşr edilənlər oxucu ilə bağlanan kompromisdir. Siyirmədəki isə kompromissiz səsdir.

Bəzən yazıçı əsərini bitirmir, çünki bitəndə əsər ölür. Bitməmiş roman potensial halında qalır, bütün imkanlar açıqdır. Amma son nöqtə qoyulanda bütün digər ehtimallar ölür. Yazıçı bunu gecikdirməyə çalışır. Əsər heç vaxt bitmir, sadəcə tərk edilir. Və bu tərketmə anı yazıçı üçün itkidir. Ondan sonra əsər artıq ona məxsus deyil, oxucuya məxsus olur. Siyirmədə saxladığı əlyazma isə yalnız ona məxsusdur. Və bəlkə də məhz buna görə o əsəri bitirmir. Bu, mənimsəmə qorxusudur.

Dünyanın ən böyük əsərləri bəlkə də elə bitməyən əsərlərdir. Çünki onlar yazıçının ən təhlükəli anlamını ehtiva edir. Və yazıçının əsl üzü məhz orada gizlidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Mənim uğur formulum qabiliyyət, zəhmət və isrardır. Uğurun elementləri bunlardır" – bu onun, dahi Lütfi Zadənin kəlamlarıdır.

Bu gün qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür.

 

Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində, jurnalist Rəhim Ələsgərzadə və həkim-pediatr Fanya Koremanın ailəsində dünyaya gəlib. İlk təhsilini Bakı şəhərində 16 nömrəli rusdilli məktəbdə alıb.

Daha sonra təhsilini Tehranda və Amerikada davam etdirib.

O, Kolumbiya Universitetində  elektromaqnit sahə nəzəriyyəsi, dövrə analizi, sistem nəzəriyyəsi, məlumat və ardıcıl maşınlar nəzəriyyəsi üzrə dərs deyib

Lütfi Zadə 1950-ci ildə dosent, 1957-ci ildə isə professor elmi adlarına layiq görülüb. Alim daha sonra"Kibernetikanın atası" hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçüb və 1959-cu ildən ömrünün sonuna kimi Kaliforniyanın Berkli Universitetində professor vəzifəsində çalışıb.

O, daim yeni, orijinal və az tədqiq olunmuş mövzulara maraq göstərib.

Lütfi Zadə müasir idarəetmə elminin əsasını təşkil edən məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidə olunma nəzəriyyələrinin, elmdə inqilab yaratmış, riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmış qeyri-səlis məntiq nəzəriyyəsinin və  yeni elmi istiqamətlər formalaşdıran bir sıra başqa nəzəriyyələrin banisidir.

O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə yapon alimlərinə verilən ən yüksək "Honda", 1996-cı ildə isə "Okava" mükafatlarına layiq görülmüşdür.

Lütfi Zadə həmçinin 1991-ci ildə Berkli Universitetinin ömürlük professoru seçilən yeganə şəxsdir. 1992-ci ildə Beynəlxalq Robot və İstehsalat Simpoziumu (İSAAM) çərçivəsində Lütfi Zadə"Qeyri-səlis Məntiqin Atası" adına layiq görülmüşdü.

O, NASA və NATO-nun aparıcı mütəxəssislərindən biri olub. Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Yaşadığı Berkli şəhərində "İnstitute Zadeh-ZİFT" İnformasiya Texnologiyaları İnstitutuna da rəhbərlik edib. Qeyd edək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. O, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri, Amerika Elminin İnkişafı Dərnəyi, Hesablama Maşınları Dərnəyi, Amerika Süni İntellekt Birliyi, Beynəlxalq Qeyri-səlis Sistemlər Birliyi, Avstriya Kibernetika Tədqiqatlar Cəmiyyətinin üzvü olub.

Tədqiqatlarına görə çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülüb.

Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülüb, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilib.

Professor 200-dən çox elmi məqalənin müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olub, 50-dən çox doktorant hazırlayıb.

O, daimi işi yeri ilə yanaşı, Massaçusets Texnologiya İnstitutunda, Stenford Universitetində, elmi-tədqiqat laboratoriyasında (San-Xose) dəvətli professor kimi fəaliyyət göstərib, Fransa, İngiltərə, Kanada, Yaponiya, Braziliya, Sinqapur, Almaniya, Çin, İtaliya, İspaniya, Hindistan, Macarıstan, Yuqoslaviya, Türkiyə, Polşa, Avstriya, İsveç, İsveçrə, Rumıniya, Portuqaliya, Səudiyyə Ərəbistan və s. ölkələrdə mühazirələrlə çıxış edib.

Lütfi Zadə 1946-cı ildə Tehranda tanış olduğu Fanya Zand ilə ailə həyatı qurub.

Alim vətənini tərk etdikdən sonra Azərbaycana cəmi iki dəfə gəlib. İlk dəfə Bakıya 1965-ci ildə birgünlük səfər edib. İkinci dəfə isə 2008-ci ilin noyabrında "BakuTel" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlib. Üçüncü dəfə isə o, 2017-ci ildə əbədi olaraq vətəninə geri dönüb. Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişib və 29 sentyabrda Birinci Fəxri Xiyabanda dəfn edilib. Ölümündən bir ay əvvəl o, müsəlman adətlərinə görə vətənində dəfn olunmasını xahiş edən bir məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edib.  Və onun bu istəyi Prezident Administrasiyası tərəfindən həyata keçirilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasında”Axırıncı aşırım” filmi tamaşaçıların ixtiyarına buraxıldı. Filmdə hadisələr Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində,  azərbaycanlılar yaşayan dağ kəndlərinin birində (əsərə görə Vedibasar ərazisində) sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verənlərdən bəhs edir.

Hə, bu o filmdi ki Azərbaycanda ona baxmayan az tapılar. Mükəmməl aktyor oyunu, mükəmməl rejissor işi, mükəmməl musiqi bu filmi tamaşaçıya sevdirə bilmişdi. Amma… Elə hər şey də necə deyərlər, bu “amma”nın başındadı. Söhbət ondan gedir ki, olduqca böyük uğur qazanan bu film Azərbaycanın şəhərli-rayonlu bütün kinoteatrlarında alqışlarla qarşılansa da, bir müddət sonra Ermənistana, azərbaycanlıların kompakt yaşadığı Vedi rayonuna da aparılmışdı. Əslində, bu da təsadüfi deyildi. Çünki kinoda baş verən hadisələrin əsas qəhrəmanları elə bu yerlərin övladlarıydı. Amma - yenə bu amma? - film Vedidə uğur qazanmır. Bu yerdə uğur qazanmır ifadəsi də yerinə düşmür.

Əslən Vedidən olan  Zahir İbrahimovun təbirincə desək, camaat “kinoçəkənləri”  sadəcə Vedidən qovur. Qovmaq bir yana, daş-qalaq edir.

 Niyə?

Nə baş vermişdi axı?

“Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar” - Bu qovğaya təkcə filmdən çəkdiyimiz bu sitat bəs edirdi. Və həm də təkcə o yox. “Kərbəlayi qalxıb Qarabağlara. Külli-ixtiyarı da verib Qəmloya, o da qaniçənin, cəlladın biridi”.

Bəli, insanlar filmin əsas qəhrəmanlarının, Kərbəlayi İsmayılın, Abbasqulu ağa Şadlinskinin, nəhayət, ən başlıcası Qəmlonun təhrif edilmiş obrazlarını qəbul edə bilmirdilər. Gerçək tarixin, gerçək qəhrəmanların bu cür təsvir olunmasını həzm etmirdilər. Camaatı daha çox özündən çıxaran isə ssenari müəllifi Fərman Kərimzadəydi.

 

Film həm də onun “Qarlı aşırım” povesti əsasında çəkilmişdi. Dərd ondaydı ki, Fərman Kərimzadənin özü də əslən vedili idi. Camaat bu təhrifləri daha çox ona bağışlamırdılar. Xüsusən də Qəmlonun qohumları.

Bəs niyə?

Qəmbəralı İsmayıl oğlu Abbasov 1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub. 1931-cı ildə, 38 yaşındaykən elə Vedidəcə qətlə yetirilib. Amma bu 38 ilə bir əsirlik ömür sığışdırıb o.  Filmdə qəddar birisi, Abbasqulu bəy Şadlinskinin az qala qanını içməyə hazır olan Qəmlo…əslində onunla dost olub.

Zahir kişi danışır ki, 1918-ci ildə erməni daşnaklarına qarşı mübarizdə Qəmbəralı Abbasqulu ağanın vuran qolu imiş.

“Nənəm danışırdı ki, 1918-ci ildə erməni təzyiqi başlayanda Abbasqulu ağa Qəmlonu tapır, onun evinə gəlir. Həyətdən bir qoç kəsib dağlara qalxırlar. Qəmlonun dağ kəndlərində xeyli dostu varmış. Hamını bir süfrəyə yığırlar. Çörək kəsirlər. And içirlər ki, sona qədər ermənilərlə vuruşacaqlar. Bir daha deyirəm, babam Abbasqulu bəyin ən etibarlı adamı sayılırdı”.

Amma tale elə gətirir ki, bolşevik hökumətinin qurulması ilə dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski bolşevik hökumətinin tərəfdarlarından birinə çevrilir, Qəmlo isə əksinə, kolxozun əleyhinə çıxıb Kolanılı Kərbəlayi İsmayılla birləşir. Sovet hakimiyyəti tam möhkəmləndikdən sonra isə onlar Türkiyəyə keçirlər.

Sonradan oğlu İbrahim İsmayılov deyəcəkdi ki, həmin vaxt o, 4 aylıq olub. Kərbəlayi İsmayıl onu kürkünün içində gizlədib Qarsa keçiribmiş.

Amma Kərbəlayi İsmayıldan fərqli olaraq Qəmlo Türkiyədə çox qalmır. 4 ildən sonra Vediyə qayıdır. Az sonra isə qətlə yetirilir: 1931-ci ildə. Deyilənə görə, Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Arvadı Teyfə ondan silah götürməyi xahiş etsə də, kirvə evinə getdiyindən bunu özünə rəva bilmir, Qəmlo. Burada isə onu tələyə salıb öldürürlər. Deyilənə görə, həmin pusqunu quranlardan biri həmin dövrdə Vedidə milis rəisi olmuş, məşhur Azərbaycan yazıçılarından birinin atası olub.

Qəmlo öldürüləndən sonra böyük izdihamla dəfn edilib. Amma ən maraqlısı odur ki, onun qatillərinin hamısı sonda bu və ya digər yolla öldürülür.

(Yazıda mərhum jurnalist Səbuhi Məmmədlinin məqaləsindən istifadə edilmişdir)

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

Çərşənbə, 04 Fevral 2026 11:01

Polad Bülbüloğlunun 81-ci baharı

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimi vərəqləyəndə bu gün doğum günü olanlar sırasında bir ad da gördüm. Polad Məmmədov. Əlbəttə ki bu ad mənə heç nə demədi. Ötüb üstündən keçdim. Bu ad sizə də heç nə deməyəcək. Siz də ötüb üstündən keçəcəksiniz. Amma təkrar baxışda mötərizəyə də diqqət etdim. Polad Məmmədov çağdaş Azərbaycan musiqisinin canlı əfsanəsi Polad Bülbüloğlu imiş.

 

Polad Bülbüloğlunun mahnıları keçmiş SSRİ-də hər evdə səsləndirilirdi, onu qərb nöqtəsi Kalininqraddan şərq nöqtəsi Çukotkaya qədər hər yanda sevirdilər. Mahnıları yer alan “Qorxma, mən səninləyəm” filmi isə ən kassa filmi olmuşdu bir vaxtlar. Deyilənə görə, Moskva premyerası zamanı kassalar qarşısında kilometrə yaxın növbələr yaranmışdı...

Düzdür, ünlü sənətkarları məmurluq həmişə sənərdən alır. Mədəniyyət naziri, Rusiyad səfir dönəmlərində məmur Polad Məmmədov dahi musiqiçi Polad Bülbüloğludan reputasiyaya görə xeyli geri qaldı. Amma bizim söhbətimiz Polad Məmmədovdan deyil, Polad Bülbüloğludandır.

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini — Bülbülü götürüb. Bəli o, korifey müğınni, şuşalı Bülbülün oğludur. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib (Qara Qarayevin sinfi). Polad geniş yayılan bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir.

1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb. Amma bu, saysız-hesabsız mükafatlar içində məmurluq mükafatı kimi təkdir. Əsas mükafatlar isə müğınniliyinə, bəstəkarlığına görə sıralanıbdır.

 

Filmoqrafiya

1. Konsert proqramı

2. Sevinc buxtası

3. Qorxma, mən səninləyəm

4. Mən mahnı qoşuram

5. Sürüşmə

6. Mahnı qanadlarında

7. Təcili yardım lazımdır

8. Babək

9. Nəğməkar torpaq

10. Oxuyur Müslüm Maqomayev

11. Ürək... Ürək...

12. Ən vacib müsahibə

 

Mükafatları

- "2009-cu İlin Adamı"

- "İstiqlal" ordeni

- "Rus ifaçılıq sənəti" (rus. Русское исполнительное искусство) İctimai Fondunun 25 illiyi medalı

- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

- "Heydər Əliyev" ordeni

- Ermitaj Mükafatının laureatı

- Başqırdıstanın Xalq artisti

- Milli Məclisin VII çağırış deputatı

- 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

Çərşənbə, 04 Fevral 2026 08:03

Televiziyamızın ulduz diktoru

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Diktorlar bir zamanlar televiziya industriyasının ən vacib fiqurları idilər. Razılaşın, ölkəmizdə o dönəmlərdə Rafiq Hacıyevi, Roza Cəlilovanı tanımayan vardımı? Bu ulduz diktorlar pleadasında Həqiqət Əsgərzadə də parlayırdı. Amma indi – 3-cü minillik televiziyasında diktor anlayışı arxaikləşməkdədir. Proqramlar əksərən müəllif proqramları olur, xəbərləri isə əksərən jurnalistlər aparırlar.

 

Həqiqət Əsgərzadənin bu gün doğum günüdür, ömrünün 82-ci baharına qədəm qoyur. O, 4 fevral 1944-cü ildə Bakıda anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. 1970–1980-ci illərdə "İnterviziya" sistemi ilə Moskva və Kiyevdə Azərbaycan televiziyasını təmsil edib. 2016-cı ildən "Yada düşər xatirələr" verilişinin daimi aparıcısıdır.

Müxtəlif illər ərzində o, bir sıra uşaq verilişlərinin (məktəblilərin "Yelkən", "Rəqs salonu", "Səyahət"), "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Xəbərlər" (axşam buraxılışı), "Qanlı yanvar", eləcə də 1992–1993-cü illərdə cəbhə bölgələrindən hazırlanmış verilişlərin, "Komediyalar aləminə səyahət", "Mavi işıq", "Səhər görüşləri", "Gəl, səhərim" kimi proqramların aparıcısı olub.

 

Xatirələrini danışanda qeyd edir ki:

“Azərbaycan Dillər Universitetinin inglis dili fakültəsində 4-cü kursda oxuyurdum. Bədii-qiraət dərnəyimiz var idi, Müxlis Cənizadə bizə dərs keçirdi. Şeirim çox xoşuna gəlmişdi. Mənə dedi ki, televiziyada bədii qiraət dərnəyi açmaq istəyirəm, səni də ora dəvət edirəm. Dedim ki, olar anamdan icazə alım?! Dedi, hə.

Mənim anam ciddi qadın idi. Anama deyəndə, dedi ki, bir artisitmiz əskik idi. Bu sözü gəlib Müxlis müəllimə dedim. Sonra o dövlət televiziyasına gəlib, məni burada görəndə dedi ki, “qız, anan sənə necə icazə verdi?”. “O vaxt elanla, müsabiqə yolu ilə mən doğma kanalıma seçilmişəm”.

 

“1966-cı ildə televiziyaya gələndə 10 il idi ki, televiziya yaranmışdı. Üstündən 1 ay yarım keçmiş məni Kiyev şəhərinə göndərdilər. O vaxt SSRİ-nin mədəniyyət günləri Ukraynada keçirilirdi. Sovetlər Birliyinin bütün respublikalarından diktorlar, incəsənət xadimləri gəlmişdi. Mən o vaxt heç böyük səhnəyə çıxmamışdım, amma orada böyük səhnəyə çıxdım.

Cavan olduğuma görə qətiyyən məndə həyəcan hissi yox idi. 1982-ci ildə isə Moskvada Azərbaycan Mədəniyyəti Günləri keçirilirdi. Biz Rafiq Hüseynovla birlikdə getmişdik. Əfsuslar olsun ki, o lent yazıları indi məndə yoxdur. Yeni gələn diktorları 20 günlük Moskvaya göndərirdilər, ali dərəcəni də bizə Moskva verirdi”.

Xalq artisti bildirir ki, uğur qazanmağın bir yolu var, o da sənətini sevməkdir.

“Elə vaxt olurdu ki, diktor işə götürürdülər, bir neçə dəfə efirə çıxırdı, sonra bəyənmirdilər. Biz diktorları həmişə tamaşaçı burada saxlayıb. Ona görə biz öz tamaşaçılarımıza minnətdarıq. Bu neçə illər ərzində biz tamaşaçı sevgisi, tamaşaçı məhəbbəti qazanmışıq.

Bu günki aparıcılara da tövsiyyəm odur ki, sənətlərini sevsinlər. Sənətlərini sevsələr enerjiləri də, həvəsləri də olacaq. Biz diktorlar efirə çıxırdıq, tamaşaçı üçün işləyirdik.

 Amma özümüzü sevdirməyə çalışmırdıq ki, o tamaşaçı bizi sevsin, bu tamaşaçı bizi sevsin. Biz işimizi görürdük. Bizi görəndə deyirlər ki, yaxşı ki, varsınız. O dəqiqə bütün köhnə diktorların adlarını çəkirlər”.

Həqiqət Əsgərzadə bildirir ki, bu gün aparıcılar efirə dəvət etdikləri qonağa danışmağa imkan vermir.

““Yada düşər xatirələr” verilinin aparıcısı olmuşam. Mən o verilişə hazırlaşıb gəlirdim. Qonaq gəlirdi, imkan yaradırdım ki, o danışsın. Bəzən efirdən deyirdilər ki, “Həqiqət, sən niyə danışmırsan?”. Deyirdim ki, mən ona sual verdim, gözləyirəm ki, o danışsın. Çünki mən hər gün efirdəyəm.

Qonağı danışsın deyə çağırmışıq da. O vaxt xəbərlər oxumaq istəyirdim. Rafiq Hüseynov deyirdi ki, “Xəbərləri sən oxuma, çünki çox cavan görünürsən, sənə heç kim inanmayacaq”. Bunu çox istəyirdim, nail olub, oxudum da. Mən fəaliyyətimə uşaq verilişləri ilə başlamışam.

 Elə verilişlər aparmışam ki, səyyar kameralarla uşaq bağçalarına, məktəblərə gedirdik. “Yelkən” adlı uşaq verilişim də var idi. O verilişi Nəbi müəllim yalnız mənim üçün yaratmışdı. Məndən başqa “Yelkən” i heç kim aparmadı”.

 

Təltif və mükafatları

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

- 21 iyul 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Səhəndi

Urmiya

 

 

İÇİMDƏ İNTİHAR EDƏN CANAVAR

 

Çevrəmi buz tutmuş qar çiçəyiydim,

Günəşə boylandım qarlar içində.

Mən hələ özümlə heç-heçə idim,

Kor kimi gülürdüm karlar içində.

 

İçimdə bir sümük ağzına alıb,

İçimi tökürdü canavar biri.

Cəmdəyi deyəsən dişinə çalıb,

Leşimi sökürdü canavar biri.

 

Özüm, öz içimdən yıxılmaqdaydı,

Qanımı tökdülər fışqıranmadı.

Xırxıram əlində sıxılmaqdaydı,

Nə qədər can atdım qışqıranmadı.

 

Sonra yorğun idim, dizə çökürdüm,

Yanımdan bir tanış kölgə ötüşdü.

Və səsimə geri döndü, öskürdüm,

Gözüm ovcundakı gülləyə düşdü.

 

İçimdə gözləri sürünür hələ,

Baxışlar altında ayaqlanırdım.

Sınırdı arada körpülər belə,

Bir tanış ürəkdən uzaqlanırdım.

 

Gözləri hələ də baxırdı mənə,

Canavar donunu biçib boyuna.

Canavar içimdə intihar etdi,

Sonuncu köynəyim yırtıldı, ana!..

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

 

Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Davud Nəsib həftəsi davam edir.

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (1942-2003)) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.

Bu gün sizlərə “Vətən borcu” şeirini təqdim edəcəyik.

 

VƏTƏN BORCU

Ürəyində vətən varsa
Güc olacaq qollarında.

Hara getsən, hara varsan
Şam yanacaq yollarında.

Nə hikmətdir, bu nə sirdir?
Bir nemətdir vətən eşqi.
Qanımız da vətən deyir,
Canımız da vətən deyir.

Borc bir olur, ya da iki,
Borc sözündə alver vardır.

Borc sözündə qiymət, çəki...
Borc alanın yeri dardır.

Əsgər getsən,
sən bir yoxla,
Əsgər getmək güc deyildir.

Əsgər getsən,
yadda saxla;

Əsgər getmək borc deyildir.

Ürəyi tox, amalı tox
İnsan olan nə böyükdür.

Vətən borcu əsgərlik yox,
Vətən borcu ömürlükdür.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

 

 

79 -dən səhifə 2768

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.