Super User

Super User

Çərşənbə axşamı, 16 Dekabr 2025 15:05

Heydər Əliyevə olan inamımın nağıla bənzəyən hekayəsi

Tahirə Ağamirzə, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Tarixə həkk olunmuş böyük şəxsiyyətlər zaman keçdikcə yalnız siyasi fəaliyyətləri ilə deyil, insanların qəlbində buraxdıqları silinməz izlərlə də yaşayırlar. Mənim üçün belə bir insan - böyük lider, xalqımızın ümid və dayaq yeri – Heydər Əliyev olub. Bu yazdıqlarım uzun illər içimdə daşıdığım, amma heç vaxt qələmə almadığım duyğularımın sadə, səmimi bir ifadəsidir...

 

Mən kənddə böyümüşəm. O illərdə Heydər Əliyev Azərbaycan SSR-nin birinci katibi idi. Televiziyada hər çıxışını səbirsizliklə gözləyərdim. O danışanda ekrandan sanki nur yayılırdı. Bölgələrdə quruculuq işləri sürətlə gedirdi. Hər sahədə inkişaf, sabitlik və insanlar arasında bir ümid vardı. Ən çox da yaddaşımda onun sadəliyi, xalqla yaxınlığı, hər kəsə – uşaqdan böyüyə – göstərdiyi diqqət qalıb.

Xüsusilə kənd və fəhlə ailələrindən çıxan uşaqlara göstərdiyi qayğı bu gün də gözümün önündədir. O dövrdə savadlı, əlaçı kənd uşaqları ali məktəblərə qəbul olur, öz gələcəklərini qururdular. Mən Heydər Əliyevə sonsuz sevgi ilə bağlanmışdım. Arzuların qanadında uçur, gələcəyin parlaq olacağına inanırdım...

İndu o günü, o hissi necə ifadə edim? Sevinirdim, həm də inamımın qarşılığını gördüyüm üçün qürur duyurdum. Bilirdim ki, Heydər Əliyev özü də inanc sahibi idi. O da xalqın dəyərlərinə, ocaqlara, seyidlərə böyük hörmətlə yanaşırdı. Elə buna görə xalq onu həm lider, həm də mənəvi dayağı kimi sevirdi.

Bəlkə də bu yazdıqlarım bir insanın sadə xatirələri kimi görünə bilər. Amma içində minlərlə insanın hisslərini, yaddaşını, təşəkkürünü daşıyır. Onun xalqına qaytardığı sabitlik, təhlükəsizlik, gələcək ümidi tək-tək hər birimizin həyatında öz əksini tapıb. Mən illərdir bu barədə məqalələr yazsam da, bu xatirəni ilk dəfədir qələmə alıram. Yalnız yaxınlarım bilirdi. Amma bu gün – içimdən gəldi. Yazmaq istədim. Çünki inanıram: belə xatirələr də tarixdir...

Sonra o, Moskvaya - daha yüksək vəzifəyə çağırıldı. Arxasınca vətən üçün çətin günlər başladı. 1990-cı ilin 20 Yanvarında sovet ordusunun törətdiyi qətliam - günahsız insanların güllələnməsi, tanklarla əzilməsi xalqımızın sinəsinə dağ çəkdi. Elə həmin vaxt Moskvada yaşayan Heydər Əliyev bu faciəyə susmadı. Cəsarətlə çıxış edib, etirazını bildirdi, sonra da istefa verdi. Onun bu addımı liderə xas qətiyyətin və xalqına sədaqətin nümunəsi idi.

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etsə də, ölkədə sabitlik yox idi. Siyasi çəkişmələr, xaos, qeyri-müəyyənlik hökm sürürdü. Elə bir dönəm idi ki, xalqın köməyə, xilaskara ehtiyacı vardı. O xilaskar yalnız bir nəfər ola bilərdi – Heydər Əliyev. Hər kəs onun yenidən hakimiyyətə qayıtmasını arzulayırdı.

Mən o vaxt artıq Bakıda yaşayırdım. Dərdimlə, ümidimlə kəndimizə qayıtdım. Qonşu kənddə yerləşən, el arasında müqəddəs sayılan “Mir Sədi Ağa ocağı”na getdim. Könüldən gələn bir nəzir verdim: “Əgər Heydər Əliyev hakimiyyətə qayıtsa, bu ocağa daha çox nəzir gətirəcəyəm”. 

Aradan çox keçmədi. Xalqın təkidli çağırışı, inamı və dəstəyi ilə Ulu Öndər yenidən hakimiyyətə qayıtdı. Nəzirim qəbul olmuşdu...

Və bu gün bir daha deyirəm: xalqın sevgisi ilə doğulan liderlər tarix yazır. Heydər Əliyev bu xalqın ürəyində daim yaşayacaq. Mənim üçünsə o, yalnız lider deyil - duasını yerə salmayan, nəzirə cavab verən böyük bir ATA obrazıdır...

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

 

Çərşənbə axşamı, 16 Dekabr 2025 18:11

Türk dünyası məşhurları - Osman Hamdi Bey barədədir.

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları haqqında olan layihəsində bügünkü söhbətimiz Osman Hamdi Bey barədədir.

 

 Osman Hamdi Bey (30 dekabr 1842 — 23 fevral 1910) Osmanlı İmperiyasının son dövrünün ən vacib intellektual və mədəni fiqurlarındandır: rəssam, arxeoloq, muzeyçi və inzibati xadim kimi fəaliyyət göstərmişdir. Onun fəaliyyəti Osmanlıda müasir muzeyçilik və arxeologiyanın qurulmasına, həmçinin milli mədəni sərvətlərin qorunması qanunvericiliyinin formalaşmasına böyük təsir göstərmişdir.

Osman Hamdi Konstantinopolda (indiki İstanbul) anadan olmuş, hüquq və idarəetmə təhsili almışdır. Daha sonra Parisdə École des Beaux-Arts və müasir sənət mühiti ilə tanış olmuş, orada Avropa akademik rəssamlıq ənənəsini öyrənmişdir. Paris təhsili və Avropadakı sənət mühiti onun həm rəngkarlıq dilinə, həm də muzey və arxivçilik ideyalarına ciddi təsir göstərmişdir.

Osman Hamdinin əsərləri realist, detallı kompozisiyalar və Osmanlı mədəniyyətindən, gündəlik həyatdan götürülmüş motivlərlə zəngindir. O, həm portret, həm də janr səhnələri yaradırdı. Məsələn, məşhur “Kaplumbağa Terbiyecisi” (The Tortoise Trainer, 1906) əsəri milli identiklik, modernləşmə və tənqidçi simvolika kimi mövzuları əks etdirən simvolik və ironik məna daşıyır. Bu əsər və digər tabloları ilə Osman Hamdi həm Avropa akademik üslubunu mənimsəmiş, həm də yerli mövzuları yüksək sənət səviyyəsinə qaldırmışdır.

1891–1910-cu illər arasında Osman Hamdi İmperiyanın İmperator Muzeyinin (Imperial Museum / İstanbul Arkeoloji Muzeyi) idarəçiliyini həyata keçirmiş, muzeyi elmi tədqiqat və konservasiya yönümlü müəssisəyə çevirmişdir. O, qazıntıların və tapıntıların xaricə çıxarılmasının qarşısını almaq məqsədi ilə antikvar əşyaların qorunması və qeydiyyatı barədə qanunvericilik təşəbbüsləri etmiş, arxeoloji expedisiyaların standartlarını formalaşdırmağa çalışmışdır. Bu istiqamətdə onun fəaliyyəti Osmanlı mədəni sərvətlərinin qorunmasında dönüş yaradan addımlardan hesab olunur.

Osman Hamdi həm özünün rəhbərliyi ilə aparılan qazıntılarda, həm də xarici alimlərlə əməkdaşlıqda fəal olmuşdur. O, Osmanlı torpaqlarında elmi qazıntıların aparılmasını və tapıntıların düzgün inventarlaşdırılmasını təşviq etmiş, xarici ekspedisiyaların fəaliyyətini nəzarət altında saxlamağa çalışmışdır. Onun məktubu, fotoşəkil, qazıntı hesabatları və kolleksiyalarla bağlı arxiv materialları XX əsrin əvvəllərində arxeologiyanın professionallaşmasına töhfə vermişdir.

Osman Hamdinin tabloları təkcə estetik obyektlər deyil, həm də dövrün sosial və siyasi şərtlərinə – modernləşmə, millətçilik, Avrasiya fərqliyinə dair düşüncələrə şərh verir. Məsələn, Kaplumbağa Terbiyecisi əsərində “yavaş dəyişmə” və ya “reformist səylərin nəticəsizliyi” kimi oxumalar təqdim olunur; bənzər şəkildə digər əsərlərində qadın fiqurlar, kitab və məscid səhnələri vasitəsilə mədəniyyət və biliyin rolu vurğulanır. Bu aspeklər onun əsərlərini həm Osmanlı, həm də müasir Türkiyə mədəni tarixinin açar sənədləri halına gətirir.

Osman Hamdi 20-ci əsrdə və müasir dövrdə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə qiymətləndirilmişdir. Onun muzeyçilik prinsipləri və qanunvericiliyi yerli mədəni resursların qorunmasında dayanıqlı təsir yaradıb, rəssam kimi əsərləri isə son illərdə beynəlxalq hərraclarda yüksək qiymətlərə satılmışdır. Pera Muzeyi və digər institutlar onun əsərlərini nümayiş etdirərək və sənədlərini tədqiq edərək irsini qoruyurlar.

Osman Hamdi Bey çoxşaxəli fiqur idi — rəssamlıq, arxeologiya və muzeyçilik sahələrində aparıcı rol oynamış, Osmanlı mədəniyyətinin modernləşməsində həm praktik islahatçı, həm də intellektual simvol olmuşdur. Onun həyat və fəaliyyəti mədəni sərvətlərin qorunması, elmi tədqiqatın təşkili və milli estetik identliyin formalaşmasında vacib mənbə olaraq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Çərşənbə axşamı, 16 Dekabr 2025 17:33

Bizim kino – Minimalizmin triumfu olan “Nabat”

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

“Nabat” filmi 2014-cü ildə Venesiya film festivalının “üfüqlər (horizonts)” bölməsində nümayiş olunub. Filmin rejissoru Elçin Musaoğludur. Elçin Musaoğlu “Nabat”dan əvvəl “Qırxıncı qapı” bədii filmini çəkib və bundan əlavə bir çox qısa və sənədli filmlərin müəllifidir. 

 

“Nabat” filmi bir kənddə yaşayan qoca ər-arvadın hekayəsidir. Daha doğrusu, qoca bir qadın həm xəstə ərinə baxmalı, həmdə kəndi qorumalıdır.  Film 1-ci Qarabağ müharibəsinə aid olduğu üçün xüsusi diqqət çəkir. Filmi Azərbaycan kinosunda xüsusi yerə qoyan məqamlardan biri isə minimalist kinonun elementlərindən istifadə edilməsidir.  Bu məqamda isə oxucularımıza minimalist kino anlayışından bəhs etmək istəyirəm. Minimalizm 2-ci dünya müharibəsindən sonra ortaya çıxan bir cərəyandır.  Əvvəlcə bu cərəyan arxitektura rəsm kimi incəsənət növlərində ortaya çıxmışdır.  Daha sonra isə kinoda da özünü göstərmişdir.  Minimalist kinonun ilk prototipləri Robert Bressonun ekranlaşdırdığı filmlərdir. Onun çəkdiyi filmlərdə real həyatı yaxalamağa, dəbdəbədən uzaq durmağa çalışırdı.  Minimalizm ortaya çıxandan sonra isə Robert Bressonun filmləri mayaq rolunu oynadı və bir çox rejissorlar onun filmlərindən təsirləndilər.

Minimalist kinonun üstün cəhətlərindən biri budur ki, kiçik bir büdcə ilə filmlər çəkmək olur.  Düzdür, bu cür filmlər çəkən rejissorlar olsa belə, bəziləri sırf özünü ifadə forması olaraq minimalizmi seçmişdir.  Onlardan yəqin ki, ən məhşuru İranlı rejissor Abbas Kiarostamidir.  “Nabat” filmində də sözügedən rejissorların təsiri mütləq şəkildə hiss olunur.  Nabatı ilk kadrlardan etibarən tanımağa başlayırıq. Onunla birlikdə addımlayır, onu sanki müşahidə edirik. Film boyu obrazın müşahidə edilməsi, obyektiv reallıq kimi göstərilməsinin təməli məhz burada atılır.  Obyektivlik minimalist filmlərdə də qarşımıza çıxan əsas məsələdir.  Burada reallığı kənardan müşahidə edərək bizə çatdırmağa çalışırlar. Film irəlilədikcə Nabatı tanımağa onun hekayəsini dərindən öyrənməyə başlayırıq. Filmin əvvəlində məlum olur ki, Nabat öz oğlunu  müharibədə itirib və ondan geriyə olan-qalan bir şəkli belə yoxdur, həmin şəkli axtarmaqla məşğuldur. Digər tərəfdə isə müharibənin təsiri ilə insanların kəndi bir-bir tərk etdiyini görürük.

Kinonun əvvəlində müəyyən dialoqlar olsa belə dəqiqələr irəlilədikcə sanki kino dilsizləşir.  Minimalist filmlərdə də biz dialoqun az olduğunun dəfələrlə şahidi olmuşuq. Lakin bu dəfəki filmdə vəziyyət biraz daha fərqlidir.  İnsanlar getdikcə kəndi tərk etdiyi üçün danışacaq, dərdini bölüşəcək heç kim qalmır.  Danışacaq biridə olmayınca kimlə danışmaq olar ki?! Dialoqun azlığı hekayənin getdikcə səssizləşməsinə  və dilsizləşməsinə gətirib çıxarsada  Elçin Musaoğlu bunada çox maraqlı bir həll yolu tapmışdır.  Burada əşyalardan elə istifadə edilir ki, sanki əşyalarda vizual informasiya daşıyıcısına çevrilir. Bu əşyalar vasitəsilə biz filmin tempinin itmədiyini görürük. Rejissor əşyalara, heyvanlara, təbiətə elə bir rollar yükləyir ki, bu rollar sayəsində sanki əşyalarda dil açıb danışır.  Bu əşyalar sayəsində biz insanların necə, hansı şəraitdə yaşadığını, hansı peşələrlə məşğul olduqlarını görürük. İşin maraqlı tərəfi bundadır ki, minimalist filmlərdə də dəbdəbəli dekorlardan, bir çox rekvizitlərdən uzaq durmağa çalışırlar. Bu yolla onlar hekayəni sadələşdirir, yalınlaşdırırlar.  Elçin Musaoğluda bunu “Nabat” filmində yetərincə bacarır.  Burada olan hər bir əşyanın, hər bir elementin  özünəxas vacibliyi, özünəxas bir informativliyi  var. Əşyalardan istifadə edilərək qurulan drammaturji xətt filmi irəli aparır. Digər tərəfdən isə aktyorlardan istifadə şəkli təqdirə layiqdir. Minimalist filmlərdə olduğu kimi burada da mimika istifadəsindən, aktyor qabiliyyətinin sərgilənməsindən uzaq dayanılır. Filmin daxili tempidə çox maraqlı şəkildə öz həllini tapır.  Filmin bir məqamında görürük ki,  qabda südü bişirmək üçün qoyublar və getdikcə biz süd qabına doğru yaxınlaşırıq. Yaxınlaşdıqca isə onun artıq bişdiyini qaynamağa yaxın olduğunu görürük. Lakin elə bu anda Nabat qazın altını söndürür və sanki hər şeyə nəzarət etdiyini göstərir. Bir yandan izləyici südün daşacağına dair narahatlıq keçirərkən, digər yandan Nabatın bir hərəkəti ilə sakitləşir. Nabat film boyu kəndə də nəzarət etməyi bacarır. Film kamera istifadəsinə və montaj həllinə görə də minimalist filmə bənzəyir. Biz burada eyni minimalist filmlərdə olduğu kimi Nabatın kəsintisiz, geniş planlarla gəzintisini görürük. Onunla birlikdə gəzir, onunla birlikdə addımlayırıq. Nabatın kənd daxilində gəzintisi izləyiciyə kəsintisiz şəkildə nümayiş etdirilir. Lakin həmin kadrlar müxtəlif vasitələrlə doldurulur. Bu vasitələrə baxarkən, diqqət edərkən izləyici sıxılmır, əksinə filmdən yeni mənalar çıxartmağa və yaratmağa başlayır. Məsələn, filmin başlanğıcında Nabatın gəzintisi zamanı xurma ağacları üzərində meyvələr görülür. Filmin ortasına çatdıqda isə həmin ağaclar yenidən göstərildiyi zaman meyvələrin yerə tökdüldüyü görülür. Rejissor bir kadrla göstərməyə çalışır ki, artıq kənd tərk edilib və burda heç kim yaşamır, burada meyvəni yığacaq adam da yoxdur.

Film boyu heçdə həmişə geniş planlardan istifadə edilmir. Bəzən yaxın plana keçid edilir, xüsusilə əşyalara, heyvanlara edilən bu yaxın planlarla rejissor izləyicini filmi yenidən mənalandırmağa  dəvət edir. Bu yolla rejissor izləyicini  göstərilənlə, göstərilmək istənilən arasında əlaqə qurmağa dəvət edir. Qoşquya bağlanmış inəyin addımlaması bütün çətinliklərə baxmayaraq yoluna davam etməsi, islanmış xalçanın ölgünlüyü obrazla eyniləşir.  Təbiətin bir parçası olan inəyin hiss etdikləri, yaşadıqları obrazında hiss etdiklərinə çevrilir. Bütün çətinliklərə rəğmən Nabat addımlayır, addımlayır, addımlayır...  Minimalist filmlərdə simvolizm xüsusi yer tutur.  Az şeylə çox məna yaratmaq istəyi rejissorların özünü ifadə formasına çevrilir. Təsadüfi deyil ki, “Nabat” filminində ən güclü simvolizmi adicə bir lampa ilə qurulur.  Tərk edilən kənddəki evləri diri göstərmək üçün bir-bir lampaları yandırır və bu evlərdə həyatın olduğunu xatırlatmağa çalışır. İşığın zülmətə, qaranlığa qarşı olan mübarizəsində Nabat öz yerini tərk etmir. Nə baş versə belə o öz evini, kəndini qoyub getmir. Bu lampalar sonralar hər birimizin içində bir ümid işığına çevrilir və çevriləcəkdir. Hərşeyini itirsə belə öz yaşadığı yeri, sevdiyi məkanı tərk etməmək istəyi ekranda bu cür həllini tapır. Ümumilikdə, “Nabat” filmi vizual baxımdan  Azərbaycan Kinosunda məxsusi yerə malikdir.  Elçin Musaoğlu bu filmdə müəllif kinosunu yaratmağı bacarır. O öz dilini, öz estetikasını quraraq öz dünyasını izləyiciyə çatdırır.

Filmdə müsbətlər olduğu kimi mənfilərdə var.  Çe Gevaranın şəklinin oğlunun şəklinin yerinə keçməsi, canavarın qarşımıza çıxması ümumi harmoniyanı pozur.  Filmin sonunda Nabatın sanki ölümü gözləyirmişcəsinə oturması əslində isə kəndin xilas olması filmi müsbət sonluğa bağlayır. Səbrli olan, dözən hər bir kəs sonda qələbə ilə mükafatlandırılır anlayışı tamaşaçıya ötürülür.

Onu da qeyd edim ki, Elçin Musaoğlu yeni filminin çəkilişlərinə başlayıb. Bu cür mükəmməl əl işləri olan bir mədəniyyət işçisinin bu qədər az tanınması bir tamaşaçı olaraq hər birimizi dərindən sarsıdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

(Tarixin ən ədalətsiz Bonni və Klayd əhvalatına interpretasiya)

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

1930-cu il, yanvarın 5-i, Dallasın tozlu, istilikdən yorulmuş məhəllələrindən biri.

Dünya hələ də Böyük Depressiyanın boğazında ilişib qalmışdı. O boğaz ki, milyonlarla insanı yavaş-yavaş boğurdu, amma heç kimi öldürmürdü. Həyat bəzi dövrlərdə belədir, nə həyatdır, nə ölüm. Arada qalmış, sürünən bir cəhənnəm.  Beləcə səhnəyə iki personaj daxil olur.

 

Bonni Parker, romantik idealları ölən, amma hələ tabutu bağlanmamış qız

19 yaşında. Şeir yazır. Əri isə həbsdədir.

Həyat ona hələlik yalnız darıxdırıcı intizar verib.  Bəzən taleyin ən qəddar tərəfi budur, səni öldürmür, sadəcə səni boş buraxır. Tanrı sanki onun həyatını yazmaqdan yorulub kitabı stolun üstünə atmışdı.  Elə bil demişdi ki,"Sonrasına baxarıq"

Bonni isə "sonra" nı gözləməyəcək qədər həyatdan yorulmuşdu. 

 

Klayd Barrou, xoşbəxtlikdən məhrum edilmiş oğlan

 21 yaşında. Arıq, gözlərində bir az qəzəb, bir az yorğunluq, bir az da "artıq heç nəyə təəccüblənmirəm" ifadəsi.  Taleyin bir insana edə biləcəyi ən pis şeylərdən biri də budur. Təəccüb hissini öldürmək.  Klayd 1926–1929 arasında xırda oğurluq edirdi. Romantik səbəblərdən yox, sadəcə kasıb idi və dünya ona "başqa seçim yoxdur" deyirdi.  Sonra düşdü" Eastham Prison Farm" həbsxanasına. O yer ki, insanı insan olmaqdan soyudan bir fabrik kimidir. Orada gördüyü zorakılıq, əzab və işgəncə onu qırdı, içindəki sonuncu "bəlkə bir gün düzələr" ümidini çürüdüb yedi. Klaydın həyat fəlsəfəsi qısa idi:

"Dünya məni incitdi. Mən də onu incitdim. Bərabərlik belə yaranır." 

 

Yanvarın 5-i. Bonni dostunun evində idi. Dostu ayağını incitmişdi, Bonni də ona baxmağa gəlmişdi.  Həyat bəzən belə məzəli olur. Dünyanın ən məşhur cütlüyünün taleyindəki ən mühüm dönüş nöqtəsi adi bir zədə üstündən gəlir.  Klayd həmin gün orada idi, işsiz, pulsuz, gələcəksiz. Elə bil dünya onu atıb bir evin divar küncünə qoymuşdu ki, "bir az gözlə, bir bəla gələcək".  Bonni mətbəxə girəndə Klayd orada dayanmışdı. Və Bonni, nədənsə, heç bir səbəb olmadan, ona isti şokolad hazırladı.

(Ən maraqlısı odur ki, tarixdə bu detal qalır. Onların hekayəsi isti şokoladla başlayıb. Taleyin yumoru bəzən çox incə olur.) Klayd o şokoladı içəndə heç nə baş vermədi… amma Bonni üçün nəsə dəyişdi. Qarşısındakı oğlanın gözlərində bir boşluq vardı, sanki taleyin cibindən düşmüş itmiş bir uşaq.

Bonni düşündü ki, "bu uşaq təhlükəlidir." Amma içində başqa bir səs də vardı:  "Bu təhlükə mənə lazımdır."

Klayd isə Bonniyə baxıb düşündü:

" Bu qız məndən qorxmur… bu yaxşı əlamət deyil."  O an, bir neçə saniyə, amma tarix üçün ən ağır saniyələrdən biri idi. Bu, nə romantik musiqi idi, nə film səhnəsi.  Sadəcə iki yaralı ruh eyni otaqda dayanmışdı. Və hər ikisi içindən bunu hiss etdi:  "Bu adam mənim sonum olacaq."  Və bəzən insan məhz buna görə aşiq olur.  O gün tarix də, həyat da, sağlam düşüncə də susdu. Səhnəyə yalnız iki xəyal daxil oldu.  İki kölgə.  İki yara.  Eyni fəlakətin iki fərqli qəhrəmanı.  Onların tanışlığı bir qığılcım idisə, birlikdə keçirdikləri ilk günlər artıq yanmaq üçün bəhanə idi. O qısa tanışlıq səhnəsi, isti şokolad, yüngül təbəssüm, bunların hamısı sadəcə küləyin oyunu idi. Çünki sevgi çox vaxt belə başlayır, yumşaq bir istiliklə, sonra insanın bütün həyatını yandıracaq bir alovla.

 Bonni üçün Klayd bir xilas deyildi, bir bəhanə idi. İçində gizli saxladığı qaranlığı artıq "yalnız mən belə düşünmürəm" rahatlığı ilə paylaşa biləcəyi biri.  Klayd üçün isə Bonni xoşbəxtlik deyildi, onun içindəki qırığın romantik şahidi idi. O qırıq ki, uzun illərdir paslanırdı və ona baxan heç kim qalmamışdı.  Onlar bir-birlərinə sevgi ilə deyil, eyni boşluqla bağlandılar. İki insanın qəfil birləşməsi deyil, iki boşluğun qəribə rezonansı. İlk hədiyyə, isti şokolad, şirin xatirənin sonuncu nəfəsi. Həmin o isti şokolad. O, romantik jest deyildi. O daha çox belə bir mesaj idi ki, " üşümə. Bir azdan həyat ikimizi də elə titrədəcək ki, bu bir qurtum istini çox arzulayacağıq." 

Yaxşı bəs sonra?  Sonrası yalnız qaçış səsi.

Külək.  Qorxunun içində qəribə həyəcan. Sonsuz yol və heç yerə aparan bir istiqamət.  Həmin isti şokolad onların həyatındakı son "normal" xatirə idi. Ondan sonra hər şey ya çox sürətli, ya çox təhlükəli, ya da çox gec idi. Klaydın içindəki qırılma, insanın içindəki sükutun çığırtısıdır. Klayd çoxdan sınmışdı. Onu sındıran insanlar yox, insanların yaratdığı dünya idi. Bəhanələrlə dolu, ədalətsiz, soyuq və qaranlıq.  O artıq düşünmürdü, düşünmək ağrı verirdi.  O artıq gələcək planlamırdı, gələcək onsuz da onu istəmirdi.  Və o artıq qorxmurdu, qorxmalı heç nə qalmamışdı. Bonni onun yanında olanda, bu qaranlıq daha da dərinləşirdi. Çünki artıq hər risk, hər cinayət, hər qərar bir növ şeirə çevrilirdi.

Qan, bir metafora.

Qaçmaq, bir manifest.

Səhv, taleyin yumoru.

 Çox təhlükəli bir qarışım idi, şairəylə yara almış adamın ittifaqı. İlk cinayətlər, hələ məhvedici deyil, sadəcə başlanğıc idi. Onlar birləşən kimi, həyatdakı "nə qədər həminki idilərsə" hissi öldü. Artıq heç bir şey normal deyildi.  Hər şey ya adrenalinlə dolu idi, ya gecikmiş qərarlarla, ya da düşüncə dərinliyi ilə.  Onların ilk cinayətləri hələ qanlı deyildi. Kiçik oğurluqlar, maşınlar, mağazalar… Bonni gözləyirdi, Klayd oğurlayırdı. Sonra Bonni yazırdı, Klayd susurdu. Yazı ilə susqunluq arasında qəribə harmoniya vardı. Sanki biri bu hekayəni qələmə alırdı, digəri isə o qələmin içindəki mürəkkəbi tədricən qara rəngə çevirirdi.  Bonninin fəlsəfəsi, ölüm qorxusu yox, boşluq qorxusuydu.

 Bonni bir dəfə belə demişdi:

"Ölməkdən qorxmuram. Amma heç nə yaşamadan yaşamaqdan qorxuram."

 Bu fikir onların bütün hekayəsini açır.  O, ölmək istəmirdi.  O, boş yaşamaqdan qaçırdı.  İnsan ölümdən qorxanda, daha çox yaşayır.  Amma insan boşluqdan qorxanda, daha çox risk edir.

Onların bütün qarətləri, bütün qaçışları, bütün qanlı səhifələri məhz bu qorxunun nəticəsi idi.  Onların münasibəti sevgi deyildi, bir növ müqavilə idi. Bir-birlərinə sevgi ilə yox, birtərəfli təslimiyyətlə bağlanmışdılar.  Bonni öz boşluğunu Klayda,  Klayd öz qaranlığını Bonniyə həvalə etmişdi. İki əksik insan bir tam olmur.  İki əksik insan birlikdə daha böyük bir əksiklik yaradır və həmin əksikliyin səsi, çox vaxt siren səsi kimi eşidilir.

 Onların ya həyatları dəyişəcəkdi, ya da həyat onlara nəvazişsiz bir son yazacaqdı. Və həyat adətən bu cür insanlara yumşaq davranmır.  Bəli, onların münasibəti artıq sevgi deyildi, o mərhələ çoxdan keçmişdi. Bu daha çox iki ruhun öz yaralarının bir-birinə pəncə vurub asılması idi.  Elə bil həyatdan qurtulmaq üçün bir-birinə yapışmış iki ölümdən qaçan kölgə. İndi həmin kölgələr böyüməyə başlayırdı.

Klaydın ailəsi kasıb idi. Bacılar, qardaşlar, qohumlar… onların hamısı həyatın yaratdığı böyük çuxurun kənarında yaşayırdı.  Bonni isə bir növ "şeir yazan qaranlıq" idi. O qaranlıq ki, artıq hər bir riski romantikləşdirə bilirdi. Onlar əslində "banda" qurmadılar.  Dünya onları sağ buraxmadığı üçün, yaşamaq üçün məcburi bir "cinayət ekosistemi" yaratdılar.  Bu, romantik qərar deyildi. Bu, zərurətin iti dişləri idi.  Cahillər onları "macəra axtaran gənclər" adlandırırdı. Daha dərindən baxanlar isə görürdü ki, bunlar macəra yox, çıxış axtarırlar.  Axtardıqları çıxışın bütün qapıları bağlı idi, qalan yeganə "qapı" bankların kassası idi.

 İlk qarətlər, qaranlığın ritmini yoxlamaq üçün məşq idi. İlk qarətlərində güllə az, həyəcan çox idi.  Onlar yanacaq doldurma stansiyasına və ya mağazaya girəndə adətən bunu edirdilər, əvvəlcə soruşurdular, "Pul sənin özünündür, ya bankın?" Bu sadə sual onların fəlsəfəsinin tək cümləlik manifesti idi.  Çünki insanın ən çirkin tarixi bankların yaratdığı borc cəhənnəmində yazılıb.  Əgər cavab gəlirdisə ki, "Bankındır."  O zaman Klayd gözlərini qıyır, Bonni içindən qəribə bir rahatlıq keçirirdi.  Çünki ədalətsizliyə vurulan hər zərbə, onların içindəki boşluğu bir az doldururdu.  Əgər kimsə "yox, pul mənimdir" deyirdisə, boğazları düyünlənirdi.  Klayd o pula toxunmurdu. Bonni də toxunmurdu.  Onlar kasıbın əlindən çörək almırdı, çünki özləri də çörəksizliyin nə olduğunu yaxşı bilirdilər. Hətta bəzi qarətlərdə onlar aldıqları pulların bir hissəsini ehtiyacı olan ailələrə ötürürdülər.  Qəhrəman deyildilər. Dünyanın simasını dəyişməyə gəlməmişdilər. Sadəcə özlərini qaranlıqda itirməmək üçün kiminsə işığından bir az götürürdülər. Bu, romantika deyildi.  Bu, varoluşun özünümüdafiəsi idi.

 Klaydın avtomobil fetişi, həmin o, əfsanəvi 8 silindirli deluks sedan Ford 40B qurtuluşun tək mexaniki ümid yeri idi. Klayd üçün maşın sükanına keçmək dua etmək kimi idi.

Sükan onun üçün həyatla bağlanan son ip idi. Və o ip çox köhnə idi, amma yenə də sınmırdı.  Onlar qarət edəndə Klayd sükanı sıxır, Bonni isə pəncərədən çölə baxırdı. Bonni üçün bu qaçışlar şeir idi.

sürət, metafora...

güllələr ritm…

sirena səsləri, fon musiqisi.

İnsan yaşaya bilmək üçün bəzən ən dəhşətli səhnələri gözəlləşdirməli olur.  Onların bütün cinayətləri bir şeir kimi yazılırdı, qaranlıq, təhrikedici, ölümə qəribə şəkildə yaxın.

 Polis, qanun qoruyucusu yox, talenin göndərdiyi köhnə kabus kimidir.   Ştatlararası polislər artıq adlarını eşidəndə dişlərini sıxırdı.  Mətbuat isə onları romantikləşdirməyə başlamışdı, guya kasıb xalqın qəhrəmanları, guya imperiyanın düşmənləri, güya qədim zamanların cəngavərləri. Hakimiyyət üçün qorxu, xalq üçün ümid, mətbuat üçün hekayə idilər.

 Amma onların özləri üçün kim idilər?  Sadəcə daha bir gün sağ qalmaq amalı ilə yaşayanlar idilər!

(davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

Çərşənbə axşamı, 16 Dekabr 2025 11:34

Bizi gücləndirən rəsmlər

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bilirsiz, mən hər dəfə bəzi rəsmlərə baxanda elə bil özümə baxıram. Hər şəkilin öz mənası var. Orada rəssamın iztirabı, hissləri, düşüncələri gizlənib. Hər rəsm bir anın, bir duyğunun canlanmasıdır. İlk baxışda valeh olursan, gözün göturur, amma sonra bir neçə dəfə baxdıqca, insan özü də anlamadan nöqsan axtarmağa başlayır. Amma elə şəkillər var ki, orada qüsur yoxdu, sadəcə hər detal sənin içini silkələyir. Sanki uçan milçəyin səsini belə eşitmirsən, çünki şəkilə o qədər bağlanmısan ki. Və bu səssizlikdə öz hisslərini, öz yorğunluğunu görürsən.

 

Tomasz Alen Kopera var.Onun çəkdiyi rəsmlər o qədər canlıdır ki, baxanda elə bil özünü görürsən. Birində bitmiş halını, digərində tükənmiş halını, başqa birində isə parçalanmış, amma yenidən dirçələn halını. Hər biri bir mesaj verir. Sən də dağılsan, sənin də yenidən qalxmağın mümkündür. Həyat da elə deyil? Bəzən dağıldığımızı, yorulduğumuzu hiss edirik, amma yenidən güc tapırıq.

Bu rəsmdəki kişi obrazı… Bilirsiz, o sadəcə qulağına pıçıldayan biri deyil. O, insanın başını dolduran, fikirlərini qarışdıran, öz narsizmini başqasının üzərində göstərən bir varlıqdır. Hər kəsin həyatında belə insanlar var. Bəzən dərhal başa düşmürsən, amma zamanla onların izləri qalır, qəlbində, fikirlərində. Və insan başa düşür ki, bəzən yorğunluq, qəzəb sözdən yox, sözün arxasındakı niyyətdən gəlir. Bu insanları başa düşəndə, özünü qorumağı öyrənirsən. Amma eyni zamanda bu şəkillər göstərir ki, nə qədər qaranlıq təsir olsa da, sən öz iradənlə qalxıb yenidən güc tapacaqsan. Parçalanırsan, özünü itirmiş kimi olursan, amma yenidən ayağa qalxmağı, gücünü tapmağı, özünü tanımağı öyrənirsən. Həyat elədir, bəzən ağrıdır, bəzən parçalayır, amma sən yenidən qalxırsan, özünü tapırsan. Hər parçanla yenidən bütöv olursan.

Bilirsiz, baxanda ağlayırsan. Bəzən özünü tapa bilmədiyin günləri xatırlayırsan. Amma eyni zamanda gücünü hiss edirsən. Narsistlərin, manipulyativ insanların varlığı bizi qırır, amma eyni zamanda bizi daha diqqətli, daha şüurlu, daha güclü edir. Hər parçalanmış obraz bizə deyir: sən özünü itirməyəcəksən. Sən qalxacaqsan. Hər parçanla yenidən bütöv olacaqsan. Və bilirsiz, məncə, elə buna görə də bu rəsmlər insanı həm ağladır, həm də gücləndirir. Həyat belədir çətin, ağrılıdır, amma yenidən qalxmaq üçün hər zaman bir yol var.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

 

Çərşənbə axşamı, 16 Dekabr 2025 17:11

Vaqif Səmədoğlu Günel Anarqızı barədə

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir.

 

 

VAQİF SƏMƏDOĞLU. GÜNEL ANARQIZININ RUS DİLİNDƏ "NAVSTREÇU PROŞLOMU" ("KEÇMİŞƏ DOĞRU”) KİTABINA

ÖN SÖZ ƏVƏZİ

 

Onlarla insan tanıyırdım ki, iki dünya müharibəsini, dövlət çevrilişlərini, inqilabları, başqa bu kimi hadisələri görüblər, amma onların mahiyyətini və əhəmiyyətini dərk etməyiblər, hətta iştirakçı olsalar da, şahidi olduqları hadisələrdən baş aça bilməyiblər. Belə məlum olur ki, lazımsız yaddaş qalıqları, yaxud həyat təcrübəsi adlandırdıqlarımız belələri üçün artıq yükdür. Mən bunu insan fenomeni adlandırardım. Belədirsə, indi əlimdə tutduğum kitabın və onun müəllifinin gələcək taleyi haqqında həyəcanla və qorxuyla düşünməyim nədəndir?

Necə olub ki, lap bu yaxınlarda yazmağa başlayan gənc qadın əsərlərində taleyin müxtəlif keşməkeşlərini yaşaya bilib?Zərif bir qab kimi yerə düşüb çilik-çilik olmayıb? Görəsən, faciəvi olmasa da, dramatik həyat təcrübəsini nə zaman toplayıb? Bunların qaynağı hardadır? Kitablarda? Şübhəsiz!

Və əlbəttə, məni təəccübləndirən genetik yaddaşda. Mənsub olduğu qədim nəslin yaddaşından, sevinclərindən və sonsuz əzablarından, qələbə və məğlubiyyətlərindən, artıq bitib tamamlanmış və ya davam edən insan talelərindən.

Bilirəm, od-alovun içindən keçmək kişi xeylağı üçün nə qədər ağır işdir. Zərif çiyinlərinə belə ağır yük qaldırmağın qadın üçün qat-qat ağır olduğunu təsəvvür edirəm. Müdafiə olunmağı heç ağlına gətirməyən, ancaq hücum yolunu seçmiş və artıq formalaşmış qadın yazıçı üçün bunun nə demək olduğunu bilirəm.

Ənənəvi çərşənbələrin birində – Novruz bayramı ərəfəsində uşaqlar iki ev arasında tonqal qalayıblar. Tonqalın üstündən tullanarkən uşaqlar öz kiçik dərd-sərlərini oda atmaq istəyirlər. Bu kitabın cavan qəhrəmanlarından biri taleyinə və artıq müəyyən edilmiş gələcəyinə qarşı çıxaraq, əslində isə bəyəndiyi kişinin, bəlkə də Allahın diqqətini çəkmək üçün uşaqlarla birlikdə ocağın üstündən atlanır. Kinoda bu, stop-kadr (dondurulmuş, dayandırılmış kadr) adlanır.

Mən yaddaşımda bu qadının obrazını məhz belə saxlayıram – uçan yerdə. Dur! Tərpənmə! Bax sənin yerin burdadır. Doğulduğun andan, dünyaya gəldiyin dəqiqədən başının üstündə sonsuz səmanın ağırlığı, ayaqların altında müqəddəs torpaq... Arada isə insanlar ocaq çatırlar. Bayram münasibətilə olsa da... Sən ey fani insan, heç vaxt bu vəziyyətdən çıxa bilməyəcəksən, heç vaxt başa düşməyəcəksən ki, həyatın özü də elə stop-kadrdır.

Kim deyib ki, cəhənnəm atəşi ancaq o dünyadadır? Bəs onda bu atəş nədir? Bayram odu? Əminsiniz ki, insanları məhşər ayağına yalnız o dünyada çəkirlər?

Onda bəs bu qəddar ittihamçı-xatirələr nədir? O yazıq kişinin düşdüyü vəziyyət nədir? Vəkilsiz, müdafiəsiz məhkəməelə bu deyilmi? Hakimlər kimlərdir? İttihamnaməni kim oxuyur? Hökm necə olacaq? Ölum hökmü? Əlbəttə. Liftdə ilişib qalan müasirimizçün də, peyğəmbərlər üçün də eyni ölüm? Məgər ədalət budur?

İnsan həyatı – əvvəldən-axıradək sualdır. Daha doğrusu, saysız-hesabsız kiçik suallardır ki, sonda bir böyük suala çevrilirlər. Bəs cavab hardadır?

“İki dəfə intihar etmək istəmişəm, yüz dəfə özümü öldürə bilməmişəm”.

Bu misralar mənim Günel yaşında olduğum zaman yazdığım şeirimdəndir. Günelin qəhrəmanlarından biri, – müəllif onu nə qədər fantastik, irreal dünyada təqdim etsə də, – mənə görə, tamam real insandır. Və bu insan elə hey intihar edir, özünü asır, asır... özü də onunla intim əlaqəyə girmədən uşağa qalmış qızın gözləri qarşısında. Etiraf edim ki, hətta soruşmağa qorxuram, bəlkə hər şey elə belə də olub? Müəllif bu sualı verir. Bəs cavabı? Cavab... Həyatda ən asan şey tək bir, yeganə cavab verməkdir. Bir şərtlə: sual çox dəqiq verilməlidir.

Nyutonun təpəsinə düşən alma dahiyanə verilmiş dəqiq sualdır: cavabı da hazır idi. Arximedin vannasını doldurub daşan su da dəqiq qoyulmuş sual idi. Təbii ki, cavab da sualın özündən doğub.

Yaxşı, ədəbiyyat nədir? Sualların toplusu!

Mən yalnız cavablardan ibarət romanlar və poemalar da oxumuşam. Bu mütaliəyə sərf etdiyim vaxta heyfim gəlir.

Günelin yaradıcılığında məni ən çox mat qoyan – suallardır. Necə və nə şəkildə verilməyindən asılı olmayaraq, bu sualların qeyri-adi dəqiqliyi adamı heyran qoyur. Müəllifin bu sualla hiss etməsi və onların cavablarını bilməsi... Həm də bu cavabları bilə-bilə onları açmaması... Bu da ədəbi zövqlə bağlıdır, estetik və etik prinsiplərin yazıçı qanunu – şəksiz, istedadlı yazıçının qanunu. Yazıçı ustalığı və bütün bunları oxucuya səbirlə çatdırmaq bacarığı.

Bəzən mənə elə gəlir ki, Günel qadın qiyafəsinə sığışmır. Bəzənsə görürəm ki, bu qiyafə ona çox yaraşır. Vaxtaşırı onuda duyuram ki, onungenetik yaddaşı qarşısında ucsuz-bucaqsız neçə fəza açılır, amma eyni zamanda, bu böyük məkanı da o, çox dar çərçivələrə sığışdırmağı bacarır.

Nə etməli? Günel ədəbiyyata məhz bu cür gəlib.

Əlbəttə, yaradıcılıq yolunda nadanlarla və bədxahlarla da rastlaşacaq. Günelə müraciət edərək demək istəyirəm: atan Anar kimi hər yetənə cavab vermə, ya da əmin Vaqif kimi, ümumiyyətlə, heç kəsə cavab vermə. Yeri gələndə cavab vermək də olar.

Bir də... Mən tənqidçi və ədəbiyyatşünas deyiləm. Şairəm. Bir də çox əla oxucuyam. Sənin hekayələrin məni kədərlə sevindirdi. Oxuyub düşündüm ki, vaxtımı boşuna xərcləmədim. Və qərara gəldim ki, mən də kiməsə lazımam. Ona görə, Günel, sənə minnətdaram.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

Çərşənbə axşamı, 16 Dekabr 2025 12:00

“Biri ikisində” Pərviz Arifin şeirləri ilə

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə” Pərviz Arifin şeirləri təqdim edilir.

                            

ŞEİR VAXTI

Pərviz ARİF

 

30 YAŞ

 

Qəribədir otuz yaşın havası,
Düşünürsən, nə cavansan, nə qoca.
Arzuların ağac kimi kök atır,
Uğurların tumurcuqdan balaca.

Günəş kimi dəyişmişəm yerimi,
Ömrün qürub çağındayam, deyəsən
Bircə ovuc torpaq üçün dəyərmi
Yorğun-arğın hər gün ayaq döyəsən?!


Nəfəs-nəfəs buxarlanan bir ömrün
O başına bu başından baxıram.
Bir də gördün, can atıram ölməyə,
Bir də gördün, başdaşından baxıram.

 

YAŞIL GÜNLƏR

 

Sənlə keçən günlərin

rəsmi təsəvvürdədir.

Sənsiz ötən çağların

dərdi təzahürdədir.

 

Nəfsin inadkarlığı

maneəsiz səfsəfə.

Qəlbin ümid şöləsi

ali təfəkkürdədir.

 

Eşqə qətiyyətlinin

ahı dələr dağları.

Səs daha yüksəkdisə,

söz daha hündürdədir.

 

Yolda qürur eyləyən

eşqə qədəm qoymasın.

Təslim ilə asinin

fərqi təkəbbürdədir.

 

Hətta şikayət gərək

məhrəm ola bir qədər.

Gizli bağışlanmağın

ardı təşəkkürdədir.

 

 

GEDƏN AYAQLARA DAŞ DƏYİR...

 

Gedən ayaqlara daş dəyir, getmə,

Qalan adamlara göz dəyir, qalma,

Sən də burax məni qəm quyusuna,

Bir işıq taparam, narahat olma.

 

Bir ovuc taparam əzizləməyə,

Aparar ruhumu günəşə sarı,

Bir ovuc xatirən qalıb əlimdə,

Gedəndə özünlə aparma barı.

 

Burax, qoy yaşayım öz axarımda,

Özüm də puç olum, arzularım da,

Sən də davam elə, dayanma, durma,

Əllərin əlimdən üzülüb daha,

Barı gözlərini məndən ayırma.

 

Gedən ayaqlara daş dəyir, getmə,

Gedəndə səbəblər bəhanə olur.

 

 

NOVELLA

 

Sən dəlisov nəğməsən,

Mənsə şirin sözlərin.

Sən kədərin batini,

Mən yaşaran gözlərin.

 

Duyğuların zahiri,

Ağrıların mənəvi,

Səs qədər azadəsən,

Söz qədər əfsanəvi.

 

Sən təzə addımlayan

Arzuların canisi,

Tarixə ismin yazan

Ayrılığın banisi.

 

Sən tez ölən xəstənin

Gec tapılan çarəsi,

Saçlarının hər teli

Xatirə salnaməsi.

 

Gec başa düşdüm səni,

Sevgilərə qarşısan.

Yaxşı, sağollaş, gedim,

Bircə bilim, yaxşısan.

 

QƏZƏL

Daha əvvəlki qədər təmkinə sahib deyiləm,
O zərif saçlara, ceyran gözə talib deyiləm.

Ömrü paylaşmağa könlündə məkan varsa, gəlim,
İntizar çəkməyə hazırda münasib deyiləm.

Hətta ayrılmalı olsan, günah iş görməzsən,
Müstəhəbdir məni sevmək, hələ vacib deyiləm.

Sən dənizsənsə, odam mən, günəş olsan, gecəyəm,
İşimiz tərsə düşüb, düz mütənasib deyiləm.

Səndəki mərhəmət, insaf mənə cazib görünür,
Mən də qəddarlığı ləğv etsəm, əcaib deyiləm.

Səndə Leyla həvəsi gözləmirəm – bir sözlə,
Çünki Məcnuna əvəzlənməli naib deyiləm.

Bir gülüş naminə yüz dəfə döyüşdüm, zalım,
Qara bəxtim daşa dəysin, yenə qalib deyiləm.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Ümummilli lider Heydər Əliyevdən bəhs edən “Qalib gəldi, qalib getdi” essesinin təqdim edir. Bu esse 16 dekabr, 2003-cü ildə yazılıb.

 

 

ANAR

Xalq yazıçısı

 

QALİB GƏLDİ, QALİB GETDİ

 

Neçə aydır ürəyimiz səksəkədə idi. Vaxtaşırı səhhətinin yaxşılaşdığını, tezliklə geri dönəcəyini eşitsək də, nigarançılığımız səngimirdi. Onun xəstə çağının görüntülərinin – kino-video kadrlarının, adicə fotolarının meydana çıxmamasını başa düşürdüm, çünki xasiyyətinə az-çox bələd idim. Xəstə, həm də ağır xəstə, həm də yaşı 80-ni ötmüş bir insanın vücudunda da, sifətində də, təbii ki, bir üzgünlük, zəiflik seziləcəkdi. Heydər Əliyev dostlarına da, düşmənlərinə də, doğma xalqına da bu şəkildə, bu halda görünməyə heç cür razı olmazdı. O, yaddaşlarda həmişəki kimi şax yerişli, məğrur duruşlu, xoş sifətli, gülərüzlü, bəzən də sərt, iti baxışlı bir insan kimi qalmaq istəyirdi. Və elə beləcə də qaldı. Bu günlərdə müxtəlif telekanallarda nümayiş etdirilən kadrlarda onun yalnız rəsmi surətini yox, çox təbii, çox səmimi, çox insani cəhətlərini də gördük, şux zarafatlarını da eşitdik, dalğınlıq anlarının, qəmli-qüssəli məqamlarının, musiqidən təsirlənib gözlərinin yaşardığının da şahidi olduq. Əvvəllər gördüyümüz kadrlara da indi ayrı gözlə baxırıq. Neçə ayın həyəcanları, təlaşları içində bir an da ümidimi itirmirdim. İnanırdım ki, bir gün Bakı hava limanında uçaqdan enib üstünə yüyürən jurnalistlərə təbəssümlə baxaraq: – mətbuat səhifələrində məni neçə dəfə dəfn etmisiniz? – deyəcəkdi – görürsünüz ki, sağ-salamatam – deyəcəkdi.
          Dekabrın 12-dən 13-nə keçən məşum gecə ümidlərimiz puç oldu. ANS televiziyası qara xəbəri bütün Azərbaycana yaydı, xalqımız yetim qaldı. İlham Əliyev və Sevil xanım atalarını, Azərbaycan böyük oğlunu, mən isə çox doğma, çox yaxın, çox əziz adamımı itirdim.

Bu sözləri tam səmimiyyətlə deyirəm. Heydər Əliyevə nə qohumluğum çatırdı, nə də yaş fərqi, ictimai mövqe etibarı ilə dost ola bilərdik. Amma ömrüm boyu onun diqqətini və qayğısını, isti münasibətini duymuşdum. Bilirdim ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə məndən ona pis niyyətlə deyənlər də az olmayıb. Yazıçıların XX qurultayında çıxış edərkən özü bu barədə danışdı. Amma onu da bilirəm ki, bütün bu donoslar mənə olan münasibətinə zərrə qədər də təsir etmirdi və edə də bilməzdi. Çünki insan sərrafı idi. Və kimin kim olduğunu da yaxşı bilirdi. Boğazdan yuxarı təmənnalı sözləri də gerçək əməllərdən seçib ayırırdı. Elə adamlar var ki, özləri lakey xislətli ola-ola, özgəsinin səmimi hisslərinə heç cür inana bilmir. İnana bilmirlər ki, sevgi təmənnasız da ola bilər, hörmət qarşılıqlı da ola bilər. Mənim heç bir vəzifə sahibindən heç vaxt şəxsi umacağım olmayıb. Və Heydər Əliyev iş başında olanda da, olmayanda da ona eyni hörmət və rəğbət hissləri bəsləmişəm. Amma hisslərimi sağlığında ürək dolusu deyə bilməmişəm, təmtəraqlı, gurultulu sözlərlə ifadə etməmişəm. Düşünmüşəm ki, bunu ayrı cür yozacaqlar. Halbuki, Heydər Əliyevin mənim haqqımda, ayrı-ayrı əsərlərim haqqında, 60 illiyimlə bağlı dediyi xoş sözlər mənim onun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil. Yalnız bir dəfə 75 illiyində "Oqonyok" jurnalının sifarişi ilə onun barəsində "Şəxsiyyətin miqyası" adlı ayrıca bir məqalə yazmışdım.

İndi bu böyük şəxsiyyətin miqyasının o vaxt mənim yazdığımdan da böyük olduğunu etiraf edirəm. Və şübhə etmirəm ki, illər ötdükcə bu miqyasların çox-çox daha böyük olduğunu da dərk edəcəyik.

Heydər Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdə Azərbaycan rayonlarına səfərlər zamanı, müxtəlif vaxtlarda Gəncədə, Naxçıvanda, Şuşada, habelə İstanbulda və Ankarada, Moskvada, Romada, Pekində və Şanxayda, Alma-atıda, Bişkəkdə, dövlət başçılarıyla söhbətlərində, sənətçilərlə ünsiyyətində, tarlalarda, ya küçələrdə adi adamlarla görüşlərində onu yaxından müşahidə etmək imkanım olub. Saysız-hesabsız toplantılarda, yubileylərdə onu dinləmişəm, yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, iki-üç dəfə isə təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub. 1997-ci ilin payızında İtaliyadan qayıdarkən təyyarədə ta Romadan Bakıyacan üç saatdan artıq ikilikdə danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə isti-isti qeyd etmişəm.
          İndi mənim bu böyük insanın xatirəsi qarşısında borcum – hafizəmdə və kağız üzərində qalmış bütün təfərrüatları, uzun illər müşahidə etdiklərimi və məhrəm söhbətlərimizin tam mətnini, eləcə də Heydər Əliyev fenomeni haqqında düşündüklərimi iri bir yazı şəklində qələmə almaqdır və mən mütləq bunu edəcəm.
          Ağır itkimizin təsiri altında yazdığım bu kiçik qeydlərdə isə Heydər Əliyev taleyinin yalnız bir əsas cəhəti üstündə durmaq istəyirəm. Zənnimcə, Heydər Əliyev bu dünyaya həmişə qələbə çalmaq üçün gəlmişdi.

O heç bir vaxt qarşısına çıxan heç bir çətinliyin qabağından qaçmazdı. Ən qorxulu vəziyyətlərdən belə zəfər çalaraq çıxardı. Xalq Cəbhəsi hakimiyyətdə olan vaxt rus qoşunlarının Azərbaycandan çıxarılmasını böyük tarixi uğur hesab edirlər. Razıyam. Amma çıxarılan ordunun yerini tutacaq milli zabitlər korpusunun əsasını axı Heydər Əliyev çox-çox qabaqlar Sovet dönəmində Naxçıvanski hərbi məktəbini yaratmaqla, neçə-neçə gənci SSRİ-nin ali hərbi məktəblərinə göndərməklə qoymuşdu.

Sirr deyil ki, sovet dövründə Azərbaycanın hərbi çağırışçıları orduda ya tikinti batalyonunda, ya mətbəxdə işlədilirdilər. Böyük əhəmiyyətini yalnız 15-20 il sonra Qarabağ davası başlananda tam dərk etdiyimiz bu iş – milli hərbi kadrların yetişdirilməsi – sovet ehkamları üzərində qələbə idi. Azərbaycanı yalnız xammal ərazisi kimi görmək istəyənlərə qarşı – ən yeni sənaye ocaqlarının qurulması – SSRİ-nin iqtisadi ətalət siyasətinə qalib gəlməkdi. 37-ci ilin milyonlarla repressiya qurbanlarından yalnız birinin – böyük Hüseyn Cavidin nəşinin tapılıb vətənə gətirilməsi hələ də zehinlərdə hökm sürən Stalin buzlaqlarının əridilməsi deməkdi. Azərbaycanın görkəmli sənətkarlarının yüksək ümumittifaq mükafatlarına, təltiflərinə nail olması yalnız o konkret şəxslərin deyil, ümumən ədəbiyyatımızın, sənətimizin və deməli, Azərbaycanın nüfuzunu ucaltmaqdı. Bütün bunlar – Heydər Əliyev vətənsevərliyinin, Heydər Əliyev zəkasının, iradəsinin, uzaqgörənliyinin qələbəsi idi.

Və bütün bunlar bədnam qonşularımızı qıcıqlandırır, qızışdırır, qəzəbləndirir, yuxularını qaçırırdı.

Moskvaya, mərkəzi dairələrə donos donos dalınca gedirdi. – "Heydər Əliyev Naxçıvanı ermənilərdən təmizlədi, indi də Qarabağı təmizləmək niyyətindədir" – donosların əsas mövzusu bu idi.

Heydər Əliyev bunu bilirdi. Və bunu bilə-bilə məhəl qoymurdu. Brejnevlə xoş münasibətlərinin bir səbəbi də özünü və xalqını, respublikasını mikoyanlardan, baqramyanlardan və onların tör-töküntülərindən sığorta etmək idi.

Şuşada əzəmətli Vaqif məqbərəsini, Natəvan heykəlini ucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla, Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə Heydər Əliyev bu qədim Azərbaycan şəhərinin milli simasını müəyyənləşdirirdi. Axı 50-ci illərdə Şuşada yeganə iki heykəlin – Nelson Stepanyanın və Tevosyanın büstləri olduğunu mən yaxşı xatırlayıram. Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi olduğu illərdə Dağlıq Qarabağda erməni millətçiliyi meyillərinə qarşı çıxarılmış partiya qərarı da yadımdadır. Nə bundan əvvəl, nə sonra erməni millətçiliyi meyillərinə qarşı bu kəskinlikdə partiya qərarı qəbul olunub.

Bütün bunlara rəğmən, Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına da layiq görülür, Siyasi Büronun tərkibinə düşür. Ermənilər yanıb-yaxılmasın, neyləsin? Məni isə yandırıb-yaxan odur ki, Heydər Əliyev haqqında Moskvaya gedən donosların böyük bir qismi elə onun öz vətənindən, Azərbaycandan gedirdi. Onun öz soydaşları, azərbaycanlılar verirdilər bu donosları.
          Səd heyif ki, yalnız ermənilərin deyil, bəzi "özümüzünkülərin" də Heydər Əliyevə bu bədxah münasibəti bizim günlərdə, müstəqillik dövründə də davam edir. Heydər Əliyev ermənilərlə mübarizə aparırdı, "özümüzünkülər" isə onun özüylə. Bu nə milli şakərimizdir belə, anlaya bilmirəm. Azərbaycanın hər hansı bir görkəmli övladı – istər siyasət sahəsində olsun, istər elm, sənət, ədəbiyyat – xalqına şöhrət gətirirsə, ölkəmizin sərhədlərindən kənarda ad qazanırsa, millətin beynəlxalq aləmdə layiqincə təmsil edirsə – həmin elə bu xalqın, bu millətin bir para insanları ona qənim kəsilir.

1987-ci ildə ermənilərin, erməni dairələrinin güclü təsiri altında olan Qorbaçovun birgə səyləri ilə Heydər Əliyev SSRİ-nin siyasi Olimpindən uzaqlaşdırıldı. Düz bir həftə sonra isə adıbədnam akademik Aqanbekyan Parisdə Qarabağ kompaniyasına start verdi.

H.Əliyev istefaya göndərildi, ailə üzvləri basqılara məruz qaldı, Moskva qəzetlərində böhtanlar, iftiralar dərc olundu, barəsində cinayət işi açmaq üçün qurdalanmağa başladılar. Təkləndiyi, yaxşılıq etdiyi adamların çoxunun dönük çıxdığı (bu da milli şakərimizdi?) bir məqamda Heydər Əliyev heç nədən və heç kəsdən qorxub-çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlir, 90-cı ilin qara Yanvarını lənətlə damğalayır, bütün dünya mətbuatı qarşısında Qorbaçovu ittiham edirdi. Bu da onun qələbəsi idi.

O vaxt Moskvada Heydər Əliyevə telefon etmişdim. Moskva mətbuatındakı iftira dolu yazılardan ürək ağrısıyla danışırdı. – Belə yazılara fikir verməyin, – dedim – Siz tarixi şəxsiyyətsiniz və bunu hamı bilir.

Bu telefon söhbətinin bir başqa vacib məqamı və nəticələri haqqında gələcəkdə ətraflı yazacam. İndi isə ancaq onu deyim ki, bu söhbətdən Heydər Əliyevin daha Moskvada qalmaq, orada yaşamaq istəmədiyini başa düşdüm.
          Əfsuslar olsun ki, Heydər Əliyevə nəinki Moskvada, heç Bakıda da yaşamağa imkan vermədilər. Tikilib qurulmasında bu qədər böyük zəhməti olan adama Bakıda bir mənzil də tapılmadı, doğulduğu yerə – Naxçıvana getməli oldu. Soyuq, şaxtalı, yanacaqsız Naxçıvan qışında ətrafındakı etibarlı insanlara – "ölsək də, bir yerdə öləcəyik, qalsaq da, bir yerdə qalacayıq" – dedi. İlk baxışda belə görünə bilərdi ki, siyasi karyerası bitmiş Heydər Əliyev, axır ki, məğlub edilib. Belə amansızlıqlarla üzləşmiş, belə dözülməz şəraitə düşmüş başqa birisi, bəlkə də, məğlub olardı. Hər hansı başqa birisi. Heydər Əliyev yox.

Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerlə-yeksan oldu, indi SSRİ-nin ilk və son prezidenti vaxtını öldürmək üçün radioda uşaq nağıllarını səsləndirir və cibini doldurmaq üçün Makdonaldsı reklam edir. Heydər Əliyev isə XX əsrdə müstəqilliyini ikinci dəfə qazanmış milli dövlətinin düz on il ərzində prezidenti oldu. Özü də elə bir prezident ki, ərazisi və əhalisi baxımından kiçik ölkənin dövlət başçısıyla ən böyük məmləkətlərin rəhbərləri hesablaşırdı. Kim qalib çıxdı? Nəinki öz hakimiyyətini qoruya bilən, başçılıq etdiyi dövləti belə bada verən Qorbaçovmu, ya parçalanmaqda olan ölkəsini xilas edən, sonrakı çevriliş cəhdlərinin qarşısını alan, bir gecə yarısı televiziya çıxışı ilə prezident sarayı ətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi?

Bəziləri Heydər Əliyevi atəşkəs sazişinə görə suçlayır, Qarabağ problemini həll etməməkdə təqsirləndirirlər.

Azərbaycanın hələ güclü ordusu olmadığı bir vaxtda Bişkək protokolu imzalanmasaydı, rus ordusunun açıq və gizli dəstəyilə ermənilər gəlib Yevlaxa çatsaydılar, Azərbaycan və Gürcüstan arasında yeni bir işğal zonası yaransaydı və neft boru kəməri əbədi olaraq gündəmdən çıxsaydı, bu ittihamçılar, görən, onda nə deyəcəkdi?
           Qarabağ probleminin gec-tez həll olunacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal edilmiş torpaqlarımızın qaytarılacağına qəti inamım var, amma bu problemin nə qədər çətin olduğunu da aydın dərk edirəm. Postsovet məkanının bu səpkili hansı problemi həll olunub - Moldova-Dnestrbasar problemi? Gürcüstanın Abxaziya, Cənubi Osetiya, indi də Acarıstan problemi? Və nəhayət, Rusiyanın Çeçenistan problemi? Hələ yarım əsrdən artıq sürən İsrail-Fələstin qarşıdurmasını demirəm. – Siyasət – mümkün olana əsaslanmaq sənətidir – deyiblər. Hər halda, Qarabağla bağlı danışıqlarda, hər yöndən güclü təzyiqlər altında Heydər Əliyev Azərbaycanın mənafeyinə zidd olan heç bir güzəştə getmədi. Və siyasətin mümkün olan əsasları baxımından bu da qələbə idi.

2003-cü ili – ömrünün son ilini də Heydər Əliyev qalib kimi başa vurur. Geniş infakt keçirmiş, gecəsi-gündüzü olmayan, nə şənbə, nə bazar, nə məzuniyyət, nə istirahət bilən, yaşı səksənə çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi qabırğası sınır və dözülməz ağrılara tab gətirərək yenidən səhnəyə qayıdır, sözünə davam edir. Bir də yıxılır və yenə görünməmiş, inanılmaz bir iradə ilə səhnəyə dönür, xalqı ilə vidalaşmağa özündə güc tapır. Bu da onun yıxılması haqqında hərzə-hərzə danışan və yazan mənəviyyatsız düşüklər üzərində qələbə idi.

Şayiələr, dedi-qodular, ara söhbətlərinə əsaslanaraq insanı diri-diri basdıranlar, görəsən, öz yazdıqlarına inanırdımı? Türkiyə və Amerika kimi açıq ölkələrdə məşhur siyasi xadimin, ölkə başçısının ölümünün aylarla gizlin saxlanmasına kim inanar? Və əgər bunu yazanların özləri inanmırsa, oxucularını niyə ağılsız sayırlar?

Heydər Əliyev, həqiqətən, dünyasını dəyişən gün "biz bunu hələ dörd ay bundan qabaq xəbər vermişdik" deyə yazanlar özlərini nə qədər gülünc vəziyyətə saldıqlarını dərk edirlərmi?

Ucuz mətbuat şoularına Heydər Əliyev bu mənhus xəbərlərin bazara çıxarılmasından sonra neçə ay yaşamasıyla, xəstə-xəstə belə Azərbaycanı idarə etməsiylə, prezident seçkilərində iştirakı və vaxtlı-vaxtında namizədlikdən imtina etməsiylə, seçkiləri izləməsi və nəticələrindən arxayın olmasıyla qələbə çaldı. Bəlkə də, bu gün yeganə təsəllimiz odur ki, prezidentimiz dövlətinin taleyindən arxayın getdi.

Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi.

Heç kəsin xidmətini danmadan müstəqil Azərbaycanın qorunmasında, qurulmasında və yaşamasında Heydər Əliyevin müstəsna rolu insafı olanların hamısına açıq-aşkardır. Bir jurnalist doğru yazıb ki, Heydər Əliyev Qulliver, ona çirkab atanlar isə liliputlardır.

Bütün keçəri, ötücü narazılıqlar, umu-küsülər, giley-güzar unudulub gedəcək, Heydər Əliyevin möhkəmləndirdiyi, inkişaf etdirdiyi ölkə-sabit, istiqrarlı, söz, mətbuat azadlığı təmin olunmuş, müxtəlif siyasi qurumların, o cümlədən müxalifət partiyalarının fəaliyyət göstərdiyi, senzurasız, ölüm hökmsüz, sivil dünya ailəsində layiqli yer tutan demokratik Azərbaycan qalacaq. Əlbəttə, Azərbaycan, yaxın gələcəyin Azərbaycanı daha da gözəl, firavan, daha əzəmətli və daha ədalətli ola bilər və olacaq. Amma bu xoşbəxt gələcəyin təməlini bütün şər qüvvələriylə mübarizədə qalib çıxan Heydər Əliyev qurdu, əl-ayağa dolaşanlara rəğmən, çətin doğulan əsər kimi yaratdı. Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və gələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr, dartışmalar, toqquşmalar  xalqın taleyi qarşısında çox cılız görünür, bunlar böyük tarix önündə çox kiçik həvəslər, hərisliklər, hikkələrdir.

Heydər Əliyev hər xalqa, bəlkə də, əsrdə bir dəfə qismət olan nadir şəxsiyyət idi. Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir-desin, nə yazır-yazsın, qalib gəldi, qalib getdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)



 

 

Çərşənbə axşamı, 16 Dekabr 2025 15:34

Füzuliyə ithaf edilmiş şeirlər

“Ədəbiyyat və incəsənət” portalı böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş yazıların dərcini davam etdirir. Bu gün növbədə şeirlərdir.

 

Əlağa VAHİD

FÜZULİDƏN TƏXMİS

 

Diyari-eşqə sultanəm, bəlalər çox çəkib başım,

Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım,

Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım,

“Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,

Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım”.

 

Xəyal eylər görən, bir bülbüləm gülzari-eşq içrə,

Yaxar gülzari naləm ahi-atəşzari-eşq içrə,

Məni sevdayi-həsrətdür yıxan azari-eşq içrə,

“Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,

Dolub hər dəm gözüm, min daşə hər saat dəyər başım”.

 

Görüb rüsvalığım eşqində yarın, tən edər hər kim,

Bəlalər çəkməyə guya məni çərx eyləmiş təhkim,

Fələkdən başıma daşlar yağır, qılmaq dilər tərkim.

“Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim,

Fləmişə laləvü ləl ilə rəngindir içim, taşım”.

 

Həyatı aşiqin eşq olmasa, əfsanə bir röya,

Məhəbbətdir fəqət pəjmürdələr qəlbin edən əhya,

Məni aşiq doğub, qoynunda yalnız bəsləmiş dünya,

“Mənə manənd bir divanəsurət bağlamaz guya,

Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım”.

 

Sevinci könlümün yar etdiyi qəhri-qəzəbdəndir,

Vəfadə sabit olmaq aşiqə əslü-nəsəbdəndir,

Cəfayə dözməmək, Vahid, demə, rəsmi-ədəbdəndir.

“Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,

Cühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşim”.

 

 

Rəsul RZA

FÜZULİ

İlk sətirlər

 

Şeirinlə, fikrinlə doluyam, ustad!

Elə bil ürəyim baharla dolub.

Gecə-gündüz yazıb-pozduğum sözlər

Sanki gül-çiçəkdir, bir uşaq yolub.

 

Dəstə bağlamağı bacarmır ancaq,

gah bunu, gah onu götürür, baxır.

Müşkülə düşmüşəm, qınama, ustad,

adına bağlanır bu dəstə axı!

 

Səni axtarıram sözlər içində.

Yox, adına layiq söz axtarıram.

Dərdini, naləni duyan bir ürək,

möhnətini görən göz axtarıram.

 

Bilirəm, el dərdi, vətən həsrəti

quru sazaq kimi səni kəsibdir.

Hər vətən deyəndə yaşarıb gözün,

dodağın titrəyib, dilin əsibdir.

 

Vətən bəzən dərdli, bəzən nəşəli,

düşünən, yaradan insan deməkdir.

Yüz çayı, yüz çölü, yüz dağı olsun,

insansız bir torpaq nəyə gərəkdir?!

 

Torpaqsız insan da yuvasız quşdur,

ömrün boranından necə qorunsun?

Qanadlı bir quş da, nə qədər uçsa,

axırda gərəkdir bir yerə qonsun.

 

Dağlar da görmüşəm, qayalar da mən,

başı buludlarda şəlalələr də.

Budaqları pıtraq bəhərli bağlar,

çölə yanğın salan tər lalələr də.

 

Bəs neçin yurdumun daşı, torpağı

hər çöldən, çəməndən mənə əzizdir?

Nədəndir Arazın bulanıq suyu

duru göz yaşından mənə təmizdir?

 

Deyirlər, İraqdan ayrılmamısan,

ömrün Kərbəlada, Bağdadda keçib.

Əgər doğma idi sənə o yerlər,

niyə bütün ömrün fəryadda keçib?

 

Bir daş ürəkliyə könül vermisən,

yandırıb qəlbini külə döndərib,

Bəs necə hikmətdir yanan ürəkdən

çıxan hər sözünü gülə döndərib!

 

Yanıq nəğmələrin yayıldı elə,

ümidin gözündə bir çənə döndü.

Bircə muradınla dönmədi dövran,

muradına qarşı döndü, nə döndü!

 

Ürəyim şerinlə doludur, ustad!

yazıb-pozduqlarım varaq-varaqdır.

Bu çətin yollarda mənzil başına

məni məhəbbətin aparacaqdır.

 

 

                                

          Bəxtiyar VAHABZADƏ

ONUN PƏRİŞANLIĞI

 (Füzuli heykəlinin açılışı münasibətilə)

Heykəlin müəlliflərinə

 

Sağ olun,

Çox sağ olun,

Gözəldir heykəliniz.

Qoy var olsun əliniz!

Füzulini deyil, siz

Bu günü duymuşsunuz.

Sənətin bizim əsrə

Sözünü duymuşsunuz.

Öz əsrində Füzuli

Axı nəyə ağlamış?

Kim deyir ki, Məcnuna,

Ya Leyliyə ağlamış?

Mən anlaya bilmirəm,

Şah İsmayıl əsrini

Yamanlaya bilmirəm.

O, öz zərrə dərdinə

Ümman dedi, dağ dedi.

O, öz “yalan”larıyla

Əsri də silkələdi.

Bizsə ağ yalanları

Daddıq həqiqət kimi –

Bədbəxtliyi səadət,

Zəhəri şərbət kimi.

Heykəliniz gözəldir!

Onun o əyri beli

Sanki mənim əsrimin

Dərdilə yüklənibdir.

Şeirinin hər nidası,

Nəğməsinin hər xalı

Əsrinə köklənməyib,

Əsrimə köklənibdir.

Onun pərişanlığı

Köksündə od qalanmış,

Ana yurdu talanmış

Elin pərişanlığı...

Yüz yerə parçalanmış

Dilin pərişanlığı.

O, sakit görkəmiylə

Qaya kimi dayanıb,

Dərya kimi çağlayır.

Öz doğma millətinin

Dünəninə güvənir,

Bu gününə ağlayır.

 

 iyul 1962

 

 

         Əli KƏRİM

FÜZULİ

 

Dünya səni qocaltdı, yaşıdın olsun deyə

Gömüldü dərdin yerə, ucaldı ahın göyə.

Dərdə şərik – dərd özü, sükut – suala cavab.

Qranit dağlar belə gətirməzdi buna tab.

 

Füzuli, o nə dövran!..

Görsələr yanır insan,

Yanana od verdilər.

 

Füzuli, o nə kədər!

Görsələr donur insan,

Donana buz verdilər...

 

Füzuli, o nə qədər? –

Görsələr batır insan,

Batana dəryaları

birdən bəxş elədilər.

 

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu –

çalxanan dərya kimi.

 

Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.

Ey böyük ustad,  heyhat.

Ürəyində o ada, şöhrətə yer vardımı?

Min bir kədər əlindən

orda yer qalardımı?

Gəldi cavan bir qızın

vədəsiz məhəbbəti,

Könlündə dərd əlindən

bu eşqə yer vardımı?

Bəzən də xanəndənin

cilvələndi sənəti,

Qəzəllərindən ayrı

qəzəl oxunardımı?

Doğma sözlərinə də

qəlbində yer vardımı?

Dünya səni qocaltdı –

cavan görünsün deyə.

 

Yanğınlar tüstüsütək

ahın ucaldı göyə.

Sən od tutub alışdın.

Bu odu qoca Şərqin

hər yerindən gördülər –

gördü bu doğma yerin.

 

Bütün bu gen dünyanın

gözləri göydə qaldı.

Göy də şəfəqlər saçan

ahına baxdı, daldı.

 

Dedilər ki, fələklər

yaratmışdır bu odu,

Fəqət bu oda yanan

fələklər özü oldu.

 

Baxıram ucalardan

gəlir Füzuli səsi.

Görünür ucalarda

onun nurlu izləri.

O ulduzlar

Füzuli yanğısının közləri,

O günəşdə Füzuli odunun nişanəsi.

 

 

Zəlimxan YAQUB

GÖRÜŞ–AYRILIQ

 

Səndən xatircəməm, Füzuli babam,

Qəbrinin daşından öpüb gedirəm.

Gözümün yaşını çiçəklər kimi

Məzarın üstünə səpib gedirəm.

 

Kim deyir məzarın dağılıb sənin,

Kim deyir torpağın külə çevrilib.

Ən yaxın həmdəmsən İmam Hüseynə,

Nəfəsin çiçəyə, gülə çevrilib.

 

Milyonlar doğulur, milyonlar gedir,

Hamı belə yerdə uyumur, babam!

Düz beş yüz ildir ki, xalqın, millətin

Sənə məhəbbəti soyumur, babam!

 

Kərbəla taleli, Kərkük haraylı,

Nəcəf xatirəli ustadım mənim.

Min dağı qoparıb bir dırnağilə

Söz dağı ucaldan Fərhadım mənim.

 

Süzülə-süzülə sözə çevrilib,

Əriyə-əriyə qəlbin şəm oldu.

Səhrada Məcnuna qurduğun saray

Bütün saraylardan möhtəşəm oldu!

 

Dünyaya gələndən dünya şeirinin

Ağrı damarısan, ah damarısan.

Bir qəlbin içində yerləşir bəşər,

O qəlbin, ürəyin şah damarısan!

 

Ömür bağışladın, ölməz elədin,

Leyli də, Məcnun da yaşar sinəndə.

Zamandan zamana axar, dayanmaz,

Dəclə də, Fərat da daşar sinəndə!

 

Gəzdiyin yerləri gəzdim, dolandım,

Yatdığın torpaqda yata bilmədim.

Şöhrətin o qədər yüksəklərdədir,

Bircə pilləsinə çata bilmədim!

 

Təzə pöhrəsiyəm Azərbaycanın,

Sözün sünbülündə dənəm, ay ustad!

Vidadi xəstədən Bağdad elinə

Nişanə yetirən mənəm, ay ustad!

 

...Mən indi bildim ki, Bakıyla Bağdad,

Onda bir-birinə həsrət deyilmiş.

İndi bizim üçün qürbətə dönüb,

O zaman bu yerlər qürbət deyilmiş!

 

Təbrizə, Hələbə, Bağdada, Şama,

Nə qədər köç gedib, axın olubdu.

İndi yaxınları uzaq salmışıq,

O zaman uzaqlar yaxın olubdu!

 

Sevgini ən dadlı bir şərbət kimi

Bütün nəsillərə içirən babam.

Ərəbin dərdini türkün dilində

Dünyanın qəlbinə köçürən babam!

 

Baş əyib ölümsüz misralarına,

Qəbrinin daşından öpüb gedirəm!

Gözümün yaşını çiçəklər kimi,

Məzarın üstünə səpib gedirəm!!!

                                   Kərbəla, sentyabr 1994

  

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Çərşənbə axşamı, 16 Dekabr 2025 16:29

Operamızın qızıl səsi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi…

Beləsi haqda deyirlər – səsi qızıldır.

Bir dövlət tədbiri, bir bayram knsertgi onsuz ötüşməzdi…

Bu gün onun anım günüdür.

 

Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olub. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başlayıb. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət ediblər. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.

Firəngiz Əhmədova Azərbaycanın opera sənətinin inkişafında çox böyük rol oynayıb. Opera tamaşalarında böyük sənətkarlarla — Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olan Firəngiz Əhmədova o illərdə Sovet İttifaqına daxil olan respublikalarda, eləcə də Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və başqa ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.

Opera sənətində yüksək uğurlar qazanan Firəngiz Əhmədova müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanınıb. O, Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxu, gözəl", eləcə də P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və digər klassik rus bəstəkarlarının romanslarını və mahnılarını sənətkarlıqla ifa edib.

Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub. Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti fəxri adlarına, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən prezident təqaüdçüsü olub.

 

Filmoqrafiya

1. O olmasın, bu olsun

2. Konsert

3. Sevil

4. Azərbaycan elləri

5. Firəngiz Əhmədova

 

Müğənni 16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

81 -dən səhifə 2680

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.