Türk Mədəniyyət və İrs Fondu ilə AlmaU arasında əməkdaşlıq perspektivləri müzakirə edilib Featured

 

16 mart 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova AlmaU İdarəetmə Universitetinin nümayəndə heyətini qəbul edib. Görüşdə Almatı İdarəetmə Universitetinin (AlmaU) prezidenti, təsisçisi və rektoru, doktor Assılbek Kojaxmetov, həmçinin AlmaU Sahibkarlıq və İnnovasiya Məktəbinin icraçı direktoru Ksenia Yujaninova-Karadenizli iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüş zamanı tərəflər arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə, türk dünyasının ortaq mədəni irsinin tədqiqi və təbliği istiqamətində ali təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi, tələbə və tədqiqatçı mübadilə proqramlarının təşviqi, eləcə də innovasiya və sahibkarlıq sahəsində təcrübə paylaşımı məsələləri müzakirə olunub.

Fondun prezidenti professor Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən beynəlxalq layihələr və nəşr proqramları barədə ətraflı məlumat verərək, bu kimi əməkdaşlıqların türk dünyasında elmi və mədəni inteqrasiyanın gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Öz növbəsində, doktor Assılbek Kojaxmetov AlmaU İdarəetmə Universitetinin beynəlxalq əməkdaşlıq təcrübəsi, innovativ təhsil modelləri və həyata keçirilən təşəbbüslər barədə məlumat təqdim edib, Fond ilə gələcək birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını bildirib.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.