Super User

Super User

Cümə axşamı, 19 Mart 2026 09:37

ASAN TV-nin 2 yaşı tamam oldu

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Düzü, son vaxtlar məhz ASAN medianın məhsullarını izləyənlər daha çox rastıma şıxır və elə bu da məndə əminlik yaradır ki, həm ASAN Radio, həm də ASAN TV populyardır, bu populyarlıq da durmadan artır.

 

Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radionun bazasında 2 il əvvəl ASAN TV fəaliyyətə başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya bu istiqamətdə işini uğurla davam etdirir.

 

Azərbaycanın ASAN brendinin bir sıra ölkələrə ixracı, “ASAN xidmət”in həm ölkəmizdə, həm xaricdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə iştirakı, bir sıra layihələrin reallaşdırılması haqqında məlumatlar ASAN TV-də geniş işıqlandırılır.

Bundan əlavə, əsas məqsəd faydalı, maraqlı mövzuların, maliyyə, media savadlılığı və digər istiqamətlərdə məzmunun asan dildə izləyicilərə çatdırılmasıdır.

ASAN TV-nin “YouTube”, “Instagram”, “TikTok” və digər sosial media hesablarında paylaşılan müxtəlif mövzular, istiqamətlər böyük auditoriya toplaya bilib. Səhifələrdə sosial, iqtisadi, mədəni, idman və s. mövzularda qısa, faydalı məlumatlar təqdim olunur.

Paylaşımlar 2 il ərzində bütün sosial media hesabları üzrə ümumilikdə 230 milyona yaxın baxış toplayıb.

Həm ASAN Radio, həm də ASAN TV süni intellektin inkişafına xüsusi diqqət yetirir. Elə yerli media məkanında ilk süni intellekt əsasında yaradılan aparıcı məhz ASAN TV-nin “əməkdaşı” ASANİYƏdir. O, innovasiya sahəsində yenilikləri izləyicilərə böyük maraqla çatdırır. 

ASAN TV və “Ədibin Evi”nin Vətən müharibəsində qazanılmış qələbəmizin 5 illiyi münasibətilə çəkdiyi “Zəfər rəqsi” bədii filmi böyük maraqla izlənib.

ASAN TV bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv media tərəfdaşıdır. Dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq məmnunluqla davam etdirilir.

Qurumun rəhbəri Emin Musəvi daim axtarışda olduqlarını, qurub yaratmaq əzmlərini dilə gətirərək həm televiziya, həm radio izləyicilərini bundan sonra da həm maarifləndirmək, həm asudə vaxtlarını dəyərləndirmək potensialında olduqlarını söyləyir. Onlar sevilirlər, çünki ən ASAN yolla tamaşaçı və dinləyicinin diqqətini cəlb edə, qəlbinə yol tapa bilirlər.

Uğurlar, ASAN-çılar!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Lenindən sonra Şərqin ən böyük ikinci itkisi" – o vəfat edəndə görkəmli inqilabçı Lev Trotski belə demişdi.

"Partiyamızın Şərqdəki ən böyük nümayəndəsi." – bunu isə digər görkəmli inqilabçı Serqo Orconikidze deyib.

 

Bunlar Sovetlərdə bir azərbaycanlının – Nəriman Nərimanovun necə böyük nüfuz yiyəsi olduğuna işarədir. Amma bizimçünsə Nərimanovun sovetlərə xidməti deyil, sovet bayrağı altında Azərbaycan üçün elədikləri önəm kəsb edir.

Nəriman Nərimanov 14 aprel 1870-ci ildə Tiflis şəhərində anadan olub. Onun ata tərəfdən babası indiki İranın Urmiya şəhərindəndir. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin Tibb fakültəsini bitirib. 1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olub, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirib.

 1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilib. 1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olub. Artıq 1917-ci ildə Nəriman Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru olub.

Nəriman 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilib. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik işğalından sonra süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra  Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutub.

1890-cı ildə Qori müəllimlər seminariyasını bitirən 20 yaşlı Nərimanov pedoqoji fəaliyyətinə Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd ibtidai məktəbində bir rus dili müəllimi kimi öz pedaqoji fəaliyyətinə başlayıb. Lakin gələcək ədib və dövlət xadiminə yalnız bir tədris ili işləmək müyəssər olub. Maddi imkan ucbatından məktəb bağlanıb. Bakıya getməli olub.

O zamankı Azərbaycan kəndinə məxsus olan cəhətlər- savadsızlıq və fanatizm, hüquqsuzluq və dözülməz istismar məhz bu kənddə bütün dəhşəti ilə Nərimanovun gözü qarşısında canlanıb və çox sonralar özünün yazdığı kimi "bəşəriyyətin geridə qalmış hissəsinə qüvvəsi çatdığı qədər kömək etmək" fikri onda ilk dəfə həmin kənddə yaranıb. Qızılhacılıda dərs dediyi müddət "Nadanlıq" əsərini qələmə almağa başlayıb.

Bir il sonra yeni məktəb açmaq niyyəti ilə Bakıya köçən Nərimanov çox genişmiqyaslı ictimai-pedoqoji fəaliyyətə başlayıb. Məktəb açmaq ona müyəssər olmayıb və Nəriman S. M. Qənizadənin köməyi ilə A. İ. Pobedonostsevin 6 sinifli progimnaziyasının hazırlıq sinfinin aşağı şöbəsinə müəllim qəbul edilib. Bu məktəb xüsusi məktəb olduğundan orada işləyənlər dövlət qulluqçusu hesab edilməyiblər.

Onlar dövlət məktəblərində çalışan müəllimlər üçün ayrılmış imtiyazlardan istifadə etmək hüququndan məhrum olublar. Maddi vəziyyətin ağır keçməsinə baxmayaraq, o, bu məktəbdə 5 il fəaliyyət göstərib, azərbaycanlı balalarının təhsilə cəlb edilməsinə, şagirdlərin sayının artmasına çalışıb.  Bakı şəhər pedoqoji ictimaiyyətinin və əhalinin dərin hörmətini qazanan Nərimanov Bakı realnı məktəbinin direktoru tərəfindən 1896-cı ilin əvvəllərində həmin məktəbə Azərbaycan dili müəllimi və sinif mürəbbilərinin köməkçisi vəzifəsinə dəvət edilir.

Az sonra, 1896-cı il sentyabrın 1-də Bakı şəhər dumasının qərarı ilə Probedonostsevin progimnaziyasının bazasında Bakı oğlan klassik gimnaziyası təşkil edilib və artıq dövlət qulluqçusu vəzifəsinə təsdiq edildiyindən həmin gimnaziyada eyni vəzifəyə dəyişilib. O, burada fasiləsiz olaraq 1902-ci ilədək çalışır və özünü işguzar, nümunəvi müəllim kimi göstərib. Yüksəksəviyyəli pedaqoji xidmətlərinə görə əvvəlcə medalla, daha sonra üçüncü dərəcəli Müqəddəs Stanislav ordeniilə təltif edilib.

Onun pedaqoji fəaliyyəti təkcə müəllimliklə məhdudlaşmayıb. O həm də ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərib. Həmin dövrdə  Bakı şəhərinin müxtəlif tədris müəssisələri nəzdində fəaliyyət göstərən bazar günü məktəbləri və axşam kurslarında da pulsuz olaraq dərs deyib, dövrünün digər mütərəqqi ziyalıları ilə birlikdə yaşlı əhaliyə savad öyrədir, mütərəqqi fikirlər yayıb, bu məktəb və kursların xeyrinə teatr tamaşalarının göstərilməsində iştirak edib.

O, ruspərəst şovinistlərin mövqeyinə qarşı öz mövqeyini də izah edərək deyirdi:

 "Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir".

 Onun tövsiyəsi bu idi ki, "türk (Azərbaycan) dilinin tədrisini azaltmaq təklifini irəli sürənlər özləri bu dili öyrənsinlər ki, Sabiri anlasınlar".

 

Xalqımızın milli dirçəlişi naminə gördüyü işlərin sayı olduqca çoxdur. Bu yolda onun qətiyyətini sübut edən daha bir fakt:

1924-cü il martın 20-də Moskvada partiyanın siyasi bürosunda N. Nərimanovun təklifi ilə məsələ müzakirə olunub. O, F. Dzerjinskinin fikrinin əleyhinə gedərək neftdən gələn gəlirin böyük hissəsinin Azərbaycanda maarifin və səhiyyənin inkişafında xərclənməsi məsələsini qoyub. N. Nərimanov buna nail olub və öz tövsiyələrini XKS sədri Q. Musabəyova yazıb.

Nərimanov 1902-ci ildə 32 yaşında Odessadakı Novorossiysk İmperator Universitetinin tibb fakültəsinə qəbul olub, 1908-ci ildə buranı bitirib.

4-cü kursda oxuyarkən "Tibb və İslam" əsərini yazıb. Həştərxanda sürgündə olarkən ictimai-siyasi fəaliyyətlə yanaşı həkimliklə də məşğul olub. Həştərxan "Xalq Universitetləri Cəmiyyəti"nin sədri olan Nərimanov Həştərxan quberniyası həkimlərinin II qurultayında "Şurayi — İslam" cəmiyyəti adından çıxış edib. 1918-ci ildə Nərimanov Bakı şəhər təsərrüfatı komissarı kimi şəhərin sanitar vəziyyəti, eləcə də xəstəxanaların vəziyyəti ilə bağlı bir çox lazımi tədbirlər görüb.

1914-cü ildən Nərimanov Bakının Qara şəhər rayonunda pulsuz müalicəxanasında işləyib, neft mədənlərində işləyən xəstə fəhlələri və xəstəxanaya yaxın kəndlərin camaatını müalicə edib. O, öz mənzilində də xəstələri pulsuz müalicə edib. 1909-cu ildən 1918-ci ilə qədər N. Nərimanov Həştərxanda və Bakıda "Xolera-vəba", "Şaxotka-vərəm", "Traxom", "Qadınlar aləmi", "Tibb və İslam", "Əyyaşlıq" və başqa bu kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalələr və kitabçalar çap etdirib.

Nərimanov hər mühazirədən sonra "Tibb və islam" kitabçasını yoxsul fəhlələr arasında yaymaq üçün pulsuz paylayıb. (Bax: həmin illərdə Həştərxanda nəşr olunan "Burhani-tərəqqi", "İdel", "Astraxanskiy kray" və s. eləcə də Bakıda nəşr olunan "İqbal", "Baku", "Sədayi-həqq" və s qəzetlər) Bu elmi-kütləvi mühazirələr ən çox yayılan vəba, çiçək, traxoma, malyariya, revmatizm, mədə-bağırsaq xəstəliklərinə qarşı təcili profilaktik tədbirlərin görülməsində böyük rol oynayıb.

Nərimanov çıxışlarının birində deyirdi:

 "Həkimlərin xəstələrin qəbuluna vaxtı çox az qalır. Hər bir xəstəyə orta hesabla 2 dəqiqədən 3,5 dəqiqəyədək vaxt sərf edə bilirlər"

Fəaliyyətində milli təmayül və millətin mənafelərini qorumaq üstünlük təşkil edib, o, Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləyib, yerli xüsusiyyətləri nəzərə alıb və milli birliyə xüsusi diqqət yetirib. Beləliklə, N. Nərimanovun ictimai, siyasi, dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə başlıca yerlərdən birini tutub.

Onun bu mövqeyi Bakı, Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ və Zaqatala məsələlərinin həlli zamanı özünü göstərib. Azərbaycanın ərazi problemləri N. Nərimanovun zamanında deyil, ondan əvvəl meydana çıxıb. Bu problemlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə də xarici siyasətin ən ağrılı və mürəkkəb məsələləri olaraq qalmış və həll edilməyib

 

Əsərləri

1. Nadanlıq

2. Şamdan bəy

3. Bahadır və Sona

4. Nadir şah

5. Tibb və İslam

6. Vərəm

7. Traxom

8. Bir kəndin sərgüzəşti

 

Nəriman Nərimanov 1925-ci ilin 19 mart tarixində müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib.

Rəsmiməlumatlaragörə, o, ürəktutmasından- infarktdandünyasını dəyişib. Amma mübahisəli məqamlar çoxdur. Onun ölümünün qəfil olması şübhələr doğurub. Bəzi araşdırmaçılar bu ölümün siyasi səbəblərlə əlaqəli ola biləcəyini ehtimal edir. Sovet rəhbərliyi daxilində onun fikir ayrılıqları yaşadığı da məlumdur. Azərbaycanlıların, müsəlmanların keşiyində duran şəxs kimi digərləri üçün o, arzuolunmaz birisi idi.

Bakı şəhərində Nəriman Nərimanovun adını daşıyan metrostansiya, rayon, məktəb, küçə, prospekt, kinoteatr, Xatirə Muzeyi, park mövcuddur. Lənkəran rayonunun Liman şəhərində Nəriman Nərimanovun adını daşıyan park və küçə mövcuddur.

Lənkəran, Şəmkir, Goranboy, Biləsuvar, Qobustan, Gədəbəy və Sabirabad şəhərlərində Nəriman Nərimanov adına kənd və qəsəbələr mövcuddur. Füzulinin Horadiz şəhərində Nəriman Nərimanov adına küçə mövcuddur.

Şuşa, Gəncə, Şirvan şəhərində Nəriman Nərimanov adına park və küçə, Neftçala şəhərində Nəriman Nərimanov Stadionu, Gürcüstanın paytaxtı Tblisi şəhərində Nəriman Nərimanovun Ev Muzeyi açılıb. Sumqaytın ən böyük mədəniyyət evlərindən biri onun adını daşıyır.

Belarusiyanın Qomel şəhərindəki bir kənd, Qazaxıstanın Kostanay şəhərindəki Kostanay Hava Limanı, Rusiyanın Həştərxan şəhərində rayon, Zimovnikovski şəhərində qəsəbə, Nurlatski şəhərində yaşayış məntəqəsi, Tümen şəhərində kənd, Şaturadakı mədəniyyət mərkəzi, Moskva Volqoqrad, Çernyanka və Belqorod şəhərlərindəki küçələr Nəriman Nərimanovun adını daşıyır.

 

"Bolşevik Nərimanov" gəmisi 1957-ci ildə düzəldilərək istifadəyə verilib, 1982-ci ildə isə istifadə müddəti bitib. Gəmi istismardan çıxarıldıqdan sonra Sumqayıt sahilində saxlanılıb, iaşə obyekti kimi istifadə olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

İmran Verdiyev,

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

 

 

Oğuz rayon Mərkəzi Kitabxanasının, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Oğuz rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı, Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli Texniki - Təbiət Təmayüllü Liseyin şagird və müəllim kollektivinin iştirakı ilə qədim adət-ənənələrimizi özündə əks etdirən, baharın gəlişi ilə əlamətdar olan Novruz bayramına həsr olunmuş “Novruz milli irsimizin təcəssümüdür” adlı tədbir keçirilib.

 

Tədbirdə xalqımızın milli, qədim dövrlərdən xalq arasında çox sevilərək qeyd olunan Novruz bayramı ilə bağlı çıxışlar səslənib.

Qeyd olunub ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı əslində baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə xarakterik olan bayramdır. Bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz xeyir bərəkət, gözəl əhval ruhiyyə, oyanış, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Tədbirdə şagirdlərin təqimatında şeirlər səsləndirilib, baharın gəlişinə və Novruza aid mahnılar ifa olunub.Tədbirin sonunda Novruz tonqalı ətrafında yallı gedilib və müxtəlif oyunlar oynanılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

 

                                                             

 

 

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

  

Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, bolluq və bərəkəti, xeyirxahlıq və birlik ənənələrini özündə ehtiva edən Novruz bayramı Sumqayıt şəhərində bu il də böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

 

Baharın gəlişi münasibətilə Sumqayıt Bulvarı ərazisində ümumşəhər bayram tədbiri təşkil edilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti və minlərlə sakin iştirak edib.

Tədbir çərçivəsində şəhər rəhbəri Zakir Fərəcov sakinləri Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, bayram tonqalını alovlandırıb. O, çıxışında Novruzun xalqımızın qədim tarixi köklərə malik milli bayramı olduğunu vurğulayaraq, bu əziz günlərin ölkəmizə sülh, əmin-amanlıq, firavanlıq və yeni uğurlar gətirməsini arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm nailiyyətlər əldə edib, ərazi bütövlüyümüz bərpa olunub və bu gün Novruz bayramı işğaldan azad edilmiş torpaqlarımızda da böyük qürur hissi ilə qeyd edilir.

Bayram proqramı zəngin və rəngarəngliyi ilə seçilib. Tədbirdə Dədə Qorqud və Bahar qızı iştirakçılara xeyir-dualarını çatdıraraq, xalqımıza ruzi-bərəkət, firavanlıq və uğurlar arzulayıblar. Milli geyimli uşaqların ifasında təqdim olunan rəqslər, Kosa və Keçəlin şən çıxışları, eləcə də qədim xalq oyunları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Eyni zamanda, tədbir məkanında qurulan milli üslublu guşələrdə Azərbaycan xalqının zəngin mədəni irsi nümayiş etdirilib. Burada milli geyimlər, qədim el sənətləri, xalq yaradıcılığı nümunələri, eləcə də zəngin milli mətbəximizin müxtəlif təamları sərgilənərək iştirakçılara təqdim olunub.

Hər müəssisə öz guşəsini yaradıb. Üstəlik, bölgələrimizin də guşələri qurulub. Qarabağ, Zəngəzur, Şərqi Zəngəzur, Şəki, Quba, Naxçıvan, Çorat guşələri rəngarəngliyi ilə, çal-çalğısı ilə daha çox seçilib.

Bir tərəfdə aşıqlar saz çalıb, bir tərəfdə idmançılar öz məharətlərini göstəriblər, bu biri tərəfdə Xalq artisti Brilyant Dadaşova çıxış edib. Guşələrdə qonaqlara bayram nemətlərindən dadmaq təklif olunub, uşaqlar rəsm əsərlərini, tətbiqi sənət işlərini  nümayiş etdiriblər. Eyni zamanda şəhərin sənaye potensialına aid nümunələri, yeni tikiləcək mikrorayonların maketlərinə, illüzionçunun çıxışı də maraq doğurub.

Bayram tədbiri sakinlərə yüksək əhval-ruhiyyə bəxş edib, şəhərdə Novruzun ruhuna uyğun xüsusi bayram ab-havası yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

 

Təqdim edir: Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Cəlilabadda yaşayıb yaradan şair Zülfi Vellidağın "Ey türk özünə güvən” şeiri təqdim edilir.

Zülfi Vellidağ Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurası İdarə heyətinin üzvü, ədəbiyyatşünas və şairdir.

 

EY TÜRK, ÖZÜNƏ GÜVƏN

 

Ey türk özünə güvən,

Pay umma özgələrdən.

Dirilik suyu axtarma,

Kimsənin çeşməsindən.

 

Bir böyüklük tapılmaz,

Yadların qapısından.

Öz ulağın yaxşıdır,

Özgənin yabısından.

 

Yad ruhunun qatqısı,

Səni özündən alar.

Bədənin özününkü,

Ruhun özgənin olar!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

Martın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 3-cü iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ICESCO-nun Bakı şəhərində yerləşən regional ofisində gerçəkləşən iclasda Milli Komissiyanın sədri, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli gündəlik haqqında məlumat verib, ölkəmizin ICESCO ilə əməkdaşlığından danışıb.

 

Qeyd olunub ki, ICESCO ilə əlaqələrin inkişaf etdirilməsi ölkəmiz üçün xüsusi önəm daşıyır. Bu əməkdaşlıq Azərbaycanın İslam dünyasındakı mövqeyini möhkəmləndirir, multikulturalizm və tolerantlıq modelimizi təbliğ edir, həmçinin beynəlxalq səviyyədə humanitar və mədəni diplomatiyamızın effektivliyini artırır.

Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan–ICESCO əməkdaşlığı daha da inkişaf edərək yeni səviyyəyə yüksəlib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası tərəfindən təşkilatın fəaliyyətinə davamlı dəstək göstərilir. Heydər Əliyev Fondu da Azərbaycanın ICESCO ilə əlaqələrində xüsusi rol oynayır. Fondla ICESCO arasında əməkdaşlıq çərçivəsində müxtəlif layihələr, tədbirlər həyata keçirilib və bu istiqamətdə fəaliyyətin qarşıdakı illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Sonra Milli Komissiyanın baş katibi, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev Katibliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

ICESCO-nun Bakı regional ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qısa müddətdə regional ofisin fəaliyyətinin tam formalaşdırıldığını deyib. Bildirib ki, bu prosesdə dövlət başçısının göstərişi ilə Mədəniyyət Nazirliyi tərəfindən ofisin fəaliyyətinə zəruri dəstək göstərilib.

Daha sonra Milli Komissiyanın 2026–2028-ci illərə dair Fəaliyyət planı müzakirə olunub, Komissiya üzvlərinin rəy və təklifləri dinlənilib.

Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, Milli Məclisin deputatı Soltan Məmmədov Fondla ICESCO arasında gələcək əməkdaşlıq barədə məlumat verib.

İclasda, həmçinin Milli Komissiyanın veb-səhifəsinin də təqdimatı olub.

 

“Ədəbiyyat və incəsənət”

 

(18.03.2026)

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Bostonda bir qrup azərbaycanlı tələbə və gənclərlə görüşüb. Görüş Harvard Universitetində yeni fəaliyyətə başlayan Azərbaycanlı Tələbə Cəmiyyətinin (“Harvard Undergraduate Azerbaijani Society-HUAS”) təşkilatçılığı ilə eyniadlı universitetdə baş tutub.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Tədbirdə ABŞ-nin aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology), Boston (Boston University), Şimal-Qərb (Northwestern University) və Saffolk (Suffolk University) universitetlərinin tələbələri də iştirak ediblər.

Görüşdə gənclərə komitənin həyata keçirdiyi layihələr, xaricdə yaşayan soydaşlarımızla qurulan əlaqələr və diaspor fəaliyyətinin inkişaf perspektivləri barədə məlumat verilib. Diaspor Gənclərinin Yay Düşərgələrinin, gənclər forumlarının, “Diaspor Gəncləri 1+1” proqramının gənclərin bir araya gəlməsini, fikir mübadiləsi aparmasını təmin edən mühüm bir platforma olduğu diqqətə çatdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün Azərbaycan müqəddəs torpaqdır. Azərbaycançılıq ideologiyası birləşdirici amal, dövlətimiz isə dayaq yeridir. Bu bağlar qırılmazdır və hər bir azərbaycanlı məskunlaşdığı ölkəyə nə qədər yaxşı inteqrasiya etsə də, öz milli kimliyini qorumalı və assimilyasiyaya olmamalıdır. O həmçinin gənclərə dərslərində uğurlar arzulayıb.

Tələbələr təhsil aldıqları universitetlərin ictimai və akademik fəaliyyətləri, diaspor mühitində qazandıqları təcrübələr və yeni təşəbbüslər barədə danışıblar. Qeyd olunub ki, ABŞ universitetlərində  fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatları gənclər arasında əməkdaşlığı gücləndirir və ölkəmizin zəngin tarixi, mədəni və multikultural dəyərlərinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verir.

Harvard Universitetinin Azərbaycanlı Tələbə Təşkilatının rəhbəri Qəndab Məmmədova Massaçusets ştatında təhsil alan və məzun olan bütün gəncləri birgə fəaliyyətə dəvət edib.

Massaçusets Texnologiya İnstitutunun tələbələri burada 9 azərbaycanlının təhsil aldığını qeyd edərək, bu görüşün ABŞ-dəki soydaşlarımız arasında əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Boston Universitetində tibb üzrə rezidentura  pilləsinin tələbəsi Firuzə və Nihad Hüseynovlar öz ixtisasları, tibbi sığorta məsələləri üzrə gənclərə tövsiyələr verməyə hazır  olduqlarını bildiriblər. Universitetdə 15 azərbaycanlı tələbənin olduğu və burada Azərbaycanlı Tələbələr Təşkilatının yaradılmasının planlaşdırıldığı da diqqətə çatdırılıb.

Tədbir gənclərə təcrübə mübadiləsi aparmaq, gələcək layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti yaradıb. Həmçinin gənclər diaspor fəaliyyətinin daha səmərəli təşkili və əlaqələrin gücləndirilməsi yolları barədə fikirlərini səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə M.S.Ordubadinin “Qılınc və qələm” romanından “Tarixi ziyafət” fəsli təqdim olunur.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

M.S.Ordubadinin şah əsərlərindən biri “Qılınc və qələm” tarixi romanı ədəbiyyatımızın son dərəcə zəngin bir sənət incisidir. Gərgin bir dövrü əhatə edən əsərdə, dahi şairimiz Nizami ilə qəhrəman sərkərdə Fəxrəddinin timsalında qılınc və qələmin vəhdəti göstərilir. Böyük tədqiqat nəticəsində ərsəyə gəlmiş tarixi romanda bir çox hadisələrə toxunulmuş, başda Nizami olmaqla Gəncə ruhaniləri tərəfindən sürgün olunan Məhsəti xanımın Gəncəyə qaytarılması və bu yoldakı böyük mübarizə də əks olunmuşdur. Nizaminin ağsaçlı, xəstə Məhsəti Gəncəviyə olan  rəğbəti  romanın “Tarixi ziyafət” fəslində öz əksini tapmışdır. Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım “Tarixi ziyafət” fəslindən maraqlı epizodu səsləndirərək izləyicilərə təqdim edir. Epizodda Məhsəti xanımla Nizaminin səmimi görüşü, onu “mənim anam”, “ustadım” adlandırması diqqətə çatdırılır.

Videoçarxda səsləndirilən şeirin tərcüməsi kitabxananın Fəxri oxucusu, şair Zeynəb Cəmaləddinə aiddir.

Videoçarx kitabxananın YouTube kanalında verilib:

https://www.youtube.com/watch?v=cU7F4w02VQw

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

Martın 15-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsi çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı,  filologiya elmləri doktoru, professor Zahid Xəlil ilə məktəblilərin görüşü təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə Bakı şəhəri 333 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri iştirak ediblər.

Tədbirin əsas məqsədi məktəblilərdə mütaliə vərdişlərini inkişaf etdirmək, onları Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələri ilə yaxından tanış etmək, həmçinin Azərbaycan dilinin və milli ədəbiyyatın təbliğini gücləndirməkdən ibarət olub.

Görüş zamanı şagirdlər yazıçı ilə səmimi söhbət apararaq onun yaradıcılığı, ədəbiyyata gəliş yolu və kitablarının yaranma prosesi haqqında suallar ünvanlayıblar. Məktəblilər müəllifin müxtəlif əsərlərindən parçalar səsləndirərək mütaliə edib, əsərlərin mövzusu və ideyası ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində yazıçının “Şəkərabad şəhərinin uşaqları”, “Kralın kreslosu” və “Göy qurşağı” kitabları haqqında şagirdlərə ətraflı məlumat verilib. Əsərlərdə uşaq dünyasının zənginliyi, dostluq, xeyirxahlıq və milli-mənəvi dəyərlərin təbliği xüsusi vurğulanıb.

Zahid Xəlil çıxışında mütaliənin uşaqların intellektual inkişafında və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edərək şagirdləri Azərbaycan ədəbiyyatını daha yaxından tanımağa və ana dilinin zənginliyini qorumağa çağırıb.

Sonda məktəblilər yazıçı ilə xatirə şəkilləri çəkdirib və kitablarını müəllifə imzaladıblar.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” tədbirləri  çərçivəsində novator bəstəkar, cazmen, Xalq artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

XX əsrin 60-cı illərində ikinci baharını yaşayan milli caz Rafiq Babayevin töhfələri ilə səsini bir daha bütün dünyaya çatdırır. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib. Videoçarxda Xalq artistinin həyat və yaradıcılığı, onun mükafatları, xatirəsi və filmoqrafiyası haqqında qısa məlumat verilir. Qızı və sənət dostlarının xatirələri təqdim edilir.

Videoçarxda Rafiq Babayevin ifası da yer alır.

Videoçarx kitabxananın YouTube kanalıda izləyicilərə təqdim olunur: https://www.youtube.com/watch?v=2-cEdjt5rtk

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

 

 

80 -dən səhifə 2856

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.