Super User

Super User

Bazar ertəsi, 12 May 2025 17:11

O, Mir Çingizin atasıdır...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hələ ki ömrünün bahar fəslidir. Qızmar yay, barlı payız, şaxtalı qış qarşıdadır. Rəngarəng çiçəklərinin qoxusundan hiss olunur ki, ömrünün payızı barlı olacaq, bol məhsulu ilə Vətəni sevindirəcək...

 

Parlaq istedad hər adamda olmur. Allah onu yalnız sevdiyi bəndəsinə verir. Verir ki, milyonların içində fərqlənə bilsin və insanlar arasında daha faydalı, daha ötkəm olsun. İstedad vulkana bənzəyir, püsgürdü ki səd tanımaz, aşıb daşar. Bəli, bu gün sizə gənc bir oğlandan söhbət açamaq istəyirəm. O, 1997-ci ilin may ayının 11-də dünyaya gəlib. Orta təhsilini 175 saylı tam orta məktəbdə alıb. Sonra Qərb Universitetinin Tərcümə fakültəsində İngilis-Azərbaycan dilləri üzrə tərcüməçilik ixtisasına yiyələnib. Bir il sonra Azəri-Press Agentliyində (APA) işə başlayıb. Öncə müxbir-montajçı, daha sonra müxbir-aparıcı, ardınca redaktor, bəzən xəbər müdirinin əvəzləyicisi olub. Ardınca yaradıcı departamentdə fəaliyyət göstərib. Orada işlədiyi üç il müddətində "Tarix Adam" proqramının aparıcısı olub və sənədli film xarakterli verilişlər hazırlayıb. Bununla da o, üxbirlikdən efir redaktorluğuna, montajçılıqdan baş redaktorluğa qədər müxtəlif vəzifələrin sirlərini mənimsəyib. Səs aktyorluğunu da öyrənib, layihə rəhbərliyini də... 

 

Deyir ki:- “APA-da üçillik televiziya təcrübəsindən sonra, üç il də ”APA Group”da layihə rəhbəri vəzifəsini icra etdim. Həmin müddətdə “Kulis”in müxtəlif müsabiqələrinin, o cümlədən “Vesti.az”-dan tutmuş “Apa TV”-yə qədər şirkətə daxil olan müxtəlif kanalların layihələrini hazırladım. Üst-üstə 15 layihə təhvil verdim. Layihə rəhbərliyinə başladığım il 2021-ci il idi. Üzərindən bir il keçdikdən sonra isə yaradıcılığımı holdinqlə məhdudlaşdırmaq istəmədim və “Künc-Bucaq” internet televiziyasını yaratdım. “Mirinin Dibçəyi” ilə başlasam da layihələri artırdım. “Bizim Bucaq”, “Sorğu Adam” və s. layihələrlə kanalı daha da böyütdüm. İndi abunəçilərimin sayı altımış mini ötüb. Kanal artıq ölkədə tanınır və fəaliyyətini davam etdirməkdədir. Mart ayından həm də “Real FM”-də radio aparıcılığına başlamışam. "Realda Mən" verilişiylə dinləyicilərin qarşısına çıxıram...”

 

Mənimsədiyi bacarıq və vərdişlərini idarə etməkdə qətiyyətlidir və ənənələrə böyük dəyər verir. Səbirli, inadkar və sabit təbiətlidir. Arzularını planlı və sistemli şəkildə həyata keçirməyi xoşlayır. Bu səbəbdən də, onu əzmkar və qətiyyətli insan kimi xarakterizə etmək olar. Onun üçün maddi təhlükəsizlik və komfort çox önəmlidir. Lüks və gözəl əşyalar onun cazibəsini artıran elementlərdir. Ev dekorasiyası, geyim və yemək mövzusunda estetik zövqü yüksəkdir. Bir sözlə, komfort və gözəllik həyatında önəm verdiyi ən vacib detallardır...

 

“Jurnalist ailəsində dünyaya göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu kitab vərəqlərinə bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi atamın kitab kolleksiyasının yarısından ibarətdir. Digər yarısını o, özüylə aparıb. Və böyüyüb atamlaşdıqdan sonra həmin boşluğu yenidən doldurmuşam. İndi mənim də kitabxanam var. İşim-gücüm oxumaq və yazmaqdan ibarətdir.”- söyləyir...

 

...Gen öz işini görüb. İstedad onun iliyinə kimi işləyib. Məşhur telejurnalist Mir Şahin Ağayevin oğludur...

 

Deyir ki: - “Mən övladlığı kitablarla, tənqidlərlə və təltiflərlə öyrənmişəm. Təltiflər beşinci sinifdən bəri otağımızı bəzəyən mükafatlardı. Kitablar özümkülərdən doyub atamın qardaşıma aldığı bədii əsərləri oxumağımın obrazıdır. Tənqidlərsə məni həm övlada, həm insana, həm də jurnalistə çevirən hadisənin təzahürləridir. Məsələn, babam deyərdi, oğulsan, halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı tənqid atəşi! - Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Filan cümləni yerli-dibli silmək lazımdır...” 

 

Bir işə başladısa, onu tamamlamağa qətiyyətlidir və bu yolda heç bir maneəyə boyun əyməz. Sadiq və güvənilən adamdır. Dostluq və romantik münasibətlərdə uzun müddətli bağlılığa və sadiqliyə böyük əhəmiyyət verir. Sevdiyi insanlara hər zaman dəstək olmağa hazırdır. Elə buna görə də sevilir...

 

“Bəli, məni jurnalist edən ilk meyar atamın tənqid atəşiydi. Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül məhsulu o vaxtadək böyüyür ki, körpə, atasının adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı, hətta saçlarımdakı sarı-qırmızı tellər də ağarmağa başladı, təkcə o mübhəm adiliyin şahidi olmadım! Və bunun yerini zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik, dərdləşir, görüşürük, ya yox.”- söyləyir...

 

Gənc də olsa praktiki düşüncəyə malikdir. Onun üçün həyatın reallıqları və gündəlik ehtiyaclar prioritetdir. Maddi resursları ağıllı şəkildə idarə etmək və uzun müddətli məqsədlərə çatmaq üçün ciddi planlar qurmaq onun təbiətindədir. Yuxarıda qeyd etdiyim kimi, dəyərlərə və ənənələrə bağlılıq onun üçün çox önəmlidir...

 

Deyir ki:- “Xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən burun kənarında yaranan o şırımlar kimi. Təvazökarca görünməsə belə, mən, öz xislətimlə qürur duyuram. Əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin fatehinə çevirəcək məni. Necə ki, atamı çevirib və necə ki, onun çatdığı bütün zirvələr mənim "keçilməz"lərimi yoxa çıxarır. Önümü açır...”

 

...El arasında belə bir deyim də var: “Yaxşı oğulu uşaq vaxtı atasına görə tanısalar da, böyüyəndən sonra atasını ona görə tanıyarlar.” İnanıram ki, nə vaxtsa Mir Şahini “Mir Çingizin atasıdır”- deyə təqdim edəcəklər...

 

Dünən Mir Çingizin 28 yaşı tamam oldu. Onu ürəkdən təbrik edir, Allahdan möhkəm can sağlığı, arzularının çin olmasını diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən günləri vərəqlədikdə bugünkü günə düşən bir hadisə diqqətimi çəkdi. 12 may 2024-cü il tarixində İsveçin Malmö şəhərində 68-ci Avroviziya Mahnı Müsabiqəsi başa çatmışdı. Biz də onun nəticələri barədə danışmışdıq. Tərarən o günə dönək.

 

Əvvəla ondan başlayaq ki, səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırdılar. Bu sayaq uğursuzluğa son illərdə ilk dəfə məruz qalırdıq, belə ki, ardıcıl olaraq ölkə təmsilçilərimizi finalda görməyə alışmışdıq. Təəssüf ki, düşmən ölkə finala adladı, bizsə yox.

Davam edək.

2024 Avroviziya finalında 25 ölkə iştirak edirdi. Yarış günü Hollandiyadan olan Yost Klein diskvalifikasiya edildi. Sənətçi çəkiliş qrupunun xanım üzvünə qarşı nalayiq hərəkətlər etdiyi səbəbindən bu cür cəzalandırıldı.

Final günü bukmeykerlər Xorvatiyadan olan Baby Lasagna-nın qələbəsini proqnozlaşdırdılar. Bukmekerlər israilli eden Qolanı ikinci, İsveçrəli Nemonu isə üçüncü yerə qoymuşdular. Bukmekerlər 2018-ci ildən bəri ilk dəfə qalibi seçməkdə səhv etdilər. Gözəl performans göstərsə də xorvat qalib ola bilmədi.

 

İsrailin 20 yaşlı nümayəndəsi Eden Qolan 13 il Moskvada yaşayıb. 2015-ci ildə Uşaq Eurovision üçün Rusiya seçiminin iştirakçısı olub və burada 5-ci yeri tutub. 2016-cı ildə Krımda Nyusha ilə oxuduğu mahnı ilə "uşaq yeni dalğası"nda çıxış edib. 2018-ci ildə Eden Qolan "Səs" şousunun 5-ci mövsümünün finalına çıxıb.

Avroviziya 2024-də Eden Qolanını uğursuzluğuna əsas səbəb siyasi nüanslar oldu, İsrailin Fələstinə qarşı etdiyi hərəkətə görə "Malmö Arena" da tamaşaçılar fasiləsiz olaraq yəhudi ifaşını səs-küylə, fitə basmaqla normal oxumağa qoymadılar.

 

Münsiflər heyəti bukmeykerlərin 3-cü olacağını proqnozlaşdırdıqları isveçrəli Nemo birinci, Fransalı Slimane-ni ikinci yerə qoydular. Xorvatiyadan olan Baby Lasagna isə yalnız üçüncü oldu.

2024-cü il Avrovizion-un yekun nəticələri tamaşaçı səsverməsi nəzərə alınmaqla aşağıdakı kimi oldu:

*  1. İsveçrə-Nemo "Kod " (591 xal)

*  2. Xorvatiya-Baby Lasagna "Rim Tim Tagi Dim" (547 xal)

*  3. Ukrayna-Alyona Alyona və Jerry Heil "Teresa & Maria" (453 xal)

*  25. Norveç-Gate " Ulveham" (16 xal)

 

"Nemoda artisizm yüksəkdir, Opera ifaçısı məharəti böyük ölçüdədir. Və onun nömrəsi inanılmaz dərəcədə möhtəşəmdir. Xorvat da qalib gələ bilərdi, mahnısı daha yaxşıydı, amma performansı zəif idi" deyə musiqi tənqidçisi Guru Ken müsabiqə  nəticələrini Telegram kanalında bu cür şərh edib.

 

Nemo - 24 yaşlı reper Nemo Mettlerdir. O, 2015-ci ildən musiqi ilə məşğul olur. Şok sənətçinin diskoqrafiyasında üç studiya albomu və bir çox sinqler var. O, həmçinin "Maska" şousunun İsveçrə versiyasında Panda olub.

İsveçrə 1956-cı ildən bəri Avrovizionda iştirak edir. Ölkə 35 ildən çoxdur ki, müsabiqədə qalib gəlmir. 1988-ci ildə İsveçrənin qələbəsini Selin Dion gətirmişdi. Və çox maraqlı bir nüans: Nemo təsadüfən mükafatını səhnədə salıb sındırdı və üstəlik, şəhadət barmağını da sındırdı.

Mətbuat konfransında ona yeni bir mükafat verildi.

Və sonda qeyd edək ki, Azərbaycan finalda öz səsini belə paylaşıb:

Ən yüksək olan 12 xal İsveçrəyə verilib.

Digər xallar isə aşağıdakı kimi bölüşdürülüb:

Ukrayna-1, Kipr-2, Sloveniya-3, Xorvatiya-4, İsveç-5, İtaliya-6, Gürcüstan-7, Lüksemburq-8, İrlandiya-10.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində bu dəfə sizə Türk Dövlətləri Təşkilatı barədə danışacağıq.

Türk Dövlətləri Təşkilatı (TDT), ortaq dil, tarix, mədəniyyət və mənəvi bağlara malik türk dövlətlərinin siyasi, iqtisadi və mədəni inteqrasiyasını gücləndirməyə yönəlmiş regional bir əməkdaşlıq qurumudur. 2009-cu ildə Naxçıvan müqaviləsi ilə təsis edilmiş bu təşkilat, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təşəbbüsü ilə yaranmış və zamanla daha geniş regional güc mərkəzinə çevrilməyə başlamışdır. Hazırda təşkilatın üzvləri arasında bu dörd dövlətdən başqa Özbəkistan və 2022-ci ildən etibarən müşahidəçi statusunda olan Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti də yer alır.

 Bu yazıda Türk Dövlətləri Təşkilatının yaranması, fəaliyyət istiqamətləri və onun regional və qlobal siyasətdə gələcək perspektivləri araşdırılır.

  1. Təşkilatın yaranması və məqsədləri

 Türk Dövlətləri Təşkilatının əsası, 1990-cı illərdən başlayaraq türk dilli dövlətlərin bir araya gəlməsinə dair atılan addımlarla qoyulmuşdur. Sovet İttifaqının dağılmasından sonra Mərkəzi Asiyada müstəqillik qazanan türk respublikaları ilə Türkiyə arasında əməkdaşlıq ehtiyacı daha qabarıq şəkildə ortaya çıxmışdır. Bu kontekstdə, 2009-cu ildə imzalanan Naxçıvan Müqaviləsi ilə Türk Şurası (sonradan Türk Dövlətləri Təşkilatı adlandırıldı) formalaşdırıldı.

Əsas məqsədlər:

  • Türk dövlətləri arasında siyasi dialoqun gücləndirilməsi;
  • İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi;
  • Ortaq mədəniyyətin qorunması və təbliği;
  • Nəqliyyat, enerji və informasiya texnologiyaları sahələrində əməkdaşlığın artırılması;
  • Təhlükəsizlik və regional sabitliyin təmin olunması.

  2. Əsas fəaliyyət istiqamətləri

2.1. Siyasi və diplomatik əlaqələr. TDT çərçivəsində dövlət başçılarının sammitləri mütəmadi keçirilir. Bu görüşlərdə üzv ölkələr regional və qlobal çağırışlara birgə cavab verməyə çalışır, beynəlxalq təşkilatlar qarşısında ortaq mövqe nümayiş etdirirlər. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi zamanı təşkilatın siyasi dəstək bəyanatları mühüm əhəmiyyət kəsb etdi.

2.2. İqtisadi əməkdaşlıq və ortaq infrastruktur layihələri. TDT üzvləri arasında iqtisadi inteqrasiya üçün gömrük rejimlərinin uyğunlaşdırılması, sərbəst ticarət zonalarının yaradılması və nəqliyyat dəhlizlərinin qurulması prioritet sahələrdəndir. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu istiqamətdə əsas təşəbbüslərdən biridir. Bu dəhliz Çin və Avropanı türk ölkələri vasitəsilə birləşdirərək qlobal ticarətdə türk dövlətlərinin rolunu artırır.

2.3. Təhsil və mədəniyyət.Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar, ortaq türk mədəniyyətinin təbliği, türk dillərinin öyrənilməsi və mədəniyyətlərarası mübadilənin gücləndirilməsi üçün fəaliyyət göstərirlər. Qazaxıstanın Türküstan şəhərinin türk dünyasının mədəni mərkəzi elan olunması bu sahədə atılan simvolik addımlardandır.

   3. Gələcək perspektivlər və çağırışlar

  3.1. Geosiyasi rolu artır. Qlobal güc mərkəzlərinin Asiya istiqamətinə yönəldiyi bir zamanda, TDT üzv ölkələrinin strateji yerləşməsi və enerji resursları, təşkilatı daha da əhəmiyyətli edir. Xüsusilə Çin və Avropa arasında enerji və ticarət yolları baxımından TDT ölkələrinin tranzit potensialı gələcəkdə təşkilatın siyasi çəkisini də artıracaq.

  3.2. İqtisadi inteqrasiyanın dərinləşməsi. Üzv dövlətlərin iqtisadi potensiallarının birləşdirilməsi və vahid bazar modelinin tətbiqi TDT-ni iqtisadi blok səviyyəsinə qaldıra bilər. Bunun üçün texnoloji əməkdaşlıq, rəqəmsal platformaların yaradılması və ortaq enerji bazarının təşkili önəmli addımlar olacaq.

  3.3. Təhlükəsizlik və müdafiə əməkdaşlığı.Regionda artan geosiyasi risklər fonunda TDT-nin müdafiə sahəsində əməkdaşlığı gücləndirməsi ehtiyacdır. Bu, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi kimi məsələlərdə birgə addımların atılmasını tələb edir.

  3.4. Türkmənistan və digər müşahidəçilərlə əməkdaşlığın dərinləşməsi.Türkmənistanın tam hüquqlu üzv olması, təşkilatın coğrafi tamlığını daha da gücləndirəcək. Eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusu, türk dünyasının siyasi xəritəsində yeni mərhələnin başlandığını göstərir.

  Nəticə.Türk Dövlətləri Təşkilatı, XXI əsrin ikinci yarısında türkdilli dövlətlər üçün inteqrasiya platformasına çevrilmək potensialına malikdir. Qlobal dəyişikliklər fonunda regional əməkdaşlıq və ortaq dəyərlərin qorunması məqsədilə bu təşkilat həm iqtisadi, həm də siyasi baxımdan böyük önəm daşıyır. Təşkilatın gələcəyi, üzv dövlətlərin iradəsi və qarşılıqlı əməkdaşlığa sadiqliyindən asılı olaraq daha geniş regional və beynəlxalq rol oynaya bilər.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Bazar ertəsi, 12 May 2025 15:09

PORTAL AKADEMİYASINDA - Vertikal oxumaq

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Abituriyentin uğur formulu

     

Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək:

 

D. Vertikal oxumaq

 

Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.

Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.

 

Növbəti qaydanı sizə növbəti gün təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Binabda yaşayan Nuriyyə Lövhdür.

 

 

Nuriyyə Lövh

Binab

 

AZƏR 

 

Azər, çirikliyimin sevdiyi qızdır

İnqilaba alışmadan

Qışa çevirdi vətənin son baharın

75 illik açıq bir yara

Bitmədən 

Qan tuluğuna dönür hər xəzan

Əskilərdəki dostumun adı

İndi isə

Əkizlərinin sicillisinə döyülmüş...

Azər vətən gözətçisi

Doqquz başlı bir devdir

Talançıların bünövrəsini laxlatmaq üçün.

Neçə qatlı qanlı torpaqdır,

Özgürlüyün üzünə qonmuş 

İmamiyyədə gömülmüş igidlərin dar ağacı...

Südü qaçan anaların ürək döyüntüsü

Sürgün düşənlərin qara boğuntusu

Qulağı kəsilənlərin qara qışqırtısı.

Azər 

Azər 

Azər 

Azər boğazımdan püskürdüyüm iniltilər...

Azər, Təbrizin minarələri

Vətənin təqvimə atılan qanlı göbəyi

Yandırılan kitabların külüdür 

Sönük gözlərin sürməliyində.

 

Ərkdə sönən işıqlar

Gülüstanda asılı qalan iztirablı düşüncələr...

Azər dağlar daşıdır 

Ürəyimin başına qalanmış ağladıcı bir şeirdir...

Boğazımın yoluna tıxılmış ağırlıq

Ayrılıq

Qana çevrilmiş yumruqdur azər.

Təndirlərdə yanan azadlıq səsi 

Diktatura qurban edilən başların qan fışqırtısı,

Azərbaycanın toy gecəsində ölüm xəbəri

Əfsanə deyil;

Qara pərdələrdə basdırılmış

Real bir faktdır azər...

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Bazar ertəsi, 12 May 2025 14:04

TRİBUNA - “Bəlkə biraz düşünək...

“Ədəbiyyat və incəsənət” portalı Tribuna rubrikasında bu gün sizlərə Vidadı Rzayevin fikirlərini təqdim edir. Əlbəttə ki, çox düşündürücü, ürəkdağlayıcı məsələ barədə danışır müəllif.

 

İki gün əvvəl hamının "Meyvəli"kimi tanıdığı məkanda çərəz satılan bir dükana girdim. Məni nur üzlü bir gənc qarşıladı və satılan mallarını təqdim etdi. Ondan "təhsil allırsanmı?" sualıma biraz əsəbi cavabı məni sarsıtdı. Dedi ki, əmi indi savad, təhsil kimə lazımdır?

 

Və davam etdi:

-Mən 7-ci sinifdən bu alverdəyəm. Şükürlər, ticarət hesabına öz evim, maşınım, bağım var və indi evlənməyi düşünürəm. Bax, o düyü kisəsini qaldıran oğlan mənim sinif yoldaşım olub. Dərs əlaçısı idi. Sonra Bakı Dövlət Universitetinə daxil oldu və oranın həm bakalavr, həm də magistraturasını fərqlənmə ilə bitirdi. Daha sonra Dövlət qulluğuna hazırlaşaraq AB kateqoriyası üzrə imtahanda uğurlu nəticə əldə etdi... di gəl, hələ də müsabiqədən keçə bilmir. Yazığın bütün əziyyətləri heç oldu. İndi mən onu işə götürmüşəm ki, xəstə anasına baxa bilsin. Nə evi var, nə də maşını. Siz deyin, oxumağa dəyərmi?

 

Acı həqiqət məni çox sarsıtdı. Axı niyə biz gələcəyimizə balta çalırıq. Savadlı, əxlaqlı insanları deyil, bəzən kütbeyin, nadanları iyrənc səbəblər üzündən irəli çəkirik. Axı kim bu dünyadan özü ilə axirətə sərvət aparıb? Niyə görə öləndən sonra özümüzə rəhmət deyil, lənət qazandırırıq?

Azərbaycan xalqının böyük bir hissəsi həqiqətən mərd, torpağına və vətəninə sadiq insanlardır. Gəlin layiqlilərə yol açaq, yol açaq ki, gələcəyimiz daha nurlu olsun.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Venesiyada keçirilən Beynəlxalq Arxitektura Biennalesində debüt edib. XIX Arxitektura Biennalesində ölkəmiz “Tarazlıq. Azərbaycanın motivləri” adlı pavilyonla təmsil olunur. 

 

“Ədəbiyyat və incəaənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, budəfəki Arxitektura Biennalesi iqlim dəyişikliklərinə diqqəti artırmaq məqsədi daşıyır. Həmçinin memarlığın təbii, süni və kollektiv zəka vasitəsilə dəyişən dünyaya uyğunlaşmasını araşdırmağa çağırır.

Azərbaycan sərgidə “Yenidənqurma. İnnovasiya. Qorunma” başlığı ilə üç memarlıq nümunəsini – Bakı Ağ Şəhər, Zəfər parkı və Zəngilan məscidi layihələrini təqdim edir. Pavilyonda XXII əsrdə yaşayıb yaradan Naxçıvan memarlıq məktəbinin banisi, dünya şöhrətli memar Əcəmi Naxçıvani haqqında da məlumatlar təqdim olunur.

Sərgi noyabrın 23-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

İtaliya paytaxtının XXI əsr Milli İncəsənət Muzeyində (MAXXI) açılan “Ana təbiət” beynəlxalq incəsənət sərgisində 28 ölkədən 55 sənətkarın əsərləri nümayiş olunur.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə fərqli instalyasiya, rəsm və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir. MAMA “Ana təbiət” incəsənət layihəsi müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının nümayişidir. Layihə Azərbaycan, ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Koreya Respublikası, Gürcüstan, Hindistan, İspaniya, İsrail, Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən olan fərqli sənətkarları bir araya gətirib. Layihə iştirakçıları incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır.

 

Sərgi ziyarətçilərindən İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi AzərTAC-a müsahibəsində deyib: “İkinci dəfədir gəldiyim XXI əsr Milli İncəsənət Muzeyində belə möhtəşəm layihənin təqdim olunduğunu görmək çox xoşdur. Buranı ziyarət etmək, nümayiş olunan hər bir əsərlə yaxından tanış olmaq insana böyük zövq verir. Şadam ki, bütün sərgi ziyarətçiləri bu fürsətdən istifadə edirlər. Bu sərgi, həmçinin İtaliya ictimaiyyətinə Azərbaycan mədəniyyəti və incəsənəti haqqında daha çox məlumat verməməyə imkan yaradır”. 

İtaliyalı incəsənət nümayəndəsi Massimo D`Ayuto isə bildirib ki, sərgidə təqdim edilən hər bir əsərdə dərin məna ifadə olunub: “Bu incəsənət nümunələri insanda böyük hisslər oyadır, planetimizin üzləşdiyi çətinlikləri bir daha anlamağa, gələcək nəsilləri bu ekoloji və sosial problemlərdən qorumağın vacibliyini dərk etməyə səbəb olur. Biz bir daha dərk edirik ki, insanla təbiət arasında zəngin və mürəkkəb münasibətlər, ayrılmaz bağlılıq var”. 

Ziyarətçilərdən Stefano Traldi isə sərgidə təqdim olunan incəsənət nümunələrinin onda çox böyük maraq doğurduğunu qeyd edib. Bildirib ki, bu əsərlərin hər biri gələcəyimiz üçün böyük məna daşıyır. 

MAMA “Ana təbiət” incəsənət layihəsi debütünü ötən ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində edib. Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə Bəhreyndəki təqdimatla səyahətə başlayıb. Bəhreyndən sonra Romada layihə təqdim olunub. 

Sərgi mayın 14-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət” 

 

2009-cu ildə ABŞ-da rejissor Ceyms Kemeronun ekranlaşdırdığı “Avatar” filmi haqqında danışmaq istəyirəm. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini tərənnüm edir.

 

Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili var. Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var. "Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış, kompüter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribütori 20th Century Fox kinokompaniyasıdır.

 

Süjet 

Əhvalat 2154-cü ildə Pandora planetində baş verir. Planet müxtəlif bitki və heyvan növləri ilə zəngindir. Həmin planetdə insanların "RDA" ("Resource Development Administration") korporasiyası anobtanium adlı qiymətli mineral çıxarır. Pandora Yerə oxşar bir cisimdir, lakin onun atmosferi insan üçün zəhərlidir və buna görə insanlar maskalar geyirlər. Pandorada hündür, insanabənzər, lakin mavi dərili məxluqlar yaşayırlar.

Anobtanium çıxarmasına görə insan-Na’vi münasibətləri pisləşdirir. Həmin münasibətləri təkmilləşdirmək üçün insanlar Na’viyə oxşar süni bədənlərin (avatarların) yaradılması üzrə proqram həyata keçirirlər. Avatarları isə insanlar uzaqdan idarə edirlər. Lakin onlardan biri — Tom ölür və Tomun yerini onun əkiz qardaşı Ceyk Salli (Sem Uortinqton) tutmağa başlayır. Pandorada Ceykin avatarı Neytiri adlı bir Na’vi qadınıyla (Zoi Saldana) rast gəlir. Bundan sonra Ceykin avatarına Can Ağacı toxumları enir və Neytiri avatarı öz nəsilə qəbul edir. Çətin öyrənmə nəticəsində Ceykin avatarı Na’vi qabiliyyətləri və davranışına malik olur. Lakin Ceykin tapşırığı Na’vi ilə mürəkkəb münasibətlərinin şəraitlərində boşa çıxır və insanların Pandoradakı hərbi qarnizonun komandanı Maylz Kuoritç (Stiven Lenq) Ceykdən dönür.

İnsan hərbçiləri Na’vi xalqının anobtanium yataqlarının verməməsi səbəbinə görə Pandora təbiətini dağıtmağa başlayırlar. Ox-yayla silahlanmış Na’vilər insanların hərbi texnologiyasına qarşı heç bir şey edə bilmir. Lakin bu anda müdaxiləçilərə qarşı durmuş Pandora təbiəti onlara xidmət edir. Filmin axırında Ceyk tamamilə öz avatara keçir, halbuki bəzi avatarlar operatorları Pandorada qalmağa icazə alırlar.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

 

Bazar ertəsi, 12 May 2025 13:00

SU (İçsəs)

 Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Su…

Öncələrdə su vardı.

Öncələrdə nə söz vardı, nə söhbət — yalnız su, yalnız su… və sonsuz bir ruhi dalğalanma vardı.

Dünya, yaradılışın kökündə su ilə mayalandı, mənalandı...

İnsan, ana bətnində bir su damlası kimi var olmağa başladı. - Şair necə deyir? - 

“İnsan ana bətninə düşən bir damla sudur,

Doqquz aylıq əsarətdən qayıdır” (M.İsmayıl)…

 

Həyat 

suyla yazıldı, 

suyla oxundu, 

suyla ağladı... - Bax, bax, “suyla qaraladı” yazmırıq, “ağladı” yazırıq… Suyun günü ağ olsun!

 

Ustad der, öncələrdə yalnızlıq yox idi, çünki su özü artıq bir bağ idi: öz-özünə sevgi, öz-özünə axış, alxış, öz-özünə səs və söz!

Su - yaşamın bəzən lal, bəzən pıçıltılı, bəzən də hayqırtılarla dolu hadisəsidir: özü su içmir, olur da kükrəyib-daşır amma illa danışmır... Danışmayan su ilə yalnız onu anlayaraq “danışa” - həmsöhbət ola bilərsən…

 

Nuhun gəmisi,

bir tufanın içində —

ümidsizliyin və vəd edilmiş sabahın arasında —

yenə suyun belində üzürdü, göz işlədikcə, ağıl işlədikcə də, işləmədikcə də üzürdü, üzürdü...

Nuh bilirdi ki, su qərq edər, amma onu da bilirdi ki, Yaradana təslim olan su, yaşadar həm də...

 

Nuh tufanı suyun İlahi qəzəbi və rəhmətiydi.

Nuhun öyküsündə su bir sınaqdır:

ya imanla axıb qurtulacaqsan

ya azğınlıqda batıb yox olacaqsan.

 

Bəli, tufan oldu,

qəzəb oldu,

amma yenə də su, bağışlayan əllər kimi

gəmini saxladı, insanı xilas etdi... Bəlkə elə o zaman da suya bəlliydi - vaxt gəlib-vədə yetişəcək, türklər Nuhçıxana, Ağrıdağa çox da uzaq olmayan boğazdan bir gəmini çıxardıb quru ilə “üzdürəcək”lər, “üzdürəcək”lər, sonra yenidən o biri üzdən suya salıb, bir böyükmü-böyük şəhəri fəth edəcəklər! - Və bu fəth bir çağın qapanışı, yeni çağın başlanğıcı olacaqdı! 

 

Su çağlar üstü, üstünmü-üstün doğa hadisəsidir - daha doğrusu, doğanın özüdür, çox şey elə onun doğasındadır… 

Su səndən təslimiyyət istəyir,

su səndən təmiz niyyət istəyir.

Yoxsa, səni yuyar, aparar, göyün ağuşunda itirib, dönər...

 

Su — İlahi Fərmanın həm qəzəbiydi, həm rəhməti…

Biz Nuhun gəmisi kimi dalğalarda üzürük,

biz quşlar kimi suyun üzərində yuvalar qururuq,

biz suyun yaddaşına sirrimizi əmanət edirik.

 

Nuh bir quş uçurtmuşdu öz gəmisindən…

Göz işlədikcə, ağlın isə gah işlədiyi, gah işləmədiyi suların ortasında bir parça torpaq, bir əlçim ümid sorağıyla...

O quş, min illər sonra Çingiz Aytmatovun yazdığı “Dəniz qırağıyla qaçan alabaş”ındakı quş misaliydi:

Quru torpaq tapmadıqda, öz sinəsinin tükündən yolub, lələklərindən qoparıb, su üzərində dimdiyə dəyər nə varsa, onlarla qondarıb, düzüb-qoşub, elə su üzərindəcə bir yuva qurmalıydı... Qurmalıydı ki, ilk dəfə yumurtalamağı suya dönməsin… Yumurta qoymaq, balalamaq, artmaq, çoxalmaq… - bunlar suyun-qurunun, göyüzünün, gözişlədiyi hər şeyin, hər yanın ortaqsız yiyəsinin öz yaratdığına verdiyi ruhi gücdür, hünərdir… 

Quş dimdiyində zeytun budağı dönməsə də, su üzərində yuva qurub dönməliydi… Dönməliydi ki, insanoğlu umuduna umud calasın, yenidən torpağa dönə bilsin: umud-umud, addım-addım, yuva-yuva, ağrı-ağrı… Və də Ağrı deyü…

Fədakarlıq — o, həyatın altun törəsidir.

Özündən verə bilməyən, nə özünə dönərdi, nə yaşada bilərdi. Nuhun gəmisinin yan aldığı dağın Sevinc dağı yox, Ağrıdağı olması da çox manidar deyilmi, sizcə?..

 

Yenə Aytmatovun təsvir etdiyi sular qoynundakı quş mövzusuna qayıtmaq istəyirəm. Öz canından yuva qurmaq - deyirəm, hikmətə bax, fitrətə bax! - Böyük suların ortasında, “umudsuz bir uçurum”un içində bir qayğılı quş öz sinəsini didib, tükünü, sonra lələklərini suya atırdı: özündən verdikcə, özünə yuva qururdu. Qururdu ki ilk yumurtasını ora qoysun... Bəli, yaradılışın kodu, şifrəsi, varlığın “özündəşeylər”i, mexanizmi işləyirdi…

Bir baxıma, bu, ana instinktinin rəmzidir.

Ayrıca, su, burada yalnız bir maddə deyil,

özündə heç bir dayaq olmayan, amma yenə də həyat daşıyan bir əsasdır.

Yəni su, həm ümid, həm də təhlükədir — ancaq fədakarlıq sayəsində umuda çevrilir.

Ana quşun suyun üzərində yaratdığı yuva, sanki insanın kainatdakı varlığını xatırladır:

-zəiflik, zəriflik içində güc axtarışı qutsaldır;

-doğa, insan və bütün kainat bir-birinin içində və bir-birinə bağlıdır.

İnsanın da yaşamı, fədakarlıqla suyun üzərində qurulmuş kövrək bir yuva misali...

Yaşamaq — suya yıxılmaq deyil, su ilə anlaşmaq, suyu anlamaq və üzüsulu yaşamaqdır.

 

Canını verən yaşadır, 

can olur

canı qoruyan qorumasa, zatən su bilir nə edəcəyini...

Su üzərində qurulan yuva — bütün yaradılmışların öyküsü olmazmı ola?..

 

Deyir, 

torpaqdan gəldik, torpağa dönəcəyik;

bir də, “Mənim sadiq yarım qara torpaqdır” deyir… 

Hələ “Sudan gəldik, suya dönəcəyik” demək də var bu dünyada... Dünyada suların atəşlə oynaması var, bir də… 

 

Amma suyun yaddaşında bir iz buraxdınmı? — bax, varlıq dastanı odur, o!..

 

Quş öz qanadında, öz göyündə, 

sular suluğunda, 

torpaq sadiqliyində, 

dağlar ağrılığında olsun…

İnsanoğlu da belədir:

bir həyat toxumu üçün,

bəzən öz varlığından, öz sevgisindən, öz ruhundan qoparır.

Təlatümlər, dalğalar arasında, umudla - umuddan ötə inamla yarafır-qurur, yuva qurur...

 

Su, hər şeyi yadda saxlayır:

-İnsanın alxışını,

-Quşun yuvalıq lələyini,

- Dağ ağrılığı-uğruluğunu,

-Yanan şəhərlərin göz yaşını,

-Ana bətnində atan ilk ürək döyüntüsünü...

 

Suya heyranam, suya.

Ağacla dost olarsa, 

             üzə gülər tumurcuq.

Od ilə birləşsə, onu söndürər.

Kirlə qarşılaşsa, təmizlər onu.

Unla qucaqlaşsa, xəmir olar, kündələnər.

Günəş ilə birləşərsə, göyqurşağı yaranar...

Ancaq yalnız qalarsa, lillənib, lillənib, 

                           iylənər gün keçdikcə.

Könlümüz də su kimidir -

Başqasında var olan və ona məna qatan…

Di gəl ki yalnızlıqda pozulub,

                    qəhr olar gedər…

 

- Bu, ünlü şair Füruğ Fərruxzadın suyu poetik şərhidir…

Bəli, şair belə yazır…

Su tək qalarsa öz mahiyyətindən uzaqlaşar...

 

Füruğ suyu çiçəkləndirir, kəpənəklər uçurdur -

Su ancaq paylaşanda yaşayır… -

Eynən insan ruhu kimi:

-Ünsiyyətdə,

-Sevgidə,

-Paylaşmada,

-Fədakarlıqda həyat tapır.

 

Tək qalan insan — “ölü su” kimidir. Hətta, suca belə bir ad da var: Ölü dəniz…

Axmayan su — həyat yox, yalnızlıq deyilmi?..

 

Bəli, 

Fərruxzadın sözləri həm poetik, həm də kulturoloji anlamda çox zəngindir.

Burada su — həm ontoloji (varlıq yönlü), həm də etika və psixologiya yönlü simvol kimi işlənir:

-Su özü-özlüyündə saf, canlı və yaradıcıdır amma yalnız buraxılanda tənəzzülə uğrayır.

-İnsan qəlbi də eləcədir: başqaları ilə ünsiyyətdə, paylaşımda, qarşılıqlı təsirdə, bir sözlə, bir olduqda diri okur, iri olur; təkliyə, təcridə qapılanda isə ruhi geriləmə baş verir.

 

Füruğ, burada insanın:

-yaradıcı təbiətinə,

-qarşılıqlı əlaqənin həyatverici gücünə,

-yalnızlığın passivləşdirici, bəzən də məhvedici təhlükəsinə işarə edir.

 

Bu baxış, gələnəksəl Gündoğar mədəniyyət(lər)indəki su fəlsəfəsi (örnəyi, sufizmdə “su”yun həm ruhi təmizlik, həm də təslimiyyət rəmzi olması) ilə çağdaş varoluş fəlsəfəsinin (insanın münasibətlər içində mənalanması kimi) təbii bir sintezidir.

 

Su özüylə qaldıqda, axmadıqda, çağlamadıqda qoxar lillə qoxar, illa qoxar…

Həyat da belədir:

Paylaşmadıqca, fədakarlıq etmədikcə, sevgi bağları qurmadıqca — qopur, çökür, qəhr olur...

 

Könül deyir, gəlin bu məqamda Füzulinin “Su” qəsidəsindən Füruğ Fərruxzadın “Su” fəlsəfəsinə axan mədəni-mənəvi nəhrin, ən azından duyğu selinin  izini sürək…

 

Füzuli və Su

 

Füzuli “Su” qəsidəsində suyu yalnız fiziki bir element kimi deyil, eşqin, yaşamın, diriliyin və kamilliyin rəmzi kimi təsvir edir.

Onun üçün su:

-könlün təşnəliyinin dərmanı,

-yaşamın başlanğıcı,

-təmizlik və saflaşma vasitəsi,

-eyni zamanda, sevgilinin lütfü qədər bərəkətli bir nemətdir.

 

Ən ünlü misralarından biri belədir:

 

“Saçma, ey göz, əşkdən könlümdəki оdlarə su

 Kim, bu dəklü tutuşan оdlara qılmaz çarə su”.

 

Füzuli üçün su, ilahi sevginin, məhəbbət yolçuluğunun bir rəmzidir.

 

Füruğ və Su

 

Füruğ Fərruxzad isə, suyu, yaşamın, dəyişimin və qarşılıqlı təsirin simvolu kimi təqdim edir.

Onun yorumunda su:

-Öz-özünə qapanmayanda canlı və yaradıcıdır,

-Başqaları ilə təmasda çoxalır, gözəlləşir, təmizləyir,

-Ancaq yalnızlıqda sululuğunu itirir…

 

Burada su, artıq yalnız bir maddə deyil, insanın mənəvi enerjisinin, bağlarının, ictimai varlığının rəmzidir.

 

Axar su

 

Füzuli ilə Füruğun su təsəvvürləri arasında bir poetik çay axır:

-Hər ikisində su həyatla, təzəliklə, diriliklə eyniləşir.

-Hər ikisi tənhalığın və qırılmış bağların təhlükəsindən xəbər verir:

-Füzuli eşqsiz bir həyatın quruluğundan danışır.

-Füruğ tənha qalan suyun suluqdan çıxacağını deyir.

 

Deməli, Füzuli suyu ilahi və könül bağının şərti sayır,

Füruğ suyu ictimai və mənəvi əlaqənin şərti sayır.

 

Əslində hər ikisi eyni həqiqəti fərqli dillərlə deyir:

Sevgi varsa — həyat var; bağ varsa — həyat var; o bağ qırılarsa — tənəzzül var. Tənəzzülsə olmasın, olmasın! - Tənəzzül və “Ol”un yalnız bir məqbul variantı var: tənəzzül haqdan, haqlılıqdan uzaq olsun!

 

Beləliklə, 

Füzulidən başlanan su yolu, zamanın içindən axıb gəlir və Füruğun qəlbində təzələnərək yenidən canlanır...

Bu da göstərir ki, böyük mədəniyyətlər və böyük qəlblər həmişə bir-birinə su kimi axar, bir-birində tamamlanar…

 

Suyun şərhi

 

…Sən hələ bir məni dinlə:

Deyirəm ki, “su dili”ylə danışdıq bəzən:

Atıldınsa bir gözəlin yalın ayaqlarına –

sevgi oldun sən...

bir igidin arxasınca atıldınsa –

uğur oldun,

çırpıldığın sifətlərdə – soyuq oldun...

Dəryasan - Sakit dedik,

çay olunca - Kür dedik...

Deyirəm,

kür yaşayıb, sakit ölmək

qismət ola,

ana su... – Sakit ölmək...

Ya sənə atılırıq,

ya sən atılırsan üstümüzə...

Üzüsuluykən ölsəydim

bircə...

Sucan şeirim olsun...

 

Haşiyə 1:

 

Bax, elə bu yerdə, suyun yaddaşı olduğunu kəşf edən yapon alimi Masaru Emotonun su kristalları üzərindəki ünlü araşdırmalarına da vurğu edəlim. Hərçənd, onun işləri elmi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Biz olaya kulturoloji-fəlsəfi baxışla aydınlıq gətirməyə çalışalım:

-Masaru Emoto su üzərində apardığı eksperimentlərdə göstərdi ki:

-Gözəl sözlər, alxış, musiqi, sevgi dolu münasibət suyun molekulyar strukturunda harmonik və gözəl kristallar yaradır.

-Qəzəb, nifrət, qarğış, pozuq musiqi və ya çirkin fikirlər isə su molekullarını deformasiyaya uğradır, xaotik və necə deyərlər, gərgin strukturlar əmələ gətirir.

Emoto suyun üzərinə müxtəlif sözlər yazaraq və ya musiqilər səsləndirərək bu fərqləri mikroskop altında fotoşəkillərlə sənədləşdirib.

Emoto vurğulayır ki,

2003-cü ildə ABŞ-İraq müharibəsi başlayanda, Yaponiyadakı suların kristal şəkillərində də mənfi dəyişikliklər müşahidə olunub.

-Bu müşahidə kainatın enerjisəl bağlılığı və bir yerdəki şiddətin, başqa yerdəki varlıqlara da təsir etməsi fikrini gücləndirir.

 

Bu sonuc qədim Gündoğar (Türk-İslam) fəlsəfəsindəki “vəhdəti-vücud” ideyasına — yəni kainatın bölünməz ruhani bir bütün olduğu düşüncəsinə çox uyğun gəlir.

 

Türk-İslam mədəniyyətində, özəlliklə sufizmdə böyük filosoflar vəhdəti-vücud düşüncəsini əsaslandırıblar:

-Kainatda bir tək əbədi, dəyişməz, mütləq varlıq var;

-Bütün varlıqlar Onun təzahürləri, “kölgələridir”;

-Hər şey bir-birinə bağlıdır, bir-birini təsirləndirir.

 

Deməli:

-İnsanların iç dünyası,

-Dilimizdən çıxan sözlər,

-Qəlbimizdəki duyğular,

-Dünyadakı hadisələr

kainatın toxumasını dəyişdirir...

 

Masaru Emotonun kəşfi, sanki elmi müşahidə ilə Sufi hikmətini birləşdirir.

 

Bəs bütün bu sonuclar bizə nə deyir? - Deyir ki:

-Sözlərimizin, alxışlarımızın, düşüncələrimizin kainatda gerçək təsiri var;

-Sevgi, şəfqət, xoş münasibət — suyu, su vasitəsilə də həyatı gözəlləşdirir;

-Qəzəb, nifrət isə yalnız insan ruhunu deyil, təbiəti və maddi aləmi də çirkləndirir.

 

Bu isə həm fəlsəfi, həm də mədəni anlamda böyük bir məsuliyyət çağırışıdır:

İçimizi-çölümüzü təmiz saxlamalı, üzümüzün suyunu tökməməliyik ki, kainatın suyu da təmiz qalsın.

(Haşiyənin sonu).

 

Tarixin və əfsanələrin canlı axtarışı - 

“Dirilik suyu”

 

Tarixdə “Dirilik suyu”nu, “ab-u həyat”ı, “ömür suyu”nu tapmaq arzusu sanki insanlığın ölümsüzlüyə qarşı üsyanı dəyərindədir...

Qədim Gündoğar əfsanələrində bu suyu Xızır və İlyas tapmış sayılır.

Deyirlər, Xızır dirilik suyunu içdikdən sonra zaman və məkan tanımayan, könüllərə yetişən bir ölümsüzlük simvoluna çevrilib.

Bəzi miflərdə İskəndər Zülqərneynin dirilik suyu üçün atəşli gəziləri anılır.

Hətta, yüzillər sonra, Günbatarda belə, Ponce de Leonun (Juan Ponce de León) Amerikada “Gənclik bulağı”nı (La fuente de la Juventud) axtarması buna bənzər universal bir ehtiyacın göstəricisidir.

 

Bu miflər suyun sadəcə həyatverici deyil, həyatın özünə çevrilən simvolik gücünü ortaya qoymuş olmurmu?..

 

***

“Bir inci saflığı varsa da suda,

  Artıq içiləndə dərd verir o da”…

 

-Dünya şairlərinin baş komandanı - hikmətin və ölçü-ülgünün şairi, sirlər xəzinəsi Gəncəli Nizami belə deyir.

Bax, bu, sadəcə məişət və fizioloji bildiriş, uyarı deyil, bəlkə yaşam fəlsəfəsinin bir düsturudur:

-sevgi də,

-güc də,

-sərvət də,

-bilgi də — artıq olanda (yumşaq desək) gərginlik yaradır.

Su Nizamidə ölçünün, bəsirətin və kamalın simvoludur. Həddindən artıq olan — hətta və hətta su belə olsa… olmasın.

 

Bir də, 

Şövkət Sürəyya Aydəmirin “Suyu arayan adam”ı var axı…

Bu ünlü türk yazarının 1959-cu ildə yazdığı “Suyu arayan adam” əsəri əslində, təkcə fiziki deyil, ideoloji, mənəvi və tarixi susuzluqdan əziyyət çəkən adamın portretidir. Aydəmirin özkeçmişini yazdığı bu əsərdə “su” həm gerçəklər axtarışı, həm də kimliyə, anlama və məfkurəyə çatmaq yolunun metaforudur.

Aydəmirin “su”yu — türklüyün öz kimliyini və azad yolunu axtardığı savaşdır. Bu, həm də sömürgəçilikdən qurtulmaq istəyən toplumların iç yanğısının hekayəsidir.

“Su” — artıq sadəcə maye deyil, “özünü tapmaq”dır, “özünü aydınlatmaq”dır.

 

XXI yüzildə enerji və su artıq strateji silaha çevriib.

-Hindistan-Pistan arasında su amili — özəlliklə İndus çayı üzərindəki su anbarları və paylaşma məsələləri — iki nüvə silahlı dövlət arasında böyük bir potensial partlayış yaratmaqdadır;

-Türküstanda Sırdərya və Amudərya çevrəsində ölkələr arasında qovğa təhlükəsi tam aradan qalxmış sayılmaz;

-Afrikada Nil üzərində Efiopiya-Misir arasında gərginliklər gerçək təhlükəyə çevrilmə potensialına sahibdir.

 

“III Dünya Müharibəsi torpaq deyil, su üstündə olacaq” deyənlər haqsızmı?.. - Şairin ünlü misralarında “Torpağ”ı “Su”ya dəyişdirsək, günah olmasın gərək:

“Su - uğurunda ölən varsa, Vətəndir” - Mavi Vətə!..

 

Yəni su artıq siyasətin, strategiyanın və savaşın ocağına keçir.

Bu, suyun təbiətdən qəzəbə, diplomatiyadan geopolitik şantaja çevrildiyi çağdır.

Göründüyü kimi, su sadəcə həyatın mayesi deyil —

o, həm mifdir, həm fəlsəfədir, həm ədəbiyyatdır, həm savaşdır, həm də vicdandır!..

 

Su və insan ruhunun ekizliyi

 

İnsanla su arasında bir sirr, ruhi bağ var. Var belə bir bağ:

-Sevgini qəbul edən su — insanın ürəyindəki sevinc kimidir;

-Nifrəti qəbul edən su — ruhun qorxusu kimi çatlayır;

-Dua oxunan su — insanın alxış edən qəlbi kimidir.

 

İnsan ruhu da daim axmalı, təmizlənməli, paylaşmalıdır. Axmasa, təmizlənməsə, paylaşmasa, həm su, həm ruh qaranlıq bir sükuta dönməzmi ola?..

Ustad necə deyirdi? -

 

Hər şey axar: su, tarix, yıldız, insan və fikir,

Oluklar çift - birinden nur axar; birindən kir.

Axışda dəmətlənmiş, böyük, kiçik, kainat;

O çıxan buluda bax, bu enən suya inad!

(N.F.Qısakürək)

 

Mənim könlüm belə dedi, qələmim belə yazdı. 

Arxanızca su atanınız olsun!

Bu poetik lövhə də bu yazının axarıncı bölümü olsun:

 

Bulaqlar, bulaqlar,

bol sulu bulaqlar,

Özünüz, özünüz su içmədiniz.

Ağaclar, ağaclar,

bar verən ağaclar,

Meyvə yemədiniz, yarpaq dərmədiz.

Ah, Günəş,

ah, Günəş, hələ sən,

hələ sən...

Səni nə isidər?

Çiçəklər, çiçəklər,

nə qoxlarsınız?

Yağışı üstünə yağmayan buludlar,

bəs sizi kim duyar,

bəs sizi kim ağlar?..

Bir də mən, bir də mən –

Ömrünü özünə çox görən...

 

Qoy,

     Arazları ayırıb, su ilə doyurmasınlar!

   Sularımız qovuşsun SUQOVUŞAN olsun!

  BULAQLARIMIZ QURUMASIN, 

SUYUMUZ AXAR OLSUN!

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

82 -dən səhifə 2261

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.