Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
TOY
Deyirlər ki, qısqanırsan, anasan, əlbət,
Oğlun bu gün toy eləyib səndən ayrılır.
Mən nə deyim, bu sözlərdə var bir həqiqət,
Elə bil ki, ruhum təndən ayrılır.
Ürəyimdə fərəh də var, qısqanclıq da var;
Körpəlikdən sinəm üstə böyütdüm onu.
O böyüdü, böyüdükcə coşdu arzular,
Kaş görəydim, dedim, bircə oğul toyunu.
İndi bizə gəlin gəlir, toy-düyün gəlir,
Daha da gur yanacaqdır evin çırağı.
İstədiyim, gözlədiyim gözəl gün gəlir,
Kim istəməz belə qəşəng, əziz qonağı.
Qoy cəbhələr ayırmasın bizi övladdan,
Qoy aparsın oğulları gözəl gəlinlər.
Qara bulud asılmasın göydən heç zaman,
Yurdumuzun üzərində parlasın səhər.
Müharibə, qan olmasın, tufan olmasın,
Qısqanclığın atəşini söndürər ürək.
Kaş toy olsun, bayram olsun, hicran olmasın,
Kama yetsin ürəklərdə bəslənən dilək.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)