İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Rolları neçə-neçə insanların sevgisini qazanan Kamal Sunal 11 noyabr 1944-cü ildə İstanbulun Fatih rayonunun Küçükpazar məhəlləsində dünyaya gəlib. Ailəsi Malatya köklü olub. Dərslərində uğurlu olmasına baxmayaraq, zarafatcıl və oynaq xarakteri səbəbindən liseyi bitirməsi uzun çəkib. Daha sonra Marmara Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1980-ci il çevrilişindən sonra təhsilinə ara verib, lakin sonradan həm bakalavr, həm də magistr təhsilini uğurla tamamlayıb.
Aktyorluğa məktəb illərində başlayıb, ilk dəfə səhnəyə "Zoraki Tabip" adlı teatr tamaşasında çıxıb. Onun istedadı tez bir zamanda tanınıb və o, Ulvi Uraz, Kenter Teatrı və Devekuşu Kabare kimi məşhur səhnələrdə çıxış etməyə başlayıb. 1972-ci ildə rejissor Ertem Eğilmezin “Tatlı Dillim” adlı filmində ilk dəfə kamera qarşısına keçib. Bu film onun böyük ekranda uğurlu karyerasının başlanğıcı olub.
O, ən çox “Şaban” obrazı ilə tanınıb – saf, təmizqəlbli, sadəlövh, lakin vicdanlı bir insan. Bu obraz “Hababam Sınıfı”, “Süt Kardeşler”, “Tosun Paşa”, “Kapıcılar Kralı”, “Çöpçüler Kralı”, “Davaro”, “Zübük” və “Propaganda” kimi filmlərlə yaddaşlara həkk olunub. Onun çəkildiyi filmlər Türkiyə cəmiyyətindəki problemləri yumor vasitəsilə tənqid edib, eyni zamanda xalqın dərdlərini ekranlara gətirib.
1977-ci ildə “Kapıcılar Kralı” filmindəki roluna görə Antalya Qızıl Portağal Film Festivalında Ən Yaxşı Aktyor mükafatını alıb. “Düttürü Dünya” filmindəki performansına görə də mükafatlar qazanıb. Onun adına çoxsaylı mükafatlar və xatirə tədbirləri keçirilir.
2000-ci ilin 3 iyul tarixində, “Balalayka” adlı filmin çəkilişi üçün Trabzona uçarkən təyyarədə qəfil ürək tutmasından vəfat edib. O, cəmi 55 yaşında idi. Kamal Sunalın vəfatı bütün Türkiyədə və ətrafda onun filmləri ilə böyüyən milyonlarla insan üçün dərin kədər yaradıb.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)