BİRİ İKİSİNDƏ Xan Abdiullanın hekayəsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün nəsr vaxtıdır, sizlərə Xan Abdullanın “Dumru” adlı hekayəsi təqdim edilir.

 

 

Xan ABDULLA

DUMRU

 

– Dumru, dədən zəng eləyib, gör nə deyir, – çavuş gecəyarısı dedi.

– Dədə... – Dumru telefonu götürüb atası ilə danışmağa başladı. – Hə, dədə... Yox, yatmırdım... Dünən yatmışam... Özün nətərsən? Hə... Nənə neynir? Salam de... Özün nətərsən? Ayağın ağrımır? Hə, teyxa kolluqdur... Çöllük... Elə pis qoxusu var ki... İy verib iylənir... Yox, hələ aparmırlar... Bilirəm... Yağış yağır, səngərim sudur... Taleyin yazdığı gün budur... Sızıldayır yenə ürəyim... Bir, iki, sol... İrəli... Cijimi görürsən? Səngərdə... Yox, kazarma... Hə... Danışıram... Mən də darıxmışam, dədə... Hə, darıxmışam... Uşaqlar da salam deyirlər... Mahnı... Kim oxuyur? Mən oxuyum? Sonra oxuyaram... Bayaq oxumadım? Hə... Mən də sizi çox istəyirəm... Cırtdana salam de... Bağdad nənəyə də... Ölüb? Hə... Oğraşın oğlu... Gəlib üzümə deyə bilərmi bunu? Hə... Hə... Qadan alaram, ay dədə... Eybi yoxdur... Mən də səni çox istəyirəm... Mən də... Yox, qorxmuram... Mənə şillə vurdu, amma eybi yoxdur... Canı sağ olsun...

Dumru yumrusifət, həvədiş, şişqarın, ucaboy bir oğlan idi.  Yaşı iyirmi beşdən çox olmazdı. Uzun qolları, qıçları, böyük əlləri, ayaqları vardı. Çox vaxt gülər, gülümsünər, aradabir zarafat edib kimlərisə sancardı. Qəribə şakərləri vardı. Dərman, həb görən kimi götürüb udardı. Baxmazdı ki, bu, qarın ağrısı dərmanıdır, baş ağrısı dərmanıdır, yoxsa başqa bir şeydir... Yəqin, həblərin dadı xoşuna gəlirdi.

Hamımız deyib-gülsək də, zarafatlaşsaq da, özümüzü şən aparmağa çalışsaq da, özümüzlə fəxr etsək də, narahat, nigaran idik. Elə bilirdik ki, bir daha anamızı, atamızı, övladlarımızı görməyəcəyik, bir daha yaxşı bir filmə və ya futbol matçına baxmayacağıq, bir daha yaşadığımız şəhərdə, kənddə asudəcə gəzməyəcəyik, dostlarımızla çayxanada domino oynamayacağıq, bir daha və ya heç vaxt bir qızın dodağından öpməyəcəyik, bir uşağın başını sığallamayacağıq, evlənməyəcəyik, ata olmayacağıq, arzularımız gözümüzdə qalacaq... Dumru isə zərrəcə narahat deyildi. Sanki ata-anası ilə kifayət qədər vaxt keçirmişdi, bütün yaxşı filmlərə baxmışdı, öpə biləcəyi bütün dodaqları öpmüşdü, gəzmədiyi kənd, şəhər, ölkə qalmamışdı... Ya da necəsə gələcəyi görmüşdü, bilirdi ki, sağ-salamat evə qayıdacaq, narahat olmağa dəyməz...

Nədənsə “yumru” yox, “dumru” deyirdi – dumru daş, dumru masa, dumru baş... Özü də yumruca bir oğlan idi deyə, ona “Dumru” deməyə başladıq. Bu ayama ona çox yaraşırdı, özünün də xoşuna gəlirdi. Güləndə daha da “dumrulaşırdı”. Onun üzünə baxanda adamın kefi açılırdı. Kənddən, anasından, atasından, nənəsindən, inəklərindən, toyuqlarından danışırdı. Amma elə davranırdı ki, guya həyatda itirəsi heç nəyi yoxdur... Evlənməmişdi. Deyəsən, istədiyi qız da yox idi. Olsaydı, mütləq onun haqqında nəsə deyərdi. Beş-on gün ərzində bir-birimizə isinişmiş, doğmalaşmışdıq...

Gün ərzində ora-bura silah-sursat, ərzaq, dərman daşıyır, təlimlərdə iştirak edirdik. Çox vaxt boş olurduq. Müharibə haqqında düşünürdük. Gözləyirdik, elə hey gözləyirdik... Bu üzücü intizara tablaya bilmirdik, yorulurduq... Qorxmurduq, amma təlaşlı idik. Qisas hissi ilə alışıb-yanırdıq. İllərdir bu anı gözləyirdik. Amma yaşamaq istəyirdik... Bilmirdik başımıza nə gələcək... Başımızı necəsə qatmalı idik. Beş-on il qabaq hərbi uniformalarımızı soyunub şkafdan asanda ağlımıza da gətirməzdik ki, nə vaxtsa yenə əsgər paltarı geyinəcəyik... Bəziləri sanki harada olduqlarını, nə iş gördüklərini anşıra bilmirdilər. Dumru da onlardan biri idi. İlkinci gün yolda üst-üstə qalaqlanmış düşmən cəsədlərini görəndə, yanıq qoxusu burnumu dalayanda bir çox əsgərlər kimi, mən də qaytarmışdım. Dumrunun isə dünya-aləm vecinə deyildi. Sanki vücudu da, ruhu da keyimişdi. Hamımız imkan düşən kimi ailə üzvlərimizə, yaxınlarımıza zəng edirdik. Dumrunun isə kiməsə zəng etdiyini görməmişdim.

– Sən niyə zəng eləmirsən, Dumru? – bir gün ondan soruşdum.

Başını buladı, heç nə demədi.

– Dünən altı saat atası ilə danışıb da, – əsgərlərdən biri gülərək dedi. – Day nə danışsın?

Dumru ona tərs-tərs, çaşqın-çaşqın baxdı, yenə başını buladı.

Dumrunun qəribəliklərini sayıb qurtarmaq olmazdı. Gecədən səhərə kimi sayıqlayır, kimlərisə yamanlayır, söyür, kimlərəsə xoş sözlər deyir, mahnı, şeir oxuyurdu. Əvvəlki gecə Dumru yatanda çavuş ona boş, qara rəngdə bir sabunqabı verib demişdi:

– Dumru, atan zəng eləyib, götür, danış.

– Ata yox, dədə... – Dumru “telefon”u götürüb söyləmişdi. – Hə, dədə... Qadan alım sənin... Hər şey yaxşıdır... Hə, düşmənin belini qırmışıq... Toyuq varımdır...

Bu, köhnə bir əsgər zarafatı idi və işə yaramışdı. Dumru səhərə kimi atası ilə “danışmışdı”. Biz onun rabitəsiz sözlərinə qulaq asmış, uğunmuşduq. Bu zarafatı düz dörd gün davam etdirdik, Dumru nə az, nə çox, iyirmi-iyirmi beş saat atası ilə “gap elədi”.

Bir gün axşam yeməyindən sonra kazarmada söhbət edirdik.

– Bəlkə də, bu gecə bizi aparacaqlar... – mən dedim.

– Bəlkə də, bu gecə bəzilərimiz şəhid olacağıq... – əsgərlərdən biri söylədi. – Bəlkə də, bayaq ömrümüzdə axırıncı dəfə yemək yedik...

– Amma gərək öldürmədən ölməyək. Heç olmasa ikisini, üçünü öldürə bilsəm, rahat canımı tapşıraram.

Dumru ayaq üstə idi. Üzümə baxıb güldü.

– Cır xoruza oxşayırsan, – dedi. – Səndən şəhid olar? Otur oturduğun yerdə.

Hamı gülüşdü. Mən pərt oldum. Düzdür, boyum balacadır, sısqa, arıq-ələngə bir adamam. Amma müharibəyə könüllü gəlmişdim, bilirdim ki, necəsə orduya faydalı ola, vuruşa bilərəm. Özümdən yaşca kiçik bir oğlanın mənimlə bu cür zarafat etməsi, məni ələ salması xoşuma gəlməmişdi.

– Şəhid mənim kimi boy-buxunlu olmalıdır, – deyə Dumru davam elədi. – Daşı sıxsam, suyunu çıxararam...

Ayağa qalxıb Dumruya yaxınlaşdım və sifətinə şillə çəkdim. Hamı xırp kiridi, sanki şillənin şappıltısı bütün digər səsləri uddu. Elə bildim Dumru da məni vuracaq. Amma o gülümsədi, şaşqınca üzümə baxdı, əllərini yanına sıxdı, farağat vəziyyətində tərpənməz dayandı. Mən kazarmadan çıxdım. Siqaret yandırdım və anamı, atamı, qardaşımı, həyat yoldaşımı düşünüb için-için ağladım. Nədənsə neçə ildir yazmaq istədiyim romanın bədbəxt, yazıq qəhrəmanlarını da xatırladım. Dul ana, yetim uşaqlar... Bəlkə də, o romanı heç vaxt yazıb qurtara bilməyəcəkdim. İkinci siqareti birincinin oduna yandırdım. Onu da çəkib qurtarandan sonra qərara aldım ki, gedib Dumrudan üzr istəyim. Amma mən kazarmaya qayıdanda o artıq yuxuya getmiş, sayıqlamağa başlamışdı.

Səhər özü mənə yaxınlaşdı, üzümdən öpüb:

– Bağışla, – dedi. – Hər şey əvvəlki kimi olsun, dostum... Narahat olma. Burada bir-birimizdən inciyə bilmərik.

Mən də Dumrunun üzündən – şillə vurduğum yanağından öpdüm və ondan üzr istədim. Gülümsəyib başını buladı...

Ertəsi gün bizi yük maşınlarında döyüş bölgəsinə apardılar. Dağlıq ərazidən keçirdik. Yolda cəsədlər, partlamış, sıradan çıxmış tanklar, maşınlar və bir-birini qucaqlamış yulğunlar, kollar görürdük. Torpaq sapsarı idi. Yağış çisələyirdi. Hamı həyəcanlı idi. Mahnı oxuyur, deyib-gülür, özümüzü ürəkləndirməyə çalışırdıq. Təkcə Dumru silahını qucaqlayıb xorhaxor yatır, aradabir sayıqlayırdı.

Dağın ətəyi ilə uzanan yolun bir tərəfi bizim səngərimiz, digər tərəfi düşmən mövqeyi idi. Səngərdə başımıza mərmi, güllə yağırdı... Üç gün orada qaldıq. Artıq ölüm də gözümüzdə adiləşmişdi.

– Bir inəyim vardı, – həmin gün səngərdə oturduğumuz zaman Dumru mənə dedi. – Adı Arzu idi. Özüm qoymuşdum adını... Təpəl idi... Alnında dumru ləkə vardı. Həmişə qaşqasından öpərdim. Bir gün bunu qəssabxanaya aparıb satdım. Pul lazım idi. Qəssabdan pulumu aldım... Heyvanın yanında xeyli gözlədim... Gedə bilmədim... Bilirdim ki, bir azdan başını kəsəcəklər. Heyvan da hiss eləmişdi bunu... İndi elə bilirəm ki, mən də Arzuyam. Onun kimiyəm... Gözləyirəm...

 Qəfildən güclü partlayış səsi eşitdik. Udqunmaq istədim, udquna bilmədim. Başımı çevirdim. Axırıncı dəfə Dumrunu onda gördüm. Ayağa qalxmışdı... Başa düşə bilmədim, nə baş verir. Mühasirəyəmi alınmışdıq? Səngərin düz içinə minomyot mərmisimi düşmüşdü? Qırıcılarmı gəlmişdi? Pərən-pərən olub çaş-baş halda hərəmiz bir tərəfə səpələndik. Yenə partlayış baş verdi. Dalğası məni, bəlkə də, beş-on metr qırağa tulladı. Sanki başıma gürz çırpmışdılar. Heç nə eşitmir, əllərimi, ayaqlarımı tərpədə bilmirdim. Məşum, nəhs bir sükut məni çənginə almışdı. Elə bilmişdim ki, hansısa qara daşın düz yanına düşmüşəm. Sonradan başa düşdüm ki, o, daş deyil, mənim botinkamdır. Çığırırdım, amma öz çığırtımı eşidə bilmirdim. Üşüyürdüm, tir-tir titrəyirdim, su içmək istəyirdim... Hamı ora-bura qaçırdı, torpaq yağış kimi üstümüzə yağırdı... Nəfəsim, daha sonra gözlərim qaraldı, hər şeyi unutdum, yaddan çıxardım... Bircə onu hiss etdim ki, kimsə qolumdan yapışıb məni harasa sürükləməyə çalışır...

Gözlərimi palatada açdım. Dumrunun və bir neçə başqa döyüş yoldaşımın şəhid olduğunu öyrəndim. Sonra məni Bakıya gətirdilər. Uzun müddət xəstəxanada qaldım. Müharibənin başa çatması, zəfər çalmağımız elan olunanda da xəstəxanada idim. Ailəm hər gün yanıma gəlirdi... Nəinki iki-üç, heç bircə düşmən də öldürə bilməmişdim. Ağlımı, ruhumu, bədənimi bezdirici bir məhzuniyyət çulğasa da, artıq tayqıç olsam da, bir çox dostlarım, döyüş yoldaşlarım şəhadətə qovuşsa da, sevinirdim, fərəhlənirdim. Bilirdim ki, övladlarımız üçün bu bədəli ödəmişik. Biz ölmüşük, tayqıç, tayqol qalmışıq ki, nə vaxtsa balalarımız öldürülməsin, tayqıç, tayqol qalmasın...

Xəstəxanadan çıxdım. İki ay sonra mən və iki döyüş yoldaşım Dumrunun yaşadığı kəndə getdik, onun məzarını ziyarət elədik. Bizi Dumrunun nənəsi qarşıladı. Qanışirin, yumruca bir arvad idi, elə hey danışır, dil boğaza qoymurdu. “Dumru” ayaması ona da çox yaraşardı. Ağlayıb-sıtqamasında da bir şirinlik, gözəllik vardı. Dumrunun çox mərhəmətli, mərd, ürəyiyumşaq, mehriban bir uşaq olmasından uzun-uzadı danışdı. Dedi ki, yazıq bala Allahın toyuğunu da kəsə bilmirdi. Həyətdə təpəl bir inək gördüm. Arvaddan inəyin adını soruşdum. Dedi ki, adı Arzudur, rəhmətlik qoyub adını... Bəlkə də, o vaxt Dumrunun ürəyi dözməmiş, qəssabın pulunu qaytarmış, inəyi də götürüb əli ətəyindən uzun evə qayıtmışdı. Bəlkə də, bu, başqa bir inək idi. Təpəl olduğu, ona sevimli inəyini xatırlatdığı üçün bu adı qoymuşdu heyvana. Bilmirəm...

 Birlikdə kənd qəbiristanlığına getdik. Orada – döyüş yoldaşımızın məzarı başında arvaddan öyrəndik ki, Dumrunun atası o uşaq olanda, anası isə bir neçə il qabaq dünyadan köçüb. Dumru düz dörd gecə yuxuda mütəvəffa atası ilə danışmışdı. Yaxşı, yoxsa pis bir iş gördüyümüzü bilmirəm... Bəlkə də, Dumrunu anası ilə də danışdırmalı idik... Bilmirəm...

Dumrunun yetimliyindən xəbər tutanda sarsılmış, hönkürə-hönkürə ağlamışdım. Bütün vücudum keyimişdi. Sağ qolum sanki alışıb-yanmağa başlamışdı... Öz-özümə demişdim ki, kaş mərmi sağ əlimi də aparaydı...

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.