“Sözdən o yana mən varam” – Yubiley törəni Featured

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Poeziyamızın bəlkə də ən qəmli, ən kədərli, ən dərdli şeirlərinin müəllifidir Sabir Sarvan. Şənbə günü vəfatının növbəti ildönümündə Sumqayıtda şeirsevərlər onun şeirlərinin işığına yığışmışdılar... Onun 70 illiyini qeyd edirdilər...

 

Vaxt varıydı çarpışırdıq fələklə

Gündüz idi, Gecə idi, Mən idim.

Üç dost olub dolaşırdıq göyləri

Arzu idi, Xəyal idi, Mən idim.

 

Yaz sovuşdu payız girdi araya,

Ruhumuzu düçar etdi sarıya.

Çaşıb qaldıq yol çatanda yarıya

Qorxu idi, Ümid idi, Mən idim.

 

Nə gəzəsən sönən odda-ocaqda,

Keçən keçdi, qalan qaldı uzaqda.

Bir də gördük üçümüzük otaqda

Həyat idi... Ölüm idi... Mən idim...

 

Sumqayıtdakı Muğam Mərkəzində Azərbaycan ədəbiyyatına poetik incilər bəxş etmiş şair Sabir Sarvanın 70 illik yubileyinə həsr olunmuş tədbirin adı belə idi - “Sözdən o yana mən varam”.

Öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra şairin “Öldürdüm özümü” şeiri monitorda müəllifin öz səsində təqdim olundu.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayaraq yubiley tədbirinin məram və məqsədi haqqında məlumat verdi və sözü ədəbiyyatşünas, tənqidçi, araşdırmaçı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıya verdi.

Tədbirin moderatoru Nərgiz Cabbarlı çıxışında Sabir Sarvanın həyat və yaradıcılığı haqqında geniş bəhs etdi. Daha sonra şairin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirildi.

Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, millət vəkili Aydın Hüseynov, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, yazıçı-publisist, ədəbiyyatşünas Məti Osmanoğlu, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, şair-publisist Həmid Ormanlı, şair Zirəddin Qafarlı, Ağsu Ədəbi Birliyinin sədri Raqif Nazimoğlu, Sumqayıt ədəbi cameəsinin nümayəndəsi, şairin dostu Əli Niyazbəyli çıxış edərək şairlə bağlı xatirələrini bölüşdülər və onun yaradıcılığı haqqında fikirlərini söylədilər.

Türkiyənin ünlü isimləri - şair, yazar Fethi Akın, musiqiçi Fərhat Livaneli, rəssam Kemal Uğur, musiqiçi, bədii qiraətçi Mehmet Peker tədbirə onlayn qoşularaq Sabir müəllimlə bağlı düşüncələrini paylaşdılar. Türkiyənin ünlü bəstəkarı Ayzer Büyükerin Sabir Sarvanın sözlərinə bəstələdiyi mahnılar monitorda  səsləndirildi.

Tədbirin bədii hissəsində Əməkdar artistlər İzaməddin Bağırov və Cəlal Məmmədov, eləcə də bədii qiraətçi Müşfiqə Baləddinqızı şairin şeirlərini səsləndirərək məclisə xoş ovqat bəxş etdilər.

Əməkdar artist Elnarə Abdullayeva, müğənnilər Daşqın Kürçaylı və Nəzrin Hüseynlinin ifasında səslənən, şairin sözlərinə bəstələnmiş mahnılar isə tədbirə xüsusi ab-hava qatdı.

 

Vaxtında ölmədim, indi də gecdi,

Hər nədi bu ömrü yaşayam gərək.

Çox da ki gözlərim doyub dünyadan,

Çox da ki soyuyub sinəmdə ürək.

 

Qarışıb rəngləri, dünyanı daha,

Təkcə ağ-qaraya bölmək çətindi.

Ömrüm uzun çəkdi, düşman qazandım,

Düşman qazandınsa, ölmək çətindi.

 

Qoymaz gecələri çimir etməyə,

Bəlkə də o məndən sayıqdır ancaq.

Bir gözüm yuxuya getsə də mənim,

Bir gözüm həmişə oyaq qalacaq.

 

Qalmışıq göz - gözə, səngər - səngərə,

Belə qalasıyıq son günə kimi.

Düşmanlı adamın çıxır ağzından,

Sonuncu nəfəsi son güllə kimi.

 

Vaxtında ölmədim, indi də gecdi,

Hər nədi bu ömrü yaşayam gərək.

Çox da ki gözlərim doyub dünyadan,

Çox da ki soyuyub sinəmdə ürək.

 

Şairlər heç vaxt ölmürlər. Onlar sanki səmalara çəkilib oradan öz şeirlərini pıçıldayırlar. Sabir Sarvan kimi.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.