İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
‘’Mənim yaratdığım sənət əsərləri bu gün xalq tərəfindən, sənətsevərlərtərəfindən sevilərək yaşarsa, onda bir sənətkar kimi mən də yaşayacağam’’- Hacıağa Nəzərli
Rəssamlar İttifaqının sədri,xalq rəssamı Fərhad Xəlilov Hacıağa Nəzərli barədə deyib: ‘’Hacıağa müəllim xalqımızı dünyaya tanıtdıran sənətkarlardan olmuşdur. Əsərləri müxtəlif xarici ölkələrdə nümayiş etdirilib. O, həm sənətkar, həm də vətəndaş borcunu layiqincə yerinə yetirib. Düzlüyü, prinsipiallığı ilə seçilib. Ürəyindən keçənləri daim heç kimdən heç nədən çəkinmədən deyib’’.
Xalq artisti Polad Bülbüloğlu deyib: ‘’Hacıağa Nəzərlinin təsviri sənətimizin inkişafında və təbliğində göstərdiyi xidmətlər əvəzsizdir. Müxtəlif janrlarda, xüsusən plakat janrında yaratdığı əsərlər bu gün də öz aktuallığını itirməyib’’.
Bu isə SSRİ xalq artisti Zeynəb Xanlarovanın dedikləridir: ‘’Dünyanın çox yerində olmuşam, hər yerdə müxtəlif rənglər görmüşəm. Məncə, dünyada ən gözəl rənglər Azərbaycandadır. Bu rənglərin hamısı Hacıağa Nəzərlinin əsərlərində var. Mənə elə gəlir ki, Hacıağa müəllim təkcə rənglərlə işləmir,o, həm də yeni rənglər yaradır’’.
***
Hacıağa Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Karyegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyub.
1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirib. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub.
Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışıb. Dərin rəng hissiyatına, kompozisya duyumuna malik firça ustası rəssamlığına bütün janrlarında rəngkarlıq, qrafika, illüstrasiya, plakat, reklam və teatr tərtibatı, impressionizm cərəyanı sahəsində sənət nümunələri yaradaraq çağdaş təsviri sənətimizin banilərindən biri olub. O, “Hüseyn Cavid”, “Cəfər Cabbarlı və Mikayıl Müşfiq Xızıda”, “C.Cabbarlıya həsr olunmuş “Hey sən əski dünya təslim ol”, “Mikayıl Müşfiq qayada”, “Ziya Bünyadov”, “M.F.Axundov”, “Səadət”, Ağ şanı, qara şanı” və s. əsərlər yaradıb.
55 il yaradıcılıq yolu keçən Hacıağa Nəzərli nəinki respublikanın ayrı-ayrı rayonlarında, keçmiş SSRİ-nin respublikalarında eləcə də Hindistan, Bolqarıstan, Yuqoslaviya, Avstriya, Malayziya, Sinqapur” və s. yaradıcılıq ezamiyyətlərində olub. Bir çox diplom, mükafatlara layiq görülüb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü olub.
Hacıağa Nəzərli 1982-ci ildə Azərbaycan SSR-ın əməkdar rəssamı fəxri adına layiq görülüb. Həmçinin Xızı rayonunda fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzi rəssamın adını daşıyır.
***
AzərbaycanJurnalistlərBirliyinin üzvü, Pedaqogika üzrə fəlsəfə doktoruQafar Əsgərzadə onun barəsində yazdığı məqaləsində maraqlı məqamlara toxunub:
-Klassik ədiblərimizi əsərlərinin baş qəhrəmanı adlandıran rəssam deyirdi: ‘’Siz Azərbaycan ədəbiyyatının daim sönməyən parlaq ulduzlarısınız. Siz öz sənətinizin qüdrəti ilə ölməzlik qazanmısınız. Ölməz, cahanşümul sənətiniz mənim də yaradıcılığıma siraət edib’’.
-Xalq rəssamı Kamil Əliyevin təbirincə desək, Hacıağa müəllim sənəti yaşadan sənətkardır. O, bütün fəxri adlara və mükafatlara layiq şəxsiyyətdir. Həyat yoldaşı Böyükxanım ananın xatirələrində deyilir ki, əməkdar rəssam adını aldığı gün ömrünün ən bəxtəvər anı idi.
-Yetmiş səkkiz illik ömür payının 55-ni səxavətlə sənətinə həsr edən Hacıağa müəllim həyat yollarında çox çətinliklərdən şərəflə, alınaçıq çıxmışdı. Çoxları onu sərt adam kimi tanıyırdı. Lakin bu cəhət düzlükdən, haqsızlıqla barışmazlıqdan irəli gəlirdi.
-Fırçasını təsviri sənətin bütün janrlarında sınayan H.Nəzərli rəssamlığa plakatçılıqdan başlamışdı. Tezliklə də tanınmışdı. Sonralar impressionizm üslubunda yaratdığı əsərlər böyük rezonansa səbəb oldu. Rəngarəng portretlər qallereyası maraq doğurur. ‘’H.Cavid’’, ‘’C.Cabbarlı’’, ‘’M.Müşfiq’’, ‘’M.F. Axundov’’, ‘’Z. Bünyadov’’ əsərlərində qəhrəmanlarının daxili dünyasını, hiss və həyəcanlarını yüksək məharətlə çatdıran Hacıağa müəllim onları özünün duyduğu, gördüyü tərzdə təsvir edib.
-M.Müşfiqin yaradıcılığına dərindən bələd olan rəssam, şairin zəngin poeziyasından səmərəli surətdə faydalanmışdır. ‘’Yenə o bağ olaydı’’ şeiri əsərin məkanını müəyyənləşdirib, rəssam xəyallarını qayalıqlar arasına, Xəzərin qumlu sahilinə, göy sular səltənətinə aparıb; tablonun ruhuna, portretin psixologiyasına, qəlb aləminə, düşüncəsinə gəldikdə isə deməliyik ki, burada, ‘’Yenə o bağ olaydı’’ şeiri ilə yanaşı, rəssama başqa şerlər də qida verib, onun janr xüsusiyyətini dərindən duymağa kömək edib’’.
-Hacıağa Nəzərlinin yaradıcılığında ‘’Cəfər Cabbarlı və Mikayıl Müşfiq Xızıda’’ rəngkarlıq lövhəsinin də xüsusi yeri vardır. Əsərdə mavi dağ fonunda Cəfər Cabbarlı və Mikayıl Müşfiq yanaşı təsvir edilmişdir. Tarixi həqiqət belədir ki, həmyerli sənətkarlar arasında yaxınlıq, ayrılmaz dostluq, yaradıcılıq əlaqəsi olmuşdur. Əsərdən görünür ki, M.Müşfiq görkəmli dramaturqa öz müəllimi kimi baxmış, ondan öyrənmişdir.”
***
Hacıağa müəllimin plakatlarında sülh mövzusu üstünlük təşkil edir. II Dünya Savaşının dəhşətlərini gözləri ilə görmüş, 4 illik döyüş yolu keçmiş bir insan, əlbəttə ki, xalqına sülh, əmin-amanlıq arzulayardı. Lakin tale elə gətirdi ki, ömrünün son illərini də Qarabağ müharibəsinin ağrı-acısı ilə başa vurdu.
H.Nəzərli 2001-ciilmayayının 18-də 78 yaşındavəfatedib. Yasamal rayon qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.03.2026)


