F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və "Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək" İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” adlı layihənin ilk işarət dili təlimi baş tutub.
“Ədəbiyyat və incəsənət” prtalına Kitabxanadan verilən məlumata görə, təlimi tərcüməçi və təlimçilər Şamil Sabirzadə və Könül Quliyeva aparıblar. Təlim zamanı iştirakçılara işarət dilinin yaranma tarixi, inkişaf mərhələləri və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Təlimdə tələbə - gənclər, eləcə də kitabxana əməkdaşları iştirak ediblər.
Təlimçilər bildiriblər ki, işarət dili eşitmə məhdudiyyətli insanların əsas ünsiyyət vasitələrindən biri olmaqla yanaşı, özünəməxsus qrammatikası və strukturu olan müstəqil bir dildir. Həmçinin, qeyd olunub ki, işarət dili üç əsas hissədən ibarətdir: daktil (barmaq əlifbası), mimika və dodaq oxuma. Bu elementlərin birlikdə istifadəsi ünsiyyəti daha aydın və anlaşıqlı edir.
Təlim zamanı iştirakçılara işarət dilində bəzi əsas söz və ifadələr, gündəlik ünsiyyətdə istifadə olunan jestlər praktiki şəkildə nümayiş etdirilib. İştirakçılar təlimçilərin rəhbərliyi ilə müxtəlif söz və ifadələri işarə dili vasitəsilə ifadə etməyə çalışaraq praktiki məşğələlərdə iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd işarət dili haqqında məlumatlılığı artırmaq, eşitmə məhdudiyyətli şəxslərlə ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə vermək olub. Təlimdə iştirak edənlərə sertifikatlar təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)


