İlhamə Qəsəbova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
“Ədəbiyyat və incəsənət” portalı bu dəfə sizə çoxunuzun ilk dəfə adını eşitdiyi qımqımalar barədə danışacaq. Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Aşıq yaradıcılığında qımqımalar” araşdırmasını Qazax aşıq mühiti əsasında ərsəyə gətirmişdir. Bəri başdan deyək ki, oxuyanda əsla peşiman olmayacaq, bu baməzə janrın nümunələrindən hətta həzz alacaqsınız.
İllərdi Aşıq yaradıclığında araşdırmalar aparılsa da, aşıqların yaradıcılığı toplanılmasına baxmayaraq yenə də toxunulmamış mövzular qalmaqdadır. Bu baxımdan Qazax aşıq mühitinə mənsub "qımqıma”lar maraq kəsb edəcəkdir. Qımqıma sırf oynaq və ritmik janrdır. Onun əsas mahiyyəti sözlərin deyil, ahəngin və hərəkətin üzərində qurulmasıdır. Qımqıma, bayatı və bədihə formada səslənən janrlarla oxşardır və şifahi xalq ədəbiyyatının üslubudur. Qımqımalarda Folklor obrazları da vardır: ciji, nənə, Göyçək, Aşıq, Məmməd, çoban. Qımqıma çox vaxt satirik tənqid janrı funksiyasını yerinə yetirir. Burada içkiyə qurşanmış, ailəsində zorakılıq edən, amma cəmiyyətdə “havalı” görünməyə çalışan adamlar yumşaq tərzdə tənqid edilir. Yəni burada həm zarafat, həm də sosial mesaj var. Bu gün bəzi qımqımalar daha çox meyxanalarda olduğu kimi kişi məclislərində, özəlliklə də gənclərin və cavanların yığışdığı məclislərdə söylənilir. Bəzi qımqımalar isə artıq toylarda səslənməkdədir, məclislərdə şənlik yaratmaq, dinləyiciləri güldürməklə yanaşı həm də eyibləri yumorla göstərməkdir. Qımqımalar təkcə aşıqlar tərəfindən deyil qadınlar tərəfindən də yaradılır.
Qazax mahalının folkloru həm zəngin, həm də özünəməxsusluğu ilə seçilir. Qazax mahalının aşıq mühiti elmi müstəvidə öz əksini tapmağına baxmayaraq bir çox sahələri vardır ki, xalq tərəfindən yaşadılsa da elmi baxımdan araşdırılmamış qalmışdır. Düşünürük ki, bu baxımdan "Söz biliciləri"nin iti yaddaşı və bilicilik yükü, eləcə də "Qımqıma"lar elmi araşdırılmalı və təhlil edilməlidir. “Qımqıma” Azərbaycan aşıq sənətində bəzi bölgələrdə, xüsusilə Qazax‑Ağstafa ərazilərində bədahətən söylənən bədihə üsulunu ifadə edən lokal termindir. Bu söz danışıq dilində, əsasən narazı, qaşqabaqlı, dodaq büzən, mızıldanan halı ifadə edir. Rəsmi ədəbi dildə normativ söz sayılmır amma bədii mətnlərdə və canlı danışıqda işlədilir. Uşaq yenə qımqıma edib, heç nəyə razı olmur, Qımqıma-qımqıma danışma kimi ifadələr buna misal ola bilər. Qımqıma termini bu mühitdə bədahətən, zərif şəkildə ifadə olunan şifahi poeziya janrını işarə edir. Qımqıma bayatı və bədihə formada səslənən janrlarla oxşardır və şifahi xalq ədəbiyyatının üslubudur. Əsasən toylarda, şənliklərdə, saz-söz məclislərində, bəzən də kənd camaatı arasında ritmik, satirik, bir az da lağlağı üslubunda oxunur.
Qımqıma Qazax mühitində məşhur olan komik-improvizə janrıdır desək daha doğru olar. Əsas funksiyası məclisi əyləndirmək, dinləyicini güldürmək və gündəlik həyatdakı kiçik eyibləri, adətləri satirik tərzdə, heç kimin qəlbinə toxunmadan söyləməkdir.
Qımqıma janrına aid konkret aşıqların ifasında nümunələr, onların sözlü mətnləri və strukturu vardır. Aşıq Avdı Qaymaxlının yaratmış olduğu "İncə Gülü" aşıq havası vardır ki, bu da qımqımadır. Hər bir havacatın yaranma səbəbi və tarixi olduğu kimi, Aşıq Avdının şəyirdlərinin dediyinə görə “İncə gülü” havası da 1948-ci ildə belə yaranıb: Aşıq Avdının evinin arxa tərəfi kolxoz bağı olub. Aşıq həmişə bu bağa çəkilər təbiət qoynunda fikrə dalar, təbiətdən ilham alarmış. Deyilənə görə, cavanlığında sevgilisi Mehribanla da burada görüşərmiş. Bir gün yaxın dostu Kəmərli İdris oğlu Məmməd Aşıq Avdıgilə qonaq gəlir, görür ki, aşıq evdə yoxdur. Aşığın həyat yoldaşı Yasəmən xanım görür ki, yenə adəti üzrə aşıq kolxoz bağına çəkilib nəsə yazır. Elə bu vaxt Aşıq Cəlal və Aşıq Yəhya da ustadın yanına şəyirdliyə gəliblər. Bir az keçməmiş görürlər ki, aşıq Qımqıma deyə-deyə evə sarı gəlir. Soruşurlar ki, usta nə oxuyursan? Cavab verir ki, təzə hava yaratmışam, bu da sözləridir. Elə oradaca havanı şəyirdlərinə öyrədir. Havanın yaranmasının ən etibarlı şahidi aşığın oğlu Aşıq Sadıq Avdıoğlu da deyilənləri təsdiqləyirdi (toplama mətni 2007-ci il Aşıq Sadıq).
O gün bu gün “İncə gülü” havası aşıqların dilində məclislərdə ifa olunur. Aşıq Avdının “İncə gülü” havası oynaq şən havadır. Sözləri isə aşağıdakı kimidir:
Bir gün durdum çıxdım gülşən seyrinə,
Gördüm ki, bülbüllər gülə yalvarır.
Bənövşə boynunu büküb nərgizə,
Nərgiz özü şirin dilə yalvarır.
Bir yanda dayanmış xumar gözlü yar,
Bağda hər çiçəyin bir nəşəsi var.
Bir neçə addım da bulaqdan kənar,
Lilpar batıb dərin lilə yalvarır.
Hər otun başında var bir piyalə,
Yasəmən dalğındı batıf xiyalə.
Mehriban çıxanda sorğu-suvala,
Avdı yaşın silə-silə yalvarır.
Bir versiyaya görə isə İncə gülü aşıq havası bir məclisdə Qımqıma şəklində ortaya çıxıb. Bu bəndlər həm də bədahətən şifahi səslənmə nəticəsində əzbərlənərək yadda qalıb və havacata çevrilib.
Daha bir nümunə: Ələddin adlı bir şəyird Aşıq Avdının yanına gəlirmiş ki, ustaddan aşıqlıq sənətini öyrənsin. Ancaq bu şəyirdin davranışı, ürcöyüşü (Qazax ağzında ürcöyüş oturub-durması, davranışı deməkdir) ustad aşığın xoşuna gəlmir. Bir gün aşıq həyat yoldaşına deyir ki, heyvanı çölə qatanda Ələddinlə get. Qayıdanda soruşur ki, arvad, bu uşaq, gedib gələndə heç qımqıma dedimi? Yasəmən qarı deyir ki, vallah, a kişi, qımqıma nədi, heç ağzını belə qımıldatmadı. Aşıq Avdı deyir ki, arvad, onda bundan aşıq olmaz. O gündən Aşıq Avdı o uşağı aşıqlıqdan uzaqlaşdırır. Çünki aşıqlar ən azından ilk mərhələni Qımqıma ilə başlayırlar.
“İncəgülü” havasının arxetipində İncə dərəsində məşhur olan “qımqıma” – el havacatı və folklor janrı durur. “Hər bir vəzn ayrı-ayrılıqda müəyyən bir musiqi ahəngi ilə əlaqədar meydana gəldiyi üçün aşıq şeiri öz təbiəti etibarı ilə daha oynaq və rəvan olur”. Qımqıma folklor-nitq janrının ahəngi bu saz havasının melodiyasını müəyyənləşdirmişdir. Qımqımalar daha çox İncəli yörəsində geniş yayılmış folklor janrıdır, onu həm də “nitq janrı” (M.M.Baxtin) kimi səciyyələndirmək olar. Qımqımılar improvizasiya şəklində müəyyən havacatla oxunan yığcam söyləmlərdir, adətən qadınlar tərəfindən də söylənilir.
Oqtay Xaloğlunun “Layla de Layla” qımqıması da dillər əzbərinə çevrilib. Azərbaycan aşıqları ilə yanaşı Türk aşıqlarından Maksut Fəryadi də ifa etmişdir. Məmməd Dəmirçioğlu yazır ki, “Oqtay başını onun dizləri üstünə qoyub, əllərini ovcunun içində tutaraq barmaqlarını sığallayırdı. Nişan üzüyü barmağında laxlayırdı. Xeyli sınıxmışdı Oqtayın dilbər xanımı. Sevgilisinin dizləri üstündə xumarlanan Oqtay, çılğınlığı ilə ətrafını lərzəyə gətirən Oqtay yaman fağırlamışdı. Gözləri məchul bir nöqtəyə zillənmişdi. Dodaqaltı pıçıltıları qımqımıya, sonra isə zümzüməyə çevrildi. Oqtay oxuyur, Vəzzuhənin göz yaşları puçur-puçur olub Oqtayın dən düşmüş saçlarını suvarırdı. Bədahətən, dərdin sinəsinə dağ çəkə-çəkə oxuyurdü Xaloğlu:
Ötüb ömrün köçü, çata bilmirəm,
Al məni qoynuna, layla de, layla.
Özgə laylasına yata bilmirəm,
Al məni qoynuna, layla de, layla.
Bir layla de, yuxum ərşə calansın,
Bir layla de, yolnan gedən dayansın.
Bir layla de, küskün könlüm oyansın,
Al məni qoynuna, layla de, layla.
Xalloğlu dayanıb yoların üstə,
Belə şirin qeylü-qalların üstə.
Qapansin gözlərim qolların üstə,
Al məni qoynuna, layla de, layla.
Qımqımaların Janr xüsusiyyətini aşağıdakı kimi sıralamaq mümkündür:
1) Azərbaycan şifahi xalq ədəbiyyatında satirik-yumoristik janra aiddir.
2) Məişət yönümlülük – gündəlik həyat, ailə münasibətləri, qonşuluq və sosial mühit mövzularını əks etdirir.
3) Satira və yumor – əsas məqsədi tənqid etmək, istehza və zarafat yolu ilə eybəcərlikləri göstərməkdir.
4) Şifahi ənənə – xalq arasında söz atma, qarşılıqlı dialoq və improvizə formasında yaranır.
5) Sadə quruluş – qısa, yığcam və asan yadda qalan bədii formaya malikdir.
6) Funksiya – həm əyləndirici, həm düşündürücü, həm də sosial tənzimləyici rol oynayır.
7) Mədəni dəyər – xalqın yumor hissini, estetik düşüncəsini və məişət üslubunu qoruyub saxlayır.
Aşıq Qərib İncəlinin ifa etdiyi “Yetərəm ədə” qımqıması Yetər qarının dilindən deyilir:
Ədə belə deyir Yetərəm ədə,
Yertərəm ağrın alem.
Ədə malını qoynunu istəmerəm
Ədə quruca canına betərəm ədə.
Yertərəm ədə.
Deyir Leyli kimdi,
Məcnun kimdi Ədə
vallah mən Leylidən betərəm Alı,
betərəm Alı.
Ədə soruşollar kimin qızısan.
Eyib oğlu Usufun qızı Yetərəm ədə
Yetərəm ədə.
Sənnən ötrü maral inəyi sataram Alı,
sataram Alı.
Yetərəm ədə Yetərəm Alı.
Ədə Əlim qurud əzer,
gözüm səni gəzer,
Yarınam Alı, yarınam Alı,
Səninəm Alı, Yetərəm ədə Yetərəm Alı.
Aşıq Qərib İncəlinin də ifasında “Yetərəm Alı” qımqıması ifa edilir. Mövzu etibariyə eyni olsa da bəzi fərqliliklər də vardır. Qeyd edək ki, qımqımalarda çoxvariantlılıq vardır. İmprovizə vaxtı Aşıq bədahətən məclisə və məclisdəkilərə uyğun sözlərdə dəyişiklik edə bilir.
Deyir Qara, Qara, qaşqarlı Qara,
Lilləndi, neynim, lilləndi, neynim.
Əyə, qora-qora saçları külləndi, neynim,
Ədə, Qara, Qara, qaşqarlı selləndi, neynim.
Selləndi, neynim, ədə, bə deyirdin:
– Yaz olanda gələjəm, yonca bitəndə gələjəm.
Yaz açıldı, yonca da bitdi,
Bə niyə gəlmədin, ay Qara,
Qara Məmməd, qap qara Məmməd.
Deyir: xançalına gülşən,
Bostanına yemşəm,
Ədə, tərsən, tərsən demişəm,
Qara, qap qara Məmməd.
Qara balan ağlıyır,
Sana balan ağlıyır.
Dağlara, dağlara, göy dağa göndər,
Çələmə döndər, çiyələməyə döndər.
Ayə deyir: Qara balan ağlıyır,
Sana balan ağlıyır, ay Qara Məmməd,
Qara Məmməd, qap qara Məmməd.
Ayə deyir: ağ qoynun ağlara qaldı,
Ağ şalın dağlarda qaldı,
Dağlara, dağlara qaldı.
Kələmə döndər, bələ göndər,
Ay Qara Məmməd.
Ağ donun ağlara qaldı,
Ağ şalın dağlara qaldı,
Dağlara göndər, gön dağa göndərmə,
Dəli dağa göndər, ay Qara Məmməd,
Ay Qara Məmməd.
Qara Məmmədin qımqıması da ritmik oxunuş formasındadır. Ümumiyyətlə Qımqıma sırf oynaq və ritmik janrdır. Onun əsas mahiyyəti sözlərin deyil, ahəngin və hərəkətin üzərində qurulmasıdır. Adətən bir nəfər oxuyur, digərləri isə vurğularla qoşulur, bəzən “ayə”, “ədə” kimi nidalarla müşayiət olunur. Başlayan aşıq və ya ifaçı ilk bəndi oxuyur. Digərləri isə təkrar olunan misraları (“Qara Məmməd, qap qara Məmməd”) oynaq şəkildə cavablaya bilirlər. Ritm 3/4 və ya 6/8-lik oynaq ölçü ilə gedir; oxuma zamanı əllə çalınan ritm -diz, masa və ya qaval üzərində müşayiət edilə bilir. Bəzən rəqs hərəkətləri də paralel icra olunur. Burada rəqs xüsusilə çiyinlər, əl-qol hərəkətləri ilə olur.
“Deyir Qara, Qara, qaşqarlı Qara,
Lilləndi neynim, lilləndi neynim”... bunu birlikdə, xorla da oxumaq mümkündür.
“Qara Məmməd, qap qara Məmməd!” beləcə, hər bənddə oxuyan əsas mətni deyir, kütlə isə təkrar olunan misraları ritmik şəkildə cavablayır. Bu da məclisdə oynaq ab-hava yaradır. Qımqımanın gözəlliyi ondadır ki, hər dəfə ifa zamanı sözlər bir az dəyişə, improvizə oluna bilər – əsas məsələ ritm, ahəng və zarafatlı ab-havadır.
Aşıq Şaiqin yaradıcılığında yer alan "İncə qımqımıları", o cümlədən “Ay bava gödək bava” və “Danaçı İrvam” kimi ifalar repertuarını daha da genişləndirir. Aşağıda Çovan İvraamahəsr olunmuş qımqımanı təqdim edirik.
Ayə belə, mənə dərman, ay İvraam,
Çovan İvraam, aya İvraam.
Məni sənnən eyliyən ölsün,
Çovan İvraam, ay İvraam.
Çovan İvraam, ay İvraam,
Çovanların çovanıydın, ay İvraam.
Söz vermişdin gələjəm, ay İvraam,
Bə niyəlmədin, ay İvraam.
Gözlədim, gəlmədim, ay İvraam,
Ay İvraam, çovan İvraam, aya İvraam.
Söz vermişdin dağa gedək, ay İvraam,
Bə niyəlmədin, ay İvraam.
Gəl dağa gedək, ay İvraam,
Qoşa gedək, ay İvraam.
Çovan İvraam, ay İvraam,
Danaçı İvraam, ay İvraam,
Yalançı İvraam, ay İvraam, ay İvraam.
Gəl dağa gedək, ay İvraam…
Bu qımqıma da olduqca maraqlı satirik-yumoristik xüsusiyyət daşıyır. Mətnin mərkəzindəki obraz olaraq Çovan İvraam dayanır. Çovan İvraam (Çoban İbrahim) vədlərinə əməl etməyən, yalançı bir şəxs kimi təqdim olunur. Burada əsas məqsəd həm zarafat və istehza, həm də sosial tənqid yaratmaqdır. Qaravəllinin srtukturundakı təkrarlar (“Ay İvraam”, “çovan İvraam”) şeirə ritm və melodikliyi gətirir. Qısa misralar, sadə söz seçimi və təkrarlar şifahi ənənəni xatırladır. Bu struktur həm yadda qalan, həm də icra olunanda təbiiliyi qoruyan bir formadır. Bəlkə də elə buna görədir ki, tez yadda qalaraq dildən-dilə keçib. Obraz olaraq Çovan İvraam həm satirik, həm də yumoristik obraz kimi verilir. “Danaçı İvraam”, “yalançı İvraam” kimi ifadələr məhz istehzalı tənqid vasitəsidir. Obraz vasitəsilə həm də gündəlik həyat və sosial münasibətlər əks olunur. Bu qımqımada sosial və mədəni aspekt çobanlıq və dağ həyatıdır. Bəllidir ki, Qazax bölgəsi həyat tərzinə görə həm də “Tərəkəmə” həyatı yaşayanlardır. Elə bu Qımqıma çobanlıq və dağ həyatına aid mövzuları ifadə edir. Bu da xalqın həyat tərzi və mədəni ənənələrini əks etdirir. Qımqımalar ictimai münasibətləri yumorla tənzimləyən, həmçinin əyləncə və düşündürücülük funksiyasına malikdir. “Çovan İvraam” qımqımaların klassik xüsusiyyətlərini özündə birləşdirir. Burada daha çox rastlanan sadə dil və gündəlik mövzular, Ritmik və təkrarlanan quruluş, yumor və satira ilə sosial tənqid, Şifahi xalq ədəbiyyatının ritm və melodikliyi birləşir. Bu nümunəni həm şən və əyləncəli, həm də sosial mesaj daşıyan bir folklor məhsulu kimi dəyərləndirmək olar. Aşıq Əsgərin (Osmanov) “Havalan ədə” qımqıması da bu baxımdan xarakterikdir.
Ayə deyir, atmağa qrantamyotun da yoxdu,
Aralan ədə, aralan ədə.
Ayə, cijin də səni mənə vermədi,
Havalan ədə, havalan ədə, havalı Göyçək.
Civində bir nizamin də yoxdur,
Aralan ədə, aralan ədə.
Ayə deyir, gedif işdiyif gəlirsən,
Axşam bədəni tərli gəlirsən.
Arxın qırağında yaxalan ədə,
Yaxalan ədə, havalı Göyçək.
Gedif içif gəlirsən,
Evdə arvad-uşağı döyörsən.
Gedək mənnən məscidə,
Tovalan ədə, tovalan ədə, tovalan ədə.
Savaxdan yeyif içirsən,
Aşığa verməyə
Bir Məmmədin də yoxdur,
Aralan ədə, aralan ədə.
Janr xüsusiyyətinə görə bu nümunə klassik Qımqıma janrına aid olmaqla həm oynaq havaya, həm də söz oyunu və improvizasiya ilə qurulan məzmununa görə seçilir. Hər bir misrada təkrar elementləri (“aralan ədə”, “havalan ədə”, “tovalan ədə”) ritmi gücləndirir, kollektiv ifa imkanını artırır. Qımqımanın satirik çaları çox olduğundan mətn zarafatla başlayır (“atmağa qrantamyotun da yoxdu”), amma ardınca gündəlik məişət problemlərinə yönəlir. Məsələn “gedif içif gəlersən, evdə arvad uşağı döyörsən” deməklə həm də məişət problemi qabardılır. “Arxın qırağında yaxalan”, “məscidə getmək”, “aşığa verməyə pulun da yoxdur” kimi ifadələrdə xalq həyatının məişət reallıqları əks olunur. Ritmik olaraq “aralan ədə”, “tovalan ədə” kimi təkrarlar həm ritmik, oynaq səs yaradır, həm də məclis iştirakçılarının cavab verməsini təmin edir.
Qımqıma çox vaxt satirik tənqid janrı funksiyasını yerinə yetirir. Burada da içkiyə qurşanmış, ailəsində zorakılıq edən, amma cəmiyyətdə “havalı” görünməyə çalışan adam tənqid edilir. Yəni həm zarafat, həm də sosial mesaj var. Əsas sətirləri bir nəfər oxuyur; Təkrar olunan “aralan ədə”, “havalan ədə”, “tovalan ədə” misralarını isə kütlə birlikdə cavablayır; Bu cür cavablaşma məclis ab-havasını oynaq və gülməli edir. Bu cür qımqımalar daha çox meyxanalarda olduğu kimi kişi məclislərindən, özəlliklə də gənclərin və cavanların yığışdığı məclislərdə söylənilir. Bu bir növ məclislərdə şənlik yaratmaq, dinləyiciləri güldürməklə yanaşı həm də eyibləri yumorla göstərməkdir.
Son zamanlar Aşıq Ceyhunun ifasında səslənən daha bir məşhir “qaynanan ölsün” qım-qıması çox geniş yayılıb.
Ədə, öylən toyunu görmək istər,
Öylən ay nənən ölsün, öylən ay nənən ölsün.
Öylən ay nənən ölsün, öylən ay nənən ölsün.
Ədə, nənə pensiyasınnan kişi olubsan,
O day-day, nənən ölsün,
Öylən ay nənən ölsün.
O day-day, nənən ölsün,
Öylən ay nənən ölsün.
Deyir: belə hey qarğar yandığından,
Ədə qarğamar ha qandığından,
Elə verəcək sandığından,
Sənə pay – nənən ölsün,
Öylən ay nənən ölsün,
O day-day, nənən ölsün.
Dedim: hey, hər qanunu bir olacaqsa,
Ədə, qızınnan əlbir olacaqsa,
Elə mənim qaynənəm kimi kür olacaqsa,
Onda qaynənən ölsün,
Görüm qaynənən ölsün,
Onda qaynənən ölsün.
Öylən ay nənən ölsün,
Vapşe qaynənən ölsün,
Öylənmə – ay nənən ölsün!
Yuxarıda təqdim etdiyimiz Qımqıma Aşıq Ceyhun tərəfindən yaradılıb. Bu tip nümunələr həm məişət satirası, həm də məclis yumoru üçün çox xarakterikdir. “Ədə öylən toyunu görməy ister” 11 hecalıdır. “İster” isə dialekt sözüdür. “Öylən ay nənən ölsün, öylən ay nənən ölsün” 7 heca ya düşür və təkrar olunaraq ritmik güclənmə yaradır. “Öylən ay nənən ölsün, öylən ay nənən ölsün” misrasının ikinci dəfə təkrar olunması isə istehza və yumoru daha da gücləndirir. “Ədə nənə pensiyasınnan kişi olufsan” deməklə isə satirik nəticə yaradılır, hətta bu ifadə məclisi daha da güldürən qüvvətli zarafatdır. Bu qımqımada göründüyü kimi bəzi misralar 11-li, 7-li bəzi misralar isə 14-lü heca işlədilmişdir. Bu isə xalq şeirinin ənənəvi vəznlərindən biri olan qoşma şeir şəklindən kənar çıxmış, daha çox sərbəst vəzndədır. Tez-tez təkrar olunan “öylən ay nənən ölsün” qımqımanın əsasən ritmik texnikasıdır. Qafiyə –sən, –sün, –ster arasında sərbəstdir. Göründüyü kimi sərt qaydalar gözlənməyib. Çünki qımqıma improvizədir. Sərbəst vəzn sayılır. Hətta havacat da sərbəstdir. O da şərtidir deyə bilərik. Qımqımalarda dil və üslub xüsusiyyətləri əsasən Qazax dialektində işlənən sözlərdir. Burada dialekt sözlər olan “ister”, “olufsan” – danışıq dilinə yaxınlaşdırır. “Ədə” isə müraciət formasıdır. Bölgəyə xas çağırış, müraciətdir. Qımqımalarda daha çox diqqəti cəlb edən lağlağı və satiradır. Kişi öz gücünü nənəsinin pensiyası ilə göstərir, bu isə gülüş doğurur. Bəzən isə tam da həqiqətə uyğunlaşdırılır. Gerçək real həyat tərzindən yaranmış qımqımalardır.
Təkrar olunması həm musiqi, həm də ironik vurğu yaradır. Qımqımalar məzmun və məna baxımından elə də əhəmiyyət kəsb etmir. Əsas məzmun məişət hadisəsidir. Toy görmək istəyi, amma əslində kişinin gücünü nənəsinin pensiyasına bağlamaq. Burada bir neçə yumor var. Həm toy görmək, həm nənən ölsün deyərək ona “day-dayılıq” edən nənəyə məcazi mənada ölüm diləmək, həm də evlənmək arzusunda olanı qaynanayla qorxutmaq. “Öylən ay nənən ölsün” – həm istehza, həm də “toy arzun boşdur” mənasında işlənmiş lağlağıdır. “Nənə pensiyasınnan kişi olufsan” bu isə sosial satira, ironik məzmundur. “Elə mənim qaynənəm kimi kür olajaxsa”, “onda qaynənən ölsün”, yaxud sonda daha kəskin məsləhətlə “Öylənmə, ay nənən ölsün” deməklə aşıq öz qaynansından da “dad-hoy” çəkir. Məclisdə gülüş yaratmaqla sonda evlənməməyi məsləhət görür. Qımqımalar xalq yumorunu, ironik tənqidi tam əks etdirən nümunədir.
Qımqıma daha çox sərbəst şeir növüdür. Burada həm məişət zarafatı, həm də sosial yumor (pensiya, kasıblıq, “kişi olmaq” iddiası) mövcuddur. Təkrarlar və dialekt sözləri isə qımqımanın tipik üslub elementləridir.
Qımqıma əsasən toy məclislərində, el şənliklərində oxunur, məclisdə insanların darıxmaması, gülməsi, oynaq əhvalın qalxması üçün deyilir. Çox vaxt aşıqların sazla, ya da söz ustalarının improvizə şəkildə söylədiyi şeir olur. Qımqıma xalqın gündəlik həyatındakı kiçik eyibləri satirik tərzdə göstərir. Nümunələrdən də görünür ki, çox içmək, sərxoşluq, kasıblıq, nənə-baba pensiyasına möhtaclıq, bəzən avaraçılıq, evlənmək arzusu və s. kimi eyibləri acılamadan, lağlağı və yumorla ifadə edir. Qımqıma improvizə janrı olduğundan adətən məclisdə bir nəfər başlayır, digər məclis iştirakçıları cavab verir. Beləcə dialoq formasında gülüş doğuran mübahisə yaranır. Kollektiv şənlik və birləşdirici funksiya daşımaqla əyləncəni gücləndirir, camaatı birləşdirir.
Qazax bölgəsində Qımqıma bu gün gənc aşıqların yaradıcılığının ayrılmaz hissəsi olaraq yaşamaqdadır. Bu janr xalqın dilini, yumorunu, məişət baxışını qoruyur. Eyni zamanda, xalqın özünütənqid mədəniyyətini də göstərir. İnsanlar sanki burada öz eyiblərinə özləri də bilmədən aşığın dili ilə gülməyi bacarır. Qımqıma həm əyləndirici (toy şənliyi), həm də tərbiyəedici (eybi yumorla göstərmək) funksiyaya malikdir. Xalqın dilində doğulub, məclislərdə yaşayıb, bu gün də xalq mədəniyyətinin canlı ünsürlərindən biridir. Müasir dövrdə gənc aşıqlar tərəfindən daha geniş yayılır. Aşıq Şaiq İncəli, Aşıq Qərib İncəli, Aşıq Coşğun Rəhimov, Aşıq Əsgər Osmanov, Aşıq Şahin Qazaxlı, Aşıq Samir Cəlaloğlu, Aşıq Ceyhun, Aşıq Sənan, Aşıq Şahmurad kimi aşıqlar bu gün el məclislərində bədahətən qıqımalar yarada bilirlər.
Aşıq Coşğun Rəhimovun ifa etdiyi Çobanlara aid qımqımalar da maraqla qarşılanır:
Ayə deyir o vaxtın çovannarı ölöm
Yaman hörmətdi olub,
Ayə ən kasıvıda ay dərdin alem yaxşı surfa salef,
Ayə bu vaxta öyün yıxılmasın,
sənin tayınmı qalıf,
Öylən ədə, öylən ədə.
Qım-qımaların misraları 7 və 11 olmaqla metrik quruluşu aşağıdakı kimidir:
Araqdan yüz vurufsan (7)
Qavağımda durufsan (7)
Ə yazıxsan, hayıfsan (7)
7-li heca xalq şeirinin ən çox işlənən vəznlərindən biridir. Bu isə qımqımanın asan yadda qalmasına və ritmik oxunuşuna şərait yaradır. Qafiyə sistemi olaraq -ufsan / -ufsan / -ıfsan” misraları daxili qafiyələnmə yaradır. Sonrakı hissədə “məmmə, məmmə, məmmə” təkrarları var. Bu təkrarlar ritmik-ritorik təsir bağışlayır, dinləyicinin diqqətini daha çox cəlb edir. Bu mətn improvizə olunan məzəli qoşmalardan biridir.
Qımqımaların dil və üslub xüsusiyyətləri mətn etibariylə sadə xalq danışıq dilində, Qazax dialektindədir: “qavağımda”, “vurufsan”, “hayifsan” kimi sözlərdə dialekt və şifahi üslubun izləri var. Şifahi üslub, sadəlik, dialekt sözlər qımqımanın əsas xüsusiyyətləridir. Mövzu olaraq “araq içmək, sərxoş olub kiminsə qabağında dayanmaq” isə məişət mövzusu, satirik yanaşmadır. Qımqımanın mətnindən aydın olur ki, şəxs (Məmmə) məclisdə çox içib, özünü qəribə aparır. Müəllif (oxuyan aşıq) isə onun halına həm gülür, həm də ustalıqla onu tənqid edir:
“Araqdan yüz vurufsan” - çox içmisən.
“Qavağımda durufsan” - mənim qabağımı kəsirsən.
“Ə yazıxsan, hayıfsan” - halına acıyıram.
Son hissədə isə təkrarla və lağlağı ilə məsxərə güclənir:
A Məmmə Məmmə
Araqdan yüz vurufsan,
Qavağımda durufsan,
Ə yazıxsan, hayıfsan
A Məmmə, Məmmə, Məmmə
Səni qanına bələnmə.
“A məmmə, məmmə, məmmə / Səni qanına bələnmə” burada həm ritm var, həm də zarafatla bir xəbərdarlıq var. Bu qımqıma 7-li heca üzərində qurulmuş, satirik məzmunlu, improvizə üslubunda yaranmış nümunədir. Mövzusu məişət içkisi, sərxoşluq üzərindən qurulub. Dilində dialekt sözləri, təkrarlar və ritmik oyun qımqımanın əsas üslub xüsusiyyətlərini daşıyır. “A Məmmə Məmmə” qımqıması həm də şirin məzəli, “naz” yaratmaq üçün də deyilmişdir:
Məmmə, Məmmə, Məmmə,
Ot basıfdı çəmənnə,
Əyil bir gilə dərem,
Verim canı bədənnə,
A Məmmə, Məmmə, Məmmə,
Səni qanına bələnmə.
Qımqımalar Azərbaycan şifahi xalq ədəbiyyatının janr müxtəlifliyi içərisində satirik-yumoristik məzmun daşıyan xüsusi bir qoldur. Onlar gündəlik məişət münasibətlərindən, insanların qarşılıqlı ünsiyyət və davranış formalarından qaynaqlanaraq yaranmışdır. Qımqımalarda əsasən istehza, tənqid və zarafat üslubu üstünlük təşkil edir. Bu janr vasitəsilə xalq bir tərəfdən sosial həyatdakı müəyyən eybəcərlikləri, mənfi xüsusiyyətləri ifşa etmiş, digər tərəfdən isə əyləncə və şənlik məzmunlu ovqat yaratmışdır.Qımqımaların poetik strukturu sadə olsa da, semantik baxımdan zəngindir. Onlarda həm ailədaxili münasibətlər, həm də ictimai münasibətlər öz əksini tapır. Bu xüsusiyyətinə görə qımqımalar həm sosial-mənəvi tənzimləyici rol oynamış, həm də xalq yumorunun daşıyıcısına çevrilmişdir.
Beləliklə, qımqımaları Azərbaycan folklorunun xalq satirasını, məişət yumorunu və şifahi təfəkkürün incəliklərini özündə əxz edən janrı kimi dəyərləndirmək mümkündür. Onlar xalqın həyat tərzinin, dünyagörüşünün, məişət mədəniyyətinin ifadə vasitəsi olmaqla yanaşı, həm də sosial münasibətlərin qorunmasında mühüm funksional əhəmiyyət kəsb edir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)


