Super User
Xalq artisti Ella Yaqubovanın doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gələn ilin bu vədəsində Xalq artisti Ella Yaqubovanın 80 illiyi qeyd ediləcək. Bu gün aktrisa nikbin və gümrahdır, səhnə həyatına isə əlvida demək fikrində deyil, indi öz bilik və bacarıqlarını gənclərə aşılayır.
Ella Yaqubova 1946-cı il dekabrın 30-da Gəncə şəhərində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində, orta məktəbi isə Bakı şəhərində alıb, 44 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub, 1966-cı ildə oranı bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrına göndərilib, həmin teatrda müxtəlif dram əsərlərində iştirak etib.
1968-ci ildə təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 300-dən artıq obrazlar ifa edib.
Mingəçevir Dövlət Dram Teatrında ifa etdiyi rollar:
- Almaz "Almaz" (Cəfər Cabbarlı)
- Sara "Solğun çiçəklər"(Cəfər Cabbarlı)
- Gültəkin "Aydın" (Cəfər Cabbarlı)
- Tanya "Yaşar" (Cəfər Cabbarlı)
- Sona "Hacı Qara"(Mirzə Fətəli Axundov)
- Həcər xanım "Eşq və İntiqam"(Süleyman Sani Axundov)
- Fəxrundə "Bayramın birinci günü"(Nazim Hikmət)
- Sara bəyim "Vətən dərdi"(Nazim Hikmət)
- Ana "Ana" (Hüseyn Cavid)
- Nənə "Nənəmin kələyi" (Əli Əmirli)
- Ana "İki yetimin taleyi"(Əli Əmirli)
- Nurcahan "Nənənin Kələyi"(Əhməd Orucoğlu)
Bu əsərlərdə baş rolların və birinci dərəcəli obrazların ifaçısı olub. 40 ildən artıq Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərən aktrisa hal-hazırda Mingəcevir Dövlət Dram Teatrında yaranan "Ümid" gənc aktyorlar studiyasında müəllim kimi fəaliyyət göstərərək Azərbaycan teatrı haqqında anlayış, səhnə danışığı, səhnə texnikası, səhnə hərəkəti və Azərbaycan teatrı haqqında tədris, maarif və mədəniyyət dərslərini keçir.
Region televiziya kanalı olan "El" kanalında fəaliyyət göstərir. Azərbaycan istehsalı olan "Xoca" filmində "Sultan" xanım obrazında və "Həyat varsa" teleserialında çəkilib. 1988-ci ildə "Əmək veteranı" medalı, 2009-cu ildə Əməkdar artist fəxri adı, 2013-cü ildə "Tərəqqi" medalı, 2004-cü ildə "Qızıl Dərviş" mükafatı laureatı olub.
Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən bədii qiraət festivalının bir neçə dəfə iştirakçısı olub, ikinci dərəcəli diplom və digər mükafatlara layiq görülüb. 4 dəfə Prezident Mükafatına, 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına, 8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
Yubileyində ABŞ konqresindən rəsmi təbrik alan musiqiçi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, söhbət 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosidən təbrik məktubu almış musiqiçidən – Çingiz Sadıqovdan gedir. Bu gün onun anım günüdür.
Çingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb.
1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib.
Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Mobil Əhmədov, Mirzə Babayev, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləyib, onları royalda müşayiət edib.
1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub.
Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə Amerikada vəfat edib
Filmoqrafiya
- Onu bağışlamaq olarmı? (film, 1959)
- Gülağa Məmmədov (film, 2002)
- Çingiz Sadıqov (film, 2006)
- Memar (film, 2006)
- Maqomayev (teleserial, 2020)
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987
- "Şöhrət" ordeni — 28 oktyabr 2009
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
O, “Qaya”nın sütunu idi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əfsanəvi “Qaya” qrupunun əsas solisti, məşhur tenor, dinləyicilərin sevimlisi…
Söhbət əlbəttə ki, bu gün anadan olmasının 88-ci ildönümünü qeyd etdiyimiz Qərbi Azərbaycan kökənli müğənni Rauf Babayevdən gedir…
Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Gümrüdə (Leninakanda) anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili alıb.
1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışıb.
O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə başlayıb, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olub.
2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləyib.
Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış edib
Beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanıb. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil edib.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 11 yanvar 1978
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 sentyabr 2006
- "Şöhrət" ordeni — 28 dekabr 2017
Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat edib İkinci fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
Elm və təhsil nazirinin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, məmurlar barədə cəmiyyət çox az bilgili olur. Onların yaşı, harada doğulması, hansı ali məktəbi bitirməsi əksərən sirr olaraq qalır. Niyə onlar barədə bilgili olmayaq ki? Məsələn, niyə xəbərimiz olmasın ki, bu gün bizim elm və təhsil nazirinin doğum günüdür?
Emin Əmrullayev 1982-ci il dekabrın 30-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib.
2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb. Emin Əmrullayev 2005–2009-cu illərdə Qafqaz Universitetinin Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb.
2009–2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib. 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçib. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. 2013-cü ildə isə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışıb.
2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlayıb, 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində işləyib. 2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru olub.
Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilib. 28 iyul 2022-ci ildən — Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılmasından bu günədək Azərbaycan Respublikasının elm və təhsil naziri kimi əmək fəaliyyətini davam etdirir.
14 dekabr 2021-ci ildə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib. 30 noyabr 2022-ci ildən Neftçi PFK Müşahidə Şurasının üzvüdür.
Basketbolda və futbolda elə də uğurumuz yoxdur, təki təhsildə olsun!
Doğum gününüz mübarək, cənab nazir!
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
Mənim üçün illərin qovuşuğu nədir?
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İllərin qovuşuğu təkcə təqvim yox, eyni zamanda insanın içində baş verən bir keçiddir. Bu ifadə nə səhifələrə sığacaq qədər qısa, nə də bir cümləyə həbs olunacaq qədər sadədir. O, illərlə yığılan susqunluqların, yarım qalan arzuların, heç zaman unudulmayan yaraların, bəlkə də ən son xoşbəxt olduğu anların görüş nöqtəsidir.
İllərin qovuşuğu bəzən bitməsini istədiyimiz, bəzən isə əksini arzuladığımız zamanların birikimidir.Çünki insan dəyişir, zaman yox. Zaman keçdikcə rəqəmlər bir-birini əvəz edir. İnsan isə bu dəyişən rəqəmlərin içində arafda qalır — köhnə ilə yeninin arasında. Heç vaxt bir tərəfə aid ola bilmir. Çünki keçmiş gələcəkdən xəbər verir, gələcək isə hələ yaşanmamış duyğuların səssizliyində dayanır.
İllərin qovuşuğu mənim üçün nədir deyə soruşsaz, həyat təcrübəsidir deyərəm. Hər il ötən ilə nisbətən daha çox gördüm, öyrəndim, kəşf etdim. Yarım qalan şeylərə, gerçəkləşməyən arzulara üzülməməyi öyrəndim. Özümü daha çox sevməyi, daha az üzülməyi öyrəndim. Az ilə xoşbəxt olmağı, yetinməyi öyrəndim. Bu dünyada insan üçün həyatda ən önəmli olan şeyləri illərin dəyişməsi ilə daha yaxşı anladım.
Və illərin qovuşuğu mənə görə zamanın bizə verdiyi ən uzun sınaqdır. Artıq yeni ilin astanasındayıq. Dönüb ötən ilə baxanda nə çox şeyin fərqinə vardım. Dəyişən, dəyişməyən bir çox hadisələrin mərkəzində özümün dayandığını gördüm. Və hər iki halda mən dəyişdim, bir az daha böyüdüm.
Önəmli olan da budur deyə düşünürəm: öyrənməyi, mübarizə aparmağı, yaşamağı bacarmaq. Qoy 2026 bizi qorxmadan dəyişən bir il olsun.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
Qəribə adı olan toponim - Cavud
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Calud kəndi Oğuz rayonunun mərkəzindən 6 km qərbdə, Oğuz–Şəki şose yolunun sağında, Baş Qafqazın ətəyindədir. Bu adda kəndin Azərbaycanda ancaq Oğuz rayonunda mövcud olduğunu görürük. Rayonunun ən qədim yaşayış məskənlərindən biridir. Qafqaz Albaniyası dövlətinin (E.ə. IV əsr – E. VII əsri) ən gur yaşayış məskənlərindən biri olmuşdur.
Burada hazırda qədim və orta əsrlərə aid arxeololi və memarlıq abidələrindən Alban kilsəsinin, Alban pirinin, qədim yaşayış yerinin, Alban nekropolunun qalıqları durur ki, bunlar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.
Kəndin ən azından Albaniyada xristianlığın qəbul edildiyi dövrdən var olduğunu deyə bilərik. Buradakı kilsə çox uzun illər (rus işğalınadək) Alban xristianlarının əsas dini mərkəzlərindən biri olub.
Çar Rusiyasının Qafqaz komandanı A.Yermolovun göstərişi ilə general-mayor Haqverdiyev tərəfindən tərtib olunmuş (rusca) “Şəki vilayətinin təsviri (1819-cu il)” adlı sənəddə Caludun Nuxa qəzasının Nuxa mahalına aid edildiyi məlum olur. Burada yaşayanların çoxu tatar (türk) olduğuna görə kənd tatar (türk) kəndi kimi təqdim olunur. Kameral təsvirlərə görə, 1824-cü ildə Şəki mahalına aid olan bu kənddə 232 həyətdə əksəriyyəti türklər olan 1048 nəfər (524 nəfər kişi, 506 nəfər qadın olmaqla) nəfər yaşamışdır. Lakin tarixi faktlar göstərir ki, burada türklərlə yanaşı vaxtı ilə udilər (udlar) də yaşayıb. 1815-ci ildə nuxalı İ.Muradxanov və Q.Tarasanov tərəfindən Bütün Rusiya ermənilərinin arxiyepiskopuna gəndərilmiş məktubda udilərin (udların) Vartaşen və Niclə yanaşı, Caludda da bir məhəllədə kompakt şəkildə yaşadıqları qeyd olunmuşdur. Tarix elmləri doktoru M.Paşayevanın “XIX əsrdə udilərin etnokonfessional vəziyyəti” adlı məqaləsində də Caludda udi (ud) etnoniminin izlərinin göründüyü göstərilmişdir.
Ermənilərin isə bu kəndə zorla yerləşdirilməsi XIX əsrin 20-ci illərinin sonundan başlayıb. Bəzilərinin düşündüyü kimi, kəndin adı heç də ermənicə deyil. Bu adamlar başa düşmürlər ki, haylar bura gətirilməmişdən əsrlərlə əvvəl bu kəndin özü də vardı, adı da vardı.
Mənbələrdə Calud toponiminin formalaşması əsasən iki cür təqdim olunur. Hər iki halda söz “cal” və “ud” hissələrindən (Cal+ud=Calud) ibarət hesab edilir. Oykonimin izahı tərkibindəki “çal”ın “çul” adlı tayfa adından və “ud” cəmlik bildirən şəkilçidən yaranıb “ucada duranlar, ulular” kimi təqdim olunur. Və yaxud “sucaq yer”, “otlu bataqlıq”, “çay qollarının birləşdiyi yer” olduğu və coğrafi obyektin landşaftı haqqında məlumat verdiyi qeyd edilir.
Bizim isə Calud toponiminin formalaşması barədə fərqli fikrimiz var. Biz də Calud oykoniminin iki hissədən formalaşdığını deyirik: cal +ud=Calud. Amma sözün tərkibindəki hissəciklərin tamamilə fərqli mənada olduğunu fikirləşirik. Həmin hissəcikləri ayrı-ayrı izah etməyə çalışaq.
İcazənizlə, toponimin ikinci hissəsindən (“ud”dan) başlayaq. “Ud” nədir?
Tarixçilər hələ Miladdan əvvəlki dövrlərdə Albaniya ərazisində türk etnoslarla bərabər ud adlı etnosun olduğunu da söyləyirlər. Herodot, Arrian, Plini müxtəlif tayfaların, o cümlədən udi və uti tayfalarının adlarını çəkirlər. Ptolemey isə ud tayfasının da adını onların siyahisina əlavə edir.
Alimlərin bir qismi uti, udi və ud tayfalarının eyni tayfalar olduqlarını bildirirlər. Məsələn, S.T.Yeremyan, K.V.Trever, F.M.Məmmədova, V.L.Qukasyan udi və uti tayfalarının eyni etnosu bildirməklə qafqazdilli olduqlarını qeyd edirlər. A.A.Bakıxanov isə VIII-IX əsr ərəb tarixçilərinə istinadən yazır ki, utilərin ilk adı Ud olmuşdur.
Tədqiqatçıların bir qismi isə “ud”ların fərqli tayfa olduqları qənaətindədirlər. Z.Bünyadov və Y.Yusifovun fikrincə, antik müəlliflərin məlumatlarına uyğun udi və ud tayfaları Albaniyanın şimal-şərqində Xəzər dənizi sahilində yaşayırdılar. Utilər isə həm Atropatenanın, həm də Albaniyanın ərazisində yaşayıblar. (V.Ömərov:“Azərbaycanda Albaniya dövləti: əhalisi və adı” məqaləsi, “Səs” qəzeti, 29 avqust 2012-ci il)
V.Qasanovi də özünün “Azərbaycanda m.ö.4.yüzyıl ilə m.s.3.yüzyıl arasında alban gömü adetleri” (Ankara-2018, səh:8-10) adlı əsərində Albaniyada vaxtı ilə “ud” adlı etnosun da olduğunu təsdiq edir.
Bir haşiyə. Biz ancaq türk mənşəli etnosları Albaniyanın ilk sakinləri hesab edirik. Udi, uti və ud tayfaları sonralar bura (hunların təzyiqi ilə Xəzərin şərqindən) gələrək 26 tayfa ittifaqına daxil olan etnoslardan olublar. (Əlbəttə, digər tayfaların üzvləri kimi onların da ölkənin müdafiəsində, iqtisadiyyat və mədəniyyətinin inkişafında iştirakları olub.) Lakin Qafqaz Albaniyasının şəriksiz varisləri sayılmaları ədalətsizlikdir. Albaniyanın həqiqi varisləri türklərdir. Bunu həmin dövlətin süquta uğradığı dövrdən formalaşmağa başlayan “Kitabi-Dədə Qorqud” dastanı da sübut edir. Dastanda ölkənin baş sərkərdəsi Qazan xanın “alpanlar başı” adlanması, ərazidə dastan qəhrəmanlarının adları ilə bağlı movcud olan çoxsaylı toponimlər, ancaq türklərə xas olan kurqanlar, daş və qutu qəbirlər, hələ də xalq arasında “uğuz qəbirləri” adlanan nəhəng məzarlar, dillərdə indi də dolaşan əfsanə və rəvayətlər və ia. buna ən yaxşı nümunədir.
Bir şey də var, son üç əsrdən çoxdur ki, Albaniyanın əhalisi ancaq qafqazdilli udinlər kimi qələmə verilmişdir. Lakin udi adının müasir udilərə məhz XVII əsrdə şamil edildiyi qeydə alınmışdır. Eyni zamanda, həmin əsrdə Krasnoyarsk vilayətində türk mənşəli udi adı daşıyan etnik qrupun yaşadığı göstərilir. Deməli, udu adı həm Qafqaz-iberdilli, həm də türkdilli etnoslara şamil edilirdi. (V.Ömərov:“Azərbaycanda Albaniya dövləti: əhalisi və adı” məqaləsi, “Səs” qəzeti, 29 avqust 2012-ci il).
İndi ud etnosunun adı coğrafi nomenlərdə, xüsusən də yaşadıqları ərazilərdəki yer adlarında (toponimlərdə) öz əksini tapmaqdadır. Faktlar göstərir ki, türk ölkələrində, o cümlədən Azərbaycanda “ud” komponenti ilə yaranan toponimlər və s. adlar çox olubdur. Məsələn, hələ çox qədimdə uyğurlarda “ud” ilə yaranan oronim (Udarğan), kosmonim (bürc) (Ud-öküz), şəxs adı (Zaryud) və s. olmuşdur. Utilər (udlar) qədimdə Albaniyada saldıqları bir şəhəri Ud və Od adlandırıblar. Yaqut Həməvi yazırdı ki, Salman ibn-Rabiə əl Baxili Aran vilayətindəki Ud şəhərini tutdu. Deməli, Ud şəhəri Qəbələ yaxınlığında III əsrdən ərəb işğalına qədər mövcud olmuşdur. (İ.Cəfərsoy: “İber və Hay folkloruna türk mifik təfəkkürünün izləri”, Bakı-2014). Əminik ki Ud adlı etnosun adını yaşadan oykonimlərdən biri də haqqında söhbət etdiyimiz Calud kəndinin adıdır.
Azərbaycan Respublikasi Milli Məclisinin Toponimiya Komissiyasının üzvü olmuş, şair-publisist M.Urudun “Zəngəzur toponimləri” əsərində (Bakı-2013) oxuyuruq ki, uti, ud, sod, mar, qarqar, leq, qel, uz ve s. tayfaların yerli saklarla, kimmerlərlə qaynayib qarışmasından e.e. IV əsrde Alban dóvləti yarandi...Kəndlərin adında "ud" topoformantının olmasi, çox güman ki, hələ eranın əvvələrində bu yerlərdə məskunlamış ud tayfalarının adları ilə baglıdir”. Mərhum akademik Z.Bünyadov deyirdi ki, Zəngəzurun qədim tarixinin açarını Agud-Vagud-Urud üçbucagında axtarmaq lazımdir” (səh:15-16, 41). Gördüyünüz kimi, burada ud tayfası ayrıca qeyd olunub.
Qaldı “ud” sözünün mənasına, Uti (ud) dilinin tədqiqatçıları yazırlar ki, utilər (udlar) özləri də özlərini Od və Ud adlandırırlar. Digər tədqiqatçılar da “ud” sözünün “od” anlamı daşıdığını söyləyirlər. O.Süleymenov "Az-Ya" əsərində şumer və türk dillərində "ud" sözünün müqayisəsini vermişdir. Müqayisədən məlum olur ki, “ud” hər üç (ud, türk və şumer) dildə də od, atəş deməkdir. Maraq üçün deyək ki, udilər (udlar) həm iber-Qafqaz, həm də türkdilli qruplara bölünürlər (“Azərbaycanda m.ö.4.yüzyıl ilə m.s.3.yüzyıl arasında alban gömü adetleri” (Ankara-2018, səh:10). Qədim monqol və türk dillərində müqəddəs sayılan qarağac, söyüd ağaclarının da adı, od-alov bildirən “ut” sözünün cingiltili variasiyası olan “ud” sözü ilə ifadə olunurmuş. (A.Hacılı: “Mifopoetik təfəkkür fəlsəfəsi”, Bakı 2002). Yəqin bizdə də bəzi yaşlı insanların və udlar (udulər) kimi Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna aid olanların “od yandır” ifadəsini “ud yandır” kimi dediklərini eşitmisiniz. (Maraq üçün deyək ki ud musiqi alətinin adı da od sözündən yaranıb).
Deməli, Calud sözünün ikinci hissəsi olan “ud” odlu, alovlu, qızğın, mübariz, döyüşkən mənasında anlaşılmalıdır.
Qayıdaq toponimin birinci – “cal” hissəsinə. Bəziləri “cal” sözünün Zaqataladakı Car və Ağdaşdakı Cardam kəndlərinin adı, ləzgi dilindəki “car” (söz) kəlməsi və yuxarıda yazdığımız kimi coğrafi obyektin landşaftı ilə əlaqələndirirlər.
Bizcə isə, sözün birinci hissəsi (“cal”) “Azərbaycan dilinin izahlı lüğəti”ində (I cild, səh:392) “cərəyan etmək, axmaq, tökülmək” mənasında olduğu göstərilən “car” sözünün təhrif olunmuş şəklidir. İkinci sözün (“ud”un) birləşməsi ilə fonetik hadisə baş vermiş, uyuşma olmuş, “car” sözü “cal” şəklində (evfemizm məsələsi) işlənməyə başlamışdır. “Cərəyan etmək, axmaq, tökülmək” mənaları verilən “car” sözünə tərəddüdsüz “tikmək, inşa etmək, qurmaq və yaratmaq” mənalarını da vermək mümkündür. Biz həm də türkdilli qrupa bölünən udların türk sözü olan “car”ı (“cal”ı) seçmələrini təsadüf saymırıq. Calud sözündəki “cal”ın “timək, qurmaq, inşa etmək” mənasında olduğunu bildiririk.
Beləliklə, Calud toponiminin mənasını “odlu, alovlu, qızğın, mübariz, döyüşkən udlar tərəfindən yaradılmış, tikilmiş, qurulmuş yaşayış məntəqəsi” və bu məntəqənin (kəndin) adı kimi anlamağı təklif edirik.
“Vətənşüvanlıq” salmaq fikrində olanlara isə deyirik ki, Vətənin tarixini düz yazmağa çalışmaq da elə vətənpərvərlikdir. Bir də, necə olur, Udlar III əsrdə Qəbələ yaxınlığında ərəb işğalına qədər mövcud olmuş Ud (Od) adlı şəhər sala bilirlər (İ.Cəfərsoy), oradan 40-50 km. qərbdə kiçik bir kənd sala bilmirlər?! Türklərlə birlikdə onların bu ərazilərdə çox qədimdən yaşadıqlarını da az qala bütün dünya bilir.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
DİQQƏT! Süni intellekt səsinizi və üzünüzü oğurlaya bilər – Mütəxəssis xəbərdarlıq edir
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Süni intellekt artıq təkcə texnologiya mütəxəssislərinin deyil, incəsənət adamlarının, jurnalistlərin və cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzindədir. Bir vaxtlar fantaziya kimi görünən imkanlar – insan səsinin, üz mimikasının, hətta konkret sənətçilərin üslubunun süni intellekt vasitəsilə təkrar yaradılması – bu gün real və əlçatan texnologiyaya çevrilib.
Lakin bu sürətli inkişaf yaradıcılıqla yanaşı, ciddi etik və hüquqi suallar da doğurur.
Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən Süni İntellekt mütəxəssisi Ümid Salay (şəkildə) da bu gün süni intellekt vasitəsilə mahnıların, musiqilərin, hətta konkret insanların səsinin vəgörüntüsü əsasında videoların yaradılnasının texniki olaraq artıq çox asan olduğunu təsdiqləyib:
“Süni intellekt birinsanın səs tonunu, danışıq tərzini, üz mimikasını analiz edib demək olar ki, eyni formadatəkrar yarada bilir. Texnologiya baxımından bu, böyük bir irəliləyişdir. Amma etik baxımdançox ciddi suallar ortaya çıxarır.
Ən böyük problem razılıq məsələsidir. Bir insanın səsindən, üzündən və ya imicindən onunxəbəri və icazəsi olmadan istifadə edilməsi açıq şəkildə etik pozuntudur".
Mütəxəssis qeyd edib ki, xüsusilə tanınmışşəxslərin səsi ilə mahnı hazırlanması, ya da adi insanların görüntülərinin manipulyasiyaolunaraq başqa kontekstdə təqdim edilməsi həm şəxsi hüquqların, həm də etibarınpozulmasına səbəb olur:
"İkinci ciddi risk dezinformasiya və reputasiya zədələnməsidir. Süni intellektlə hazırlanmışbir video və ya audio real kimi təqdim edildikdə, insanlar bunun saxta olduğunu ayırd etməkdə çətinlik çəkə bilər. Bu isə yanlış məlumatın sürətlə yayılmasına, insanların nüfuzuna xələl gəlməsinə və cəmiyyətdə etimadsızlıq mühitinin yaranmasına yol aça bilər.
Musiqi və incəsənət sahəsində də etik suallar yaranır. AI tərəfindən yaradılan mahnılarkonkret sənətçilərin səsinə və üslubuna bənzədikdə, müəlliflik hüquqları, yaradıcılıq haqqı və əməyin dəyəri sual altına düşür. Əgər bu proseslər nəzarətsiz qalarsa, yaradıcı insanların zəhmətinin kommersiya məqsədilə icazəsiz istifadəsi genişlənə bilər".
Ümid Salayın sözlərinə görə, gələcəkdə bu sahədə əsas problem texnologiyanın özü yox, ondan necə istifadə olunacağı olacaq. Belə ki, süni intellekti tam qadağan etmək real və mümkün deyil. Amma onun istifadəsi üçün aydın etik çərçivələr, hüquqi qaydalar və şəffaflıq mexanizmləri formalaşdırılmalıdır:
"Məsələn, Aİ ilə yaradılan səs və ya videonun açıq şəkildə işarətlənməsi,
istifadə olunan şəxsin razılığının sənədləşdirilməsi və kommersiya istifadəsində hüquqi məsuliyyətin müəyyən edilməsi vacibdir.
Mənim fikrimcə, süni intellekt yaradıcılığı məhv edən yox, onu gücləndirən alət olmalıdır. Amma bu, yalnız o zaman mümkündür ki, insan faktoru, etik dəyərlər və məsuliyyət texnologiyanın önündə getsin. Əks halda, texnologiyanın sürəti cəmiyyətin ona olan etimadını ciddi şəkildə sarsıda bilər".
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
Eşidəndə dəyişmişəm dünyamı… incimə - ESSE
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Bəzən insan birdən-birə dəyişmir. Sadəcə içində nəsə qırılır. Kənardan baxanda hər şey yerindədir: gülüş var, söz var, gündəlik həyat var. Amma içəridə bir boşluq açılır, ele bir boşluq ki, nə sözlə doldurmaq olur, nə də susmaqla.
Dünənə qədər güvənilən bir səs bu gün susursa, artıq çiçəklərin haray salmasının mənası qalmır. İnsanı yandıran söz deyil, eşidilməyən sükutdur. Hər şey olduğu kimi qalır, amma dünya artıq əvvəlki dünya deyil.
Eşidəndə dəyişmişəm dünyamı,
Çiçəklər də haray salsa, incimə…
Kənardan güclü görünən insanın içində can yavaş-yavaş çökür. Danışır, amma dedikləri havada qalır. Gözləyir, amma gələn yoxdur. Sevir, amma o sevginin içində tək qalır. Bir ürəklə çox dərdi daşımaq məcburiyyətindədir.
Demirdinmi: “Alacaqsan canımı?”
Ruhum getsə, canım qalsa, incimə…
Heç kim bilmir bir ürəyin nə qədər parçalandığını, hələ də necə döyünə bildiyini. Susmaq güc kimi görünür, amma içində qanayan yerlər var. Bir dənə olan ürəyi çox bilirlər, dərdini isə az görürlər. Vicdanlarda qalan yalnız səssizlik olur.
Bir dənəydi, elə bildin çoxdu can,
Vicdanında qanım qalsa, incimə…
Bu insan istəməzdi ömrü solmuş bağa dönsün. İstəməzdi yoxluğu kiməsə dağ olsun. Sadəcə anlaşılmaq istəyirdi. Amma bəzən elə yaralar açılır ki, heç bir ağlıq qalmır. Günlər keçir, amma günlər ona qənim kəsilir. Vaxt ötür, amma o, yerində qalır.
Qoymadın ki, bircəciyi ağ olsun,
Günlər sənə qənim qalsa, incimə…
İndi soruşsan: yurdu hardadır? Cavab yoxdur. İnsanların yurdu bir ürək idi. Ora sığındı, ora inandı. Amma ev bildiyi yer onu çöldə qoyanda bütün yollar yadlaşır. Qırılan qəlbə heç kim əvvəlki kimi yaxın dura bilmir.
Məzarıma yaxın dura bilməzsən,
Məni cahan yola salsa, incimə…
Kar qəlbi səsləmək mümkün deyil. Nə sevgi ilə, nə də nifrətlə. Daşlaşmış ürəyi nə göz yaşı oyadır, nə də yalvarış. Sadəcə bir gün gəlir və insan insandan alınır. Vaxtsız. Sakitcə. Heç nə olmamış kimi.
Daş ürəklim, can çürüdən tərsliyin,
Məni sənnən vaxtsız alsa, incimə…
Bu misralar bir insanın yaşadıqlarını deyilmiş kimi oxunur, amma oxuyan hər kəs içində bir yerin sızladığını hiss edir. Bəzən insan danışmır. Şeirlə susur. Vahid Əzizin misraları elə o susqunluğun səssiz səsidir.
Eşidəndə dəyişmişəm dünyamı,
Çiçəklər də haray salsa, incimə,
Demirdinmi: "Alacaqsan canımı"
Ruhum getsə,canım qalsa, incimə.
Heç bildinmi, sənnən nələr çəkdi can?
Dərdlərinnən bildin necə çökdü can?
Bir dənəydi, elə bildin çoxdu can?
Vicdanında qanım qalsa, incimə.
İstəməzdim ömrüm solan bağ olsun,
Mənsizliyin bir dözülməz dağ olsun,
Qoymadın ki, bircəciyi ağ olsun
Günlər sənə qənim qalsa, incimə.
Yurdum-yuvam oldu hara?-Bilməzsən,
Ürəyimi bir də qıra bilməzsən,
Məzarıma yaxın dura bilməzsən
Məni cahan yola salsa, incimə.
Mən də öz misramı artırsam deyərəm ki…
Amma o gecə gələndə, artıq nə üzr istənəcək bir ürək qalır
nə də “kaş ki” deyə çağırılacaq bir səs
Çünki bəzi insanlar gedəndə yox, unudulanda yox olurlar
Və bunu anlayanda, həmişə gec olur.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
“Siz canlar, tökülən qanlar bahasına qazanılmış Zəfərin daşıyıcılarısınız”
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“Qəhrəmanlarımızı tanıyaq” layihəsində növbəti təqdimatımı edirəm. Əminəm ki, müsahibimi dinləmək sizin üçün maraqlı olacaq.
-Özünüzü təqdim edin.
-Mən Hacıyev Məmməd Asif oğlu 3 mart 1993-cü ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşam. 1999-cu ildə Şəhid Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta məktəbinin 1-ci sinfinə getmişəm. 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. 2011-ci il aprel ayı Ağdam rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışam. Müddətli həqiqi hərbi xidmətimi Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində, mühafizə bölüyündə keçmişəm. 2012-ci il oktyabr ayı müddətli həqiqi hərbi xidmətimi bitirmişəm. 2013-cü ilin yanvar ayından öz istəyim ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuşam. xidmətə qəbul edildikdən sona, uşaqlıq arzumu həyata keçirmək, Xalqıma, Dövlətimə daha səmərəli xidmət edə bilmək məqsədi ilə Daxili qoşunların xüsusi təyinatlı dəstəsində xidmət etmək üçün müraciət etmişəm. Müraciətim əsasında müvafiq kursa qəbul edilmək üçün imtahana cəlb edilib yüksək nəticə verdikdən sonra kursa qəbul edilmişəm. Çox sayda şəxsi heyətlə başlayan kursu, müvəffəqiyyətlə bitirən az saylı şəxslərdən birə də mən oldum. Kursu bitirdikdən sonra Daxili Qoşunların N-saylı hərbi hissəsinin Qartal xüsusi təyinatlı dəstəsində xidmətimi davam etdirdim. Hazırda isə ehtiyatda olan hərbi qulluqçuyam.
-Döyüş yolunuz haqqında məlumat verin.
-Uzun müddət gözlədiyimiz döyüş əmri nəhayət 27 sentyabr 2020-ci il tarixində verildi. Bu döyüş əmrinin icrası üçün mən də, xidmət yoldaşlarım ilə birlikdə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Murov-dağ silsiləsinin Gamış-dağ yüksəkliyi istiqamətindən döyüş və xüsusi döyüş əməliyyatlarının icrasına cəlb edildik. Daha sonra 2 oktyabr tarixindən etibarən Cəbrayıl rayonu ərazisində, Füzuli rayonu ərazisində, Xocavənd rayonu ərazisində, Xocalı rayonu ərazisində və Şuşa istiqamətində müxtəlif təyinatlı döyüş tapşırıqlarının icrasında iştirak etmişəm. 44 günlük Vətən müharibəsinin 35 günə ərzində döyüşmək qismətim olub. Bu günlərin hər anının öz hökmü var idi və hər biri ayrılıqda bir xatirədir. Bu xatirələrin hər birini danışıb bitirmək üçün 35 günə ehtiyacımız var, amma qısa olaraq bu döyüş xatirələrindən bir neçəsini sizinlə bölüşmək mənim üçün xoş olardı.
Düşmənlə ilk təmaslarımız Gamış-dağ istiqamətindən, Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində icra etdiyimiz xüsusi əməliyyatda oldu. Bu əməliyyat bizə müharibənin kədərli, sevincli, qürurlu və qarşına qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələ bilmək hissinin verdiyi o qəribə hisləri yaşatdı. Kəlbəcər istiqamətində ilk Şəhidimizi verdik. Qardaş itkisinin acısını, ölümün nəfəsini burda hiss etdik.
1 oktyabrda növbəti tapşırıqların icrası üçün Cocuq Mərcanlı kəndi istiqamətinə avtomobillə hərəkət edirdik. Bu zaman müxtəlif rayonlarımızın ərazisindən keçirdik. Bu rayonlardan keçəndə Xalqımızı küçədə, sevinc içində bizi qarşılayıb, yola salmağı bizi çox qürurlandırırdı. Xalqımızın bizə olan inamı, bizdən olan istəyi-tələbi onların hərəkətlərindən, baxışlarından aydın oxunurdu. Bu mənzərəni görüb gözləri dolan yoldaşlarım çox yaxşı yadımdadır. Hələ Müdürxan adlı yoldaşımız belə bir cümlə işlətdi “ Biz gedib torpaqları azad etməliyik, ya da ölüb orada qalmalıyıq. Biz bu camahatın qarşısına ancaq qələbə ilə çıxmalıyıq.” Hər kəs öz susqunluğu ilə bu cümlə ilə razılaşırdı. Çünki hər birimiz eyni hisləri keçirirdik. Qürur və məsuliyyət. Bu hislər bizə yad deyildi, amma bu gördüklərimiz ilə bunu daha çox hiss edirdik.
Cəbrayıl rayonu ərazisində, düşmənlə ilk geniş miqyaslı təmasımız Horovlu kəndi ərazisində oldu. Kənardan kəndin müşahidəsini apardıqdan sonra kənd ərazisinə daxil olmuşduq. Düşmən arxasında olduğumuz üçün çox diqqətli hərəkət edirdik. Horovluda ilk olaraq düşmənin bir Ural markalı avtomobilini daşıdığı şəxsi heyətlə birgə məhv etdik. Daha sonra eyni ərazidə düşmənin çox sayda şəxsi heyətini və iki ədəd PDM-2 zirehli döyüş avtomobilinin hərəkətini müşahidə etdik. Dərhal ərazinin yaratdığı taktiki və strateji imkanlardan istifadə edərək düşmənə hücum etdik. Hücumumuz o qədər ani oldu ki, düşmən nə baş verdiyini başa düşmədi. Bunu onların hərəkətlərindən aydın başa düşmək olurdu. Nəhayət düşmənin bu canlı qüvvəsinin müəyyən qismini məhv etdik, döyüş maşınlarını ələ keçirdik. Qalan düşmən qüvvəsi isə döyüş meydanından qaçdı. Horovlunun qərb istiqamətində düşmənin böyük müdafiə mövqeyi var idi. Bunlar bizim bu hücumumuzu gördükdən sonra onlar da bizim ilə döyüşə girdi. Düşmənin bu mövqeyini də müxtəlif taktiki üsullar istifadə edərk məhv etdik. Bu əməliyyatdan sonra hədəfimiz Cəbrayıl şəhəri idi. Cəbrayıl şəhəri bir necə xüsusi təyinatlı taborun birgə fəaliyyəti nəticəsində düşməndən azad edildi. Bu əməliyyat zamanı düşmənlə bir neçə yaxın məsafəli təmaslarımız oldu. Düşmənin sonuna qədər inad etdiyi, təzyiq göstərdiyi əməliyyatlar oldu. Amma biz bu yola çıxanda “öldü var, döndü yoxdur” şüarını özümüzə amal edib çıxmışdıq. Buna görə də taborun son fərdi Şəhid olana qədər düşmən qarşısında bir addım olsun belə geri addım atmamağa and içmişdik. Buna görə də düşmən nə qədər təzyiq göstərsə də heç bir nailiyyət əldə edə bilmirdi.
Haqqında danışmaq istədiyim növbəti döyüş əməliyyatı, Füzuli rayonunun, Cuvarlı kəndi ərazisində olub. Bu ərazidə düşmənin bir artilleriya batareyasını aşkara çıxarıb, məhv etmişik. Bu artilleriya batareyasının məhv edilməsi düşmən içərisində böyük çaxnaşmaya səbəb olub. Bunu bu gün düşmənin sözdə böyük komandirlərindən biri Cəlal Harutiniyanın cinayət məsuliyyətinə cəlb edilməsindən, məhkəmə araşdırmasının nəticələrində görmək olur. Bu məlumatlardan aydın olur ki, düşmənin bu artilleriya batareyası 12 oktyabr 2020-ci il tarixində gecə boyunca cəbhə xəttinin Füzuli rayonu istiqamətini artilleriya atışı altında saxlamalı idi. Amma bizim tabor buna imkan vermədi. Bu batareyanı aşkar edib tamamilə məhv etdi. Bu əməliyyatdan geniş danışmaq istəyərdim, amma bunun üçün müsahibə vaxtımız azdı.
Növbəti əməliyyatımız yenə Füzuli rayonu ərazisində oldu. Bu ərazidə Füzuli-Şuşa avtomobil yolunda (Zəfər yolu) pusqu əməliyyatımız və Məngələnata yüksəkliyinin tutulması oldu. Füzuli-Şuşa avtomobil yolundan düşmən aktiv istifadə edirdi. Bizim pusqu əməliyyatımız ilə bu yol tam nəzarətimizə keçdi. Düşmən isə bu yolda 30-a yaxın canlı qüvvə itirdi. Məngələnata yüksəkliyi isə Füzulinin işğaldan azad edilməsi üçün xüsusi strateji əhəmiyyət daşıyırdı. Kapitan Yunusov Dövlətbəyin rəhbərlik etdiyi qrup Məngələnata yüksəkliyin tutduqdan sonra düşmən dəfələrlə o yüksəkliyə şiddətli artilleriya atışları icra etdi. Quru hücumları təşkil etdi. Bu hücumlar zamanı kapitan Yunusovun, rəhbərlik ilə bir rabitə əlaqəsi dünən olmuş kimi yadımdadır – “Düşmən tank, müxtəlif döyüş maşınları və 200-ə yaxın canlı qüvvə ilə hücuma keçib. Artıq bizə çatırlar. Bu döyüşdə heç bir şansımız yoxdur. Amma, Yunusov, yüksəklik bizim üçün həyatı əhəmiyyət daşıyır. Öldü var, döndü yoxdur.”
Bu rabitə əlaqəsinin sonunda Kapitan Yunusov “oldu” deyib öz koordinatlarını bizim artilleriyaya verdi və dedi ki “rabitə əlaqəsi kəsildiyi an bura artilleriya atışı istəyirəm”. Bu hərəkət “öldü var, döndü yoxdur” amalımıza sadiqliyimizin bariz nümunəsi idi. Artilleriyamız isə müxtəlif müşahidə vasitələrinin köməyi ilə qrupun 20-30 metrliyində olan düşməni dəqiq atışlar ilə vurmuşdu. Qrupun qəti müdaxiləsi, artilleriyamızın dəqiq atışları düşməni geri çəkilməyə vadar etmişdi.
Bu kimi döyüş əməliyyatları onlarla olub. Onların hamısı haqqında qısa vaxtda danışmaq mümkün deyil. Əsas olan odur ki, biz Xalqımız, Dövlətimiz qarşısında üzərimizə götürdüyümüz vəzifəni layiqincə icra edə bildik.
-Uzun illərdir ki, xidmət edirsiniz, yaddan qalan, hərbi sirr sayılmayan əməliyyatlardan mümkünsə, bir neçəsini danışın.
-Xidmət illərimdə ölkənin daxili sabitliyinin, vətəndaşların konstitusiya ilə qorunan hüquqlarının və daxili təhlükəsizliyin qorunması üçün müxtəlif tapşırıqların icrasında olmuşam. Amma əsas vəzifəmiz hər daim, işğal altında olan Müqəddəs Vətən torpağının işğaldan azad edilməsinə hazır olmaq olub. Bunun üçün hər daim fiziki, psixoloji dözümlülüyümüzü artıran, peşəkarlıq səviyyəmizi yüksəldən ağır təlimlərdən keçmişik. Hər daim döyüş əmrini səbirsizliklə gözləmişik.
-Təltifləriniz haqqında məlumat verin.
-Vətən müharibəsində fəaliyyətimə görə Cənab Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad edilməsinə görə” “Cəbrayılın azad edilməsinə görə” “Füzulinin azad edilməsinə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmişəm. Cənab Baş Nazir tərəfindən isə “Vətən müharibəsi İştirakçısı” medalı ilə təltif edilmişəm.
-Bugünkü gəncliyə hansı məsləhətləri verərsiniz?
-Gənclərimizə məsləhətim gəncliyi dərk etməkdir.
Gənclik böyük səs-küy deyil, düzgün seçimdir. Gənclikdə edilənlər gələcəyə yatırımdır. Gənclik təkcə enerji yox, imkan deməkdir. Bu gün gənclərimizin sahib olduğu şanslar, dünən başqaları üçün əlçatmaz idi. Gənclərimiz bəlkə də bunun fərqində deyil, amma zaman gənclərdən yanadır. Bu şansların başında təhsil durur. Təhsil diplom üçün deyil. Təhsil səni aldanmaqdan qoruyur, qərar verməyi öyrədir, haqlı ilə haqsızı ayırd etməyə kömək edir. Təhsilsiz insan güclü ola bilər, amma istiqamətsiz olar. İstiqamətsiz güc isə gec-tez insanın özünü məhv edir.
Bir hərbiçi kimi deyim ki, döyüşmək üçün də təhsilə, savada ehtiyac var. Sənin olana sahib çıxa bilmək üçün, onun uğurunda mübarizə apara bilmək üçün təhsilli olmaq lazımdır. Yoxsa nə sənindir, nə sənin deyil heç vaxt bilməyəcəksən.
Unutmayın ki, bu gün oxumağa tənbəllik etdiyiniz bir kitab, bu gün təxirə saldığınız bir qərar sabah peşmanlıq ola bilər. Amma bu gün verdiyiniz doğru qərar – sizi illərlə xilas edər.
Özünüzü kiçik görməyin. Siz düşündüyünüzdən daha böyük məsuliyyət daşıyırsınız. Siz canlar, tökülən qanlar bahasına qazanılmış Zəfərin daşıyıcılarısınız. Siz bir ailənin yox, bir nəslin yox, siz hər biriniz bir Xalqın ümidisiniz.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)
Azərbaycan dili tədris dilidir, yoxsa dövlət dili?
Şəmil Sadiq, təhsil texnoloqu, dosent,
“Ədəbiyyat və incəsənət”
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən fikirlər təkcə yubiley nitqi deyil, eyni zamanda dil siyasəti ilə bağlı ciddi bir strateji mesaj idi. Prezidentin “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir” fikri dil məsələsinin mədəni yox, milli təhlükəsizlik müstəvisində dəyərləndirilməsinin vacibliyini bir daha ortaya qoydu.
Daha mühüm məqam isə dövlət başçısının Azərbaycan dilinin saflığı ilə bağlı narahatlığını açıq şəkildə ifadə etməsi oldu:“Azərbaycan dilinin saflığının qorunması milli məsələdir. Bu, təkcə dilçi alimlərin və müəllimlərin deyil, hər bir vətəndaşın mənəvi borcudur.”
Bu çağırışdan sonra müxtəlif qurumlarda müzakirələrin başlanması təqdirəlayiqdir. Bu məsələdə istərdim ki, təhsil sistemimizdə kök salmış yanaşmaların dəyişdirilməsinin vacibliyini qeyd edim.
Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən proqram və dərsliklərdə Azərbaycan dili iki fərqli ad altında təqdim olunur: Tədris dili və Dövlət dili. Halbuki hər iki anlayış eyni dili – Azərbaycan dilini ifadə edir. Sadəcə, tədris başqa dillərdə aparılan bölmələrdə bu fənn “Dövlət dili” adlandırılır.
Bu yanaşma zahirən texniki görünə bilər, lakin mahiyyət etibarilə psixoloji və ideoloji mesaj daşıyır: dil sanki “əsas” və “ikinci” statuslara bölünür. “Dövlət dili” ifadəsi dərslik prizmasından baxıldıqda Azərbaycan dilini faktiki olaraq ikinci dil mövqeyinə salır. Bu isə Azərbaycan dilinə verdiyimiz strateji statusla ziddiyyət təşkil edir.
Təklifim isə sadə dillə budur: “Tədris dili” və “Dövlət dili” bölgüsü ləğv edilməli, bütün bölmələrdə fənnin adı yalnız “Azərbaycan dili” (dövlət dili) kimi olmalıdır.
Saat fərqi - bərabərsizliyin institusionallaşması da vacib məqamlardandır.
Məsələnin daha ciddi tərəfi isə tədris saatları ilə bağlıdır. Azərbaycan bölmələrində ibtidai siniflərdə Azərbaycan dili həftədə 8-10 saat tədris olunduğu halda, rus və ingilis bölmələrində bu göstərici 2 saatla məhdudlaşır. Bu, sadəcə metodiki fərq deyil, dilin funksional imkanlarının şagirdlər arasında qeyri-bərabər bölüşdürülməsidir. Düzdür, burda hökmən qeyd etməliyik ki, son zamanlar Elm və Təhsil Nazirliyi bu sahədə çox ciddi addımlar atıb, yuxarı siniflərdə Azərbaycan tarixi, Hərbi hazırlıq, Zəfər tarixi kimi fənlərin bütün bölmələrdə Azərbaycan dilində tədris edilməsi qərarını verib və hər birimiz tərəfindən də alqışlanıb.
Təsəvvür edin: eyni ailədə böyüyən iki uşaqdan biri Azərbaycan bölməsində oxuduğu üçün dili bütün üslubları ilə öyrənir, digəri isə ingilis bölməsində oxuduğuna görə Azərbaycan dilini yalnız elementar səviyyədə mənimsəyir. Bu, artıq fərdi seçim deyil, dövlət dili ilə bağlı sistemli boşluqdur.
Müəllimlər yaxşı bilirlər ki, 2–3 saatla dili nə akademik, nə rəsmi-işgüzar, nə də bədii üslubda öyrətmək mümkündür. Evdə danışılan dil isə ən yaxşı halda məişət üslubu ilə məhdudlaşır. Halbuki dilin elmi, hüquqi, publisistik və estetik qatları yalnız məktəb mühitində formalaşır.
Son vaxtlar xarici təcrübədən misal çəkəndə cəmiyyətimizdə xoş qarşılanmasa da, nə edək ki, biz bir dünyada yaşayırıq, bəzən beynəlxalq təcrübə ilə də tanış olmalıyıq.
Bir az araşdıranda görürük ki, bu məsələdə bir çox ölkələr açıq və prinsipial mövqe ortaya qoyur:
- Fransa: Hansı dildə təhsil almasına baxmayaraq, bütün şagirdlər üçün fransız dili eyni həcmdə və eyni proqramla tədris olunur. Fransız dili yalnız “dövlət dili” deyil, respublika dəyəri kimi qorunur.
- Finlandiya: İsveç və fin dillərində təhsil alan məktəblərdə dövlət dilləri bərabər saatla və yüksək akademik səviyyədə tədris edilir.
- İsrail: Tədris dili ivrit olmayan məktəblərdə belə ivrit dili əsas və genişhəcmli fənn kimi qorunur, çünki dil milli birliyin əsas sütunu hesab olunur.
- Türkiyə: Tədris dilinin hansı dil olmasından asılı olmayaraq, MEB qərarı ilə təsdiqlənmiş bütün proqram türkcə tədris edilməldir, nəinki sadəcə türk dili.
Bu ölkələrdə dil məsələsi seçim azadlığı ilə deyil, milli konsensusla tənzimlənir.
Azərbaycanda bu fərqləndirmə sovet dövrünün rus bölməsi praktikasından miras qalıb. Bu gün isə həmin boşluğu sürətlə ingilis bölmələri doldurur. Problem ingilis dilinin öyrədilməsində deyil - problem Azərbaycan dilinin zəiflədilməsi bahasına çoxdillilik yaratmaq cəhdindədir. Bu isə uzunmüddətli perspektivdə milli dil şüuruna ciddi zərbə vurur.
Dil siyasətində yarımçıq qərarların zamanı bitib. Bunu isə bizə Böyük Zəfərimizin memarı Cənab Ali baş komandan deyir, ona görə də düşünürəm ki, gecikmədən qərar almalıyıq.
1. Bütün bölmələrdə fənnin adının qarşısında yalnız “Azərbaycan dili” yazılmalı, tədris və ya dövlət dili ifadələri sadəcə Dövlət dili ilə əvəz edilməldir;
2. Tədris dili fərq qoyulmadan Azərbaycan dili bütün məktəblərdə eyni saatla, tədris edilməlidir;
3. Birinci siniflərdən başlayaraq vahid Azərbaycan dili proqramı və dərsliyi tətbiq olunmalıdır;
4. Digər xalqların ana dillərində təhsil hüququ əvvəlki kimi qorunmalı, lakin bu, dövlət dilinin zəiflədilməsi hesabına olmamalıdır.
Bu addım həm də dövlət büdcəsinə xeyli miqdarda qənaət etmiş olar. Çünki iki ayrı dərslik yazılıb, nəşr edilməz. Azərbaycan dili müəllimləri də iki bölmənin müəllimi kimi bölgüləndirilməz.
Azərbaycan dili bizim hamımızın ortaq evidir. O evin divarlarını bölmələrə görə nazik və ya qalın etmək isə gələcəyimizi riskə atmaq deməkdir.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)


