İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Gələn ilin bu vədəsində Xalq artisti Ella Yaqubovanın 80 illiyi qeyd ediləcək. Bu gün aktrisa nikbin və gümrahdır, səhnə həyatına isə əlvida demək fikrində deyil, indi öz bilik və bacarıqlarını gənclərə aşılayır.
Ella Yaqubova 1946-cı il dekabrın 30-da Gəncə şəhərində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində, orta məktəbi isə Bakı şəhərində alıb, 44 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub, 1966-cı ildə oranı bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrına göndərilib, həmin teatrda müxtəlif dram əsərlərində iştirak etib.
1968-ci ildə təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 300-dən artıq obrazlar ifa edib.
Mingəçevir Dövlət Dram Teatrında ifa etdiyi rollar:
- Almaz "Almaz" (Cəfər Cabbarlı)
- Sara "Solğun çiçəklər"(Cəfər Cabbarlı)
- Gültəkin "Aydın" (Cəfər Cabbarlı)
- Tanya "Yaşar" (Cəfər Cabbarlı)
- Sona "Hacı Qara"(Mirzə Fətəli Axundov)
- Həcər xanım "Eşq və İntiqam"(Süleyman Sani Axundov)
- Fəxrundə "Bayramın birinci günü"(Nazim Hikmət)
- Sara bəyim "Vətən dərdi"(Nazim Hikmət)
- Ana "Ana" (Hüseyn Cavid)
- Nənə "Nənəmin kələyi" (Əli Əmirli)
- Ana "İki yetimin taleyi"(Əli Əmirli)
- Nurcahan "Nənənin Kələyi"(Əhməd Orucoğlu)
Bu əsərlərdə baş rolların və birinci dərəcəli obrazların ifaçısı olub. 40 ildən artıq Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərən aktrisa hal-hazırda Mingəcevir Dövlət Dram Teatrında yaranan "Ümid" gənc aktyorlar studiyasında müəllim kimi fəaliyyət göstərərək Azərbaycan teatrı haqqında anlayış, səhnə danışığı, səhnə texnikası, səhnə hərəkəti və Azərbaycan teatrı haqqında tədris, maarif və mədəniyyət dərslərini keçir.
Region televiziya kanalı olan "El" kanalında fəaliyyət göstərir. Azərbaycan istehsalı olan "Xoca" filmində "Sultan" xanım obrazında və "Həyat varsa" teleserialında çəkilib. 1988-ci ildə "Əmək veteranı" medalı, 2009-cu ildə Əməkdar artist fəxri adı, 2013-cü ildə "Tərəqqi" medalı, 2004-cü ildə "Qızıl Dərviş" mükafatı laureatı olub.
Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən bədii qiraət festivalının bir neçə dəfə iştirakçısı olub, ikinci dərəcəli diplom və digər mükafatlara layiq görülüb. 4 dəfə Prezident Mükafatına, 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına, 8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)


