Super User

Super User

Bazar ertəsi, 21 Aprel 2025 16:06

Bu gün də Quba mətbəxindən danışaq

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Quba mətbəxi Azərbaycanın zəngin və rəngarəng bölgə mətbəxlərindən biridir. Quba bölgəsinin təbii şəraiti, iqlimi və etnik müxtəlifliyi bu mətbəxi daha da özünəməxsus və dadlı edir. Quba mətbəxində həm azərbaycanlıların, həm də burada yaşayan dağ yəhudilərinin (Qırmızı Qəsəbə sakinləri) kulinariya ənənələri birləşir.

 

Quba mətbəxinin əsas yeməkləri və xüsusiyyətləri:

 

1. Qutablar – Quba qutabı nazik xəmirə bükülmüş, göyərti, balqabaq və ya ətlə hazırlanan yeməkdir. Ənənəvi tındirdə və ya sacda bişirilir.

 

2. Sacda kabab və saciçi – Qubada sacda bişən yeməklər çox məşhurdur. Sac içində qoyun əti, kartof, soğan, pomidor və müxtəlif ədviyyatlarla hazırlanır.

 

3. Şorqoğal və paxlava – Qubanın bayram şirniyyatları sırasında bunlar xüsusi yer tutur. Şorqoğal Novruz süfrələrinin əsas hissəsidir.

 

4. Ərik turşusu ilə plov – Meyvəli plovlar Quba mətbəxində geniş yayılıb. Ərik, kişmiş, alça və s. ilə hazırlanır.

 

5. Şabalıdlı yeməklər – Qubanın meşələrində çoxlu şabalıd bitdiyi üçün bu məhsul da yeməklərdə tez-tez istifadə olunur, xüsusilə plovlarda və ət yeməklərində.

 

6. Doyurucu şorbalar – Məsələn, “qurutlu şorba”, “düşbərə” və ya “lavaşı ilə toyuq şorbası” kimi yeməklər bölgəyə xasdır.

 

7. Dağ yəhudilərinin mətbəxi – Qubada yaşayan dağ yəhudilərinin “hommus”, “plov ki gondi” (ət köftəsi ilə plov), “xinkal” kimi yeməkləri də məşhurdur.

 

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Biz heç vaxt sadəcə məhsul almırıq. Bizə təqdim olunan, gözümüzə soxulan və ağılımıza zərifcə yerləşdirilən bir xəyalı alırıq. Brendlər bizə sadəcə bir çanta, telefon və ya içki təqdim etmirlər – onlar bizim özümüzə olan baxışımızı, özümüzü başqalarına necə göstərmək istədiyimizi dizayn edirlər.

 

Mən bunu ilk dəfə nə zaman hiss elədim, bilmirəm. Amma Starbucks stəkanını tutan adamın "intellektual", Apple istifadəçisinin "fərqli", Nike geyinənin "məqsədli" biri kimi görünməyə çalışdığı bir dünyada yaşadığımı anlayanda içimdəki o sual qopdu:

 “Biz doğrudanmı məhsul alırıq, yoxsa bizi əvəz edən simvolları?”

 

Marka strategiyası – məhsulun yalnız vizual kimliyi deyil. Bu, bir markanın bazarda tutduğu mövqeyi, istehlakçının zehnindəki yeri və onunla yaradılan emosional əlaqədir. Ən güclü strategiyalar isə aşağıdakı elementləri özündə birləşdirir:

 

Positioning – Sənin məhsulun digərlərindən necə fərqlənir?

 

Brand Personality – Marka bir insan olsaydı, kim olardı?

 

Emotional Branding – Məhsul yox, hissiyat satılır.

 

Storytelling – Markanın arxasında bir hekayə varsa, inanmaq asanlaşır.

 

Brendlər bizim yeni dilimizdir. Sanki susaraq danışırıq. Susaraq, amma çox danışaraq. Kiminsə qolundakı saat, kiminsə geyimindəki loqo, kiminsə telefonunun markası – bunların hamısı özümüz haqqında yazdığımız bir bio kimidir. Brendlər "yalnız bu həftə", "limitli sayda", "tükənmək üzrə" kimi mesajlarla sənin itirmək qorxunu oyadır. Bu da insan beynində təhlükə siqnalı kimi işləyir. “Əgər indi almasam, geridə qalacağam.” Bu, psixoloji stressdir – və sən alış-veriş etməklə onu azaldırsan.

Brend deyir: Mən səni tanıyıram. Amma sən özünü tanıyırsan?

 

Apple - Sən fərqlisən. 

Sadəlik və zəkalılıq səninlədir. Amma bəlkə sadəcə sənin fərqli olmaq qorxun var? Və Apple sənə bu qorxunu yatırtmaq üçün bir “kostyum” təklif edir. Al, geyin, və özünü fərqli san.

 

Nike - “Just Do It.”

Amma bəlkə içindəki o günahkarlıq hissini – heç nə etmədiyin günlərin yükünü – bu şüarla yuyursan?

 

Marlboro - Kişilik və sərhədsiz azadlıq

Marlboro ilk yaradıldığında qadınlar üçün hazırlanmış bir siqaret idi. Amma brend imici dəyişdi – çünki positioning dəyişdi. Marlboro indi bir "kovboy" obrazı ilə kişilik, sərbəstlik və güc simvoluna çevrilib. Siqaret – zərərli maddədir, amma sənə "azad nəfəs" satırlar.

 

Dove – Özünü olduğu kimi sevmək

Dove sabun markası olsa da, sənə sadəcə təmizlik deyil, öz bədənini qəbul etmə fəlsəfəsi satır. Reklamlarında ideal bədən formaları yox, "real qadınlar" göstərilir. İstehlakçının duyğusal ehtiyacına toxunaraq özünü “həqiqi qadınların dostu” kimi mövqeləndirir.

 

Tesla – Texnologiya yox, inqilab

Tesla avtomobil satmır. Tesla sənə gələcəyi, inqilabı və ətraf mühitə sadiqliyini satır. Əslində çox insan bu avtomobili almaq imkanına sahib deyil, amma brend onların zehnində artıq qalibdir.

 

Hər brend bir kompensasiya alətidir. Bir hissimizi örtmək, bir əskikliyimizi bərkitmək, bir kimliyi təsdiqləmək üçün maskalar təqdim edir.

Bəs biz niyə bu oyuna giririk?

Çünki insan təbiətcə aid olmaq, qəbul edilmək və dəyər görmək istəyir. Biz istəyirik ki, "sən yaxşısan" mesajını eşidək. Və əgər bu mesajı bir çanta, bir loqo, bir telefon deyirsə, niyə olmasın?

İnsanlar brendlərlə özlərini tanıdır. Sənin telefonun, çantan, geyimin bir dildir. Və o dil, səni susaraq danışdırır:

 

Chanel: “Mən zərif və elitəm.”

 

Adidas: “Mən aktiv və məqsədyönlüyəm.”

 

Starbucks: “Mən şəhərli və müasirəm.”

 

Bu, artıq sadəcə seçim deyil – şəxsiyyət inşasıdır.

Yaxşı, bəs o zaman biz özümüz kimik? Brendlərsiz, loqolarsız, göstərmək istədiklərimizsiz... Biz kimin?

Bu sualın cavabını tapmaq çətindir. Və bəlkə də heç brendlərdən qaçmaq deyil məsələ. Onları anlamaq, oyunlarını çözmək və onlarla yox, onlara baxaraq yaşamaqdır.

Sonda...

Bir gün dayan, vitrindəki o bahalı geyimə, əlindəki markalı stəkana və ya o limitli edition ayaqqabıya bax. Və özündən soruş:

 “Mən bunu alıram, yoxsa bu məni alır?”

Əgər cavab aydındırsa, sən artıq brend deyilsən.

Sən sənsən.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Napoleon Hillə görə uğurun 13 sirri

 

Vədimə əməl edərək Napoleon Hillin «Düşün və varlan» kitabından kifayət qədər mükəmməl təlim hesab edilən «Uğur qazanmağın və varlanmağın 13 prinsipi»ni oxucularıma təqdim edirəm:

1.     Arzu və məqsəd.

Bu, bütün kapitalların qazanılmasının istinad nöqtəsidir. Əgər nəyisə güclü şəkildə arzulamasan, ona doğru gedə bilməyəcəksən.

Siz pul qazanmaq istəyirsiniz? Onda bu məsləhətlər sizə kömək edəcək:

 - İlk öncə qərar verin ki, hansı məbləğ sizi qane edir. «Mən çox pul istəyirəm» kəlamı sizə kömək etməyəcək. Rəqəm çox vacibdir.

 - Özünüzə düzünü deyin, varlı olanda nədən imtina edəcəksiniz.

 - Qrarlaşdırın, bu pulu hansı müddətə kimi əldə edəcəksiniz.

 - Var-dövlətə doğru necə addımlayacağınız barədə konkret plan hazırlayın.

 - Öncə söylənilənlərin hamısını – sizə nə qədər pul lazımdır, nədən imtina edəcəksiniz, hansı müddətə pulları qazanacaqsınız, məqsədinizə görə hansı plan üzrə addımlayacaqsınız, bunların hamısını yazın.

 - Hər gecə yatmamışdan öncə planınızı ucadan oxuyun! Hiss edin və inanın ki, həmin pulları artıq qazanmısınız.

     2. İnam.

Siz arzularınızın reallaşacağına nə qədər çox inansanız onları daha rahat reallaşdıra biləcəksiniz.

3.     Özünətəlqinetmə.

Özüntəlqinetmə hisslər vasitəsilə şüurun oyanmasıdır. Bu, bir növ, özlüyündə şüurla təftəlşüurun əlaqəsini idarə edən mərkəz funksiyasını daşıyır. Yəni, özünətəlqinetmənin köməyi ilə fərd öz istəyi ilə arzuolunan fikirləri şüurundan təftəlşüuruna ötürə bilir.

Öz arzularını möhkəm şəkildə gündə heç olmasa 2 dəfə təkrarlamaq həmin arzuların təftəlşüurda möhkəmlənməsinə imkan yaradır.

4. Xüsusi bilglər.

Sizin dəqiq və qısa planınız olmalıdır ki, bu plan vasitəsilə öz məqsədinizə doğru gedə biləsiniz. Və addımlarınızı da bu plan uzrə atmalısınız.

Və mütləq də, sizə pul gətirəcək iş barədə həddən artıq məlumatlı olmalısınız. Təsadüfi deyil ki, belə bir deyim var, «informasiyalıdır, deməli silahlıdır».

5. Xəyal qurmaq.

Albert Eynşteyn deyib: «Xəyal qurmaq – hər şeydir. Bu, qarşıdakı hadisələrin nümayişidir». Bütün böyük rəssamlar, musiqiçilər, ədiblər, biznes adamları öz xəyallarında özlərini dahi obrazda görüblər. Arzulamaq zərərli deyil, əksinə, faydalıdır. Hər bir var-dövlət fkirdən yaranır, fikirlər isə xəyala söykənirlər. Xəyallar insanın məqsəd enerjisidir. Xəyal qura bilməmək bir çox uğursuzluğun əsas səbəbidir.

6. Planlaşdırma.

Başa düşməlisiniz ki, siz, sizinçün olduqca böyük əhəmiyyət daşıyan bir  işlə məşğulsunuz. Və buna görə də mütləq şəkildə sizin hərəkət planınız olmalıdır. Arzu olunur ki, bu plan addımbaaddım hesablanmış plan olsun. Təbii ki, siz təkbaşına hər şeyi bilmədiyinizdən, planı da tək hazırlaya bilməzsiniz. Odur ki, sizdən üstün başqa insanların təhsilini, təcrübəsini, bacarığını, xüsusiyyətlərini mütləq öz işinizə cəlb etməlisiniz.

7. Qərar.

Liderlər öz qərarlarını dərhal və yaxud çox gec vermələrindən asılı olmayaraq heç zaman dəyişmirlər. Odur ki, qərar qəbul edəndə «amma»sız qərar qəbul edin!

8. İnadkarlıq.

Mütləq inadkar olmalısınız. Məqsədi reallaşdırmaq üçün inadkarlıq çox vacib faktordur. İradənin gücü, fundamenti inadkarlıqdan ibarətdir.

Özündə inadkarlıq xüsusiyyəti yetişdirmək üçün sizə heç də böyük beyin, Oksford təhsili və olduqca böyük zaman da lazım deyil, bunun fərqinə varın.

9. Beyin mərkəzi.

Siz heç vaxt hər şeyi bilə bilməzsiniz, ona görə də sizə lazım olan informasiyanı bilən insanlar sizə çox vacibdir. Bu, sizin həm də kreativ ideyalarla təchiz olunmanıza bir vasitədir.

İnsan ağlı özlüyündə ruhi enerji formasındadır. İki intellektin işi harmonik şəkildə koordinə olunursa, onda bu iş onların psixiki enerjisinin vəhdəti fazasına daxil olur. Beyin mərkəzinin iş prinsipinin psixiki aspekti də məhz bundan ibarətdir.

10. Seksual istəklərin transferi.

Sirr deyil ki, seks – ən güclü insan arzusudur. Mütləq bu arzunu digər produktiv fəaliyyətə transfer etmək lazımdır. Seksual enerjini dəyişdirib öz məqsədinə çatmana yönəltmək vacib şərtdir. Kreativlik, cəsarət, qətiyyət – bütün bu xüsusiyyətlər bizdə həm sekslə məşğul olanda olur, həm də bir şeyi şiddətlə arzulayanda. Pul toplamaq, böyük kapitala malik olmaq – bax bu, bizim ən şiddətli arzularımızın əsas obyektidir.

11. Təftəlşüur.

Bu 11-ci addım birbaşa 3-cü addım ilə bağlıdır. Dünyada hər il daha çox insan bu addımdan istifadə edir. Öz şüuruna və təftəlşüuruna nəzarət edə bilmək çox vacibdir və olduqca vacibdir ki, pozitiv düşünəsən, özünü yaxşı şeylərə proqramlaşdırasan.

Təftəlşüur şüurun əsasında fəaliyyət göstərir. Yəni ki, şüurumuz səviyyəsinə yüksəlmiş fikir orada qeyd edilməklə, fiksə edilməklə təftəlşüura yazılır. Şüurumuzda isə hər bir fikir yox, yalnız ən dominant fikirlər qeyd edilə bilir.

Təftəlşüur həmişə hərəkətdədir. Əgər siz onu pozitiv fikirlərlə yükləmirsinizsə, onda o, mütləq özünə neqativləri toplayacaq, bunlar da sonradan sizinçün baş ağrısına çevriləcək.

Mexanizm bax bu cür sadədir.

12. Beyin.

Beyin on trillion xırda hüceyrədən ibarətdir ki, bunların da hamısı sizə uğur qazanmaq, pul əldə etmək üçün xidmət etməlidir. Ona  görə də, beyini səmərəli və effektiv işlətməyi bacarmaq lazımdır.

Nə qədər ki, sənin beynin anlayır və inanır, sən hər şeyə çata biləcəksən!

13. Altıncı hissiyyat.

Bu, özünə inanmağın çox unikal imkanıdır. Çox vaxt olur ki, beyninizə çox gözəl bir fikir, ideya gəlir, ancaq bir saniyə sonra siz onu unudursunuz. Amma «altıncı hissiyyat» bax bu fikirləri, ideyaları yadda saxlayıb sonradan həyata keçirməyə imkan yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə” hekayəsini təqdim edəcəyik. Qeyd edək ki, Heyran Zöhrabova   portalımızın əməkdaşıdır.

 

 

 

Heyran ZÖHRABOVA

 

"BİR GÜN SƏBİNƏGİLDƏ"

 

         Səbinə məndən boş vaxtım olanda ibtidai sinifdə oxuyan oğlu Fuadla bir az məşğul olmağımı xahiş etmişdi. İstirahət günü havanın gözəl olmasından istifadə edib Səbinəgilə yollandım.

Qapını balaca Fuad açdı.

Salam, deyib gülümsədim.

Mətbəx qapısından boylanıb məni olduğunu Səbinə gülər üzlə:

Xoş gəlmisən, Mələk, buyur keç. Elə mən də təzə çay dəmləyirdim, – dedi.

Səbinənin qayınanası Həcər xala məni görcək:

Xoş gəlmisən, qızım, keç otur, necəsən? İşlərin necə gedir? – deyərək nəzakətlə hal-əhvalımı xəbər aldı.

Fuad əlimdən tutub şirin danışığı ilə:

Gəl, Mələk xala, – mənə Həcər xalanın yanında yer göstərdi.

Təbəssümlə onun başını oxşayıb:

Şükür Allaha, Həcər xala, çox sağ olun, siz necəsiniz? – deyib göstərdiyi yerdə əyləşdim.

Həmd olsun, qızım, Allahın köməkliyi ilə  dolanıb gedirik yavaş-yavaş.

Bax, Mələk xala, Mirzə də bizdədir, – deyib Fuad əlimdən tutaraq üzbəüz kresloda oturan Mirzəyə işarə etdi:

Necəsən, Mirzə?

Yaxşıyam,  yaxşıyam, mən yaxşıyam, sən necəsən?

Sağ ol, Mirzə,  yaxşı olasan, mən də yaxşıyam.

Mirzə Həcər xalanın qaynı oğludur. O, şizofreniya xəstəliyindən əziyyət çəkir, el dilində desək, Mirzə dəlidir.

         Çox sakit və yaşının 30-dan yuxarı olmasına baxmayaraq, o, sözəbaxan, eynilə mülayim təbiətli bir uşaq kimidir. Heç vaxt heç kimi incitməzdi, məhz bu səbəbdən tanıyan hər kəs onu çox sevirdi. Zamanın çoxunu məhəllədəki uşaqlarla futbol oynamaqla keçirirdi. Həcər xala Mirzəni doğma balası kimi çox sevir, Sabirdən (Səbinənin həyat yoldaşı) ayırmırdı.

Az sonra: "Hə, çaylar da gəldi", – deyə Səbinə əlindəki podnosu stolun üzərinə qoydu.

Çay içib, bir az ordan-burdan danışıb hal-əhval tutduqdan sonra balaca Fuadın dərsləri ilə maraqlanmağa başladım.

Gülnarın iki qələmi var idi, babası bu gün ona bir qələm daha aldı. İndi Gülnarın neçə qələmi var? Məsələnin şərtini oxuyub gəl indi hesablayaq görək Gülnarın neçə qələmi oldu? – deyə Fuada müraciət edib ardınca soruşdum:

İki üstə gəl bir, neçə edir?

Üç.. üç edir, mən bilirəm,  üç edir, – deyə bayaqdan sakitcə bizi dinləyən Mirzə hərarətli şəkildə dilləndi. Bir an Mirzəyə baxıb, təəccübümü gizlətməyə çalışaraq: "Bax, Fuad, Mirzə deyir ki, üç edir, bəs sən nə fikirləşirsən? – dedim.

         Bir neçə məsələ həll etdikdən sonra Fuadın yorulduğunu hiss edib bu günlük bu qədər bəsdir, dedim, ona gedib oynaya biləcəyini söylədim. Fuad qalxıb gedəndən sonra oturduğum yerdəcə pəncərədən çölə boylandım, Mirzə artıq ən sevimli məşğuliyyətində – məhəllənin uşaqları ilə top oynamaqda idi.

Mətbəxdə Səbinəyə yemək hazırlamaqda kömək edən Həcər xala yanıma gəlib:

Qızım, çay istəyirsənmi, süzüm sənə? – deyə nəvazişlə çay istəyib-istəmədiyimi soruşdu.

Yox, Həcər xala, çox sağ olun, süfrəniz hər zaman bərəkətli olsun.

Fuadın qavraması necədir, yaxşıdırmı? Gözün su içir?

Bəli, bəli, yaxşıdır. Hələ yaşı azdır, indidən onu çox da yükləməyə ehtiyac yoxdur, elə bu şəkildə davam etsə, hərgünkü dərslərini bu cür qavrayıb yadında saxlasa, dərslər mürəkkəbləşdikcə çox da çətinlik çəkməyəcək, narahat olmayın.

Hə, inşallah, qızım, inşallah.

Həcər xala, olar sizdən bir söz soruşum?

Əlbəttə, qızım, buyur.

Bayaq Fuadla məsələ həll edəndə çox qəribə bir şey oldu, – deyib hadisəni Həcər xalaya danışdım.

Çox təəccübləndim, açığı, mən buna bir ad verə bilmədim. Siz Mirzəni yaxından tanıyırsınız, bəlkə, siz bilərsiniz, sizcə, Mirzə bunu necə bildi?

Ehh, qızım, – deyə köks ötürərək sözə başlayan Həcər xala  mənə Mirzə haqqında bu günə qədər bilmədiyim elə şeylər danışdı ki, duyduğum təəssüf hissini sözlərlə ifadə etmək çətindir.

                                         

***

 

Mən Səməd kişi ilə evlənəndə Mirzənin 13-14 yaşı vardı. Yaşının az olmasına baxmayaraq, çox anlayışlı, ağıllı və məqsədli bir uşaq idi. Bu xarakterinə görə Səməd onu çox sevərdi. Həmişə də fəxrlə deyərdi ki, onun adını mən qoymuşam, Mirzə savadlı adam deməkdir. Deyərdi, mən əminəm ki, o, çox böyük adam olacaq, futbola böyük bir sevgi və marağı olsa da, bununla yanaşı, dərsləri də çox yaxşıdır. Sabirin 3 yaşı olanda Mirzə artıq orta məktəbin son sinfində oxuyan, yaraşıqlı, yeniyetmə bir oğlan olmuşdu. Ali məktəbə hazırlaşırdı, sevdiyi bir qız da var idi hətta.

Həcər xala yenidən köks ötürüb çətinliklə sözlərinə davam etdi.

Yay ayları idi, orta məktəbi yenicə bitirmiş, ailələr arasında söz də kəsilmişdi, imtahan nəticələrini gözləyir, nişanlanıb birlikdə ali təhsil almaq xəyalları qururdular.

Kənddə toy idi o gün, qohum olan ailələrdən biri bizim kənddən, o biri ailə isə qonşu kənddən idi. Gecə qonşu kənddən gələn cavan oğlanlarla bizim kəndin cavanları arasında bir dava düşər. O ki var içib, sərxoş olub özlərindən çıxan gənclərin sözləri bir-birinin boğazından keçməyəndə başlayarlar yumruqlarını işə salmağa. Mirzəylə birlikdə bir neçə yoldaşı vəziyyəti belə görəndə savaşan tərəfləri ayırıb, sakitləşdirməyə çalışarkən, gicgahından dəyən yumruq zərbəsiylə yerə yıxılan Mirzənin başı zərblə daşa dəyir və o, oradaca huşunu itirir.

Gözləri dolmuş Həcər xala göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı.

Sonrası da məlum məsələdir, bir neçə dələduzun boş və mənasız, axmaq mübahisəsinə görə, o gecə günəş kimi parlaq bir gələcəyi olan, qızıl kimi qiymətli bir gəncin həyatı, xəyalları, arzuları məhv oldu.

Yaylığı ilə göz yaşlarını silib bir az toxdadıqdan sonra Həcər xala sözünə davam elədi.

Ehh, qızım, hələ o yazıq qızcığaz. Mirzə yıxılıb başından zədə aldığı gün onun da dünyası başına yıxıldı. Bir gecənin içində bütün arzuları, birlikdə universitetə qəbul olmaq xəyalları puç oldu. Mirzə, bəlkə, o gün ölmədi, amma, inan ki, ilk zamanlar onu belə görmək ölümdən də betər idi. Bir müddət sonra imtahan nəticələri çıxdı, qismətə, bax, ikisi də eyni univerisitetin eyni ixtisasına qəbul olmuşdular. Qohum-qonşu, dost-tanış yığışıb dərs ili başlayana qədər birtəhər yazıq qızı dilə tutub gedib oxumağa razı sala bildilər. O da gedib təhsil almaq, hər gün Mirzəni bu vəziyyətdə görməkdən daha asan olar, hər halda, deyə düşünüb çıxıb getdi. Təhsilini bitirəndən sonra da təyinatını başqa yerə aldırıb bir də kəndə qayıtmadı. Bir neçə il sonra da ailə qurdu, yazıq balam, dilinə bir dəfə olsun içki dəyməyən uşaq sanki qızın toy günü olduğunu hiss edib o gecə içib sərxoş olmuş, səhərə kimi sayıqlamışdı. Hələ o gün anasını gördüm qızın, deyir, oğlunun adını Mirzə qoyub.

         Eşitdiklərimin təsirindən donub qalmış, nə deyəcəyimi bilmirdim. Birdən: "Qoooool, qoool", – deyə, uşaqların şən səsi bütün məhləni götürdü. Qalxıb eyvana çıxdıq.

Mirzə hər şeydən xəbərsiz, vurduğu qolun sevincini yaşayırdı.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Bazar ertəsi, 21 Aprel 2025 14:04

Heç Balakən rayonunda olmusunuzmu?

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli iqlim şəraiti, zəngin fauna və florası, yaşıl meşələri, şəlalələri və digər özəllikləri ilə son illər yerli və xarici turistlərin diqqətini daha çox özünə cəlb edir. Rayonun ərazisində turistlər və gələn qonaqlar üçün maraqlı ola biləcək əvəzsiz təbiət guşələri, qədim tarixi abidələr, habelə müvafiq infrastruktur mövcuddur

 

Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında turistlərin, rayona gələn qonaqların, uşaq və gənclərin, habelə yerli əhalinin mənalı istirahətləri üçün hər cür şərait yaradılmış, yeni attraksion və yelləncəklər quraşdırılmışdır. Parkın ərazisində 1200 metr uzunluğunda kanat yolu, həmçinin 132 yerlik 4 ulduzlu “Qubek” oteli fəaliyyət göstərir. Balakən rayonunda əsasən idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.

 

Katexçay şəlaləsi

 

Azərbaycanın təbiəti olduqca gözəldir. Belə gözəlliklərdən biri də Balakən rayonu ərazisindəki Katex və ya Katexçay şəlaləsidir. Bəzən bura Qəbizdərə (Zaqatala rayonunda kənd) şəlaləsi də deyilir. Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Azərbaycanda ən məşhur şəlalə sayılır.

 

Zaqatala Qoruğunun ərazisinin 3/4-ü Balakən rayonunun ərazisinə düşür. Şəlalənin hündürlüyü 18-20 metrdir. Bu, Azərbaycanın ən hündür şəlalələrindən biridir. Həm də eyni zamanda ölkənin ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndində yerləşən kombinatın yaxınlığından keçərək sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Kombinatdan şəlaləyə qədər bir neçə kilometr məsafə vardır. Avtomobil yolu yalnız Zaqatala Qoruğunun Katex satsionarına qədərdir. Oradan şəlaləyə qədər olan təqribən 500 metrlik yolu (yolun ən çətin hissəsi də məhz buradır) piyada getmək lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

Şöhlət İxtiyaroğlu, “Qədim qala” nəşriyyatının direktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

“Qədim qala” nəşriyyatımız “Nyu-York Tayms bestsellerləri” seriyasından çıxan Amina Lukman Dousonun “Azad vadi” kitabını tərcümə edərək azərbaycanlı oxuculara təqdim etdi.

 

Gecənin qaranlığında on iki yaşlı Homer anası və balaca bacısı Eyda ilə birlikdə Cənub torpaqlarındakı plantasiyadan qaçarkən anasını tuturlar. Lakin Homer artıq qayıda bilməz. İndi o, bacısı ilə birlikdə onları axtaran ağalarından xilas olmalıdır. Bacı-qardaş ağlasığmaz, sirli və həm də təhlükəli yollardan keçərək azadlığa qovuşmağa can atırlar. 

 

“AZAD VADİ” təkcə azadlıq mübarizəsi, dostluq, fədakarlıq haqqında hekayə deyil. Bu kitab tarixdə kölələrin hüquqsuzluğu, onlara qarşı təcavüz, işgəncə, zorakılıq haqqında məlumat mənbəyi də sayıla bilər. Əsərin təsir gücünü və dəyərini artıran cəhətlərdən biri də vaxtilə həyatı bahasına köləlikdən qurtulmağa çalışan insanların yaratdığı marun icmalarının tarixindən ilhamlanaraq yazılmasıdır. 

 

“AZAD VADİ”nin qəhrəmanlarını tanıdıqca hər cür faciə və əziyyətə rəğmən azadlıq və xoşbəxtlik uğrunda savaşmağın mümkünlüyünə əmin olacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirləri rubrikamız uzun fasilədən sonra yenidən sizlərin qarşısındadır. Bu dəfə şair Ayaz Arabaçıylayıq, o, “Görüşək” deyir. Özü də o qədər sidqi-ürəkdən, o qədər emosional, o qədər səmimi deyir ki, oxucu da lirik “mən”in hisslərini keçirir, o da bu görüşün baş tutmasını sidqi-ürəkdən istəyir.

 

 

Gülüm, sənin ürəyindən keçirsə,

Görüşməyin nəyi pisdi, görüşək.

Bir də gördün bir iş çıxdı böyürdən, 

Uzatmayaq, isti-isti görüşək.

 

Uyğun gələn bir qrafik qurarıq,

İki dəfə ikidi də, vurarıq,

Uzaqbaşı bir çay içib durarıq..

Nə şeydi ki, altı-üstü… görüşək.

 

Çox qurutma dəryasını bu salın,

Bir açılsın, bir ərisin buz halın,

Çiçəkləyib budaqları vüsalın,

Gəl neçə ki həsrət süstdü, görüşək.

 

Bir imza qoy, boş olanda bu rəyə,

Çox çətindi zor eləmək ürəyə,

Demirəm ki, "gedək üzü küləyə",

Elə-belə, ayaqüstü görüşək.

 

Ömrün qışda çiçək açan badamı, 

Özün başlat, bu mübarək edamı! 

Bağışlamır aldadanda adamı,

Bir də gördün ürək küsdü, görüşək.

 

Çəkmədiyim, dadmadığım bir ah yox, 

Qorunmağa elə güclü silah yox, 

Həyatdı də bu gün varıq, sabah yox,

Ömür yaman nadürüstdü, görüşək.

 

Yolçuluğum elə bircə o yolmuş, 

Xəyalımın dabanları soyulmuş, 

Onbeşindən ürəyimə qoyulmuş,

Ay, ilahi sevgi büstü, görüşək.. 

 

Dindir bir yol, kökdən düşmüş tarı, gəl,

Nə deyirəm, eybi yoxdu, qarı, gəl,

Alov-alov görüşmədik, barı gəl,

Heç olmasa tüstü -tüstü görüşək.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Uşaq vaxtı soruşurdular: “Böyüyəndə nə olacaqsan?” Mən də, nədənsə, “Nəqliyyatçı” demirdim – çünki bu, o vaxtlar nənəmin başa düşəcəyi bir şey deyildi. “Nəqliyyat?” deyib fikrə gedirdi, “hə, bəlkə sürücü? Atan baban kimi” deyə təklif verirdi. Amma bilmirdi ki, bu elə-belə avtobusun sükanı deyil – bu, bütün şəhərin nəfəsini planlamaqdır.

 

Nəqliyyat mühəndisliyi yol çəkmək deyil – yolun necə yaşadığını hesablamaqdır. Mühəndis deyəndə hər kəsin gözündə bir körpü tikən, beton qarışdıran adam canlanır. Amma biz? Biz bəzən tək bir gecikməni düzəltmək üçün təkər fırlanmadan əvvəlki ehtimalları ölçürük. Bəzən iki dəqiqəlik gecikmənin bir şəhərin səbrinə necə təsir etdiyini modelləşdiririk.

Yol mühəndisi asfalt çəkir. Biz isə vaxtın özünü döşəyirik. Onlar zolaq çəkir, biz axını. Onlar bardür qoyur, biz insanların davranış trayektoriyasını hesablayırıq. Və ən əsası – onlar tikir, biz qavrayırıq. Çünki hər maşın – bir ehtiyacdır. Hər yol – bir insanın qərarı. Və biz bu qərarların nəbzini tutmağa çalışırıq.

Ona görə də bir gün, dərsdə Allahverdi müəllim bizə baxıb dedi:

“Əziz tələbələrim, nəqliyyatçı hər şeydən xəbərdar olmalıdır.”

Bu, təkcə fənn məlumatı deyildi. Bu, bir baxış tərzi idi. Çünki hər hərəkət, hər gecikmə, hər sıxlıq – bir sükutun içində gizlənmiş hekayədir. Və bu hekayəni anlamaq üçün rəqəmlərdən çox həyat duyumuna ehtiyac var.

Beləcə, biz nəqliyyat mühəndisliyi oxuyuruq – yəni şəhərin ritmini, insanın tələbatını, texnikanın xislətini və xaosun harmoniyasını bir cədvəldə, bir modeldə, bir axında birləşdiririk. Elə bil həyatın özünü bir şəbəkə qrafikasına çeviririk. Nəqliyyat mühəndisliyi sadəcə ixtisas deyil – bu, sistemin içində öz yerini axtaran bir insanın peşəsidir.

Bəzən insan həyatının xülasəsi bir yol xəritəsində gizlənir. Başlanğıcı bilinməyən bir marşrut, sonu görünməyən bir istiqamət. Sanki hər kəs öz asfaltını döşəyir, kimisi düz, kimisi isə döngələrlə dolu. Hərə öz yolunun qaşını çəkir, bəzi yollarda bu qaş yüngül təbəssüm kimi, bəzilərində isə ağır talelər kimi çatlanır. Yolun çiyni də var, düşəndə dayandığın yer, bəzən çiynini söykədiyin bir insan qədər vacib. Həyatın özü də bir nəqliyyat sistemidir: istədiyin stansiyada düşə bilmədiyin, ancaq hər dayanacaqda nəsə öyrəndiyin bir sistem.

Allahverdi müəllim hər dəfə auditoriyaya girəndə yolun özündə bir fəlsəfə, düşündürücü birşey  olduğunu hiss etdirirdi. “Nəqliyyatçı gərək hər şeydən xəbərdar olsun,” – deyirdi. Bu sözlər bəzilərinə adi bir tələb kimi görünürdü. Amma bir neçə mühazirə sonra anladım ki, bu xəbərdarlıq təkcə magistral yollarla, asfalt qatları ilə bağlı deyildi. Bu, həm də insanın daxili yollarını tanımaq, öz yoluna mühəndis gözü ilə baxmaq, qərarların nəticəsini əvvəlcədən hesablamaq bacarığı idi.

Yolun görmə məsafəsi – insanın gələcəklə bağlı qənaətidir. Dumanın içində, qaranlığın dərinliyində, əgər gözlərini düz tutmağı bacarırsansa, sürətin stabildirsə bəlkə də hara getdiyini anlamasan belə, niyə getdiyini anlayırsan. Tormoz yolu isə məncə, təəssüf hissidir. Sürətlənib getdiyin, amma sonra gecikmiş peşmanlıqla durmağa çalışdığın zamanın izidir. Allahverdi müəllim dərslərdə bunu deyəndə, biz bu terminlərin yalnız texniki anlamını götürürdük. Amma bir gün həyat özü sübut etdi ki, bu anlayışların metaforik yükü daha ağırdır. “Biraz həyata daha geniş bucaqdan baxın, əziz tələbələrim,”  deyəndə, bəzən bucağın sadəcə riyazi bir anlayış olmadığını anlaya bilmirdik. Hər baxış bucağında başqa bir insan, başqa bir həyat, başqa bir yol yatırmış. Necə ki, misal çəkmişdi "Dayanacaqda duran cütlük yaşlılar üçün gəncliyin təravətini xatırladır. Amma avtobus sürücüsü onları əlli qəpik olaraq görür".

“Universitet sizə təkcə təhsil verməyəcək,” – deyirdi – “həm də dünyagörüşünüzü artıracaq. Sual verin ki, biz buna həqiqətən hazırıqmı?” Həyatın hər kəsi imtahan etdiyi bir anda, bu sual içimizdə əks-səda doğururdu. Bəzən yol kənarında durub, bu sualı öz-özümüzə pıçıldayırdıq. Bəs həqiqətən hazırıqmı?

Allahverdi müəllimin səsi qulağımızda hələ də var: “Həyat sizə həmişə yaxşı olmayacaq, amma pisin içindən yaxşını özünüzə pay götürün.”Mühəndislik bu cümlənin tam ortasında yaşayır: problemlərin içindən çıxış yolu tapmaq, qaranlığın ortasında bir yol xəttini düz çəkmək və hər şeydən əvvəl getmək.

Çünki həyat bir yoldur. Və bu yolun sürət məhdudiyyəti yoxdur. Amma diqqətsizlik – qəza səbəbidir.

 "İnsan orqanizmi də avtomobil mühərrikinə bənzəyir" – deyəndə Ziyafət müəllim, otaqda bir anlıq gülüş dalğası keçdi. Söz, bəlkə də çox sadə səsləndi bizə. Mexaniki bir cümlə idi, axı biz insanı hisslərlə, duyğularla, ruhla bağlamağa alışmışdıq. Ancaq sonralar anladıq ki, bəzi sadə cümlələr var ki, məhz sadəliyi ilə adamı silkələyir. Bu bənzətmədə Ziyafət müəllimin dediklərindən daha çox, demədikləri vardı.

Bədən - mühərrikin metalla yoğrulmuş əksidir. Bir sistemin içindəki başqa bir sistem. Mədə yanacaq çənidir, ürək porşen, ağ ciyər karbürator-injektor, sinirlər naqil, beyin isə ECU-yəni idarəedici kompüter. Amma bəlkə də ən çox bənzədiyimiz şey nə yanıcı qarışıqdır, nə sürət qutusu, nə də batareya. Ən çox “nasazlıq” hissini xatırladırıq. Qırılan, təmirə ehtiyacı olan, səssizcə dayanan bir mühərrik kimiyik.

İnsan yorular. Və bu yorğunluq, təkcə əzələlərdə deyil  ən çox ruhda baş verir. Elə bil içindəki mühərrik yağı azalır. Hər səhər yenidən işə düşmək üçün çabalayırıq. Sanki start veririk, amma “açar” dönmür. Və bu an anlayırıq ki, daxili mühərrikimizin yağsız işləməsi  hiss etmədən özümüzü məhv etməyimizdir. Hər gecə düşüncələrimiz qızır, porşenlər çatlayır, bəzən səssiz bir göz yaşı ilə radiatordan buxarlanırıq. Axı mühərrik də susur, amma bu, onun sağlam olduğu anlamına gəlmir.

Bir çay fasiləsi, bir dost söhbəti, bir gecəlik yuxu bəlkə də bu bizim texniki baxışımızdır. Lakin bəzi problemlər var ki, onları heç bir usta anlaya bilməz. Çünki bədən təmir olunur, amma ruhun mexaniki sxemi hələ heç bir texniki sənəddə yoxdur. O sənəd insanın içində yazılır. Tək-tək. Hər ağrıyla. Hər gərginliklə.

Və burada Ziyafət müəllimin cümləsinin başqa bir mənası da ortaya çıxır: mühərriklər də fərqlidir, insanlar da. Eyni modeli olan iki mühərrik belə fərqli performans göstərə bilər. Eyni cür təhsil alan, eyni dərsi dinləyən iki tələbə, həyatın eyni döngəsində fərqli yollara gedə bilər. Çünki içindəki mexanizm, yəni ruhun sürətlər qutusu  bəzən üçüncü pillədə qalmaq istəyir, bəzən isə əllə geriyə çəkilir, qırılmaq bahasına.

 Bir də var “Check engine” işığı. Bəzilərinin həyatında bu işıq daim yanır, amma heç kim ona fikir vermir. Sən yaxşısan, deyirlər. Görünüşcə problemsizsən. Amma içində sürtünmə baş verir. Bir hissə digərinə toxunur. Və sən, təkcə nasaz deyilsən, sən dağılmaq üzrə olan bir sistemsən. Ruhun döyülməsi, səssiz sızıldaması əslində bir “təmir siqnalıdır.”

 Ziyafət müəllim bizə bunu deməyə çalışırdı: "İnsan da sistemdir. Sökülə bilər, düzələ bilər, amma daim çalışmalıdır." Onun sözlərinin arxasında bir mexanikin öyrətdiyi texniki dərs yox idi yalnız. Orada bir böyük qayğısı, bir filosof düşüncəsi, bir şairin yazmadığı şeir vardı. O, bizə öyrədirdi ki, “bəzən susmaqla da mühərrik qırılar.” Və sən onu dinləmədikcə, içindəki mühərrik səssizcə sönər.

Bəlkə də ona görə ilk baxışdan sadə görünən bu cümlə bizi güldürdü. Amma sonradan anladıq ki, bu cümlə bizim gülüşümüzə deyil, gələcəkdəki susqunluqlarımıza cavab idi.

Bir yol var ki, hər birimiz o yolda irəliləmək istəyirik. Sanki həyatda sürət artırmaq, daha çox məsafə qət etmək, gedişi dayandırmamaq... Hətta buna görə çətin yollara da girmək istərdik. Amma hər avtomobilin, hər bədən sistemi kimi, hər yolun da bir hüdudu, bir tormozu, bir təhlükəsizliyi var. “Yolun sonu” deyəndə, sadəcə fiziki bir bitiş xətti deyil, həyatın sonluğunu, insanın özünü tapma və ya özünü itirmə anını nəzərdə tuturuq.

Müəllimin hər zaman qeyd etdiyi kimi, "Bir yolun sonu varsa, deməli, başqa bir yol da başlayır." Həyatımızda bəzən çox asanlıqla keçidlər edirik. Bəzi yol işarələrini görmürük, ya da görüb görməməzliyə vururuq. "Yol işarəsi" – bu həyatın və ya bədənimizin üzərində yazılı olan bir siqnal. Səni xəbərdar etmək istəyən, bir səhvi təkrarlamamağını söyləyən bir həqiqət. Lakin tez-tez, bu siqnalları göz ardı edirik. Bəzən işarənin qanunu belə nəzərə almayaraq sürətimizi artırırıq, yoxsa? Amma hər bir siqnalın öz mövqeyi, hər yolun öz təhlükəsizliyi var.

Bizlər, gənclər, bəzən özümüzü təhlükəsizlik kəməri kimi sıxırıq, amma o təhlükəsizlik kəməri yalnız fiziki deyil. O, bir etimad, bir tərəfdaşdır. İnsan bəzən həyatın tələlərinə düşərkən,  Qoşqar müəllimin dediyi kimi "bu yolda mən nəyi dəyişə bilərəm?" sualını verməyi unudur. İnsanın daxili sisteminin sızması, hər bir emosional problemlə bir mühərrikin soyuqlaşması kimidir. İstər böyük, istərsə də kiçik, hər bir mexanizmin hərəkətə keçmədən əvvəl "istirahət"ə ehtiyacı vardır. Bədən belə, düşüncə də. “Təmirə ehtiyacım var” – bunu qəbul etmək də bir fəzilətdir.

Sanki hər bir insan həyatında bir mühərrik kimi işləyir. Ancaq əgər biz öz içimizdəki mexanizmə, bizim iradəmizə diqqət etməsək, bizlər də həyatımızı elə bir vəziyyətə gətirə bilərik ki, heç bir usta nə düzəldə bilər, nə də təmir edə bilər. Burada, həyati mühərrikin təmirinə gedən yolda, insanın özünün də dəyişməsi tələb olunur. Bəlkə də həyatda "tormoz yolunun" ən çətin mərhələsi, durduğunda deyil, durmadığında özünü tapmaqdır. Sürət həddi aşılarkən, qarşıdakı təhlükə gözə dəyməz. Lakin, gözlənilməz bir an – bir anlıq dayanma, bütün sistemi dəyişdirə bilər.

Bu yolda yolun qurtardığını hiss etməmək də mümkündür. Amma bir mühərrik də, zamanla, təkrar təmir etmədən heç bir iş görməz. Həyat da belədir: çox çalışmaqla, tükənə bilərsən, amma heç dayanma - hər an bir təmir ehtiyacı doğurur. Oktay müəllim də riyaziyyatla  bunu deyirdi: “Bir yolun sonu varsa, o deməkdir ki, sən özün yenidən başlamalısan, amma bu başlanğıc səndən asılıdır. O yolun bitməsi, bəlkə də başqa bir yolun başlanğıcıdır, amma o, sənə daxili hazırlıq lazımdır.”

Həyatın yolda olduğunu anlamaq, həmin yolda nəyə görə irəlilədiyimizi anlamamağa bənzəyir. Biz çox vaxt sürətimizi artırırıq, amma yolda dayandığımızda geriyə baxırıq və görürük ki, bəzən boş bir yolda gedirik. Həyat, bəzən insanı öz mexanizmində belə sürətlə aparır ki, dayanıb düşünməyə zamanımız olmur. Yəni, yol nə qədər məsuliyyətlidirsə, həyat da o qədər məsuliyyətlidir. Yalnız maşını deyil, özümüzü də idarə etmək üçün şüurlu olmalıyıq.

 

Nəqliyyat mühəndisliyi… Xaricdən baxanda, sanki metronun intervalını hesablayan, ya da yol nişanı düzəldən adamların sahəsidir. Amma içəri girəndə anlayırsan: burda təkcə təkərlər fırlanmır, beyinlər və talelər də hərəkətdədir.

Bəzən soruşurlar ki, “siz yol çəkirsiniz?” Gülümsəyirik. Biz yol çəkmirik. Biz yolun necə işlədiyini başa düşməyə çalışan adamlarıq. Nəqliyyat elə bir şeydir ki, hərəkət anlayışını öyrədir sənə, amma durmağın da qədrini bilməyi tələb edir. Həyat da belədir: getmək vacibdir, amma bəzən bir dayanacaqda nəfəs almaq daha vacib.

Universitetdə keçdiyimiz dərslərin çoxu bəlkə də sabah lazım olmayacaq. Amma bir cümlə, bir baxış, bir müəllimin dediyi bir fikir ömrümüzün dönmə bucağını dəyişə bilər. Allahverdi müəllimin səsi hələ də qulağımızdadır:

"Nəqliyyatçı hər şeydən xəbərdar olmalıdır. Bir az da geniş bucaqdan baxın həyata, əziz tələbələrim."

Hə, biz qrafik çəkirik, layihə hazırlayırıq, axın planlayırıq. Amma bəzən bir tıxacın içində oturub, həyatın özüylə üz-üzə gəlirik. Gecikmələr, qəzalar, dönməz yollar – bunlar sadəcə yol hadisəsi deyil, həyatın metaforasıdır. Biz bu ixtisasa girəndə bunu bilmirdik. Amma indi başa düşürük: bəzən yolun özü dərsdir.

Və bir gün gələcək  artıq diplom əlimizdə, həyat dediyimiz böyük magistralın başında dayanacağıq. Heç kim bizə GPS verməyəcək, heç bir müəllim əl qaldırıb "bu suala cavab ver" deməyəcək. Amma içimizdə bir səs deyəcək:

"Sual ver… bu yola həqiqətən hazırsanmı?"

Biz sadəcə yol mühəndisi deyilik. Biz həyatın məntiqini anlamağa çalışan realist romantiklərik. Dəqiqə dəqiqəsinə uyğun işləyən sistemlər qururuq, amma bilirik ki, qəlbin döyüntülərini heç bir proqram hesablaya bilməz.

Elə buna görə, növbəti dəfə metroda bir qatar gecikəndə əsəbiləşmə. Ola bilər ki, o gecikmə sənə nəyisə anlamaq, kiminləsə göz-gözə gəlmək və ya özünlə bir az danışmaq üçün fürsət verir.

Bəzən ən doğru stansiya, enməyi planlamadığın yerdədir.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Lənkəran rayonunun Liman şəhərindəndir. Azərbaycan Yazıçılar  və  Jurnalistlər  Birliklərinin  üzvü,  Həsən bəy Zərdabi media  mükafatı  laureatı Əlizadə  Əsədov həmyerlisi, Geologiya  və minerologiya  elmləri  namizədi Məlahət xanım Əsədovanın  ( Mahmudovanın)  anadan  olmasının  60  illiyinə   həsr  etdiyi məqaləni və şeiri bizə yollayıb. Yazını diqqətinizə çatdırırıq.

 

Bu  da  mənalı  bir  ömrün  60  yaşı!

Məlahət  xanım  inana  bilmir  ki, illər  bu  tezlikdə  onu  qayğısız  uşaqlıq  aləmindən, qaynar  gənclik  illərindən  ayırıb. İnana  bilmir  ki, artıq  atalı, analı  dünyası  arxada  qalıb. Arxaya  boylananda  ona  elə  gəlir  ki, xəyalında  canlanan, acılı-şirinli  xatirələrə  çevrilən  hadisələr  lap  elə  bil  dünən  olub.

Atası  Ənvər  kişi   tramvay  sürücüsü  kimi  sadə  peşəsiylə  böyük  hörmət, nüfuz  qazanmışdı. Anası  Nazilə  xanım  isə Qəhrəman  ana kimi  təkcə  10  övladına  deyil, hamıya  analıq  edib. Rayondan  Bakıya  gəlib  8-ci km  qəsəbəsindəki  evlərində  gecələyən  qonaqlara  o  qədər  isti  münasibət  bəsləyib  ki, hamı  “Nazilə  ana”  deyə  ona  müraciət  edirdi... İnsanlara  sevgi  Nazilə  xanımda hələ  uşaqlarla  işlədiyi  vaxtda  yaranıb. Axı o  uzun  illər  uşaq  bağçasında həm aşbaz, həm də tərbiyəçi - müəllim  işləyib.

Yaxşı  deyirlər  ki, əsl  insanlar  təkcə  özləri  haqda  deyil, mənsub  olduğu  el-oba, xalq  haqqında  düşünürlər. Bu  baxımdan  Məlahət  xanımın  bəxti  gətirib. Çünki  onun  kökü  xeyirxahlıqla, zəhmətkeşliklə    qayğıkeşliklə  yoğrulub.

Atası  Ənvər  kişi  məhz  belə  xeyirxah, el-oba  təəssübkeşliyi, cəmiyyətə  yalnız   fayda  vermək  arzusu  ilə  yaşayan  bir  insan  olub. O, uzun  illər  Bakıdakı  tramvay – troleybus  parkında  işləyib. Tramvay  sürücüsü  kimi  sadə  peşəsi  ilə  qürur  duyub. Çünki  göstərdiyi  nümunəvi  nəqliyyat  xidməti  ona  həm  mükafat, həm də  yaxşı  ad-san, çoxlu  dost-tanış  qazandırmışdı. O, ictimai  fəallığı  ilə    seçilirdi.  Təsadüfi  deyil  ki, tramvay  parkında  Ənvər  Əsədova  uzun  illər  Həmkarlar  İttifaqının  sədri  kimi  etimad  da  göstərilmişdi.

Ənvərin  öz  atası  Məmməd  Məmmədxanlı  Lənkəran  rayonunun  sayılıb-seçilən  adamlarından  olub. Uzun  illər  Lənkəranın  Port-İliç  (indiki  Liman) şəhərində  Taxıl  Tədarükü  Məntəqəsində briqadir  işləmişdi. Həyat  yoldaşı  Kafiyyə  nənə  isə əslən Masallının  Qızılağac  kəndindəndir. Hər  ikisi  dünyalarını  çoxdan  dəyişsələr    aztəminatlı  ailələrə  etdikləri yardımların, xeyirxah  əməllərinin  izləri  yaddaşlarda  yaşayır...

Ənvər  kişi   özü    çoxuşaqlı  ailədə  dünyaya  gəlib. Qardaşlarından  İmran  uzun  illər  Lerik  rayonundakı  Züvüc  kəndində müəllim  işləmişdi. İmran müəllim çox savadlı insan olduğuna görə təkcə Züvüncdə yox, qonşu kəndlərdə də böyük hörmət, nüfuz sahibi idi. Baxmayaraq ki, İmran müəllim uzun illərdir ki, haqq dünyasına qovuşub, amma bu gün də həmin bölgədə böyük hörmət sahibidir. Allah ona qəni-qəni rəhmət eləsin.

Ailənin rəhmətlik oğul övladlarından  Əliqulu, Tofiq, bacılardan  Vəzifə, Rəfiqə, Nəsibə, Şəfiqə, Şərqiyyə  cəmiyyətə, xalqa  fayda  verən  övladlar  yetişdiriblər.

Ənvər  kişi  ilə  Nazilə  ananın  izdivacı  sayəsində 10 uşaq  ərsəyə  çatıb. Halal  ata  ocağından  pərvazlanan  bu  övladlar  fəal  həyat  mövqeyi  qazanaraq  mənsub  olduqları  nəslin, soykökünün  şərəf    ləyaqətini  uca  tuturlar. Onların  əksəriyyəti  ali    orta ixtisas  təhsillidir.

Ailənin  böyük  oğul  övladı  Nəsrulla  Əsədov Bakı Rabitə Texnikumunu bitirib. O, əvvəl elektrosetdə, sonra isə telestudiyada  çalışıb. 1990-cı  ilin  20  yanvar  qırğınındakı  haqsızlığın  canlı  şahidi  olub. Telestudiya  partladılanda o, həmin gün növbədə  olub.   İki  gün  növbədə  qalan  işçilərin  yanında  qalaraq yaralılara  hər  cür  xidmət  göstərib, onlara  çay-çörək, yemək  gətirib    sonralar  studiyanın  bərpasında  lazımi  köməyini  əsirgəməyib.

Yuxarıda  qeyd  etdik  ki, Vətən  sevgisi, el-oba  təəssübkeşliyi Əsədovlar   ailəsinin  kökündə  duran  yüksək  mənəvi  keyfiyyətlərdir. Harada  yaşamalarına, hansı  peşədə  çalışmalarına  baxmayaraq  istər  oğul, istərsə  də qız  övladları  məhz  bu  keyfiyyətlərin  daşıyıcısıdır. Təsadüfi  deyil  ki, ailənin  oğul  övladlarından  İsmayıl  və Zaur  Qarabağ  müharibəsinə  qatılaraq  doğma  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  vuruşublar. İsmayıl  artıq  dünyasını  dəyişib. Zaur  isə  müharibə  veteranı olaraq  yaşayır və işləyir. Arif  Əsədov  isə  uzun  illər  Bakıda  xəstəxananın  təcili  yardım  maşınını  idarə  edib. Qarabağ  müharibəsi  başlananda  cəbhəyə  çağrılıb. Şəhidləri, yaralıları  döyüş  bölgəsindən  çıxararaq  arxaya  daşıyıb. O, hazırda yenə təcili  yardım maşınının  sürücüsüdür. Döyüşdə  göstərdikləri  igidliyə  görə  hər  üç  qardaş  dövlət  təltiflərinə  layiq  görülüblər.

Ailənin  qız  övladlarından  Nəzakət xanım  Salmanova  (Əsədova)  əvvəl  Azərbaycan  Neft    Kimya  İnstitutunu, sonra  isə  Azərbaycan Dövlət İqtisad Universitetini  bitirib.  Nəzakət  xanımın  xobbisi  həm də tikmə, toxumadır. Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin  loqosunu  və COP 29 Beynəlxalq tədbirin  loqosunu  özü  toxuyub.  O, həmçinin  “Yaşıl dünya  naminə” proqramı  çərçivəsində  hər  gün  bir  şəhidin  adına, o cümlədən  müharibə  veteranı, qardaşı  Zaurun  oğlu  Yunisin  adına  bir  ağac  əkdirib. Eyni  zamanda  bu  işdə  onlayn  ödənişindən də istifadə  edir, işğaldan  azad  olmuş torpaqların  yaşıllaşdırılmasına  öz töhfəsini  verir.  Leyla xanım   isə  Azərbaycan  Texniki  Universitetini  bitirərək  hazırda  Ekologiya    Təbii  Sərvətlər  Nazirliyində  işləyir.  Bacılardan  Səadət xanım   və həyat yoldaşı ehtiyatda  olan  hərbiçilərdir. Mətanət  xanım  tibb  işçisi  olmaqla  bərabər  dərziliyi  də bacarır. Aynurə xanım  evdar  qadındır, övladlarının  təlim-tərbiyyəsi  ilə  məşğul  olur.

Məlahət  xanım  Əsədova  (Mahmudova)  isə  ailənin  böyük  qız  övladıdır. O, 5 iyun  1965-ci  ildə  Bakı  şəhərində  dünyaya  göz  açıb. Ailəyə  ilk  ali  təhsil  diplomunu  Məlahət xanım gətirib. Əvvəl  Bakı  Neft  Texnikumunda  oxuyub. İlk  tələbəlik  illərinin  sevincini  burda  yaşayıb. Texnikumu  bitirdikdən  sonra  ali  təhsil  almaq  arzusu  ilə yaşayıb. Elə  buna  görə də  tərəddüd  etmədən  sənədlərini  Azərbaycan  Dövlət  Neft  Akademiyasına  (indiki  Azərbaycan Neft Sənaye Universiteti) təqdim  edərək  qəbul  olunub. Çox  keçməyib  ki, ali  təhsil  illəri    arxada  qalıb. Təhsil  baxımından  bu, hələ  onun  üçün son hədd  deyildi. Məlahət  xanımı  qabaqda  bir çox  elmi  problemlərin  həlli  gözləyirdi. Xüsusilə  onu  yeni  neft  yataqlarının    yeraltı  suaların  aşkarlanması daha çox düşündürürdü. Bu  məqsədlə  Respublikanın  bir  sıra  rayonlarında  elmi araşdırma  işləri  aparıb. Şamaxı, Qobustan, Beyləqan, Oğuz, Qəbələ, Daşkəsən  rayonlarında, Ceyrançöl  və Hərəmi düzlərində  apardığı   elmi  axtarışları  namizədlik  dissertasiyasının  müvəffəqiyyətlə  müdafiəsi  ilə  nəticələnib.

Hazırda  geologiya    minerologiya  elmləri  namizədi  Məlahət  xanım  26 il Ekologiya və Təbii Sərvətlər Nazirliyində   alim-mütəxəssis  kimi  çalışıb. O, eyni  zamanda  Dövlət  Neft  Şirkətinin  böyük  elmi  işçisi    Bakı  Dövlət  Universitetinin  müəllimidir.

Məlahət  xanım  səmərəli  elmi  araşdırmalarını  davam  etdirir. O, 4  kitabın, 30-dan  çox  elmi  məqalənin  müəllifidir.  Məlahət  xanım  həm də ictimai  fəallığı  ilə  seçilir. Uzun  illərdir  ki, Yeni  Azərbaycan  Partiyasının  üzvüdür, onun  tədbirlərində iştirak  edir və yeni səmərəli təkliflərlə  çıxış  edir.  O və bacısı  Nəzakət  xanım  möhtərəm  Prezidentin  sərəncamı  ilə “Dövlət  qulluğunda  xidmətə  görə” medalı  ilə təltif olunublar.

Elmin  çətin və  şərəfli  yolunda  inamla  irəliləyən, tələbələrinə  elmin  sirlərini  öyrədən  Məlahət  xanım  artıq  ömrünün  müdriklik  çağına  qədəm  qoyur. 60  yaşının  tamam  olması  münasibəti  ilə  onun  ünvanına  bu  günlərdə  çoxlu  təbriklər  gəlir.

Təbii  ki, təbrik  edənlərin  arasında  yaxın  qohumları, iş  yoldaşları, tələbələri, dost-tanışları    sairə  daha  çoxdur.  Onlar  Məlahət  xanımı  yubileyi  münasibətilə  ürəkdən  təbrik  edir, Azərbaycan  elminin  tərəqqisi  naminə  ona  daha  səmərəli  fəaliyyət  arzulayırlar.

Biz    Məlahət  xanıma  ünvanlanan  təbriklərə  qoşulub  deyirik: “60  yaşın  mübarək, Məlahət  xanım! Sizə  həyatın  ən  şirin neməti  olan  cansağlığı, uzun   ömür    daha  uğurlu  elmi  axtarışlar  arzulayırıq!...

Və ona olan təbrikimi  bu şeirlə tamamlayıram. Belə ki, mən, “Məlahət xanım” adlı şeirimi Geologiya  və minerologiya  elmləri  namizədi Məlahət xanım Əsədovanın  ( Mahmudovanın)  anadan  olmasının  60  illiyinə   həsr  edirəm.

 

 

 

Ömürdən saymırıq  itən illəri,

Üzə  kölgə  salan  ötən illəri.

Necə saxlayasan  gedən illəri? –

Buna  yox  qüdrətin, Məlahət  xanım.

 

Əməlin  yoluna  gül-çiçək  düzüb,

Elə  dərd    var  ki, qəlbini  üzüb.

Həyatda  hər  ağrı-acıya  dözüb,

O kişi  qeyrətin, Məlahət  xanım.

 

Fərqi  yox  Aslanda  erkək-dişinin,

Pozulmaz  izi  var  elmi  işinin.

Qoy  ruhu  şad  olsun  Ənvər  kişinin,

Nurludur   niyyətin, Məlahət  xanım.

 

Çəkib  zəhmətini  Nazilə  ana,

Bacı-qardaşların  durub  yan-yana.

Xalqın  öz  gözüylə  baxıb  cahana,

Xalqadır  xidmətin, Məlahət  xanım.

 

Nəsir  olmasa  da  bu gün  həyatda,

Saxlayıb  izini  qanlı  Yanvarda.

Bir  qürur  yerin var  kökdə, soyadda,

Bu, taleh  qismətin, Məlahət  xanım.

 

Araşdır  nələr  yox  gör  yaddaşında,

İsmayıl, Zaur  var  haqq  savaşında.

Bu gün  yubilyarsan  məclis  başında,

Gül  açıb  zəhmətin, Məlahət  xanım.

 

Bacıdan  öndədir  qardaş  hər  işdə,

Yaralı  daşıyıb  Arif  döyüşdə.

Hər bir  ağrı-acı  qalıb keçmişdə,

Gülür  səadətin, Məlahət  xanım.

 

Dolub  boşalsa  da  buludlar  kimi,

Ürəyin  təmizdir  dağda  qar  kimi.

Qollu-budaqlıdır  xan  çinar  kimi,

Bacı  məhəbbətin, Məlahət  xanım.

 

Elmin  baharısan, elmin  yazısan,

Ana  təbiətin  ötən  sazısan.

Sən ki, Vətənimin  alim  qızısan,

Var  şanın, şöhrətin, Məlahət  xanım.

 

Hər  təbrik  zəngində  bir  arzu  yaşar,

Məcraya  sığmayan  sevinci  daşar.

Əlizadə  sənə  bir  şeir  qoşar,

Bitirər  söhbətin, Məlahət  xanım.  

                  

 Lənkəran   rayonu, Liman şəhəri, aprel  2025- ci il

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

Bu günlərdə «Qobustan» sənət toplusunun yaz sayı işıq üzü görüb. Sənətin çeşidli sahələrinə aid maraqlı müəlliflərin orijinal yazılarını təqdim edən bu sayın qapaq rəsminə Xalq rəssamı Səttar Bəhlulzadənin «Bahar əfsanəsi» tablosu yer alıb.

 

“Ədəbiyyat və incəsənət” portalına sənət toplusunun redaksiyasından verilən məlumata görə, hər zaman müxtəlif sənət sahələrinin sintezini araşdırmağa, göstərməyə çalışan dərgi bu dəfə də ənənəsinə sadiq qalıb; Akademik Teymur Kərimlinin «Şərq və Qərb rəssamlarının əsərlərində insan gözəlliyinin bədii təqdimi» məqaləsində iki fərqli mədəniyyətin təmsilçilərinin insana baxışı və təsviri sənətdə necə ifadə etməsi müqayisə olunur. Həmçinin klassik ədəbiyyatımızda sözlə çəkilən təsvirlərin Şərq miniatürçü rəssamların əsərlərində necə göstərilməsi əyani izah edilir. Dünyanın zamandan asılı olan dərkinin sənətə təsiri qeyd etdiyimiz məqalənin əsas ideyasını təşkil edir.

Professor Vilayət Quliyev «Şuşadan Miçiqana uzanan yol – Qəmər Ağa-oğlu» məqaləsində isə Amerika elm-sənət camiəsində böyük uğurlara imza atmış Qəmər Ağa-oğlunun tale, yaradıcılıq yoluna nəzər salır. Ötən əsrin 70-ci illərində senzuranın gözündən necəsə yayınan «Qobustan» Qəmər xanımın həyat yoldaşı, Amerika azərbaycanlısı, incəsənət professoru Məhəmməd Ağa-oğlu haqqında Mövsüm Əliyevin kiçik məlumatını çap edibmiş. Həmin yazı prof.V.Quliyevin məqaləsinə giriş kimi dərginin bu sayında yer alıb.

Filologiya elmləri doktoru Pərvanə Məmmədli bu sayda Xalq yazıçısı Mirzə İbrahimovun Cənubi Azərbaycanla bağlı böyük işlərindən, prof. Rahid Ulusel elmlə incəsənətin vəhdətindən söz açır. Bu il yubileyləri olan Xalq yazıçısı Maqsud İbrahimbəyov (Narıngül Nadir) və unudulmaz aktrisamız, Əməkdar artist Ətayə Əliyeva (Esmira Nəzərli) haqqında orijinal məqalələr də dərginin bu sayında oxuculara təqdim edilib.

Təsviri sənətin təbliğatına xüsusi yanaşan «Qobustan» Xalq rəssamı Səttar Bəhlulzadə haqqında Mahcamal Şərifin xatirələrinə, gənc və istedadlı rəssam Samirə Abdullayevanın «Zamanın salnaməsi» sərgisi ilə bağlı Züleyxa Baxışovanın məqaləsinə yer verib. Həmçinin Azərbaycan rəssamlarının əsərlərini geyimlərə həkk edən «Amorini consept» brendinin müəllifi, modelyer Günay Əliyeva haqqında təqdimat da müasir oxucu zövqünü oxşamağa, sənətin dinamik zamanla ayaqlaşaraq təbliği üçündür.

Fatimə Fərəhin «Rənglərin aşiqi» məqaləsi xalçaçı rəssam Kamil Əliyevə, musiqişünas Leyla Nəzərlinin «Hər zaman yeni Vaqif» yazısı böyük və unudulmaz Vaqif Mustafazadəyə həsr edilib. Həmçinin gənc sənətşünas Özləm Əliyevanın animasiyalar barədə araşdırma yazısı da cizgi filmi tariximizə işıq tutur.

Hər zaman yeni imzalara yer verən «Qobustan»ın bu dəfəki debütçüsü 87 saylı orta məktəbin şagirdi Gülnarə Məmmədlidir. Onun müsabiqələrdə yer tutan «Möcüzə» hekayəsinin ədəbiyyat həvəslisi olan balaca müəllifin möcüzəyə inamının ifadəsidir.

Dərginin bu sayı da ənənəvi olaraq baş redaktor Pərvinin məqaləsi ilə qapanır. Müəllifin Avropa səfərindən növbəti məqaləsi Amsterdam şəhərinə və impressionist rəssam Van Qoqun muzeyini ziyarətinə aid təəssüratlarını əks etdirir...

Qeyd edək ki, dərgidə yer alan məqalələr rəngli rəsm əsərləri, illüstarasiya və fotolarla təqdim edilir. Həmçinin mətnlərə aid video materialların, musiqi əsərlərinin qr kodlarda səhifələrdə yer alması xüsusi özəllikdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.