İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İş elə gətirib ki, təqvimin bu günü iki görkəmli Azərbaycan ədibi, maarifçisi ilə bağlıdır. Seyid Əzim Şirvani 9 iyulda Şamaxıda dünyaya gəlib, Nəcəf bəy Vəzirov isə 9 iyulda Şamaxıda dünyadan köçüb...
Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində anadan olub. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınan, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat edib. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşayıb. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi.
Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdıb və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayıb. A. Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənib. Dağıstanda Seyid Əzim 10 ildən artıq yaşayıb. 1853-cü ildə 18 yaşında ikən o, anası Gülsüm xanım ilə birlikdə Şamaxıya qayıdıb.
1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparıb. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərib. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edib.
Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edib, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verib. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxuyublar.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edib. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutub.
Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Bu qəzəllər içində də aşiqanə qəzəllər daha çox yer tutub. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olub. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutub.
Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayıb ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edib. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçib.
Müasir həyatın tələblərinə uyğun şeirlər yazıb, Azərbaycanın ilk mətbuatın orqanında nəşr etdirib. Maarifçi şair üçün "Əkinçi" xalqa müraciət yeri olub. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırıb, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayıb, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirib. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırıb:
Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşib. Doğruluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edib.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutub. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata", "Qafqaz müsəlmanlarına xitab" və s. satiralarıdır.
Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də Şamaxıda vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.07.2026)


