Super User

Super User

Bazar ertəsi, 05 Yanvar 2026 08:03

Prezidentin müraciəti: siyasi ritorikanın analizi

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Hər il olduğu kimi bu dəfə - “Konstitusiya və Suverenlik İli”nin son dəqiqələrində də Azərbaycan Prezidenti xalqa müraciət etdi, hər iki bayramlarla bağlı təbriklərini çatdırdı. İl qədim gündoğar təqviminə görə at üstə, çağdaş, rəsmi adlandırma ilə “Şəhərsalma və Memarlıq İli” olaraq qürurla, muradla və urbanik məzmunla gəldi. Əgər at ulu çöl irsimizi, axınlarımızı, fəth və cahangirliyimizi andırırsa, ilin rəsmi adı şəhərsalma mədəniyyətimizi və özəlliklə işğaldan qurtulmuş ərazilərimizdə tikinti-quruculuq, bərpa əzmimizi ifadə edir, nişan verir.

 

Budur, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi ritorikasında formalaşmış üslubun növbəti dəfə şahidi olduq. Bu üslub qələbəni emosiyadan daha dərin və üstün - sistemli dövlət ağlına çevirən liderlik məktəbinin növbəti örnəyidir. Bu müraciət, necə deyərlər, yalnız hesabat sayıla bilməz - Prezidentin bayram nitqi geosiyasi ismarıcların kodlandığı, ünvanların dəqiq seçildiyi strateji mətn-mahiyyətə malikdir.

Müraciətdə Türk dünyasına yönəlik xətt ayrıca və qabarıqdır. Bəli, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı Zirvəsi diplomatik hadisədən üstün, mədəni-siyasi ailənin özünüdərki kimi tanıdıldı. Yenə Türk dünyası, yenə ailə vurğusu - möhtəşəmdir! Belə vurğular dostların könlünü şad edərkən, dost ola bilməyənləri kədərə boğur.

Gəlin buradakı əsas vurğuları sıralamağa çalışaq:

-Azərbaycan Türk dünyasının strateji mərkəzlərindən biridir;

-Zəfərimiz həm də ümumtürk siyasi düşüncəsinin çağdaş modeli olmağa layiqdir;

-Həm Orta Asiya Məşvərət Şurasına (Güney Qafqaz ölkəsi olaraq!) üzvlük, həm də Türk Dövlətləri platformlarında fəallıq tarixi-mədəni yaxınlığın siyasi institusionallaşmasıdır.

Bu, bir açıq ismarıcdır: Türk dünyası emosional romantizm mərhələsindən çıxıb, koordinasiyalı güc mərhələsinə keçir – və Azərbaycan prosesin önündədir.

 

Müraciətin ən önəmli alt qatlarından biri Rusiya və postsovet məkanı üçün səslənən sakit, amma sərt dərinliyi olan ismarıcdır. Bəli:

-ATƏT Minsk Qrupunun “tarixin arxivinə göndərilməsi” faktı, əslində, köhnə vasitəçilik mexanizmlərinin legitimliyinin itirilməsi deməkdir;

-“Biz yeni müharibəyə hazırlaşmırıq” cümləsi, klassik pasifist çağırışdan üstün - caydırıcı gücün açıqlamasıdır;

-Ermənistanla sülhün paraflanması isə Rusiyaya və bölgədəki digər güclərə açıq ismarıcdır: onun qəbul forması artıq qarşı tərəfin məsuliyyətidir... Yəni burada Bakının mövqeyi qətidir: Güney Qafqazın gələcəyi qıraqdan dizayn edilmir və o kiminsə “arxa bağça”sı olmayacaq.

 

Təqvim ilinin son müraciətində daha hansı ismarıclar var? Bizcə:

-Azərbaycan qalibiyyətini savaş meydanında olduğu kimi, diplomatiyada, beynəlxalq hüquq platformlarında da təsdiqləyib;

-BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə istinad, güc üstəgəl hüquq sintezinin nümayişidir;

-D-8 üzvlüyü Azərbaycanın İslam dünyasında da güvənli, çağdaş aktor kimi qəbul edildiyini göstərir.

 

Bu, bir prinsipial çağırışdır: Azərbaycanla diktə ilə danışmaq keçməz, gərək münasibət qarşılıqlı anlaşma və tərəfdaşlıq üzərində qurulsun.

Təsadüfi deyil ki, işğaldan azad edilmiş Xankəndidə ECO Zirvəsinin keçirilməsi müraciətin ən güclü simvolik qatlarından birini təşkil edir. – Bu addım Qarabağı keçmiş “münaqişə bölgəsi” kimi tanınmaqdan çıxarır, beynəlxalq diplomatiya məkanı kimi təqdim edir – Xankəndinə yaraşan da budur; “Böyük Qayıdış” proqramını emosional şüardan gerçək dövlət siyasətinə çevirir - Zəfərimizə yaraşan da budur;

Dünyaya göstərir ki, Azərbaycan dağıntı, mina yerləri üzərində intiqam toxumları səpilmir, quruculuq, mədəniyyət inşa edir. – Əcdadımızın ruhuna, gələcək nəsillərə yaraşan da budur!

Bax, 70 min insanın geri dönüşü – buna, artıq statistika deyib keçmək olmaz, bu, tarixi dönüş nöqtəsi, daha doğrusu, nidasıdır.

 

Bəli, Azərbaycan qalibiyyətlə yetinmir, onu sistemləşdirir; ədalətli sülh çağırışı yenilməzliyin, gücün təzahürüdür; dövlət–xalq birliyi isə geosiyasi resurs olaraq qəbulu haqq edir.

Ötən ilin son müraciətində Azərbaycan öz taleyinin müəllifi kimi danışır. Heç kimə hesabat vermirik, amma hamıya aydın ismarıc göndəririk. Deməli, bu, savaşsonrası dönəmin siyasi manifesti, Zəfərdən sonra formalaşan yeni siyasi mərhələnin ideoloji xəritəsidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Cavid Fərzəlinin şeirlərini təqdim edilir.

                             

QANA BATMIŞ YUXU...

Polad Həşimovun doğma xatirəsinə həsr olunur....

 

Bir uşaq yuxu görürdü,

üzünü təbəssüm ildırımı bürümüşdü.

Müharibənin beşiyində...

Mərmi səsi yelləyirdi əllərini,

yetim gecələr yuxu yoğururdu

pərdələrin gözlərində.

 

Mərmilər ayaq açıb yeriyirdi

bir qızın saçlarının yaddaşında.

Bir ana yaylığı güllələnmişdi

bayraq kölgəsində...

Tanrı dilini öyrənirdi kəpənəklər,

Ölümü əzbərləmişdi Vətən.

 

Səhərin gözlərini uşaqlar aça bilmədi...

Ana küçələr danışırdı:

– Əllərin səngərin atasıdır.

Bir duman bağırır

ayaqlarını...

Torpağın kürəyi

heç vaxt yerə dəymir,

arzular içində yatır

çarpayı.

 

Hər ata, bir oğul

hərfləri unutmuşdu

xəbər başlığında...

 

Ovuclarında xəyanət gizləyir

səngər baharı,

buludlar boylanır

çiyinlərindən...

 

Analar göz yaşından silah düzəldir

yuxusuz pəncərəsinin qarşısında.

Hər günün qapısı barmaqlarından günəş damır

məmləkətə...

 

Bir uşaq yuxudan ayılır indi,

qanadları boş

yellənir hər evin...

 

Küçəmizdə

ürəyi yerə dağılır

fotoşəkillərin,

soyuq baxışların gözünü çıxarır

daşürəkli lövhələr...

 

Şəhərin qorxaq küçələrində

Polad yağışlar yağır

ağacların köynəyinə...

 

Ürəyindən qızılgül dərir

küçələr indi...

Uşaq yuxular böyüyür,

xoşbəxt oyuncaqların gözündə

qarışır çinar boyuna...

 

Ayağını itirmiş yollar

taleyin çəkmələridir. soyunur ayaqlarını qırmızı şəkillər...

 

Uşaq yuxusunu yırğalayır bir payız.

Ayılır uşaq pəncərələr,

ayılır kağız

yuxusundan...

 

Uşaq buludlar dil tapa bilmir danışa.

Bu səhəng

yuxunu əlindən salıb sındırır...

Nar üzlü ömürə dağılır qız budaqlar,

oğul ağaclar!

 

 

İYDƏ AĞACLARI....

 

İydə ağaclarının

küçəyə atdığı

körpə kölgə

iməkləyir yolun kənarında.

 

Əmlik yağış

gölməçələrin üzünü cırır,

başını itirmiş buludlar

iydə çiçəklərinin üstünə qışqırır.

Ayaqqabılarını çıxarıb

yelkənli dumanların dalınca qaçır

günəşin qovduğu uşaqlar...

 

Keçmişin üstündə uzanıb

qoca bir budaq,

əllərini sevələyir küləklər.

Bircə göy üzü,

ayaqları unudulmuş buludların

yaddaşını saxlayır.

Axı unudulduqca yox,

unutduqca ölür

ağacların yaddaşı...

 

Bir pişik, zamanın yırtıcı pəncələriylə

küçələrin yaddaşını daşıyır.

Burda gecə də

öz qaranlığını oğurlayıb

iydə ağaclarının altına yığır.

 

Qəribdir iydə ağacları.

heç doğması yox,

amma hər ömrün üzünü xatırlayır.

Başını aşağı salıb,

günəşin yerə sərdiyi

yaddaşını yığır.

Hər budağı incikdir,

əlinə balta alan

Ərrəhman kişinin

dizlərinə yalvarır

qız salxımlarıyla...

 

Yuvası uçur qanadlarının,

qaranquşlar pozur payızın yaddaşını.

 

İydə ağacları

hələ də çiçəklərini

küçələrin yadına salır,

bir ana sarımtıl ayrılığını

daş ürəklə xatırlayır.

Küləyin içində ağlayan

bir budağını

oxşayır yasəmən divarlar...

 

Əlləri budaq-budaq

iydə ağacları oldu adamların.

 

Ərrəhman kişi

iydə ağacları boyda yaşadı,

iydə çiçəklərinin içində öldü...

Qırılmış iydə ağacı,

qollarında tabutunu götürdü...

 

Ölmüş bir baxışın kölgəsində

ətri havadan qopur

ölümü dadmış qız çiçəklərin.

 

Bir ata,

iydə ağaclarının susqunluğunu

küçələrə danışır,

yaddaşı qayıdır

iydə çiçəklərinin...

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

 

 

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” üçün

 

Zaman insan şüurunun ən mürəkkəb, eyni zamanda ən tanış anlayışlarından biridir. Biz onu ölçürük, bölürük, adlandırırıq, lakin mahiyyətini tam dərk edə bilmirik. İlin bitməsi və yenisinin başlaması isə zaman anlayışının insan psixologiyasında xüsusi bir mərhələ yaratdığı nadir anlardandır. Yeni il sadəcə təqvimdə dəyişən rəqəm deyil; o, insanın öz daxili dünyasında apardığı səssiz hesablaşmanın, ümidlərlə qorxuların, itkilərlə arzuların toqquşduğu simvolik bir həddir. Bu mənada “yeni il, yeni ümidlər” ifadəsi banal bir təbrik cümləsindən daha çox, insanın öz varlığı ilə bağladığı fəlsəfi müqavilədir.

 

Fəlsəfə tarixində zaman anlayışı həmişə insanın mənəvi inkişafı ilə paralel düşünülmüşdür. Aristotel zamanı “hərəkətin ölçüsü” kimi izah edirdi, Avqustin isə zamanın əslində insan şüurunda mövcud olduğunu deyirdi: keçmiş xatirədir, gələcək gözlənti, indi isə diqqət. Yeni il məhz bu üç ölçünün kəsişdiyi nöqtədir. Keçmiş il yaddaşımızda iz buraxır, gələn il ümidlərimizdə formalaşır, bu keçid anı isə insanın özünə verdiyi ən səmimi suallarla dolu olur: Mən kim idim? Kim oldum? Kim olmaq istəyirəm?

Ümid anlayışı burada mərkəzi mövqeyə yüksəlir. Ümid, sadəcə yaxşı hadisələrin baş verəcəyinə inanmaq deyil; o, insanın yaşamağa davam etməsinin etik əsaslandırılmasıdır. Alman filosofu Ernst Bloch ümidin fəlsəfəsini “hələ olmayanın şüuru” kimi təsvir edirdi. Yeni il bu “hələ olmayanı” düşünmək üçün kollektiv şəkildə razılaşdığımız zamandır. Cəmiyyətlər, ailələr, fərdlər eyni anda dayanır və gələcəyə baxır. Bu baxışda bəzən sadəlövhlük, bəzən qorxu, bəzən də inadkar bir nikbinlik olur.

Duyğusal baxımdan yeni il insanın öz keçmişi ilə barışmaq cəhdidir. Hər bitən il bir az peşmanlıq, bir az nostalji, bir az da rahatlama hissi gətirir. Biz edə bilmədiklərimizi siyahıya alır, itirdiklərimizi xatırlayır, qoruya bildiklərimizlə təsəlli tapırıq. Lakin insan psixologiyasının maraqlı cəhəti ondadır ki, yeni bir başlanğıc ideyası bu yükü yüngülləşdirir. Sanki təqvim dəyişdikcə, vicdan da bir az nəfəs alır. Bu, rasional olmasa da, dərin insani bir ehtiyacdır.

Akademik baxımdan yeni ilin sosial funksiyası da diqqətəlayiqdir. Sosioloqlar yeni ili “kollektiv yenilənmə ritualı” kimi dəyərləndirirlər. Bu ritual cəmiyyətin özünü davam etdirməsi üçün psixoloji mexanizm rolunu oynayır. İnsanlara “hər şey bitməyib” mesajı verir. Xüsusilə müharibələr, iqtisadi böhranlar, sosial sarsıntılar dövründə yeni il ümidin institusionallaşmış formasıdır. Çünki ümid fərdi olduğu qədər də sosial resursdur. Ümidsiz cəmiyyət dağılmağa, ümidli cəmiyyət isə toparlanmağa meyllidir.

Yeni il, eyni zamanda, məsuliyyət hissini də yenidən gündəmə gətirir. Ümid passiv gözlənti deyil; o, fəaliyyət tələb edir. Əgər insan hər il eyni arzuları təkrarlayırsa, lakin eyni davranışları davam etdirirsə, bu artıq ümid deyil, özünü aldatmaqdır. Bu nöqtədə fəlsəfi etikaya müraciət etməli oluruq. Kantın “borc” anlayışı burada aktualdır: insan özünə qarşı da məsuliyyət daşıyır. Yeni il qərarları — daha yaxşı insan olmaq, daha çox oxumaq, daha az susmaq, daha dürüst yaşamaq — əslində etik özünütəlim formasıdır.

Duyğusal müstəvidə isə yeni il insanın tək olmadığını xatırladan nadir anlardandır. Eyni anda milyonlarla insan eyni arzuları diləyir, eyni sözləri deyir, eyni səssiz ümidləri ürəyində saxlayır. Bu kollektivlik hissi insanın varoluş narahatlığını azaldır. Çünki ən böyük qorxulardan biri tək qalmaqdır — həm fiziki, həm də mənəvi anlamda. Yeni il gecəsi bu qorxunu bir gecəliyinə də olsa susdurur.

Lakin burada tənqidi düşüncə də vacibdir. Yeni ilin sehrləşdirilməsi insanı reallıqdan uzaqlaşdıra bilər. Əgər ümid konkret addımlarla dəstəklənmirsə, o, tezliklə məyusluğa çevrilir. Buna görə də akademik düşüncə ilə duyğusal ehtiyac arasında tarazlıq qurmaq vacibdir. Yeni il nə möcüzədir, nə də sadəcə formal tarixdir. O, imkanların simvoludur — istifadə olunarsa dəyər qazanır, ötürülərsə mənasını itirir.

Nəticə etibarilə, “yeni il, yeni ümidlər” ifadəsi insanın zamanla apardığı sonsuz dialoqun qısa xülasəsidir. Hər yeni il bizə eyni sualı verir: “Bu dəfə nəyi fərqli edəcəksən?” Cavab isə yalnız təbrik mesajlarında yox, gündəlik həyatın kiçik, lakin davamlı seçimlərində gizlidir. Ümid, gələcəyin vədi deyil; indinin məsuliyyətidir. Və yeni il bu məsuliyyəti xatırlamaq üçün bizə verilən simvolik bir dayanacaqdır.

İnsan hər yeni ildə yenidən doğulmur, lakin yenidən düşünmək, yenidən qərar vermək, yenidən cəhd etmək şansı qazanır. Bəlkə də ümid dediyimiz məhz budur: dəyişməyən dünyada dəyişmək cəsarəti.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən ədəbiyyat yalnız söz və duyğularla kifayətlənmir, siyasətə də qonaq gedir. Bu gün isə qonağımız uzaq Venesueladır.

 

Ötən gün Venesuela Müdafiə Naziri ABŞ-ni ölkəyə qarşı hərbi təcavüzdə ittiham edib və xalqı birlikdə olmağa çağırıb. Sosial şəbəkələrdə isə prezident Maduronun oğurlandığı iddia edilən foto yayılıb.

ABŞ əməliyyatı nəticəsində Maduro və həyat yoldaşı Nyu-Yorka gətirilib və yaxın günlərdə məhkəmədə mühakimə olunacaqlar. Konstitusiyaya görə, əgər Maduro hakimiyyətdən kənarlaşdırılıbsa, ölkədə güc vitse-prezident Rodrigesə keçməlidir. İsrail lideri Yair Lapid isə İranı Venesueladakı prosesləri diqqətlə izləməyə çağırıb.

 

Politoloq Zeynal Əmrəliyev bildirir ki, bu əməliyyat ABŞ və Rusiya arasında gizli razılaşmanın nəticəsi ola bilər və kiçik ölkələr belə qlobal güclərin oyunlarına təsir altında qala bilər.

Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına açıqlama verən politoloq Zeynal Əmrəliyev Rusiyanın Venesuelaya heç nə etməyəcəyini bildirib:

"ABŞ isə istədiyinə çox yüksək səviyyədə nail oldu. Maduronu tez bir zamanda hakimiyyətdən kənarlaşdıraraq həbs edib ölkədən çıxardılar. Yəni faktiki olaraq Venesueladakı rejim çökdü. Bu böyük ehtimalla Vaşinqton və Moskva arasındakı gizli razılaşmanın bir hissəsidir. Böyük ehtimalla Ukraynadakı məsələlərin həllində Rusiya, Venesuela ilə bağlı ABŞ-lə razılaşma əldə edib. Faktiki olaraq, Maduronu müttəfiqləri tək qoydular. Bu göstərir ki, qlobal güclər arasındakı toqquşma kiçik ölkələrə də təsir edə bilər. Kiçik ölkələr böyük dövlətlərlə rəqabət etməyə çalışmamalıdır".

Politoloq vurğulayıb ki, ABŞ ilə münasibətlərin kəskinləşməsi Madurona həyatı ilə başa gəldi və həbs edildi:

"İndi o, ömürlük həbsxanada qala bilər. Çünki o, həm də narkotik ticarəti ilə ittiham olunur və ömürlük həbs olunacağı gözlənilir. Venesuela indi ABŞ-nin təsiri altında olan bir hökumət tərəfindən idarə olunacaq. Rusiyanın burada konkret addım atacağını gözləmirəm. Rusiya və Çin Venesueladakı işlərinə sakitcə davam edəcəklər. Eyni zamanda, bu vəziyyət Rusiyanın Ukraynadakı mövqeyinə dair ABŞ-lə müəyyən güzəştlər əldə etməsi üçün nümunə ola bilər".

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

Bazar ertəsi, 05 Yanvar 2026 12:28

2025-ci ildə itirdiyimiz görkəmli simalar…

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Hər yeni ilin başlanğıcı ötən ilin son hesabatı kimidir. Qazandıqlarımızla yanaşı, itirdiklərimiz də yaddaşımızın ayrılmaz hissəsinə çevrilir. 2025-ci il Azərbaycan mədəniyyəti, incəsənəti, ictimai və dövlət həyatında iz qoymuş bir sıra görkəmli şəxslərlə vidalaşdığımız il kimi tarixə düşdü. Sənət ölmür, sənətkar ölsə də, sənət əsrlərlə yaşayır – bu da onlardan bizə qalan əvəzsiz yadigardır.

 

Onlar fiziki olaraq bu dünyadan getdi, amma yaratdıqları dəyərlər, səsləri, rolları və əməlləri cəmiyyətimizin yaddaşında əbədi olaraq qalacaq.

Ötən il itirdiyimiz simalar arasında sənət, musiqi, teatr, ədəbiyyat və iqtisadiyyat sahəsində iz qoymuş, həmkarları və izləyiciləri üçün nümunə olmuş şəxsiyyətlər yer alır. Onlar təkcə öz sahələrinin deyil, bütöv bir dövrün yaddaşını da yaşatdılar.

 

Tək bizim itirdiyimiz yox, ümumən ədəbiyyatımızın itirdiyi dahisi

ELÇİN ƏFƏNDİYEVdən başlamaq istəyərəm. Çünki onun əsərləri ilə böyümüş, onun sözləri ilə öyrənmişəm. İndi də onun əsərləri danışır, bizə yol göstərir. Çünki sənətkar dünyadan köçsə də, sənəti hər zaman yaşayacaq.

Dahi yazıçımız, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim. Elçin Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.

 

Musiqi və sənət sahəsində itkilər

ARİF BABAYEV (1 avqust 2025) – Xalq artisti, muğam ustadı, Azərbaycan musiqisinin canlı yaddaşı.

RAMİZ QULİYEV (15 oktyabr 2025) – Tanınmış tarzən, Xalq artisti, professor və pedaqoq. Uşaqlıqdan musiqiyə maraq göstərib, 7 yaşında tar çalmağa başlayıb. ABŞ, Kanada, Fransa, Türkiyə, Almaniya, İran, İsrail, Norveç, Yaponiya və digər ölkələrdə çıxış edib. 1989-cu ildə Yaponiyada 40 gün ərzində 30-dan çox şəhərdə konsert verib.

ÇİMNAZ SULTANOVA (15 yanvar 2025) – Televiziya və teatr siması, aktrisa. Peşəkar fəaliyyəti və səmimiyyəti ilə yadda qaldı. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi layihələrdə rol alıb.

RƏŞAD BƏXTİYAROV (16 oktyabr 2025) – Əməkdar artist, səhnəyə sədaqəti və peşəkarlığı ilə tanınan aktyor. Uzun müddət xəstəliklə mübarizə aparıb.

VAHİD ƏLİYEV (6 noyabr 2025) – Əməkdar artist, səhnədə təbiiliyi və xarakter rollarında uğuru ilə seçilən sənətkar.

CABİR İMANOV (29 sentyabr 2025) – Aktyor, hüquqşünas və polis polkovnik-leytenantı. Həmkarları tərəfindən nümunəvi insan, izləyicilər tərəfindən etibarlı və səmimi şəxs kimi tanınıb.

ƏNVƏR HƏSƏNOV (16 mart 2025) – Aktyor, rejissor, Xalq artisti. Kino və teatr sahəsində yaratdığı obrazlarla yadda qaldı.

YADİGAR MURADOV (18 noyabr 2025) – Şuşa Dövlət Milli Dram Teatrının direktoru, əməkdar artist. Musiqi sahəsində fəaliyyəti ilə seçilib.

ROZA CƏLİLOVA (19 noyabr 2025) – Sənət və mədəniyyət sahəsində tanınan sima, öz dəsti-xətti ilə seçilən sənətkar.

AĞAKƏRİM (19 dekabr 2025) – Xalq arasında tanınan meyxanaçı. Söz improvizasiyası və üslubu bu janrın yaddaşında qalacaq.

TAMİLLA ŞİRƏLİYEVA (12 mart 2025) – Xalq artisti, Azərbaycan teatr və kino sənətinin sevilən aktrisası. Yarım əsrdən artıq sənət yolu keçib və yaratdığı obrazlar milli teatr tarixinin qızıl səhifələrində qalacaq.

AZƏR BAXŞƏLİYEV (5 yanvar 2025) – Əməkdar artist, cəmiyyət üçün faydalı işləri ilə xatırlanacaq. Uzun illər sağlamlıq problemləri ilə mübarizə aparıb.

 

İctimaiyyət və iqtisadi sahədə iz qoymuş şəxslər

Abdolbari Gözəl (18 yanvar 2025) – “Azərsun Holdinq”in prezidenti, Azərbaycan iqtisadiyyatına mühüm iz qoymuş iş adamı. Minlərlə insan üçün iş yeri yaratmış, ölkəyə strateji dəyər qatmışdır.

 

Ədəbiyyat və poeziya sahəsi

Əminə Yusifqızı (9 oktyabr 2025) – Ədəbiyyat və söz dünyasında tanınan şəxs. İncə duyğularla yazılmış yaradıcılığı oxucuların yaddaşında qalacaq.

Əlisəmid Kür (13 oktyabr 2025) – Əməkdar şair, müasir Azərbaycan poeziyasının fərqli səsi. Şeirlərində həyatın ağrısını və insanın daxili mübarizəsini cəsarətlə ifadə edirdi.

 

Bu adlar təkcə insanlar deyil, bütöv bir dövrün səsi, nəfəsi və yaddaşı idi. Onların hər biri Azərbaycan tarixində, mədəniyyətində və ictimai həyatında öz izini qoyaraq bu dünyadan köçdü. Amma əsl itki yalnız onların fiziki yoxluğunda deyil – bu, eyni zamanda bir dövrün sükutudur.

Onlar gedib, amma yaratdıqları əsərlər, səslər, rollar və toxunduqları həyat uzun illər boyu yaşamağa davam edəcək. Hər birimiz üçün bu, həm xatırlatma, həm də ilhamdır:dəyərlərimizi yaşatmaq, sənətə, sözə və insanlığa hörmət göstərmək üçün. 2025-ci ilin itkisi bizə göstərir ki, hər səslə, hər yaradılmış obrazla, hər yazılmış sözlə bir ömür boyunca bir iz qoymaq mümkündür.

Hər itki bir dərsdir, hər xatirə bir məktəb. Onların sükutu isə bizi düşündürməyə, yaşadığımız dünyanı daha dəyərli etməyə çağırır. İnsanlar ölə bilər, amma onların dəyərləri, yaradıcılığı və toxunduqları həyat həmişə yaşayacaq.

SƏNƏTKAR GETSƏ DƏ, ONUN SƏNƏTİ HƏR ZAMAN VAR OLACAQ...

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2025)

 

 

Bazar ertəsi, 05 Yanvar 2026 11:02

Evin yaddaşı - ESSE

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bəzi evlər var ki, sadəcə yaşamaq üçün tikilmir. Onlar zamanla insanın yaddaşına çevrilir. Mənim üçün belə bir ev var — rəhmətlik babamın öz halal zəhməti ilə tikdiyi ikimərtəbəli evin aşağı mərtəbəsi. Bu məkan mənim uşaqlığımın keçdiyi yer olmaqdan çox, kimliyimin formalaşdığı bir yaddaş nöqtəsidir.

 

Babam bu evi tikəndə bəlkə də bilmirdi ki, bir gün bu divarlar onun yoxluğuna dözəcək, xatirələrini qoruyacaq. Mən bu evdə böyümüşəm. İlk sevincim, ilk kədərim, ilk susqunluğum bu tavanın altında yaşanıb. Babamla saatlarla etdiyimiz söhbətlər hələ də qulaqlarımdadır. Bəzən gülmüşük, bəzən eyni cümlənin içində susub ağlamışıq. O söhbətlərdə mən təkcə babamı deyil, həyatı tanımışam.

Hər ad günü, hər bayram bu evin qapısından içəri dolub. Böyük ailəmiz, geniş süfrələrimiz olub. Süfrənin ətrafında toplaşan insanlar təkcə yemək paylaşmayıb, bir-birinin varlığını bölüşüb.

Baharlar burada daha canlı keçirdi. Həyətin içində açan çiçəklərin qoxusu uşaqlığımı bürüyər, zamanın nə qədər səxavətli olduğunu hiss etdirərdi.

Babamın ölümündən sonra bu ev dəyişdi. Səssizləşdi. Qaranlıqlaşdı. Bu məkan nənəmə əmanət qaldı — təkcə bir ev yox, bütöv bir keçmiş. Artıq hər dəfə böyük süfrələr qurulmur, səs-küy azalıb, addımlar seyrəlib. Amma bu səssizlik boşluq deyil. Bu, yaşanmışlığın səssizliyidir.

Ocaq hələ də yanır. Çayın tüstüsü hələ də əvvəlki kimi qalxır. Bu ev hələ də istiliyini itirməyib. Çünki bəzi istiliklər insanın yoxluğundan sonra da qalır. Babamın zəhməti bu divarların içində yaşayır. Onun varlığı sükutun içində hiss olunur.

2026-cı ili bu dəfə ənənəvi şəkildə birgə qarşılamadıq. Zaman dəyişib, ailə anlayışı daralıb, insanlar bir-birindən uzaqlaşıb. Amma ilin ilk günü yenə buradayam. Bəlkə böyük süfrə yoxdur, bəlkə hamı bir arada deyil. Amma nənəm buradadırsa, bu ev hələ də mənim üçün bayram yeridir.

Mən bilirəm ki, nənəm yaşadıqca, hər bayramın ilk günü yolum yenə bu evə düşəcək. Çünki bəzi yerlər insanın keçmişi deyil — onun köküdür. Oradan uzaqlaşmaq olar, amma qopmaq mümkün deyil. Bu ev mənim üçün sadəcə uşaqlıq xatirəsi deyil, yaddaşımın ünvanıdır.

Bəzən düşünürəm ki, evlər də insanlar kimi xatırlayır. Susur, amma unutmur. Bu ev də elədir. Qaranlıq görünə bilər, amma içində hələ də işıq var. O işıq babamdan qalan, nənəmin qoruduğu, mənim isə hər dəfə geri qayıdaraq təsdiqlədiyim bir işıqdır.

Və mən bilirəm: bu ev yaşadıqca, mənim uşaqlığım heç vaxt tam bitməyəcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

Bazar ertəsi, 05 Yanvar 2026 13:29

Səhnəmizin Ağsaqqalının anım günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gənc ikən dünyasını dəyişənlər bir başqa cür xatırlanır, xatırlayanın iztirabı, təəssübkeşliyi, ürək ağrısı dominantlıq təşkil edir.

Bir vaxtlar o, sənət dostları ilə tamaşaçılara bol gülüş bəxş edərdi, hətta yaratdığı Ağsaqqal obrazı o qədər məşhur idi ki, hər yerdə insanlar ondan sitat gətirərdilər...

 

Bu gün “Bozbash Pictures”in Ağsaqqal obrazı ilə yaddaşlarda öz izini qoyan, populyarlıq qazanan aktyor Azər Baxşəliyevin anım günüdür.

O, 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Bozbash Picturesin Ağsaqqal və Əzəmət obrazları ilə tanınmağa başlayıb. ATV telekanalında çalışıb.

 

Yadda qalan səhnələr

- “Ağsaqqal” obrazı ilə məhəllə dialoqları

- Komik nəsihət monoloqları

- Digər obrazlarla olan ironiya dolu mübahisələr

 

Filmoqrafiya

1. Bozbash Pictures

2. 3 bacı

3. Ay brilliant

4. Axırıncı yol

5. Stalinin başı

6. Palata 106

7. Bir xalanın sirri

8. Zarafat Bir Yana

 

Azər Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddətdir ki, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı. 2025-ci il yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib, "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyat təkcə hadisələri danışmaq deyil, insan taleyini anlamaq sənətidir. Yazıçı Əlfi Qasımov məhz bu sənəti bacaran yazıçılardandır. Azərbaycan ədəbiyyatında oçerk janrına rəng qatan, onu gücləndirən yazıçılardan biri sayılır. Onun ilk məşhurluğu məhz oçerklərlə başlayıb.

 

Əlfi Qasımov 1927-ci il yanvar ayının 5-də - unudulmaz yazıçımız Vidadi Babanlı ilə eyni gündə Ağdam rayonunun Poladlı kəndində anadan olub. O, Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləyib.

 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxuyub, oranı bitirdikdən sonra 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 1951-ci ildə həmin universitetdə təhsilini başa vurub.

O, ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda Müəllimlər İnstitutunda oxuyarkən başlayıb və onun "Xalq arzusu" adlı ilk şeiri Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc edilib. Publisistin şeirləri universitetdə oxuduğu illərdə də respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilib.

 "Əriməzin ətəklərində" adlı ilk oçerklər kitabı 1954-cü ildə nəşr olunub. Sonra isə çoxsaylı oçerk, hekayə, povest və roman kitabları, həmçinin tərcümələri və tərtib etdiyi digər kitabları çap olunub. Əsərləri rus, qırğız, türkmən və tacik dillərinə tərcümə edilib

1951-1958-ci illərdə "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləyib. Daha sonra 1958-1966-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib vəzifəsini icra edib. O, 1966-1983-cü illərdə Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində çalışıb.

 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləyib. Azərbaycan Dövlət Televiziyasında "Kitablar aləmi" verilişinin aparıcısı olub. 1956-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

 

Onun əsərlərində süni qəhrəmanlar yox, həyatın içindən çıxan real insanlar, onların sevinc və iztirabları yaşayır. Yazıçı sadə insan talelərini qələmə alaraq böyük mənəvi problemləri ön plana çəkib. Əlfi Qasımovun yaradıcılığı oxucunu düşündürüb, vicdanla üz-üzə qoyub və insanın özünə sual verməsinə səbəb olub. Bu baxımdan onun əsərləri Azərbaycan nəsrində xüsusi yer tutur.

 

Əsərlərin siyahısı

1. Əriməzin ətəklərində

2. Şagird briqadaları —

3. Odlu ürəklər

4. Dostluq və qardaşlıq dünyası

5. Adilənin taleyi

6. Dnepr qəhrəmanı

7. Ulduz karvanı

8. Məni qınamayın

9. Saçlar ağarsa da…

10. Qızburunda tək məzar

 

Bu əsərlər oçerklər, hekayələr, povestlər və romanlardan ibarət olub, Azərbaycan ədəbiyyatında sosial-psixoloji və ictimai mövzuları əks etdirir.

Yaradıcılığında əmək adamları, sadə insanlar, kənd və istehsalat həyatı əsas yer tutur. Obrazlarının çoxu real həyatdan götürülüb. Əsərlərində insan taleyi, vicdan, mənəvi seçim mövzularına xüsusi diqqət yetirib. “Adilənin taleyi” romanı dövrünün oxucuları arasında böyük maraq doğurub və qadın taleyi mövzusuna fərqli yanaşması ilə seçilib. “Qağayı fəryadı” əsəri əsasında sonradan film çəkilməsi onun yaradıcılığının kino üçün də dəyərli olduğunu göstərir.

 Uzun illər mətbuat və publisistika ilə məşğul olub, dövrün ictimai problemlərinə biganə qalmayıb. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib, bu da onun yaradıcılığının təkcə yerli yox, beynəlxalq maraq doğurduğunu göstərir. Qısa ömür sürməsinə baxmayaraq, zəngin ədəbi irs qoyub və bu gün də tədqiqatçılar tərəfindən araşdırılır.

 

Əlfi Qasımov 1985-ci il mart ayının 10-da Bakıda ürək çatışmazlığından qəflətən vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

Bazar ertəsi, 05 Yanvar 2026 08:33

100 yaşına çatmasına cəmi 2 ili qalmışdı...

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Son illər doğum günündə “Qazax Xeyriyyə” İctimai Birliyinin təşəbbüsü ilə hər ilin bugünkü günü qocaman yazıçı Vidadi Babanlı ziyarət olunurdu, ötən il 98 yaşı təntənə ilə qeyd edilmişdi, hamı 100-ə hazırlaşırdı... Amma səd heyif. 100-2 görmək qismət olmadı...

 

Bəli, bu gün Azərbaycan ədəbiyyatında ən çox oxunan psixoloji əsərlərdən biri hesab olunan "Vicdan susanda" romanının müəllifi Vidadi Babanlının doğum günüdür. Onu oxuculara sevdirən cəhət insan hisslərini dərin və səmimi təsvir etməsidir.

Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil alıb. Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləyib, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışıb

Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olub. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib. Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçilik edib, əsərinə material toplayıb. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq edib

Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunub.

"Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb .

 

1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulub. Şeirləri dövri mətbuatda müntəzəm çap olunub. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılıb.

"Dərd məni dilləndirir" publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanıb. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olub.

Daha çox psixoloji roman və povestləri ilə məşhurdur. Əsərlərinin əsas mövzuları sevgi, vicdan, xəyanət, mənəvi seçim və insan daxili aləmidir. Dil baxımından əsərləri sadə, axıcı və təsirlidir, oxucu ilə tez ünsiyyət qurub. Əsərləri məktəb və universitetlərdə təhlil mövzusu kimi istifadə olunub. Onun qəhrəmanları adətən daxili ziddiyyətlər yaşayan, həyati seçim qarşısında qalan insanlardır.

 

Kitabları

1. Gəlin

2. Tanışlarım və dostlarım

3. Ayazlı gecələr

4. Həyat bizi sınayır

5. İnsaf nənə

6. Vicdan susanda

7. Ömürlük cəza

8. Hoydu dəlilərim, hoydu.

 

“Vicdan susanda” romanının xülasəsi

 

Və qeyd etdiyim kimi, “Vicdan susanda” sovet dövrünün ən kult romanlarından biri olub, Bakıda, Moskvada yüz min tirajlarla təkrar-təkrar nəşr edilib.

Kitabda iki fərqli insan tipi və həyat yanaşması qarşılaşdırılır.

- Əsərin qəhrəmanları arasında professor Söhrab Günəşli və onun aspirantı Vüqar Şəmsizadə kimi idealları yüksək, yaradıcı elmi fəaliyyətə sadiq şəxslər var. Onlar vicdanın səsini dinləyərək cəmiyyət və elm uğrunda çalışırlar.

- Digər tərəfdə isə xudbin və şəxsi mənafə güdən xarakterlər mövcuddur – onlar vicdanlarını susduraraq çirkin yollarla uğur tapmağa çalışırlar.

- Roman həm sosial, həm də daxili psixoloji mübarizəni təsvir edib, eyni zamanda sevgi-məhəbbət xəttini də önə çıxarıb.

 

Mükafatları

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

- Azərbaycanın əməkdar incəsənət xadimi

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- "Şərəf" ordeni (Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə)

 

Ustad yazar 16 avqust 2025-ci ildə vəfat edib. Vəsiyyətinə uyğun olaraq doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət!”

(05.01.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün çağdaş Azərbaycan ədəbiyyatşünaslığında önəmli yer tutan filologiya elmləri doktoru Məti Osmanoğlunun doğum günüdür. “Ədəbiyyat və İncəsənət” portalı olaraq Məti müəllimi 68 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirik.

 

Məti Osman oğlu Bayramlı 1958-ci il yanvarın 5-də (bəzi mənbələrdə iyulun 1-də) Qazax rayonunun Sadıqlı kəndində (hazırda Ağstafa rayonunun inzibati ərazisinə daxildir) kolxozçu ailəsində anadan olub. 1965–1975-ci illərdə Sadıqlı kənd orta məktəbində, 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb.

Universiteti bitirəndən sonra təyinatla Balakən rayonunda müəllimlik edib. 1983-cü ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə Bakı Dövlət Universitetinin qiyabi aspiranturasına daxil olub, Azərbaycan Yazıçılar Birliyinin orqanı "Ulduz" jurnalının redaksiyasında işləməyə başlayıb.

1987-ci ildə təsis edilmiş əfsanəvi "Gənclik"-"Molodost" jurnalının ilk əməkdaşlarından olub. İki dildə nəşr edilən jurnal az vaxt ərzində böyük oxucu marağı cəlb edərək ölkənin ən populyar nəşrlərindən birinə çevrilib, yaşlı nəslin yadında olar.

1989-cu ildə böyük dilçi alim və ictimai xadim Aydın Məmmədov onu yeni təşkil olunan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəvət edib. Burada baş elmi işçi, şöbə müdiri və mərkəzin təsis etdiyi "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

Mərkəzin qurucusu Aydın Məmmədovun faciəli ölümündən sonra oradakı vəzifəsindən istefa verərək qısa müddət Azərbaycan Milli Məclisinin "Demokratik Azərbaycan" fraksiyasının "Müxalifət" qəzetində çalışıb (yanvar-iyun 1992) və buradan Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinə "Uşaq, gənclər və maarifçilik" studiyasının baş direktoru vəzifəsinə dəvət olunub. Burada işlədiyi dövrdə Fransa Dövlət Televiziyasında ixtisasartırma təcrübəsi keçib.

 

1990-cı ilin ortalarından BDU-nun filologiya fakültəsində dosent kimi fəaliyyət göstərir. Əsasən Azərbaycan ədəbiyyatı tarixilə bağlı araşdırmalar aparır. Universitet tələbələri üçün "Ədəbiyyat nəzəriyyəsi. Müntəxabat" adlı dərs vəsaitinin, akademik tədqiqatlardan, esselərdən və xatirələrdən ibarət "Sözün o üzündə", eləcə də Səməd Vuruğun və Səmədoğlular haqqında elmi məqalə, esse, xatirə və müsahibələrdən ibarət "Ocaq yeri" kitablarının müəllifidir.

Ədəbi fəaliyyətinə görə Azərbaycan Yazıçılar Birliyinin və "Ədəbiyyat qəzeti"nin birgə təsis etdiyi Əli bəy Hüseynzadə ədəbi mükafatının laureatıdır. Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixi (XIX–XX əsrlər) və "Ədəbiyyat nəzəriyyəsi" fənlərini tədris edir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. Məti Osmanoğlu XX əsrin əvvəllərinə aid Azərbaycan nəsrinin təhkiyə sintaksisini bərpa edib.

Əslində onun ədəbiyyat tariximizə həsr etdiyi silsilə məqalələr üslubiyyat, ədəbi dil tarixi və nəsr poetikası üçün çox qiymətli araşdırmalardır. Neçə nəslin əzbər bildiyi və sevdiyi uşaq şeirlərinin K. D. Uşinskinin "Rodnoye slovo" ("Ana dili") kitabından götürülməsi ilə bağlı şərhləri filoloji baxımdan ciddi maraq doğurur.

Elmi və publisistik yaradıcılığa tələbəlik illərində başlayıb. İlk elmi yazısını – "Cəfər Cabbarlının ədəbi-nəzəri görüşləri" məqaləsini universitet qəzetində nəşr etdirib. 1978-ci ildən Azərbaycan Dövlət Radiosunun uşaqlar üçün proqramlar hazırlayan redaksiyası ilə əməkdaşlıq edib. Balakən rayonunda müəllim işləyərkən bu redaksiyanın ştatdankənar müxbiri kimi fəaliyyətini davam etdirib.

1983-cü ildən "Ulduz" jurnalında ədəbi-tənqidi məqalələrlə çıxış etməyə başlayıb, jurnalın tənqid şöbəsinin fəaliyyətinin yeniləşməsində böyük xidmətləri olub. O vaxt təşkil etdiyi dəyirmi masa müzakirələri və dialoqlar ciddi ictimai rezonans doğurub və həmin yazıların əksəriyyəti müasir elektron mediada yenidən nəşr olunub.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışarkən bir sıra əsərləri dilimizə tərcümə edib. Tarixi sənəd olan "Teymur tüzükləri" nin ("Əmir Teymurun vəsiyyətləri" adı ilə) özbəkcədən tərcüməsinin nəşri mərkəzin nəşr etdirdiyi ilk kitab olub.

 Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu", Qazaxıstanda yaşayan rus yazıçısı Moris Simaşkonun "Sultan Bəybars" povestləri oxucular tərəfindən rəğbətlə qarşılanıb və bədii tərcümə sənətinin layiqli nümunələri hesab edilir. Məti Osmanoğlunun tərcüməsində "Çingiz xanın ağ buludu" İranda, "Teymur tüzükləri" isə İranda nəşr edilib.

Məti Osmanoğlunun ədəbi fəaliyyətində ideologiya və ədəbiyyatın ayrılması məsələsinə xüsusi önəm verilir, o, ədəbiyyatı öz məntiqi və bədii dəyərləri daxilində qiymətləndirir. O, yalnız filoloq deyil, həm də tərcüməçi və tənqidçi olaraq klassik və müasir bədii mətni dərindən analiz edir.

Məti Osmanoğlu Azərbaycanın ədəbi və estetik fikrinin inkişafına töhfə verən müəllimlərdən biri kimi tanınır və tələbələr arasında hörmətə layiqdir.  O, ədəbiyyatın mənəvi və intellektual yaddaş kimi rolu barədə fikirləri ilə də məşhurdur.

 

“Ədəbiyyat və incəsənət”

(05.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.