Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Firuzə Məmmədlinin - qurumun ağbirçəyinin bu gün doğum günüdür, özü də elə-belə doğum günü deyil, yubileyidir - 85 illiyidir. 

 

Birdən-birə nə düşmüşdü yadına,

Vərəqlədin keçmişini illərin?!

Saydın, seçdin, seçmələdin nə yaxşı

Əllisini, yetmişini illərin?!

 

Bu seçdiyin ürəyincə deyilsə,

Ələ gələn gərəyincə deyilsə,

Donluq olub, çörəyincə deyilsə,

Nə gəzirsən itmişini illərin?!

 

Nəyi vardı, xəlbirlədin, ələdin,

Acısını şirininə caladın.

Çağaydımı, - laylaladın, bələdin

Daha vaxtı ötmüşünü illərin.

 

Sözgəlişi dedim bunu, incimə,

Hövüllənmə savaşına, dincinə.

At zamanın sənə düşən küncünə

Gəlmişini, getmişini illərin?

 

Nə qədər ki, yerişində dirisən,

Canım-gözüm, beş adamdan birisən.

Çəkmə, çəkmə... Çəkəmməzsən geri sən

Ömrü talan etmişini illərin.

 

Eh, il vardı, vaxt əlində saz idin,

Bir sarışın, bir alagöz qız idin.

Gərək onda arayaydın, gəzəydin

Düzü əyri bitmişini illərin.

 

Karvan gedib, izi qalıb yollarda,

Zaman adda tozu qalıb yollarda,

Qaytar geri, gözü qalıb yollarda,

Qəfil yada düşmüşünü illərin.

 

Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində dünyaya göz açmışdır. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur.

 

Kitabları:

1. Gümüşü damla. 

2. Yoluma bahar düşüb. 

3. Sənin ömrün. 

4. Yetkinlik.

5. Bir qarış ucalıq

6. Bədii dilin estetik mənbələri (Dərs vəsaiti). 

7. Məni mənlə bölən dünya. 

8. “Seçilmiş əsərləri” I c. 

9. “Seçilmiş əsərləri” II c. 

 10. “Seçilmiş əsərləri” III c.

 

6 adda tərcümə əsəri də daxil olmaqla 37 kitab müəllifidir. 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır.

2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək” ordeni ilə təltif olunub. Firuzə Məmmədli 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir. 

O, 2008-ci ilin Prezident təqaüdçüsüdür. Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.

Allah xeyirli ömür nəsib etsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Elə şəxsiyyətlər var ki, onlar barədə nə qədər yazılsa da azdır, onlar öz adlarını tarixə yazmağı bacarıblar. Azərbaycanın görkəmli dilçi-alimi Afad Qurbanov kimi. 

 

1929-cu il yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olan Afad Qurbanovun bu gün anadan olmasının 96-cı ildönümüdür.

 

Afad Qurbanov barədə oxucularımızı məlumatlandırmaq üçün millət vəkili Əlibala Məhərrəmzadəyə müraciət etdik. Millət vəkili söylədi: 

-XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi və mənim şəxsən çox yaxından tanıdığım işıqlı ziyalı olan Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o, həmin komissiyanın sədri təyin edilmişdir.

Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası və Azərbaycan dilçiliyində onomalogiya onun adı ilə bağlıdır. Odur ki, bu görkəmli alimin xatirəsini şərəflə anırıq. 

 

Oxucularımıza bildiririk ki, Afad Qurbanovun çox qiymətli elmi əsərlərdən ibarət irsi vardır. Bir siyahıya diqqət edək:

1. Dilçiliyin sistemi

2. Dilçiliyin tarixi

3. Müasir Azərbaycan ədəbi dili

4. Bədii mətnin linqvistik təhlili

5. Azərbaycan onomastikası

6. Azərbaycan dilinin onomalogiyası

7. Ümumi dilçilik, I–II cildlər 

8. Dünyanın dil ailələri

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib. Allah rəhmət eləsin! Amin!

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

Cümə, 10 Yanvar 2025 09:32

ONU CANDAN USANDIRDILARMI? - 2-ci yazı

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün 

 

 

Məhəmməd Füzuli Gündoğar (Şərq) poeziyasının bədii, fəlsəfi və mənəvi dərinliyini təcəssüm etdirən, ancaq eyni zamanda ondan qırağa çıxaraq, zamanüstü mövqe qazanan bəşəri bir sənətkardır. Onun yaradıcılığı yalnız öz dönəmində deyil, həm öncəsində, həm də sonrakı nəsillərin ədəbi-bədii dünyasında “qarşılaşmalar”, dialoqlar və “mübahisələr” doğurub. Bu yazıda Füzulidən öncə və sonra, onunla “qarşı-qarşıya” duran və ya onu yenidən kəşf etməyə çalışan ədəbi, bədii və ictimai düşüncə sahələrinin nümayəndələrini yığcam təhlilə cəlb etməyə çalışacağıq.

 

1.

 

Füzuli yaradıcılığının özünəxaslığı, Füzuli sənətkarlığının bəşəri, zamanüstü səciyyəsi danılmaz olsa da, Füzulinin özündən öncə yaşayıb-yaratmış Nizami Gəncəvi və İmadəddin Nəsimi irsinə bələd olduğunu da, eyni qətiyyətlə deyə bilirik. Əgər bir dahi özündən öncəki dahilərə bələdsə, bu, onunçün təsir kimi deyil, bəlkə, başqa cür ifadə etməyə çalışsaq, əsas kimi götürülə bilər. Elmdə hər dahinin öncəki dahiləri əsas alması kimi... Hətta, bir elmi-fəlsəfi yanaşma inkar olunsa və ondan daha universal elmi-fəlsəfi yanaşma ortaya qoyulsa da, öncəki dahilərin əsərləri öz əsaslığını, istinadgahlığını itirmir...

Nizami özünəxas təhkiyə və əxlaqi-fəlsəfi şeir üslubu ilə Füzuli üçün bir ədəbi məktəb olub. Bu təsirlər Füzulidə:

- Nizaminin eşq və məhəbbəti həm mənəvi, həm də ictimai məsuliyyət kontekstində təsvir etməsi, habelə, Gəncəli dahinin hekayə və mənzum fəlsəfi dialoqları yerinə, Füzulidə daxili “mən” ilə kainat arasında danışıq (monoloq) önplana çıxır.

 

Nəsimi isə Füzuli üçün daha çox poetik coşqu və mənəvi dərki “cəbr edən” bir irsin daşıyıcısı olub. Hürufilik fəlsəfəsinin yaratdığı “insan ilahi həqiqətin daşıyıcısıdır” düşüncəsi Füzuli poeziyasında belə şəkil alır:

 

“Eşqdir aləmdə hər nə var,

Elm bir qeylü-qal imiş ancaq”...

 

Füzuli burada həm Nəsiminin “insanın eşqlə bütövləşməsi” düşüncəsini davam etdirir, həm də onu daha təvazökar bir fəlsəfi çərçivəyə çəkir...

 

2.

 

Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısı olan Molla Pənah Vaqif Füzuliyanə “Dərviş ruhu”ndan uzaqlaşaraq, təbiətə, dünyəvi eşqə və gerçək insan obrazlarına yönəlib. Füzulinin mistik və dərin fəlsəfi obrazlarından fərqli olaraq Vaqifdə:

- “Canlı eşq” təbiətin gözəlliyində aydınlıq tapır;

- Mistik iztirab yox, dünyəvi ləzzət və reallıq tərənnüm edilir.

 

Mirzə Fətəli Axundov isə Füzuli ilə açıq düşüncə döyüşünə qalxan ilk ədiblərdən olub. Axundovun materialist-maarifçi baxışları ilə Füzulinin romantik-mənəvi dünyası arasında bir “uçurum” yaranıb. Axundov üçün Füzuli “Köhnə dünya”nı təmsil edən bir sima idi; bu, Füzulinin yaradıcılığını “təftiş edən” ilk cəhdlərdən biri olaraq ədəbi-fəlsəfi önəm daşısa da, necə deyərlər, “Quran” ayəsi, daha doğrusu, ədəbi-fəlsəfi ehkam deyil...

 

3.

 

Axundov cəhdlərindən Üzeyir bəy Hacıbəyli və XX yüzil sənətkarlarının cəhdlərinə – Füzulini çağdaş etmək cəhdlərinə keçid edək:

Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” operası ilə Füzulinin poetik dünyasını XX yüzilin çağdaş musiqi səhnəsinə gətirdi. Burada Füzuli poeziyası bir “klassik əfsanə”dən çıxıb, canlı və çağdaş sənət əsərinə çevrildi. Bu, yalnız bir musiqi əsəri deyildi – həm də klassik irsin çağdaş dövrə adaptasiyasının şah əsəri idi.

Cahangir Cahangirov və digər bəstəkarlar Füzuli yaradıcılığının emosional dərinliyini musiqi dilinə çevirərək, onun universal estetik gücünü bir daha sübut etdi.

 

4.

 

Ən yeni dönəmə keçid etsək, vurğulamalıyıq ki, ən yeni – müstəqil düşüncəli gənc nəslin Füzuliyə yalnız vurğunluğunu yox, bəzən tənqidi yanaşmalarını da görə bilərik. Yeni nəsil onun öz qəbir yerini imam məqbərəsinin kölgəsində görməsini sorğulayırmış kimi görünür; habelə, fatalizm və iztirab poeziyasını “dünyəvi həyatın inkarı” kimi qiymətləndirir...

Əlbəttə, bu “bağışlanmayan” məqamların özü də bir təzahürdür: Füzuli hələ də müzakirə edilir, təhlil olunur və bir canlı irs olaraq qalır...

 

5.

 

Bütün olumlu, olumsuz yanaşmalara baxmayaraq, Füzuli sənətkarlığı zamana meydan oxuyur. Onun poetik dünyası:

* Dilin vəhdət və sonsuzluq gücü;

* İnsan mənəviyyatının dərinlikləri;

* Eşq və iztirab fəlsəfəsinin bədii təcəssümü ilə hər dönəmdə “qala bürcü” kimi vüqarla ucalır.

Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərində vurğulandığı kimi, Füzulinin dili və üslubu Azərbaycan ədəbi dilinin formalaşmasında ən önəmli mərhələlərdən biridir.

 

Füzuli yaradıcılığına hər dönəmin öz baxışı olub – sevgi, tənqid, yenidən kəşf və ya “uzaqlaşma”... Amma bu münasibətlərin özü Füzuli yaradıcılığının bəşəri və ədəbi dəyərinin bariz sübutudur. Füzulinin poeziyası insanın varlıq, eşq və mənəviyyat axtarışlarının əbədi ifadəsidir. Füzuli, yalnız dünənin yox, bu günün və sabahın da şairidir.

Bayat boyundan olan ulu şair özü necə deyirdi? –

 

“Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı”?.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

 

 

ƏVVƏLKİ İLLƏRDƏ BU BARƏDƏ YAZMIŞDIQ – “Ədəbiyyat və incəsənət” portal 2022-ci ildə qaldırdığı və get-gedə daha da aktuallaşan bir problem təkrar xatırladır: ERKƏN NİKAHLAR BƏLASI!

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir. Niyə?

 

 

Zülfiyyə Quluyeva yazır

 

 

Azərbaycanda nikah yaşına dəyişiklik edilməsi gözlənilir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin son iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib. B. Muradova bildirib ki, qanunvericilikdə nikah yaşı 18 qəbul edilməlidir: “Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir, amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq”.

Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”.

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, nikah yaşının 18 yaş qəbul edilməsi qanunvericilikdə edilmiş mühüm doğru addımdır. Onun sözlərinə görə, qanunvericilikdə nikah yaşında istisnanın qeyd olunması erkən evliliklərə yol açır. Bununla belə K. Ağazadə nişanlanmaq üçün də yaş məhdudiyyətinin qoyulmasını təklif edir. Bildirir ki, valideynlər adətən nişan adı altında övladlarına toy edirlər: ” Qapısında toy çalınır, amma qızın anası deyir ki, nişandır. Ona görə də məktəb yaşlı qızların nişanlanmasının qarşısı alınmalıdır”.

K. Ağazadə bildirir ki, əksər valideynlər nikah yaşında istisnalardan sui-istifadə edirlər: “İndi nikah yaşı 18 olsa da 17 yaşda nikaha icazə verilir. Valideynlər isə uşağın anasının, atasının xəstə olduğunu bəhanə edib qanundakı istisnadan sui-istifadə edirlər. 18 yaşdan aşağı nikaha icazə vermək olmaz. Ana ağır xəstə olanda uşağın gələcəyini məhv etmək olar? Valideyn dünyasını dəyişdikdən sonra övladı daha ağır vəziyyətə düçar olacaqsa, valideyn o dünyada rahatlıq tapmayacaq. Bunu valideynlər arasında təbliğ etmək lazımdır”.

Birlik sədri deyir ki, valideyn məsuliyyəti də qanun çərçivəsində müəyyən edilməlidir. K. Ağazadə övladını erkən yaşda nişanlayan, evləndirən valideynlərə qarşı daha sərt tədbirlərin görülməli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, nikahdan kənar uşaqların doğulması, boşanmalar əksər hallarda erkən nikahlarda qeydə alınır.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova isə qeyd edir ki, erkən yaşda ərə gedən qızlarda bir sıra doğuş patologiyaları yaranır. Onun sözlərinə görə, anemiya uşağın inkişafına yaxşı təsir göstərmir. Erkən yaşda ailə həyatı quran qızlarda hansısa səbəbdən olduğu bilinməsə də qan təzyiqi qalxır: “Normal doğuş 14 saat çəkir. Ləng doğuş isə daha uzun çəkir. Bu zaman qadının uşaqlıq əzələləri yığılır və uşaq doğulandan sonraq qadında çox təhlükəli qanaxma baş verə bilər”.

Mütəxəssis vurğulayır ki, hazırda rayonlarda erkən nikahlarla bağlı vəziyyət qənaətbəxşdir: “Erkən yaşda nikahlara daha çox Mərkəzi Aran, Dağlıq Şirvan zonasında, hətta Bakı və Abşeron kəndlərində və cənub zonasında rast gəlinir”.

A. Məmmədova qeyd edir ki, beynəlxalq təhlillər göstərir ki, 15-19 yaşlı qızlar arasında əsas ölüm səbəbi hamiləlikdir: “Təhlillərə görə, 18 yaşına qədər qızlarda ana ölümü hallarına əsasən erkən doğuş səbəb olur. 15 yaşından kiçik yaşda hamilə olanlarda bir sıra fəsadlar özünü göstərə, vaxtından əvvəl doğuşlar meydana gələ bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadın üçün dünyaya uşaq gətirmək yaşı 18-35 yaş arasındadır”.

Xatırladaq ki, Ailə Məcəlləsində 10-cu maddə “Nikahın yaşı” adlanır. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Onu da bildirək ki, Milli Məclisin ötən gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” müzakirə edilib. Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

 

 

 

 Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Mütaliə edən insan artıq cəmiyyətin seçilmişi hesab edilir. Biz ictimai nəqliyyatda, park skamyalarında, iş yerlərində, auditoriyalarda əllərində bədii kitab olan şəxsləri görəndə onlara rəğbət hissimiz yaranır. O da var ki, kitab oxuyanlarla həbsxana kameralarında rastlaşasan.

 

4 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyi Penitensiar Xidməti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” (ANAİB) və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” ictimai birliklərinin təşkilatçılığı, “Amal” xeyriyyə təşkilatının sponsorluğu ilə həyata keçirilən “V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu”nun mükafatlandırma mərasimi keçirildi.

Mükafatlandırma mərasimində ANAİB sədri Şəmil Sadiq, marafonun ideya müəllifi və rəhbəri Səbuhi Şahmursoy, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova, “Amal” xeyriyyə təşkilatının sədri Rüfət Mirzəyev, yazıçılar Varis, Rövşən Abdullaoğlu çıxış edib, layihənin əhəmiyyətindən söz açdılar. Çıxışçılar azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının daha səmərəli təmin olunması baxımından bu kimi tədbirləri müsbət qiymətləndirdilər.

Bəs V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu dedikdə nə başa düşülür?  Qeyd edək ki, final mərhələsində qaliblərin müəyyənləşdirilməsi üçün 5 ay ərzində 10 nəşriyyatın hər birindən 1 kitab olmaqla, 10 kitab oxuyan 83 qadın məhkum oxuduqları mövzularla bağlı hazırlanmış sualları cavablandırmışdılar.

Yekunda ən yaxşı nəticə göstərənlər mükafatlandırıldılar.

İlk dörd yeri tutmuş qadınların hər birinə müvafiq olaraq 1500, 1000, 500 və 300 manat məbləğində pul mükafatı təqdim edildi. Həmin vəsait ANAİB tərəfindən onların şəxsi hesablarına köçürüldü.

Maraqlıdır ki, iştirakçılar maksimum 30 xal toplaya bilərdilər. Və 1-ci yeri tutan iştirakçı tam 29 xal topladı. ANAİB bu müsabiqəni müəllimlər, şagirdlər və digər kateqoriyadan olan insanlar arasında keçirmişdi, amma hələ heç kəs qalıb olan məhkum xanım qədər 29 xal toplaya bilməmişdi.

İnanılmaz nəticədir, deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının Gənçliyin poeziyası rubrikasında bu gün sizlərə Nigar Arifin şeirləri təqdim edilir.

  

Gecikmiş görüş

 

Bax belədir, əzizim,

Yol uzundur, zaman dar,

Hardan biləydik axı

Div boyda arzuların

cırtdan ayaqları var...

Xəyallar qura-qura

Ağlımız kəsmədi heç

arzular da gecikər,

birdən bizə çatammaz.

Bir gün şirin yuxular

daha yalan satammaz...

Böyüməyə tələsdik

uşaqlıq dura-dura

Nə gənclik yaşadıq ki,

özümüzü o dağdan

bu daşa vura-vura...

Bir vaxt fil qulağında,

oyandıq qəh-qəhəylə,

Elə bil dan söküldü

əlimizdə qədəhlə...

Boylandı arxamızca

yük dolu karusellər,

Gülümsədi uzaqdan,

Londonlar, Brüsellər...

Öyrəşdik uçaqlara,

Kim nə deyə bilər ki,

indi bu qoçaqlara?

Gəzdik bütün dünyanı,

Nə sən bezdin, nə də mən

O cırtdan ayaqların

ümidindən yapışdıq,

Gec olsa da neyləyək

əsas odur,ölmədik,

evvəl-axır tapışdıq...

 

 

Bəstəsi mən, sözü sən

 

Bir dənizə dönmüşəm, 

Ləpəsi sətir-sətir. 

Dalğaların altında, 

Balıqlar yallı gedir. 

 

Bir dənizə dönmüşəm, 

Şeirimin sahilində. 

Kövrəlib sərt qayalar, 

Günəş tutur əlindən. 

 

Bir dənizə dönmüşəm, 

Göyün üzünə qaçır. 

Gəmi boyda arzular, 

Sinəmdə yelkən açır. 

 

Bir dənizə dönmüşəm, 

Dəniz bəbəklərində.

Çaxılıram daş-qaşa, 

İncə biləklərində. 

 

Bir dənizə dönmüşəm, 

Saçları yosun-yosun. 

Zaman dodaqlarında, 

Dincəlir uzun-uzun.

 

Bir dənizə dönmüşəm, 

Bu dənizin özü sən.

Oxuduğu nəğmənin, 

Bəstəsi mən, sözü sən.

 

 

İçimdəki səs

 

Bir səs gəlsə uzaqdan,

çağırsa gedənləri...

Axtarıb tapsa bir-bir

gözümdən itənləri,

qəlbimdə susanları,

dilimdə bitənləri...

Bir səs gəlsə uzaqdan,

Gəlsə, lap yaxın olsa...

İllərin dostu kimi,

Könül yoldaşı kimi

Keçmiş qayğılarımdan

Təzə qayğılaradək

gəlib dadıma çatsa,

əl tutsa bacım kimi,

Əlim çatmayanlara,

uzansa ümidlərin

boyu qardaşım kimi,

Bir səs gəlsə uzaqdan,

Gəlsə, lap yaxın olsa,

Evimdə-eşiyimdə,

Xoş günlər keşiyində,

dayansa atam kimi.

Arzular beşiyimdə

həzin bir layla çalsa,

oxusa anam kimi...

Bir səs gəlsə uzaqdan,

gedənləri çağırsa,

Gedənlər eşitməsə,

gedənlər qayıtmasa,

Bu səs məni də alıb,

kaş özüylə aparsa...

 

 

Sən də mənim kimisən

 

Kaşlardan corab hördün,

günlərimin başına,

Bir ayağın ilişib

bəlkələrin daşına,

Gözlərimdən, əllərimdən sürüşüb,

vərəqlərin üstünə

söz-söz tökülən ömür..,

Ovcumun içində

qoca qırışlar kimi,

beli bükülən, ömür,

Sən də mənim kimisən...

sən də mənim kimisən,

Bir az cılız, balaca,

Əynimə geyindiyim,

bu köhnə pencəyimdə,

düymələrin yerindən

yersiz sökülən, ömür..,

Eh... Daha bir-birimizə

dar gəlirik dəyəsən,

Əl dayayıb ağaca,

dincəlmək istəyirsən,

Duz olub dizlərimə,

vaxtsız çəkilən ömür...

Ciblərimdə gizlənən,

beş qəpiklər kimisən,

Beş qəpik qalan, ömür,

Əlim sənlə doludu,

Saydım qəpiklərimi,

bir çörəyin puludu...

Indi sol yanımda

dərin bir nəfəs dərib,

az əvvəl yandırdığın siqaretin közünü

ayağınla əzirsən...

Dodağın yana qaçır,

Gülməkdən çox elə bil,

gülüşündən bezirsən,

başı dikələn ömür,

Bilirəm, düşünürsən:

"buna da şükür",

buna da şükür...

 

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

 

 

 

 

 Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

  

Mən uzaq səfərə yol alan gəmi,

Səni tərk edirəm bir liman kimi.

Qorxma ayrılıqdan, burax əlimi,

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Dünyada nə qədər sevgi var bil ki,

Sən mənim dilimin əzəli, ilki.

Qorxma ayrılıqdan, ölüm deyilki

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Sən hələ bilmirsən ayrılıq nədir

Hər səfər könlünü sıxır inlədir.

Ayrılan cisimdir, ruh səninlədir

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Sənsiz həyat deyil ömür gün mənə,

Tək sənsən ürəkdən yanan sən mənə.

Qorxma ayrılıqdan, inan sən mənə,

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Qorxu intizar var ağlar gözündə

Neçə yalvarış var bircə sözündə.

Bir gün biləcəysən elə özün də

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Nə fərqi yaxınam, ya da uzağam

Hələki səninəm nə qədər sağam.

Ölsəm, o dünyadan qayıdacağam

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Göz yaşı əbəsdi çıxıb gedəcəm

Könlümü odlara yaxıb gedəcəm.

Mən sənə, hamıya sübut edəcəm

Sevgi ayrılıqdan güclüdü vallah. 

 

Bu gün çağdaş Azərbaycan poeziyasının ən sevilən simalarından biri olan, şeirləri musiqi notları ilə qanadlanıb könüllər oxşayan əməkdar incəsənət xadimi, tərcüməçi, nasir, şair, ssenarist Baba Vəziroğlunun doğum günüdür. 

“Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik. 

 

Mənsimov Baba Vəzir oğlu 10 yanvar 1954-cu ildə İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra bir müddət kolxozda işləmiş və 1971-ci ildə oradan Azərbaycan Dövlət Universitetinin hazırlıq fakültəsinə göndərilmişdir.

1972-1977-ci illərdə Universitetin jurnalistika fakültəsində təhsil almışdır.

Şair ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz" jurnalında çap etdirdiyi hekayələri ilə başlamışdır.

Nasir, şair, tərcüməçi, kinodramaturq kimi fəaliyyət göstərən Baba Vəziroğlu 1 avqust 2005-ci ildə əməkdar incəsənət xadimi adını almış, 10 yanvar 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 

11 yanvar 2024-cü ildə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif olunmuşdur. O, həmçinin Azərbaycan Kinomotoqrafçılar ittifaqının idarə heyyətinin katibidir.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

 

 

Günəş Kərim 1993-cü ildə Şəmkir rayonu Ələsgərli kəndində dünyaya gəlib. Əslən Göyçə mahalı Basarkeçər rayonu Dərə kəndindəndir. Orta təhsilə Ələsgərli kənd Nəsir Nəsirov adına orta məktəbdə başlayıb. Gəncə Humanitar Kollecinin “Maliyyə işi” fakültəsini bitirib. Əməkdar  rəssam Nazim Babayevdən rəssamlıq dərsləri alıb. Göyçə həsrətindən bəhs edən  “Ana köçünü yığır” hekayəsi sənədli hekayədir. Ona görə də təsiri daha çox, ağrısı daha dərindir. Həm də, sənədli olduğu üçün, ümidi da daha çoxdur.

 

(Anam Güldərən Vəlinin Göyçə ümidinə ehtiramla... )

 

Ana yenə balalarını başına yığmışdı.

          İş-güc, ailə yükü, ev qayğısı, dolanışıq dərdi deyərkən, yalnız indi - bayram tətilində analarının başına yığılmışdı altı  uşaq. Və hamısı da bir ayağı qaçaraq; evlərinin qapısını bağlayıb çıxmışdılar, qış idi, bunun suyunun donması var, bunun yolların buzlaması var, buzlamadan da betər, tıxacda qalmağı var...

         Balalarının hamısının ürəyini öz evlərində qoyub gəldiklərini bilsə də, ana sevinməyindən qalmırdı, qalammırdı. Bilirdi ki, ən gec gedəni, cəmi, iki gecə yatacaq onun evində. Sonra yenə qalacaq bu evdə tək... Böyük oğlu da, kiçik oğlu da, bir həyətdə iki evi olan ortancıl qızı da dəfələrlə ona: “Tək yaşamaq səninçün çətindi, gəl, gedək, yanımızda qal!”-demişdilər... Amma o, köçmək istəmirdi. Daha doğrusu, köçməyə heyi qalmadığını anlayırdı. İndən belə, bircə dəfə köç yığa, daşıya bilərdi ki, onda da üzü Göyçəyə... Qoyub gəldiyi yurduna... Qapısını ehmalca çəkib örtdüyü, qıfıl vurmağa belə, ürəyi gəlmədiyi evinə... Basarkeçər rayonunun Dərə kəndindəki ikiotaqlı, bir aynabəndli, əhəng suvaqlı öz evinə... Və o, bu niyyətini balalarına açıqlamırdı...

         ...Ana yenə balalarını başına yığmışdı. Hərəsi öz evində nə bişirərdi, nə yeyərdi, özləri bilərdi, burada-ananın evində mütləq Göyçə yeməkləri bişməliydi. Motal şoru kərə yağının yanına qoyular, axşamdan qurud islanar, səhər əzilər, kalapıra kəklikotu ovucla tökülər, dovğaya yarpız qurusu ovxalanardı. Bu dadlar, bu qoxular neçə illərdi ki, Göyçədən danışardı altı uşağa; onlardan üçü Göyçədə doğulmasa da...

         Ayağı o torpağa dəyməyən, ordakı bulaqların suyunu içməyən üç uşaq da hər yerdə şəstlə sinələrinə döyür, “Göyçədənəm!” deyirdilər. Hə, onlar Göyçədən idilər! Çünki anaları onları əsl göyçəli kimi böyütmüşdü; bunu bacarmışdı...

          Göyçədən çıxanda köç yığmamışdı ana. Gecə ilə kəndə hay düşmüşdü: “Dığalar gəlir, arvad-uşağı, qız-gəlini kənddən çıxarın!” Kolxozun yük maşınlarının üstünü çadırlayan kişilər arvadlarını, qızlarını ən birinci yola salmışdılar üzü bəriyə-Odlar Yurduna doğru. Sonrakı maşınlarda uşaqlar, əldən-ayaqdan düşmüş qocalar gəlmişdilər. Günlər sonra olmuşdu hər ailənin başı papaqlısının gəlməyi... Son anadək kəndin dörd yanına ətdən çəpər çəkmiş, ulu yurddan çıxmaq istəməmişdilər. Amma o “son an” yüyrək gəlib çatmışdı... Onlar da yurdlarına bircə dəfə əl eyləyə bilmişdilər....Bu yellənən əl “qayıdacağıq” vədi vermişdi...Vədi verənlərin çoxu dünyasını dəyişmişdi, amma vəd qudsal miras kimi nəsildən-nəsilə ötürülməkdə idi. 

         ...Ana yenə balalarını başına yığmışdı.

         -Ana, şəkil albomlarını gətir, bir vərəqləyək!-Qurudlu xəngəlin həliminə soğança qatıb içəndən sonra demişdi böyük oğlu.

         Ana ayağa qalxmamış kiçik qızı yerindən sıçramışdı:

         -Bu dəqiqə gətirərəm, qaqa!

         Hamısı bilirdi albomların yerini... Ananın Göyçədən çıxanda özüylə götürdüyü yeganə əşyada - uşaqlarının dəyişəyini yığdığı qara, dəri çemodanda idi.  Dəyişəklərin altında gəlmişdi o albomlar... Uşaqların hərəsi bir ev sahibi olmuşdu, amma albomlar Göyçədə qoyulduqları yerdə idilər hələ - qara çemodanda...

         Hər vərəqdə ana bir xatirə danışırdı...Albomun hansı vərəqində hansı şəkil olduğuna baxmağına gərək də yox idi; ana o şəkilləri  də xatirələrinə yerləşdirmişdi çoxdan.

         -Orda  “məntəqəyə” gedirdik əmim oğlanlarıyla. Əmim kolxozda “baş çoban” idi, sürüsünü “məntəqəyə” gətirərdi, biz də ona evdən yemək aparardıq.

         Uşaqlar ağ-qara şəklə yenə diqqətlə baxır, həmişəki kimi, indi də, əvvəllər görmədikləri bir nüans tapır, uzun-uzadı müzakirə edirdilər:

         -Bax, Müşfiq əminin papağının qabağı əyilibmiş!

         -Bəlkə də, özü əyib? Günlük günüydümü, ana?

         -Hə...Gün işığında yol elə ağarırdı ki, elə bil əhəng tökmüşdülər, -Ana xəyalən o yolu bir də keçir, o gündə bir də yanırdı...

         -Sabah səhər yola çıxacağam mən, gərək, qaçam, bir hörük əvəlik alam bazarın başından. Ay ana, bu bayram günlərində bazarın başına Daşkəsən alverçiləri gəlir? -Ortancıl qızı hörüyəgəlməz saçlarını qarışdıra-qarışdıra dedi.

         Hamı susdu... Beş  uşağın hamısı ürəyində ortancıl bacıya minnətdar oldular ki, getmək söhbətini ilk olaraq, məhz o, ortalığa atdı. Ana qızına cavab verməyə macal tapmamış, kiçik oğlu baxışlarını aşağı salaraq mızıldandı:

         -Mən də sabah günortaya qalmaram, yəqin. O birisi gün işə çıxmalıyam, sabah axşam evdə bir-iki kişi işi var, onları yoluna qoyum, -Sonra da izahata keçdi:-Əlüzyuyanın altından su sızır, onu düzəltməliyəm, darvazanın kilidini dəyişməliyəm, açarı əyir, keyfiyyətsiz çıxıb.

         Ana ayağa qalxdı. Artıq bilirdi ki, sabah hərəsi bir ayrı saatda olsa da, balaları başından dağılışacaq... Ayağa qalxması ilə o biri uşaqlarına bildirmək istəyirdi ki, “gedəcəyinizi anlayıram, deməsəniz də olar”.

          Anlar keçdi... Ana əmin idi ki, balalarının ürəyi doludu, amma hamısı da onunla tək qalmaq, ürəyini təkcə ona açmaq istəyir.  Hə, o, bütün uşaqları üçün “səbir daşı” idi...  

         Ana qayıdıb yerində oturanda altı uşağın hamısı rahat nəfəs aldı.  Sükunətin hökmranlığı altında keçən anlarda hər ürəkdə bir ayrı giley, bir ayrı dərd, bir ayrı narahatlıq baş qaldırdı, amma bütün ürəklərin şükranlığı ortaq idi: “Bu bayramda da anamızın yanında ola bildik!”

         -Aid olmaq hissi nədir, bilirsinizmi? -Ana sözə başladı: -Nəyinsə bir parçası olmaq, məsələn... “İnsan keçmişiylə yaşayar” deyirlər. Düz deyirlər... İnsanın bu gün kim olmağı, nə olmağı onun dünəni qədər bilinər.  Hər ağac öz topağında bitər. Heç dağ yamacında əncir ağacı görmüsünüzmü? Yox! Dağ yamacının ən gözəl yaraşığı yabanı badamdır, üçbucaq fıstıqdır, əzgildir, quşburnu koludur.

         Uşaqlar hələ süfrədən yığışdırılmamış həlim stəkanlarına baxır, analarının sözlərindəki özəyi anlamağa çalışırdılar... Ana danışmağında idi:

         -Vətən kimin üçünsə ana, kimin üçünsə doğulduğu yer, yaşadığı yerdir... Mənim üçün isə zorla qoparılıb ayrıldığım, daima xəyalımda gedib gəzdiyim yerdir... Oxuduğum məktəb, barını dərib yediyim ağaclar elə tez-tez yuxuma girir ki!

         Ana susdu... Köks ötürdü... Başlarını qaldırıb analarına baxmasalar da, uşaqlar əmin idi ki, bu dəqiqə analarının gözlərində yaş silələnib. Bilirdilər... Onların da qəhəri şahə qalxmışdı axı...

         -Mən Göyçədən köçmədim... -Ana sözə pıçıltıyla davam etdi: -Yurdumu qoyub, qaçdım... Hə, qaçdım... Zalımın zülmündən,  pis tamahın doymazlığından, qonşusuna xəyanət edənin xainliyindən qaçdım. Hə, köç yığmadım mən Göyçədən çıxanda. Paltarlarım dolabda, qazanım ocaqda, pendirim dələmə qaldı. Bir də, ruhumun bütövlüyü qaldı orada. Mən o gündən bəri yarım ruhla yaşadım hər şeyi. Azərbaycanımın köksündən qoparılan hər qarış torpaq dərd oldu, qalaqlandı Göyçə dərdimin üstünə.  Yeni paltarlar, yeni əşyalar aldım, gün gəldi, yeni evim də oldu, amma mən heç yerə sığammadım. Yarım ruhla yaşayan sərgərdan olar... Yarım ruhla yaşayan laməkan olar...

         Ana susdu... Sükunət yenə havadan asıldı... Balalardan heç biri sözə başlamağa, nəsə deməyə cürət edəmmədi; halbuki, hamısı öz içində özüylə danışırdı... Ortancıl qız ayağa qalxıb mızıldandı:

         -Anamın toxunma nimtənəsini gətirim, kürəyinə atsın...

         Onun ananın yataq otağına girməyiylə çıxmağı bir oldu. Əlində nimtənə yox idi, amma çöhrəsində tanıdığı dünya boyda təəccüb vardı:

         -Anam köçünü yığır...-deyə bildi çətinliklə.

         Uşaqlar bir-birlərinə baxdılar. Əvvəlcə, baxışlarında heyrət göründü, ardınca bu heyrət özünü sevincə təslim etdi:

         -Mənimlə gedəcək! -Böyük oğul ayağa qalxdı.

         -Mənim oğlum “nənə” deyə ağlayır gecə-gündüz! -Kiçik oğul ayağa durmasa da, belini dikəltdi.

         -Mənim evimdə rahat olur anam, -Böyük qız arxayınlıqla dedi.

-Heç birinizlə getmirəm! -Ananın səsindəki qətiyyət uşaqların mübahisəsini başlamamış bitirdi.

Ayağa qalxanlar qayıdıb yerlərində oturdular. Oturmaqdan da ötə, büzüşdülər... Ana albomun açıq səhifəsindəki şəklin üstünə qoydu əlini. Bu, onun gənclik şəkillərindən biri idi... Ayaqyalın, başıaçıq Göyçə gölünün ləpədöyənində durmuşdu.

         -Şükür Allaha! Qarabağımıza qovuşduq, yağı əlində bir qarış torpağımız da qalmadı. Baxıram, televizorda tez-tez göstərirlər Füzuliyə, Laçına qayıdanları. Hələ qayıtmayanların hamısı köçünü yığıb, hazır durub, yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Mən də köçümü indidən yığmışam ki, “Göyçəyə qayıdırıq!” deyiləndə  gecikməyim.

Ananın səsindəki inam, nəinki, dünyaya, heç kainata da sığası deyildi!

(Bakı, 2024)

 

 

Şəkil həmin şəkildir: Ana albomun açıq səhifəsindəki şəklin üstünə qoydu əlini. Bu, onun gənclik şəkillərindən biri idi... Ayaqyalın, başıaçıq Göyçə gölünün ləpədöyənində durmuşdu.

 

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

 

 

Sabah - yanvarın 11-də Azərbaycan Dövlət Pantomima Teatrında “GİL” monotamaşasının premyerası keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə teatr məlumat yayıb. 

Məlumatda bildirilir ki, tamaşa Məhəmməd Füzulinin 530 illik yubileyinə ithaf olunub.

 

Əsərin müəllifi Pərviz Seyidli, tamaşanın rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, rəssamı Xəyyam Səmədov, geyim üzrə rəssamı Aygün Mahmudova, xoreoqrafı Elnur İsmayılov, bəstəkarı Əflatun Abdullayevdir.

 

Tamaşa yanvarın 12, 18, 19 və 26-da yenidən teatrın səhnəsində oynanılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

 

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Nadir muğam ifaçıları” layihəsi çərçivəsində muğam sənətinin dərin bilicisi və sevilən xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan tədbir keçirilib.

Mərkəzdən AzərTAC-a bildirilib ki, tədbirdə BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edərək rəhbərlik etdiyi sənət məbədində mütəmadi olaraq ustad xanəndələrin, muğam ifaçılarının xatirəsinə həsr olunan tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Hacıbaba Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açan S.Paşazadə bildirdib ki, onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olub və muğam ifaçılığında geniş yayılıb: “Hacıbaba Hüseynov xalq yaradıcılığına da böyük diqqət verib. Azərbaycanın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytararaq, bu sənət əsərlərinin tanınmasına və sevilməsinə zəmin yaradıb”.

Tədbirdə Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Əməkdar artist Mirnazim Əsədullayev Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşərək unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xəti olduğunu vurğulayıblar. Bildirilib ki, xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycanın muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var.

Natiqlər, həmçinin Hacıbaba Hüseynovun gənc muğam ifaçılarının yetişməsi istiqamətində bir müəllim kimi yorulmaz fəaliyyətini də xüsusi qeyd ediblər.

Xalq artisti Teyyub Aslanovun, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov, xanəndə Elbrus Niftəliyevin Hacıbaba Hüseynovun repertuarından təqdim etdikləri rəngarəng ifalar tədbir iştirakçılarının könlünü oxşayıb. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət , Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu və Əməkdar artist Emil Əfrasiyab müşayiət edib.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.