
Super User
Dünya qopur, tifaq dağılırdı…
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Öz sağlığım bəhanədir,
Yurdum, sənin sağlığına!
Xəlil Rza Ulutürk
Tanrı mənim alnıma, torpağının altında qızıl, üstündə qızıl kimi insanlar olan bir dağ kəndində doğulub-böyüməyi yazıb.
Gözümü açandan insanları dağlarla dərdləşib, uğurlaşan, Günün, Ayın doğuşuna salavat çəkən gördüm… Uzaqlara baxanların da əlini qaşının üstündə gördüm. Ora yenə ordadı, çox şükür, kənddə şenlik var amma biz o biz deyilik - artıq yaş o yaş deyil…
Uşaqkən böyük şəhərlər haqqında çox az şey bilirdik. Bildiklərimiz böyüklərdən duyduqlarımızdan, qəzetdən, kitabdan oxuduqlarımızdan, ekran-efirdən görüb-götürdüklərimizdən ibarət idi. – Xəzər qıyısında böyük bir şəhər var, orada böyük binalar, heykəllər, zavod-fabriklər, geniş, işıqlı küçələr, tramvay, trolleybus, metro, hava limanı, dəniz limanı var və əlbəttə, universitet və institutlar var… Yalnız könül limanı olan kənd uşağıyçün bunlar nağıl kimiydi...
Tovuzun ermənilərlə sınırda yerləşən o dağ kəndinin vəziyyətdən gələn hay-haraylılığı və doğadan gələn dincliyi bir-birini uyumlu şəkildə tamamlayırdı - indi də elədir. Təbiətin səsi ilə insanların və insanların işlətdiyi texnikanın səsi “bir-birini incitməyən” qəribə harmoni içindəydi sanki; yəqin yenə də, dağlar çayları incitmir və çaylar dağlara sevgi nəğməsi oxuyur…
Kəndin sükutunda, çağlayışında da, dupduru bulaqlarında, yamyaşıl yamaclarında da kainatın sirli nəğmələri yaşayır, qorunur, böyüyür. - Çox az-az (xeyirdə, şərdə) gedib-gəlsək də, yəqin indi də elə olmalı. Elə bil, insan hər daşdan, hər ağacdan doğmalıq görür, doğmallq öyrənir. Bax, o doğmalıq duyub, görüb-götürdüklərim bir gün məni kənddən uzaqlara, xəyallarımın şəhəri Bakıya uğurladı. Orta məktəbə getdim-gedəli həmin uğurlama üçün oxuyur-öyrənir, çalışırmışam sanıram.
Elə bil kənddən paytaxta gəlməyin bircə yolu varıydı: oxumaq, oxumaq, yenə də oxumaq! - Vəssalam!
Kənddən kənar həyatçün böyüyürdük məgər. Kənddən uzaq düşdüyümüzün ilk həftələrindənsə kəndi özləyir, kəndə dönüşü gözləyirdik… - Nə qəribədir - deyilmi? -
Kəndin doğmalığından, sadəlik və səmimiliyindən, hılə-hələ qohum-qələbədən ayrılmaq asan deyildi, əlbəttə; amma diləklərimiz könlümüzə, könlümüz köksümüzə sığmazdı. Tam da o illərdə bizə öyrədilən dialektik kateqoriləri burada xatırlayalım:
imkan və gerçəklik,
təsadüf və zərurət,
səbəb və nəticə,
sadədən mürəkkəbə...
Xəzərin qıyısına, hekayələri çox uzaqlara yayılan gizəmli paytaxt şəhərinə ali təhsil almağa, həyatımı dəyişməyə gəlmişdim. - Bax, bax, nə gözəl: xəyallarımın şəhəri, xəyallarımdakı ali təhsil imkanı… di gəl, ilk baxışdan bu şəhər mənim Bakım deyildi... Kəndin yayda sərin, qışda alışılmış bulaq suyu əvəzinə paytaxtın xlor qoxuyan “krant suyu”, kənddə dörd yanı saran torpağın, çəmənin-çölün, ağacların yerinə şəhərdə asfaltlar, beton divarlar və s… Üstəlik, çər-çevrədə o illər üçün xarakterik olan yabançı dildə danışanların, soyuq və donuq üzlərin çoxluğu… - Yahu, sanki öz paytaxtıma deyil, başqa bir planetə düşmüşdüm…
Bakıya oxumağa gələn ilk və son adammıydım? - Yox, əlbəttə! Əlbəttə, Bakıdan daha uzaqlara oxumağa, işləməyə gedənlər olmuşdu; lakin XX yüzilin 90-cı illəri öncələr olmamışdı, heç sonralar da olmadı… Dünya qopurdu, tifaq dağlırdı!..
Hər şey üst-üstə, yan-yana, ard-arda gəlmişdi…
Beləliklə, mahiyyəti özündən çox böyük olan balaca kənddən ölkənin ən böyük şəhərinə üz tutan mən, öz gələcəyimə gəlmişdim. Oxuyacaq, öyrənəcəkdim. Di gəl, keçidlər, dəyişimlər, fərqliliklər aram-aram deyil, birdən-birə - sanki qoşun-ləşkər kimi tökülmüşdü meydana…
Plan-proqramlı, kitab-dəftərli şəkildə beynimizə yeridilmiş hakim ideologiya birdən-birə mənasız hala gəlmiş, hakim ideoloji şüarların puçluğu dərin bir boşluq yaratmışdı…
Bir yeniyetmə üçün bu dəyişimlərin sağlıqlı idrakı bir yana, nümayişi, təntənəsi, müşahidəsi belə çox ilginc hətta bir xeyli qərib idi. Suallar getdikcə çoxalırdı; öz könlünü özünə ümid tapınağı edib yaşamaqdan başqa yol qalmamışdı…
Əslində, Bakı da o illərdə öz doğmalığını axtarırdı. 20 Yanvarın yaraları hələ sağalmamışdı. Şəhər şəhidlərin son sözlərini, son baxışlarını,
habelə Göyçədən, Zəngəzurdan, İrəvandan… (bunlar azmış kimi, bir də, Qarabağdan) didərginlərin ağrısını öz canına hopdurmuşdu.
Müstəqillik xəyalı gerçəkləşsə də, çoxlu suallarla dolu ağır bir keçid dönəmi gəlmişdi. Qarabağda kəndlər ard-arda işğal olunurdu… Bakı - ölkəmizin ürəyi yaralıydı amma məğrurluğunu itirməmişdi!
Bakı yorulmuşdu, çox yorulmuşdu. Məsələ də ondaydı: bütün yorğunluqlara, götürə biləcəyindən artıq yükünə baxmayaraq, məğrurdu Bakı, ləyaqətli və məğrur!
Zaman-zaman yad libaslar geydirilmiş paytaxt öz ruhunu, qürurunu, tutqusunu, yaddaşının dərinliyini itirməmişdi!.. Bakı öz içindəki ruh gücünə dayanmışdı! Suları atəşlə rəqs edən, məbədinə Atəşgah, dağına Yanardağ, qalasına Qızqalası deyilən, Günü Xəzərin bağrından doğan Abşeron torpağının ruhi energetikası, kəraməti bərəkətindən az deyil…
Bunlar öz yerində, öz göyündəykən, qıyıların gerçək, üfüqlərin xəyal olduğunu qəbullanmağa başlamışdım. Böyük xəyalı olmayanın böyük gələcəyi olmaz - bunu xalüımızçün düşünürdüm. Respublika xəritəsinə baxınca, şahə qalxan qartalın dimdiyini Xəzərə batırırmış kimi görünməsi də, Abşeron yarmadasının Xəzrili, Gilavarlı havası da, “havalıyam havam çatmır” ovqatı da, o illər bir başqaydı. Çünki ictimai-siyasi, mədəni-mənəvi hava - hava nədir, bütövlükdə iqlim dəyişirdi…
Bəli, illər o illər, yaşlar o yaşlar idi. Bir tərəfdən kənddən şəhərə, bir tərəfdən də imperiyadan müstəqilliyə keçidin ağırlığını, gənc ömürlərə yüklədiyi dəyişik məsuliyyəti hiss edirdim. Hər şey yenidən başlamışdı: münasibətlər, yollar, hətta arzular belə... Ruh halımı taraz saxlayan, ovqatımı təmin edən əsas hadisənin ən ümumi adı isə ümid idi - gələcəyin vicdanına ümid!
Həmin illərdə Bakı mənimçün bir şəhərdən daha çox, ürək kimiydi - qırılmış, amma yenidən özünəgələn ürək! Bu ürəyin hər döyüntüsündə #hikmət vardı.
Bakının küçələrində, yad üzlər arasında doğmalıqları aradım və buldum. Yazmağa başladım, çalışdım Bakının ritmini, ahəngini tutam - bəlkə hamıdan tez, illa hamıdan fərqli… İddiamın haqqını verib-verməməkdən asılı olmayaraq, o alqoritmi axtarmağın özü bir qutlu ruh halıydı və də özəldi, gözəldi!..
Bəli, bir paytaxt nələri edərsə, bizim Bakı da onları etdi: öyrətdi, bəslədi, yoğurdu... Çətinlikləri ilə, küləkləri ilə, yaddaşını itirməyən tarixi ilə yeni sakinlərini də özü kimi möhkəm etdi Bakı.
Kəndin sakitliyini, uşaqlıq illərinin sadəliyini heç unutmadım; amma istəsən də, istəməsən də, həyat dəyişiklər toplusudur, əslində. Əslində, Bakı mənim dəyişən dünyam oldu. Bəs insan keçidləri necə aşar? Cavab sadədir: ümidlərin şahlanışı, yaradıcı ruhun oyanması ilə! Və təbii, həyatın gətirdiyi yeniliklərə biganə qalmayaraq.
Bakı mənim yaddaşıma yetkinlik, zənginlik qatdı...
Bakı mənə ilk baxışda yad gəlsə də, sonralar anladım ki, o, bir şəhərdən daha artıqdır. Bakı yaşamağın, mübarizənin və də anıların özüdür.
Mən Bakını, onun qırılmış ürəyini, yorğun ruhunu özümə doğma bildim. O yaralı ürəkdə özümü də tapdım. - Qələmlə kağızın qardaşlığı mənim paytaxtla daha tez doğmalaşmağıma yardımçı oldu.
Bu gün Bakının küçələrində addımlayarkən o ilk illəri xatırlayıram. İlk dəfə 35 il öncə, 17 yaşımda gördüyüm yaralı şəhər indi Zəfər qazanmış ölkənin sağlam ürəyi olaraq döyünür. Şəhərin ritmi kimi, indi 50 yaşı keçmiş mənim ürəyimin ritmi də dəyişib: hər ikisi bir-birini tamamlayan xatirələrlə doludur…
Bakı – hər çətinlikdən çıxmağı bacaran şəhər!
Bu paytaxt şəhəri öyrətdi ki, keçidiləri sevgi, ümid və mübarizə ilə aşmaq mümkündür.
Bakını sevənlər onsuz yaşaya bilməz – özümdən bilirəm…
Bakı mənim ikinci vətənim deyil, Vətənimin paytaxtıdır: 530 yaşlı ustadlar-ustadı necə deyirdi? -
“EDƏMƏM TƏRK, FÜZULİ, SƏRİ-KUYİN YARIN,
VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM”!..
- Füzulinin beytini Bakıya şamil etsək, o, Bakının bizimçün yalnız coğrafi bir məkan deyil, həm də mənəvi və mədəni bir ünvan olduğunu ifadə edər. Bakını – onun ruhunu və tarixini, küçələrini, qıyısını tərk etmək şəxsən mənim üçün çox çətindir. Bakıya olan mənəvi bağlılıq və sevgi bir başqa vüsət, ricət doğurur. Şəhərin ruh gücünü duymamaq mümkün deyil.
“Vətənimdir!” təkrarı - hissi gücümüzü, Bakının sadəcə bir yaşayış yeri deyil, Azərbaycanın kiçik modeli olaraq, milli kimliyimizi və mənliyimizi formalaşdıran, hiss və düşüncələrimizə həyat verən doğma ocaq olduğunu ifadə edir.
Bakını təkcə fiziki gözəllikləri ilə deyil, ruhumuzla duya, oxuya, anlaya bilərik…
Deyirlər, Bakının əsl etimoloji anlamı baxmaqdan, baxı yeri olmaqdan gəlir - dənizdən gələnləri gözləmək, gözətləmək, uzaqlardan gələnləri ilk baxıb görmək yeri olan yüksək təpələrinə xatir Bakıymış Bakı… Və dənizdən gələnlər də o yüksək təpədəki işığa baxıb, qıyıya doğru yön alırmış yəqin. Bakı indi yalnız mavi Xəzərə deyil, “Mavi Vətən”imiz daxil, Bütöv Azərbaycana baxdığımız yerdir!
Tanrı mənim alnıma, torpağının altında qızıl, üstündə qızıl kimi insanlar olan bir dağ kəndində doğulub-böyüməyi yazdığı kimi, ömrün qalanını torpağının (və hətta suyunun!) altında qara qızıl, üstündə qızıl kimi insanlar yaşayan şəhərdə yaşamağı yazıb…
Olsun! Bakımız baki olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
Gün çıxan yer tezmi qaralar? - TƏBRİZDƏ KİTAB TƏQDİMATI
Əlli Çağla, “Ədəbiyyat və incəsənət”
Həsən Səmudinin “Gün çıxan yer tez qaralar” adlı hekayələr kitabının təqdimatı Təbrizdə keçirilibdir.
Həsən bəy Səmudinin “Gün çlxan yer tez qaralar” adlı kitabının təqdimatı Təbrizdə, tarixi Nikdel Evində keçirilibdir.
Roman haqqında:
Roman, insani münasibətlərə, insanın təbiətlə əlaqəsinə, adət-ənənələrə, tarixə və dinin, mifologiyanın və xürafatın insan həyatına təsirinə toxunur. Bu roman 178 səhifədə, orta ölçülü formatda, Təbrizdə Nizami nəşriyyatı tərəfindən çap olunmuşdur.
Romanın mövzusu kəndin mamaçası Lalanın və çoban Qənbərin arasındakı əlaqədən bəhs edir. Kənddə qadınların doğumunda kömək edən mama Lalanın özünün isə heç bir təcrübəsi yoxdur. Kənd camaatı Laladan uşaq gözləsə də, bu cütlük özlərini və münasibətlərini dərin araşdırmaqdadırlar.
Məqam və hörmət, şərəfin itirilməsi və onu yenidən qazanmaq ölüm qarşısında nə deyəcək? Ölüm, yuxarıdan aşağıya – kişidən qadına, qadından isə uşağa doğru sıralanmış bir anlayış kimi göstərilir.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
Fazil Mustafa Rauf Zeynini təbrik edib
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeynini 65 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, təbrik məktubunda tanınmış ictimai xadimin həyat yolu və ictimai fəaliyyətinin ən ümdə məqamlarına vurğular edilib:
“Hörmətli Rauf müəllim,
Sizi 65 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, şəxsi və ictimai həyatda yeni uğurlar diləyirəm!
Siz Azərbaycanın qədim və tarixi ərazisi olan Zəngəzur mahalının Qarakilsə elinin Vağudi kəndində doğulmusunuz. Sonra taleyinizi Sumqayıt şəhərinə bağlamısınız; gənclik illəriniz də daxil olmaqla, ömrünüzün ən qaynar dönəmi Gənclik şəhəri ilə sıx bağlı olub.
Ali təhsilinizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almısınız; 1998-2001-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə ikinci ali təhsilə yiyələnmisiniz.
Siz pedaqoji fəaliyyətlə yanaşı, həm də ictimai-siyasi həyatda, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində yaxından iştirak etmisiniz.
1990-1995-ci illərdə Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin üzvü, 1992-ci ildən sədr müavini olmusunuz.
2002-ci ildən başlayaraq, bir sıra önəmli ictimai və diaspor qurumlarına başçılıq etmisiniz. Milli QHT Forumu Diaspor Mərkəzinin, habelə Demokratik Seçki Mərkəzinin sədri olaraq, çoxsaylı uğurlu layihələr həyata keçirmisiniz.
Siz 2008-2024-cü illərdə Milli QHT Forumunun prezidenti, 2011-2024-cü illərdə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının üzvü olmusunuz.
Həmçinin, müxtəlif mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai şuraların üzvü, Şura sədri olaraq, ictimai faydalı fəaliyyətinizlə seçilmisiniz.
Hazırda Bakı QHT Resurs və Təlim Mərkəzinin sədrisiniz.
Sizi yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
İstanbulda Azərbaycan caz musiqisi səsləndirilib
İstanbulda ənənəvi olaraq keçirilən “Türk telekom prime qəhvə” konserti bu dəfə Azərbaycan caz musiqisinə həsr edilib.
Bu məqsədlə İstanbulun ən böyük mədəniyyət məkanı olan Atatürk Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan bəstəkarı İlyas Mirzəyevin konsert proqramı təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bəstəkar konsertində 2004-cü ildə işıq üzü görən “Jazz in blue red green” albomunda yer alan əsərləri səsləndirib. Bunların arasında “Xoş gəldin”, “Adio”, “Good” kimi caz musiqiləri ilə yanaşı, İlyas Mirzəyevin həyat yoldaşına həsr etdiyi “Leyla” əsəri də yer alıb.
Konsert izləyicilərin gur alqışları ilə müşayiət olunub.
Proqramda iştirak edənlər arasında Türkiyə və Azərbaycanın mədəniyyət sahəsində tanınmış simaları da yer alıb. Proqramdan sonra bəstəkar dinləyiciləri üçün “Jazz in blue red green” albomunu imzalayıb.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
YARAT-ın “Sonluqdan sonsuzluğa” yekun sərgisi təqdim olunub
Yanvarın 10-da YARAT Müasir İncəsənət Məkanın dəstəyi ilə XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində YARAT Müasir İncəsənət Məktəbinin ikinci buraxılış tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisinin açılış mərasimi keçirilib.
YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllifliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidisiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla bitirib. Yekun nəticə olaraq, 30 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək, 4 fərqli buraxılış layihələrini hazırlayıblar.
AzərTAC-a müsahibəsində Əməkdar rəssam Sabina Şıxlinskaya YARAT Müasir İncəsənət Məktəbinin final sərgisi, birillik nəzəri kursun uğurlu nəticəsini qeyd edərək, tamaşaçıları unikal və rəngarəng multimedia şousuna dəvət edib.
"Bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində bu məktəbin rəhbəri Sabina Şıxlinskayanın “sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət” konsepsiyası dayanır.
Hegel fəlsəfəsinin dialektik arqumentasiya metoduna görə, hərəkət bizi qaçılmaz olaraq başladığımız nöqtəyə gətirib çıxarır. Beləliklə, biz “sonsuz sayda sonluqlar” ilə qarşılaşırıq. Lakin sonluqlar bu sərhəddə daim qeyb olurlar. Həqiqi sonsuzluq özündə iki əsas aspekti birləşdirir: sonsuzluğun özü və daim formalaşan sonluq. Bu sonsuzluqda sonluq yox olur və yalnız həqiqi sonsuzluq, yəni öz-özlüyündə mövcud olan varlıq qalır, çünki artıq başqa heç nə mövcud olmur.
Hegelin “sonluq yalnız öz təbiəti vasitəsilə sonsuzluğa çevrilməkdən ibarətdir” dünyagörüşü paradiqmasının mahiyyəti müasir dövrün fəlsəfi meyilləri ilə bir çox cəhətdən uyğunluq təşkil edir.
Metamodernizmin praqmatik romantizmi, sonsuza uzaqlaşan üfüqü izləməyə cəhd göstərərkən, bir-birinə zidd keyfiyyətləri eyni anda birləşdirir: məntiqi ardıcıl və absurd, ciddi və uğursuzluğa məhkum, lakin yenə də nikbin və ümidlərlə dolu. Anlayaraq ki, titrəmələr təbii dünya nizamıdır, məhdudiyyətlər isə hər bir hərəkətə və qavrayışa xasdır. Müasir texnologiyaların imkanları isə bizə dünyanı müxtəlif baxış bucaqlarından görməyə şərait yaradaraq, eyni anda həm futurist, həm də keçmişə nostalji ilə baxan bir mövqedə dayanmağa imkan verir.
Müasir insanın aktual mövcudluğu, özünün həqiqi mənasında, iki qütb arasındakı gərginlikdən – dünyəvi və ilahi, mükəmməl və natamam, həqiqət və yalan, nizam və xaosdan qaynaqlanan bir vəziyyət kimi açılır. Bu mövcudluq, “indinin sərhədlərini gələcəyin imkanlarına doğru dəyişməklə” öz ifadəsini tapır. Sonsuza uzaqlaşan üfüqün ardınca qaçmaq isə məhz müasir insanın qismətidir”, - deyə S.Şıxlinskaya bildirib.
Qeyd edək ki, sərgi fevralın 2-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)
Dirilişin qısa tarixi - AKTUAL
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Respublikası öz tarixi Zəfəri ilə yeni fəsil yaşayır.
Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası üçün görülən hazırlıqlar,
qızıl ləyaqətlə apardığımız 44 günlük müharibə, unikal antiterror əməliyyatı,
Qazaxın 4 kəndinin qurtuluşu, “Böyük Qayıdış”ın başlanması da daxil olmaqla Zəfər üstə qazandığımız zəfərlər bu yeni fəsli şərtləndirən əsas hadisələr, faktorlardır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi yalnız bir qərinəlik deyil, 100 ildən öncələrdən yığılmış problemləri sıfırlayaraq tam şəkildə formalaşır;
qardaş ölkələrlə ikitərəfli müttəfiqlik müqavilələri bağlanır, Türkiyə ilə əvəzsiz “Şuşa Bəyannaməsi” imzalanır;
ortaq türk qurumları güclənir, nəhayət, Türk Dövlətləri Təşkilatı qurulur və ailəmiz, evimiz olur, habelə ortaq türk əlifbası razılaşdırılır;
Dövlət başçısı böyük dövlətlərin başçılarına – hətta hamısına birdən – kəskin iradlarda, sərt tələblərdə bulunur;
yeni silahlarla təchiz olunmuş çağdaş ordu quruculuğu günbəgün irəliləyir;
dövlət büdcəsi ilbəil daha da artır;
xaricidilli Azərbaycan KİV-ləri açılır;
sənayemiz yenidən ayağa qalxış vəd edir,
kosmos ailəsinin güvənli üzvü oluruq,
universitetlər yüksəlir;
neft kapitalı insan kapitalına yönəldilməyə başlayır,
xarici ideoloji basqılar önlənir;
gənclərimiz Olimpiya çempionatlarında, beynəlxalq idman yarışlarında parlaq nəticələr göstərir;
respublikamız az qala hər yarımildən bir, çox böyük, məsuliyyətli beynəlxalq tədbirlərə, ötən ilsə COP29-a uğurlu evsahibliyi edərək, Türk Dövlətləri Təşkilatına, Qoşulmama Hərəkatına uğurla sədrlik edərək,
D-8 genişlənməyə başlayınca ilk üzv olaraq bu platformaya qəbul olunaraq...
yeni fəslin üfüqlərini göstərir.
Yalnız az bir bölümünü vurğuladığımız bu və bənzəri hadisələr Azərbaycan, yaxud Ümumtürk dirçəlişi, dirilişi (intibahı) kimi yorumlana bilərmi? – Qəbul oluna bilərsə, nəhayət, mədəni, ədəbi, incəsənət planında dirçəliş, diriliş əsərləri ən yaxın üfüqdə görünürmü? O əsərləri kimlər yarada bilər? – Suallar, şərtlər, tələblər, önərilər, təcrübələr və s. – bunları yığcam biçimdə incələməyə çalışaq:
Yenidən Diriliş:
Azərbaycan və Ümumtürk dirçəlişi
Azərbaycanın son illərdəki inkişafı və uğurları, həm milli, həm də bölgəsəl düzeydə tarixi bir mərhələyə işarə edir. Bu mərhələ, çox geniş bir perspektivdən baxıldığında, intibah dövrü ilə müəyyən paralellər yarada bilər. İntibah dövrü, həm Avropada, həm də digər bölgələrdə mədəni, iqtisadi və ideoloji bir yenilənmə və yüksəliş dövrü olub. Azərbaycan da bu gün öz dövlət müstəqilliyini, suverenliyini iç imkanlar hesabına bərpa etməklə, milli kimliyi gücləndirərək, bölgənin lider dövlətinə çevrilir. Bu dəyişikliklər həm də mədəniyyət, sənət sahəsində öz əksini tapmalıdır.
Siyasi və iqtisadi inkişafın mədəniyyətə təsiri
Azərbaycan dövlətinin başçısının güclü xarici siyasəti, uğurlu zamanlamaları, ölkənin iqtisadi uğurları, ordu quruculuğu və strateji müttəfiqlərlə güvənli bağlar qurması, beynəlxalq səviyyədə nüfuzumuzun artması, mədəniyyət və sənət sahəsində də yeni dövrün başlanğıcını göstərir. Bu inkişafın paralelində, mədəniyyətin, ədəbiyyatın, incəsənətin və təhsilin daha da irəliləməsi üçün əlverişli ortam yaranır.
Azərbaycanın qlobal mədəniyyət mərkəzinə çevrilməsi
Azərbaycana qurucu üzvü olduğu və Azərbaycanın tarixi Zəfərinin ilk ildönümü ərəfəsində qurulmuş Türk Dövlətləri Təşkilatının daha da güclənməsi,
beynəlxalq işbirliyinin artırılması, dövlət büdcəsindən strateji sahələrə ayrılan xərclərin artırılması;
yeni texnologiyaların tətbiqi;
ölkədə mədəniyyətin yenilənməsi;
elmi inkişafın sürətlənməsi və incəsənətin yüksəlməsi ilə nəticələnə bilər.
Azərbaycan və Ümumtürk dirçəlişi:
Mədəni, ədəbi, incəsənət planında perspektivlər
Bu inkişafların mədəniyyət sahəsində necə böyük dəyişiklik və ya inkişaf yaradacağını təxmin etmək, Azərbaycan və ümumilikdə Türk dünyasının mədəni irsini yenidən dəyərləndirmək, yeni ideyalar və əsərlər yaratmaq imkanı verir.
Mədəniyyət və incəsənət:
Yeni cığır
Azərbaycan və Türk dünyası bu diriliş dövründə incəsənət sahəsində özünün yeni bir qlobal təsirini yaratmağa başlaya bilər. Rəssamlar, yazıçılar, musiqiçilər, kino rejissorları və digər sənətkarlar, çağdaş dövrün problemlərini, cəmiyyətin inkişafını, milli kimliyi və ümumiyyətlə Türk dünyasının qlobal səhnədəki yerini təsvir edən əsərlər yarada bilər. Bununçün zəngin irs, iradə və zərurət vardır.
Yaradıcılıq potensialı
Azərbaycanlı və Türk dünyasından olan digər sənətkarlar, həm qədim mədəniyyəti, həm də çağdaş inkişafları birləşdirərək yeni sənət formaları yarada bilər. Həm milli, həm də ümumtürk səviyyəsində mədəniyyətin və sənətin güclü bir çağını yaratmaq mümkündür. Təkrar olmasın, bunun üçün ortaq mədəni irs, ortaq iradə ilə qurulmuş qurumlar və əlbəttə, tarixi zərurət vardır: ortaq keçmişdən ortaq gələcəyə gedən qutlu yolun eşqinə!..
Ədəbi və mədəni əsərlərin yaranması
Azərbaycan və Türk dünyasında yenidən dirilişin təsiri ilə, ədəbiyyatda və sənətdə yeni bir canlanma ola bilər. Yeni ədəbiyyatçılar, şairlər, Türk dünyasının ortaq kimliyini, həm də çağdaş dövrün çağırışlarını təsvir edən əsərlər yarada bilər. Ədəbiyyatçıların əsərlərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tatarıstan, Saxa-Yakutiya, KKTC, digər türk dövlətlərinin, topluluqlarının tarixi, mədəniyyəti, sosial durumu önplana çıxa bilər.
Yeni texnologiyalar və mədəniyyət
Azərbaycanın yüksək texnologiyaların tətbiqinə diqqət yetirməsi və yeni media sahələrinin inkişafı, mədəniyyətin daha geniş kütlələrə çatdırılması və qlobal səviyyədə yayımlanması imkanlarını yaradır. Bu, Azərbaycan və ümumilikdə Türk dünyasının sənətini, ədəbiyyatını və mədəniyyətini yeni bir müstəvidə təqdim etməyə imkan verir.
Yenilikləri kimlər yarada bilər?
Azərbaycanın və Türk dünyasının diriliş dövründə mədəniyyət və incəsənət sahəsində önəmli işlər görəcək sənətkarlar, həm gələnəksəl, həm də çağdaş təfəkkürə sahib olan insanlar olacaq. Bu insanlar, ölkənin sosial və siyasi inkişafına uyğun olaraq həm milli, həm də ümumtürk dəyərlərini özündə əks etdirən əsərləri yaratmağa mənəvi borcludurlar...
Ədəbiyyatçılar və sənətçilər
Azərbaycandan və Türk dünyasından olan yazıçılar, şairlər, dramaturqlar, kinorejissorlar və digər sənətkarlar mədəniyyətin yüksəlişi üçün əsərlər yaradacaq. Ədəbi sahədə çağdaş və klassik motivləri birləşdirən yazıçılar həm milli, həm də ümumtürk kimliyini təsvir edəcək əsərlərlə çıxış edəcək.
Musiqiçilər və rəssamlar
Musiqi və vizual incəsənət sahəsində yeni bir nəsil, Türk dünyasının ortaq mədəniyyətini təsvir edən əsərlər yaratmalıdır. Musiqiçilər, həm gələnəksəl alətləri, həm də çağdaş texnologiyaları birləşdirərək, yeni janrlarda əsərlər təqdim edə bilər. Rəssamlar isə mədəniyyətin müxtəlif aspektlərini, o cümlədən tarixi, sosial və ideoloji məsələləri incələyərək yeni sənət əsərləri yarada bilər.
Hər dəfə “yarada bilər” cümləsini Siz “yaratmalıdır, yaradacaq!” şəklində alqılaya bilərsiniz. – Bu hökm deyil, inamın ifadəsidir, ruhi gücün təntənəsinə güvən hissinin özüdür.
Təcrübələr və tələblər.
İnteqrasiya və işbirliyi
Türk dünyasında mədəniyyətin yüksəlməsi üçün ölkələr arasında daha sıx işbirliyi və inteqrasiya gərəkdir. Bu həm ideoloji, həm də texniki sahələrdə yeni layihələr yaradılması ilə mümkün olacaqdır.
Yerli və qlobal təsir
Mədəniyyətin inkişafı, həm yerli, həm də qlobal səviyyədə təsir yaratmalı, təcrübə və təhlil vasitəsilə Türk dünyasının ləyaqətli yerini müəyyənləşdirməlidir.
Azərbaycanın diriliş dövrü, həm iqtisadi, həm də mədəni sahədə qlobal təsir yaradacaq bir mərhələni nəzərdə tutur. Bu dövrün əsərləri, həm milli, həm də ümumtürk mədəniyyətinin birləşməsindən doğacaq və çağdaş dövrün çağırışlarını əks etdirən böyük mədəniyyət dəyişikliyini yaradacaqdır. O vaxtadək ya “Nobel” Azərbaycana, Türkistana qazandırılacaq, ya da ən azı Türk dünyasının öz “Nobel”i (məsələn, Fərabi, Kaşğarlı Mahmud, Xarəzmi, İbn-Sina, Bəhmənyar, Biruni, Tusi, Lütfizadə və ya başqa adda olan Turan ödülü) yaradılacaqdır.
Yenidən Diriliş - bizim üçün qaçınılmaz bir taledir; bu, yüksəlişimizin həm mahiyyəti, həm də ən gözəl ödüldür.
Ona görə “Yenidən” vurğusu edirik ki, dövlət müstəqilliyinin bərpasını, rəsmi təqvimizdə Milli Dirçəliş Günü olduğunu, bütün zorluqlara baxmayaraq müstəqilliyin qorunduğunu, son onilliklər boyu görülmüş digər böyük işləri unutmamışıq.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
Nəsir müəllim «Bakı»nı Bakının aynasına çevirdi – “BAKI”NİN 67 İLLİYİNƏ
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalı üçün
«Bakı» qəzeti fəaliyyətə başlayanda Nəsir müəllim – Nəsir İmanquliyev «Gənc işçi», «Yeni yol», «Kommunist», «Döyüşən Krım» qəzetlərində, Bakı Şəhər Sovetində, Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Radio və Televiziya Komitəsində məsul vəzifələrdə çalışmışdı. Sənətin, mədəniyyətin himayədarlarına çevrilib varlığını sübut etmişdi.
1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan «Bakı» milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti ilə yazıldı. Oxucu auditoriyası ilə o dövrün məşhur qəzetlərinin səviyyəsinə çatdı. Dili, üslubu, yazı manerası, hadisələrə münasibəti, ictimai-siyasi və mədəni mühitdə baş verən olayları çevik, operativ şəkildə əks etdirməsi «Bakı»nı təkcə bakılıların deyil, bütün respublikanın sevimlisinə çevirdi. Bu qəzetin səhifələrində ilk dəfə idman şərhləri, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar özünə yer aldı. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və orfoepiya qaydalarına əməl edən, sözü müxtəlif çalarlarda oxucuya təqdim edən, ona baş yazarının üslubunu gətirən «Bakı» qəzeti ədəbi səhifələri ilə tez bir zamanda şöhrətlənməyə başladı. Respublikamızda və dünyada baş verən hadisələrə ayna tutan «Bakı» dövrünün məşhur qələm sahiblərinin, gənc istedadların, ədəbiyyatda, poeziyada, incəsənətdə, mədəniyyətdə, elmdə öz sözünü deməyə cəhd edən insanların tribunasına çevrildi.
«Ardı var» sonluğu ilə çap olunan roman və povestlərin baş qəhrəmanlarının taleyini öyrənmək üçün axşam saat 5-i səbirsizliklə gözləmişik
«Bakı» qəzetinin daimi oxucusu tək mən də Həsən Seyidbəylinin, Balaş Azəroğlunun, Qılman İlkinin, Mir Cəlalın, Hüseyn Abbaszadənin, Rəsul Rzanın, Qabilin, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Vidadi Babanlının, Anarın, Elçinin nəşriyyat üzü, senzura qayçısı görməyən əsərlərini isti-isti «Bakı» qəzetindən oxumuşam. «Ardı var» sonluğu ilə çap olunan roman və povestlərin baş qəhrəmanlarının taleyini öyrənmək üçün axşam saat 5-i səbirsizliklə gözləmişəm. Hamı kimi mən də qəzet köşklərinin önündə növbələrə dayanmışam. Onu da qeyd edim ki, «Bakı»nın məşhur olduğu dövrlərdə 150-200 min tirajla çap olunan, digər mətbu orqanlara meydan oxuyan qəzetlər var idi. «Kommunist», «Vışka», «Bakiniskiy raboçiy». Bu qəzetlərin məşhurluğu ancaq tirajında idi. Təkcə şəhərdə deyil, bölgələrdə də saysız-hesabsız məcburi abunəçiləri var idi. Sovet mətbuatının bütün çalarlarını, qayda-qanunlarını özündə yaşadan bu qəzetlərdən fərqli olaraq «Bakı» qəzeti özünün dəst-xətti, hadisələrə münasibəti, sənəti, mədəniyyəti himayə etmək məharəti ilə milli-mətbuatımızın zülmətləri yaran günəşinə çevrilmişdi.
Tale onu jurnalistika, özü də məhz qəzet jurnalistikası üçün xəlq etmişdi
Bu gün Qafqazın mədəni-siyasi mərkəzinə çevrilən, Şərqlə Qərbi TRASEKA, TASİS proqramlarında, İpək Yolu layihəsində bir-birinə qovuşduran Bakının 60-70-ci illəri elmi-texniki tərəqqinin, tikinti-quruculuq işlərinin əsasının qoyulduğu illər idi. Və Bakıya əyalətdən gələnlər təkcə çörək və iş deyil, elm, sənət, özünü- təsdiq dalıyca gəlirdilər. Bakı bu yönü, görkəmi ilə görüş yerinə dönmüşdü. Elmin, mədəniyyətin, ona könül verən insanların və bu illərin dastanını yaradan istedadların görüş yerinə.
Elm-təhsil ocaqlarından, tikinti meydançalarından, dənizkənarı parkdan, kinoteatr salonlarından başlayıb şadlıq evlərində bitən o görüşlərin bir ünvanı vardı: sevən könüllər, duyan ürəklər. Nəsir müəllim radionu «Bakı» qəzetinə dəyişəndə məhəbbətinin, sevgili peşəsinin dalıyca gedirdi. Tale onu jurnalistika, özü də məhz qəzet jurnalistikası üçün xəlq etmişdi.
Bütün 60-cılar kimi, o da sevgisinin görüşünə gəlmişdi. Görüş yeri «Bakı» qəzeti idi. Düz 30 il dəyişməyən bu ünvanda onu sevdikləri ilə mənalı, maraqlı, yaddaqalan, ürəyəyatımlı görüşlər gözləyirdi. Düz 30 il sərasər sevdiklərinlə ayqaranlıq gecədə, ulduz dolu kəhkəşanın altında eyni vaxtda, eyni saatda görüşə çıxmaq, ürəyini sevdiyinə vermək, sinəni dəftər, əlini qələm etmək, axşam görüşlərini səhər sözə köçürmək hər kişiyə - sevən aşiqə nəsib olmur. Görünür, Tanrı Nəsir müəllimin taleyinin bu üzünü də sevgili məqamlarında, sevdalı çağlarında xəlq etmişdi...
Nəsir müəllimin «Bakı»sı paytaxtın güzgüsü idi
Yarım əsrdən çox pedaqoji fəaliyyəti üst-üstə yığsaq, Nəsir müəllimdən beş mindən bir az çox tələbə dərs almış olar. Ömrünün 30 ilini iki dildə nəşr olunan «Bakı» qəzetinə həsr edən Nəsir müəllimin azı beş milyondan çox şəyirdi olub. Çünki onun ruhunun aynası olan «Bakı»nın auditoriyası Azərbaycan boyda idi. Və bu auditoriya üçün nə rəsmi dairələrin sərəncamı, nə tikinti-quraşdırma işləri, nə də tədris planı lazım idi. Onun ünvanı könüllər, duyan qəlblər, görən gözlər, qərar çıxaran beyinlər idi.
Nəsir müəllimin «Bakı»sı sözün gerçək və məcazi mənasında paytaxtın güzgüsü idi. O aynada özünü əyri görən də, düz görən də var idi. Bu, məsələnin zahiri tərəfi idi. Batində isə «Bakı» mənəvi dəyərlərin cilalandığı, arınıb durulduğu, pisin yaxşıdan, kamilin cahildən seçildiyi əlçatmaz, ünyetməz bir dünya idi.
Bu səbəbdəndir ki, üstündən 66 il ötəndən sonra belə öz əzəmətini qoruyur, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi informasiya qurumlarından biri kimi oxucuların görüşünə gəlir, şəhərin aynasına çevrilir. Qəribədi, daha doğrusu, maraqlıdı, professor Nəsir İmanquliyev yaşadığı Nizami küçəsi 66 ünvanından düz 30 il Azərbaycan nəşriyyatına, «Bakı» və «Baku» qəzetlərinin redaksiyasına yollanıb. Tərcümeyi – halı ilə tarix yaradıb!
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
Gülüş klubunda bağçaya getmək istəyən ata
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Müttəhim, siz niyə ziyalıları ən axırıncı sözlərlə təhqir etmisiniz?
-Ən axırıncı niyə olur, cənab hakim? Məndə hələ sözlər var.
2.
Maraqlıdır, görəsən o vaxt Roza Lüksemburq Knyaz Lixtenşteynə ərə getsəydi, soyadını saxlayardımı?
3.
Məncə feysbuk bir-birimizi tanımaq üçün gözəl məkandır. Çəkinmədən mənə hər şeyi açıq yazın. Harda yaşayırsız, hobbiniz nədir, hansı musiqini bəyınirsiz, pulunuzu harda gizləyirsiz…
4.
-Ata, sən istəyərdin, yenidən baxçaya gedəsən?
-Uça-uça gedərım. Amma anan məni səni baxçadan gətirməyə belə qoymur, onda kı, özüm baxçaya gedəm. Ah, ordakı gözəl-göyçək tərbiyəçilər…
5.
Şəhrizad bu yerdə gecənin düşdüyünü görüb yeni nağıla başladı:
-2035-ci il Aəzrbaycanda karantin rejiminin uzadılması ilə başladı. Bir də, Tarif Şurasının qiymətləri tənzimləməsi ilə.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)
ÖZBƏKİSTANDAN AZƏRBAYCANA BAXIŞ - Ədəbiyyatın Qızılgülü
Cahangir NAMAZOV, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.
"Dünya Talantları" Beynəlxalq Təşkilatının üzvü. Beynəlxalq "Abay" medalı sahibi.
Təranə Turan Rəhimli — Azərbaycan ədəbiyyatının parlayan ulduzudur, özünün dərin bədii-fəlsəfi şeirləri ilə bütün dünyada tanınan şairdir. O, 50-dən çox ölkədə 47 dildə nəşr edilən əsərləri ilə müasir Azərbaycan şeirinin ən məşhur nümayəndələrindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə sülhün qızğın müdafiəçisi olaraq da tanınır. Yaradıcılığında insanlığın incə duyğularına, ümumbəşəri dəyərlərə, müasir həyatın aktual problemlərinə, dünyada baş verən sosial-siyasi, milli-tarixi proseslərə həssas münasibəti ilə fərqlənir. Şairin yaradıcılığı insanın daxili dünyasının, sevgi duyğularının, vətəninə həssas münasibətinin, habelə müasir dövrün sosial, siyasi, mənəvi problemlərinin dərindən təhlilinə əsaslanır. Onun şeirləri özünün təbiiliyi, səmimiyyəti və dərin fəlsəfəsi ilə seçilir. Hər bir misra və söz oxucunun ürəyinə dərin təsir edir, onu düşündürür və yeni hisslər oyadır. Təranə Turan Rəhimli yalnız bədii təsvirləri ilə deyil, həm də insanın öz daxili dünyasıyla mübarizəsi, sevgiyə, həsrət və kədərə fərqli fəlsəfi baxış bucağı, bütün bunları təsvir etmə bacarığı ilə oxucusunu təəccübləndirir, düşündürür.
Onun şeirlərində əsasən sevgi, ayrılıq, həsrət, qəm, vətən və daxili aləmin bütün mürəkkəb hissləri, yaşantıları dolğun surətdə bədii əksini tapır. Şairin poeziya dilindəki ecazkar sadəlik, lakin ifadə etdiyi fikirlərin dibsiz dərinliyi, ağır fəlsəfə yükü oxucunu dərin fikrə qərq edir. Şeirlərindəki təxəyyül gücü və obrazların rəngarəngliyi, şairin poetik tapıntıları, o cümlədən ifadə etdiyi hisslərin, duyğuların hamıya doğma, tanış ahəngi bəşəriyyətin ali varlığı olan insanı daha yaxından anlamağa, insanlıq mövzusunda dərindən düşünməyə sövq edir.
Təranə T.uran Rəhimlinin şeirlərini oxuduqca inci kimi parlayan sözlərdən çələng kimi toxunmuş, dərin məna çalarları ilə estetizmin vəhdətindən yaranan poetik gözəlliyə, harmoniyaya valeh olmamaq mümkün deyil. Bu əsrarəngiz hisslər və bütün estetik gücü ilə işıq saçan ifadələr qəribə bir tərzdə oxucunu özünə cəlb edir, sözün sehrinə salır.
Şair öz şeirlərində yalnız əbədi duyğu olan sevgini və kainatın dəyişməz zinəti sayılan gözəlliyi deyil, eyni zamanda insan qəlbinin sirli dünyasını, onun daxili mürəkkəbliyini, təlatümlü vəziyyət və situasiyalarda mənəvi gücünü, zərif təbiətinin ən incə qatlarını təsvir edir.
Hər bir misrasında, hər bir sözündə insan ruhunun ən həssas məqamlarına dair poetik axtarışlar və hisslər fırtınası görünür. Təranə Turanın şeirlərinə sevgimiz, təkrarsız bədii ifadə şəklinə vurğunluğumuz, poetik ustalığının doğurduğu heyrətimiz getdikcə artır. Çünki onun yaradıcılığında söz yalnız bədii vasitə deyil, eyni zamanda ürəyin rəsmini çəkmək, şair ruhunu mükəmməl ifadə etmək və sənətkar təfəkkürünün bütün siqlətini başqalarına çatdırmağın güclü aləti kimi özünü göstərir. Şeirlərindən birində "Sən mənim şəklimi çəkə bilməzsən" deyən şair sözlə həyatın ən mükəmməl rəsmini çəkir:
Ağacı çəkərsən, daşı çəkərsən,
Yazda beli sınan qışı çəkərsən,
Dünyada nə var pis yaxşı, çəkərsən,
Sən mənim şəklimi çəkə bilməzsən.
Oxşada bilərsən qaş-gözümü də,
Rəngini taparsan hər sözümün də,
Çəkərsən içimdə kor dözümü də,
Sən mənim şəklimi çəkə bilməzsən.
Poetik düşüncənin dolğun təqdimi üçün Azərbaycan şeirində heca vəzninin şirin ahəngi, nizamlı poetik biçimi, müxtəlif forma komponentləri və sözlərin musiqisi mühüm rol oynayır. Bu poetik forma gözəlliyi şairin şeirlərində Şərq poeziyasının bütün dəbdəbəsi, zərafəti ilə özünü göstərir. "Səni gözlərimin yaşı tutacaq" şeirndə olduğu kimi:
İndi hisslərimi elə don vurub,
Günəşin içinə qoysan əriməz.
Qəlbimə o qədər dərd yeritmisən,
Daha ürəyimə sevgi yeriməz.
Təranə Turan Rəhimlinin şeirləri sözlərin daxili parıltısı və təsvir obyektinin başlıca mahiyyətinə yönələn estetik münasibətə köklənib.
Şairin əsərlərində əsas mövzular — sevgi, ayrılıq, kədər və vətənə məhəbbət olsa da, onun şeirləri bundan daha çoxunu özündə ehtiva edir: hər misrada insanın mənəvi-ruhi axtarışları, onun daxili aləmi və zamanın mürəkkəb suallarına cavab tapmaq çabası əks olunur. Sadə poetik dillə hamıya doğma tərzdə ifadə etdiyi fikirlərin dərinliyi oxucunu tam anlamda düşünməyə, hisslərə qərq olmağa təşviq edir. Şairin qiymətli poetik tapıntı kimi sonsuz rəğbət doğuran belə misraları asanllqla yaddaşlara həkk olunur:
Baharımı qış bıldilər,
Nə etdim çaşbaş bildilər,
Elə susdum daş bildilər,
Hördülər divara məni.
Təranə Turan Rahimlinin şeirləri, hər bir misrası, hər bir sözü ilə oxucuya yeni bir ovqat gətirir, hisslərin təlatümü baş verir. Şair, öz əsərlərində sevgi və gözəlliyi təsvir edərkən, insan qalbinin ən incə, ən mürəkkəb qatlarını açır. Beləliklə, onun şeirləri oxucuya yalnız estetik zövq verməklə qalmır, həm də insanın daxili dünyasına daxil olmağa, onun mənəvi mübarizələrini, həyatda rolunu və məqsədini anlamağa kömək edir. Məsələn, “Ömür sürət qatarıdır” şeirində zamanın və həyatın nəbzini tutmaq istəyən insanın daxili yaşantıları, çağdaş dünyaya, axıb gedən vaxta, saatlara, həftələrə, aylara... orijinal münasibəti təhlil mərkəzinə gətirilir:
Bu günüm tez dünən olur,
Sabahı qucub gedirəm.
Mən həyatı yaşamıram,
Üstündən uçub gedirəm.
Bu şeir həyat qanunlarının kəskinliyini, vaxtın dəyərini anlamağa və zamanı səmərəli keçirməyə çağırır. Təranə Turan Rəhimlinin bədii yanaşması oxucunu zamanın sürətini və həyatın mahiyyətini yenidən nəzərdən keçirməyə sövq edir.
“Məndə daşa da sevgi var” şeiri isə sevgidə soyuq münasibətə özünəməxsus, fərqli bir münasibətlə yadda qalır. Təsadüfi deyil ki, şairin ən çox dilə tərcümə edilən bu şeiri İtaliyada nəşr edilən kitabının adı olaraq seçilmiş, italyan tənqidçiləri Sergio Kamellini, Renzo Montaqnoli, Domeniko Pisana və başqaları "Məndə daşa da sevgi var" (italyanca: "Ho amato persino la pietra") misrasını bütünlükdə Təranə Turan Rəhimli poeziyasının aparıcı leytmotivi kimi rəmzləşdirmişlər.
Yaman üşütdün ruhumu,
Qəlbin buzdur, əllərin qar.
Qəm etmə belə soyuqsan,
Məndə daşa da sevgi var.
Şair, sevgi və onun mürəkkəb təbiəti haqqında düşünməyə çağırır. Şeirdəki simvollar və təsvirlər vasitəsilə sevginin nə qədər dəyərli, sanballı və yüksək bir qüvvə olduğunu göstərir. "Kirpiyindən buz asılıb, saçlarına qar səpilib", '"Sanki sənin dodağınla qışın yanağı öpülüb" misraları təbiətlə insanı qarşılaşdıraraq, insanın soyuq daşa belə sevgi duyduğunu vurğulayır. Buradakı qarşılıqlı təsvirlər sevginin ucalığı, yenilməz təbiəti ilə sevənlərin real situasiyası arasındakı ziddiyyəti təqdim edir, mənəvi duyğuların dərin, gizli qatlarına daxil olmaq imkanı açır.
“Ruhum bədənimdə qərib kimidi” şeirində isə şair insanın daxili aləmi və fiziki dünya ilə münasibətini təsvir edir. O, ruh və bədən arasındakı qeyri-müəyyən və mürəkkəb əlaqəni ifadə edir. Şairin sözləri və təsvirləri vasitəsilə, hər bir oxucu öz daxili ruhi vəziyyətini, çətinliklərini və həyat yorğunluğunu hiss edə bilər.
Yerini tapmışam gəlib deyəm ki,
Daha görüşünə gəlməyəcəyəm.
Ruhum bədənimdə qərib kimidi,
Daha bu bədəni geyməyəcəyəm.
Təranə Turan Rahimlinin bədii düşüncələri, fəlsəfi yanaşması, və təsvir məharəti cəmiyyətin yaxşılaşdırılması və insanlığın ruh halını anlamağa yönəlmişdir. O, yalnız öz vətənində deyil, bütün dünya ədəbiyyatında yüksək qiymətləndirilən şairdir. Beynəlxalq miqyasda ən nüfuzlu mükafatlarla təltif edilən şair öz poeziyası ilə Şərq şeirini dünya ədəbi mühitində ləyaqətlə təbliğ edir, bununla da Azərbaycan şeirinin əzəmətli keçmişini, köklü ənənələrini bir daha xatırlatmış olur.
Təranə Turan Rahimli öz şeirləri ilə müasir Azərbaycan ədəbiyyatının şöhrətini, şanını bütün dünyaya tanıdan şairdir. O, öz şeirləri ilə həm xalqının milli-tarixi kimliyini, mədəni dəyərlərini tərənnüm edir, həm də ümumbəşəri dəyərlərə sədaqəti ilə yüksək humanist sənət nümayiş etdirir. Onun əsərləri oxucunu bir maqnit cazibəsi ilə özünə cəlb edir, yeni fikirlər və hisslər oyadır, insan ruhunun dərin qatlarına enməyə səsləyir. Təranə Turan Rəhimlinin bədii ustalığı, sözdən məharətlə istifadə edərək yaratdığı inci şeirlər, metaforaları, təsvirləri, dərin fəlsəfi düşüncələri beynəlxalq miqyasda yüksək qiymətləndirilir və onun şeirləri bütün dünyada sevilərək oxunur. Azərbaycan, Türkiyə, Yunanıstan, Vyetnam, Braziliya, Albaniya, İtaliya, İran, Banqladeş, Hindistan və başqa ölkələrin şair, yazıçı və tənqidçilərinin Təranə Turan Rəhimli haqqında məqalələri bir daha təsdiqləyir ki, o, dünya poeziyasının inkişafına önəmli töhfələr verir.
Təranə xonımı Azərbaycan ədəbiyyatının qızılgülünə bənzədirəm.
Qızılgül — güllər arasında məlikədir, oı saralıb solan çəmən içində, minlərlə gül arasında özünün xoşbəxt və məğrur duruşu, zərif, unudulmaz ətri, parlaq rəngi ilə fərqlənir.
Onun hər bir halı gözəllik, incəlik, zərafət və mənəvi dərinlik simvoludur.
Qızılgül yalnız təbiətin möcüzəvi gözəlliyi deyil, həm də özünün tikanları ilə axtarış, əzab və böyümənin simvoludur. Tam bu şəkildə, Təranə Turan Rəhimli də Azərbaycan ədəbiyyatının qızılgülü olaraq özünün bənzərsiz və misilsiz şeiriyyəti ilə dünya ədəbiyyatında fərqlənir.
Onun misraları eynilə qızılgülün xoş ətri kimi oxucuları özünə valeh edir və onların qəlbində, yaddaşında dərin iz buraxır. Hər misrası qızılgül ləçəkləri kimi bir-birini gözəlləşdirərək qüvvətləndirir, əzəmətli bir bədii səltənət yaradır.
Şairin şeirlərinin poetik ahəngi, misralarının mənəvi gücü, fəlsəfi dərnliyi, bədii yükü qədim bir xalqın ən yaxşı dəyərlərini anlamağa, zənginliyini bütün çalarları ilə tanımağa yardımçı olur. Təranə Turan Rəhimli şeiri öz əzəməti ilə Azərbaycan ədəbiyyatına böyük töhfədir.
Təranə xanımın şeirlərindəki hər bir misra, gözəl bir qızılgülün petalı kimi, mənəvi dünyanı və həyatın mürəkkəb cəhətlərini açıb göstərir. Onun bənzərsiz yaradıcılıq örnəkləri və poetik ustalığı yalnız öz xalqını deyil, həm də bütün dünyanı ilhamlandıran gücə malikdir.
“Ədəbiyyat və incəaənət”
(10.01.2025)
PA - Uğur üçün 15 keyfiyyət – 6.Yaxşı əhatə dairəsinə malik olmaq
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:
6). Yaxşı əhatə dairəsinə malik olmaq
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
“Ədəbiyyat və incəsənət”
(10.01.2025)