Super User

Super User

Çərşənbə axşamı, 14 Yanvar 2025 13:00

İsmailliyə: Dəyərlərin əyarı

 Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Bakının memari incilərindən biri hesab olunan İsmailliyə binası özünün zəngin tarixi, həm də, taleyi ilə milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutur. İçərişəhər metrosu istiqamətində, İstiqlaliyyət küçəsində yerləşən bu möhtəşəm abidə Bakı milyonçusu Musa Nağıyevin nakam oğlu İsmayılın şərəfinə ucaldılsa da, təməli qoyulandan bu günədək bir elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib. 

 

Qotika üslubunda inşa edilən bu tarixi memarlıq abidəsinin layihə rəhbəri və baş memarı məşhur Polyak memarı İosif Ploşkodur. Müsəlman Xeyriyyə Cəmiyyətinin baş ofisi kimi fəaliyyətə başlayan İsmailliyə sarayının təməli 1907-ci ildə qoyulub. 

İsmailliyə binasında Bakının əsilzadələri tərəfindən dəfələrlə xeyriyyə tədbirləri keçirilmiş, Şərqdə və Qafqazda ilk olaraq Müəllimlərin Qurultayı çağrılmış, bu qurultayda qadınlara səs hüququnun verilməsi məsələsi müzakirə edilmiş, onların kütləvi şəkildə təhsilə cəlb olunması gündəmə gətirilmişdir. Musa Nağıyevin nakam oğlu Ağa İsmayılın şərəfinə ucaldılan bu bina 1918-ci il soyqırımları zamanı Təzəpir məscədi ilə birlikdə sınağa çəkilmiş, top və mərmilərin hücumuna məruz qalmışdır. Təzəpirdən fərqli olaraq, o, daha çox faciə ilə üzləşmiş, erməni daşnakları binanın dağıdılması, yandırılıb külə çevrilməsi üçün tarixi cinayətə əl atmışlar. Bina yandırılan zaman burada bir neçə təşkilatın: İsmailliyə binasının, Müsəlman Xeyriyyə Cəmiyyətinin, Səadət Cəmiyyətinin, Səadət-Ruhani Məktəbinin arxivləri də yandırılaraq külə çevrilmişdir. Bakı işğaldan azad edildikdən sonra, Bakı əsilzadələrinin, xüsusən də Hacı Zeynalabdin Tağıyevin və Təzəpir məscidinin axundu Ağa Əlizadənin təkidli tələbi ilə Cümhuriyyət zamanında İsmailliyə binasının təmir-bərpa edilməsi barədə məsələ qaldırılmışdır. Binanın təməli qoyulanda onun tikintisinə can yanğısı ilə yanaşan Bakılılar təmir-bərpa işlərində də ürək yanğısı ilə iştirak etmiş və ianələr toplamışlar.

Milli-mənəvi dəyərlər və qəhrəmanlıq tariximizdə mühüm yer tutan İsmailliyə binası bir faktı da, özündə ehtiva edir. 1918-ci il Sentyabrın 15-də Bakı işğaldan azad olunur, erməni daşnaklarından təmizlənilir. Sentyabrın 16-sı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Təzəpirin axundu Ağa Əlizadə ilə birlikdə minbərə qalxıb Bakı əhlinə göz aydınlığı verir. Sentyabrın 16-da həm də,Bakıda Zəfər Paradı təşkil olunur. Paradın təşkil olunduğu ünvan külə döndərilmiş İsmailliyənin müqəddəs binası olur. Həmin gün İsmailliyə binasından Hacı Zeynalabdin Tağıyevin mülkünə qırmızı xalı salınır. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa, Xəlil Paşa və xilaskar Türk əsgərləri onun üzərindən keçib Tağıyevin mülkündə təşkil olunan bayram ziyafətinə yollanır.

Sovet Hökuməti qurulduqdan sonra İsmailliyə binasının bütünlüklə sökülməsi barədə məsələ qaldırılsada, Bakının vətənpərvər insanları buna etirazını bildirir. Bu səbəbdən də, nə qədər kədərli olsa da, binanın bərpa işinə memar Vartan Sarkisov cəlb edilir. Onun layihəsi əsasında, görülən işlər çərçivəsində binanın fasadında olan Qurani-Kərimdən iqtibas edilən ayələr ləğv edilir, yerinə ulduzlar həkk olunur. 

Qızılı rəng və əlvan mərmər daşlardan istifadə olunaraq Venesiya sarayları klassikasının təcəssümü kimi tikilən İsmailliyə binasının saray fasadındakı və yan tərəflərindəki ayələr kalliqraf Mirzə Əsədulla Hilal tərəfindən işlədilmişdir. 

Şura Hökuməti illərində, öncə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyətinin, Arxeologiya Komissiyasının, Əlyazmaları Fondunun iqamətgahı kimi fəaliyyət göstərən İsmailliyə binasında 1945-ci ildən sonra, elə həmin il fəaliyyətə başlayan Azərbaycan SSR Elmlər Akademiyası yerləşib. 

Musa Nağıyevin övlad həsrətinə və nisgilinə, Ağa İsmayılın şərəfinə ucaldılan İsmailliyə binasının fasadına Əli əleyissalamın bu müdrik kəlamları həkk olunmuşdu: “İnsan istədiyinə yalnız öz zəhməti ilə nail olur. İnsan beşikdən məzaradək oxumalıdır. Müsəlmanlar! Sizin dövrünüz sizinlə ölür, övladlarınızı yeni dövrə hazırlayın.”

İsmailliyə binası Hacı Zeynalabdin Tağıyevin istəyi, Musa Nağıyevin sərmayəsi ilə quruldu, Ağa İsmayıla ad olundu. Bu müdrik kəlamlarla qapısını insanların üzünə açdı. Düz 80 ildir dəyərlərin əyarı İsmailliyə binası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iqamətgahı kimi fəaliyyət göstərir. “Elm Çində olsa belə onun dalıyca get”, “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!” nidası ilə qələm çalan Azərbaycan alimləri elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirir, bu möhtəşəm abidəni millətə, məmləkətə miras qoyunları sayğı ilə anır!

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Çərşənbə axşamı, 14 Yanvar 2025 16:34

Nənəmin və onun küçədən tapdığı pişiyin əhvalatı

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Şəkildəki mənim nənəm və onun pişiyidir. Nənəmin 74 yaşı var, Novxanıda əmimgillə birlikdə yaşasa da, gününün böyük bir hissəsini tək keçirməli olur. Çünki, ailənin digər üzvləri işə və təhsilə yönəliblər.

Nənəmin heyvanlara qarşı mərhəmətini görəndə düşünürəm ki, o bu dünyada cənnəti məhz heyvanlara baxaraq qazanıb. Baxın, elə bu qucağındakı pişiyi nənəm küçədə görüb, gətirib evə salıb ki, xəstədir, soyuq olar heyvana. Bizim nənə-baba ocağı köhnə daş evlərdən olduğu üçün evdə yekə "peç" var, hansı ki, yarım saata bütün evi isidə bilir. Deməli, nənəm gəlib bu peçi qızdırıb, daha sonra gedib pişiyi hamamda qəşəycə ilıq suda yuyub, tüklərini darayıb, dırnaqlarını tutub, hələ o da azmış kimi, başını bağlayıb, alıb qucağına, gətirib qoyub peçin dibinə ki, isinsin. 

Danışır ki, elə həmən anda evdə tək olub deyə pişiyə yem aldırmağa uşağları tapmadığından, heeç ərinmədən iki çömçə mərci supunu qızdırıb, içinə qəşəycə çörək doğrayıb, gətirib qoyub pişiyin qabağına. Baxıb görüb ki, heyvan doğrudan da, acdı deyə axıra qədər yeyib yeməyi. 

Elə neçə vaxtdı bu pişik nənəmin yanındadır, nənə ona hər baxımı edib və elə öyrədib ki, pişiyin təbii ehtiyacı gələn vaxtı heyvan qapını döyəcləyir ki, bayıra çıxa bilsin. Və nənə qapını açır, pişik gedir çöldə öz qumunu tapır, işini həll edir və gəlib hovuzun qırağında pəncələrini yuyub qayıdır evə. 

 

Nə vaxt nənəmgilə getsəm, orda babamı axtarır gözüm. Düzü, əvvəlki qədər çox gedə də bilmirəm, amma hər gedəndə nənəmi ya namazda tapıram, ya da televizora baxan yerdə görürəm. 

Nənəylə bu gün babadan söhbət açmışdım ki, gördüm gözləri dolub. Mənə deyir ki, mən bu evdə 50 ildən çoxdur ki, yaşayıram, əvvəl Hacı (yəni babam) var idi, qapını döyən çox olardı, siz də tez-tez gəlrədiz, indi nə siz tez- tez gəlirsiz, nə də bir qohum-qonşu. 

Deyir, deyəsən insanların yadına ancaq bayramdan bayrama düşürəm.

Sonda pişiyini qucağına alıb söyləyir:

-Deyirəm, ay Kubra, yaxşı ki, bu pişiksə var, yoxsa təklikdən tamam bağrım çatlayar.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Çərşənbə axşamı, 14 Yanvar 2025 16:09

Təbrizdə daha bir kitab təqdimatı

 

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Vida Heşmətinin “Son qapı” adlı hekayələr kitabının təqdimatı Təbrizdə keçirilibdir. 

“Son qapı” kitabı Vida xanımın 11 hekayədən ibarət olan birinci nəsr əsəridir. 

 

Vida Heşmətidən kitab barədə fikirlərini almışıq. O deyib: “Demək olar, hekayələrin çoxunda qadınların problemləri, sevdaları, sosial yeri, zorakılığa uğranmağı, habelə ictimai təbizləri göstərməyə çalışmşam.”

 

Kitabın təqdimatı isə Təbrizdə tarixi Nikdel Evində keçirilibdir. 

Qeyd edək ki, Vida xanım Heşməti 2023-cü ildə mənimlə birgə portalımızın “Güney Azərbaycan ədiblərini tanıdaq” layihəsində fəal iştirak edibdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

Çərşənbə axşamı, 14 Yanvar 2025 13:32

Bütün təsadüflər zərurətdən doğurmu? -ESSE

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Hərdən öz -özümə sual verirəm ki, görəsən bütün təsadüflər zərurətdən doğurmu? Yaşadıqlarımız, qarşılaşdığımız bütün təsadüflərin arxasında zərurət dayanırmı? Axı təsadüfi görüşlərin hamısı vüsala, xoşbəxtliyə aparmır adamı. İşgəncəyə, göz yaşına, ölümə aparanlar da olur.

 

Sual doğur, bu zərurəti yaradan səbəb nədir bəs? Bütün təsadüflərdən sonra üzümüzə qapılar açılmırsa, təsadüfən görüşdüyümüz adamlarla bir də rastlaşmırıqsa, bunun harası zərurət oldu? 

Bəzən uğursuzluqlarımızın adını sınaq qoyuruq, Tanrı tərəfindən göndərilən imtahan adlandırırıq. Bir sözlə, burda da işi öz xeyrimizə həll etməyə çalışırıq. Yəni təsəlliylə ovuduruq özümüzü.  

Şairləri çox incidən bir sualla çıxırlar bəzən adamın qarşısına? "Niyə ağrıdan, acıdan, kədərdən, həsrətdən yazırsız? Dünyaya işıqlı tərəfdən baxın. Qaranlıq yorur və qorxudur adamı"

Axı heç kim xoşbəxtlikdən şair olmur. Elə  insanı  şair  edən  onun  əzabları , yaşadıqları, eyni zamanda  yaşaya  bilmədikləridı  axı. Kefindən yazan şair rastıma çıxmayıb hələ. Ən xoşbəxt şeirlərin də arxasında lirika dayanır. Lirika poeziyanın canıdı, sütunudu. Poeziyanın özü həsrətdən yaranıb.  Mənim aləmimdəsə həsrətdən doğan şeirlər daha mükəmməldi. 

Hamının kədərini  özününkü  edə bilmirsə, o şairdən  heç nə gözləməyin. Şair təkcə özünü yaşamamalıdı. Şairun ruhu yerdədirsə, ona Tanrı sığalı çəkilməyibsə,  demək  onun yazdıqları da adi  söz  yığınıdı. Nəfəssizdi. Şeir doğulmalıdı. Əks halda yazılan bütün şeirlər əlsiz, ayaqsız, gözsüz, dilsiz, ağızsız yaranacaq. Zorla , süni, başdansovdu, ürəksiz, sevgisiz  yazılan  bütün  yazılar  şeir statusu  ala bilmir.  Bayağı, sönük, nursuz, qaranlıq yazı oxuyuruq, vəssalam. 

Axı şikəst şeirlər kimə lazımdı?

Qaldı ki, təsadüflərə. Bütün təsadüflər zərurətdən yaranırsa, demək, bizim şairliyimizin də bir "Ol" tərəfi var yəqin ki. 

Yadımdadı, dördüncü sinifdə oxuyurdum. Qısa hekayələr yazırdım və anama oxuyurdum.  Xoşuna gəlirdi. Anam heç vaxt məni tərifləməzdi. Gözlərindən oxuyurdum ürəyindən keçənləri. Düşünürdüm ki, əgər anamın xoşuna gəldisə, demək, hər şey qaydasındadı. Sevinirdim. Atamısa razı salmaq qeyri -mümkün idi. Ona görə də çox vaxt atamdan hər şeyi gizlədirdim.

Bir gün mənim hekayələrimi tapıb oxumuşdu. Mənə stimul verməkdən, alqışlamaqdansa, "hekayə yazmağa nə var ki, hünərin var, şeir yaz"- dedi. İçimdə nəsə qırılıb düşdü o an, amma heç nə demədim, susdum.  Dördüncü sinifdə oxuyan, doqquz yaşlı bir uşağa bunu deməklə onun bütün istəklərinin qarşısına sədd çəkilərdi bəlkə də. Amma mən ruhdan düşmədim. Özümə söz verdim ki, şeir yazacam. Səhəri gün şeirlə gəldim atamın hüzuruna. Bu dəfə də üzünün ifadəsi dəyişmədi. Sonra bir də ona şeir oxumadım. Bəlkə bu da zərurət idi. Bəlkə də atam elə deməsəydi mən öz yaradıcılığımı elə hekayədə də tamamlayacaqdım. Atamın arzusuyla hüquqşünas olacaqdım bəlkə də.   Ya qanunlarımızın keşiyində ayıq-sayıq dayanacaqdım, ya da yazılmayan qanunlar məni dəyişib tamam ayrı adam edəcəkdi. 

Təsadüf zərurətdən doğdumu? Mütləq idimi mən şair olum? Mənim şairliyimlə dünya dəyişdimi, mənim sözümə qulaq asdımı Göy üzü? Mənim arzularımın mərkəzində fırlandımı hadisələr, ya yalançı hay-küyümdə asılıb qaldı  duyğularım? Çox sevdiyim azadlığıma qovuşa bildimmi?  

Bilmirəm. Bircə onu bilirəm ki, bütün təsadüflərin arxasında nəsə dayanmır.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanmaqdadır. Rubrikanı Aysel Kərim aparır.

 

Dörd övlad anasısınız.  Uşaqlarınızla vaxt keçirtməyə zamanınız olurmu?  Böyük qızınız bilirik ki, tələbədir.

Bəli Allah cümlə balaları valideynlərinə çox görməsin. Bu bəşəriyyət üçün, bu cahan üçün hər bir övladı xeyirli övlad etsin ki,  zamanəmiz, dövrümüz pisliyə deyil yaxşılığa getsin in şa Allah. Bu bizim dünyaya gətirdiyimiz övladlardan çox asılı olan bir şeydi. Nə qədər zamanım olubsa mənə ayırılan həyat ömründən mən zamanımı övladlarıma ayırmışam. Mən özüm üçün yaşamamışam bu həyatda. Nə qədər vaxtım olub övladlarım üçün, sənətim üçün yaşamışam. Xüsusi bir zaman ayırmamışam özümə. Yalan nə deyim. Bəlkə bundan sonra ola bilər övladlarım böyüyər bəlkə ola bilər ki, bundan sonra zamanım olar. Amma çox şükür ki,  Allah təala mənə zaman verib ki, sənətim üçün, xalqıma yararlı  insan olmaq üçün, sənətimi yaşatmaq üçün  yaşamışam. İnsanlara paklğı mesaj etməklə yaşamışam. Kimin üçün, kimlər üçünsə yaşamaq mənim üçün böyük hissdir. Bəli qızım tələbədir. Rəssamlıq Akademiyasının 3-cü kurs tələbəsidir. Heykəltaraşlıq üzrə təhsil alır.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

“ Yarımçıq əlyazma”da məqbul sayılmayan dil nümunələrinin tənqidi ancaq “Dədə Qorqud” hissəsiylə bağlı oldu. Şah İsmayıl hissəsindəki 16-cı əsr Azərbaycan dili ilə bağlı etiraz səsini qaldıran, gərək ki, olmadı. Bu məsələ mətnlə bağlı idi. “Dədə Qorqud” mətni var idi, amma Şah İsmayıl mətni yox idi. “Sehrbazlar dərəsi”nin və “Unutmağa kimsə yox...”un da arxasında mətnlər dayanmamışdı. Arxasında mətn dayanan roman və arxasında mətn dayanmayan roman! Bütün bu məqamları dillə bağlı iradlarını qəribə bir təkidlə irəli sürənlər nəzərə almalı idilər. Almadılar.

2.

“ Bu dəniz bu dağa yaman oxşayır

Həmən buluduyla, həmən göyüylə.”

3.

Və bütün bunları düşünüb-daşınandan sonra bir daha inanırsan ki, bizim dünyamızı yaradanlar onu yaratdıqdan sonra bu kainata salıb itiriblər.

4.

“Yarımçıq əlyazma”dakı casus fantom dur. Hamı casusdur və eyni zamanda heç kəs casus deyil. “Ol vaxtlar”ın casusu ilə bu günün casusu başqa-başqa şəraitdə “işləyirdilər”.

5.

İsa Hüseynov xəstə olarkən qızı deyir ki, “Yarımçıq əlyazma”nı ona oxutdurub qulaq asırmış. Nə idi onu çəkən?! Bəlkə bu yazıçını mənim sakrallığa baxışım özünə çəkmişdi - bilmirəm. İki müxtəlif istiqamətdən baxış var ortada. O dahi üçün sakrallıq həqiqət idi, mən binəva üçün həqiqət sakrallıqdı.

6.

Dostlarımın yanında darıxmıram. Ancaq yazmaq üçün darıxıram. Xüsusən də, başladığım işi sona çatdırmağa həmişə darıxmışam, təntimişəm. Çayld Harold kimi, Oblomov kimi isə - yox! O cür darıxanların vaxtı keçib getdi. İndi “darıxıram” deyənlər, əslində, özlərinə bioqrafiya yazırlar.

7.

Yazıçı olmurlar, yazıçılığı yaşayırlar

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.

İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.

Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Çərşənbə axşamı, 14 Yanvar 2025 15:02

Bir televiziya verilişinin kəraməti - SATİRİK HEKAYƏ

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, dramaturq Ağalar İdrisoğlunun satirik hekayəsini təqdim edir.

 

İki ay idi ki, Sadıq kişinin evində böyük söz-söhbət səngimirdi. Belə ki, kçik oğlu Ceyhunun toyuna hazırlıq gedirdi. Soxaya qalsın bu pandemiyanı. Bu murdar xəstəlik davam etdikcə adamlar doğrudan da başlarını itirirlər...

 İki il idi ki, oğlu nişanlı idi. Ona görə də toyu tez eləmək istəyirdilər ki, birdən oldu elə- olmadı belə. Yenə də toyları qadağan eləyə bilərlər. Təzədən icazə verilməsi də qala bilər “qum göyərənə”. Qum da ya göyərə, ya da göyərməyə.

Sadıq kişi gəlin üçün qızıl-gümüşləri, paltarların hamısını nisyə götürmüşdü. Hətta toyla bağlı mal-qaranı da, araq-çaxırları da, suları da, ümumiyyətlə toyla bağlı hər şeyi nisyə götürmək istəyirdi. Ümidi bircə ona qalmışdı ki, toydan lazım olan qədər pul yığıb, bütün borclarını ödəyər. Əlbəttə, buna çox da ümid eləməsə də belə düşünürdü Sadıq kişi. Buradan da çox pis qərar qəbul eləmişdilər. Toya yüz əlli nəfərdən çox adam çağırmaq olmazdı. Əgər toya gələn polis işçiləri yüz əlli adamdan bir nəfər belə artıq adam aşkar eləsəydilər, buna görə Sadıq kişini beş yüz manat cərimə eləyəcəkdilər. Sadıq kişi isə toya beş yüz adam çağırmaq istəyirdi. Çünki o, ölçüb-biçmişdi ki, əgər toya beş yüz adam gəlsə, bütün borcları verə bilər və hətta toydan ona qazanc kimi dörd-beş min manat da qalar. Sadıq  kişi də həmin pula atasından ona qalan evini təmir elətdirə  bilər. Çünki evin damı bir neçə yerdən sökülmüşdü. Divarlarına da əl gəzdirmək lazım idi ki, qışda uşaqlar donmasınlar. Həyət hasarı da bir neçə yerdən uçmuşdu. Hələ puldan qalsaydı evə bir kombi də çəkdirmək istəyirdi...

Bax, bütün söz-söhbət də buna görə idi Sadıq kişinin evində. Böyük oğlu Səbuhi nə qədər səbrli olsa da atası ilə dör-dör döyüşürdü və deyirdi:

-Ay dədə, sən beş yüz nəfərlik toy eləsən, bu toydan çox böyük ziyana gedə bilərsən. Onda məcbur olub bu köhnə, uçuq- sökük evi də satıb, küçədə qalacağıq. Atalar deyib ki, “artıq tamah baş yarar”.

Toyu olan oğlu Ceyhun, qızları Gülgəz və Züleyxa, həyat yoldaşı Qıztamam da Səbuhinin dedikləri ilə razı idilər və Sadıq kişini “küncə dirəmişdilər”. Axır ki, onlar qələbə çaldılar. Adamların sayını üç yüzə endirib, yarısını gündüzə, yarısını axşama dəvət elədilər...

Ceyhun səhər tezdən bəylik kostyumunu götürmək üçün rayon mərkəzinə getmişdi. Bəylik kostyumunu da nisyə tikdirmişdilər. Rayon mərkəzi ilə onların kəndi Bəbirlinin arası iyirmi beş kilometr idi.

Dərzi bəylik kostyumunu Ceyhuna geyindirdi. Dərzi Məmmədhəsən doğrudan da yaxşı kostyum tikmişdi. Əlini yekə qarnının üstünə qoyub, domba gözlərini bir qədər də geniş açıb, kostyumun pulunu artırmaq üçün dedi:

-Qardaş oğlu, düz qırx ildir ki, bəylik kostyumu tikirəm. Amma atam Atababanın goru haqqı heç vaxt belə yaraşıqlı kostyum tikməmişəm. Bu kostyumu bazara çıxarsam, heç nə deməmiş, ən azından dörd yüz manat verib, götürəcəklər. Ona görə də otuz manat da əmiyə şirinlik üçün pul verəcəksən. Elədi üç yüz otuz manat.

-Məmmədhəsən əmi, təki toydan lazım olan qədər pul yığaq, lap üç yüz əlli manat verəcəm. Həqiqətən yaxşı tikibsən, - deyə Ceyhun forsla güzgüdə özünə baxdı.

 -Qardaş oğlu, kostyumu soyunma. Elə bu yaraşıqlı kostyumda bayıra çıx. Bax, bu bazar ətrafında olan adamlar da, əsasən də cavan qızlar sənə baxıb, hayıl-mayıl olacaqlar. Bu kostyumda sən Həzrəti Yusifi oynayan aktyora oxşayırsın. Onun adı nədir?

-Bilmirəm.

-Hə, lap ona oxşayırsan. Saqqal da saxlasaydın hamı elə biləcəkdi ki o, kostyum tikdirmək üçün bura, bizim Xançobanlıya, Məmmədhəsən kişinin yanına gəlib. Atamın goru haqqı belə bir möcüzə olsaydı, adamlar kostyum tikdirmək üçün burada növbəyə düzülərdilər...

Məmmədhəsən özünün bu sözlərindən sonra domba gözlərini bir az da geniş açıb, dediyi sözlərə özü də inanıb, gözlərinin qarşısında həmin aktyoru və növbədə dayanıb, kostyum tikdirmək istəyən adamları canlandırıb, dərindən bir nəfəs aldı.

-Məmmədhəsən kişi, deyirsən yəni həmin aktyora oxşayıram,- deyə Ceyhun bir az da forsla böyük güzgünün qarşısında bir neçə formada şax dayanıb, özünə vurğunluqla baxmağa başladı.

-Dədəm Atababanın goru haqqı, elə bil fırt eləyib onun burnundan düşübsən. Dədələrimiz necə də yaxşı deyib ey: “ Gözəllik ondur, doqquzu dondur”. Bu donu da mənim kimi rayonda yek olan usta Məmmədhəsən tikib. 

Bir də Ceyhuna diqqətlə baxıb, sözünə davam elədi: - Sən deyən kimi üç yüz əlli manat verəcəksən.

Ceyhun güzgünün qarşısında artıq özünü Həzrəti Yusif kimi təsəvvür elədi. Bir an bu sözləri beynində keçirdi: “Yəqin Allah elə ona görə də 44 günlük Vətən müharibəsinin odundan-alovundan məni  sağ-salamat çıxarıb. Gərək toydan sonra saqqal saxlayam”...

O, köhnə paltarlarını “sellefon torbaya”a qoyub, dərzi sexindən çıxıb, forsla o tərəfə -bu tərəfə baxdı ki, görsün qızlardan kimsə ona baxır, ya yox. Bazar ətrafında heç bir qız gözə dəymirdi.

O, bir taksiyə minib dedi:

-Kişi, məni Bəbirliyə apar.

-Deyəsən bəyoğlansan, - deyə sürücü soruşdu.

-Hə, elədi.

-Bəyoğlan olduğuna görə səndən iyirmi manat pul alacam.

-Bəbirliyə taksinin qiyməti on manatdır.

-Bilirəm. Amma sən bəyoğlan olduğuna görə, on manat da dayıya şirinlik verərsən.

Maşın təzə, yaraşıqlı olduğuna görə Ceyhun da istəyirdi ki, belə yaraşıqlı maşınla kəndlərinə getsin və hamı da desin ki, “gör, Ceyhun necə yaraşıqlı maşınla kəndə gəlib”. Ona görə də dedi:

-Yaxşı, razıyam.

Maşına mindi. Üç yüz metr getməmişdilər ki, işıqforun yanında sol tərəfdən xarici markalı, çox bahalı bir maşın az qaldı ki, onları vurub, şil-küt eləsin. Çünki həmin maşın qırmızı işıqda yolu keçmək istəyirdi. Taksinin sürücüsü əgər cəld  tərpənib, əyləci basıb maşını saxlamasaydı, həmin maşın Ceyhun tərəfdən maşını möhkəm əzəcəkdi. Yəqin ki, Ceyhun da bərk yaralanacaqdı. Hətta bilmək olmaz, ona daha böyük  xətər dəyə bilərdi.

Bahalı maşının sürücüsü maşını düz onların qarşısında saxlayıb, maşından düşüb, söyə-söyə sürücüyə yaxınlaşıb, onun qapısını açdı, yaşlı kişini dartaraq bayıra çıxarıb, ona bir-iki şillə vurdu və yenə də söyməsini davam etdirdi. Bu vaxt hirs vurdu Ceyhunun başına. O da cəld maşından düşdü. Bu yekəpər oğlan birdən-birə Ceyhunun gözlərində dönüb oldu erməni. O,  həmin yekəpər oğlana necə bir yumruq vurdusa, yekəpər tir-tap yerə sərələndi. Sonra da təpiklə onun ağzına, burnuna vurmağa başladı. Bu vaxt Yol polisi işçiləri ora yetişdi. Yerdə uzananın kim oduğunu gördükdə, üç-dörd polis işçisi Ceyhunu döyməyə başladılar.

-Aya, eşşək oğlu eşşək. Sən bilirsən kimi vurursan? Sənin zatına lənət! Bizi bu rayondan köçürmək, sürgün elətdirmək  istəyirsən?,- polislərin yekəpəri onu söyməyə başladı, -Sənin hərçi-betərinə lənət. Tez bunun qollarını qandallayın.

Ceyhunun qollarını qandallayıb, polis maşınına basdılar. Tez də maşını sürüb getdilər. Sonra həmin yekəpər polis, yerdə sərələnmiş yekəpər oğlanı bir təhər ayağa qaldırıb dedi:

-Ağrıların mənə gəlsin, qağa. Köpək oğlu deyəsən sənə böyük xətər yetirib?

-Hanı o köpək oğlu,- deyə yekəpər oğlan Ceyhunu adamların arasından axtarmağa başladı.

-O köpək oğlunu polis idarəsinə apardılar.

-Hə. Gedib orada onun anasını ağladacam,- deyə yekəpər oğlan sevinclə maşınına doğru getdi.

... Artıq Bəbirliyə ildırım sürətilə yayıldı ki, Ceyhunu həbs eləyib, polis idarəsinə aparıblar. Polis rəisi Murtuz Ceyhunun onun oğlunu döydüyündən zəncir “çeynəyirdi”. Ceyhunu həm özü, həm polislərə, həm də oğluna döydürmüşdü. Ceyhunun sir-sifəti göm-göy idi. Bəylik kostyumu da cırıq-cırıq idi. Bu görkəmdə o, əsir düşərgəsindən çıxana oxşayırdı. Oğlunun ardınca gələn Sadıq kişiyə onu göstərmək istəmirdilər və biləndə ki, bu gün həm də Ceyhunun toyudur,  Murtuz da əlini belinə qoyub, mal kimi bağıra-bağıra Sadıq kişiyə dedi:

-Axmaq kişi, çox tərbiyəsiz, şərəfsiz oğul  böyüdübsən. Sənin oğlunu bir şərtlə buraxacağıq ki, on min dollar pul verəcəksən. Ya da bacdıracam gedəcək qoduğluğa. On il orda yatacaq!..

On min dollar pul sözünü eşidən Sadıq kişinin boğazı qurumuş, şəkəri vurub çıxmışdı kəllə-çarxa. Toyu bəysiz eləmək də mümkün deyildi. Sadıq kişi təkcə kənddə yox, rayonda biabır olardı. Adamların da çoxu toya gəlməzdi. Buradan da Sadıq kişi tam müflis olardı. Bundan sonra gərək o, bir kəndir alıb, özünü asıb öldürməliydi. Çünki bu biabırçılığa dözə bilməzdi. O, rəis Murtuza nə qədər yalvarsa da, kəndin ağsaqqaları xahiş-minnətə gəlsələr də, yekəqarın, həbəş sifətli Murtuz heç cürə razılaşmadı.

...Toyu bəysiz keçirdilər. Toy dönüb oldu yas. Amma  Sadıq kişinin böyük oğlu Səbuhi atasına və hamıya səbr verib deyirdi:

-Dədə, bircə gün gözlə. Heç nə eləmə. Mən Bakıya gedib-qayıdım, sonra nə desən eləyərik.

-Bakıya niyə gedirsən?

-Bu sirdi. Bu sirri heç kimə deyə bilmərəm. Yoxsa bütün işlər korlana bilər.

 

O, sübh tezdən evdən çıxıb, Bakıya gəldi. İstəyirdi ki, özünü hər gün səhər saat on birdə həm televizya və həm də radio ilə eyni vaxtda canlı yayımlanan “Rəhbərə salam” verilişinə çatdırsın. Bu veriliş məmləkətdə ən populyar, baxımlı veriliş idi. Demək olar məmləkətin “məmə yeyənindən-pəpə yeyəninə kimi” hamı bu verilişə maraqla baxırdı. Hətta bu verilişdə çıxış etmək üçün adamlar aylarla xahiş-minnətlə siyahıya yazılırdılar. Axı məddahlara özlərini ölkə başçısına göstərmək və onu tərifləməkçün bundan yaxşı fürsət yox idi.

Səbuhini Radio və Televiziya Verilişləri Şirkətinin girişində çox maraqla qarşıladılar. Niyə gəldiyini soruşdular.

-“Rəhbərə salam” adlı şeirimi  “Rəhbərə salam” adlı verilişdə söyləməyə gəlmişəm.

-Lap yaxşı, - deyə ağ saçlı, gözündə böyük eynək olan bir kişi dedi. Söyləyə bilərsən qulaq asım?

-Bəli. Əlbəttə.

Səbuhi ədəbiyyat müəllimlərinin uzun illər məktəb və rayon tədbirlərində dediyi şeiri, onun kimi yüksək pafosla söylədi.

Ağ saçlı kişi və orada olanlar onu möhkəm alqışladılar.  Ağ saçlı kişi yaxınlaşıb, Səbuhini öpdü. O üzündən, bu üzündən duz kimi yaldı. Elə bil bir vaxtlar Mariyadan qanunsuz doğulan oğlu idi, indi durub, Rusiyadan  atasını görməyə gəlmişdi.

-Bravo, bravo. Nə maraqlı şeirdi. Cavan olasan, rəhbərə belə dahiyanə şeir həsr edəsən. İlk dəfədir ki, belə dərin, çox mənalı, çox axıcı şeir yazanla rastlaşıram. Sən getdin qabağa. Tez gedək. Verilişin  başlamasına  az qalır. Sən bu şeiri elə bu gün söyləyəcəksən. Bu, böyük sensassiya olacaq. Bu tapıntıma görə elə yəqin bu gün məni də Radio və Televiziya  Şirkətinin prezidenti qoyarlar. Çünki indikinin yerinə kadr axtarırlar. Burada məndən də yaxşı kadr yoxdur.

O, Səbuhinin qoluna girdi. Polislər böyük məhəbbətlə, hörmətlə həmin yaşlı kişi ilə Səbuhini veriliş zalına yola saldılar. Adamın gərək işini Allah düzəltsin. Sən demə bu yaşlı, balacaboy, başı daz, sifəti monqol sifətinə oxşayan eynəkli kişi bu verilişin baş redaktoru imiş. Səbuhini tez veriliş gedən studiyaya saldılar. Tez sir-sifətinə qrimyor əl gəzdirdi. Saçını səliqə ilə daradı. Əyninə təzə bir kostyum geyindirdilər. Səbuhu bu görkəmdə artıq özünü tanımırdı. Kameralar ona tuşlandı. Rejissorun işarəsi ilə operatorlar onu çəkməyə başladılar.

Səbuhi özünə uyğun səbrlə sözə başladı:

-Salam olsun xeyirxah, millətini dərin məhəbbətlə sevən  ölkə başçımıza. Sizi  deyib gəlmişəm, ey bizim böyük atamız. Bizim başımıza belə bir dəhşətli hadisə gəlib. Mən Xançobanlı rayonunun Bəbirli kəndindənəm. Adım Səbuhi, ləqəbim Səbirli, atamın adı Sadıq kişidir...

Beləliklə, Səbuhu başlarına gələn hadisəni səbrlə, axıra qədər danışdı...

Studiyada elə bil ki, birdən-birə hər şey dondu. Hamı donmuş  bir vəziyyətə ona baxırdı. Amma heç kim bir addım da ona sarı gələ bilmirdi. Səbuhi bütün bunları görüb, tez studiyadan çıxdı, giriş qapısına gəldi. Çünki o, artıq hər şeyi demişdi. Deməli, Cin artıq küpənin  içindən çıxmışdı...

Gördü ki, burada da bütün polislər donmuş vəziyyətdə qalıblar. O, cəld bayıra çıxıb, tez Şəhidlər Xiyabanına tərəf getdi. Oradan da cəld “İçərişəhər” metrosuna tərəf addımladı. Bu vaxt onun mobil telefonuna zəng gəldi. Atası Sadıq kişi idi.

-Eşidirəm, dədə.

-Sən hardasan, ay oğul?

-Telestudiyadan çıxıb, metroya tərəf gedirəm.

-Bilirsən nə baş verib?

-Nə baş verib?

-Ceyhunu indicə Polis rəisinin müavini öz maşınında evə gətirdi. On min dollar da mənə güclə də olsa pul verdi. Dedi ki, toyu bu gün də davam etdirmək lazımdı. Rayonun bütün rəhbərləri həmin toya gələcək. Bütün xərcləri də onlar çəkəcək. Polis rəisi yalvarır ki, ondan daha şikayət etməyək. On dəqiqənin içində ölkə başçısı əmr verib, rayon İcra Hakimiyyətinin başçısını, müavinlərini, baş prokuroru, onun müavinini, Polis rəisini, müavinlərini, Təhlükəsizlik Şöbəsinin rəisini, baş hakimi işdən çıxarıblar. Hamısına da cinayət işi başlanılıb. Rayonun bütün camaatı mərkəzi meydana yığışıb, bunu bayram edirlər. Hamı “Səbuhi, Səhubi” qışqırır. Camaat istəyir ki, bu rayonun rəhbəri sən olasan. Təcili  rayona qayıt, oğlum. Rayonun bir neçə cavanı səni Avtovağzalda gözləyir. Onlar özləri səni rayona gətirəcəklər. Oğlum, qəşəng balam, yalvarıram  tez rayona gəl.

Atası bu sözlərdən sonra telefonunu qapadı.

Səbuhi, ağ buludlarla örtülü göyə baxdı. Oradan ağ saçlı, ağsaqqal, uzun ağ xalat geymiş bir kişi gülər üzlə Səbuhiyə baxır və ona əl eləyirdi.

-Şükür Sənə, ey Böyük Yaradan. Bəs bizim rayonun rəhbərləri deyirlər  ki, Sən yoxsan?..

Bu vaxt kimsə Səbuhinin qolundan dartmağa, “Səbuhi, Səbuhi”,- deməyə başladı.

Səbuhi hövlank yuxudan ayıldı. Key kimi qardaşı Ceyhuna baxmağa başladı.

-Əyə, qaqa, niyə yuxuda qışqırır, çapalayırdın?

Səbuhi üzünün, alnının tərini üstünə örtdüyü ağ  parça ilə silməyə başladı.

-Çox qəribə yuxu görürdüm...

-Yuxu vaxtıdır? Biz səninlə dərziyə getməliyik. Bəylik kostyumumu götürməyə. Artıq saat on birdir. Bəs nə vaxt gedəcəyik?

-Ceyhun, səndən xahiş edirəm, dərzinin yanına getməyək. Məmməhəsən kişidən xahiş edək, kostyumu özü bizə  gətirsin.

-Niyə,- deyə Ceyhun ona baxdı.

-Niyəsini toydan sonra, sabah  deyərəm. Təki bu gün toyu sağ-salamat yola verək. Çünki mənim yuxumun düşər-düşməzi olar...

-Elə düz deyirsən. Biz rayon mərkəzinə gedəsi, kostyumu götürəsi, sonra kəndə gələsi, artıq üç-dörd saat keçəcək. Onda zəng vur, Məmməhəsən  kişi  özü kostyumu  gətirsin,- deyə Ceyhun otaqdan çıxdı.

Səbuhi dərzinin telefon  nömrəsini yığdıqca, bayaqkı yuxusunu  heç cürə yaddan çıxara bilmirdi. Beynindən də bu fikir keçirdi: “Bəlkə elə mən həqiqətən  “Rəhbərə salam” verilişinə gedim?”

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

 

 

 

 

 

“Diaspor Akademiyası-2” layihəsinin növbəti 7-ci təlimi baş tutub. Təlim “Diasporun imic və nüfuzu” adlı mövzuya həsr edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına “İmic və nüfuz anlayışları”, “Diasporun imic və nüfuzunun özünəməxsus xüsusiyyətləri”, “Diasporun imic və nüfuzunun ölkənin obrazının formalaşdırılmasında rolu”, həmçinin “Diasporun imic və nüfuzunun formalaşdırılması və qorunması alətləri” və digər mövzular haqqında məlumat verib.

Təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda  yaşayan Kamil Qəhrəmanoğludur.

 

 

Kamil Qəhrəmanoğlu

Xiyav

 

BU GÜN QARĞALAR ŞEİR OXUDULAR

 

Bu gün qarğalar şeir oxudular,

Qoxudular yer üzündə pendirləri

Oxudular şeiri qarğalar

Və qarladılar ağacları qarrr, qarrrr

Geyindilər yarpaqlar fəlsəfələri

Yedilər də gecəlikləri yavanlıqlarına...

 

Bu gün qarğalar şeir oxudular

Dilləri pəltək qarğalar

Öskürəyin beli sınmış qafiyəsində!

Sancağın qarasıl lakında

Və araba baxışında ağaclar hücumunda beləsi...

 

Şeirlərdən dəlisəl sellər

Sellərdən dəlisəl şeirlər

Ölülər mahnılarda uzanmışlar

Cəsədləri qar, qar, qarlar qarğalar

Yuxlayırlar dodaqlarında

Məsafəsiz yollar uçuşudur, qarğaların

Və küləkli kölgələr qanadları, beləsi.

 

Qarğalar şeir oxuyarlar gündə

Qoltuqlarında bir at yükü kitab

İki it hürüşü vəngilti

Sözləri düyün salırlar gözlərində

Ancaq günorta saat vaxtında

Adsız ölürlər qarğalar

Havasız kəlmələrdə

Sözsüz şeirlərdə

Və ləhləyir ağzımda

Bir...

İki...

Və... Əlli üç it balası...

 

“Ədəbiyyat və incəsənət”

(14.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.