Super User

Super User

Cümə axşamı, 08 Yanvar 2026 09:34

Bəli, o dahi yazıçı idi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Çingiz Hüseynov Azərbaycan ədəbiyyatını dünya mədəni kontekstində təqdim edə bilən nadir yazıçılardandır.” - Anar (Xalq yazıçısı)

“Çingiz Hüseynovun nəsrində fikir bədii formadan geri qalmır, əksinə onu idarə edir.” - Elçin (Xalq yazıçı)

“Çingiz Hüseynov XX əsr Azərbaycan ədəbiyyatında intellektual romanın aparıcı simalarındandır.” - İsa Həbibbəyli (Akademik)

 

Bu gün vətənimizin tanınan yazıçısı Çingiz Hüseynovun anım günüdür. O, 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilib, oranı bitirib. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb.

Burada namizədlik dissertasiyası müdafiə edib. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub. Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görüb.

 Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olub. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bədii tərcümə ilə də ciddi məşğul olub. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə olub

 

Əsərləri

- Mənim bacım

- Çətin yoxuş

- Novruzgülü

- Adını demədi

- Adalar

- Fətəli Fəthi

 

Ən məşhur əsəri isə “Fətəli fəthi” romanıdır. Bu əsəri böyük mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundovun həyatından bəhs edir.

“Bu, oxuduğum ən sanballı romanlardan biri idi. İndi də Azərbaycan ədəbiyyatı üçün belə hesab edilir. Çingiz Hüseynov böyük intellektual, ziyalı idi. Mirşahin Ağayevin yanaşmasında da özü üçün haqlı olduğu məqamlar var. Ola bilər ki, Çingiz Hüseynov hansısa həqiqətləri bariz formada səsləndirməyib. Amma onun kimi bir yazıçının olması xalqımız üçün hörmət və nüfuz gətirib. Bunu da heç kim danmır. O, yaşadığı digər ölkələrdə də bu hörməti qoruyub saxlayıb. Doğrudur, onun Qarabağ məsələsinə səthi yanaşdığı, Azərbaycanın haqlı mövqeyi ilə bağlı səssiz qalması da mediada müzakirə olunub" - Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib bu sözləri.

Onun əksər əsərləri əvvəl Rusiyada, rus dilində çap olunub, sonradan Çingiz Hüseynov özü əsərlərini dilimizə tərcümə edərək çap edib.

 

Filmoqrafiya

- Akvarium

 

Çingiz Hüseynov Bakıda doğulsa da ömrünün 60 ilini Rusiyada yaşayıb. Ardınca isə İsraildə məskunlaşıb və 94 yaşında vəfat etdikdən sonra elə orada da dəfn edilib.

Allah rəhmət eləsin!

Onun barəsində daha bir neçə kəlam:

“Onun yaradıcılığı milli düşüncə ilə Avropa fəlsəfi təfəkkürünün sintezidir.” - Nizami Cəfərov (akademik)

“Çingiz Hüseynov Şərq təfəkkürünü rus və Avropa oxucusuna anlaşılan dildə təqdim edən yazıçıdır.” - Rus ədəbiyyatşünasları (ümumi rəy)

“Çingiz Hüseynov ədəbiyyatı yalnız estetik hadisə deyil, həm də düşüncə məktəbi kimi təqdim edir.” Ədəbiyyatşünasların ümumi fikri.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan SSR xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. Daha dəqiqi, anadan olmasının 106-cı ildönümüdür.

 

Leyla Bədirbəyli  8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirib. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedib. Qızını da özü ilə aparıb. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayıb. Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib.

Sara Qədimova ilə Leyla xanım yaxın rəfiqə olublar. Aktrisanın hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin düşmə xəbəri gəlib. 4 ildən sonra isə ata sağ-salamat geri qayıdıb. Bir gün aktrisa Sara xanımgildə qonaq olarkən telefon zəng çalıb. Sara xanıma deyiblər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım Leylaya təklif edib ki, onu evlərinə qonaq aparsın. Leyla Bədirbəyli evlərinin qapısından içəri girəndə atasını sağ-salamat görüb və ürəyi gedib.

Çox savadlı və qabiliyyətli xanım olub. Paltarlarının bəzilərini özü tikib, üzərinə iplə toxunan bəzəkli güllərdən naxış salıb. Çox dadlı şirniyyatlar, gözəl tortlar bişirməyi bacarıb. Bunun üçün hətta xarici ölkələrdən tort bişirmək üçün xüsusi avadanlıqlar gətizdirib. Halvanı, şəkərburanı o qədər dadlı bişirib ki, adamlar bunları onun özünün hazırladığına inanmayıblar.

Kulis.az xəbər verir ki, onun məşhurlaşmasında böyük rol oynayan digər şəxs isə İosif Stalin olub. Onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olub.

Həyat yoldaşı aktrisanı həddindən çox sevib. Aktrisanın nəvəsi müsahibələrinin birində belə deyib: Babam ata necə qızına baxırsa, nənəmə elə baxırdı. "Kubinka" tərəfdə təndir çörəyi bişirirdilər. Hər səhər babam gedib o çörəkdən alırdı ki, Leyla xanım boyat çörək yeməsin. Babam 3-4 gündən bir evə qızıl güllər gətirirdi. Nənəmin güldanı heç vaxt boş qalmazdı. Xarab olan kimi, yerinə təzə güllər qoyulurdu.”

Filarmoniyada çalışdığı illərdə "Ayna" filminə çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub. 1945-ci ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.

 

Teatr sahəsində rolları

- Dezdemona (Otello, Uilyam Şekspir)

- Nərminə (Göz həkimi, İ. Səfərli)

- Solmaz (Od gəlini, Cəfər Cabbarlı)

- Liza (Canlı meyit, Lev Tolstoy)

- Fəxrəndə (Mahnı dağlarda qaldı, İlyas Əfəndiyev)

 

Filmoqrafiya

1. Arşın mal alan

2. Asif, Vasif, Ağasif

3. Aygün

4. Azərbaycan kinosu-80

5. Beş dəqiqəlik konsert

6. Bizim küçənin oğlanları

7. Böyük ömrün anları

8. Çarvadarların izi ilə

9. Dəcəl dəstə

10. Dəli Kür

11. Dərviş Parisi partladır

12. Fətəli xan

13. Gəmi saatının sirri

14. Gənc qadının kişisi

15. Gilas ağacı

16. Görüş

17. Günlərin bir günü...

18. İntizar

 

Təltifləri

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Stalin" mükafatı (2-ci dərəcə)

- Azərbaycan SSR Dövlət mükafatı

- "İstiqlal" ordeni

- "Əməkdə fərqlənməyə görə" medalı

 

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilib, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılıb. Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunub. 29 dekabr 2019-cu ildə Azərbaycan prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 2014-ci ildə Sevda Ağazadənin ssenari müəllifliyi və Elvin Vəlimətovun rejissorluğu ilə Leyla Bədirbəyliyin xatirəsinə həsr olunan "Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli" adlı sənədli film çəkilib. Film ilk dəfə 19 iyun 2014-cü ildə Azərbaycan Televiziyasında yayımlanıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Başlığaçıxardığım fikir tanınmış aktyor Novruz Qartala aiddir.

Elə bax bu da:

 

“Aktyor olmaq asandır, ancaq gərək insan sənətkar olasan. Gənclərə də qayğı göstərəsən. Çünki biz məktəb görmüşük. Mən Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli, Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov kimi görkəmli sənətkarlarla ünsiyyətdə olmuşam, onlardan öyrənmişəm. Öyrəndiklərimi də bu gün gənclərə əsirgəmirəm. Çünki onlardan qayğı görmüşəm və mənim də borcumdur ki, həmin qayğını yetişən nəslə əsirgəməyim.

Üstəlik, bu da:

"İlk dəfə Qartal adını mənə Gürcüstanda deyiblər. Deməli, Gürcüstanda qastrolda olanda mənə ona görə Qartal deyirdilər ki, bir saniyənin içində obrazımı dəyişə bilirdim. “Qartal kimi cəldsən, Qartalsan sən”, - deyirdilər. Sonra Bakıya qayıtdıq. Üstündən bir müddət keçdi. Gördüm teatrın qarşısında bir afişa var. Afişada yazılıb ki, Novruz Qartalın iştirakı ilə. Onda mən heç bilmədim ki, Qartal mənəm. Dedim yəqin bu Qartal kimdirsə yəqin Türkiyədən falan gəlib. Sonra teatrdan mənə bildirdilər ki, bundan sonra Qartal olacaqsan, razılaşmadım. Küsdüm, bir həftə teatra getmədim. Axırda dalımca maşın yolladılar, getdim. Dedim afişanı dəyişib öz familiyamı yazsınlar."

Bu gün Novruz Qartalın anım günüdür.

Novruz Əliyev (Novruz Qartal) 3 mart 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib.

 

 Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan Novruz Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən Novruz Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yaranıb:

"92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Aldın payını, çağır dayını"da Əhmədi Biqəm, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa və s.

25 iyun 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

- Gülüş sanatoriyası (film, 1989)

- Qəzəlxan (film, 1991)

- Şirbalanın məhəbbəti (film, 1991)

- Seçilən (film, 2008)

- Qız atası (teleserial, 2014)

 

Novruz Qartal 8 yanvar 2022-ci ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat edib. Gəncədə “İmamzadə” ziyarətgahında dəfn edilib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

Cümə axşamı, 08 Yanvar 2026 08:03

Əsl opera ifaçısı Hacıbala Hüseynov

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanımıza dahi Üzeyir Hacıbəyovla opera sənəti gələndə bu sahədə çalışmağa kimsə yox idi, heç düz-əməlli teatr aktyorları barmaqla sayılan saydaydı. Bax belə zamanda kimlər çiyinlərini opera binası tikintisinin daşları altına qoyublar, hamısına alqış düşür.

 

Hacıbala Hüseynov 13 yanvar 1912-ci ildə Bakı qəzasının Şüvəlan kəndində anadan olub. O, orta məktəbi buradakı məktəbdə oxuyub, 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə daxil olub. 1933-cü ildə truppaya solist götürülüb.

Paralel olaraq konservatoriyada oxuyan Hacıbala 1936-cı ildə təhsilini başa vurub. Hacıbala Hüseynov Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həmzə bəy rolunun ilk ifaçısı olub.

O, 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olub.

 

Rol aldığı tamaşalar

- Leyli və Məcnun

- Əsli və Kərəm

- Koroğlu

- Arşın mal alan

- Nərgiz

- Şah İsmayıl

- Aşıq Qərib

- Vətən

- Nizami

- Sevil

 

İfa etdiyi ən uğurlu rollar

- Koroğlu - Həmzə

- Vətən - Alman zabiti

- Nizami - Kəmaləddin

- Sevil - Məmmədəli bəy

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Şərəf nişanı" orden

 

Azərbaycan SSR əməkdar artisti Hacıbala Hüseynov 8 yanvar 1967-ci ildə Bakıda vəfat edib. 55 yaş nə yaşdır ki.  

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən insanın həyatı böyük hadisələrlə deyil, səssiz ayrılıqlarla dəyişir. Həyata daxil olan insanlar bir müddət qalır, sonra isə elə bil heç olmamış kimi çıxıb gedirlər. Ən çox da bu gedişlərin səssizliyi yaralayıcı olur.

 

Münasibətlərdə bəzən ayrılıq olmur, sadəcə qarşı tərəf səssiz qalaraq, deyilməmiş salamları əlvidaya çevirir. Hisslərini dərindən yaşayan insanlar üçün sevmək yarımçıq olmur; bir zamanlar yaxın olan bir insan bir gün yad kimi görünür, keçmişin qiyməti isə azalır.

Ən ağrılısı isə budur ki, insanlar yanından səssiz keçdikdə hər şey bitmiş olur. Baxışlar, gülüşlər, göz yaşları bir anlıq susqunluğa qurban gedir. Bu zaman anlaşılır ki, bəzi insanlar həyatımıza qalmaq üçün deyil, dərs almaq üçün daxil olurlar.

Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" adlı şeiri də bu vəziyyəti tamamlayır. Bu şeir o şeirdir ki, hər birimizin düşündüyü sözləri Bəxtiyar Vahabzadənin adı ilə çatdırır ...

 

 

BİR SALAMA DƏYMƏDİ

 

Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı dəyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım; ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan?

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kesmədi?...

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

 

 

 

 

Həyat Şəmi, İstanbuldan. “Ədəbiyyat və incəsənət” üçün

 

Yanvarın 4-də Türkiyənin bir çox bölgələrinə qar yağarkən, İstanbulda fırtına qopdu və yağış yağmağa başladı. Küçədəydim. Torpağın qoxusunu aldım, Vətən üçün burnumun ucu göynədi. Göyə baxdım, yağış yağanda dualar üçün açıq olur Mütləq varlığın qapıları... Göyün yaxasına tutduğum arzumu taxtım. Dua etdim və islanan təkcə İstanbul yox, həm də mən oldum.

Vətən həsrətiylə yağışa "Get başımdan, Su!" deyə sitəm etdim, sonra da bu şeirlə...

 

 

YAĞIŞ

 

Buludda gizlənən Su,

Damcılarda can buldu.

Yağa-yağa böyüdü,

İslanan İstanbuldu.

 

Sel-su olub axırdı,

Küçədən sual kimi:

Kim demiş yağış yağmaz?

Elə yağar, bal kimi!

 

Qarşıma su çıxırdı,

Girdiyim hər dalanda,

Sevincim üzə vurdu,

Dərdim yadda qalanda.

 

Torpaq qoxusu gəldi,

Vətən üçün susadım,

O qədər darıxdım ki,

“Get başımdan, Su!” dedim.

 

Göydən bərəkət yağdı -

Tut ucundan göyə çıx,

Arzunu tax, bənd elə,

Göyün yaxası açıq.

 

Susuz dodaqda şükür,

Suçlu əldə tövbəydi.

Allaha əl açırdım

Dua üçün, növbəydi.

 

 

Bu şeiri sonra da Türkiyə türkcəsinə

uyğunlaşdırdım.

 

YAĞMUR

 

​Bulutta saklanan su,

Damlalarda can buldu.

Yağa yağa büyüdü,

Islanan İstanbul’du.

 

​Sel olup akıyordu,

Caddede bir lal gibi:

Kim demiş yağmur yağmaz?

Öyle yağar, bal gibi!

 

​Karşıma çıkıyordu,

Girdiğim her sokakta.

Sevincim yüze vurdu,

Dertler kaldı uzakta.

 

​Toprak kokusu geldi,

Vatan için susadım.

O kadar özledim ki,

“Git başımdan, su!” dedim.

 

​Gökten bereket yağdı,

Tut ucundan göğe çık!

Arzunu tak, bendele,

Göğün yakası açık.

 

​Susuz dudakta şükür,

Suçlu elde tövbeydi.

Allah’a el açmıştım,

Dua için sıraydı.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

Cümə axşamı, 08 Yanvar 2026 09:02

Bir nəfəs, bir ümid

 

Mənsurə Xələfbəyli,

Yazıçı-publicistAYB-nin üzvü, "Turan" ədəbi məclisinin həmsədri. “Ədəbiyyat və incəsənət” üçün

 

“Mal-dövlətlərini Allah yolunda sərf edən, sonra sərf etdiklərinin ardınca minnət qoymayan və incitməyənlərin mükafatı Rəbbinin yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar qəm də çəkməyəcəklər.” (Bəqərə, 262)

 

İnsan ömrü varlığın başlanğıcından bəri sınaqdadır. Bu sınaq təkcə yaşamaq uğrunda deyil, insanın öz vicdanı və mənəvi kamilliyi qarşısında verdiyi ömürlük imtahandır. Qalibiyyətlər və süqutlar, yüksəlişlər və itkilər bu yolun ayrılmaz hissəsidir. Amma bütün dəyişən halların fonunda dəyişməyən bir həqiqət qalır: insanın ən ağır mübarizəsi həmişə öz içində baş verir.

Olum və ölüm  həyatın iki ayrı ucu yox, eyni yolun mənəvi halqalarıdır. Ölüm qorxulu son deyil, məsuliyyətli hesabatdır. Çünki insan  dünyadan keçərkən  iz qoyur. O iz mərhəmətlə də yazıla bilər, laqeydliklə də. Qurmaqla möhkəmlənər, dağıtmaqla silinər. Ömrün dəyəri yaşanan illərin sayı ilə ölçülmür, etdiyi xeyrin çəkisi ilə ölçülür. Əbədiyyətə aparan yol nə daşdan ucalan saraydan keçir, nə də zahiri izzətdən - insan yalnız könüllərdə buraxdığı izlə yadda qalır.

Həyatın həqiqətləri mürəkkəb fəlsəfi nəzəriyyələrdə deyil, sadə insan münasibətlərində üzə çıxır. Uşağın baxışındakı saf ümid, ananın dilindən düşməyən dua, qocanın titrək səsindəki minnətdarlıq… İnsanlığı yaşadan məhz bu incə anlar, bu davranışlardır. Zaman nə qədər sərt olsa da, insanı insan edən dəyərlər məhz belə məqamlarda yaşayır.

Bəzən bir nəfəs bir ömrü xilas edir.  Birinə əl tutmaq onun yenidən ayağa qalxmasına bəs edir. “Nəfəs” İctimai Birliyi məhz bu ehtiyacdan doğan mənəvi çağırışdır. Birlik xeyirxahlığı şüar kimi səsləndirmir, onu yaşayır. Yardımı hesaba çevirmir, paylaşmağı borc sayır. Onların verdiyi hər dəstək təkcə problemi həll etmir, insanın özünə olan inamını da qaytarır.

Məsuliyyətli yolun arxasında böyük ürək və ağır məsuliyyət dayanır. “Nəfəs” İctimai Birliyinə Firəngiz Balakişiyeva rəhbərlik edir. Onun liderliyi altında xeyirxahlıq təsadüfi addımlar yox, sistemli və davamlı fəaliyyətə çevrilib. Bu yol təkbaşına yürünmür. Nərmin Bağırzadə, Rəhman Əhmədoğlu, İlahə Məmmədova və Xatirə Rüstəmli kimi koordinatorlar missiyanın əsas daşıyıcılarıdır. Onlar vaxtlarını, enerjilərini, sevgilərini könüllü şəkildə  işə sərf ediblər.

Zamanla komandaya Almaz İbrahimova, Xəyal Danyal kimi xeyirsevər gənclər də qoşulub, müxtəlif səbəblərlə ayrılanlar da olub. Amma əsas dəyişməyib - könüllülük ruhu, insanı yaşatmaq niyyəti, xeyirxahlığın əzmi.

“Nəfəs” üçün yardım bir vəzifə deyil, mənəvi seçimdir. Yetim uşaqların təhsili, qaranlıqdan sabaha uzanan ümid yoludur.

 Xəstələrin müalicəsinə uzanan əl “tək deyilsən” mesajıdır. Autizmli uşaqlara göstərilən xüsusi qayğı anlayışın və səbrin ən incə formasıdır.

Birliyin təbiətə baxışı, maddi aləmin fövqündə duran mənəvi  məsuliyyətin təcəssümüdür. Əkilən hər ağac, yalnız torpağa kök salan bitki deyil, həm də insanın sabaha olan ümidinin, varlığın davamlılığına inamının və kainatla qurduğu əbədi bağın simvoludur. Bu, yaşamaq deyil, yaşatmaq fəlsəfəsidir.

“Nəfəs” üçün vətənə xidmət anlayışı yalnız sözlə məhdudlaşmır. Şəhid və qazi ailələrinə göstərilən dəstək, bu ailələrin yanında olmaq, onların dərdinə şərik çıxmaq, qayğılarını bölüşmək insanlıq borcu kimi qəbul edilir.

Birlik eyni zamanda maarifləndirməni cəmiyyətin dirçəliş yolu hesab edir. “Rayon və kəndlərdə kitabxanasız məktəb qalmasın” prinsipi ilə hərəkət edir.  Məktəblərə kitablar bağışlanır, kiçik kitabxanalar yaradılır, uşaqların dünyagörüşünün formalaşmasına töhfə verilir. Çünki “Nəfəs” bilir, savadlı nəsil, işıqlı sabahın təməlidir.

“Nəfəs” üçün yardım savab yoludur, vicdan imtahanıdır. Bu birlik ehtiyac olan hər yerdə dua olur, dayaq olur, nəfəs olur. Allah yolunda edilən hər səmimi iş gec-tez öz mənəvi qarşılığını tapır.

Uca Yaradan buyurur: “Kim bir canı xilas edərsə, bütün insanlığı xilas etmiş kimi olar…” (Maidə, 32)

 Xeyirxahlıq zamanın axarında sevgi ilə yayılan  dalğa kimidir - başlanğıcı kiçik görünə bilər, lakin təsiri bütöv  cəmiyyətin ruhuna toxunar.  Yaxşılıq fərddə başlayır, lakin onun əksi bəşəriyyətin aynasında əks olunur.

Qoy edilən hər xeyir əməl Rəbbin dərgahında qəbul olunan dua olsun. Qoy hər “Nəfəs” bu dünyada min ümidə çevrilsin.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

 

Cümə axşamı, 08 Yanvar 2026 08:28

Leyla Bədəlbəyli, Metro və Poeziya Günü

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə - yanvarın 8-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.

 

Metro günü

Əlbəttə ki, metroya sahib şəhərlərdən biri kimi Bakı da bu günü qeyd etməlidir. Özü də, Bakı metrosunun Nizami stansiyası öz təribatına, divar freskalarına görə dünya metrosu özəllikləri sırasında yer alır.

Bildiyiniz kimi, dünyada ilk metro xətti İngiltərədə - Londonda istifadəyə verilib, 1863-cü ildə yeraltı tunellə ilk buxar qatarı hərəkət edib. Bu fəaliyyəti Metropolitan Railway kompaniyası həyata keçirib ki, metro adı da buradan götürülüb. İlk yeraltı xəttin uzunluğu 3,6 kilometr olub. Dünyada ən dərində yerləşən metro stansiyası isə Kiyevdədir, “Arsenalnaya” stansiyası 105,5 metr dərinlikdədir.

 

Arqayl günü

Bu gün bekar olan, asudə vaxt tapan insanlar rəngbərəng romblardan, yaxud kvadratlardan paralel və diaqonal xətlərdə naxışlar quracaqlar, bu da olacaq Arqayl gününə bir töhfə. İlk dəfə bu cür naxışları Şotlandiyanın Arqayl qraflığında Kampbel klanı həyata keçirib.

 

Yer kürəsinin fırlanması günü

Əminəm ki, Arqayl günü münasibəti ilə heç biriniz naxış-filan çəkəsi deyilsiniz, amma bu gün ən azından Yerin necə dövrə vurması barədə fikir izhar edəcəyinizə isə inanıram. 1851-ci ildə fransız fiziki Leon Fuko Parisdəki Panteon yüksəkliyindən içinə qurğuşun doldurulmuş latun kürəciyi asaraq hamını onun fırlanmasına tamaşa etməyə dəvət edib, bu, Yer kürəsinin öz oxu boyunca fırlanmasının əyani nümayişi sayılıb.

 

İşdə gözəllik və poeziya günü

Deyim ki, çox romantik bir bayramdır. Bu gün iş yerində icra etdiyiniz işin gözəlliyini və poetikliyini duymanız vacibdir. Mən çörəkpulu üçün zibilxanalardan zibil yığmaq məcburiyyətində qalmış həmyerlilərimizi, bir də işi qanun pozucularını tutmaq olan, zora və gücə arxalanan polisləri çıxıram, neynəsələr də onlar öz işlərində gözəllik və poeziya tapa bilməyəcəklər, digər zümrələrdən olanları isə axtarışlara dəvət edirəm.

Yeri gəlmişkən, bu gün kənar gözəlliklər də aktualdır, nahar fasiləsində, məsələn, internetdən gözəl mənzərələr tapıb baxmaq olar, gözəl xanımları seyr etmək olar, üstəlik, tək işin poeziyası ilə kifayətlənməyib, tutalım, əsil poeziyaya da pənah aparmaq olar. Gözəl şairlərimiz var, onların şeirlərindən niyə də feyziyab olmayasınız ki?

 

“Zolotoy klyuçik”

Qoruqçu günü. Bütün obyekt qoruqçularını (indi onlara mühafizəşi deyilir) təbrik edək, amma cangüdənləri yox, onların qoruduqları canlı obyektlər bu sıraya aid deyil. Bu gün bolqarlar, ruslar və belaruslar Babyi kaşi gününə sevinirlər, bu, süd anaları günü sayılır. Tailandlılar uşaq gününü, malayziyalılar  sürətli mətnyığma gününü, yunanlar Ginenokratiya – Qadın gününü qeyd edirlər. O ki qaldı amerikalılara, onlarda Milli iris konfeti günüdür. Bildiniz də hansı konfetdir bu. Sorulan iris konfetləri uşaqlığımızdan xoş xatirədir. Adı da “Kis-kis” və “Zoloyoy klyuçik” idi, xatirinizdədrimi?

 

Azərbaycan SSR-in ən gözəl xanımı

Sovet dövründə canlı əfsanə olan qəhrəmanlar yaratmaq bir dəb idi, belə bir qəhrəman da salyanlı pambıqçı Qüdrət Səmədov idi, 1972-ci ilin 8 yanvarında dünyasını dəyişib o. 1961-ci ilin bu günündə fransız xalqı humanizm göstərərək referendumda müstəmləkələri olan Əlcəzairin müstəqilliyinə səs verib. 1957-ci ilin bu günündə 14 yaşlı Bobbi Fişer ABŞ çempionu olmaqla şahmat epoxasının yeni Fişer dövrünü yaratmış olub. 1935-ci ildə əfsanəvi Amerika müğənnisi Elvis Presli dünyaya gəlib. 1920-ci ildə tarixdə Sovet Azərbaycanının ən gözəl xanımı kimi qalan aktrisa Leyla Bədəlbəyli dünyaya gəlib. Deyələnə görə, hətta SSRİ başbiləni İosif Stalin də Leyla xanıma vurğun imiş.

1896-cı ildə ədəbi impressionizm və simvolizmin banisi olan fransız şairi Pol Verlen dünyadan köçüb. 1889-cu ildə Nyu-Yorklu alim Qerman Hollerit tablolaşdıran maşın ixtira edib ki, onun köməyi ilə də ölkədə əhalinin siyahıyaalınması həyata keçirilib. 1861-ci ildə çoxunuzun sevdiyiniz “Vokruq sveta” jurnalının ilk sayı çıxıb. Diqqət. Mətbuat işçiləri, eşidin. 1656-cı ildə Hollandiyanın Harlem şəhərində “Harlem xəbərləri” qəzeti işıq üzü görüb. Və bu qəzet...Təəccüblənməyin, günü bu gün də çıxmaqdadır, 366 yaşı olan qəzet dünyada dövriyyədə olan ən qədim qəzet adını daşıyır.

1642-ci ildə italyan astronomu, fiziki, mütəfəkkiri Qalileo Qaliley, 1324-cü ildə isə dünyaşöhrətli Venesiya səyyahı Marko Polo dünyadan köçüblər.

 

Və ən nəhayət...

Bu gün həm də Öz iş günün barədə danışmaq günüdür. Hərə öz keçirdiyi iş gününün təfərrüatları barədə evdə ailəsinə, küçədə dost-tanışına danışır bu gün. Təsəvvür edin, Qərb insanı həvəslə bunu edir. Yorulmadan, usanmadan, dil boğaza qoymadan danışır. Lətifəsi bizdən uzaq. Bizdə hər kəsin işi başqaları üçün gizlin qalmalıdır nədənsə, ortada şəffaflıq olmamalıdır. Amma təki olaydı. Təki bizdə də qara buxalteriyalar, gizli missiyalar qəhətə çıxaydı, işverənlik, sözgəzdirənlik, aşna, məşuqə vəzifələri ləğv ediləydi. Bilirsiniz, necə gözəl olardı onda?

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

 

 

 

Çərşənbə, 07 Yanvar 2026 17:39

Güneydən İsmayıl Pilpayənin qısa şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan İsmayıl Pilpayədir.

 

 

İsmayıl Pilpayə

Muğan

 

 

Ağlamağın harasındasan?

Gözlə məni

Gəlirəm

Boğulaq...

 

 

*

Kölgəmlə üzbəüzəm

Nədən?

Bilmirəm!

Axı mən üz çevirməmişəm günəşə!

 

*

Fəlakət

Yağışdır, isladır.

Fəlakət

Qurşundur, toxtadır.

Gözlərin

İsladır

Sonra, toxtadır...

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2026)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlistlik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil.

Xalq yazıçısı Mirzə İbrahimov

       

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfiq Zəka Xəndanın anım günüdür. O, 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub. Keçən əsrin 80–90-cı illərində Azərbaycan - Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Şair demək olar ki, Azərbaycan - Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olub. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırıb. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc edib.

Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer alıb, estetikadan mühazirələr oxuyub. Onun adı türk dünyasında tanınıb və sevilib. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak edib.

Türkiyədə kitabları çap olunub, haqqında monoqrafiyalar nəşr edilib, yaradıcılığından məhəbbətlə, böyük qürurla söz açılıb.

Həm də bir alim kimi diqqət mərkəzində olub. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilirdi. Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirib. Gözəl dramaturq olub, dünya klassik ədəbiyyatı nümunələrini tərcümə edib.

 

Kitabları

1. Çağlayan (Kitabdakı şerlərin böyük qismi və "Səni düşünürəm" poeması çox sevdiyi şair Mikayıl Müşfiqə həsr olunmuşdur).

2. Şerlər

3. Səadət

4. Vətən kimlərindir

5. Meşədə

6. Altı gül

7. Nərmin

8. Vəsilə

9. Baharın heykəli

10. Könlümün yadigarı

11. Əbədi saniyə

12. Tanışlıq

13. Nur səhəri

 

Şair heca və əruz vəznlərində əsərlər yaratmışdır. Əsərlərinin əsas mövzuları türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət kimi mövzulardır.

 

Filmoqrafiya

1. Dəli Kür

2. Oxuyur Şövkət Ələkbərova

3. Axtaran tapar

 

 21 mart 1989-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. Şair həmçinin 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub.

O, 7 yanvar 1999-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.