Super User
Daha bir repressiya qurbanı – Ülvi Rəcəb
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Milli teatr tariximizdə Şeyx Sənanı incə lirizmlə oynayan ilk aktyor Ülvi Rəcəb olub” - Sənətşünas İlham Rəhimli
1937-ci ilin 9 yanvarında - öz doğum günündə "Vətən xaini" damğası ilə həbs edilən, 1 il sonra Bakıda güllələnən, yalnız 1956-cı ildə bəraət alan aktyor, əməkdar artist Ülvi Rəcəbin bu gün doğum günüdür.
Ülvi Şaşıqzadə (Ülvi Rəcəb) 1903-cü ilin 9 yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Ülvi Rəcəb xalası Səbriyyə ilə İstanbula gedib. O, İstanbulda üç ay yayı qaldıqdan sonra evlərinə qayıdıb, təhsilə başlamalı idi. Lakin Birinci Dünya müharibəsi başlayıb və o, geri qayıda bilməyib.
Buna baxmayaraq, Ülvi Rəcəb xalasının maddi dəstəyi ilə təhsil həyatına başlayıb. Lakin bir il keçmiş xalasının pulu qurtarıb və Ülvi Rəcəb təhsilini ataraq işləyib, özünü dolandırmalı olur. Bütün bunlarla yanaşı, xalası xəstələnib və dünyasını dəyişib. Müharibə qurtardıqdan sonra ailəsi Ülvini tapıb ona pul göndərə bilir. Qısa vaxtdan sonra isə o, Batumiyə qayıdıb.
1918-ci ildə Hüseyn Ərəblinski olmaqla "Tağıyev teatrının truppası" Batumda qastrolda imiş. Qastrol tamaşaları Dəmir Teatrın və "Artistlər cəmiyyəti"nin səhnəsində gedib. Ülvi baş rolu Ərəblinskinin ifa etdiyi "Otello" tamaşasına baxdıqdan sonra həyatını teatra bağlamaq qərarına gəlib. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub.
Onların göstərdikləri bir heçə tamaşada epizod rolları oynayıb. Gənc teatr həvəskarı hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxıb. Lakin gənc aktyorun teatrla maraqlanması atasının xoşuna gəlməyib. O, ata-anasından gizlin həvəskarlarla tamaşa hazırlanmasında iştirak edib.
1919-cu ildə Ülvi Rəcəb artıq aktyor kimi tanınıb. Onun teatr şöhrəti oğlunun aktyor olmasını istəməyən atasının qulağına çatıb. Bərk qəzəblənən Rəcəb Şaşıqzadə oğlunu evdən qovub. Bu hadisə aktyora çox ağır təsir edib, lakin o, teatrdan imtina etməyib və teatr tamaşaları göstərilən binada yaşayıb. 1919-cu ilin ortalarında aktyorun 80 yaşlı atası dünyasını dəyişib.
1920-ci ilin əvvəllərində Batum teatrı Ülvini daimi işə dəvət edib. Ülvi Rəcəb çoxlu və müxtəlif rollar ifa etmək istəyib. Lakin repertuarın yekrəngliyi və teatr rəhbərliyinin təşəbbüssüzlüyü aktyorda narazılıq yaradıb. Elə buna görə də aktyor yaşadığı şəhəri tərk etməli olub.
Batum teatrının aktyoru kimi o, 1922-ci ildə həmin teatr kollektivi ilə Tiflisdə qastrol səfərində olub. Rustaveli teatrında cəmi iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfəri yarımçıq saxlayıb, geri qayıtmaq məcburiyyətində qalıblar. Lakin Ülvi Rəcəb teatrla üzülüşüb Tiflisdə qalıb. Ertəsi gün o, Tiflis-Azərbaycan Teatrının müdiriyyətinə ərizə verib, truppaya qəbul edilməsini xahiş edib.
Aktyorun xahişi təmin olunub və onu truppaya qəbul ediblər. Beləliklə, 1922-ci ildə aktyor həmişəlik Tiflisə köçüb. O, burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olub. "Ölülər" (Cəlil Məmmədquluzadə), "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Aydın" (Cəfər Cabbarlı) tamaşalarında çıxış edib.
1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılıb. Ülvi Rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edib. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayıb. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olub.
Ülvi Rəcəb janrından və xarakterindən asılı olmayaraq həm faciə, dramatik, həm mürəkkəb psixoloji personajları, həm də lirik qəhrəmanları məharətlə yaradıb. O, 1925-ci ildən 1937-ci ilə qədər Bakıda Milli Dram Teatrının səhnəsində müxtəlif obrazları böyük ustalıqla canlandırıb.
Teatr mütəxəssisləri çoxşaxəli yaradıcılığa malik olan Ülvi Rəcəbin ifa etdiyi rolları "Dramatik surətlər", "Lirik-psixoloji", "Məhəbbət aşiqləri", "Qəhrəman obrazları", "Faciə qəhrəmanları" və s. kimi təsnifatlandırıblar.
Konstantin Trenyovun "Düşmənlər" əsərindəki Mixail Yarovay obrazı, Hüseyn Cavidin "Səyavuş" əsərindəki Səyavuş obrazı, Aleksandr Korneyçukun "Polad Qartal" əsərindəki Polad Qartal obrazı, Cəfər Cabbarlının "Yaşar" əsərindəki Yaşar obrazı aktyorun ifa etdiyi qəhrəman obrazlarıdır.
Həmçinin Vilyam Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"ında Anton, Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan obrazı aktyorun yaratdığı faciə qəhrəmanlarıdır.
Ülvi Rəcəbin Bakıda, Akademik Teatrda oynadığı ilk böyük rol Hamlet olur. O, bu rolu 1926-1927-ci ilin teatr mövsümündə oynayıb. Aktyor Hamlet rolunu həm Aleksandr Tuqanovun (1926-cı il), həm də Sergey Mayorovun (1933-cü il) quruluşlarında oynayıb. Həmin rolu Abbasmirzə Şərifzadə kimi təcrübəli aktyor da ifa edib.
1927-ci ilin aprelində teatr Azərbaycanın, Gürcüstanın qastrola çıxır. Aprelin 28-də teatr Gəncəyə gəlir və burada 7 tamaşa verir. Mayın 8-də isə teatr Ülvi Rəcəbin iştirakı ilə "Hamlet"i göstərir. "Bakinski raboçi" qəzeti bu haqda yazırdı:
"Ağzına qədər tamaşaçı ilə dolmuş salonda əsər çox böyük müvəffəqiyyət qazandı"
("Bakinski raboçi" qəzeti, 12 may 1927-ci il)
Aktyorun kiçik bacısı Nevrestan bu haqda deyib:
"Hamlet" tamaşası qurtardıqdan sonra, Gürcüstanın görkəmli artistləri, tənqidçiləri Ülvinin qrim otağına girib, onun əlini sıxdılar, müvəffəqiyyətinə görə onu təbrik etdilər. Rustaveli teatrının bədii rəhbəri Sandro Axmeteli onu qucaqlayıb öpdü, gördüklərinin onu heyran etdiyini söylədi. Axmeteli Ülviyə Rustaveli teatrına keçməyi təklif etdi. Ancaq Ülvi təşəkkür eləyib dedi ki, bu teatrdan kənarda yaşamağı ağlına belə sığışdıra bilmir. "
Bununla bərabər Aleksandr Afinogenov "Qorxu" əsərindəki Borodin obrazı, Viktor Hüqonun "Gülən adam" əsərindəki Huinplen obrazı, Adolf D'Enneri və Germonun "İki yetimə" əsərindəki Jak obrazı, Lev Slavinin "İntervensiya" əsərindəki Voronov obrazı, Cabbar Məcnunbəyovun "Yanar dərə" əsərindəki mühəndis Eldəniz obrazı aktyorun yaratdığı dramatik obrazlardır.
Həmçinin Cəfər Cabbarlının "Od gəlini" əsərindəki Aqşin obrazı, Mirzə İbrahimovun "Həyat" əsərindəki Süleyman obrazı, Maksim Qorkinin "Həyatın dibində" əsərindəki Satin obrazı, Anatoli Qlebovun "Zaqmuq" əsərindəki Ninkir Sin obrazı, Cəfər Cabbarlının "Sevil" əsərindəki Balaş obrazı aktyorun yaratdığı mürəkkəb psixoloji personajlardır.
Ülvi Rəcəb truppaya daxil olan kim Denneri və Germonun "İki yetimə" tamaşasındakı Jak rolu üzərində işləməyə başlayıb. Beləliklə,bu rol aktyora çox böyük uğur qazandırıb. M.Qorkinin yaradıcılıq fəaliyyətinin 30 illiyi günlərində teatr "Həyatın dibində" pyesini yeni quruluşda hazırlayıb. Pyes 1927-ci ilin noyabrında tamaşaya qoyulub. Satin rolu Ülviyə tapşırılıb. Ülvi Rəcəbə tapşırılan Satin obrazı ilə aktyor istedadının yeni cəhətlərini nümayiş etdirib.
Teatr Cəfər Cabbarlının "Od gəlini" pyesini 1928-ci il fevralın 16-da tamaşaya qoyub. Bu tamaşada Ülvi ilk dəfə məşhur aktyor Abbas Mirzə Şərifzadə ilə birlikdə çıxış edib. Aktyor eyni zamanda Bakı Türk İşçi Teatrının hazırladığı tamaşalarda da iştirak edib. O, Balaş obrazını 1931-ci ildə Bakı Türk İşçi Teatrında oynayıb. Sevil rolunda onun tərəf müqabili Akademik Teatrın aktrisası Mərziyə Davudova və Gülüş obrazında İşçi Teatrının aktrisası Farma Qədri olublar.
Habelə Vilyam Şekspirin "Romeo və Cülyetta", Hüseyn Cavidin "Şeyx Sənan" faciələrində Romeo və Şeyx Sənan məhəbbət aşiqləri obrazlarını da ifa edib. Mütəxəssislər Ülvi Rəcəbin calandırdığı "Romeo və Cülyetta" haqqında deyib:
"Ülvi Rəcəbin V.Şeksprin "Romeo və Cülyetta" əsərinin tamaşasında yaratdığı Romeosu təkcə Milli Dram Teatrının deyil, geniş mənada milli səhnə sənətimizin ən parlaq baş qəhrəmanı kimi tarixiləşib."
Ülvi Rəcəb otuz beş illik ömründə və MDT-da on üç illik fəaliyyəti dövründə zəngin yaradıcılıq irsi qoyub gedib. O, Azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsini qoyan və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan şəxslərdən biridir.
Böyük sənətkar dəvətlə Tiflis teatrında Şeyx Sənan, Yaşar, Yarovay və başqa rollar yaradıb. Abbas Mirzə Şərifzadədən sonra Cavid əsərlərinin qəhrəmanlarını ən yüksək səviyyədə yaradan aktyorlardan biri 23 yaşlı Ülvi Rəcəb olub.
Ülvi Rəcəb teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə, 30 yaşında "Əməkdar artist" fəxri adına layiq görülüb
"Həyat" tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik Teatrda ifa etdiyi son rol olur. "Kommunist" qəzetinin 30 sentyabr 1937-ci il sayında Azərbaycan Dövlət Dram Teatrı haqqında bir məqalə dərc olunur. Lakin məqalənin müəllifi qeyd edilməyib. Orada oxuculara belə bir xəbər verilir:
"Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizlənməli."
Siyahıda Azərbaycan Dövlət Dram Teatrının aktyoru Ülvi Rəcəbin də adı verilib. Onun haqqında belə yazılır:
"Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam... respublikanın əməkdar artisti kimi şərəfli bir ada "nail" olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur."
Beləliklə, Ülvi Rəcəb 1937-ci ilin 9 yanvarı "Vətən xaini" damğası ilə həbs edilib və 1938-ci ilin yanvarında Bakıda güllələnib. O, yalnız 1956-cı ildə bəraət alıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)
Onun təbliğata ehtiyacı yox idi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Nə toxa bel bağla, nə aca söykən,
Nə şaha arxalan, nə taca söykən,
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.
Zəlimxan dilində min dürlü dastan,
Gah toydan söz açır, gah da ki, yasdan.
Bahalı köynəkdən, əlvan libasdan
Kəfən etibarlı, ağ vəfalıymış.
Yüzü yüz söz desin çöldə-bayırda,
Bu evin zəhməti sənə düşəcək.
Qayğının böyüyü, yükün ağırı,
İşin əziyyəti sənə düşəcək.
"Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur" – bunu Xəlil Rza Ulutürk deyib. Bu gün onun vəfatının ildönümüdür.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Ədəbi fəaliyyətinə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb. Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb
1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. 1983-cü ildən AYB-nın üzvü olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
Rəsmi nümayəndə heyətinin tərkibində 1995–2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-də, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub. Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Mükafatları
Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H. Z. Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilib. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.
5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib.
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.
Zəlimxan Yaqubun görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət dastanı" poeması haqqında şair-publisist Əli Rza Xələfli "Ölməzlik nəğməsi" ("Vətən" nəşriyyatı, 2013) adlı kitab yazıb və nəfis tərtibatda çap etdirib. 2016-cı ildə Xalq şairi Xəlil Rza Ulutürkün "Əbədi Prometey" adlı kitabı nəşr olunub. Kitabı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu nəşrə hazırlayıb və "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunub.
Kitabda, Zəlimxan Yaqubu "Əbədi Prometey, əbədi Səməndər quşu" adlandıran, onu "şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı" hesab edən, hələ 30 il bundan əvvəl "Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur", — deyən X. R. Ulutürkün Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi məqalələri, vaxtilə gündəliyində onunla bağlı etdiyi qeydlər toplanıb
Kitabları
- Şair harayı
- Vətən yaralaSizi qınamıram
- Ziyarətin qəbul olsun
- Od aldığım ocaqlar
- Mən sənin qəlbinə necə yol tapım
- Böyük ömrün dastanı
- Qayıdaq əvvəlki xatirələrə
- Gözlərimin nurudu doğulduğum bu torpaq
- Mən bir dağ çayıyam
Filmoqrafiya
- Tikdim ki, izim qala (film, 1997)
- Böyük ömrün davamı (film, 2007)
- Mən Hüseyn Arifəm… (film, 2010)
- Atalar yolu (film, 2010)
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib. 2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilib. Zəlimxan Yaqubun həyat və yaradıcılığından bəhs edən Zəlimxan dastanı adlı sənədli bioqrafik film həsr olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)
Azərbaycan qələbəyə dünyanın bir nömrəli ofisində siyasi möhür vurub
Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
“Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”. Bu sözləri ötən günlərdə yerli kanallara müsahibə verərkən ölkə başçısı səsləndirib. Prezidentin səsləndirdiyi fikirlər həm ötən ilin mənzərəsini, həm də Azərbaycanın yeni geosiyasi mərhələyə keçidini təsdiqləyir.
Otuz ildən artıq davam edən münaqişə dövrünün başa çatması Azərbaycan üçün təkcə hərbi qələbə kimi deyil, həm də strateji və diplomatik qələbənin başlanğıcı kimi qiymətləndirilə bilər. Dövlət başçısının vurğuladığı kimi:
“Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq”.
Artıq sülh və əmin-amanlıq şəraitində yaşayan Azərbaycanda daxili sabitliyin möhkəmlənməsi, təhlükəsizliyin təmin olunması və iqtisadi perspektivlərin genişlənməsi sülh dövrünün əsas reallıqlarıdır. Ölkə başçısının fikirlərindən aydın olur ki, sülh təkcə hərbi risklərin aradan qalxması deyil, eyni zamanda iqtisadi planlamada, dövlətin daxili və xarici siyasətində mühüm rol oynayan amildir.
2025-ci il Azərbaycan–Amerika münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından beynəlxalq siyasətdə xüsusi əhəmiyyət daşıyır. 907-ci düzəlişin faktiki olaraq gündəlikdən çıxarılması Azərbaycanın regional güc kimi qəbul olunmasının və ABŞ kimi nüfuzlu aktor üçün strateji tərəfdaş statusu qazanmasının göstəricisidir. Prezident Tramp administrasiyasının praqmatik yanaşması Bakı ilə Vaşinqton arasında əməkdaşlığı ideoloji maneələr üzərindən deyil, qarşılıqlı maraqlar müstəvisində formalaşdırır. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq səviyyədə formalaşan ümumi razılıq Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində mövqelərini daha da möhkəmləndirir. Ermənistanla normallaşma prosesi çərçivəsində Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması artıq qaçılmaz görünür. Prezident Trampın bu prosesdə şahid qismində iştirakı isə sənədlərin beynəlxalq əhəmiyyətini daha da artırır.
Ölkə başçısı müsahibəsində vurğuladı ki, Azərbaycanın xarici siyasəti artıq regional çərçivələri aşaraq qlobal miqyasda sistemli və çoxşaxəli xarakter alıb. Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyü, Xankəndidə keçirilmiş ECO Zirvə Görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü onu deməyə əsas verir ki, ölkəmiz “canlı körpü” rolunu artıq yalnız nəzəri deyil, praktik müstəvidə də icra edir. İnkişaf etmiş ölkələrlə tərəfdaşlıq, nüfuzlu beynəlxalq təşkilatlara üzvlük, işğaldan azad edilmiş şəhərlərdə beynəlxalq tədbirlərin təşkili Azərbaycanın yeni geosiyasi statusunu formalaşdırır. Artıq Azərbaycan hadisələrin gedişatına uyğunlaşan deyil, proseslərə təsir göstərən ölkə kimi çıxış edir.
Unutmayaq ki, 2025-ci il Azərbaycan üçün yeni siyasi reallıqların formalaşdığı mühüm mərhələ oldu. Ölkənin artan beynəlxalq nüfuzu, sülh gündəliyinin ön plana çıxması və strateji təşəbbüslərin genişlənməsi qarşıdakı illər üçün də davamlı inkişafın əsasını qoyaraq Azərbaycan dövlətçiliyinin tarixində əlamətdar mərhələ kimi yadda qalacaq.
Ölkə başçısının təkcə bu müsahibəsində onlarla mühüm tezis yer alır. Məlumatlar dolğun, istiqamətlər müxtəlif, cavablar isə əhatəlidir. Hətta jurnalistlərin bir-birini təkrarlayan suallarına belə hər dəfə fərqli və daha dərin cavablar verən Prezident bir daha göstərdi ki, sözlə əməl üst-üstə düşür.
Bəs biz, jurnalistlər üçün bu müsahibədən hansı nəticə çıxır? Əlbəttə ki, əsas vəzifəmiz bu tezisləri düzgün təhlil etmək, onları obyektiv şəkildə ictimaiyyətə çatdırmaq və bu işə formal prinsip deyil, peşəkar əqidə ilə yanaşmaqdır.
Qoy həmişə Günəş olsun!
“Ədəbiyyat və incəsənət”
(09.12.2026)
ABŞ-da yaşayan rejissor və prodüsser Sevinc Kərimova vəfat edib
ABŞ-nin Kaliforniya ştatında yaşayan azərbaycanlı rejissor və prodüser Sevinc Kərimova vəfat edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Mədəniyyətimizin tanınan simalarından olan Sevinc Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları ilə yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyət göstərib. “Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini ABŞ-də davam etdirən soydaşımız “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi işləyib. Həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və böyük səhnələrə çıxmasına kömək göstərib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub.
2023-cü ildə keçirilən “Bakı Payızı – 35 il sonra” adlı müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
“Birlikdə” layihəsi çərçivəsində isə Azərbaycanın tarixi, həqiqətləri və mədəniyyəti haqqında yüksək peşəkarlıqla bədii videoçarx hazırlanaraq müxtəlif tədbirlərdə nümayiş etdirilib. Videoçarxda Azərbaycan Dövlət Xor Kapellası və xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun rəqs qruplarının da çıxışları yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə Sevinc Kərimova xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Həmçinin 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-dəki Azərbaycan icmasının fəal üzvünün, tanınmış mədəniyyət xadimi Sevinc Kərimovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
“Ədəbiyyat və incəsənət”
(09.01.2026)
Sərnişini aparıb geri gətirməyən qatar
Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Dünən Bakı metropolitenində - Nərimanov stansiyasında faciəvi hadisə baş verdi. Belə ki, 20:00 radələrində 50 yaşlarında bir kişi qatar yoluna düşdü və dünyasını dəyişdi…
Qatar yolunda o sərnişin...
Kim bilir, evinə gedirdi, kim bilir, övladını, nəvəsini görməyə tələsirdi. 50 yaşlarında bir kişi… Həyatın orta yolunda dayanmış, hər addımında xatirələrini, sevinclərini, itkilərini daşıyan insan. Ola bilsin, iş yerindəki günün yorğunluğunu düşünürdü, ya da kiminləsə mübahisə etmişdi. Ola bilsin, sevdiyi bir insanın üzündəki gülümsəməni, evdəki sakitliyi xəyal edirdi. Hər insanın həyatında kiçik anlar var. Bu kiçik anlar bəzən bizi həyatın mərkəzinə bağlayan incə tellərdir.
Amma həyat gözlənilməzdir. Bir anlıq diqqətsizlik, bir qısa zaman kəsiyi, bir səhv addım bəzən geri dönüşü olmayan anlara gətirib çıxarır. Biz, səhərdən axşama kimi işimizlə, planlarımızla, gündəlik qayğılarımızla məşğul olarkən, heç düşünmürük ki, həyat bizi hər an sınaya bilər.Gözlənilməyən anda. Mərhum məgər bilirdi ki, son göz qırpımızıdır bu?
Qatar yolu bəzilərimiz üçün yalnız nəqliyyat vasitəsidir. Amma bir insan üçün, bir ailə üçün, bir toplum üçün bu yol həyatın özü kimi qırılqan olub. Hər addım, hər düşüncə, hər “sabah görüşərik” deyimi qiymətlidir. Bu anlarda itirilən hər dəqiqə, gözlənilməz bir xatirənin, bir sevginin, bir həyatı dəyişdirəcək anın ölçüsüdür.
Biz onun hekayəsini bilməsək də, bu an hamımızı düşünməyə vadar edir: Həyat gözlənilməzdir. Sevgi, qayğı, diqqət- bunlar sadəcə sözlər deyil, hər anın, hər nəfəsin qiymətidir. Bir insanın gülüşünü, bir əl sıxmağı, bir “səni sevirəm” deməyi unuda bilmərik. Çünki həyat həm qırılqandır, həm də möcüzələrlə doludur.
Həyatı qiymətləndirmək, sevdiklərimizi qucaqlamaq, “sabah”ı yalnız zamanla deyil, sevgi ilə yaşamaqdır. Hər günümüz, hər addımımız, hər seçimimiz bir əhvalat, bir hekayə, bir xatirədir. Və bəzən bir insanın həyatının itməsi bizə bunları xatırladır ki, həyatı qiymətləndirmək üçün çox gec olmadan, indi başlamaq lazımdır. Biz yalnız xatırlayırıq. Və hər xatirə bir dərsdir:
Sevdiklərimizi qucaqlayın, sözləri gecikdirməyin, anı yaşayın…
“Ədəbiyyat və incəsənət”
(08.01.2026)
RƏSM QALEREYASI: Redondo, “İki gözəl”
RƏSM QALEREYASI: Redondo, “İki gözəl”
İspan rəssanı Visente Romero Redondo müasirimizdir, bu rəsm əsərini 2022-ci ildə çəkibdir.
Pastel, 130x89 sm
Motsartın 270 illiyinə həsr olunmuş konsert keçirilib
Yanvarın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Volfqanq Amadey Motsartın 270 illiyinə həsr edilən “Nadir klassik musiqi axşamı” keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Proqramda solistlər Rəfiqə Quluzadə (piano), Şərif Bağırov (klarnet), Nina Makarova (mezzo-soprano), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Renata Abubəkirova (violin) və Rəna Rəhimova (viola) çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Azərbaycanlı şairin “Bəxt ulduzu” Kazanda çıxıb
Könül, “Ədəbiyyat və incəsənət”
Moskvada yaşayan azərbaycanlı şair-tərcüməçi, publisist və ictimai xadim Afaq Şıxlının “Bəxt ulduzu” adlı şeirlər kitabı Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində tatarca gün üzü görüb.
“Yazıçı” nəşriyyatında çıxan “Bəxt ulduzu”nun layihə rəhbəri, önsöz yazarı Tatarıstan Yazıçılar Birliyinin başqanı, Tatarıstan Dövlət Sovetinin deputatı, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulladır.
Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birlik” seriyasından yayınlanan kitabda yer alan şeirləri tatar dilinə bu birliyin üzvü, filologiya elmləri üzrə fəlsəfə doktoru, türkoloq alim, tərcüməçi Asiya Rəhimova çevirib. Müəllifin lirizmi, intonasiyası və poetik semantikası orijinalın ruhuna uyğun şəkildə qorunub saxlanılıb.
Bu nəcib təşəbbüs, Tatarıstanla Azərbaycan, bütövlükdə türk xalqları arasında ədəbi bağların möhkəmləndirilməsi baxımından önəmli bir ədəbi-mədəni hadisə kimi dəyərləndirilir.
Mövzu və ideya baxımından “Bəxt ulduzu” dostluq, məhəbbət, vətən sevgisi, insanın iç dünyası və mənəvi axtarışları əhatə edən lirik-poetik toplu olaraq seçilir. Şeirlər oxucunu fərdi duyğulardan ümumtürk mənəvi yaddaşına aparan poetik bir gəziyə çağırır.
Onu da vurğulayaq ki, Afaq Şıxlı Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyi Gənəşinin (Məsləhət Şurasının) üzvüdür. O, uzun illərdir, müxtəlif xalqların poeziya örnəklərini Azərbaycan və rus dillərinə çevirir, eyni zamanda AYB-nin Moskva bölməsində məsul katib vəzifəsini daşıyır. İxtisasca həkim olan şairin ədəbi yaradıcılığı dərin humanist məzmunu ilə diqqət çəkir.
Türk dünyasının önəmli mədəni ocaqlarından olan Kazanda gün üzü görən “Bəxt ulduzu”nun (ISBN 978-5-6055333-4-4) tatar oxucularının rəğbətini qazanacağına, yeni ədəbi bağların qurulmasına töhfə olacağına ümid edirik.
“Ədəbiyyat və incəsənət”
(08.01.2026)
Redaksiyanın poştundan - Pərvanə Əliqızının hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Pərvanə Əliqızı “Canlı işıqfor” adlı yeni hekayəsini redaksiyamıza göndərməklə müşayiət məktubunda belə yazıb: “Bu hekayə insan həyatında təkliyə, peşmanlıqlara və yenidən ayaqda qalmaq cəhdinə işıq salan təhkiyədir.”
Əlindəki işıqforlu çubuğu sağa-sola fırladır, maşınlara yol göstərir, hər kəsi gedəcəyi ünvana yönəltdikcə sifətində özündən məmnun ifadə yaranırdı. Dəyişən fəsillərin dərisində qoyduğu izlər tündləşib torpaq rəngi almışdı. Arıq, çəlimsiz bədəninə geyindiyi formanın şux yaxalığı ilə meyvə saplağına bənzəyən boynu arasında ironik ziddiyyət var idi. Sanki yaxalıq o tərəf-bu tərəfə dönən nazik boynunun əyilib sına biləcəyindən ehtiyat edib onu halqaya almışdı. Köynəyin cibləri ağır yük kimi sallaq çiyinlərini bir az da aşağı dartıb paltarı büzüşdürmüşdü. Əlindəki çubuğu nə qədər cəld hərəkət etdirirdisə, eyni cəldliklə şalvarın kəmərini yuxarı dartırdı. Torpağa bənzəyən adamın başındakı papaq gözlərinin üstünü elə örtmüşdü ki, elə bil kəllə çevrəsi hər gün bir az əriyib hansısa qapağın altına sığişmışdı. Deyəsən, əl hərəkətləri kimi gülüşü də qeyri - şüuru idi. Nə vaxtsa ilişib sifətində qalmışdı. Gedən maşınlara ötəri nəzər salır, siqaretdən tündləşib qəhvəyi rəngə çalan dişlərinin arasından hər kəsə tütün qoxulu təbəssüm göndərirdi. Yay – qış, isti – soyuq demədən hər gün burda dayanan adamın əzmi məndə qəribə maraq oyadırdı. Soyuq havanın içəridən buxarlandırdığı şüşəni silib yola boylandım. Yağışa düşüb islanan paltarıma və üzümə yapışmış saçlarıma görə rəncidə olmuş halda oturub həmin adamı izləyirdim. Yağış əynindəki şnelin üstündən süzülüb köhnə çəkmələrinin yanında gölməçələnirdi. Damcılar yerdəki suların üzərinə düşdükcə sinəsini geniş açmış gölməçə onları ağuşuna alırdı. Yerə dəyib əzilmiş damcılar sonradan gələnlərə qıymırdılar.Onları qorumaq üçün qucaqlarını açırdılar. Çünki eyni buluddan süzülüb gəlirdilər, yaranışları eyniydi. Təkcə ortada fırlanan bu adam onlara yad idi. Ona ögey kimi baxsalar da məndən fərqli olaraq, o, yağışa qəzəblənməmişdi.
Görəsən, bu adam həftənin 5- 6 gününü burada dayanmaqdan yorulmurmu, heç xəstələnmir, kefsizləmirmi ? Suallar getdikcə artıb məni hərəkətə gətirdi. Dayanacaqda düşüb bir xeyli geriyə onun durduğu yerə qaçdım.Piyada keçidinə baxmadan yolu keçməyim onu narahat etmişdi. Sifətinə ilişmiş gülüşün yerində təlaş əmələ gəlmişdi. Yaxınlaşıb, salam verdim. Etinasız şəkildə salamımı alıb üzünü yola çevirdi. Anladım ki, onun aləmində heç kəs yolun qaydalarını, qanunlarını poza bilməzdi. Yol onunçün müqəddəsdir. Bir az çəkingənlikdən , bir az da etdiyim hərəkətin yersizliyindən irəli gələn tələskənliklə birnəfəsə sual verdim :
— Mən nə vaxt buradan keçirəmsə sizi iş başında görürəm. Adətən sizin yaşınızda olan insanlar günün çox hissəsini istirahət edirlər. Ancaq siz iş vaxtınız bitənədək ayaqüstə dayanırsınız.Yorulmursunuzmu?
Ard-arda verilmiş suallardan duruxdu. Mənə çəpəki nəzər salıb yenidən öz işinə döndü. Sifətindəki dəyişiklik gözümdən qaçmadı. Üzü illərlə toz basmış gündəliyin varaqları kimi rəngdən- rəngə düşdü.
Gözünü qıyıb boğazını irəli uzadaraq:
— Bəzən insanlar yıxılmaqdan qorxduqlarına görə ayaqüstə qalmaçün dirənirlər - dedi. Sözləri özünə yoxsa, başqalarına şamil etdiyini anlaya bilmədim. Cavab qeyri - müəyyən idi. Lakin hərəkətləri üz ifadələri :”İsrar etmə! Danışmaq istəmirəm“deyirdi. Uğursuz cəhdimin pərtliyi ilə geri dönüb metroya tərəf getməyə başladım.
Qəfil qoluma toxunan ələ tərəf dönəndə köhnə iş yoldaşımı gördüm. Azər üzündə gəzən coxbilmiş təbəssümlə ;
—Deyəsən, canlı svetafor olmaq fikrinə düşmüsən?Bayaqdan yolayrıcında dayanmağını izləyirəm.
Onun zarafatını cavabsız qoymadım.
Elə bilirsən sənin kimi “ Canlı svetafor “ olmağıma inanmayanlara yol göstərə bilmərəm!? İkimizdə gülərək, yanaşı addımlamağa davam etdik.
Yolda mənə həmin adamla eyni qəsəbədə yaşadıqlarını dedi. Lakin insanlardan qaçdığı, heç kəsə yovuşmadığı üçün onun haqqında kimsənin bir şey bilmədiyini danışdı. Aldığım laqeyid cavabdan və “hər kəsdən qaçır “sözündən sonra üzündən təbəssüm əskik olmayan insana qarşı marağım daha da artdı. Aradan xeyli vaxt keçmişdi. Azər zəng vurub adamın saqqızını oğurladığını dedi. Necə olmuşdusa, razılığını almışdı və evinə gedib söhbət edə bilərdik. Qəsəbənin lap ucqar hissəsindəki çökəklik bir yerdə yaşayırdı. Çox güman ki, sututar yerin başqalarının diqqətini çəkməyəcəyini bildiyi üçün burada yurd salmışdı. Kiçik taxta darvazanı döydük. Gələnin kim olduğunu soruşmadan qapını açdı.
Həə sizsiniz? – deyib qapının ağzından kənara çəkilərək bizi içəri dəvət etdi .
Üzümə ötəri baxmasına rəğmən yaddan çıxarmamışdı məni. Bu dəfə verdiyim sualların cavabını ala biləcəyimə əmin olmaq üçün gözlərinə baxdım. Orada mənim verəcəyimdən çox suallar gördüm. Başımı aşağı salıb həyətə keçdim. Hər tərəfi ot basmışdı. Yalnız evə gedən dar cığır daim ayaqlanmaqdan bərkiyib döyənəyə çevrilmişdi. Alçaq talvarlı eyvanda köhnə taxta masa və stul qoyulmuşdu. Ortadan çökmüş dam örtüyünün yağışlı havada dammağı labüd idi . Tək stulu görəndə qeyri ixtiyari qapının kandarındakı çəkmələrə baxdım, ondan başqa ayaqqabı gözə dəymirdi.
Çirkli pəncərənin arxasından görünən köhnə tül pərdə, əsir düşmüş sahibəsinin əynində köhnəlmiş gəlinliyi xatırladırdı. Külək vurduqca açıq qapıdan gələn nəmişlik iyi tənhalığın qorxusuyla qarışırdı .
Niyə mənə elə gəlirdi bu insan yalqızdı ? Bəlkə ailə üzvləri harasa qonaq gedib? O, da əşyalar tozlanmasın deyə onları ortalıqdan toplayıb tək adamlıq stul saxlayıb . İş yoldaşım fikirli olduğumu görüb;
—Yaxşı ki, səninlə gəldim, qəribə adamdır, heç nə danışana oxşamır, - dedi. Ardından sükutu pozmaq üçün ev sahibinə səsləndi:
—Uşaqlar, nəvələr gözə dəymir.
Əlində iki stul gətirən yaşlı adam:
—Kimsə yoxdur, tək yaşayıram,dedi.
Zənnim məni yanıltmamışdı. Aldığım qoxu həqiqətən kimsəsizliyin qoxusu imiş. Deyəsən, bizə qanı qaynamışdı. Qarşımızda oturub bir az nigaran, bir az qəmli görkəmlə danışmağa başladı.
Valideynlərimdən sonra qohumların mən adlı adamı tamamilə unutduğunu görüb köhnə evi satıb bu evi aldım. Həyat hekayəsi küskünlüklərlə dolu idi.
Tək övlad olmuşdu. Atası dülgərliklə ailəsini ortabab dolandırmışdı. Yeganə oğlunu sənət sahibi etmək üçün texnikuma daxil olmasına kömək etmişdi. Bütün valideynlər kim nəvə, toy- mağar arzusuna düşmüşdü.Ancaq bu məsələdə aralarında konflikt yaranmışdı. Oğlunun sevdiyi qızın ailəsi onlardan qat – qat imkanlı idi. Atasının vəzifəli şəxs olduğunu eşidəndə :
— Bizi dövlətlilərə yamaq etmə, —demişdi. Mən ailəmə bab olmayan qızın qapısına elçi gedə bilmərəm. Anası oğlunun arzusuna əməl etməyə çalışsa da faydası olmamışdı. Atanın qüruru tanımadıqları insanlarla arasında uçrum yaratmışdı. Həmin uçurumdan ən dərinə yuvarlanan isə yeganə oğlu olmuşdi.Cəsarəti qırılan gənc təkidlərin qarşısında boyun əymişdi. Yaranan vəziyyətdən istifadə edən qohum əqraba uyğun bildikləri ailəylə qohum olmaq qərarına gəlmişdilər .
Müsahibim dərin kədərlə danışmağa başladı.
Həyətdə mağar qurulmuşdu,toy çalınırdı. Hamı sevinir, oynayırdı. Təkcə mən yad adam kimi kənardan izləyirdim. Çıxış yolunu evi tərk etməkdə gördüm. O vaxt mənim atdığım addım yalnış addım idi. Həm öz ailəmi, həm də o, qızın ailəsini çıxılmaz vəziyyətdə qoymuşdum. Atam tənələrə dözmədi. Onun gedişindən sonra ömrünün son günlərinə qədər anamın qulluğunda durmağı özümə borc bildim. Düşündüm belə olasa, atamın ruhu məni bağışlayar.
O, danışırdı ;—günahkarlıq hissindən doğan peşmanlıqla büzüşüb kiçilirdi.Gözümün qarşısındakı mənzərə ağlımda başqa suallar yaradırdı. Özün günahkar sayan tənha insanın suçu nə idi? Sevməkmi, yoxsa hər kəsi məmnun edə bilməməkmi? Bəs onu qınayanlar sonra hara yox olmuşdular ?
Gözlərini yerə dikib torpağın dərinliyindən ya itirilmiş gəncliyini, ya da onu tərk edib gedənləri axtarırdı. Arada başını qaldırıb qapıya boylandı. Yolçəkən gözləri gedənləri geri qaytarmaq gücündə deyildi.
Onu xatirələrin əlindən almaqdan ötrü işindən sual verdim.
İşinizi çox sevirsiniz. Necə həvəslə işlədiyiniz müşahidə etmişəm.
Həyatda öz yolumu tapa bilmədim. Lakin peşəmlə, insanlara kömək etməklə rahatlıq tapdım. Yəqin, mənə baxıb düşünürsünüz özü yolunu-izini itirmiş adam özgələrə necə yol göstərə bilər ; - ağır, xışıltılı nəfəs dərib davam etdi. Hərdən mənə elə gəlir ki, insanlara deyil sadəcə maşınlara yol göstərirəm. Onların arasındakı sözsüz rabitə həmişə mənə maraqlı gəlib . Sadəcə işıqlarını yandırıb söndürməklə biri – birini anlayırlar.
Yenə sifətində təbəssüm yarandı.Cizgilərinə yaxından diqqət edərkən nəhayət həmin gülüşün adını tapdım. Bu öz talehinə istehza edən insanın təbəssümü idi.
Onun kövrəldiyini görüb iş prosesində rast gəldiyi məzəli hadisələrdən danışmasını istədik . Həvəslə danışır, bizə qoşulub gülürdü.
Söhbətimizi bitirib ayağa qalxdıq. Qulaq asdıqlarından təsirlənmiş dostum təkrar darvazanın cırıtısın eşidəndə dilləndi:
—Gələndə ev sahibini məzəmmət edirdim. Niyə görə bu qapı-baca baxımsızdı? Darvazanın səsi aləmi bürüyür, —deyirdim. İndi anladım ; o, bilərəkdən insan səsinə həsrət qalmış həyəti canlandırmaq üçün cırıltını susdurmur. Geri qanrıldım- dirsəyini masaya söykəyib siqaret çəkirdi. Barmaqlarının arasından qalxan tüstü başının ətrafında halələnirdi.
“Ədəbiyyat və incəsənət”
(08.01.2026)
.
BİR MƏKTUB, BİR ŞEİR – Ayxanın “Nöqtə”si
“Ədəbiyyat və incəsənət” portalının BİR MƏKTUB, BİR ŞEİR rubrikasında sizlərə AYB üzvü Ayxanın “Nöqtə” şeirini təqdim edirik.
Nöqtə
Abzasdan başlayaq,
bir tire qoyaq.
Yazaq ...
biraz səndən,
biraz da məndən.
Sənli fikirlərdə vergüllər olsun,
Qoyulsun üç nöqtə,
yenidən davam eləsin,
sənli düşüncələr heç vaxt bitməsin.
Məndən yazılanda ...
Sözdə həmişə,
qoşa nöqtə olsun.
Davamı səninlə -
səndən başlasın.
Dırnaq işarəsi açılsın hərdən,
Bizi yox, sevgini tərənnüm etsin,
Bizə məhəbbətin dərsin öyrətsin.
Bizli fikirlərdə nöqtə olmasın,
Fikir tükənəndə nöqtə qoyular.
Bir gün gələr,
ölüm bizə qonaq olar,
O zaman, sualsız - nöqtə qoyular.
“Ədəbiyyat və incəsənət”
(08.01.2024)


