“Tamaşaçı sevgisini qazanmaq hər sənətkara nəsib olmur” Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Başlığaçıxardığım fikir tanınmış aktyor Novruz Qartala aiddir.

Elə bax bu da:

 

“Aktyor olmaq asandır, ancaq gərək insan sənətkar olasan. Gənclərə də qayğı göstərəsən. Çünki biz məktəb görmüşük. Mən Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli, Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov kimi görkəmli sənətkarlarla ünsiyyətdə olmuşam, onlardan öyrənmişəm. Öyrəndiklərimi də bu gün gənclərə əsirgəmirəm. Çünki onlardan qayğı görmüşəm və mənim də borcumdur ki, həmin qayğını yetişən nəslə əsirgəməyim.

Üstəlik, bu da:

"İlk dəfə Qartal adını mənə Gürcüstanda deyiblər. Deməli, Gürcüstanda qastrolda olanda mənə ona görə Qartal deyirdilər ki, bir saniyənin içində obrazımı dəyişə bilirdim. “Qartal kimi cəldsən, Qartalsan sən”, - deyirdilər. Sonra Bakıya qayıtdıq. Üstündən bir müddət keçdi. Gördüm teatrın qarşısında bir afişa var. Afişada yazılıb ki, Novruz Qartalın iştirakı ilə. Onda mən heç bilmədim ki, Qartal mənəm. Dedim yəqin bu Qartal kimdirsə yəqin Türkiyədən falan gəlib. Sonra teatrdan mənə bildirdilər ki, bundan sonra Qartal olacaqsan, razılaşmadım. Küsdüm, bir həftə teatra getmədim. Axırda dalımca maşın yolladılar, getdim. Dedim afişanı dəyişib öz familiyamı yazsınlar."

Bu gün Novruz Qartalın anım günüdür.

Novruz Əliyev (Novruz Qartal) 3 mart 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib.

 

 Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan Novruz Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən Novruz Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yaranıb:

"92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Aldın payını, çağır dayını"da Əhmədi Biqəm, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa və s.

25 iyun 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

- Gülüş sanatoriyası (film, 1989)

- Qəzəlxan (film, 1991)

- Şirbalanın məhəbbəti (film, 1991)

- Seçilən (film, 2008)

- Qız atası (teleserial, 2014)

 

Novruz Qartal 8 yanvar 2022-ci ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat edib. Gəncədə “İmamzadə” ziyarətgahında dəfn edilib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.