Super User

Super User

Bazar ertəsi, 20 İyul 2026 09:07

Mir Cəlal Paşayevin yadigarlarından biri...

Elman Eldaroğlu,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Gözəl adı var, mənası- ədəbli, tərbiyəli, yazıçı kimi yozulur. Mülayim təbiətlidir, gözəl xasiyyətə sahibdir. Fitrətdən gələn estetik istedadlıdır. Ən qabarıq xüsusiyyətləri isə, onun xeyirxah, yardımsevər, həssas, incə və rahat olmasıdır. Başqalarının qayğısına qalmaq və yaxşılıq etməyi aşılamaq üçün insanlara əsl nümunədir. Nəcib adamlara qarşı nəzakətli və mehribandır. Zərif və bir az da utancaqdır. İntuisiyası çox güclüdür. Düşdüyü mühitə asanlıqla uyğunlaşa bilir. Gözütox, qəlbiaçıqdır. Həyatdan istədikləri elə də çox deyil, problemsiz, ağrı-acısız bir ömür istəyir. Rahat yaşamaq və qəfil sürprizlərdən uzaq olmaq, onu daha çox cəlb edir. Fiziki gərginliyi xoşlamır. Yaraşıqlı və cəlbedicidir. Yalan danışmağa, riyakarlığa nifrət edir. Ətrafındakı insanların da, özü kimi dürüst olmasını istəyir. Soyuq, laqeyid adam deyil, pisliyi sevmir və hamı ilə xoş niyyətlə davranır. Heç vaxt kiməsə zərər vermək istəmir. İnsanlara qarşı qayğıkeşdir...

 

18 iyul 1943-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1960-1965-ci illərdə indiki Bakı Dövlət Universitetinin(BDU) filologiya fakültəsində ali təhsilə yiyələnib. BDU-da təhsil aldıqdan sonra, əmək fəaliyyətinə də elə həmin elm ocağında başlayıb. 1969-cu ildən 1979-cu ilədək BDU-nun rus ədəbiyyatı kafedrasının müəllimi, 1979-cu ildən 1988-ci ilədək baş müəllimi işləyib. 1988-ci ildən 2004-cü ildək isə BDU-da xarici tələbələr üçün rus dili kafedrasının müdiri vəzifəsində çalışıb. 2004-2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub. 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiridir. Elmi araşdırmaları linqvodidaktika və rus ədəbiyyatı tarixinin tədqiqindən ibarətdir. Bir çox kitab və dərsliklərin müəllifidir. 2005-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adına layiq görülüb. Xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı, “Əməkdar Müəllim” fəxri adı və “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub...

Maraqlı və yaradıcı insandır. Hərəkətlərində çox diqqətlidir. Məsuliyyətlidir, üzərinə düşən öhdəlikləri yerinə yetirənədək yorulmadan çalışır. Sakit və dinc mühitə üstünlük verir. Ziddiyyətli mühitdə olmaq istəmir və qarmaqarışıqlıqdan xoşu gəlmir. Çox romantikdir. Kiminsə kədərindən və ya həzin bir musiqidən təsirlənə, kövrələ bilir. Ləyaqətli və xarizmatik xanımdır. Təbiiliyin vurğunudur, gözəllikdən zövq alır. Bir sözlə, xoş xasiyyəti, mədəni davranışı, səmimiyyəti ilə ətrafındakılara bir örnəkdir. Elə ona görə də, olduğu hər yerdə hamıdan fərqlənir, seçilir...

Deyir ki: “Mən  çox xoşbəxt insanam ki, Mir Cəlal müəllimin ailəsində dünyaya gəlmişəm. Xoşbəxtəm ki, müəllimlik kimi yüksək missiyanı daşıyıram. Müəllim təkcə tədris etdiyi fənni yox, həyat dərsini də deməlidir. Bəli, xoşbəxtəm ki, bu missiyanı məhz BDU-da, Filologiya fakültəsində uğurla yerinə yetirirəm. Çünki həm universitetin, həm də fakültənin öz ənənələri, ab-havası var...”

Xülasə, bu dəfə sizə, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Paşyevin yadigarlarından biri- professor Ədibə Paşayevadan söhbət edirəm. Belə ki, bu gün - iyulun 18-i Ədibə xanımın növbəti ad günüydü. Ona arzumuz möhkəm can sağlığı, sevdiyi pedaqoji fəaliyyətindən ayrılmamaq, bol sevincli, xoşbəxt anlardır...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

 

Bazar ertəsi, 20 İyul 2026 15:14

Dağ-mədən sənayesi, toponimika, poeziya

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Onunla ötən il AYB Natəvan klubunda kitabının təqdimatında tanış olmuşdum. Yaşadığı Rusiyadan doğulduğu Bakıya həm dincəlməyə, həm də kitab təqdimatına, ədəbi cameədəki dostlarıyla görüşə gəlmişdi. Xəbər tutanda ki, bu 19 iyul günündə yubileyidir, 65 yaşı tamam olur, haqqında yazmağı qərarlaşdırdım.Və yazdım da.

Necə də bunu etməmək olar, axı Eldar Əhədov olduqca maraqlı, unikal bir adamdır. Bu dəfə isə onun 66 yaşı münasibətilə yazıram.

 

Əsərləri dünyanın 45 ölkəsində dərc olunmuş və rus, Azərbaycan, ingilis, ispan, italyan, çin və serb dillərində Rusiyada, Azərbaycanda, ABŞ-da, Kanadada, Serbiyada, Meksikada, Hindistanda, Misirdə və Çində nəşr olunmuş yüz kitabın müəllifidir.

Rusiya Yazıçılar İttifaqının üzvü, Rusiya Yazıçılar İttifaqının Krasnoyarsk şöbəsinin idarə heyətinin üzvü, Rusiya Coğrafiya Cəmiyyətinin üzvü, Rusiya Coğrafiya Cəmiyyətinin Krasnoyarsk diyar bölməsinin toponimika komissiyasının sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Dünya Azərbaycanlı Alimlər Assosiasiyasının üzvü, “Rusiyanın Gümüş Qələmi” mükafatının sahibi, “Dünyanın xeyrinə” mükafatının ikiqat laureatı, Rusiya-İsveç “Şimal — sərhədsiz ölkə” mükafatının ikiqat diplomantı, IV Ümumrusiya ədəbiyyat festivalları festivalının və IV Avrasiya ədəbiyyat festivalları festivalının gümüş medalı laureatı, Almaniyanın Düsseldorf şəhərindəki “ZA-ZA verlag” nəşriyyatının mükafatçısı, İtaliyanın “Vincenzo Padula” mükafatçısı və Livanın Naci Naaman mükafatı sahibi, Yunanıstanın “Homer” mükafatının diplomantı, Dünya Yazıçılar Təşkilatının “Dünya ədəbiyyatının inkişafına töhfəyə görə” gümüş medalının laureatıdır Eldar Əhədov.

Rusiya Yazıçılar İttifaqı, Yamalo-Nenets Muxtar Dairəsinin Qanunverici Məclisi, Krasnoyarsk diyarı qubernatoru və Krasnoyarsk diyarının Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürnamələr və fəxri fərmanla təltif olunmuşdur. YANAO qubernatorunun ədəbi mükafatının laureatıdır. Dünya Xalqları Assambleyasının Ədəbiyyat Şurasının həmsədri, Dünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının rəhbəridir.

Sankt-Peterburq Dağ-Mədən Universitetinin məzunudur. 36 il ixtisası üzrə çalışmış, bunun 15 ildən çoxunu “Rosneft” ASC-nin tərkibində Sibir və Uzaq Şimal şəraitində işləmişdir. Qızıl, gümüş, polimetallar, qiymətli və bəzək daşları, kalium duzu, kömür, neft və qaz yataqlarının açılması, kəşfiyyatı və işlənməsi işlərində iştirak etmişdir. Bu fəaliyyətlər Krasnoyarsk diyarı, Yamalo-Nenets Muxtar Dairəsi, Tıva Respublikası, Belarus və Azərbaycan ərazilərini əhatə etmişdir.

Rusiya Dağ-Mədən mühəndisləri (markşeyderlər) İttifaqının üzvü, həmin İttifaqın fəxri Gümüş nişanının sahibi, markşeyderlik sənəti üzrə elmi jurnallarda bir neçə məqalənin və üç dildə toponimika üzrə kitabların müəllifidir.

Eldar Əhədov haqqında məlumat Böyük Rusiya Ensiklopediyasında, həmçinin rus, Azərbaycan və digər dünya dillərindəki Vikipediyalarda mövcuddur.

Gördünüzmü, həqiqətən də maraqlı və unikal insandır.

O ki qaldı Eldar Əhədovun poeziyasına, bu, düşündürücü, didaktik, vətənpərvərlik notları ilə dolu olan bir poeziyadır və ən əsası, bu poeziyada əsas leytmotiv 1986-cı ildən bugünədək – tam 37 il yaşadığı Krasnoyarrskın şaxtası deyil, 1960-cı ildə doğulduğu və cəmi 28 il yaşadığı Abşeronun  istisidir.

Böyük məmnuniyyətlə oxucularımıza Eldar Əhədovun şəxsən məni çox təsirləndirən “Kağızdan ata” şeirini təqdim edirəm. Tərcüməsi Elviz Əliyevindir.

 

ELDAR ƏHƏDOV

KAĞIZDAN ATA 

Rəfdə nə papaq var, nə də ki, əlcək,

Çoxdandı yanmayır buxarı ocaq.

"Ay ana, bəs atam nə vaxt gələcək?"

Soruşur anadan bu körpə uşaq.

 

Bayırda payızın nəfəsi gəlir,

Gecələr şaxtalar andırır qışı,

Nə desin?...Ananın qəlbi kövrəlir,

Boğur qəhər ilə onu göz yaşı...

 

Sükutu uşağın təkidi pozur:

"Gəl mənə kağızdan ata düzəldək,

(Ananın halını o, özü yozur)

Amma bunu heç kim bilməsin gərək.

 

Hər yerdə özümlə gəzdirəcəyəm,

Onu gəzdirmək də çünki asandır.

Nə olsun, kağızdan olanda, bəyəm?

O ki, həm cəsurdur, həm pəhləvandır."

 

Sonda dəyərli Eldar müəlimi “Ədəbiyyat və incəsənət” portal redaksiyası adından təbrik edir, eyni zamanda ona Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun, Dünya Gənc Türk Yazarlar Birliyinin də səmimi təbrikini çatdırırıq.

Yüz yaşayın, Eldar Əhədov!

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

İstəkli oxucularımız, Tələbə yaradıcılığı rubrikamız yay tətili olsa belə davam edir. Bu gün sizlərlə Naxçıvan Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə II kurs tələbəsi Sevgi Zülfüqarova görüşür.

Onun yazdığı esse belə adlanır - Zamanın kölgəsində: "Kaşki"lərin hesabı

 

SEVGİ ZÜLFÜQAROVA,

Zamanın Kölgəsində: "Kaşki"lərin Hesabı

 

​İnsan şüuru daim iki cəbhədə mübarizə aparır. Biri real yaşadığımız an, digəri isə geri qaytarmaq istədiyimiz keçmiş. Bir gecə xəyallara dalarkən, qədim bir saatın əqrəblərinin geriyə doğru fırlandığını təsəvvür etdim. Əslində, biz insanlar zamanı geri almaq arzusundan heç vaxt qurtula bilmirik. O cümləni, o anı, o səhvi... Sanki onları dəyişə bilsək, hər şey düzələcəkmiş kimi bir illüziyaya qapılırıq. Ancaq dərk etmirik ki, əgər o anlar yaşanmasaydı, biz bu günkü "biz" ola bilməzdik.

​Həyatımız çox vaxt "kaşki"lərin yükü altında əzilir. Əslində, "kaşki"lər insanın indiki zamanın çətin qərarlarından qaçma üsuludur. Biz keçmişdəki bir hadisəyə fokuslanıb, "kaşki belə etsəydim" deyirik. Lakin bizi biz edən məhz o yaşanmışlıqlar, o səhvlərdir. Biz keçmişi düzəltmək xəyalı ilə yaşayarkən, indiki zamanın bizə təqdim etdiyi imkanları görmə qabiliyyətimizi itiririk.

​Zaman təbiəti etibarilə axıcıdır. Biz isə "kaşki"lərlə onu dondururuq. Keçmişdəki o anı dəyişməz bir heykəl kimi qarşımıza qoyur və illərlə ona tamaşa edirik. Bu baxış, insanın yaradıcılıq enerjisini sorub yox edir. İtirilmiş zaman dediyimiz şey, əslində, həmin o "kaşki"lərin altında əzilib qalan, dəyərləndirilməmiş indiki zamandır. "Kaşki"lər, eyni zamanda, hadisələrin öz müəyyən bir səbəb-nəticə əlaqəsi olduğunu qəbul etməməkdir.

​Unutmayaq ki, biz o anki bilik, duyğu və şərtlərlə o qərarı vermişdik. İndiki ağlımızla keçmişi mühakimə etmək bir növ "zaman səyahəti illüziyası"dır. Biz o vaxtkı "biz"i tanımır, səhv etdiyi üçün onu günahlandırırıq. Amma əslində, həmin səhv bizi bugünkü bizə çevirən ən vacib təcrübədir. Səhvi silmək, özümüzü silmək deməkdir.

​"Kaşki"lərdən azad olmaq keçmişi unutmaq deyil, keçmişi "bağışlamaq"dır. İnsanın özünə deməli olduğu ən vacib həqiqət budur: "O zaman, o şərtlərdə, mənim bacardığım ən yaxşı şey bu idi."

​Saatın əqrəblərini geriyə çevirmək arzusu, zamanın xəttiliyini inkar etməkdir. İnsan o zaman azad olur ki, "kaşki"lərini rəflərə yığıb, indiki zamanın, yəni hələ dəyişə biləcəyi yeganə məfhumun, yəni gələcəyin ardınca addımlayır. Zamanı itirməyin ən böyük səbəbi, keçmişin xəyalları ilə yaşayaraq indinin gerçəkliyindən qaçmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Eltən Qədimbəyli Törəçi,

dəyər yaradıcısı.

“Ədəbiyyat və incəsənət”

 

Daşın pıçıltısı

Şəhərə gələn bir turist Şuşanın daş küçələrində addımlayır. Qalanın divarları əsirlərin ağırlığını çiynində daşıyır, dağların arxasından süzülən işıq şəhərin üzərinə yayılır...

Gənc turistin gözü şəhərin adını daşıyan o lövhəyə sataşır. Lövhədə “Şuşa” yazılıb. Yanında isə ona tanış olmayan, bucaqlı işarələr diqqətini cəlb edir. Nə olduğunu anlamasa da, amma nəsə onda dərin çalarlara sahib olan bir güc simvolu təəssüratı oyadır.

Dayanır. Telefonu çıxarıb, işarələrin şəklini çəkir və soruşur:

“Bu hansı yazıdır?”

Yanındakı azərbaycanlı gənc gülümsəyir, səsindəki özgüvən hissi ilə belə cavab verir:

“Bu, Əski Türk yazısıdır. Göytürk yazısı. Bizim qədim dövlət yaddaşımızın daşda həkk olunmuş nəfəsinin izidir...”

İndi bu səhnəni İçərişəhərdə, Qubada, Xınalıqda, Gəncədə, Naxçıvanda, Şəkidə, Lahıcda, Basqalda təkrarlayın. Şəhər adları latın hərfləri ilə yazılır, yanında isə min üç yüz ildən süzülüb gələn işarələr dayanır — sükutda, amma danışmağa hazır. Kiçik bir QR-kod da qoyulur. Turist telefonunu yaxınlaşdırır, yazının necə oxunduğunu, hansı çağdan gəldiyini, türklərin “el”, “budun”, “törə”, “yurd” sözlərinin arxasında hansı dünyanın nəfəs aldığını öyrənir. O lövhə artıq yol göstərmir — yaddaşın qapısını taybatay açır.

Azərbaycanın qarşısında bir yol uzanır: rəsmi latın əlifbasına toxunmadan, heç bir qarışıqlıq yaratmadan Göytürk yazısını ikinci mədəni yaddaş əlifbası kimi dirçəltmək, öyrətmək, yaşatmaq. Bu addım Azərbaycanı Türk dünyasında qədim yazı yaddaşını çağdaş şəhərə, məktəbə, turizmə, dizayna qaytaran öncül ölkəyə çevirə bilər.

 

Daşın yaddaşı, sözün canı

Göytürk yazısı sadəcə qədim işarələr yığını deyil. O, türk dövlət düşüncəsinin, el-budun anlayışının, törə duyğusunun, yurd sevgisinin daş üzərində donub qalmış nəfəsidir. Kültəkin, Bilgə Xaqan, Tonyukuk kitabələri bizə yalnız keçmişdən xəbər gətirmir — onlar türkün özünü necə anladığını, dövlətini necə düşündüyünü, xalqına necə səsləndiyini, dağılanda niyə dağıldığını, dirçələndə nəyə söykəndiyini hayqırır.

Bu yazının arxasında bir dövlət ağlı var. “El” var, “budun” var, “törə” var, “kağan” var, “yer-gök” var, “su” var, “Tengri” var. Burada təkcə hərf yoxdur. Burada bütöv bir dünya nizamı yaşayır — və o nizam min üç yüz ildir susmayıb.

Ancaq bu yazını sevmək onu əfsanəyə çevirmək demək deyil. Onu ucaltmaq üçün dəlilsiz sözə ehtiyacımız yoxdur. “Bütün dünya əlifbalarının qaynağı budur”, “hər daşdakı işarə mütləq Göytürk yazısıdır”, “bu yazı minillərlə gizlədilmiş sirr idi” — belə sözlər qulağa xoş gələ bilər. Amma elm belə işləmir. Bizim gücümüz nağılda, şişirtmədə deyil — gerçək dəyəri bilməkdədir.

Göytürk yazısı onsuz da qədim, onsuz da böyük, onsuz da dəyərlidir. Ona nağıl qiyafəsi geydirmək lazım deyil — o, çılpaq həqiqəti ilə belə kifayət qədər böyükdür.

Bu yazının klassik Orxon biçimi otuz səkkizə yaxın işarədən qurulur, az işlənən variantlarla bu say bir qədər də genişlənir. Amma onun əsl sirri rəqəmdə deyil — səsin daşa necə köçürüldüyündədir. Bugünkü latın əlifbası kimi hər zaman “bir səs — bir hərf” yolu ilə getmir; qalın və incə sait ahəngi yazının damarlarında qan kimi axır. Bəzi samitlər qalın saitli sözdə bir üzünü göstərir, incə saitli sözdə başqa üzünü. Bu, türkcənin öz nəfəs alma ritmini daşa həkk etmək cəhdidir.

Ona “runik” deyilməsi də çox vaxt yanlış anlaşılır. Bu ad onun Avropa runlarından doğduğunu göstərmir — sadəcə bucaqlı, kəsik, daş üzərində oymağa uyğunlaşmış görkəminə görə verilib. Göytürk yazısı Avropa runlarının kölgəsi deyil; çöl imperiyalarının öz gücü ilə yaratdığı, öz ayaqları üstündə duran bir dünyadır.

 

Qırılan körpülər

Biz türklər tarix boyu bir neçə dəfə yazımızı dəyişmişik. Bəzən din dəyişib, yazı onun arxasınca gedib. Bəzən siyasi güc dəyişib, əlifba da yeni sahibinin ayaq izini izləyib. Ərəb qrafikası, kiril qrafikası, latın qrafikası ayrı-ayrı çağlarda türk xalqlarının həyatına daxil olub, oturaqlaşıb. Hər dəyişikliyin öz zərurəti olub — bunu inkar etmək əbəsdir. Ancaq acı həqiqət budur: hər yazı dəyişikliyi bizi əvvəlki yaddaş qatımızdan bir addım daha uzaqlaşdırıb. Bir nəsil babasının məzar daşını oxuya bilməyib. Sonrakı nəsil ondan əvvəlkini büsbütün itirib. Beləcə yaddaşımızın körpüləri bir-bir dağılıb, aralarında görünməz uçurumlar yaranıb — o uçurumların dibində neçə-neçə söz, neçə-neçə hekayə yatıb qalıb.

İndi söhbət o körpüləri yenidən qurmaqdan gedir — əlifbanı dəyişməkdən deyil. Azərbaycan bugünkü rəsmi əlifbasını dəyişməməlidir; latın əsaslı yazı dövlətin, məktəbin, elmin, texnologiyanın nəbzidir, ona toxunmaq intihar olardı. Doğru yol başqadır: Göytürk yazısını rəsmi yazının yerinə yox, yanına — ikinci, amma daim danışan bir mədəni yaddaş qatı kimi — əlavə etmək.

Bu fikir Azərbaycan üçün göydən düşən yad bir şey deyil. 2006-cı ildə dövriyyəyə buraxılan 5 manatlıq əskinas “Ədəbiyyat və yazı” mövzusuna həsr edilmişdi. Onun arxa üzündə Azərbaycanın xəritəsi ilə yanaşı Qobustan qaya işarələri, Orxon-Yenisey əlifbası və Kültəkin daş kitabəsindən götürülmüş bir mətn parçası əbədiləşdirilmişdi.

Bu, təsadüfi bir imza deyildi. Göytürk yazısı Azərbaycan dövlət düşüncəsinə heç vaxt yad olmayıb — sadəcə hələ gündəlik həyatımıza, şəhər lövhələrimizə, məktəb dərsliklərimizə enməyib, cibimizdəki pulun üzərində səssizcə gözləyib. İndi vaxtdır o izi oyatmağın, yarımçıq qalmış xətti daha geniş, daha elmi, daha canlı şəkildə davam etdirməyin.

Bu yazı sənədin, bankın, qanunun əlifbası olmayacaq. Amma məktəbin, muzeyin, şəhərin, turizmin, dizaynın və Türk dünyası ilə qurulan bağların döyünən ürəyi ola bilər.

Dünya yaddaş yazısını necə diriltdiyini artıq dəfələrlə sübut edib. Çin yazısı minillər boyu dəyişə-dəyişə yaşadı — qədim işarələr muzeydə kilidlənmədi, dövlətin, məktəbin, sənətin, xəttatlığın damarlarında döyünməyə davam etdi. Bugünkü Çin yazısı ilkin biçimi ilə eyni deyil, amma yaddaş xətti bir dəfə də qırılmadı.

Yaponlar Çin işarələrini götürüb öz dillərinə uyğunlaşdırdılar: kanji ilə məna qatını qoruyub saxladılar, hiragana və katakana ilə öz dillərinin nəfəsini yazıya köçürdülər. Koreyalılar başqa yol seçdilər — XV yüzillikdə Hangul kimi sadə, ağıllı, xalqın öz səsindən doğan bir yazı yaratdılar. İvrit isə əsrlərlə dini mətnlərin qaranlığında yatdı, sonra məktəbin, ailənin, qəzetin, dövlət siyasətinin əli ilə yenidən gün işığına, danışıq dilinə oyandı.

Bu örnəklərin hamısı bizə eyni həqiqəti car çəkir: kül altında qalan köz heç vaxt tamamilə sönmür — doğru əl toxunanda yenidən alovlanır.

 

Bəs Azərbaycan nə edə bilər?

Əvvəlcə Göytürk yazısı üzrə ciddi bir elmi mərkəz qurulmalıdır. Bu mərkəzdə təkcə tarixçilər yox, türkoloqlar, dilçilər, epiqraflar, paleoqraflar, dizaynerlər, rəqəmsal şrift mütəxəssisləri, proqramçılar, təhsil və turizm nümayəndələri çiyin-çiyinə çalışmalıdır. Çünki bu iş sadəcə daşdan keçmişi oxumaq deyil — o daş kitabələri bugünkü şəhərə, telefona, dərsliyə, uşaqların gündəlik dünyasına köçürməkdir.

Çağdaş Azərbaycan türkcəsində bu yazının necə işlədiləcəyi elmi əsaslarla müəyyənləşdirilməlidir. Dilimizdə “ə”, “f”, “v”, “h”, “x”, “j”, “c” kimi səslər var, qədim Orxon yazısı isə başqa bir səs dünyasına aid idi. Ona görə yeni hərflər uydurmaq yox, tarixi köklərə söykənən, çağdaş ehtiyaca cavab verən bir sistem qurmaq lazımdır.

Bu iş yalnız elmi məqalələrlə bitmir. Şriftlər yaradılmalı, klaviatura düzəni qurulmalı, mobil tətbiqlər, uşaqlar üçün interaktiv platformalar hazırlanmalıdır. Şəhər adlarının, şəxs adlarının yazılış qaydası vahid bir bazada toplanmalıdır — yoxsa nizam yerinə xaos gələr, xaos isə hər cəhdi yerlə-yeksan edər.

Sonra seçilmiş şəhərlərdə ilk toxumlar əkilə bilər: bu yerlər hər biri ilk lövhələrini qaldıra bilər, ilk pıçıltısını dünyaya çatdıra bilər.

Bu, Azərbaycan turizmi üçün nadir bir imkandır. Çünki turist yalnız bina görmək istəmir — o, fərq axtarır, hekayə axtarır, yaddaş axtarır. Parisin Eyfeli, Yaponiyanın kanjisi, Koreyanın Hangulu, Çinin xəttatlığı necə vizual kimlik yaradırsa, Azərbaycanın da Göytürk yazısı ilə quracağı mədəni məkanlar yaddan çıxmayan bir izə çevrilə bilər.

Bir gün dünya mediasında belə bir xəbər yayıla bilər: “Azərbaycan Göytürk yazısını mədəni yaddaş əlifbası kimi şəhər lövhələrinə və məktəb proqramlarına gətirir.” Bu xəbər Türk dünyasında dalğa-dalğa yayılar. Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda insanlar bunu ortaq kökə qayıdış kimi qarşılayar. Lövhələrin şəkilləri sosial şəbəkələrdə süzülər, gənclər adlarını bu yazı ilə yazmağa həvəslənər, dizaynerlər yeni layihələrə əl atar.

Təhsildə isə ehtiyatlı yanaşma lazımdır. Bu yazı uşaqlara ağır dərs kimi yox, oyun, kəşf, sirr kimi təqdim olunmalıdır. Uşaq sadə sözləri tanıyanda, öz adını bu işarələrlə yazanda, təkcə hərf öyrənmir — kök duyğusu qazanır, ayaqları altında min illik torpaq hiss edir.

Bu işin ən böyük təhlükəsi saxta romantikadır. Elmi əsassız dirçəliş yazını şişirtmələrin, yanlış iddiaların qurbanına çevirə bilər. Hər işarəni Göytürk saymaq, hər daşda sirr axtarmaq ciddiyyət deyil — bu, sevginin adı altında gizlənən səthiliyin özüdür. Bizə hay-küy yox, səbrli, dəqiq, elmi əsaslı bir yanaşma lazımdır.

Azərbaycan bu addımı atsa, “əlifbasını dəyişən ölkə” kimi deyil, “əski yazı yaddaşını yenidən həyata qaytaran ölkə” kimi tanınar. Bu isə böyük fərqdir. Biz rəsmi yazımızı dəyişmirik — sadəcə yaddaşımıza ikinci bir qapı açırıq.

Göytürk yazısı Azərbaycan şəhərlərində görünəndə bu, təkcə keçmişə baxış olmayacaq — gələcəyə göndərilən aydın bir mesaj olacaq: biz kökünü tanıyan, amma onu mifə çevirməyən bir xalqıq.

Qoy bu yazı sadəcə bəzək kimi qalmasın. Onu oxuyaq, öyrədək, yaşadaq, dünyaya car çəkək. Çünki yazılar da insanlar kimidir: oxunmayanda susur, öyrədiləndə danışmağa başlayır, işlədiləndə həqiqətən yaşayır — ölmür.

Azərbaycan bu yazını yenidən Türk dünyasına qazandıran ölkə ola bilər — daşın üstündən keçən küləyin min üç yüz ildir apardığı pıçıltını sonunda eşidən, sonunda cavab verən ölkə...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Öncələrdə ermənilərin başında durmuş Robert Köçəryasnın anası erməni olsa da, əsl atası azərbaycanlıdır. Yeri gəlmişkən, bəzi erməni saytları bunu çoxdan yazır. Bu əhvalatı köhnə Daşkəsən əhli hamısı bilir, mən də onların dilindən danışıram...

 

Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub. Anası Emma Ohanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qadın olub. Bunu Daşkəsənin Maarif şöbəsinin müdiri (milliyətcə azərbaycanlı, əslən gəncəlidir) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci idə ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib...

Qərəz, Emma Ohanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif şöbəsinin çolaq sürücüsü Sedrak Köçəryan olur. Gələcək Ermənistan prezidenti bu erməninin soyadını daşıyır...

Amma daşın, divarın da qulağı var, deyirlər. Məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azərbaycanlı) əvvəl gənc müəllimə Emma Ohanyanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, Maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...

 

Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar indi də sağdır və bir şəklin iki surəti kimi Robertə oxşayırlar.

Emma Ohanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedrakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni - azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 88-89-cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Qarabağa, Xankəndinə gedir.

Burda Robert Köçəryana yeni həyat dastanı yazılır...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gündən etibarən 3 gün ardıcıl sizlərə Mübariz Cəfərlinin 3 hekayəsi təqdim ediləcək.

Birinci hekayə “Başsızlar” adlanır.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

                                   

MÜBARİZ CƏFƏRLİ

 

BAŞSIZLAR

                   

Tarakanlara

 

          Yaxşı deyiblər ki, qapını bağlı saxla, qonşunu oğru bilmə. Mən bu deyimi dəyişdirmişəm bir az. “Mətbəxini təmiz saxla, tarakanlarda günah görmə”. Düzdü, adətən, tarakanlar isti yerlərə meyillidi, ancaq yemək tapmasa, gəldiyi yeri tərk  eləyib gedəcək...

          Beş-on il qabaq sınıqçı Kazımın yasına balaca qardaşı gəlmişdi şəhərdən. Demə, kişinin, rəhmətlik Kazımın qardaşını deyirəm, paytaxtda yaxşı adı-sanı varmış, tanınmış  həşərat, böcək alimi... Gülmə, gülmə, məclisdə adamlar seyrələndə gəlib otururdu mənim yanımda, dozanqurdudan, çərtikədən tarakandan elə maraqlı şeylər danışırdı ki, heyrətdən əlim ağzımda qalırdı. Nədənsə mən binadan iyrənirəm tarakandan. Ələlxüsus, sarımtıl tarakandan... Kənd adamıyam da, ilan, qurbağa, min cür həşərat vecimə deyil, fəqət, təsadüfən tarakan bədənimə dəydi, tüklərim biz-biz olur, ətim ürpəşir. Ancaq Kazımın qardaşının dediyinə görə, tarakanların da öz aləmləri, neçə min növü varmış. Təxminən üç  yüz milyon il qabaq yaranıbmış yer üzündə tarakanlar. Kazımın qardaşı belə deyəndə mən güldüm: “Alimlər onu necə sübut eləyiblər?” O da qaşlarını çatıb armudu stəkandakı çaydan bir qurtum aldı: “Molla, heç nə elə-belə deyilmir, indiyəcən tarakanlardan yüzlərlə kitab yazılıb”.  “Elədi, – razılaşdım, – hər şeyin öz xiridarı var”. Söhbət qızışdı, Kazımın qardaşı qayıtdı ki, bilirsənmi, a molla, tarakanlar çox dözümlüdü, indiyəcən atom sınaqları keçirilən yerlərdə bitdən-sirkəyəcən hər şey məhv olub gedir, tarakanlardan başqa...Tarakanlar nüvə silahının yaratdığı dağıdıcı şüalanmanı vecinə almayıb rahatca yaşayır. Həm də tarakanlar başsız bir neçə həftə yaşaya bilir, çünki tarakanlar qarınlarının yanındakı boşluqla nəfəs alır. Mən zarafata saldım: “Elə nəfsi ağlına üstün gələn adamlar da tarakan kimi ömür sürürlər”. Bu dəfə o, köksünü ötürüb razılaşdı, pıçıltıya keçib suçlu kimi özünə haqq qazandırdı: “Haqlısan, indi vəzifə adamları da qarnı ilə düşünür, qarnı ilə nəfəs alır, qarnı üçün yaşayır, amma mənim elələri ilə alış-verişim yoxdu, elm adamıyam mən, akademiyada işləyirəm, sakitcə  başımı aşağı salıb öz işimlə məşğulam, dolanışığım da... – sözünə ara verdi. – Yumşaq desəm, çətindi”, – yəqin, yazıq elə zənn eləmişdi ki, onu nəzərdə tuturam. “Darıxma, – dedim, – dünyanın malı dünyada qalır, heç kəs özü ilə heç nə aparmır, yığılan da hər zaman yadlara qismət olur, yığılan yadındı, buna başqa söhbət ola bilməz, məxlugun yığdığını yaxınları yox, qismətinə yazılan xərcləyir”. Gördüm həmsöhbətimin kefi pozulub –  onsuz da qardaşının ölümü yaman yer eləmişdi ona – haçansa, hardasa eşitdiyim bir lətifə danışdım. Tarakanlardan...

          Deyirlər, birinin evində o qədər tarakan varmış ki, adam başını itiribmiş, nə illah eləyirmişsə, bu iyrənc həşəratların axırına çıxa bilmirmiş. Nəhayət, gecənin bir aləmi yuxudan oyanıb qışqırır: “Tarakanlar!.. Başçınızı yanıma göndərin, sözüm var”. Tarakanların başçısı gələndə ev sahibi deyir: “İllərdi mənim evimdə rahat yaşayırsız, amma qonşunun tarakanları mənə saymazlıq eləyir, göz yumursuz, günü sabah gedin qonşudakı tarakanlarla müharibəyə, onları cəzalandırın, qırın, kökünü kəsin”. Ev sahibinin fikri bu imiş ki, beləcə, tarakanlar bir-birini qırar, o da bu həşəratlardan qurtular. Ancaq ertəsi görür ki, müharibəyə gedən tarakanlar azalmaq əvəzinə artıb, əvvəlkindən də çoxdu. Ev sahibi təəccüblə tarakanların başçısından soruşur: “Belə niyə, bu nə təhər olur?” Tarakanların başçısı qürrələnir: “Qırdığımızı qırdıq, sağ qalanları da əsir götürdük”. Bunu danışdım, Kazımın qardaşının qırışığı açıldı, qımışdı.

          Sən görmüşdün Kazımın qardaşını? Yox?! Hardan görəsən, sən adam arasına çıxıb xeyrə-şərə gedən deyilsən axı... Xətrinə dəyməsəydi, “gedən” əvəzinə “yarıyan” deyərdim. İş tapanda işləyirsən, tapmayanda həyətindəki itlərlə, pişiklərlə başını girləyirsən. Cavan olsan da, kərpickəsən kişi kimi adamlardan qaçırsan, təkliyi, tənhalığı xoşlayırsan.

          Ancaq yaxşı, abırlı adam idi rəhmətlik Kazımın qardaşı. Mənə verdiyi yas pulunun da yarısını qaytardım özünə. Götürmürdü yazıq utandığından, güclə basdım cibinə ki, sözümə qulaq as, hələ çox xərcin çıxacaq sənin, mən bu kəndin ağsaqqalıyam, yeri behişt olsun, sənin rəhmətlik qardaşınla da salam-əleyküm var idi, pulu  götürməsən, mən də inciyərəm, sənin qardaşının ruhu da”.

          Fəqət qardaşı öləndən, deyəsən, day yolu düşmür bu tərəflərə. Hər halda, kəndə gəlsəydi, mən xəbər tutardım. Nə olar, neynək, ölübsə, Allah rəhmət eləsin, sağdısa, işi avand olsun, elə diriyə də rəhmət düşür...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

                                                                        

 

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Bir müddət idi ki, seçmə hekayələr “Ədəbiyyat və incəsənət” portalınada yayımlanırdı. Ötən həftədən etibarən mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim edilir.

 

3-CÜ YER

HƏMİD PİRİYEV

“MÜJDƏ”

 

Qədim-qədim zamanlarda, ötmüş-keçmiş əyyamlarda yer üzündə ancaq adamlar vardı, amma yuxu və ölüm yox idi. Adamlar ov edirdilər, yeyirdilər, amma yatmırdılar, yaşayırdılar, amma ölmürdülər. Bir gün adamlardan biri yerə uzanıb yatdı. Həmin adamın üzündə rahatlıq var idi, gülümsəyirdi, mışıl-mışıl yatırdı, hərdən də yüngülcə xoruldayırdı. Adamlar ona baxırdılar, amma yaxınlaşmağa, ona toxunmağa qorxurdular, çəkinirdilər. Çünki yatmağın nə olduğunu bilmirdilər. Xeyli keçəndən sonra yatan adam oyandı. Qollarını açıb ləzzətlə gərnəşdi. “Heç vaxt belə dincəlməmişdim”, – dedi. Adamlar gedib şamanı çağırdılar. Şaman ocaq qaladı, təbil çala-çala ocağın ətrafında dövrə vurdu, axırda huşunu itirib yıxıldı. Özünə gələndən sonra dedi ki, o adam yatmışdı, bu yuxudu, siz də yatın. O vaxtdan hamı yatmağa başladı. O vaxtdan yer üzünə yuxu gəldi. Yuxu gecəni özünə götürdü, gündüzü adamlara verdi. Amma yuxu tək gəlməmişdi, özüylə ölümü də gətirmişdi. Bir gün bir qoca kişi yıxılıb öldü. Adamlar elə bildilər yatıb. Amma kişinin gündüz vaxtı yatmağı onlara qəribə gəldi. Yatmaq üçün gecə var, gündüz yatmaq nəyə lazım? Kişini səslədilər, hay vermədi, oyatdılar, oyanmadı. Adamlar gedib şamanı çağırdılar. Şaman ocaq qaladı, təbil çala-çala ocağın ətrafında dövrə vurdu, axırda huşunu itirib yıxıldı. Özünə gələndən sonra dedi ki, o adam ölüb. Siz də öləcəksiniz. Hamınız öləcəksiniz... Bu rəvayət Qam Ğanın danışdığı axırıncı şey oldu. Qam Ğan bu rəvayəti danışandan sonra ocağın ətrafında təbil çala-çala dövrə vurdu, huşunu itirib yıxıldı, bir də ayılmadı. Bayındır bir həftəlik yuxuya gedəndə Qam Ğanın ölümündən beş il keçmişdi. Bayındır on dörd yaşlı, cüssəli, biləyi güclü, üzü təzə-təzə saqqal gətirən yeniyetmə olmuşdu. Yaşı az olsa da, mahir ovçu sayılırdı. Hələ ovdan boş qayıtdığı olmamışdı. Artıq qəbilə camaatı ona tək Qam Ğanın oğlu olduğuna görə yox, həm də əli gətirən ovçu kimi hörmət edirdi. Bayındır bir gün hazırlaşıb ova getdi. O, adətən, ova tək gedirdi. Həmişə ov ovlayəb quş quşladığı meşəyə az qalmış bulağın yanında oturub dincini almağa başladı. Sərin bulaq suyundan içib əl-üzünü yuyandan sonra yastı qayalardan birinə söykənib uzandı, yuxu onu apardı. Ayılanda uzaqda bir adam gördü. Amma adamı yuxuda, yoxsa doğrudan gördüyünü anışdıra bilmədi. Adamın görkəmi qəribə idi, buraların adamına oxşamırdı. Bayındıra maraqlı gəldi, durub adamı izləməyə başladı.

Adam qabaqda, Bayındır dalınca günlərlə getdilər. Bayındır bilmirdi hara gedirlər, qarasına adamın dalınca düşmüşdü. O hara getsə, Bayındır da gedirdi. Çalışırdı özünü bəlli etməsin. Adamın hərəkətləri də görkəmi kimi qəribə idi. Yaşayış yerlərinin yanından keçirdi, amma heç vaxt adamlara yaxın getmirdi, qəbilələrdən uzaq dolanırdı. Qəbilə yurd salan yerlərin yaxınlığındakı bulaqların, kəhrizlərin yanındakı qənbərlərdən hamarını seçirdi, ucu sivri balaca daşla qənbərin üstündə əyri-üyrü xətlər cızırdı, qənbəri suyun yanında qoyub gedirdi. Adam hər dəfə üstünü cızdığı qənbəri qoyub uzaqlaşandan sonra Bayındır gəlib baxırdı. Qənbərlərin üstündəki cızıqlar bir-birinə oxşayırdı, amma eyni deyildilər. Fəsil dəyişdi, havalar soyumağa başladı. Artıq Bayındırın əynindəki paltar onu soyuqdan qorumurdu. Elə özü də bu qaçdı-qovdudan yorulmuşdu. Bir dəfə adam bir bulağın yanında oturub qənbərin üstünü cızanda Bayındır onun yanına getdi, oturub kürəyini qayaya söykədi. Adam başını qaldırıb ona baxsa da, heç nə demədi, yenə başını aşağı salıb işinə davam elədi.

– Neynirsən?

 Bayındır soruşdu.

– Yazı yazıram, – adam dedi.

– Yazı nədi?

Bayındır soruşdu.

– Yazı yaddaşdı, – adam dedi.

– Cızdığın daşları görmüşəm, heç nə başa düşməmişəm, – Bayındır dedi.

– Haçansa başa düşənlər tapıb oxuyacaq, – adam dedi.

Adamın qənbəri cızmağına baxa-baxa Bayındırı yuxu apardı. Oyananda adam yox idi, Bayındırın yanında üstü cızıqsız hamar qənbər qoyub getmişdi. Bayındır qənbərə əl vurmadı, durub öz qəbiləsinə qayıtdı. Görənlər ona təəccüblə baxırdı, Bayındır birinci dəfəydi ovdan bir neçə ay sonra, özü də əliboş qayıdırdı. Görən-görən ondan nəsə soruşurdu, amma Bayındır heç kimi eşitmirdi. Birbaş öz alaçıqlarına getdi, anasının təəccüblü baxışları altında uzanıb yatdı. Yuxuda Bayındırı qızdırma basdı. Bayındır titrədə-titrədə, sayıqlaya-sayıqlaya bir həftə yatdı, özünə gəlmədi. Yatmağının dördüncü günü adam göndərib qonşu qəbilənin şamanını çağırdılar. Şaman böyük ocaq qalatdırdı, üç gün-üç gecə ocağı sönməyə qoymadı. Üç gün dayanmadan təbil çalıb ocağın ətrafında dövrə vurdu, uğuldadı, ruhları çağırdı. Bayındırın yatmağının yeddinci, özünün bura gəlməyinin üçüncü günündə axşam şamanın əlləri yanına düşdü. Taqətsiz yerə çöküb qəbilə başçısına dedi:

– O dünyanın qapısı bağlıdı. Nə özüm gedə bilirəm, nə də ruhları çağıra bilirəm. İndiyəcən belə şey görməmişdim. Bu vaxt Bayındırın anası alaçıqdan çıxıb oğlunun ayıldığını dedi. Qəbilə başçısı ilə şaman tez alaçığa girdilər. Bayındır yerinin içində oturub key-key yan-yörəsinə baxırdı.

– Mən hardayam? Mənə nə olmuşdu?

 Bayındır soruşdu.

– Evindəsən. Bir həftədi xəstə yatırdın, – qəbilə başçısı dedi. – Yuxuda nə gördün? – şaman soruşdu.

 – Heç nə.

Bayındır dedi.

– Heç nə. Şaman Bayındırın yanında çöküb başını aşağı saldı, uzun müddət fikirləşdi, heç nə demədi. Uzun müddət qəbilə başçısı Bayındıra, Bayındır şamana, şaman isə yerə baxdı. Axırda şaman başını qaldırdı:

 – Sənin qismətin bəlli olur, Qam Ğanın oğlu. Ya şaman olacaqsan, ya başçı. Səfərə çıxmalısan, – dedi.

– Nə səfər?

 Bayındır soruşdu.

– Tale yolu səfərinə. İndi dediklərimə yaxşı qulaq as, hamısını bircə-bircə yadında saxla. Sabah səhər açılan kimi yola düş. Piyada get, qismətini at ayaqlarının tappıltısı ilə səksəndirmə. Yeddi düzənlik keçib altı dağ aşandan sonra meşə görəcəksən. O meşədə ağ marallar yaşayır. O marallardan birini öldürüb dərisindən təbil düzəltməlisən. Meşədən o tərəfdə yeddinci dağ ucalır. O dağın zirvəsində şahinlər yuva salıb. O şahinlərdən birini tutub sol qanadından bir lələk çəkməlisən. Amma şahini öldürmək olmaz. Təbillə lələyi hazır eləyəndən sonra yeddinci dağa çıx, zirvəyə az qalmış mağara var. O mağaraya girib ocaq qala, şahinin lələyini ocaqda yandırıb təbili çalmağa başla.

– Bəs sonra?

Bayındır soruşdu.

 – Sonrası sənin qismətindi, – şaman bunu deyib getdi. Səhər açılan kimi Bayındır yola düşdü. Yeddi düzənlik keçib altı dağ aşdı, şamanın dediyi meşəyə çatdı. Ucu-bucağı bilinməyən bu meşədə ağaclar çox hündür idi, o qədər hündür idi ki, başları görünmürdü, kölgələrindən gündüz də gecə kimi qaranlıq olurdu. Bayındır adam ayağı dəyməyən heyvan cığırlarıyla meşəni dolaşmağa başladı. Günlərlə gəzdi, ayı gördü, canavar gördü, tülkü gördü, çöl donuzu gördü, xallı maral gördü, axırda ağ marallara rast gəldi. Oxunu yaya çəkib marığa yatdı. Amma bu marallar hər xışıltıdan səksənib qaçırdılar, qaçmaqları oxdan sürətli idi. Bayındırın atdığı oxlar onlara çata bilmirdi. Bayındır günlərlə maral sürüsünün dalınca düşdü, axırda birini vura bildi. Maralın dərisini soyub günün altında qurutdu, aşılayıb təbil düzəltdi. Meşədən çıxıb yeddinci dağın ətəyinə gəldi. Bu dağ keçdiyi altı dağdan daha uca, daha əzəmətli idi. Havada fırlanan şahinləri gözü kəsdirdi. Şahinləri güdməyə başladı. Gördü ki, şahinlər gündə bir dəfə zirvədən enib yem axtarırlar. Bayındır dağın ətəyindəki yamacda özü dərinliyində çuxur qazdı, çuxurun ağzını nazik budaqlarla hördü, budaqların üstünə ot döşədi. Dovşan tutub ayağından nazik çatı ilə çuxurun yanında yerə çaldığı budağa bağladı. Çuxura girib gözləməyə başladı. Birinci gün şahin gəlmədi. İkinci gün şahin gəlmədi. Üçüncü gün bir şahin yamacın üstündə dövrə vurub qıy çəkdi. Şığıyıb bir dimdik zərbəsiylə dovşanın başını parçaladı, leşini dimdikləməyə başladı. Bayındır təbildən artıq qalan dərini doladığı əllərini budaqların arasından çıxarıb şahinin ayaqlarından yapışdı. Çuxurdan çıxdı, əlindəki şahin üzünü dimdikləmək istəyəndə Bayındır hirsləndi, əl atdı bıçağına, amma şamanın sözü yadına düşdü. Şahinin sol qanadından bir lələk çəkib özünü havaya buraxdı. Şahin yenə yamacın üstündə dövrə vurdu, uçub zirvəyə qalxdı. Bayındır təbillə lələyi, bir də bir neçə quru budaq götürüb dağa çıxmağa başladı. Zirvəyə az qalmış mağaranı gördü. Mağaranın girişi dar, alçaq idi, Bayındır əyilib içəri keçdi. Gətirdiyi budaqları sındırıb ocaq qaladı, şahinin lələyini ocağa atdı. Lələk çırtıldayıb yanandan sonra təbili çalmağa başladı.

Tam-tam-tam... Təbili şaman kimi aramla, ahənglə çalırdı. Tam-tam-tam... Gündüz keçdi, gecə oldu, Bayındır isə çalmağa davam edirdi. Tam-tam-tam... Səhərə yaxın mağaranın dərinliyindən xışıltı eşidildi. Xışıltı getdikcə yaxınlaşdı, ayaq səslərinə çevrildi. Hardansa iri, gonbul bir arvad peyda oldu. Arvad gəzdikcə iri, sallaq döşləri yellənirdi. Bayındır onu görəndə heyrətdən və qorxudan əlləri boşalıb yanına düşdü. Arvad gəlib Bayındırın qabağında dayandı. – Gəldin, Qam Ğanın oğlu. Səni gözləyirdim. Sənə bir həftəlik yuxunu mən göndərmişdim. O yuxu mənim müjdəm idi. Amma özüm yuxuna gəlmədim. Məni yuxusunda görənlər, döşümdən süd əmənlər şaman olur. Sən şaman olmayacaqsan. Sənin qismətin xanlıqdı. Sən xanlar xanı olacaqsan. Arvad təbili Bayındırdan alıb qılınc verdi. – Get, – dedi. – Taleyinə get. Bayındır qılıncı götürüb mağaradan çıxdı. Dan sökülürdü. Altıncı dağın zirvəsindən yarısı görünən günəşin şüaları Bayındırın üzünə düşüb gözlərini qamaşdırdı. Bayındır artıq bilirdi nə etmək lazımdı. Əvvəlcə adamın onun üçün bulaq başında qoyduğu cızıqsız hamar qənbərin dalınca getməliydi...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Habil Yaşar,

Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Növbəti təqdimatda Bayramlı Məhəmməddir. Ədəbi təxəllüsü Signor olan Bayramlı Məhəmməd 24 mart 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Avrasiya Universitetində Tərcümə (ərəb dili) ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə Biznesin idarə edilməsi (turizm və otelçilik) ixtisası üzrə magistr təhsili almışdır. Hazırda yazarlıqla birgə tərcüməçi kimi fəaliyyət göstərir.

O, “Bakirə”, “Samuray” və “Tanrıdan soruş” romanlarının, həmçinin “Xəyalların kölgəsində” hekayələr toplusunun müəllifidir.

 

Müəllifin “Rüqəyya” adlı hekayəsini sizlərə təqdim edirəm...

 

BAYRAMLI MƏHƏMMƏD,

“RÜQƏYYA”

 

Sənə vəd edilən həyatın bir əmanət olduğunu unutduğun gün, ruhun bir oyuncağa çevriləcək və sən onların əlində zülmətə doğru sürüklənəcəksən...

         

Biz ailədə üç uşaq idik. Böyük qardaşım müharibədə həlak olandan bəri evimizə çökən kədər ailəmizi məhv olmağa doğru aparırdı. Atam mən hələ üç yaşımda olanda itkin düşmüşdü. Onun üzünü belə xatırlamırdım. Nənəm hərdən atana oxşayırsan deyəndə nəyi nəzərdə tutduğunu anlamaqda çətinlik çəkirdim. Görəsən xasiyyətimi deyirdi ya görünüşümü? Anam hərdən üzümə uzun-uzun baxanda bunu atama oxşamağıma yozurdum. Bir dəfə də ev işlərini yekunlaşdırıb, küncdəki divana oturanda yaylığını başından açıb alnının tərini sildi və mənə gülümsəyərək “Akif” deyə səsləndi. Ona su gətirməyimi istədi. Qaçıb mətbəxdən bir stəkan su gətirib ona uzadıb dedim:

- Buyur ana. Çox yorulmusan deyəsən.

- Həəəəə- ancaq indi mənim kim olduğumu anlamışdı. Stəkanı əlinə alıb, bir nəfəsə içdi və dərin bir nəfəs alıb, gözünü tavana zillədi. Mən əlindəki stəkanı alıb döşəməyə qoydum və yerə çöməldim. Qabar-qabar olmuş əllərindən tutub, bir müddət onu seyr elədim. Təqribən on dəqiqə hərəkətsiz qaldı. Əgər əlləri əlimdə olmasaydı, nəfəs alarkən asta-asta enib-qalxan sinəsini görməsəydim, yəqin ki, onun öldüyünü düşünərdim. Bəlkə də, o gün Tanrıya qarşı üsyan edən bəndələrdən biri olardım. Əgər anamı da alsaydı əlimdən, bəlkə də Tanrının mənə qarşı nə qədər qəddar olduğunu düşünərək, hətta onun varlığına da şübhə ilə yanaşardım. Axı mən də insanam. Möcüzələrlə inandığımız Yaradanın varlığına şübhə etmək üçün xüsusi bir şeyə ehtiyacımız olmur. Əslində heç şeytana da ehtiyac yoxdur. Adicə biri qayıdıb desə ki, mən Ona inanmıram, qarşısındakı da öz inancına şübhə ilə yanaşmağa başlayır. Bəzən heç bu da lazım olmur. Otaqda təklikdə oturub divara baxanda ağlına gələn “olum və ölüm” barədəki düşüncələr də bəs edir ki, sən həyatı və sənə öyrədilən bütün “həqiqətləri” sorğulayasan. Allah və bəşəriyyətə göndərilən peyğəmbərlər, ruhanilər, mələklər, hekayənin mənfi obrazı olan Şeytan. Bütün bunlar sənə kiminsə uydurduğu roman kimi görünür. Halbuki sən uşaq olandan sənə bunların həqiqət olduğunu öyrədirlər. Ailən sənin əxlaqlı, namuslu və inanclı bir uşaq olmağın üçün çabalayır. Ta ki, sən fəlsəfəylə tanış olana qədər. Üzünü belə görmədiyin filosofların dedikləri sənə məntiqli görünməyə başlayır. Daha sonra fəlsəfə müəllimi də başlayır səninlə oyunlar oynamağa. Bir də görürsən ki, qəlbindəki inancdan əsər-əlamət qalmayıb. Sən də digər insanlar kimi artıq dindən danışılan yerlərdən uzaq durmağa başlayırsan. Allahın adını çəkib, pul dilənənlərə ikrahla baxırsan. Təbii ki, bütün bunların günahkarı nə fəlsəfə, nə də ki şeytandır. Bütün bunların yeganə günahkarı sən və qəlbində ört-basdır elədiyin qorxularındır. Sən bəlkə də sadəcə Tanrının varlığına inanmaqdan qorxursan. Çünki, yaxşı bilirsən ki, əgər O varsa, sənin ona layiq bir bəndə olmadığını bilir. Sənin özün də bunu yaxşı bilirsən. Ancaq hələ də bundan qurtulmaq üçün bir cəhd göstərmirsənsə, deməli artıq ruhun məhv olmağa doğru gedir...

- Bu gün 16 il tamam olur. – anamın səsi məni düşüncələrimdən ayıranda, artıq tavana yox, mənə baxdığını gördüm. Özümü gülümsəməyə məcbur edərək, dedim:

- Nənəm demişkən, kişisizlik səni yaman qocaldıb. Elə bil, 16 il yox 60 il keçib üstündən. Arada saçının ağaran hissələrinə rəng vur da, zalım qızı.

- Ə, küçük. Mənlə məzələnirsən? – gözünü qısıb, sifətini turşutdu. Yüngülcə yanağıma bir şillə çəkdi. Daha sonra gülümsəyib, sözünə davam elədi: - Deyəsən, artıq yaşamadığına inanmaq lazımdır.

- Həəə. Elədir. – deyib, gözümü onun yaylığına zillədim. Rəngi solmuş yaylıq rəhmətlik nənəmdən qalmışdı. Anam onu ən dəyərli xəzinəsi hesab edirdi. Hər gəlinə nəsib olmurdu qayınanasının yaylığını bağlamaq. “Öləndə ovcuma basıb, mənə əmanət elədi” deyir, yatanda belə yanından ayırmırdı onu. Anam güclü qadın idi. Atamın itkin düşməyinə, nənəmin ölməyinə (qonşular buna sevindiyini desələr də, mən bilirdim ki, bu belə deyil. Hər səhər üzünü yaş dəsmalla silsə də, altını təmizləyib, yemək yedirsə də, ondan bezmir, həmişə gülərüz olurdu nənəmin yanında. Bilirdim ki, anam bunları ürəkdən eləyir), qardaşımın müharibədə həlak olmağına dözmüşdü. Məni bir təhər də olsa böyütmüş, oxumağım üçün əlindən gələni etmişdi. Mən ona “Tomris Ana” deyirdim. Bilirdim ki, mənə kimsə xətər yetirmək istəsə, onu Kir kimi qanla doyuzdurar... Qardaşımın nəşi həyətimizə gələn günü, mən heyvanlar üçün ot yığmaqdan gəlirdim. Darvazanın ağzında dayanan insanları görəndə, arabadan düşüb cəld evə qaçdım. Eşşəyimiz yolu onsuz da əzbərə bilirdi. Arxayın idim ki, ardımca o da içəri gələcək. Elə darvazanın iki addımlığına çatmışdım ki, arvadların qışqırtısı aləmi bürüdü. Adamları yarıb içəri girəndə bayrağa bükülmüş tabutu gördüm. Qonşuluqdakı arvadların saçını yolub, ax-vay eləməyindən başa düşdüm ki, artıq bir qardaşım yoxdur. Qəribə idi. Əgər onu itirsəm həyatım məhv olar deyə düşünürdüm. Ancaq həmin gün heç bir şey hiss eləmirdim. Elə bil ki, həyətin ortasında yatan qardaşım Əsəd deyildi. Sanki, yoldan keçəndə insanların toplaşdığını görüb, marağa soxulmuşdum aralarına. Həmin vaxt özümü qansız, duyğusuz biri olaraq görürdüm. Ancaq anamın da ağlamadığını görəndə, bir az da olsa rahatladım.  Anam arvadların arasından aralanıb, qardaşımı gətirən əsgərlərə doğru yaxınlaşıb, üzlərinə sığal çəkərək, dedi:

- Acsınız bala? Gəlin bir qismət çörək yeyin.

- Ay arvad, dəli olmusan? – qapıbir qonşumuz Fatma xala ayağa qalxıb, dedi.

- Başına hava gəlib ay qız? – digər qadınlar da ona qoşuldular.: - Uşağın ölüb e. Oğlun yerdə yatır.

- Yerdə yatanı sizdən yaxşı tanıyıram. Onu qarnında mən gəzdirmişəm siz yox. Ona Əsəd adını boş yerə qoymamışdım. Aslan kimi yaşadı, aslan kimi öldü. Əsədim ölüb, amma bir oğlum daha var. Lazım gəlsə o da gedəcək döyüşə. Siz mənim dərdimi çəkməyin. Ondansa durun çay-çörək hazırlayın. Uşaqlar acdılar. Bir qismət çörək yesinlər. Hələ müharibə bitməyib. Taqətləri olsun. Hə mənim balalarım? Əsədimin amanatısınız. – deyib, balacaboy əsgərin üzündən öpdü, bağrına basdı. Həmin gün anladım ki, nə olursa olsun anam həmişə öz ayaqlarının üzərində dayanacaq. Heç nə onu yıxa bilməzdi...

Məktəb vaxtı müəllimim həmişə nitqimin rabitəsiz olmağından şikayətlənərdi. Gah oradan, gah da buradan danışardım. Hələ də bu vərdişi tərgidə bilmirəm. Nə danışdığımı unutmamaq üçün qeydlər aparsam da xeyri olmur. Bəzən bu xasiyyətimə görə insanlar danışdıqlarımın mənasız olduğunu düşünür və məndən uzaqlaşırlar. Buna görə də, bildiklərimi yazıya köçürmək qərarına gəldim. Əgər səbri çatıb axıra qədər oxuyan olsa, mütləqdir ki, maraqlı nəsə tapacaq. Ya da sadəcə məni söyəcək ki, həyatından boş yerə dəqiqələr oğurlamışam. Ancaq mən başımdan keçənləri yazmaqla həm ailəmə, həm də bizdən sonrakı nəsillərə olan borcumu ödəyəcəyimi düşünürəm. Bildiyim bütün pafoslu cümlələri istifadə etdiyim üçün hər kəsdən üzr istəyirəm...

Qardaşımın ölümünü rahatlıqla qəbul edən anam, atamın yaşadığına olan ümidini düz 16 il itirməmişdi. Onun fikrini dəyişdirən nə idi görəsən? Qardaşımın ölümündən hələ 11 ay keçmişdi. Müharibə hələ davam edirdi. İçərisində oturduğumuz bu evin həyətində patlamamış 7 mərmi vardı. Evin aynabəndi qəlpə izləri ilə dolu idi. Üç ay idi ki, döyüşlər bizim kənddən uzaqlaşmışdı. Ancaq ölkə hələ də müharibənin caynağında qıvranırdı. Mən universiteti yarım buraxıb anamın yanında qalmışdım. Evdə əsasən ikimiz olurduq. İki gün əvvəl isə Bakıdan Nailə gəlmişdi. Demişdim axı biz üç uşaq idik. Nailə evin balacası idi. Aramızda cəmi 6 ay fərq olsa da, mən onu balaca bacım olaraq qəbul eləmişdim. Anam da ona evin son beşiyi kimi baxırdı. Əslində Nailə atamın başqa qadından olan qızı idi. Anası rus idi. Beş il qabaq qəfil qarşımıza çıxdı. O vaxt rəhmətlik nənəm sağ idi. “Boynun qırılmasın ay Akif. Bircə urus yetimçəsi çatmırdı.” deyib, dizlərini döymüşdü. Anam nənəmi sakitləşdirib, qızı evə qəbul edəndə kənddə iki ay söz-söhbət dolaşdı. Hamı bir bəhanə ilə qızı görmək üçün bizə gəlirdi. Adını tələffüz edə bilmədiyi üçün anam qızın adını Nailə olaraq dəyişdirdi. Nailə dilimizi bilsə də, arada rusca sözlər işlədirdi. O da ki, başa düşülən idi. Müharibə başlayanda onu cəld Bakıya qohumlarımızın yanına yola saldıq ki, ora ən azından təhlükəsiz olar. Anam özü getməyə razı olmasa da, Nailənin getməyini istəmişdi. Onu qorumağa çalışırdı. Bacım da onun təkidilə getməyə razılaşmışdı. İki gün qabaq isə məcbur olub geri qayıtmışdı. Şəhərdəki qohumumuz Moskvaya gedəcəyini deyib, Nailəni geri göndərmişdi. Hər şey üst-üstə gəlirdi elə bil. Əvvəlcə un dəyirmanındakı müdirimiz məni işdən çıxarmalı olduğunu demişdi. Müharibənin davam etməsi onun da işinə mane olurdu. İndi də anam atamın sağ olduğuna olan inancını itirmişdi. Görəsən ona nə olmuşdu? Bilmirdim. Deyəsən heç vaxt da bilməyəcəkdim...

 

*

- Mən hələ uşaq idim bu hadisə olanda. – anam odun sobasına iri bir parça odun atıb, maşa ilə qarışdırdıqdan sonra, döşəyin üstündə yerini rahatlayıb dedi. Nailə sobanın üstündəki çaydanı götürüb, anamın stəkanına çay süzdü. Mənə təklif eləsə də, başımla istəmədiyimi bildirdim. Çaydanı yerinə qoyub, yanımda bardaş qurub oturdu. Başını çiynimə söykəyib, anamın danışmağını gözlədi. Anam stəkanı dodağına yaxınlaşdırıb, çayı üfürdü və bir qurtum içib, sözünə davam elədi: - Evdə hamı məndən gizlin danışırdı bu barədə. Rəhmətlik nənəm yaylığını örtüb Quran oxuyardı tez-tez ki, evdən şər-xata uzaq olsun. Düzü nə qədər xeyri olurdu bilmirəm. Rəhmətlik alayarımçıq ərəbcəsilə bir neçə ayəni güclə oxuyur, hövsələsi çatmadığı üçün bitirməmiş amin deyirdi. Hərdən onu yamsılayır, uşaqlarla ürəkdən gülürdük. Yaxşı günlər idi. Bircə anamın oxlovundan qurtula bilsək dərdimiz olmurdu. Amma həmin vaxtı evdəkilərin dərdi bizimkindən fərqli idi... Bu söhbəti bir gecə təsadüfən eşitmişdim. Gecə yuxudan oyananda anamı axtarsam da yerində tapmadım. Elə onu axtarırdım ki, dəhlizin başından işıq gəldiyini gördüm. Yavaşca işığa doğru irəlilədim. Nənəm, atam və anam xısın-xısın nəsə danışırdılar. Ev səssiz olduğu üçün onları aydın eşidirdim... Kəndin ayağında qoca bir  qadın qalırdı. Biz uşaqlarla oradan keçəndə çalışırdıq ki, səs salmayaq. Çünki o arvadın görünüşü bizi qorxudurdu. Əslində adi qoca qarı idi. Sadəcə boynundan xaç asır və hər səhər əlində tüstüləyən bir qabla evinin qabağında nəsə mırıldana-mırıldana dolaşırdı. Ona görə də çalışırdıq ki, evinin qabağından keçməyək. Həmin arvadın nə işlə məşğul olduğunu heç kim bilmirdi. Yanına heç kim gəlib-getməzdi. Nə ilə dolandığını bilən yox idi. Ailəsi də yox idi. Elə buna görə də hökümətin diqqətini çəkmişdi. Nənəmgil də bu barədə danışırdılar:

- Dünən sovetlikdən adamlar gəlmişdi. Dedilər Mariya qarını axtarırlar. – atam əli ilə üzünü sığallayaraq dedi. Gərgin olanda həmişə belə edirdi.

- Yazıq Mariya. Nə edib ki bədbəxt?

- Nə bilim ay ana? Hökümətdi də. Kimi niyə axtarır heç kim bilmir. Amma camaatın dediyinə inansaq, qara-qura işlərlə məşğuldu. Deyirlər dua-cadu edirmiş. Qonşuluqda qalan Əfrayımı bilirsən də. Xəbərçinin biridir. Gedib çatdırıb kənd sovetinə. Bu da yuxarılara deyib. İndi də düşüblər arvadın dalınca.

- Bıy, Allahsızlar. Allah vurmuşdu onları. Mariya özümüzküdü, a bala. Elə şeylər edən olsaydı, biz bilərdik də.

- Ay ana bəsdir də sən canın. Guya bilmirsən bu adamları? Kimin nə mal olduğu bilinmir. Deyirlər cinləri çağırırmış yanına.

- Əstağfirullah, əstağfirullah. Tövbə. Ay Allah keç günahından qələtdi elədi. Sənə deməmişəm adını çəkmə lənətə gəlmişlərin?

- Yaxşı da ana. Özün deyirdin ki, mömini də var kafiri də. Bəlkə mən möminini çağırıram? Nə bilirsən?

- Yaxşı qələt eləmə. Çəkmə adını. Sözünü de görüm noldu?

- Heç nə. Mariyanın evini nişan verdilər. Bunlar da getdilər darvazanın həndəvərində bir az fırlandılar, sonra da qayıtdılar. Bu gün də gəlmişdilər. Bu dəfə maskalılar. Səssizcə gəldilər girdilər evə. Bir də gördük ki, ev od tutub yanır. Kənddən bir-iki oğlan ora doğru qaçırdı. Biz də qoşulduq. Girəndə evə yerdə cəsədlər vardı. Maskalılardan idi hamısı. Deyirlər Mariyanın işidir.

- Ay, Rafiq. Heç özün inanırsan ki, qoca arvad belə iş tutsun? – anam ehmalca atamın qoluna toxunub dedi.

- Bilmirəm ay, Nisə. Gözümlə görməsəm inanmazdım. Deyim ki, düşmənlər edib, o da yoxdu axı. Kimdi bu boyda Sovet hökümətinə baş qoşan? Həm də elə olsaydı, atışma səsləri gələrdi. Ölənlərdə heç güllə yarası da görmədim. Nəyə inanacağımı bilmirəm.

- Sonra noldu ay bala? – nənəm yaylığını başından açıb, alnının tərini silərək dedi.

- Yaxınlıqdakı erməni kilsəsinə getmişdi. Orada mühasirəyə aldılar. Heç kim içəri girməyə cürət eləmirdi. Axırı maskalılardan bir yığın adam gəldi. Camaatı dağıtmağa çalışsalar da, heç kim yerindən tərpənmirdi. Maraq ölüm qorxusuna güc gəlmişdi. Qəfil kilsəni gülləboran elədilər. Şüşələr çilik-çilik oldu. Ehtiyatla içəri girdilər. Amma heç kim gözə dəymirdi. Küncdə bir topa qara paltar vardı. Bir də qara bir pişik. Elə çölə çıxmağa hazırlaşırdıq ki, paltar od tutub yandı. Kilsənin içindən qəribə bir səs gəlməyə başladı. Sonra pişik qaçıb kilsədən uzaqlaşdı. Hamı yerində donub qalmışdı. Səs kəsiləndə elə bil donumuz açıldı. Çölə çıxdıq. Bildiyim bütün duaları oxumağa başladım. Bütün bədənim titrəyirdi...

Atam məni görüb sözünü yarımçıq qoydu. Anam qolumdan tutub, yerimə apardı. Nə vaxt yuxuya getdiyimi heç özüm də bilmirəm. Səhər oyananda nənəm əlində Quran oturub aynabənddə dua oxuyurdu. Anam da halva bişirmişdi. Cümə axşamı olmadığı üçün qəribə gəlmişdi mənə. Adətən halva istəyəndə qayıdıb deyirdi ki, cümə axşamı bişirərəm. Ölülərin də ruhuna rəhmət oxuyarıq. Bu dəfə də Mariya üçün halva bişirmişdi. Əslən erməni olan bu qarını heç kim sevmirdi əslində. Sadəcə anamgil Allah xatirinə onu tək qoymaq istəmirdilər. Amma bacardıqca gizlin görürdülər işi. Hökümətin qulağına getsə, Mariyanın yanına göndərərdilər hamımızı... Aradan bir az keçmiş, kənddə bir qızın itdiyini dedilər. Adı Rüqəyya idi. Sakit, heç kimlə işi olmayan qızın biri idi. Yazıq evdən çıxıb, gecənin qaranlığında görünməz olmuşdu. Sahədə falan axtarsalar da, heç nə tapmamışdılar. Gah dedilər ki, kimsə oğurlayıb, gah da dedilər ki, Mariyanın ruhu onu əsir alıb, yer altına çəkib. Qızı müqəddəsləşdirib qeybə çəkildiyini deyən də tapıldı. Bir onu bildik ki, anası yazıq gecə-gündüz ağlamaqdan halsız düşmüşdü. Gözü artıq kor olmaq dərəcəsinə çatmışdı. Heç kim onu təsəlli edə bilmirdi. Qızını istəyən anaya kim kömək edə bilərdi ki? Amma hərdən düşünürəm ki, kaş nə istədiyinə diqqət edərdi... Hadisənin necə baş  verdiyini öz gözümlə görməmişəm. Amma bir az böyüdükdən sonra anam mənə hər şeyi danışmışdı. Rüqəyyanın itkin düşməyindən bir neçə gün keçmiş, hamı onların evinə toplaşmışdı. Kişilər həyətdə atası ilə dayanıb, ona ürək-dirək verirdi. Arvadlar da evdə oturub ağlaşma qururdular. Qızın anası da hamıdan çox ağlayırmış. Qəfil otağın qapısı açılır. Əvvəl heç kim fikir vermir. Elə bilirlər ki, həyətdəki kişilərdəndir. Samovar çayı gətirib ki, boğazlarını yaşlasınlar. Amma səs gəlmədiyini görəndə, hamı başını döndərib qapıya baxır. Görürlər ki, Rüqəyya qapının ağzında dayanıb. İfadəsiz gözlərini anasına zilləyib, gözləyirmiş. Anası cəld iməkləyə-iməkləyə qızına doğru yaxınlaşıb. Qucaqlamaq istəyəndə, qız əliylə onu kənara itələyib. Asta-asta otağın tən ortasına doğru addımlayıb. Qəfil dayanıb və gözünü tavana zilləyib. Hamı kirimişcə onu izləyirmiş. Qəfil qız başını aşağı salıb, qadınlara baxıb. Hamı bu qəfil hərəkətdən diksinib geri çəkilib. Rüqəyya dəli kimi gülməyə başlayıb. Gülməyi dayandıranda, otağa ölüm sükutu çökübmüş. Sükutu elə onun öz səsi pozur:

- Niyə toplaşmısınız? Mən çox adam olan yerləri sevmirəm. Özü də bu qədər arvad nəyə lazımdır ki? Rəqəmlərlə aram yaxşı deyil. Amma ölülərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır.

- A bala nə deyirsən?

- Mən sənin balan deyiləm. – qız artıq öz səsiylə danışmırmış. Başqa birinin səsini təqlid edirmiş elə bil. Hamı bu səsin sahibini tanıyırdı. Bu Mariyanın səsi idi. Başa düşürlər ki, qızı aparan Mariya olubmuş. Onun bədənini ələ keçirib və indi özünü tam azadlığa qovuşmuş hiss edir. Qızın anası yerindəcə quruyub qalıbmış. Elə anamgil də. Mənə danışırdı ki, Rüqəyya uzun dırnaqlarını bir-birinə sürtüb, arvadların yanından keçirmiş. Bir nəfərdən bir dayanıb, qabağında durduğu qadının boğazını dırnağı ilə cızırmış. Qadın geri çəkilsə, tutub boğazından sıxırmış. Bu bir neçə dəqiqə beləcə davam edir. Axırda qadınlardan biri qışqırır. Səsə kişilər içəri doluşurlar. Rüqəyyanı kənara çəkirlər. Deyilənə görə qızı 3 kişi güclə saxlayırmış. İçinə girən ruh onu olduğundan daha güclü edibmiş. Qız onların əlindən qurtulmaq üçün dəfələrlə cəhd edir. Ancaq bunun mümkün olmadığını görəndə, dayanır. Dərin bir nəfəs alır və deyir:

- Ölüm qapınızı çalanda və ya yaşamaq üçün tək səbəbiniz intiqam olanda məndən başqa sığınacaq limanınız olmayacaq. Tək çıxış yolunuz mən olacağam. Onda mənim adımı bacardıqca ucadan səsləyin: RÜQƏYYA!

Sözünü tamamladıqdan sonra dilini dişləyərək intihar edir. Buna şahid olanlar aylarla özünə gələ bilmir. Ən pisi isə, qızın boğazını cızdığı qadınlar bir gün fasiləylə intihar edirlər. Biri səhər tezdən özünü tövlədən asır. Bir digəri isə qarnına yaba soxur. Öldükləri günə qədər heç birində intihar meyli olmur. Sadəcə vaxtı çatanda hər biri intihar edir. Polis nə qədər araşdırsa da, qəfil ölümlərin səbəbini tapa bilmir. Ancaq kənd camaatı bunun səbəbkarının kim olduğunu yaxşı bilirdilər: Rüqəyya!.. 

Anam hekayəsini tamamlayanda otaqda qəribə sükut hakim idi. Nailə bərəlmiş gözlərini anama zilləyib, hekayənin sonunu gözləyirdi. Sobadakı alov öləziyirdi deyə ayağa qalxıb, iki odun atdım və maşayla eşələdim ki, od sönməsin. Yerimə qayıdıb oturanda, Nailə qolumu qucaqlayıb anamın danışmağını gözləməyə başladı. Bir müddət heç kim dinib-danışmadı. Arvad elə bil hekayədən sonra danışmağı unutmuşdu. Elə istəyirdim ki, nəsə deyim, bu vaxt gecənin səssizliyini ildırım kimi yaran bir səs eşidildi. Səsin nə olduğunu anlamağa macal tapmamış, darvazanın yanındakı tövləyə mərmi düşdü. Mən cəld anamı və Nailəni qolundan tutub çölə çıxardım. Heç ayaqqabılarımızı belə geyinməyə imkanımız olmadı. Nailə darvazaya tərəf cumsa da, onu dayandırdım. Mərminin düşdüyü yerə getmək ağılsızlıq olardı. Cəld qonşunun hasarına yaxınlaşdıq. Artıq güllə səsləri eşidilməyə başlamışdı. Müharibə yenidən kəndimizə sıçramışdı. Qonşu ilə aramızdakı hasar qarğıdan hörülmüşdü. Bir az güc verən kimi, hasar uçdu və həyətə keçdik. Ev sahibləri özləri də çölə çıxmışdılar. Hamı bir tərəfə qaçırdı. Qonşumuz Əmiraslan dayının köhnə bir “07”si vardı. Hamını cəld maşına doldurdu. Bacardıqca tez kənddən uzaqlaşmalı idik. Keçən səfər də döyüşlər gedəndə kəndi tərk etmişdik. Düşmən düz kəndin ortasına qədər gəlib çatmışdı. Amma bizimkilər çox keçmədi ki, geri oturtdu erməniləri. Biz də qayıdıb yerimizə, yuvamıza qovuşduq. İndi yenə döyüşlər başlamışdı. Gərək qadınları və uşaqları təhlükəsiz bir yerə aparaydıq. Əmiraslan dayı maşının işığını yandırmadı ki, birdən diqqəti çəkər. Qaranlıqda bir təhər irəliləyirdik.  Hərdən başımızın üstündə uçuşan mərmilər yolu aydınlatsa da, hara getdiyimizi tam olaraq görmürdük. Güllə səsləri get-gedə yaxınlaşırdı. Mən geriyə qanrılıb baxanda, Nailənin anama necə qısıldığını gördüm. Anam özünü sakit aparsa da, onun da narahat olduğunu bilirdim. Özü üçün olmasa da, Nailə və Əmiraslan dayının balaca qızı Xeyransa üçün narahat olurdu. Başım o qədər qarışmışdı ki, maşın qəfil dayananda az qalmışdı qabaq şüşəyə çırpılam. Güclə özümü saxladım. Qabağa baxanda üzərimizə doğru gələn tankı gördüm. Əmiraslan dayı nə edəcəyini bilmirdi. Qəfil üstümüzə yağış kimi yağan güllə onu hərəkətə keçirdi. Maşını geri döndərib, işıqları yandırdı və sürətlə sürməyə başladı. Düz ermənilərin üstünə çıxmışdıq. Nailə və Xeyransa anamın dizinə uzanıb, ağlayırdılar. Anam onların saçını sığallayır və sakitləşdirməyə çalışırdı. Maşın nə qədər sürətlə irəliləsə də, ermənilərin əhatəsindən çıxa bilməmişdik. Kəndin yarıdan çoxunu ələ keçirmişdilər. Məzarlığın yanından keçəndə yaxınlığımızda bomba patladı. Əmiraslan dayı güclə maşını döndərdi. Üstümüzə yenidən güllə yağmağa başladı. Maşının arxa şüşəsi parçalandı.   Başımızı əyib irəli doğru hərəkət edirdik. Birdən Nailənin fəryadı məni geri dönməyə məcbur elədi. Anam qanlar içində idi. Güllə başından dəymişdi. Göz yaşlarımı tuta bilmirdim. Qızların ağlaşma səsləri maşının içinə dolmuşdu. Qəzəb və kədərdən az qala boğulurdum. Elə bir vəziyyət idi ki, anamın ölümünə kədərlənməyə belə vaxt yox idi. Dayanmaq olmazdı, kədərlənmək olmazdı. Nailə və Xeyransanı bu cəncəldən qurtarmaq lazım idi... Məzarlıqdan bir az uzaqlaşmışdıq ki, qabağımızı “BTR” kəsdi. Məcbur olub maşını dayandırdıq. Əsgərlər bizi mühasirəyə aldı. İkisi maşına yaxınlaşıb, Əmiraslan dayını vurdu. Bu bizə xəbərdarlıq idi. Xeyransa hıçqıraraq ağlamağa başladı. Nailə onu sakitləşdirməyə çalışsa da, özü də ağlayırdı. Əsgərlər əvvəlcə rus dilində bizə səsləndilər. Nailə nə dediklərini başa düşsə də, danışa bilmirdi. Hərəkət etmədiyimizi görəndə, bizim dildə dediklərini təkrar etdilər:

- Düşün aşağı!

Biz ehtiyatla maşından düşdük. Mən Nailəgili arxama aldım. Silahlar üzümə tuşlanmışdı. Nə edəcəyimi bilmirdim. Dərin bir nəfəs aldım. Aldığım heç bir nəfəs məni bu qədər incitməmişdi. Anam maşında qanlar içində yatırdı. Mən əliyalın bacımı və Xeyransanı qorumağa çalışırdım. Bu qədər həngamənin arasında hələ utanmaz-utanmaz yaşamağı da düşünürdüm. O an özümə nifrət elədim. Kaş ölən anam yox mən olaydım. Bəlkə də o, qızları qorumaq üçün bir yol tapa bilərdi. Mənim kimi çarəsizcə oturub gözləməzdi. Ancaq nə etmək olardı? Anam indi həyatda yox idi. Onları qorumaq mənim öhdəmə düşürdü. Yaxınlıqda döyüşlər davam edirdi. Bizimkilər hələ təslim olmamışdı. Dəstənin başında duran erməni bir neçə əsgəri məzarlığa tərəf göndərdi. Artıq arxamızda heç kim yox idi. Təkcə qabağımızı kəsən ermənilər vardı. Yaxınlığımda dayanan əsgərin avtomatının lüləyindən yapışıb, sinəsinə bir təpik ilişdirdim. Avtomatı çevirib, atəş açdım. Əsgərlərin bir neçəsi yerə sərildi. Nailəyə dönüb sadəcə bunu deyə bildim: “Qaç!”. Qızlar qaçmağa başlayanda, maşının qapısını açıb, arxasında gizləndim. Arxamızda xırda bir təpə vardı. Oranı keçə bilsələr, düz bizimkilərin üstünə çıxacaqdılar. Bilirdim ki, orada hələ də nəzarət bizdədir. Əlimdən gələn qədər erməniləri ləngitməli idim. Bizə silah işlətməyi öyrətməmişdilər. Rusların buna heç marağı da yox idi. Axı neyləyirdilər ki, axmaq bir müsəlman gəlib silah işlətməyi öyrənsin və səhəri gün üstlərinə cumsun? Biz ancaq rus zabitlərinin yanında heç kimin görmədiyi işləri görürdük. Özlərinə yaraşdırmadıqları işləri. “Kalaşnikov”u sadəcə necə tutmaq lazım olduğunu bilirdim. Çiynimi qırmasın deyə necə tutmalı olduğumu öyrənmişdim. Onu da Əsəd öyrətmişdi. “Mənim yerimi tutası olsan, ən azından çiynini zədələmə deyə bunu bilməlisən. Silahı əlinə aldınsa, gərək birini də olsa özünlə birgə aparasan. Bax onda mənim qardaşım olduğunu sübut etmiş olarsan” deyərdi həmişə. Təkcə necə tutmalı olduğumu bildiyim silahla indi sevdiklərimi qorumalı idim. Mən atəş açanda ermənilər də “BTR”in arxasına keçdilər ki, zədə almasınlar. Hərdən başımı çıxarmadan güllə atır, hərdən də anama baxırdım. Qəhər məni boğsa da, əlimdən heç nə gəlmirdi. O an anama sarılıb doyunca ağlamaq istərdim. Sinəsinə uzanıb, ürək döyüntüsünü dinləmək üçün nələr verməzdim ki? Amma bu artıq mümkün deyildi. Mən qızların harada olduğunu görmək üçün boylananda, bir güllə çiynimə dəydi. Cəld qapının arxasında gizləndim. Avtomatı qaldırıb, baxmadan atəş açdım. Bir azdan gülləm qurtardı. Gərək bir güllə özüm üçün saxlayaydım. Amma artıq gec idi. Ermənilər ətrafımı sardı. Qarnıma və çiynimə dəyən təpiklərin sayı-hesabı yox idi.  Yeriməyə taqətim qalmayanda, məni zorla ayağa qaldırdılar. Gözlərim bulanıqlaşmışdı. Demək olar ki, heç nə görmürdüm. Amma qulağım yaxşı eşidirdi. Huşumu itirməmişdən əvvəl son eşitdiyim isə Nailənin səsi idi:

- Toxunmayıııııııın!...

 

*

Üzümü sığallayan əlin sahibini görmək üçün gözlərimi güclə də olsa araladım. Əvvəl hər şey bulanıq görünsə də, sonra yavaş-yavaş aydınlaşmağa başladı. Anamın gülən üzünü qarşımda görəndə sevincdən az qala ürəyim yerindən çıxacaqdı. Onu qucaqlamaq üçün qollarımı qaldırmaq istəyəndə tərpənə bilmədiyimi hiss elədim. Qollarım arxadan möhkəmcə bağlanmışdı. Təkcə ağzım açıq idi.  Anama nəsə demək istəyirdim, amma danışmaqda çətinlik çəkirdim. Düzü danışsam da nə deyəcəyimi bilmirdim. Mənim bu vəziyyətimi görüb, o da kədərlə gülümsədi. Şəhadət barmağını dodaqlarına aparıb, susmağımı işarə elədi. Sonra üzümü ovuclarının arasına aldı. Əvvəlcə üzümdən öpdü, sonra yanaqlarımdan. Ən axırda da gözlərimdən öpdü. Axı o heç gözümdən öpməzdi. Deyərdi ki, “gözdən öpmək ayrılıq salar bala”. Axı niyə gözümdən öpürsən ana? Axı niyə gözlərində kədər var? Axı niyə.... niyə sən həyatdasan? Mən sənin öldüyünü öz gözümlə görmüşdüm axı? Yox. Bu sən deyilsən. Bu mənim əllərimdən çıxan xoşbəxtliyimin son nəfəsidir. Bu mənim həyatımın son vədəsidir. Bu sənin cənnətdən əvvəlki son dayanacağındır. Mən səni güllər içində yola salacaqdım cənnətə. Səndən doyanda. Axı mən səndən doymamışdım ay ana. Hələ atamı tapacaqdıq. Axı niyə belə tez getdin? Mən cəhənnəm, Nailəni necə qoyub gedə bildin?.. Nailə? Bəs o haradadır? Axırıncı səfər onu... Əclaflar! Şərəfsizlər! Mən qalxmalıyam. Nailəni tapmalıyam. Nailə! Yerimdə qurcalanıb, ayağa durmaq üçün çalışırdım. Amma bacarmırdım. Taqətim qalmamışdı. Özümü toparlayıb, ayağa qalxmaq istəyirdim ki, qapı cırıltı ilə açıldı. İçəri üç əsgərin müşayiəti ilə orta boylu, üzü təmiz qırxılmış, boz kostyum geyinmiş, eynəkli bir adam girdi. Sir-sifətindən erməni olmadığı hiss olunurdu. Deyəsən, rus idi. Yanınca gələn ermənilərin yaltaqlanmağından da hiss olunurdu ki, kimdirsə vacib adamdır. Otağın rütubətli divarlarına baxıb, cibindən çıxardığı dəsmalla burnunu tutdu. Daha sonra mənə yaxınlaşıb, qabağımda çöməldi. Üzümə baxıb, ingiliscə nəsə mırıldandı. Başıma o qədər zərbə almışdım ki, ingiliscə bildiklərimi də unutmuşdum. Bu adamın yemək üçün qabağımda mırıldayan pişikdən fərqi yox idi mənimçün. İkisinin də nə dediyini anlamasam da, mənlə danışdığından əmin idim. Mənim cavab vermədiyimi görəndə, barmağını gözlərimin qabağında hərəkət etdirdi. Yoxlayırdı görsün ki, halım özümdədir ya yox. Onu eşitdiyimdən əmin olanda, dili bilmədiyimi anladı. Rusca danışmağa başladı. Yenə oxşar reaksiya verdiyimi görəndə, istehza ilə gülümsəyərək “idiot” dedi. “Axmaq”. Rusca bildiyim tək-tük sözlərdən biri idi. O vaxtı məktəbdə öyrədəndə gərək öyrənəydim. Amma mən bədbəxtin tək dərdi həyətə çıxıb futbol oynamaq idi. Nə biləydim axı bu hallara düşəcəyimi?.. Yanında gələn erməni yaltaqlanaraq gəlib onun yanında dayandı. Bərbad ruscasıyla gülərək nəsə danışdı. Daha sonra mənə baxıb, sifətini turşudaraq dedi:

- Ara, deyir buranın yerlisisən?

- Sən yerlisi olan deyilsən a. Mənəm də yerlisi. Sənin kimi oğraşlar didərgin salmasa mənim kimi yüzlərlə adam vardı burada.

- Ara, uzatma! Suala cavab ver bəsdi. Gözünə döndüyüm olmasa çoxdan səni qulağın boyda tikələrə bölüb tullamışdıq itlərin qabağına.

- Elə indi də itlərin qabağındayam.

- Burada qalanların hamısını tanıyırsan? – ağasından eşitdiyi sözləri tərcümə edən erməni bu dəfə üzümə baxmadan dedi.

- Sənə kim lazımdır? – söhbətin hara gedəcəyini bilməsəm də, cavab verməkdən başqa çarəm olmadığını bilirdim. Həm də ki, öz sualımı verəndə ən azından bir cavab eşitmək üçün onlara nəsə vermək lazım idi. Bu bacım üçün edə biləcəyim son şey idi. s

- Qoca bir qadın. İllər əvvəl yaşayıb burada. Onun evi lazımdır mənə.

- Kəndimiz uzunömürlülər məskəni idi. Qoca qarıdan çox nə var ki burada?

- Ara, qudurma. – bu səfər öz ürəyindən keçənləri deyirdi deyə, birbaşa gözlərimin içinə baxdı. Mən dəli kimi qəhqəhə çəkib, dedim:

- Qudurğan sən və sənin adamlarındı ki, leş üstünə daraşan kaftarlar kimi düşüblər canımıza.

- Küçük! – deyib, üzümə yumruq ilişdirdi. Ağası gözünü bərəldəndə, başını aşağı dikdi. Naməlum qonaq üzünə tutduğu dəsmalı kənara çəkib, gülümsəyərək nəsə dedi. “Tərcüməçim” deyəsən bu dəfə nə dediyini başa düşməmişdi. Bir az tərəddüd elədikdən sonra, üzünü mənə çevirib, tərcümə elədi:

- Mənə o qoca qadının gizlətdiyi bir şey lazımdır. Kömək etsən, səni xaricdə gözəl bir həyatla təmin edərəm. Sülhün ağuşunda bir həyatla.

Bax indi mənim növbəm çatmışdı. İndi Nailənin harada olduğunu soruşa bilərdim. Bax indi bacımla özümü xilas etmək üçün bir şansım ola bilərdi. Bu cəncəldən qurtulduqdan sonra mütləq geri qayıdacaqdım. Amma indi buradan çıxmaq üçün nə lazımdırsa etməli idim.

- Mən tək deyiləm. Bacım da mənimlə getməlidir. – çətinliklə də olsa cümləmi tamamladım və cavabı gözlədim.

- Bacın mənim himayəmdədir. Ona heç nə olmayacağına söz verirəm.

- Mənim işğalçıya inanmağımı gözləmirsən, elə deyil? Bacım da bizimlə gedəcək. Bax onda, səni hara desən apararam.

- Siz türklərin cəsarətinə heyranam. Öləndə belə öz istəklərinizi deməkdən çəkinmirsiniz.

- Bizi bizlə qorxuda bilmərsən. Biz elə ölümün özüyük. Bacımı gətirin və istədiyiniz yerə gedək. Sonra da vədinə əməl elə!

“Tərcüməçim” dediklərimi ağasına çatdırandan sonra, əsgərlər məni dartıb çölə çıxardılar. Bir az sonra maşında naməlum qonaqla və Nailə ilə yanaşı oturmuşdum. Bacımın üzü qan içində idi. Dayanmadan ağlayırdı. Üst-başı salamat idi. Bu bir az da olsa ürəyimi rahatlatmışdı. Əllərim bağlı idi deyə onu qucaqlayıb təsəlli edə bilmirdim. Nailə sinəmə qısılıb, ağlamağa davam edəndə sadəcə bunları deyə bildim:

- Sakitləş. Hər şey yaxşı olacaq. Ən azından bu həngamədən qurtula bilməyimiz üçün nəsə etməliyik. Sakit olmasan heç nə edə bilmərik. Yaxşımı?

- Yaxşı. Sən necə istəyir.

- İndi soruş gör bu nə istəyir. Rusca soruş.

- Deyir, qoca bir qadını axtarır. – Nailə naməlum adamın dediklərini öz dilimizdə təkrarladı.

- Onu başa düşdük. Axtardığı qadın kimdir? Tərif eləsin.

Adam nə dedisə, Nailənin sifəti tutqunlaşdı. Dediklərinin arasında sadəcə bir sözü seçə bilirdim: “Mariya”. Bu təsadüf idi? Məncə yox.

- Deyir Mariya adlı bir qarını axtarır. Əvvəllər burada yaşayırmış. Qardaş, bu ananın dediyi qadındır?

- Bilmirəm. Başqa Mariya tanımıram. Yadındadır o evin yeri?

- Hə. Amma bunlara demək olar evin yerini? Sonra bizə nəsə eləməzlər ki? – Nailə pıçıltı ilə dedi.

- Başqa çarəmiz yoxdur. Yoxlamalıyıq. De ki, yerini göstərəcəyik. Bir də soruş gör, bu Mariyanı niyə axtarırlar? Nə gizlədib o?

- Deyir ki, əhvalat uzundur.

- Narahat olmasın. Elə yolumuz da uzundur. Danışsın.

Nailə dediklərimi tərcümə elədi. Maşın hərəkətə keçəndə, naməlum adam başına qoyduğu şlyapanı çıxarıb, seyrək saçını əli ilə sığallayaraq, danışmağa başladı. Getdiyimiz yer qonşu kəndə yaxın idi. Köhnə erməni kilsəsinin yanından keçib getmək lazım idi ora çatmaq üçün. Həmin tərəfdə də döyüş gedirdi. Ya hamımız öləcəkdik, ya da bizimkilər xilas edəcəkdi bizi. Hansının olacağını zaman göstərəcəkdi.

- Danışılanların nə qədər həqiqət olduğunu heç özüm də bilmirəm. Babamın nağılları məni Berlindən buraya qədər gətirib çıxardı. Babam Annenfelddən Qazaxıstana sürgün edilmiş almanlardan biri idi. Müharibənin qızğın vaxtında Berlinə qədər gedib çıxmışdı. Onun danışdıqlarına inansaq burada bir sərvət yatır. Nasistlərin apardığı təcrübələrin bir neçəsi təkcə elmi yox, dini də özündə ehtiva edirdi. Hitlerin əmri ilə SS zabitlərinin bir qrupu işğal edilən bölgələrdəki, qoca qarıları və cadugərləri həbs edərək, Berlinə aparırmış. Polşadan bir neçə kahin öz övladları ilə birlikdə babamın da aralarında olduğu əsgərlərin müşayiəti ilə konslagerə aparılırmış. Müharibə heç zaman ədalət və mərhəmətlə aparılmır. Qan və dəhşət görən insan övladı bir daha əvvəlki vəziyyətinə qayıda bilmir. Onu ram eləmək də asan məsələ deyil. Xüsusən də əlində güc varsa. Kahinlərin arasında yaşlı bir qadın varmış. Onunla birlikdə aparılan nəvəsi 14 yaşında, uzun saçları belinə qədər uzanan, gözəl simalı bir qız imiş. Əsgərlərdən bir neçəsi qatarda gedərkən, “əylənmək” istəyirlər. İçki şüşələri ilə olan əyləncələri bitdikdən sonra, keflərinə qadın düşür. Gözləri kahinin nəvəsinə sataşır. Kahin nə qədər eləsə də, qızı azğınlaşmış əsgərlərin pəncəsindən xilas edə bilmir. Babam o anı danışanda, göz yaşlarını tuta bilmirdi. Çünki, o vaxt anam da təxminən o qızla eyni yaşda imiş. Qıza 4 nəfər təcavüz edir. İlk dəfədən sonra huşunu itirən qızı hər dəfə oyadır və yenidən təcavüz edirmişlər. Axırda qız dözmür və ölür. Cəsədi qatardan atıb, yola davam eləsələr də, kahinlər buna imkan vermirlər. Cəsəd düz onlar konslagerə çatana qədər qatarda qalır. Düşərgəyə çatan kimi, həkimlər cəsədi aparırlar. Deyilənə görə, ondan istifadə edəcəkmişlər. Babam bir müddət özünə gələ bilmir. Bir gecə keşik çəkərkən təcrübə aparılan bölmənin qabağından keçirmiş. İçəridən qəribə səslər gəldiyini eşidib, içəri girir. Bu vaxt ölmüş qızı havada uçan vəziyyətdə görür. Gözləri zülmət gecə kimi qaranlıq imiş. Otaqda heç vaxt eşitmədiyi bir dildə səslər eşidilirmiş. Qız da həm o səslərə cavab verir, həm də əli ilə həkimlərdən birini boğurmuş. Babam özünə gələndə oranı tərk etmək istəyir, amma qapı öz-özünə bağlanır. Qız həkimi kənara tullayıb, babama doğru yaxınlaşır və fısıldayır: “Keh mori daiman”. Daha sonra güclü bir səs dalğası yayılır və qapılar taybatay açılır. Babam özünə gələndə ətrafda heç kim yox imiş. Düşərgədə gəzərkən kahinlərin toplandığı yerdə bir yığın cəsədin olduğunu görür. Çoxu SS zabitləri və məhkumlar imiş. Kahinlərdən isə heç bir iz yox imiş. Sağ qurtulan bir həkimin dediyinə görə qız özü ilə birlikdə bir neçə flakon aparıbmış. Niyə apardığını bilməsək də, o flakonlarda vacib maddələr varmış. Həkimlərin dediyinə görə, o maddələr Führerin istədiyi ordunu qurmaq üçün lazım imiş. SS zabitləri hər yerdə həmin qızı axtarsalar da, tapa bilmirlər. İki il davam edən axtarış heç bir nəticə vermir. Daha sonra da Almaniya müharibəni uduzur və hər kəs bu məsələni unudur. Babam uzun müddət davam edən əsirlikdən sonra, Qazaxıstana qayıdır. Artıq anam mənə hamilə imiş o gələndə. Bizim evimiz Alma Atada idi. O vaxt babam bunları mənə danışıb, həmin flakonları tapmağımı istəyirdi. Əgər onları tapsam, bütün bəşəriyyətin qarşımda diz çökəcəyini deyirdi. Bütün güclü dövlətlər ordularını daha da güclü etmək üçün o maddənin dalınca düşəcəkdilər. Ona sahib olan, dünyanın ən güclü insanı olacaqdı. Düz 30 ildir axtarıram. Axır ki, izinə düşə bildim. Qız konslagerdən qaçandan sonra bir qrup qaraçı ilə birlikdə Polşaya qayıdır. Orada bütün ailəsinin tələf olduğunu görəndən sonra, SSRİ-nin müxtəlif bölgələrində məskunlaşır. Ən axırda da Azərbaycana gəlir. Buralarda məskunlaşdığını öyrəndikdən sonra dəfələrlə onu tapmağa çalışsam da, bir nəticə əldə edə bilmədim. Sovet höküməti onun varlığını sirr kimi qoruyurdu elə bil. Ancaq indi nə sovet var, nə də ki nizam-intizam. Müharibə, - cibindən siqaret çıxarıb, damağına qoydu. Kibritlə siqareti yandırıb, pəncərədən çölə atdı. Bir qullab alıb, tüstüsünü çölə üfürdükdən sonra, gülümsəyərək sözünə davam elədi: - bütün qanunların yerlə-yeksan olduğu o müdhiş səhnəcik. Bu səhnədə nə insan var, nə də insanlıq. Burada Tanrı da yoxdur. Bax elə ermənilərin özü. Onlar üçün yeganə Tanrı puldur. Onlar pula sitayiş edirlər. Lazımi qədər “xeyir-dua” versən, iplərindən tutub hara istəsən darta bilərsən. İndi mən onların iybilmə qabiliyyətindən istifadə edirəm. Siz isə fərqlisiniz. Babamdan eşitmişdim amma düzü bir az şişirtdiyini düşünürdüm. Siz türklərin qorxusuz olduğunuzu demişdi. İndi əmin oldum. Nizami ordu olmadan belə döyüşən millət, lazımi silah-sursatla nələr edər düşünmək belə insanı qorxudur. Führerin sizə niyə ilişmədiyini indi yaxşı başa düşürəm.

- Kaş bu dığalar da sənin qədər ağıllı olaydılar. Onda qurdla savaşın sonunun ölümlə bitəcəyini bilərdilər. Amma Mariyanın erməni olduğunu eşitmişdim. Dəqiq o həmin qızdır?

- Onun əslən kim olduğunu heç kim bilmir. Ola bilsin həqiqətən də ermənidir. Ya da ola bilsin insanlar onu yadırğamasın deyə özünü elə təqdim edib. Bəlkə də sadəcə siz elə zənn etmisiniz ki, o ermənidir. Fərqi yoxdur. Əsas məsələ budur ki, siz məni Mariyanın olduğu yerə aparın, mən də sizi azadlığa qovuşdurum.

- Gedirik. Görək kim kimə qovuşur.

Maşın köhnə erməni kilsəsinin yanına çatanda sürücü qəfil əyləcə basdı. Atışma davam edirdi. Bizimkilər deyəsən güc gəlirdilər. Düşmən get-gedə geri çəkilirdi. Qabaqdakı əsgər rusca nəsə dedi. Həmsöhbətimiz də siqaretini kənara tullayıb, papağını başına qoydu  və maşından düşdü. Nailə üzümə baxıb, təlaşla dedi:

- Düşüb piyada getməyimizi istəyir.

- Qorxma gözəlim. Hər şey qaydasındadır. Düşək, görək neyləyirik.

Biz də ehtiyatla maşından düşdük. Güllə səslərindən qulaq tutulurdu. Başımızı əyərək məktəb binası tərəfə qaçdıq. Məktəbin yanından dar bir cığır uzanırdı. Cığırla qonşu kəndə doğru addımladıq. Kəndə çatmamış sola döndük. Artıq qarğıdalı sahəsinin yanınca gedirdik. Güllə səsləri eşidilməz olmuşdu. Hərdən patlayan mərmi səsləri eşidilsə də, əsasən sakitlik idi. Mariyanın evinə çatanda artıq mərmi səsləri də eşidilmirdi. Darvazasına sarmaşıqlar dolanmış evin vahiməli görünüşü vardı. Normalda yanından keçəndə hamı qorxudan titrəyərdi. Ancaq indi müharibənin dəhşətli üzünü görən bizlər üçün bu heç də qorxunc deyildi...

- Ev buradır.

- Açın qapını. Fənəri də tutun görək hara gedirik. - əsgərə təlimatını verib gözləməyə başladı. Bir azdan darvazanı açıb, yolu işıqlandırdılar. Biz ehtiyatla içəri daxil olduq. Əsgər erməni dilində nəsə mırıldanırdı. Dediklərinin içindən təkcə “Tanrı” sözünü başa düşdüm. Məktəbdə oxuyanda erməni sinif yoldaşımdan bir neçə söz öyrənmişdim. Amma tək yadımda qalan bu idi. Deyəsən, qorxudan dua edirdi. Naməlum qonaq əmin addımlarla irəliləyirdi. Nailə qollarımı açmışdı. Tarazlığımı güclə qoruyaraq addımlayır, bir yandan da onu qorumağa çalışırdım. Bir yolunu tapıb qaçmalı idik. Onlara etibar yox idi. İşimizi ehtiyatlı tutmalı idik. Nailəyə başımla uçmuş divarı göstərdim. Nə demək istədiyimi başa düşsə də, qorxurdu.  Bunu hiss edə bilirdim. Biləklərimi kəsən kəndirdən qurtulsam da, əllərimi tərpədə bilmirdim. Güclə də olsa Nailənin əllərini sıxdım ki, yanında olduğumu bilsin. Cavabında o da mənim əlimi sıxdı. Bir az da olsa ürəklənmişdi. Naməlum qonaq isə evi ələk-vələk elədi. Deyəsən istədiyini tapa bilmirdi. Başının qarışmağından istifadə edib, qaçmağa hazırlaşırdıq ki, bu vaxt evin içindən tükürpədən bir səs eşidildi:

- Keh mori daiman.

Hamı bir anlıq əl saxladı. Əsgər belindəki silahı əlin aldı. Hazır vəziyyətə gətirib, təlaşla ətrafa boylandı. Naməlum qonaq da belindəki tapancanı çıxarıb, qaranlığa tuşladı. Mən Nailəni sinəmə sıxıb, gözləməyə başladım. Nə gözlədiyimi heç özüm də bilmirdim. Ürəyim quş kimi çırpınırdı. Nə edəcəyimizi bilmirdik. Həmin səs yenidən eşidildi:

- Keh mori daiman.

Əsgər darağındakı bütün gülləni qaranlığa boşaltdı. Ancaq səsin hələ də gəlməyə davam etdiyini görəndə, öz dilində nəsə qışqıraraq oradan uzaqlaşdı. Artıq orada 3 nəfər qalmışdıq. Naməlum qonaq əlindəki silahı bizə tuşlayıb, qaçmağımıza imkan vermirdi. Səs isə get-gedə daha aydın eşidilirdi:

- Keh mori daiman.

Əlindəki silahla bizə ona yaxınlaşmağımızı işarə elədi. Asta addımlarla ona doğru yaxınlaşdıq. Silahı ondan alıb, qaçmağa fürsət axtarırdım. Elə bu vaxt Nailə ah çəkib, yerə yıxıldı. Elə bildim ayağı nəyəsə ilişib. Yerdən qaldırmağa çalışanda fənərin işığında onun gözlərini gördüm. Ən zülmət gecədən daha qaranlıq idi. Məni kənara itələyib, cəld ayağa qalxdı. Diqqətlə baxanda onun havada uçduğunu gördüm. Nailəyə nə olmuşdu belə? Ona yaxınlaşmaq istəyəndə naməlum qonaq məni saxladı. Başını bulamağından başa düşdüm ki, bunun təhlükəli olduğunu demək istəyir. Nailə artıq mənim tanıdığım bacım deyildi. Ona nə olmuşdu belə başa düşmürdüm. Sadəcə bədənimə yayılan qorxunu hiss edir və çarəsizcə ölümə təslim olmağa hazırlaşırdım. Ancaq qonağımız mənimlə eyni fikirdə deyildi. O, silahını bacıma tuşlayıb, dalbadal atəş açdı. Bu vaxt ona mane olmağa belə gücüm qalmamışdı. Güllələr ona çatanda havada asılı qaldı. Bir az sonra hamısı yerə düşdü. Nailə əlini qonağa doğru uzatdı. O, qəfildən divara çırpılıb, çırpınmağa başladı. Çox keçmədi ki, nəfəsi kəsildi və öldü. Nailə onun öldüyündən əmin olduqdan sonra, əlini aşağı saldı. Arxasını dönüb getməyə hazırlaşırdı ki, onu səslədim:

- Nailə, dayan!

- Keh mori daiman. Ölüm sonsuza qədər davam edəcək!

- Nailə!

- Məni əsl adımla çağır! Əgər bacarırsansa.

- Sən kimsən axı? Bacım hanı?

- Məni elə bacın səslədi. Ancaq o da mənim əsl adımı çəkməyə cəsarət etmədi. Məni bir zamanlar ölümlülərin çağırdığı adımla səslədi: Rüqəyya!

- Rü..Rüqəyya? Axı o...

- Onun susduğunu deyirsən? Mən adi səslənmə ilə gələn biri deyiləm. Məni gərək ürəkdən səsləyəsən. O vaxtlar Mariya da məni ürəkdən səsləmişdi. Hamı məni o vaxt Anastasiya deyə tanıyırdı. O qızcığaz da məni o adla səslədi. Çarəsizliyə düçar olan insanların tək xilası mənəm. Heç bir insan pis və ya yaxşı olaraq dünyaya gəlmir. Doğulanda hamısı insan olur. Onu pis yaxud da yaxşı edən şey seçimləridir. Düşdüyün mühit səni vəhşi kimi böyüdə bilər. Amma sən insan olaraq qalmağı bacarırsansa, deməli düzgün yolu seçmisən. Amma bəzən insanın seçimləri də onu xilas edə bilmir. İnsanı iblisə döndərən bilirsən nədir? İntiqam. İntiqam hissini alovlandıran nədir bəs? Digər insanlar. Əslində şeytan da Tanrı da sən özünsən. Sadəcə hansına daha çox inanırsan onu seçməlisən. Əgər sən şeytanlıq edib ətrafındakılara zərər verməsən, onlar da insan olaraq yaşamağı seçə bilərlər. Mənə gəldikdə isə, heç də xeyirxah bir mələk deyiləm. Mən indi Rüqəyyayam. Bir müddət sonra hamı məni Nailə deyə səsləyəcək. Əsl adım unudulsa da, mən aciz insanların ümidi olmağa davam edəcəyəm. Tək xilaskar mənəm. Qardaş və bacılarım həmişə məndən uzaq durardı. Mömin və kafir deyə bölünürdük biz öz aramızda. Ancaq nə mömin, nə də ki, kafir bacı-qardaşlarım mənə yaxın dururdu. Cinlər arasında heç sevilməyəni mən idim. Mən ruhu oyuncağa çevrilənlərin hamisiyəm. Onların ağasıyam. Bir bilsən tarix boyunca neçə oyuncağım olub. Mariya, Rüqəyya və Nailə onlardan sadəcə bir neçəsidir... Bu kənddən sıxıldım. Artıq başqa yerlərə getmək vaxtıdır. Ancaq unutma! Məndən danışan dillər lal olar. Məni görən gözlər kor olar. Məni nişan verən barmaqlar qırılar. Mən hər dindən, hər millətdən oyuncaqlarımı toplayıram. Mən oyuncaqçıyam. Qarşıma çıxan hər kəsi öz rəfimə  həbs edərəm. Çalışın yaxşı insan olun. Sizə görə birisi acizliyə düçar olarsa, bilin ki, oyuncaqçı öz oyuncağını almaq üçün gələcək. O gələndə isə oyuncağını incidən heç kim sağ qalmayacaq. Mən əbədi yaşayacağam. Çünki, Keh mori daiman. Ölüm sonsuza qədər davam edəcək.

Sözünü tamamlayıb, dilini dişləyərək intihar etdi. Havada süzülən bədən yerə çırpılanda huşumu itirdim. Özümə gələndə ətrafımda bir neçə tibb bacısı vardı. Xəstəxanada idim. Burnuma gələn dərman və qan qoxusundan ürəyim bulanırdı. Harada olduğumu soruşanda eşitdiyim cavab Bakı oldu. Sonradan öyrəndim ki, biz orada canımızla əlləşəndə bizimkilər kəndi azad edirmiş. Evləri yoxlayanda, mənim nəfəs aldığımı görüb və təcili yardımla əvvəlcə yaxınlıqdakı rayon xəstəxanasına, oradan da Bakıya göndəriblər. Nailənin cəsədinin harada olduğunu öyrənib, bir dəstə güllə ziyarətinə getdim. Ən azından onun bir məzarı vardı. Nə anamın, nə də ki, Əmiraslan dayı ilə Xeyransanın bir məzarı yox idi. Onlar sadəcə mənim xatirələrimdə yaşayacaqdılar. Mən isə bu həyatda yaşamaqdan bezmişəm. Artıq bir ildir ki, gecələr yata bilmirəm. Bu yazdıqlarım çiynimdəki yükü bir az da olsa yüngüllətsə də, mən hələ də ölümü arzulayan həmin o tənha adamam. Acizlik ruhumu sarmaşıq kimi sarmamış həyatla vidalaşmalıyam. Oyuncaqçı gəlib məni də öz kolleksiyasının bir parçasına döndərməmiş, mən özüm bu həyatı tərk etməliyəm. Əgər bunu kimsə oxuyacaqsa, dediklərimin dəlinin sayıqlaması olduğunu düşünməyini istəmirəm. Ancaq belə düşünməkdə qərarlısansa, bu dəlinin son sözlərini yaxşıca dinlə! Həyatdakı seçimlərin səni hər dəfə yaxşı bir yerə gətirməyə bilər. Çalış seçimlərinin arxasında dayan və nəticələrinə döz. Aciz olduğunu düşünmə. Çünki elə deyilsən. Əgər yaşayırsansa, nəfəs alırsansa, deməli ümidin var. Tanrıya inan. Heç kim olmasa da, o sənin yanındadır. Bəlkə də düz deyirdi. Ölüm sonsuza qədər davam edəcək. Ancaq mütləqdir ki, onun əvəzində yeni bir həyat başlayacaq. Arzu edirəm ki, onu bir daha səsləyən tapılmaz. Adı elə Rüqəyya olaraq qalar. Bir daha heç kim onun oyuncağına çevrilməz. Ümidvaram növbəti dəfə sənin adın səslənməz...

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bir gün gənc xanım Ədilə Hüseynzadə Ağabacı Rzayevanın Üzeyir Hacıbəylidən bəstəkarlıq dərsləri aldığını öyrənir. O da özünü bu sahədə sınamaq qərarına gəlir və İsmayıl Soltanın "Yadigar" şeirinə musiqi bəstələyərək Üzeyir Hacıbəyliyə təqdim edir. Dahi bəstəkarın bəstəni bəyənməsindən sonra Ədilə Hüseynzadə Vokal şöbəsindən Bəstəkarlıq şöbəsinə keçir və Üzeyir Hacıbəylinin tələbəsi olur. O, həftədə dörd dəfə Üzeyir Hacıbəylidən dərs alırmış...

 

Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olub. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlayıb. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil alıb.

Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnib.

Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlib. O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olub.

Metsosoprana səsinə malik Hüseynzadə Ədilə vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində alıb. Daha sonra professor Bülbül tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olub. 1945-ci ildə ekranlaşdırılan "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunub və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilib

Sonra isə yazının əvvəlində qeyd etdiyim olay baş verib və Ədilə xanım bəstəkarlığa keçib. Ədilə Hüseynzadənin "Vəslin həvəsi" adlı romansı müəllimi tərəfindən yüksək qiymətləndirilərək ifa olunması üçün Bülbülə təqdim olunub. Ədilə Hüseynzadə arıtq tələbəlik illərində həm ölkə daxilində, həm də ölkə xaricində öz əsərləri ilə tanınmağa başlayıb.

 

 

Ədilə Hüseynzadə 1948-ci ildə Üzeyir Hacıbəylinin vəfatından sonra professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirib. O, Bakı Musiqi Akademiyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Bəstəkar təhsilini başa vurduqdan sonra 1953-1988-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

O, 33 il çalışdığı məktəbdə Müslüm Maqomayev, Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova kimi tanınmış musiqiçilərə Kompozisiyanın əsasları fənnindən dərs deyib. Ədilə Hüseynzadə həm bəstəkar kimi, həm də pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb.

Lakin bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edib. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ə. Hüseynzadənin Nizaminin sözlərinə yazılan "Vəslin həvəsi" romansı, habelə Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnən romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi Azərbaycan musiqisinin inciləridir.

Həmçinin "Bülbül", "Qarayazı meşəsində", "Bir səs", "Susdu bülbülümüz", "Günədən gənclik istədim", "İnsanları sevməsəydim", "Yenə elədir" və s. romansların müəllifidir. Onun yaradıcılığının əsasını, vokal əsərlərinin üstün olduğu kamera musiqisi təşkil etsə də, Ədilə xanım bir sıra irihəcmli əsərlər də yaradıb. Ədilə Hüseynzadənin yaradıcılığında irihəcmli əsərlərin yazılması iki mərhələdən ibarətdir.

Birinci mərhələ 1946-1953-cü illəri, ikinci mərhələ isə 1972-1975-ci illəri əhatə edib. Birinci mərhələdə xor üçün "Oktyabr", xor və simfonik orkestr üçün "Vətən" kantatası, simfonik poema, "Vətən" vokal və simfonik silsiləsi, xor, solistlər və simfonik orkestr üçün "Sülhün səsi" kantatası yazılıb. Habelə bəstəkar 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovaya həsr etdiyi simfonik poemanı qələmə alıb.

Xor və kollektivlər üçün əsərlər bəstələnən ikinci mərhələdə tar və solistlər və xor üçün "Ərəb dostlarıma", solistlər və xor üçün "Neylərəm", xor üçün "Üzün bərqi gülitərdir", a kapella xoru üçün "Vətən" adlı xor əsərləri, solist bariton qadın xoru və orkestr üçün "Oğlumun babasına" adlı ballada yazılıb. Ədilə Hüseynzadə 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi və onun tədbirlərində fəal iştirak edib.

 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyovun tələbələrindən biri Ədilə xanıın Hüseynzadə 20 iyul 2005-ci ildə vəfat edib.

 

Mükafatları

- Böyük Vətən müharibəsindəki şücaətli əməyinə görə" medalı

- "Azərbaycan SSRİ Əməkdar incəsənət xadimi" adı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

 

Bazar ertəsi, 20 İyul 2026 08:08

Az tanınmışlardan Nurəddin Qəmbər

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Həkimlik və yazıçılıq sənətini birləşdirən çox saylı adam olub Azərbaycan tibbi və ədəbiyyatı tarixində. Elə böyük şəxsiyyət Nəriman Nərimanovun adını çəksək bəs edər. Paşa Qəlbinur, Afaq Şıxlı və s. və i.

İndi haqqında danışacağım Nurəddin Qəmbər də bu qəbildəndir.

 

Nurəddin Qənbər 1933-cü ildə iyunun 20-də Azərbaycanın Ağcabədi rayonunun Qaradolaq kəndində anadam olub. 1950-ci ildə Zərdab rayonunun mərkəzindəki M. Qorki adına orta məktəbi bitirib. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirib. 1957-ci ildə əmək fəaliyyətini Türkmənistanda cərrah-həkim kimi başlayıb.

1957–61-ci illərdə Kazançik şəhəri xəstəxanasında cərahiyyə şöbəsinin müdiri, 1961–71-ci illərdə Azərbaycanda — Ağcabədi rayon mərkəzi xəstəxanasında cərrah-həkim, 1971-ci ildə baş həkimin müavini, 1973–74-cü illərdə isə baş həkim vəzifəsində çalışıb.

Hazırda Bakıda akademik Mir Qasımovun adına Respublika Klinik xəstəxanasında cərrah-həkim işləyən N. Qənbər 1982-ci ildə Markisizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirib. 1973–75-ci illərdə Ağcabədi şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilib.Bədii yaradıcılığa 60-cı illərdən başlayan nasir ilk hekayələrini rayon qəzetində dərc etdirib.

 Həmçinin etdiyi tərcümələr ilə diqqəti cəlb edən N. Qənbərin "Meymunun dəfni", "Başsız meyit", "Zirzəmi", "Boğanaq", "Yoldaş, sən kim aparıb" adlı romanları, "Kiçik qardaş", "Qoşa söyüdün nağılı", "Yaralı qağayı", "Bir məhəllənin nağılı" adlı povestləri, habelə bir sıra hekayələri publisit yazıları, pyesləri dövri mətbuatda, həm də nəşriyyatlarda toplu hald çap olunub.

2009-cu ildə Nurəddin Qənbərin "Yazdıqlarım həyatımdır" adlı kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayə, oçerk və məqalələri, eləcə də əsərləri haqqında yazılmış rəylər, resenziyalar, şeirlər toplanıb. Kitaba yazıçının "Yağlıvənd gölündə faciə" pyesi də daxil edilib.

 

Əsərləri

- "Kiçik qardaş" (povest) (1979)

- "Qara söyüd" (povest və hekayələri) (1985)

- "Xeyir xəbər" (povest və hekayələri) (1986)

- "Yazdıqlarım həyatımdır"

 

Mükafatları

Dörd medalla təltif olunan nasir, eyni zamanda "İsi Məlikzadə adına mükafat"ın laureatı, səhiyyə əlaçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.