Natiq Məmmədlinin “Sev” romanının təqdimat mərasimi keçirilib Featured

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış yazıçı, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin yeni əsəri – “Sev” romanının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, TEAS Press nəşriyyatında çap olunnan, əsasən gənclərə ünvanlanan, epiqrafı  “Yalnız sevənlər anlayar” olan roman əsl səyahət romanıdır, amma o, həm də bir eşq romanıdır. 

Əfsanəvi məhəbbət nəğməkarı Sarı Aşığın gerçək dastanı əsərin ruhuna hopub. Heç bir məhəbbət dastanına bənzəməyən Sarı Aşığın hekayəsi ilahi sevgini əks etdirir, bu baxımdan onun romanda peyda olması sevginin tərənnüm gücünü göstərir. 

Romanda postmodernizm elementləri, qloballaşmaya, modern dünya nizamına, XXI əsrdə tərk-silah olunmuş ədəbiyyata fərqli baxış bucağı var. Bu baxımdan “Sev” öz fəlsəfi-estetik mesajları ilə ənənəvi sevgi romanı çərçivəsindən kənara çıxır. 

Oxucu əsəri oxuduqca onun qəhrəmanları ilə birlikdə müxtəlif coğrafiyalara və zamanlara əfsanəvi səyahət başlayır. Müxtəlif surətlərin, xarakterlərin, ekzotik məkan təsvirlərinin yer aldığı bu səyahət həm dünya ilə, həm də müxtəlif insanlarla unudulmaz tanışlıq imkanı yaradır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar Yurduna can atır. 

Təqdimat mərasimi Əməkdar jurnalist və yazıçı Yunis Orucovla Natiq Məmmədovun kitab barədə çıxışları, polemik fikirləri ilə davam edibdir. 

Roman Azərbaycan ədəbiyyatına, xüsusən də müasir nəsrə sanballı töhfədir.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.