İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunun Padar kəndindəki Qəriblər qəbristanlığında, Sincan kəndinin Orta məhəlləsindən keçən yolun üstündəki köhnə qəbirsanlıqda və Aşağı Kəldək (Şəki) məzaristanında 1918-ci ildə rayon ərazisində erməni quldurları ilə döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin məzarları bu gün də hörmət və ehtiramla yad olunur.
1918-ci ilin yazında çox yerdə olduğu kimi, Oğuzun (keçmiş Vartaşenin) ərazisində də erməni silahlı dəstələri müsəlman xalqların nümayəndələrinə qarşı qırğınlara başlamışdılar. AXC-nin yaratdığı “Fövqəladə Təhqiqat Komissiyası”nın 1918-ci ilin yazında və yayında ermənilərin etdikləri vəhşiliklər barədə topladığı materiallarda oxuyuruq: ”Qəbələdən aşağı Vartaşen kəndində baş qərargahı (qərargahın rəisi latış Bredis olub, onlar dağlıq erməni kəndlərini müdafiə edirdilər) Qayabaşı kəndində olan bütöv qarnizon yaradılmışdı... 1918-ci ilin fevral ayında Nuxa (Şəki)-Vartaşen (Oğuz) bölgəsində Vartaşen, Calud, Böyük Söyüdlü, Yaqublu, Nic kəndlərinin erməniləri ilə də sıx əlaqə saxlayan, Vartaşen qarnizonun zabitlərindən Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants Nuxa və Ərəş qəzalarının erməni milli şuralarının üzvü, sonralar sədri olmuş, özünü hər iki qəzanın komissarı elan etmişdi. Bu quldur erməni kəndlərini gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. O, oz dəstəsi ilə müsəlman kəndlərinin əhalisinə hücum çəkərək qətl və qarətlər törədirdi. O, qısa müddətdə 20 müsəlman kəndini viran qoymuşdu. AXC yarandıqdan sonra da bu daşnak bölgədə hökumətlə əlaqəni kəsmək, özü başda olmaqla erməni çoxluğundan ibarət hökumət yaratmağa çalışırdı”.
Rayondakı daşnaklar Qayabaşıdakı qərargahla sıx əlaqə saxlayır, onlara hər cür maddi-mənəvi köməklik edir, silahlanır və aldıqları əmrləri yerinə yetirir, zorla qriqorianlaşdırdıqları udi kilsələrində müsəlmanların hər cür qətlə yetirilməsini təbliğ edirdilər. Bu işlərdə Vartaşen, Calut, Yaqublu, Böyük Söyüdlü və Nic (Qəbələ) kəndlərindəki ermənilər də iştirak edirdilər.
1918-ci ilin iyun ayının əvvəllərində Nuxa-Ərəş qəzasının Oğuz nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və digər kəndlərinin quldur erməni silahlı dəstələrinin hücumlarına məruz qalmış dinc sakinləri Məmməd Kərim meşəsinə və Sincan çayının yatağı boyunca quzeyə doğru yol gedərək 10-15 km. aralıdakı Xaçmaz meşələrinə sığınmışdılar.
Həmin dövrdə bu kəndlər, eləcə, bölgə hüdudları əlverişli coğrafi mövqeyə malik olmaqla yanaşı, həm də tarixi-maddi abidələrin zənginliyi ilə də fərqlənmiş, Türk dünyasının təkamül-inkişaf məkanlarından biri olduğundan XVIII-XIX əsrlərdən başlayaraq, XX əsrin əvvəllərinədək daşnakların və onların kilsəsinin təcavüz obyektinə çevrilmişdi.
1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə miralay Süleymanovun komandanlığı altında qısa müddət ərzində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu və Böyük Söyüdlü kəndlərini də daşnak silahlılarından təmizləmişdi. Ermənilərdən müsəlmanları qətl etmək üçün istifadə etdikləri yüzlərlə müxtəlif növlü odlu silahlar–pulemyot, tüfəng, tapança, bomba, çoxlu sayda patron və başqa soyuq silahlar toplanmışdı.
Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. O, öz toplarını Yaqublu kəndinin cənubundakı təpələrin üstündə quraraq, Oğuz nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və başqa kəndlərin ətrafındakı erməni mövqelərini atəşə tutmağa başladı. Burada erməniləri susdurandan sonra o, Oğuzun Vardanlı və Padar kəndlərinə gəlmiş, burada Abdulla Paşa bir müddət Qərib Yüzbaşının evində qalmışdı. Türk ordusunun bir neçə əsas bölmələri Padar kəndində yerləşdiyindən, onların şəhid olan əsgərləri bu kənddəki “Qəriblər qəbristanlığı”nda dəfn olunmuşlar. (https://anl.az/el/y/Azf-265975.pdf)
Qafqaz İslam Ordusunun alayının bir bölüyü də (Əli Osman əfəndi və Tahir əfəndinin əsgər-zabit heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində yerləşmişdi. Onların qərargahları məscid həyətlərində (Sincan kəndində Cümə məscidində və Xaçmaz kəndindəki Səməd bəy məscidində), düşərgələri isə kəndlərin ətrafında yerləşirdi.
Sincan-Xaçmaz cəbhə xəttində gedən döyüşlərdə ağır yaralanan və vəfat edən Tahir əfəndi vəsiyyətinə görə, Sincan kəndinin orta məhəlləsindən keçən yolun üstündəki əski qəbirsanlıqda torpağa tapşırılıb. Dəfn günü türk şəhidini camaat Xaçmaz kəndindən (10-12 km. məsafədən) çiyinlərində gətirərək bu yerdə, yaşı 500 ildən artıq olan uca palıd ağacının altında, Sincan çayının sol sahilində, yoldan az kənarda dəfn etmişlər. Onun qəbrinin üzərində 1992-1994-cü illərdə kənd sakinləri tərəfindən gümbəz (8 guşəli, hündürlüyü 4 m, dəmir örtüklü) tikilib, içərisində palıd ağacından nişanə kimi “sinə daşı” (2 m boyda, eni 60 sm, qalınlığı 30 sm) qoyulub və “Əsgər Tahir Əfəndi, 1918” sözləri həkk edilib. Hazırda həmin məzar “Tahir Əfəndi ziyarətgahı” kimi tanınır.
Oğuz ərazisində erməni daşnaklarına qarşı qəhrəmanlıqla vuruşanlardan biri də türk sərkərdəsi İsmayıl Haqqı əfəndi olmuşdur. 1890-cı ildə Türkiyənin Kayseri şəhərində anadan olmuş İsmayıl Haqqı Əfəndi Qafqaz İslam Ordusu tərkibində, Səlmiyyə süvariləri dəstəsində Şəki-Oğuz bölgəsində quldur hay dəstələrilə döyüşlərdə iştirak etmişdir. Bölgədəki bütün ermənilər Türk İsmayıldan çəkinirdilər. O sonralar qalıb, rayonun Baş Daşağıl kəndində yaşamağa qərar vermişdi. Burada muxaslı Amanoğullarından Aman adlı şəxsin qızı Xədicə xanımla evlənmişdir. (https://belediyye.sheki.org/meqaleler/12032014-1)
1937-38-ci illərdə Xədicə xanım anasıyla birgə represiyaya məruz qalır. O, 6 il müddətinə Özbəkistana sürgün olunur. Sürgün müddətində İsmayıl Haqqı əfəndi ilə Xədicə xanımın övladlarını Xədicə xanımın qardaşı Əhməd Amanoğlu himayə etmişdi.
Türk İsmayıl 1928-ci ildə Şəki üsyanı yatırıldıqdan sonra üsyanın rəhbərlərindən biri olduğu üçün güllələnmişdir. Məzarı Aşağı Kəldək (Şəki) kəndindədir. Onun məzarı 2013-cü ildə nəvəsi tərəfəndən bərpa olunub.
Bu gün Oğuzdakı qan bir, dil bir, din bir türk əsgərlərinin məzarları müqəddəs ziyarətgahlara çevrilmişdir. Padar kəndindəki “Qəriblər qəbiristanlığında” (naməlum terk əsgərləri), Sincan kəndindəki köhnə qəbiristanlıqda (Tahir əfəndi), Aşağı Kəldək kənd qəbiristanlığında (İsmayıl Haqqı) dəfn olun olunmuş igid türk əsgərlərinin məzarları əhali tərəfindən böyük hörmət və ehtiramla ziyarət olunur. Onların qəhrəmanlıqları unudulmur!
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)