
Super User
Danimarkada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılıb.
Daha sonra azərbaycanlıları həmrəyliyə səsləyən video çarx nümayiş olunub.
Danimarkada yaşayan azyaşlı soydaşlarımıza bayram hədiyyələri verilib.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Cəmil Həşimli
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Cəmil Həşimliyə ithaf olunub.
CƏMİL ƏFLATUN OĞLU HƏŞİMLİ
(11.08.1995.-05.10.2020.)
Kürdəmir şəhərindən olan, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Qarabağın azad
edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
OLDUN ÜZÜAĞ, CƏMİL
Ömrün qısa olsa da, zəngin, mənalı oldu,
Elə hünər göstərdin, sevgin qəlblərə doldu.
Vətən sevgisi səni qoçaq, cürətli etdi,
Yurdumun hər yerində şanlı-şöhrətli etdi.
Uşaqlıqdan ağıllı, sadə, mehriban idin,
Hamı sevirdi səni, şirindil oğlan idin.
Həmişə düşünürdün - əsirdi torpağımız,
İntizarla gözləyir bizi, Qarabağımız.
Qarabağı düşməndən biz azad etməliyik,
Lazım gəlsə, yolunda ölümə getməliyik.
Həyatını hərbiyə bağladın saf amalla,
Gizirtək xidmət etdin, ləyaqətlə, kamalla.
Başladı müharibə- xalqımızın haqq işi,
Dünya özü gördü ki, kim qorxaqdır, kim “kişi”.
Minlərlə əsgər kimi göstərdin hünər, Cəmil,
Xeyir qələbə çaldı, məğlub oldu şər, Cəmil.
Dostların heyran oldu səndəki cəsarətə,
Torpaq yolunda yetdin əbədi şəhadətə.
Hünərinlə ucaltdın doğma eli, obanı,
Səni qoynuna alıb Şəhidlər Xiyabanı.
Ömrün qısa olsa da, oldun üzüağ, Cəmil
Kürdəmirdə açılıb adına bulaq, Cəmil.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Güney Azərbaycan Poeziyası Antologiyasında İsmayıl Pilpayənin “Xatirə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Muğanda yaşayan İsmayıl Pilpayədir.
İsmayıl Pilpayə
Muğan
Xatirə
Çıxmaz bir küçədir
Diş ağrısından da ağrılı, xatirədir.
Xatirə
Arazın o tayından gedən tirendir
Son görüşü
Bitirəndir.
Xatirə
İlk müəllimdir
Və mənlə oturan bir qız.
Ayaqlanmış bir güldür
Uşaqlıq bağında
Yeyilməmiş bir alma
Və alınmamış öpüşün həsrəti
Anların payızlığında.
Xatirə
Həsrətlə qarışıb
Axşam çağı pəncərədən qalxan
Hər səhər adamı yuxudan çağıran
Titrəməkdir küçə başında
Sevməkdir qorxa-qorxa
İlk “Alo”-dur telefonda.
Xatirə
Uduzmaq dəyəridir
Susqun və bom-boş əllərlə
Enməkdir dərəyə.
Xatirə
Bağlanmış bir pəncərədir
Gün çıxana
Bir ulduzdur, sönməyəcək
Düşməyəcək bu eyvana.
Xatirə
Açılmayan bir boğçadır
Damcı-damcı
Gözlərindən aslanır
Yavaş-yavaş boy atır.
Xatirə
Daşlar arasında cücərir
Ağrı doğan bir fəhlədir
Həm gündüzdür,
Həm gecədir.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Floridada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
ABŞ-nin Florida ştatında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Florida Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə soydaşlarımızla yanaşı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasının nümayəndəsi Cenifer Viskara və Türkiyənin konsulu Rəsul Şahinol ailə üzvləri ilə birgə iştirak ediblər.
Tədbirdə çıxış edənlər hər iki bayram münasibətilə Azərbaycan xalqına təbriklərini, sülh və əmin-amanlıq arzularını çatdırıblar.
Mayamidə yaşayan və fəaliyyət göstərən azərbaycanlı musiqiçilər Xan Bəyli və Nərgiz Denton öz maraqlı ifaları ilə tədbirə əlavə rəng qatıblar.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Ölüm qoxusu - ESSE
Xədicə Əliyeva, “Ədəbiyyat və incəsənət”
Ölüm qoxusu!!! - Bir gün son dəfə gözlərimizi bağlayıb, sonsuzluğa qarışacağımızı bilmədən sonsuzca yaşayırıdıq..
Həyatımızın qum saatına bənzədilməsini, tez-tez dilə gətirilib, buna aid misallar çəkilməsini bilirik. Lakin ən faciəlisi, bu saatın hər birimizə fərqli zaman biçməsi, son qum dənəciyinin də aid olduğu qumlara qarışacağı və mənim heç vaxt özümü aid hiss etmədiyim yaşam müddətimin başa çatacağını bilməyim idi. Görəsən, insanlara unutqanlıq hissi verilməsə idi, onlar hələ də bədbəxt və ya xoşbəxt ola bilərdilər?!
İçində olduğu xoşbəxtlik xülyasının, ömrünün sadəcə qum saatı dənəciklərinə bağlı olduğunu biləndə insan bədbəxt hiss edərdi özünü, yoxsa azmış ruhunun içindən çıxa bilmədiyi bədbəxtliyin də sadəcə axmaq zaman qavramı olduğunu bilib, xoşbəxt olardı?
İnsanlar qəribədir, özü də çox. Xoşbəxtliyin müvəqqəti olduğunu biləndə bədbəxt, bədbəxtliyin müvəqqəti olduğunu biləndə isə, xoşbəxt olurlar.. Bax, mənim də ömrüm, bu mənasız suallarda məna axtarmaqla keçəcək, deyəsən...
Məsələn, bir çox insan yaşamını sonlandırmış insan görməkdən qaçır, həmçinin qanamış yara görməkdən. Səbəbini düşünmüsünüzmü? Mən düşünmüşəm. İnsanlar unutduqları, ya da unutmağa çalışdıqları məsələləri xatırlamağa nifrət edirlər. Çünki bu xatırlatmalar, "ölüm qoxusunu" xatırladır.. İnsanlar hər keçən gün ölümə yaxınlaşır, amma bunu, "növbəti yeni yaş" olaraq qeyd edib sevinirlər. Maraqlıdır, ölümə addımladığını bildiyi halda, insan niyə bunu qeyd edib sevinsin ki? Yeni yaş ilə nəyə çatmış olur? Özünü aldadır ki, bu il ona uğurlu olacaq? Köhnə yaşının ona verə bilmədiklərini, yeni yaşı ona verəcək?
Onlar doğum günlərini qeyd edərək, ölüm günlərinə doğru gedirdilər və lənət olsun ki,onlar ölümdən qaçarkən, ölümə qaçırdılar və bunun fərqində deyildilər...
Çoxumuz qatardakı səfər müddətində, oturacağımız yerin rahatlığına və pəncərə mənzərəsinə diqqət edirik. Çalışın, sonsuzluğa gedən həyat qatarında da müvəqqəti olmağına baxmayaraq yerinizi gözəl seçin və mənzərənin dadını çıxarmağa çalışın.
Ölüm sondurmu,yoxsa sonun başlanğıcmı? Bax, onu da qatardakı səfərinizi başa vurduğunuz zaman biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
İLAN İLİNİN İLANI - Şəmil Sadiq yazır
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Şəmil Sadiqin ilan ilində ilanlar barədə söhbətini sizlərə təqdim edir.
Hər il yeni il gəlməmiş hamı bu ilin adından danışır, reklam edirdi. Əjdaha ili, Qurd ili, At ili…
Nəsə bu İlandan heç danışan yoxdur elə bil,
İıan müqqəddəs heyvandır ee, əfəndilər, çox da qorxmayın.
Mistik düşüncədə ilan müxtəlif mədəniyyətlərdə və inanclarda həm müsbət, həm də mənfi xüsusiyyətlərə malikdir. Onun yaxşı xüsusiyyətləri əsasən müdriklik, yenilənmə və güc kimi keyfiyyətlərlə əlaqələndirilir.
1. Yenilənmə və Dəyişiklik
• Dəri dəyişməsi: İlanın dəri dəyişməsi mistik düşüncədə yenilənmə, təzələnmə və həyatın dövri təbiətinin simvolu kimi qəbul edilir. Bu, insanın köhnə vərdişlərindən və mənfi enerjilərdən qurtulub yeni başlanğıclara yönəlməsini təmsil edir.
• Özünü bərpa etmə: İlan öz instinktləri ilə həyatda qalmağı və uyğunlaşmağı bacaran canlı kimi yenilənmə gücünün rəmzi sayılır.
2. Müdriklik və İntuisiyanın Rəmzi
• İlan qədim mistik mədəniyyətlərdə (məsələn, qədim Yunanıstan, Misir) müdriklik və dərin biliklərə malik bir varlıq kimi təsvir edilmişdir.
• Hind mistikasında ilan (naga) bilik və gizli sirlərin qoruyucusu kimi görülür. Onun intuisiya gücünə malik olduğu düşünülür.
3. Sağlamlıq və Şəfa
• Şəfa simvolu: İlan tibb və şəfa ilə əlaqələndirilir. Qədim Yunan mifologiyasında ilanın Əskulapiyin çubuğuna dolanması sağlamlıq və şəfa rəmzidir. Bu, həm də həyat enerjisinin bərpa olunmasını təmsil edir.
• Zəhər və şəfa: İlanın zəhəri həm məhv edən, həm də şəfa gətirən bir gücə malikdir. Bu dualizm mistik anlamda balansı və müsbət dəyişiklikləri təmsil edir.
4. Güc və Qoruma
• Qoruyucu varlıq: Mistik ənənələrdə ilan müəyyən sirləri, xəzinələri və müqəddəs yerləri qoruyan simvol olaraq təsvir edilir. Misirdə ilan ilahə Vəcet qoruyucu tanrıça sayılırdı.
• Daxili güc: İlan insanın daxili enerjisini (məsələn, hind mistikasında kundalini enerjisi) oyadan güclü bir simvol kimi qəbul edilir.
5. Transformasiya və Ruhani Oyanış
• Kundalini enerjisi: Hind fəlsəfəsində ilan şəklində təsvir olunan kundalini enerjisi ruhani oyanışın və daxili enerjinin təcəssümüdür. Bu, insanın daha yüksək şüur səviyyəsinə çatmasına işarə edir.
• Transformasiya: İlan həm də insan həyatındakı daxili və xarici transformasiyanın rəmzi sayılır.
6. Həyat və Ölüm Arasındakı Bağ
• Mistik düşüncədə ilan həyat və ölüm arasındakı incə xətti təmsil edir. O, həm ölüm (daxili mənfi hallardan qurtuluş), həm də həyat (təzə başlanğıclar) enerjisi gətirən bir varlıqdır.
Müxtəlif Mədəniyyətlərdə İlana Müsbət Baxışlar:
• Qədim Misir: İlan müdrikliyi və müdafiəni təmsil edirdi.
• Hindistan: İlahi biliklərin qoruyucusu olan nagalar müqəddəs varlıqlar hesab edilirdi.
• Qədim Yunanıstan: Əskulapiyin çubuğu şəfa və tibbin əsas simvoludur.
• Amerika Hindu Mifologiyası: İlan yer və göy arasında vasitəçi rolunu oynayır.
İlanın mistik düşüncədə rəmzi mənaları həm dərin fəlsəfi təfəkkürün, həm də ruhani inkişafın bir hissəsi kimi qəbul edilir.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Mədəniyyət naziri Şamaxıda vətəndaş qəbulu keçirəcək
Mədəniyyət naziri Adil Kərimli yanvarın 17-si saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) vətəndaş qəbulu keçirəcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar yanvarın 13-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Ay işığının seli barədə
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- "Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”
İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…
"18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı... Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda "Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada "Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki... Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.
Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası "Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- "Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”
Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl (:) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu gec də olsa, ad günü münasibəti ilə təbrik etməkdir. Axı yanvarın 3-ü Aysel Əlizadənin yubileyi idi.
Arzuları çin olsun!
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
Leyla Bədilbəyli, Metro və Poeziya Günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə - yanvarın 8-nə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq.
Metro günü
Əlbəttə ki, metroya sahib şəhərlərdən biri kimi Bakı da bu günü qeyd etməlidir. Özü də, Bakı metrosunun Nizami stansiyası öz təribatına, divar freskalarına görə dünya metrosu özəllikləri sırasında yer alır.
Bildiyiniz kimi, dünyada ilk metro xətti İngiltərədə - Londonda istifadəyə verilib, 1863-cü ildə yeraltı tunellə ilk buxar qatarı hərəkət edib. Bu fəaliyyəti Metropolitan Railway kompaniyası həyata keçirib ki, metro adı da buradan götürülüb. İlk yeraltı xəttin uzunluğu 3,6 kilometr olub. Dünyada ən dərində yerləşən metro stansiyası isə Kiyevdədir, “Arsenalnaya” stansiyası 105,5 metr dərinlikdədir.
Arqayl günü
Bu gün bekar olan, asudə vaxt tapan insanlar rəngbərəng romblardan, yaxud kvadratlardan paralel və diaqonal xətlərdə naxışlar quracaqlar, bu da olacaq Arqayl gününə bir töhfə. İlk dəfə bu cür naxışları Şotlandiyanın Arqayl qraflığında Kampbel klanı həyata keçirib.
Yer kürəsinin fırlanması günü
Əminəm ki, Arqayl günü münasibəti ilə heç biriniz naxış-filan çəkəsi deyilsiniz, amma bu gün ən azından Yerin necə dövrə vurması barədə fikir izhar edəcəyinizə isə inanıram. 1851-ci ildə fransız fiziki Leon Fuko Parisdəki Panteon yüksəkliyindən içinə qurğuşun doldurulmuş latun kürəciyi asaraq hamını onun fırlanmasına tamaşa etməyə dəvət edib, bu, Yer kürəsinin öz oxu boyunca fırlanmasının əyani nümayişi sayılıb.
İşdə gözəllik və poeziya günü
Deyim ki, çox romantik bir bayramdır. Bu gün iş yerində icra etdiyiniz işin gözəlliyini və poetikliyini duymanız vacibdir. Mən çörəkpulu üçün zibilxanalardan zibil yığmaq məcburiyyətində qalmış həmyerlilərimizi, bir də işi qanun pozucularını tutmaq olan, zora və gücə arxalanan polisləri çıxıram, neynəsələr də onlar öz işlərində gözəllik və poeziya tapa bilməyəcəklər, digər zümrələrdən olanları isə axtarışlara dəvət edirəm.
Yeri gəlmişkən, bu gün kənar gözəlliklər də aktualdır, nahar fasiləsində, məsələn, internetdən gözəl mənzərələr tapıb baxmaq olar, gözəl xanımları seyr etmək olar, üstəlik, tək işin poeziyası ilə kifayətlənməyib, tutalım, əsil poeziyaya da pənah aparmaq olar. Gözəl şairlərimiz var, onların şeirlərindən niyə də feyziyab olmayasınız ki?
“Zolotoy klyuçik”
Qoruqçu günü. Bütün obyekt qoruqçularını (indi onlara mühafizəşi deyilir) təbrik edək, amma cangüdənləri yox, onların qoruduqları canlı obyektlər bu sıraya aid deyil. Bu gün bolqarlar, ruslar və belaruslar Babyi kaşi gününə sevinirlər, bu, süd anaları günü sayılır. Tailandlılar uşaq gününü, malayziyalılar sürətli mətnyığma gününü, yunanlar Ginenokratiya – Qadın gününü qeyd edirlər. O ki qaldı amerikalılara, onlarda Milli iris konfeti günüdür. Bildiniz də hansı konfetdir bu. Sorulan iris konfetləri uşaqlığımızdan xoş xatirədir. Adı da “Kis-kis” və “Zoloyoy klyuçik” idi, xatirinizdədrimi?
Azərbaycan SSR-in ən gözəl xanımı
Sovet dövründə canlı əfsanə olan qəhrəmanlar yaratmaq bir dəb idi, belə bir qəhrəman da salyanlı pambıqçı Qüdrət Səmədov idi, 1972-ci ilin 8 yanvarında dünyasını dəyişib o. 1961-ci ilin bu günündə fransız xalqı humanizm göstərərək referendumda müstəmləkələri olan Əlcəzairin müstəqilliyinə səs verib. 1957-ci ilin bu günündə 14 yaşlı Bobbi Fişer ABŞ çempionu olmaqla şahmat epoxasının yeni Fişer dövrünü yaratmış olub. 1935-ci ildə əfsanəvi Amerika müğənnisi Elvis Presli dünyaya gəlib. 1920-ci ildə tarixdə Sovet Azərbaycanının ən gözəl xanımı kimi qalan aktrisa Leyla Bədəlbəyli dünyaya gəlib. Deyələnə görə, hətta SSRİ başbiləni İosif Stalin də Leyla xanıma vurğun imiş.
1896-cı ildə ədəbi impressionizm və simvolizmin banisi olan fransız şairi Pol Verlen dünyadan köçüb. 1889-cu ildə Nyu-Yorklu alim Qerman Hollerit tablolaşdıran maşın ixtira edib ki, onun köməyi ilə də ölkədə əhalinin siyahıyaalınması həyata keçirilib. 1861-ci ildə çoxunuzun sevdiyiniz “Vokruq sveta” jurnalının ilk sayı çıxıb. Diqqət. Mətbuat işçiləri, eşidin. 1656-cı ildə Hollandiyanın Harlem şəhərində “Harlem xəbərləri” qəzeti işıq üzü görüb. Və bu qəzet...Təəccüblənməyin, günü bu gün də çıxmaqdadır, 366 yaşı olan qəzet dünyada dövriyyədə olan ən qədim qəzet adını daşıyır.
1642-ci ildə italyan astronomu, fiziki, mütəfəkkiri Qalileo Qaliley, 1324-cü ildə isə dünyaşöhrətli Venesiya səyyahı Marko Polo dünyadan köçüblər.
Və ən nəhayət...
Bu gün həm də Öz iş günün barədə danışmaq günüdür. Hərə öz keçirdiyi iş gününün təfərrüatları barədə evdə ailəsinə, küçədə dost-tanışına danışır bu gün. Təsəvvür edin, Qərb insanı həvəslə bunu edir. Yorulmadan, usanmadan, dil boğaza qoymadan danışır. Lətifəsi bizdən uzaq. Bizdə hər kəsin işi başqaları üçün gizlin qalmalıdır nədənsə, ortada şəffaflıq olmamalıdır. Amma təki olaydı. Təki bizdə də qara buxalteriyalar, gizli missiyalar qəhətə çıxaydı, işverənlik, sözgəzdirənlik, aşna, məşuqə vəzifələri ləğv ediləydi. Bilirsiniz, necə gözəl olardı onda?
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)
“Pulqabım həmişə ümidlə dolu oldu” - Kənan Hacının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Kənan Hacının şeirləri təqdim edilir.
Əllərim
Mən həyat yollarını əllərimlə yeridim,
ayaqlarımla deyil,
taleyimin üzünü
əllərimlə köçürdüm ağ kağıza,
gözlərim şahiddir
başıma gələnlərə...
indi hər kəs məni
əllərimdən tanıyır,
çox vaxt ayaqlarım gedə bilməyən yerlərə
əllərim gedib çatıb,
ayaqlarım şahiddir...
Nə yaxşı əllərim varmış,
bir az zirək, bir az ürək əllərim,
yıxılmayan ömrümə
ürək-dirək əllərim...
(19.04.2023)
*
Pulqabım həmişə ümidlə dolu oldu,
ümidlə isindi ciblərim,
ürəyimi üşüdən pulsuzluq
xroniki xəstəliyə çevrildi,
döş cibimdə yuva qurdu təzyiq dərmanı,
arzular naziri postundan
istefa verdim,
taleyə təslim etdim bu canı,
keçdikcə günlər, azaldıqca ömür
böyüdü çarəsizliyim...
Artıq buralarda ömrü ələ keçirmiş
əbədi bir qış var,
bəlkə
yanlışda da bir naxış var...
(10 may, 2023)
*
Heç nəyim qalmayıb sənə verməyə,
bircə ürəyimdən savayı, heç nə.
Yəqin ki, onu da sən istəməzsən,
odur ki, getməyək daha dərinə,
sən öz yolunla get, mən öz yolumla.
(11 may, 2023)
“Atamla söhbətlər"
silsiləsindən
Atamın şəklinə sataşdı gözüm,
zəhmli baxışdan çəkindim yenə.
Ovcumu yandırdı siqaret közü,
bir az yığışdırdım özümü yenə.
Şəklinin önündə ayağa durdum,
sandım yenə məni danlayacaq o.
Boş qoyub gəlmişdim o doğma yurdu,
bəlkə, bəlkə məni anlayacaq o...
Danışa bilmədim uğurlarımdan,
günahım bənd kimi kəsdi yolumu.
Günahım yapışdı ayaqlarımdan,
bağladı əlimi, tutdu qolumu.
Qayıda bilmədim ata yurduna,
qaytara bilmədim ata yurdumu.
Arabir baş çəkib tək məzarına,
deyirəm: bağışla bivec oğlunu.
Şəkildən siqaret tüstüsü qalxır,
fikri uzaqlara dəyib qayıdır.
Deyən, şəkildə də atam darıxır,
şəhərdən o, yenə kəndə qayıdır...
(16.05.2023)
*
Günəşi nuş etdim, canım isindi,
Külək boğazımdan keçmədi, neynim.
Mən öz əllərimi yeyib bitirdim,
Bilək boğazımdan keçmədi, neynim.
Köynəkdən ayrılan düymədi baxtım,
Saman tayasında iynədi baxtım.
Ayları, illəri neylədi baxtım,
Fələk boğazımdan keçmədi, neynim...
(17 may, 2023)
İkimiz
Ötən ömrə bəraətdi bu sevgi,
gəl, bu hissə təslim olaq ikimiz.
Kim desə ki, cinayətdi bu sevgi,
sevgimizə vəkil olaq ikimiz.
Bax gözümə, özünü gör gözümdə,
gözəlliyə mat qalarsan özün də.
Bir söz deyim, amma çıxma sözümdən,
bir kadrda şəkil olaq ikimiz.
Qaçıb yenə gözlərimin yuxusu,
nəfəsimdə saçlarının qoxusu.
İslanmışın yağışdan nə qorxusu?!
Bir günaha şərik olaq ikimiz...
(22.05.2023)
Sonuncu dərviş
İnsanların dünyagirliyi dünyanın
rahatlığını pozur. Dünyanı rahat
buraxmaq istəmirlər. Onəlli yaxasından yapışıb nəfəsini kəsirlər. İnsanların TAMAHı az qala, dünyanın özünü də əzib keçir. İnsanın doymaq bilməyən iştahası artdıqca dünya da balacalaşır. Yeyib bitirirlər dünyanı... Bir zamanlar İnsan Təbiətdən aman diləyirdi,
indi Təbiət İnsandan mədət umur...
Sonuncu dərvişəm mən yer üzündə,
Nə vəzifəm oldu, nə pulum-param.
Bir ölmüş adam var mənim içimdə,
Dostlar arasında gəzən məzaram...
Dostlar, qədim dostlar, antikvar dostlar,
Sözün şəhidinə yas saxlamazlar,
Böyründən saymazca ötüb keçərlər.
Sözü pilləkana çevirər onlar,
Dost adlı məzarı basıb keçərlər.
Bu xırda adamlar, kiçik adamlar
Haçan böyüdülər, haçan şişdilər?
O kiçik komalar, o kiçik damlar
İmarət oldular, saray oldular?!
Bu xırda adamlar, kiçik adamlar
Divtək böyüdülər, divtək şişdilər...
Gördün tək qalmısan ömrün düzündə,
Gəl, qoşul sonuncu dərvişə sən də.
Bağışla, bağışla bütün dostları,
Gedək... Gedək üzü Allaha sarı!!!
(27 may, 2023)
*
Taleyimiz bizdən güclüdür,
neyləsək də, ömür keçər,
sonda xatirələr qalırsa,
yetər...
(28 may, 2023)
*
Sənə buludsuz göy üzü necə yaraşır, göyərçin,
Xəyallarım da sənintək orda dolaşır, göyərçin.
Qanadlarını ver mənə, özüm də uçum yanına,
bu yer adlı cəhənnəmdə ruhum darıxır, göyərçin...
Balıq nəfəsli Kür çayı susub, xəyala qərq olub,
Səndən xəbərsiz şəklini çəkib çıxarır, göyərçin.
Kağızdan bir "quş" düzəldib atdım sən uçan ünvana,
Sən nəfəsinlə ruh verib onu canlandır, göyərçin.
Qanadın yorğun düşəndə sənə qanad verəcək o,
Allahı görsən, de, insan səni çağırır, göyərçin.
(16 iyun, 2023
Neftçala)
*
Dünəndən buludun gözü yerdədi,
Deyəsən, özünə yuva axtarır...
(20 iyun, 2023)
İdilliya
İtlər hürür,
kal səsləri qaranlığa xal salır,
quşlar diksinirlər yuvalarında,
yorğun kəndlilərin yuxusu qaçır.
Təndiri qalamaq lazımdı,
ot biçini yarımçıq qalıb,
dərzlər tayalanıb, kölgəsi dinclik yeri...
Quşlar səslərilə naxış vurur səhərə,
sığırçınların səsi
qapı zəngi kimi oyadır məni yuxudan,
dəmirağacdan asılmış yelləncəyə minib
qayıdıram atalı-analı günlərə,
iyirminci əsrə...
Gün çırtlayır ağacların başında,
Günəşdən əvvəl oyananların
sevinci dünya boyda,
bu yaşıl çətirin altı möcüzə,
dünya nağıl kimi şirin görünür,
uşaq yaddaşımın dibi görünür...
sözlər də ballanıb düşür vərəqə
şipşirin meyvə kimi...
(30.06.23)
Qəbələ
Meşə düşüncələri
Darıxmaq ən böyük mükafatımdır,
yəqin cənnətdə də darıxaram mən.
Cəhənnəm odunda darıxar canım,
hər yerdə bəhanə axtararam mən.
Darıxmaq mənimçün istirahətdir,
dostlar məclisində xəyala dallam.
Darıxmaq mənimçün bir ibadətdir,
bir dəftər, bir qələm yollayan ola.
Xəlvətcə, səssizcə aradan çıxım,
tənhalıq gözləyir məni obada.
Ağ vərəq üstündə şimşəklər çaxır,
itirəm meşənin boz dumanında.
Ürək bir daş üstə bitən çiçəkdi,
çiskin, çən görəndə əsir, titrəyir.
Bulud gözlərini sıxır meşəyə,
bulaqlar sübhəcən nəğmə söyləyir.
Belə darıxasan, tənha qalanda,
ağaclar başına göy çətir tuta.
Yarpağın ovcunda yağış qalanda
bir yaşıl fincanda fırtına qopa.
Bəhanə gəzirəm darıxmaq üçün,
qalxıram meşəyə, enirəm çaya.
darıxmaq hissimi soyutmaq üçün
şəlalə özünü yetirə haya.
Burda darıxmağın keyfi başqadır,
darıxır uçurum, darıxır dərə.
Sığırçın darıxır, dələ darıxır,
darıxmaq yaraşır şux meşələrə.
Bir sərin meşədə at minib çapdım,
gördüm ki, bu köhlən at da darıxır.
Çaylar selə dönüb çağladı, daşdı,
bu Dəmiraparan çay da darıxır.
Belə gözəllikdə mən də darıxdım,
oturub bir dəmirağacın altda
bir əlcə kağızı tamam qaraltdım,
quzular mələşdi yaxın elatda.
Yəqin quzular da belə darıxır,
ovutmur onları çobanın neyi.
Darıxır bu yerin südü, qaymağı,
inəyin ağzından axır seliyi.
Asfalt kənarında tikan qırpırlar,
qəzəbdən adama cumur düyələr.
inəklər süd vermir, gözün qırpırlar,
pendir tuta bilmir qızlar, gəlinlər.
Şəhərdən gələnlər südsüz qalırlar,
şor, pendir çatışmır süfrə başında.
Gedək dağ döşündə bir çadır quraq,
qoy sükut darıxsın bir az maşında.
Gülsün üzü sacda bişən lavaşın,
dağ başında qara baxıb darıxım.
Yar saçına ətir səpsin yağışı,
qar kimi ağ yara baxıb darıxım...
(3 iyul, 2023
Qəbələ, Sərin meşə)
*
Bu qış köynəyimin
yaxası sırsıra bağlayıb,
durmuşam taleyin yol kənarında,
yazı gözləyirəm -
sinəmi açım Günəşə -
bir az dərdləşək...
(20.07.23)
Xatirə mücrüsü
Günəş bayrağını sancıb səmaya,
dənizin yaddaşı oyanır insan səsləriylə,
mənsə, sahillərdə itirdiyim sevgini axtarıram,
dəniz gülür mənə dalğa-dalğa gözləriylə
və deyir:
sən elə o vaxt zəncirlənmisən
burda çopur bir qayaya,
şəkliniz solub sularda,
iziniz ötən əsrin son akkordlarını vuranda
xəbərsiz idiniz sevgi nəğməsinin bitəcəyindən...
Sən başqa əsrin adamısan, dostum,
görürsən, gözəllər yanından etinasız keçir,
belə yaralayır adamı amansız zaman...
Kefini pozma, adam,
sənin sevgin
dənizin xatirə mücrüsündə qorunur bəlkə,
en suların dərinliyinə,
ordadır axtardığın xəzinə,
amma çalış, batma, adam!..
(21 iyul, 2023
Buzovna)
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)