Oğlu Şəhid olan aktyor Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

OvaxtlarRasimBalayev, MikayılMirzə, ƏlabbasQədirovlaeynikursdatəhsilalırdıq. BizSSRİ Xalqartisti, professorMehdiMəmmədovunsinfində oxuyurduq. Ozamanbizlər - gələcəyingəncaktyorları böyükarzularlayaşayırdıq. İnstitutdabizə dərsdeyənmüəllimlərimizinəksəriyyətiAzərbaycanıntanınmış və məşhursənətçiləriidilər.

Yaxşı xatirimdədir, səhnə danışığı kafedrasınınrəhbəriMüxlisQənizadə biztələbələrinhəmdə yaxındostuvə sirdaşı idi. Onunrəhbərliyialtındamaraqlı kompozisiyalar, səhnəciklər, tematiksüjetlərhazırlayardıq. Radiodada çıxışlarımızolardı”.

Aktyor Firuz Xudaverdiyevin xatirələrindəndir bunlar...

 

O, 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub. 1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.

1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor olaraq çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb. Aktyor səhnə yaradıcılığından əlavə bir sıra teletamaşalar və bədii filmlərdə rol alıb, bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar.

Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə vəfat edib. Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb.

 

Teatr səhnəsində ifa etdiyi rollar

Mingəçevir Dövlət Dram Teatrı (1969-1976)

- Fuad ("Almaz", Cəfər Cabbarlı)

- Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov)

- Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun)

- Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev)

- Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)

 

Akademik Milli Dram Teatrı (1976-2017)

 

- Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə)

- Qoca ("Fitnə", Abdulla Şaiq)

- Əsgər ("Maqbet", Uilyam Şekspir)

- Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov)

- N.Kokin ("Daşqın", A. Safronov)

 

Filmoqrafiya

- Kişilər (film, 1979)

- Mənim günahım (film, 1985)

- Ordan-burdan (film, 1987)

- Pəncərədə işıq (film, 1987)

- Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini

- "Fransız" (film, 1995)

- Bağdada putyovka var... (film, 2000)

- Qeybdən gələn səs (film, 2002)

- Dəvətnamə (film, 2003)

- Sonuncu şahid (film, 2004)

 

Səhnədə taleyinə kiçik rollar düşsə də, Firuz Xudaverdiyev zaman-zaman xırda rolların böyük aktyoru kimi tanınıb sevildi. Ən kiçik rolları belə, böyük şövq və məhəbbətlə oynadı. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”nda kişi, A. Şaiqin “Fitnə” sində qoca, V. Şekspirin “Maqbet”ində əsgər, L. Frankın “Yad adam”ında çolaq, Anarın “Səhra yuxuları”nda polis və onlarca belə maraqlı, yaddaqalan rolları onu bir aktyor kimi sevdirdi. O da bütün qəlbi ilə sənəti, səhnəni sevdi...

Firuz Xudaverdiyevin dediklərindən:

“Teatrda, səhnədə rolun böyük-kiçiyi olmur. Əsl aktyor ən kiçik rolu belə tamaşaçıya sevdirə bilər. Mən səhnə həyatımda çox şöhrətli aktyorlarla tərəf-müqabil olmuşam. Bir dəfə qəribə bir əhvalat baş verdi. Baş rolun ifaçısı olan aktyorlardan biri qəzetlərə verdiyi müsahibəsində tamaşanın bütün ağırlığının onun üzərində olduğunu söyləyərək lovğalanmışdı.

Bu müsahibə bütün aktyor heyətinin narazılığına səbəb oldu. O zaman hamımız sözü bir yerə qoyduq ki, növbəti tamaşa zamanı səhnədə hər kəs sadəcə olaraq öz sözünü desin, obraz yaratmasın. Razılaşdıq və növbəti tamaşa zamanı aktyorlar sadəcə olaraq öz sözlərini deməklə kifayətləndilər.

Baş rolun ifaçısı nə qədər canfəşanlıq eləsə də, tamaşa hamıya ölü bir təsir bağışladı. Həmin şöhrətli aktyoru isə başa saldıq ki, teatrda uğur və müvəffəqiyyət bir nəfərin deyil, bütün aktyor heyətinin zəhmətinə bağlıdır. Səhəri gün o, həmin qəzetdə çıxış edərək, müsahibə zamanı öz fikirlərini düzgün çatdırmadığı üçün oxuculardan üzr istədi”.

Aktyorla bağlı bəzi məqamlara da gəlin diqqət edək. O, həyatda oğul itkisi ilə də üzləşibdir. Oğlu Tahir 1-ci Qarabağ müharibəsində şəhadətə yüksəlibdir.

Günlərin birində Firuz Xudaverdiyev ailəsi ilə dənizkənarı parkda gəzintiyə çıxır. Qəfildən Mehdi Məmmədovla üz-üzə gəlirlər. Rejissor uşaqlara mehribanlıqla nəzər salır. Növbəti günlərin birində Mehdi Məmmədov Firuz Xudaverdiyevə məsləhət görür ki, oğlu Tahiri teatra gətirsin. Ona rol verib sınasınlar. Firuz bir ata kimi tərəddüd etsə də, rejissorun əminliyi onu sakitləşdirir. Tahirin böyük səhnədə ilk rolu “Dəli yığıncağı”nda xəstə uşaq obrazı olur.

İlk tamaşa günü hamıdan çox Tahirin atası - Firuz həyəcan keçirir. Tez-tez sual verirdi: “Görəsən, Tahir Mehdi müəllimin ümidini doğrulda biləcəkmi?” Uşaqlıdan dilli-dilavər, hazırcavab olan Tahir ilk roldaca özünü doğruldur. Balaca aktyorun oyunu tamaşaçılar tərəfindən alqışlarla qarşılanır.

Həmin tamaşadan sonra Tahir bir-birindən maraqlı rollar oynayır. Moskvalı teatrşünas A. Belixov Tahirin bu rolunu yüksək qiymətləndirərək yazırdı:

“Tahir Əhməd rolunu o qədər təbii, canlı oynadı ki, mən elə zənn etdim, o, təcrübəli bir aktyordur”.

Krımda hərbi xidmətdə olan Tahir il yarımdan sonra Vətənə qayıdır. 1992-ci ildə Milli Ordunun sıralarında əvvəlcə Ağdərə cəbhəsində düşmənə qarşı döyüşlərdə iştirak edir. Sonra döyüş yolu Ortakənd, Sırxavənd, Çıldıran yaşayış məntəqələrindən keçir. Dəfələrlə ölümlə üzbəüz dayanır, müharibənin şiddətli döyüş səhnələrinin şahidi və iştirakçısı olur.

Ağdərədən sonra Tahir Füzuli cəbhəsində döyüşür. Bu döyüşlərin birində - 1994-cü il aprelin 16-da Tahir ağır yaralanmış yoldaşı Akifi xilas etmək üçün onu döyüş meydanından çıxarmağa çalışarkən ayağı altında partlayan düşmən mərmisindən yaralanıb yerə çökür. Dikəlmək istəyərkən köksündən aldığı güllə yarası onun həyatına son qoyur.

Üstündən illər keçsə də Firuz Xudaverdiyev o günləri yenə də göz yaşları ilə xatırlayır:

“Bu hadisə aprelin 16-da baş versə də, Tahirin cəsədini aprelin 23-də gecə gətirdilər. Səhər anası Tahiri belə görsəydi, yaşaya bilməzdi. Gecə saat birdən sonra Tahiri maşın işığında Xırdalan Şəhidlər xiyabanında dəfn elədik... Tahiri həmişə yanımda hiss edirəm.

 Çünki Tahir övladım olmaqla yanaşı, 5 yaşından 18 yaşınadək dostum olub, bir səhnədə çıxış eləmişik, aylarla qastrollara getmişik. Tahir mənim bir sözümü iki eləməzdi. Sevdiyi vardı. Belə bir hadisə də olmuşd Tahirin üçündə bizə xəbər verdilər ki, iki nəfər gəlib, Tahirin qəbrinin üstünə getmək istəyirlər. Öyrəndik ki, Tahirin istədiyi qız qardaşı ilə gəlib. Sonra Tahirin qəbrinin üstünə həmişə gül qoyardı...”

Allah hər ikisinə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.