Elm və təhsil nazirinin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslində, məmurlar barədə cəmiyyət çox az bilgili olur. Onların yaşı, harada doğulması, hansı ali məktəbi bitirməsi əksərən sirr olaraq qalır. Niyə onlar barədə bilgili olmayaq ki? Məsələn, niyə xəbərimiz olmasın ki, bu gün bizim elm və təhsil nazirinin doğum günüdür?

 

Emin Əmrullayev 1982-ci il dekabrın 30-da Bakı şəhərində anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib.

2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb. Emin Əmrullayev 2005–2009-cu illərdə Qafqaz Universitetinin Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışıb.

 2009–2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib. 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçib. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. 2013-cü ildə isə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışıb.

2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlayıb, 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində işləyib. 2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru olub.

 

Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilib. 28 iyul 2022-ci ildən — Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılmasından bu günədək Azərbaycan Respublikasının elm və təhsil naziri kimi əmək fəaliyyətini davam etdirir.

14 dekabr 2021-ci ildə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib. 30 noyabr 2022-ci ildən Neftçi PFK Müşahidə Şurasının üzvüdür.

Basketbolda və futbolda elə də uğurumuz yoxdur, təki təhsildə olsun!

Doğum gününüz mübarək, cənab nazir!

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.