Qəribə adı olan toponim - Cavud Featured

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Calud kəndi Oğuz rayonunun mərkəzindən 6 km qərbdə, Oğuz–Şəki şose yolunun sağında, Baş Qafqazın ətəyindədir. Bu adda  kəndin Azərbaycanda ancaq Oğuz rayonunda mövcud olduğunu görürük. Rayonunun ən qədim yaşayış məskənlərindən biridir. Qafqaz Albaniyası dövlətinin (E.ə. IV əsr – E. VII əsri) ən gur yaşayış məskənlərindən biri olmuşdur.

 

Burada hazırda qədim və orta əsrlərə aid arxeololi və memarlıq abidələrindən Alban kilsəsinin, Alban pirinin, qədim yaşayış yerinin, Alban nekropolunun qalıqları durur ki, bunlar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.

Kəndin ən azından Albaniyada xristianlığın qəbul edildiyi dövrdən var olduğunu deyə bilərik. Buradakı kilsə çox uzun illər (rus işğalınadək) Alban xristianlarının əsas dini mərkəzlərindən biri olub.

Çar Rusiyasının Qafqaz komandanı A.Yermolovun göstərişi ilə general-mayor Haqverdiyev tərəfindən tərtib olunmuş (rusca) “Şəki vilayətinin təsviri (1819-cu il)” adlı sənəddə Caludun Nuxa qəzasının Nuxa mahalına aid edildiyi məlum olur. Burada yaşayanların çoxu tatar (türk) olduğuna görə kənd tatar (türk) kəndi kimi təqdim olunur.   Kameral təsvirlərə görə, 1824-cü ildə Şəki mahalına aid olan bu kənddə 232 həyətdə əksəriyyəti türklər olan 1048 nəfər (524 nəfər kişi, 506 nəfər qadın olmaqla) nəfər yaşamışdır. Lakin tarixi faktlar göstərir ki, burada türklərlə yanaşı vaxtı ilə udilər (udlar) də yaşayıb. 1815-ci ildə nuxalı İ.Muradxanov və Q.Tarasanov tərəfindən Bütün Rusiya ermənilərinin arxiyepiskopuna gəndərilmiş məktubda udilərin (udların) Vartaşen və Niclə yanaşı, Caludda da bir məhəllədə kompakt şəkildə yaşadıqları qeyd olunmuşdur. Tarix elmləri doktoru M.Paşayevanın “XIX əsrdə udilərin etnokonfessional vəziyyəti” adlı məqaləsində də Caludda udi (ud) etnoniminin izlərinin göründüyü göstərilmişdir.

Ermənilərin isə bu kəndə zorla yerləşdirilməsi XIX əsrin 20-ci illərinin sonundan başlayıb. Bəzilərinin düşündüyü kimi, kəndin adı heç də ermənicə deyil. Bu adamlar başa düşmürlər ki, haylar bura gətirilməmişdən əsrlərlə əvvəl bu kəndin özü də vardı, adı da vardı.

Mənbələrdə Calud toponiminin formalaşması əsasən iki cür təqdim olunur.   Hər iki halda söz “cal” və “ud” hissələrindən (Cal+ud=Calud) ibarət hesab edilir. Oykonimin izahı tərkibindəki “çal”ın “çul” adlı tayfa adından və “ud” cəmlik bildirən şəkilçidən yaranıb “ucada duranlar, ulular” kimi təqdim olunur. Və yaxud “sucaq yer”, “otlu bataqlıq”, “çay qollarının birləşdiyi yer” olduğu və coğrafi obyektin landşaftı haqqında məlumat verdiyi qeyd edilir.   

 

Bizim isə Calud toponiminin formalaşması barədə fərqli fikrimiz var. Biz də Calud oykoniminin iki hissədən formalaşdığını deyirik: cal +ud=Calud. Amma sözün tərkibindəki hissəciklərin tamamilə fərqli mənada olduğunu fikirləşirik. Həmin hissəcikləri ayrı-ayrı izah etməyə çalışaq.

İcazənizlə, toponimin ikinci hissəsindən (“ud”dan) başlayaq. “Ud” nədir?

Tarixçilər hələ Miladdan əvvəlki dövrlərdə Albaniya ərazisində türk etnoslarla bərabər  ud adlı etnosun olduğunu da söyləyirlər. Herodot, Arrian, Plini müxtəlif tayfaların, o cümlədən udi və uti tayfalarının adlarını çəkirlər. Ptolemey isə ud tayfasının da adını onların siyahisina əlavə edir. 

Alimlərin bir qismi uti, udi və ud tayfalarının eyni tayfalar olduqlarını bildirirlər. Məsələn, S.T.Yeremyan, K.V.Trever, F.M.Məmmədova, V.L.Qukasyan udi və uti tayfalarının eyni etnosu bildirməklə qafqazdilli olduqlarını qeyd edirlər. A.A.Bakıxanov isə VIII-IX əsr ərəb tarixçilərinə istinadən yazır ki, utilərin ilk adı Ud olmuşdur. 

Tədqiqatçıların bir qismi isə “ud”ların fərqli tayfa olduqları qənaətindədirlər. Z.Bünyadov və Y.Yusifovun fikrincə, antik müəlliflərin məlumatlarına uyğun udi və ud tayfaları  Albaniyanın  şimal-şərqində Xəzər dənizi sahilində yaşayırdılar. Utilər isə həm Atropatenanın, həm də Albaniyanın ərazisində yaşayıblar.  (V.Ömərov:“Azərbaycanda Albaniya dövləti: əhalisi və adı” məqaləsi, “Səs” qəzeti, 29 avqust 2012-ci il)

V.Qasanovi də özünün “Azərbaycanda m.ö.4.yüzyıl ilə m.s.3.yüzyıl arasında alban gömü adetleri” (Ankara-2018, səh:8-10) adlı əsərində Albaniyada vaxtı ilə “ud” adlı etnosun da olduğunu təsdiq edir.

 

Bir haşiyə. Biz ancaq türk mənşəli etnosları Albaniyanın ilk sakinləri hesab edirik. Udi, uti və ud tayfaları sonralar bura (hunların təzyiqi ilə Xəzərin şərqindən) gələrək 26 tayfa ittifaqına daxil olan etnoslardan olublar. (Əlbəttə, digər tayfaların üzvləri kimi onların da ölkənin müdafiəsində, iqtisadiyyat və mədəniyyətinin inkişafında iştirakları olub.) Lakin Qafqaz Albaniyasının şəriksiz varisləri sayılmaları ədalətsizlikdir. Albaniyanın həqiqi varisləri türklərdir. Bunu həmin dövlətin süquta uğradığı dövrdən formalaşmağa başlayan “Kitabi-Dədə Qorqud” dastanı da sübut edir. Dastanda ölkənin baş sərkərdəsi Qazan xanın “alpanlar başı” adlanması, ərazidə dastan qəhrəmanlarının adları ilə bağlı movcud olan çoxsaylı toponimlər, ancaq türklərə xas olan kurqanlar, daş və qutu qəbirlər, hələ də xalq arasında “uğuz qəbirləri” adlanan nəhəng məzarlar, dillərdə indi də dolaşan əfsanə və rəvayətlər və ia. buna ən yaxşı nümunədir.   

Bir şey də var, son üç əsrdən çoxdur ki, Albaniyanın əhalisi ancaq  qafqazdilli udinlər kimi qələmə verilmişdir. Lakin udi adının müasir udilərə məhz XVII əsrdə şamil edildiyi qeydə alınmışdır. Eyni zamanda, həmin əsrdə Krasnoyarsk vilayətində türk mənşəli udi adı daşıyan etnik qrupun yaşadığı göstərilir. Deməli, udu adı  həm    Qafqaz-iberdilli, həm də türkdilli etnoslara şamil edilirdi. (V.Ömərov:“Azərbaycanda Albaniya dövləti: əhalisi və adı” məqaləsi, “Səs” qəzeti, 29 avqust 2012-ci il).

İndi ud etnosunun adı coğrafi nomenlərdə, xüsusən də  yaşadıqları ərazilərdəki yer adlarında (toponimlərdə) öz əksini tapmaqdadır. Faktlar göstərir ki, türk ölkələrində, o cümlədən Azərbaycanda “ud” komponenti ilə yaranan toponimlər və s. adlar çox olubdur. Məsələn, hələ çox qədimdə uyğurlarda “ud” ilə yaranan oronim (Udarğan), kosmonim (bürc) (Ud-öküz), şəxs adı (Zaryud) və s. olmuşdur. Utilər (udlar) qədimdə Albaniyada saldıqları bir şəhəri Ud və Od adlandırıblar. Yaqut Həməvi yazırdı ki, Salman ibn-Rabiə əl Baxili Aran vilayətindəki Ud şəhərini tutdu. Deməli, Ud şəhəri Qəbələ yaxınlığında III əsrdən ərəb işğalına qədər mövcud olmuşdur. (İ.Cəfərsoy: “İber və Hay folkloruna türk mifik təfəkkürünün izləri”, Bakı-2014). Əminik ki Ud adlı etnosun adını yaşadan oykonimlərdən biri də haqqında söhbət etdiyimiz Calud kəndinin adıdır.

Azərbaycan Respublikasi Milli Məclisinin Toponimiya Komissiyasının üzvü olmuş, şair-publisist M.Urudun “Zəngəzur toponimləri” əsərində (Bakı-2013) oxuyuruq ki, uti, ud, sod, mar, qarqar, leq, qel, uz ve s. tayfaların yerli saklarla, kimmerlərlə  qaynayib qarışmasından e.e. IV əsrde Alban dóvləti yarandi...Kəndlərin adında "ud" topoformantının olmasi, çox güman ki, hələ eranın əvvələrində  bu yerlərdə məskunlamış ud tayfalarının adları ilə baglıdir”. Mərhum akademik Z.Bünyadov deyirdi ki, Zəngəzurun qədim tarixinin açarını  Agud-Vagud-Urud üçbucagında axtarmaq lazımdir” (səh:15-16, 41). Gördüyünüz kimi, burada ud tayfası ayrıca qeyd olunub. 

Qaldı “ud” sözünün mənasına, Uti (ud) dilinin tədqiqatçıları yazırlar ki, utilər (udlar) özləri də özlərini Od və Ud adlandırırlar. Digər tədqiqatçılar da “ud” sözünün “od” anlamı daşıdığını söyləyirlər. O.Süleymenov "Az-Ya" əsərində şumer və türk dillərində "ud" sözünün müqayisəsini vermişdir. Müqayisədən məlum olur ki, “ud” hər üç (ud, türk və şumer) dildə də od, atəş deməkdir. Maraq üçün deyək ki, udilər (udlar) həm iber-Qafqaz, həm də türkdilli qruplara bölünürlər (“Azərbaycanda m.ö.4.yüzyıl ilə m.s.3.yüzyıl arasında alban gömü adetleri” (Ankara-2018, səh:10). Qədim monqol və türk dillərində müqəddəs sayılan qarağac, söyüd ağaclarının da adı, od-alov bildirən “ut” sözünün cingiltili variasiyası olan “ud” sözü ilə ifadə olunurmuş. (A.Hacılı: “Mifopoetik təfəkkür fəlsəfəsi”, Bakı 2002). Yəqin bizdə də bəzi yaşlı insanların və udlar (udulər) kimi Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna  aid olanların “od yandır” ifadəsini “ud yandır” kimi dediklərini eşitmisiniz. (Maraq üçün deyək ki ud musiqi alətinin adı da od sözündən yaranıb).

Deməli, Calud sözünün ikinci hissəsi olan “ud” odlu, alovlu, qızğın, mübariz, döyüşkən mənasında anlaşılmalıdır.

Qayıdaq toponimin birinci – “cal” hissəsinə. Bəziləri “cal” sözünün Zaqataladakı Car və Ağdaşdakı Cardam kəndlərinin adı, ləzgi dilindəki “car” (söz) kəlməsi və yuxarıda yazdığımız kimi coğrafi obyektin landşaftı ilə əlaqələndirirlər.

Bizcə isə, sözün birinci hissəsi (“cal”) “Azərbaycan dilinin izahlı lüğəti”ində (I cild, səh:392) “cərəyan etmək, axmaq, tökülmək” mənasında olduğu göstərilən “car” sözünün təhrif olunmuş şəklidir. İkinci sözün (“ud”un) birləşməsi ilə fonetik hadisə baş vermiş, uyuşma olmuş, “car” sözü “cal” şəklində (evfemizm məsələsi) işlənməyə başlamışdır. “Cərəyan etmək, axmaq, tökülmək” mənaları verilən “car” sözünə tərəddüdsüz “tikmək, inşa etmək, qurmaq və yaratmaq” mənalarını da vermək mümkündür. Biz həm də türkdilli qrupa bölünən udların türk sözü olan “car”ı (“cal”ı)   seçmələrini təsadüf saymırıq. Calud sözündəki “cal”ın “timək, qurmaq, inşa etmək” mənasında olduğunu bildiririk.

Beləliklə, Calud toponiminin mənasını “odlu, alovlu, qızğın, mübariz, döyüşkən udlar tərəfindən yaradılmış, tikilmiş, qurulmuş yaşayış məntəqəsi” və bu məntəqənin (kəndin) adı kimi anlamağı təklif edirik.

“Vətənşüvanlıq” salmaq fikrində olanlara isə deyirik ki, Vətənin tarixini düz yazmağa çalışmaq da elə vətənpərvərlikdir. Bir də, necə olur, Udlar III əsrdə Qəbələ yaxınlığında ərəb işğalına qədər mövcud olmuş Ud (Od) adlı şəhər sala bilirlər (İ.Cəfərsoy), oradan 40-50 km. qərbdə kiçik bir kənd sala bilmirlər?! Türklərlə birlikdə onların bu ərazilərdə çox qədimdən yaşadıqlarını da az qala bütün dünya bilir.  

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2025)

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.