Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“Qəhrəmanlarımızı tanıyaq” layihəsində növbəti təqdimatımı edirəm. Əminəm ki, müsahibimi dinləmək sizin üçün maraqlı olacaq.
-Özünüzü təqdim edin.
-Mən Hacıyev Məmməd Asif oğlu 3 mart 1993-cü ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşam. 1999-cu ildə Şəhid Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta məktəbinin 1-ci sinfinə getmişəm. 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. 2011-ci il aprel ayı Ağdam rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışam. Müddətli həqiqi hərbi xidmətimi Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində, mühafizə bölüyündə keçmişəm. 2012-ci il oktyabr ayı müddətli həqiqi hərbi xidmətimi bitirmişəm. 2013-cü ilin yanvar ayından öz istəyim ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuşam. xidmətə qəbul edildikdən sona, uşaqlıq arzumu həyata keçirmək, Xalqıma, Dövlətimə daha səmərəli xidmət edə bilmək məqsədi ilə Daxili qoşunların xüsusi təyinatlı dəstəsində xidmət etmək üçün müraciət etmişəm. Müraciətim əsasında müvafiq kursa qəbul edilmək üçün imtahana cəlb edilib yüksək nəticə verdikdən sonra kursa qəbul edilmişəm. Çox sayda şəxsi heyətlə başlayan kursu, müvəffəqiyyətlə bitirən az saylı şəxslərdən birə də mən oldum. Kursu bitirdikdən sonra Daxili Qoşunların N-saylı hərbi hissəsinin Qartal xüsusi təyinatlı dəstəsində xidmətimi davam etdirdim. Hazırda isə ehtiyatda olan hərbi qulluqçuyam.
-Döyüş yolunuz haqqında məlumat verin.
-Uzun müddət gözlədiyimiz döyüş əmri nəhayət 27 sentyabr 2020-ci il tarixində verildi. Bu döyüş əmrinin icrası üçün mən də, xidmət yoldaşlarım ilə birlikdə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Murov-dağ silsiləsinin Gamış-dağ yüksəkliyi istiqamətindən döyüş və xüsusi döyüş əməliyyatlarının icrasına cəlb edildik. Daha sonra 2 oktyabr tarixindən etibarən Cəbrayıl rayonu ərazisində, Füzuli rayonu ərazisində, Xocavənd rayonu ərazisində, Xocalı rayonu ərazisində və Şuşa istiqamətində müxtəlif təyinatlı döyüş tapşırıqlarının icrasında iştirak etmişəm. 44 günlük Vətən müharibəsinin 35 günə ərzində döyüşmək qismətim olub. Bu günlərin hər anının öz hökmü var idi və hər biri ayrılıqda bir xatirədir. Bu xatirələrin hər birini danışıb bitirmək üçün 35 günə ehtiyacımız var, amma qısa olaraq bu döyüş xatirələrindən bir neçəsini sizinlə bölüşmək mənim üçün xoş olardı.
Düşmənlə ilk təmaslarımız Gamış-dağ istiqamətindən, Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində icra etdiyimiz xüsusi əməliyyatda oldu. Bu əməliyyat bizə müharibənin kədərli, sevincli, qürurlu və qarşına qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələ bilmək hissinin verdiyi o qəribə hisləri yaşatdı. Kəlbəcər istiqamətində ilk Şəhidimizi verdik. Qardaş itkisinin acısını, ölümün nəfəsini burda hiss etdik.
1 oktyabrda növbəti tapşırıqların icrası üçün Cocuq Mərcanlı kəndi istiqamətinə avtomobillə hərəkət edirdik. Bu zaman müxtəlif rayonlarımızın ərazisindən keçirdik. Bu rayonlardan keçəndə Xalqımızı küçədə, sevinc içində bizi qarşılayıb, yola salmağı bizi çox qürurlandırırdı. Xalqımızın bizə olan inamı, bizdən olan istəyi-tələbi onların hərəkətlərindən, baxışlarından aydın oxunurdu. Bu mənzərəni görüb gözləri dolan yoldaşlarım çox yaxşı yadımdadır. Hələ Müdürxan adlı yoldaşımız belə bir cümlə işlətdi “ Biz gedib torpaqları azad etməliyik, ya da ölüb orada qalmalıyıq. Biz bu camahatın qarşısına ancaq qələbə ilə çıxmalıyıq.” Hər kəs öz susqunluğu ilə bu cümlə ilə razılaşırdı. Çünki hər birimiz eyni hisləri keçirirdik. Qürur və məsuliyyət. Bu hislər bizə yad deyildi, amma bu gördüklərimiz ilə bunu daha çox hiss edirdik.
Cəbrayıl rayonu ərazisində, düşmənlə ilk geniş miqyaslı təmasımız Horovlu kəndi ərazisində oldu. Kənardan kəndin müşahidəsini apardıqdan sonra kənd ərazisinə daxil olmuşduq. Düşmən arxasında olduğumuz üçün çox diqqətli hərəkət edirdik. Horovluda ilk olaraq düşmənin bir Ural markalı avtomobilini daşıdığı şəxsi heyətlə birgə məhv etdik. Daha sonra eyni ərazidə düşmənin çox sayda şəxsi heyətini və iki ədəd PDM-2 zirehli döyüş avtomobilinin hərəkətini müşahidə etdik. Dərhal ərazinin yaratdığı taktiki və strateji imkanlardan istifadə edərək düşmənə hücum etdik. Hücumumuz o qədər ani oldu ki, düşmən nə baş verdiyini başa düşmədi. Bunu onların hərəkətlərindən aydın başa düşmək olurdu. Nəhayət düşmənin bu canlı qüvvəsinin müəyyən qismini məhv etdik, döyüş maşınlarını ələ keçirdik. Qalan düşmən qüvvəsi isə döyüş meydanından qaçdı. Horovlunun qərb istiqamətində düşmənin böyük müdafiə mövqeyi var idi. Bunlar bizim bu hücumumuzu gördükdən sonra onlar da bizim ilə döyüşə girdi. Düşmənin bu mövqeyini də müxtəlif taktiki üsullar istifadə edərk məhv etdik. Bu əməliyyatdan sonra hədəfimiz Cəbrayıl şəhəri idi. Cəbrayıl şəhəri bir necə xüsusi təyinatlı taborun birgə fəaliyyəti nəticəsində düşməndən azad edildi. Bu əməliyyat zamanı düşmənlə bir neçə yaxın məsafəli təmaslarımız oldu. Düşmənin sonuna qədər inad etdiyi, təzyiq göstərdiyi əməliyyatlar oldu. Amma biz bu yola çıxanda “öldü var, döndü yoxdur” şüarını özümüzə amal edib çıxmışdıq. Buna görə də taborun son fərdi Şəhid olana qədər düşmən qarşısında bir addım olsun belə geri addım atmamağa and içmişdik. Buna görə də düşmən nə qədər təzyiq göstərsə də heç bir nailiyyət əldə edə bilmirdi.
Haqqında danışmaq istədiyim növbəti döyüş əməliyyatı, Füzuli rayonunun, Cuvarlı kəndi ərazisində olub. Bu ərazidə düşmənin bir artilleriya batareyasını aşkara çıxarıb, məhv etmişik. Bu artilleriya batareyasının məhv edilməsi düşmən içərisində böyük çaxnaşmaya səbəb olub. Bunu bu gün düşmənin sözdə böyük komandirlərindən biri Cəlal Harutiniyanın cinayət məsuliyyətinə cəlb edilməsindən, məhkəmə araşdırmasının nəticələrində görmək olur. Bu məlumatlardan aydın olur ki, düşmənin bu artilleriya batareyası 12 oktyabr 2020-ci il tarixində gecə boyunca cəbhə xəttinin Füzuli rayonu istiqamətini artilleriya atışı altında saxlamalı idi. Amma bizim tabor buna imkan vermədi. Bu batareyanı aşkar edib tamamilə məhv etdi. Bu əməliyyatdan geniş danışmaq istəyərdim, amma bunun üçün müsahibə vaxtımız azdı.
Növbəti əməliyyatımız yenə Füzuli rayonu ərazisində oldu. Bu ərazidə Füzuli-Şuşa avtomobil yolunda (Zəfər yolu) pusqu əməliyyatımız və Məngələnata yüksəkliyinin tutulması oldu. Füzuli-Şuşa avtomobil yolundan düşmən aktiv istifadə edirdi. Bizim pusqu əməliyyatımız ilə bu yol tam nəzarətimizə keçdi. Düşmən isə bu yolda 30-a yaxın canlı qüvvə itirdi. Məngələnata yüksəkliyi isə Füzulinin işğaldan azad edilməsi üçün xüsusi strateji əhəmiyyət daşıyırdı. Kapitan Yunusov Dövlətbəyin rəhbərlik etdiyi qrup Məngələnata yüksəkliyin tutduqdan sonra düşmən dəfələrlə o yüksəkliyə şiddətli artilleriya atışları icra etdi. Quru hücumları təşkil etdi. Bu hücumlar zamanı kapitan Yunusovun, rəhbərlik ilə bir rabitə əlaqəsi dünən olmuş kimi yadımdadır – “Düşmən tank, müxtəlif döyüş maşınları və 200-ə yaxın canlı qüvvə ilə hücuma keçib. Artıq bizə çatırlar. Bu döyüşdə heç bir şansımız yoxdur. Amma, Yunusov, yüksəklik bizim üçün həyatı əhəmiyyət daşıyır. Öldü var, döndü yoxdur.”
Bu rabitə əlaqəsinin sonunda Kapitan Yunusov “oldu” deyib öz koordinatlarını bizim artilleriyaya verdi və dedi ki “rabitə əlaqəsi kəsildiyi an bura artilleriya atışı istəyirəm”. Bu hərəkət “öldü var, döndü yoxdur” amalımıza sadiqliyimizin bariz nümunəsi idi. Artilleriyamız isə müxtəlif müşahidə vasitələrinin köməyi ilə qrupun 20-30 metrliyində olan düşməni dəqiq atışlar ilə vurmuşdu. Qrupun qəti müdaxiləsi, artilleriyamızın dəqiq atışları düşməni geri çəkilməyə vadar etmişdi.
Bu kimi döyüş əməliyyatları onlarla olub. Onların hamısı haqqında qısa vaxtda danışmaq mümkün deyil. Əsas olan odur ki, biz Xalqımız, Dövlətimiz qarşısında üzərimizə götürdüyümüz vəzifəni layiqincə icra edə bildik.
-Uzun illərdir ki, xidmət edirsiniz, yaddan qalan, hərbi sirr sayılmayan əməliyyatlardan mümkünsə, bir neçəsini danışın.
-Xidmət illərimdə ölkənin daxili sabitliyinin, vətəndaşların konstitusiya ilə qorunan hüquqlarının və daxili təhlükəsizliyin qorunması üçün müxtəlif tapşırıqların icrasında olmuşam. Amma əsas vəzifəmiz hər daim, işğal altında olan Müqəddəs Vətən torpağının işğaldan azad edilməsinə hazır olmaq olub. Bunun üçün hər daim fiziki, psixoloji dözümlülüyümüzü artıran, peşəkarlıq səviyyəmizi yüksəldən ağır təlimlərdən keçmişik. Hər daim döyüş əmrini səbirsizliklə gözləmişik.
-Təltifləriniz haqqında məlumat verin.
-Vətən müharibəsində fəaliyyətimə görə Cənab Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad edilməsinə görə” “Cəbrayılın azad edilməsinə görə” “Füzulinin azad edilməsinə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmişəm. Cənab Baş Nazir tərəfindən isə “Vətən müharibəsi İştirakçısı” medalı ilə təltif edilmişəm.
-Bugünkü gəncliyə hansı məsləhətləri verərsiniz?
-Gənclərimizə məsləhətim gəncliyi dərk etməkdir.
Gənclik böyük səs-küy deyil, düzgün seçimdir. Gənclikdə edilənlər gələcəyə yatırımdır. Gənclik təkcə enerji yox, imkan deməkdir. Bu gün gənclərimizin sahib olduğu şanslar, dünən başqaları üçün əlçatmaz idi. Gənclərimiz bəlkə də bunun fərqində deyil, amma zaman gənclərdən yanadır. Bu şansların başında təhsil durur. Təhsil diplom üçün deyil. Təhsil səni aldanmaqdan qoruyur, qərar verməyi öyrədir, haqlı ilə haqsızı ayırd etməyə kömək edir. Təhsilsiz insan güclü ola bilər, amma istiqamətsiz olar. İstiqamətsiz güc isə gec-tez insanın özünü məhv edir.
Bir hərbiçi kimi deyim ki, döyüşmək üçün də təhsilə, savada ehtiyac var. Sənin olana sahib çıxa bilmək üçün, onun uğurunda mübarizə apara bilmək üçün təhsilli olmaq lazımdır. Yoxsa nə sənindir, nə sənin deyil heç vaxt bilməyəcəksən.
Unutmayın ki, bu gün oxumağa tənbəllik etdiyiniz bir kitab, bu gün təxirə saldığınız bir qərar sabah peşmanlıq ola bilər. Amma bu gün verdiyiniz doğru qərar – sizi illərlə xilas edər.
Özünüzü kiçik görməyin. Siz düşündüyünüzdən daha böyük məsuliyyət daşıyırsınız. Siz canlar, tökülən qanlar bahasına qazanılmış Zəfərin daşıyıcılarısınız. Siz bir ailənin yox, bir nəslin yox, siz hər biriniz bir Xalqın ümidisiniz.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)


