O, “Qaya”nın sütunu idi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əfsanəvi “Qaya” qrupunun əsas solisti, məşhur tenor, dinləyicilərin sevimlisi…

Söhbət əlbəttə ki, bu gün anadan olmasının 88-ci ildönümünü qeyd etdiyimiz Qərbi Azərbaycan kökənli müğənni Rauf Babayevdən gedir…

 

Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Gümrüdə (Leninakanda) anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyub, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili alıb.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışıb.

O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə başlayıb, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olub.

2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləyib.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış edib

 

Beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanıb. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil edib.

 

Mükafatları

 

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 11 yanvar 1978

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 sentyabr 2006

- "Şöhrət" ordeni — 28 dekabr 2017

 

Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat edib İkinci fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.