Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İllərin qovuşuğu təkcə təqvim yox, eyni zamanda insanın içində baş verən bir keçiddir. Bu ifadə nə səhifələrə sığacaq qədər qısa, nə də bir cümləyə həbs olunacaq qədər sadədir. O, illərlə yığılan susqunluqların, yarım qalan arzuların, heç zaman unudulmayan yaraların, bəlkə də ən son xoşbəxt olduğu anların görüş nöqtəsidir.
İllərin qovuşuğu bəzən bitməsini istədiyimiz, bəzən isə əksini arzuladığımız zamanların birikimidir.Çünki insan dəyişir, zaman yox. Zaman keçdikcə rəqəmlər bir-birini əvəz edir. İnsan isə bu dəyişən rəqəmlərin içində arafda qalır — köhnə ilə yeninin arasında. Heç vaxt bir tərəfə aid ola bilmir. Çünki keçmiş gələcəkdən xəbər verir, gələcək isə hələ yaşanmamış duyğuların səssizliyində dayanır.
İllərin qovuşuğu mənim üçün nədir deyə soruşsaz, həyat təcrübəsidir deyərəm. Hər il ötən ilə nisbətən daha çox gördüm, öyrəndim, kəşf etdim. Yarım qalan şeylərə, gerçəkləşməyən arzulara üzülməməyi öyrəndim. Özümü daha çox sevməyi, daha az üzülməyi öyrəndim. Az ilə xoşbəxt olmağı, yetinməyi öyrəndim. Bu dünyada insan üçün həyatda ən önəmli olan şeyləri illərin dəyişməsi ilə daha yaxşı anladım.
Və illərin qovuşuğu mənə görə zamanın bizə verdiyi ən uzun sınaqdır. Artıq yeni ilin astanasındayıq. Dönüb ötən ilə baxanda nə çox şeyin fərqinə vardım. Dəyişən, dəyişməyən bir çox hadisələrin mərkəzində özümün dayandığını gördüm. Və hər iki halda mən dəyişdim, bir az daha böyüdüm.
Önəmli olan da budur deyə düşünürəm: öyrənməyi, mübarizə aparmağı, yaşamağı bacarmaq. Qoy 2026 bizi qorxmadan dəyişən bir il olsun.
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)


