Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

NƏSR

 

 

NATİQ MƏMMƏDLİ

 

 

TACLI MƏLƏKLƏR

(Hekayə)

 

Üç gündür atasının, anasının kürrüyünü eləyən altı yaşlı nəvəm indən sonra həyətə də düşürtməyəcəyimizi biləndə hikkəsindən evin altını üstünə çevirməyə başladı. Yarıya qədər getdiyi məktəbəqədər hazırlıqda öyrəndiyi hərfləri divar kağızlarının üzərinə yazmağa girişəndə, özümdən çıxsam da, anam nəticəsinə qahmar çıxıb “qoy nə istəyir, eləsin” demişdi. Bilməzdim ki, görəcəkli günlərimiz qabaqdaymış - karantin müddəti uzandıqca təzəcə təmirdən çıxmış mənzilimizin divarları yavaş-yavaş Qobustan qayalarını xatırladan rəsmlərlə “bəzənəcək”, adama gəl-gəl deyən ilıq yaz havasında tumurcuqlayan ağaclara, kimsəsiz küçələrə pəncərədən boylanacaq nəvəm hər gün günəş və çiçək şəkilləri çəkib ürəyimi param-parça edəcəkdi.

Bir tərəfdən uşağı qınasam da, heç özüm də bir yerdə qərar tuta bilmirdim. Qəribəydi, həmişə evdə olmağı, vaxtın qovhaqovunda yarımçıq qalan işlərimi tamamlamağı arzulamışdım. Ən azından müdafiə ərəfəsində olan iki dissertasiyaya opponent rəyi yazmalıydım, hələ günü-günə calayaraq yekunlaşdırmağa həvəs göstərmədiyim monoqrafiyama da əl gəzdirmək lazım idi. Elə hey gileylənirəm ki, vaxt eldə bilmirəm, indiysə nə qədər desən vaxtım vardı, amma heç cür əlim işə yatmırdı. Çünki Novruzdan sonra baharın ilıq nəfəsinin qış mürgüsündən oyatmağa çalışdığı dünyamızda işlər yolunda deyildi, biz Aya turist kimi getməyə hazırlaşırdıq, Marsın səthini isə az qala öz aramızda bölüşdürüb qurtarmışdıq. Və birdən Şərqdən başlayan qrip epidemiyası həyatımızın ritmini elə pozdu ki, yeganə çıxış yolumuz bir-birimizdən təcrid olunmaq və evdə oturmaq oldu. Ən dərin yuxumuza belə girməyən şeylər sanki həyatımızın reallığına çevrilmişdi. Mən tarixçiyəm, bəşəriyyətin bu vaxta qədər dəhşətli müharibələrdən keçməsi, epidemiyaların milyonlarla insanın həyatına necə son qoyması barədə oxuduğum kitabları bir daha vərəqləməyə başladım. Amma biz orta əsrlərdə yox, mikrobioloqların, gen mühəndislərinin az qala hər il Nobel mükafatı aldığı XXI əsrdə yaşayırdıq və birdən sadə bir qrip inkişaf eləmiş dünyanın sakinlərini öz evlərində həbs edir. Gen mühəndisliyi demişkən, bunun heç də sadə qrip olmadığını izah eləmək üçün sosial şəbəkədə roliklər paylaşan Genetika İnstitutunda çalışan rəfiqəm dönə-dönə deyirdi ki, vaksinin tapılması üçün əvvəlcə virusun genini təyin eləmək lazımdır. Amma bu, heç də asan məsələyə oxşamırdı, bəlkə də bir il gözləmək lazım gələcəkdi. Dünyamızsa suyu qurumuş dəyirmana bənzəyirdi, maşınların şütüdüyü küçələr, insanların qaynaşdığı səkilər, baharın ətri gələn yaşıl xiyabanlar ölü sükuta dalmışdı. Hərəmiz öz damımızın altına sığınıb dünyamızdan gələn səksəkəli xəbərləri təəssüflə izləyirdik, virusun qızdırmalı, öskürəkli nəfəsi qapımızın kandarında dayananda isə artıq bunun yuxu olmadığını hiss eləməyə başladıq. Qorxurduq. Bəla hər yerdə ardımızca sürünürdü - əlimizin dəydiyi, nəfəsimizin toxunduğu nə vardısa hamısında qripin taclı virusları pusquda dayanıb yolumuzu gözləyirdi. Biz görüşəndə qucaqlaşıb öpüşərdik, indisə üz-üzə gələndə yolumuzu dəyişir, sifətimizi gizlətdiyimiz maskanın üstündən daha çox acizliyin, bir balaca da ümidin parıltısı ilişmiş gözlərimizlə bir-birimizə təskinlik verməkdən başqa əlimizdən bir iş gəlmirdi.

- Mən həyatım boyu o qədər epidemiyalar görüb yola vermişəm ki, bütün dünyanı iflic edən beləsini təsəvvür eləməzdim, - doxsan beş yaşlı anam televiziya xəbərlərində virusdan ölənlərin hər gün yenilənən elektron lövhəsi qarşısında aparıcının həyəcanlı məlumatlarını dinləyərkən belə dedi. Anam artıq çoxdan təqaüdə çıxmış infeksionist uşaq həkimiydi, yarım əsrlik fasiləsiz əmək fəaliyyətinin on ilini vaxtıyla adına “uşaq Allahı” deyilən, Bakının məşhur pediatrı Qindesin rəhbərliyi altında işləmişdi. Anam yoluxucu xəstəliklərlə mübarizə aparanda biz uşaq idik, dumanlı şəkildə xatırlayıram ki, atüstü evimizə dəyib təzədən xəstəxanaya yollananda rəhmətlik atam işini-gücünü buraxıb bütün gününü bizim şıltaqlığımıza dözərək keçirirdi. Amma biz bunun adının pandemiya olduğunu və həyatımızın indiki kimi təhlükədə qaldığını hiss eləmirdik. Heç valideynlərimiz də işin yükünü evə gətirməz, bizim yanımızda çətinliklərdən söz açmazdılar, bildiyimiz bir o idi ki, atamız şərqşünas, anamızsa sözəbaxmayan uşaqlara iynə vuran həkim idi.

- Ana, yəqin sizin vaxtınızda infeksiyalar indiki kimi sürətlə yayılmırmış, ölənlərin sayı da çox deyilmiş, - soruşdum.

 - Nə danışırsan, qızım? Ölənlərin sayı indikindən dəfələrlə çox idi. Bakının da, elə o biri şəhərlərin də xəstəxanaları dolub-daşırdı. Amma sovet hökumətiydi, çox şey gizlədilir, düz-əmməli hesab-kitab aparan da yox idi. Hə, indiki kimi hərənin əlində bir telefon da yox idi axı? Mən də eynən Nadirə kimi gecəmi gündüzümə qatmışdım. Həkimlər az, xəstələrsə bir ucdan artırdı. Çatdıra bilmirdik, bala, - Nadirə anamın öz adıdı, qardaşım oğluna atamın adını vermişdi, mən də qızım dünyaya gələndə heç düşünmədən anamın adını qoydum. Hardan biləydim ki, balaca Nadirə də böyüyəndə adını daşıdığı nənəsi kimi həkim olacaq, həm də infeksionist və elə bir gün gələcək ki, pandemiya başımızın üstünü qara bulud tək kəsdirəndə o, da eynən nənəsi kimi mübarizəyə qoşulacaqdı. Tarix təkrarlanır, amma peşəkar tarixçi kimi bilirəm ki, bu, heç də yaxşı hal deyil. O, insanların səhvlərini, buraxdıqları boşluqları xatırlatmaq üçün təkrarlanır, zamanın kəmkəsirini gərək vaxtında ödəyəsən. Lakin filosofluq eləməyimin artıq anlamı qalmamışdı, çünki tarix doğrudan da təkrarlanmışdı, özü də tək anamın və qızımın yox, bütün insanların taleyində.

 - Yadımdadı, müharibədən sonra, 40-cı illərin axırlarında “səpmə yatalaq” epidemiyası elə sürətlə yayıldı ki, yoluxan zavalı körpələrin yarıdan çoxunun həyatını xilas eləmək mümkün olmadı, - anam danışmağa başladı.

Atam da, elə mən özüm də həmişə onun yaddaşına həsəd aparmışıq, faktları, rəqəmləri, hətta fikir vermədiyimiz xırda detalları elə gözəl xatırlayır ki, sanki tarix kitabı oxuyursan.

- 50-ci illərin ortalarında “qayıtma yatalaq” xəstəliyi tüğyan eləməyə başladı. Həmin vaxtı biz bütün sutkanı, gözümüzü qırpmadan işləyirdik…

- Hə, o vaxtlar dumanlı da olsa, yadıma gəlir. Bizi bağçaya getməyə qoymurdunuz. - Çünki yatalaq təzə anadan olan uşaqları, bir də qocaları oraq kimi biçirdi. O zaman mənim əynimdə adicə ağ xalat, bir də hər gün spirtlədiyimiz adicə maska var idi. Allahın işinə bax ki, nə mən, nə də həmkarlarımdan heç kim yoluxmadı. Bilirsən, biz həmin xalat və maskayla illərlə vərəm şöbəsində də işləmişik, heç vaxt da qorxmamışıq, ağlımıza gəlməyib ki, yoluxa bilərik. Amma indi Nadirənin əynində skafandr təsəvvür edəndə, ürəyim ağrıyır. Hələ Arifin burnunun üstündəki qızartılar…

Arif qızımın həyat yoldaşıdı, universiteti də bir yerdə oxumuşdular, ikisi də infeksionist olsalar da, fərqli xəstəxanalarda işləyirdilər. Lakin karantin zamanı hər ikisi vəziyyəti daha ağır olan şəxslərin yerləşdirildiyi xüsusi ayrılmış xəstəxananın reanimasiya şöbəsinə təhkim olunmuşdular. Dünən gecə yarısı qızlarına baş çəkməyə gələndə nəvəm yatmışdı, yaxşı ki, zavallı qızcığaz valideynlərinin o halını görmədi. İkisinin də rəngi qaçmış sifətində taxdıqları maskanın buraxdığı dərin izlər gendən sezilirdi, Arifin gözlərinin altı qaralıb tulumlanmış, burnunun üstündə qızartılar peyda olmuşdu, Nadirəninsə gözləri yol çəkir, danışa-danışa eləcə dizlərini ovxalayırdı. Onların yorğun sifətinə baxanda anam heç əhvalını pozmadı, əksinə cavanlığını xatırlayırmış kimi sualları yağış tək yağdırırdı və mənə elə gəldi ki, hətta gecənin bu saatında təzədən ağ xalatını geyinib nəvəsinə qoşulmaq üçün himə bənd idi. Mənsə nə qızımı, nə kürəkənimi heç vaxt belə heyi kəsilmiş görməyə adət eləməmişdim, sanki ağır döyüşdən çıxıb yolüstü doğmalarına baş çəkməyə gəlmişdilər və təzədən döyüş meydanına qayıtmaq üçün tələsməliydilər. Onlar nigarançılıqlarını gizlətməyə çalışsalar da, vəziyyətin ciddiliyini, bəlkə də çıxılmaz olduğunu yorğun gözlərindən oxuyurdum. Etiraf edim ki, onların gəlişinə kimi adi qripin dünyamızın altını üstünə çevirəcəyinə elə də ciddi yanaşmırdım, bunun hansısa dərman firmalarının, beynəlxalq güclərin uydurduğu informasiya imitasiyası hesab edirdim. Qızım da, kürəkənim də, bacardıqları qədər bizə təskinlik verməyə çalışırdılar, lakin başımızın üstünü hazırlıqsız kəsdirən elan olunmamış savaşın addım səsləri artıq evimizin kəndarında eşidilirdi.

 “Bəs nə edək?”, - dərsini bilməyən uşaqlar kimi onların rəngi qaçmış sifətinə baxıb dillənəndə, hər gün sosial roliklərdə eşitdiyimiz sözlərdən savayı bir şey demədilər – “evdən qalın, əlləri tez-tez yuyun, aranızda məsafə saxlayın”.

Qızım ürəyimə bələd idi, onsuz da onlardan sarı nigaran qalacağımı bilirdi, odur ki, mənə toxtaqlıq vermək üçün iş şəraitlərinin yaxşı olduğunu, vaxtında yeyib-içdiklərini, səkkiz saatdan çox işləmədiklərini söylədi.

- Səkkiz saat nədi ki? Biz o vaxtlar bütün sutkanı ayaq üstə keçirərdik, - uşaqlar gedəndən sonra anam dilləndi.

- Elə bilirsən başa düşmədim, məni toxtatmaq üçün elə dedilər. Onlar da çox işləyir, ana…

- Elə də olmalıdı, - anam soyuqqanlı cavab verib əllərini yumaq üçün vanna otağına keçdi. Yəqin uzun illərin formalaşdırdığı peşə vərdişindən irəli gəlirdi ki, o, atamdan da, elə mənim özümdən də fərqli olaraq heç vaxt təmkinini pozmazdı, hər halda biz anamızı nə vaxtsa əsəbiləşib özündən çıxan görməmişdik. Atamın işiylə bağlı altmışıncı illərdə ailəmizlə birlikdə iki il Əfqanıstanda yaşayandasa, anamı təzədən kəşf elədim, tək ana kimi yox, yüzlərlə tanımadığı xəstələrə şəfa verən həkim, dağ ürəkli insan kimi. Qardaşım məndən iki yaş böyük olsa da, indi soruşanda çox şeylər yadına yuxu kimi gəlir, mənsə vətənimizdən uzaqlarda, yad adamların arasında, atamın narahat günlərini, anamınsa necə gecəsini-gündüzünə qatmadan işlədiyini xatırlayıram. Xaricə yollanarkən elə bilirdik ki, nəhayət, anam artıq bütün gününü bizimlə keçirəcək, heç başqa ölkədə çalışmaqdan ötrü rəsmi icazəsi də yox idi. Başında həmişə qara buludları əskik olmayan Əfqanıstanda o zamanda çiçək xəstəliyi tüğyan eləyir, həkim çatışmır, uşaqlar kütləvi şəkildə qırılır, sağalanlarınsa ömürlərinin axırına qədər üz-gözləri çopur bağlayırdı. Sizcə, anam rahat oturardımı? Yenə də ağ xalatını geyinib maskasını spirtlədi. Yadıma salanda indi də heyrətlənməyə bilmirəm, ictimai əsaslarla, yəni bir qəpik belə ummadan çiçək pandemiyası ilə mübarizəyə qoşuldu. Tərslikdən həmin vaxt qardaşım, ondan təxminən iyirmi gün sonra mən də çiçəyə yaxalandıq. Atam təşviş içindəydi, üzə vurmasa da, bizi Əfqanıstana gətirdiyinə görə çox peşman olmuşdu. Anam tanımadığı əfqan balalarının başı üzərində pərvanə tək dolandığı kimi bizi də xəstəliyin ağuşundan xilas elədi. Yeganə qorxumuz çopur qalacağımız idi, şükürlər olsun ki, hər şeyi yaxşı adlada bildik.

 - Bu da keçib gedəcək, qızım, özünü darıxdırma, - anam hələ də pəncərənin qabağında dayanıb Nadirəgilin maşınının arxasınca baxdığımı görüb dilləndi.

 - Ana, Əfqanıstan yadındadı?

- Hə, kasıb ölkə, hər yanı cənginə alan lənətə gəlmiş çiçək, bir də hədiyyə kimi mənə verilən bahalı qaragül dərisindən kürkü geri qaytarmağım… Hamısı yadımdadı.

- Qaragül dərisindən kürk? Bax, o, mənim yadımda deyil.

- Çünki heç sizə deməmişdim də. Amma atan o kürkdə gözüm qaldığını bilirdi, günlərin bir günü ondan yaxşısını alıb gətirdi. Biz kimdənsə hədiyyə ummurduq axı. Qaldığımız şəhərin merinin oğlu vərəmə tutulmuşdu. Adı nəydi onun? Hə, Məhəmmədəli. Altı yaşında, elə mehriban, istiqanlı uşaq idi ki. İki qaşının arasında hind qızları kimi yumru qara xalı varydı. Bütün günü də ağlayırdı “mənim hələ altı yaşım olmayıb. Mən ölməyəcəm, ölməcəyəm”, deyirdi.

- Mən elə bilirdim ki, təkcə çiçək yayılmışdı.

- O zamanlar “vərəm” də, “çiçək”lə qol-qola verib varlı, kasıb demədən bütün komaları, imarətləri dolaşırdı. Məhəmmədəlini müalicə eləyib sağalda bildim, amma əkiz əmisi uşaqlarını xilas eləmək mümkün olmadı. Şəhər merinin arvadı mənə qaragül dərisindən olduqca gözəl, həm də bahalı bir kürk gətirmişdi. Rəhmətlik atanın bircə qıyqacı baxışı kifayət elədi ki, hədiyyəni geri qaytarım. Biz sovet adamları idik, öz prinsiplərimiz vardı… Bakıya qayıdandan sonra aradabir Məhəmmədəlidən məktublar alırdım, rəssam olacağını yazırdı. Sonra əlaqəmiz kəsildi. Eh, gör aradan nə qədər illər keçib.

 - Rəssam? Mən də rəssam olacam!, - gözlərini ovuşdura-ovuşdura yatağından qalxıb bayaqdan bizə qulaq asan nəvəm İradə gileyli-gileyli dilləndi. Hə, yadımdan çıxmamış deyim ki, nəvəm də mənim adımı daşıyır. Düzdü, bunu qızımdan ya kürəkənimdən heç vaxt xahiş eləməmişdim. Özləri belə istəmişdi, nə gizlədim, elə mənim də ürəyimə yatmışdı.

- Bəs dünən deyirdin müğənni olacam. Nə tez fikrini dəyişdin?,- anam mənə göz vurub dilləndi.

 - Müğənni də olacam də. Şəkil çəkən müğənni olmur ki?, - nəvəm də hazırcavablığından qalmadı.

- Nə deyim, bala, heç bizim nəsildən mahnı oxuyan çıxmayıb. Biz yaxşı həkim oluruq…

 - Yox, mən həkim olmayacam! Həkimlər çox, hamıdan çox kitab oxuyurlar. Axşamlar da evlərinə gəlmirlər. Müğənni yaxşıdı, hamı səni tanıyır, qəşəng evlərin, maşınların olur, - qoca nənəsinin nəsə deməsini gözləmədən nəvəm zümzümə eləyərək yan otağa keçdi. Yavaş-yavaş uşağın cır səsi bütün evi başına götürdü. İndi o, rəngli karandaşlaryıla divar kağızları üzərində “rəssamlıq” məharətini göstərir, həm də səsinin yetdiyi yerə kimi dayanmadan mahnı oxuyurdu.

 - Görürsən, zəmanə uşaqlarıdı, - anam dedi, - nəyəsə məcbur eləmək olmur. Elə sözlər danışırlar ki, adamın matı-mutu quruyur. Biz bu yaşda ev, maşın haqqında nəinki fikirləşmirdik, heç istəsək də fikirləşə bilməzdik.

- Ana, belə baxanda uşağı da qınamaq olmur axı. “Aşıq gördüyün çağırar”, - dedim. Sonra yenidən anamın xatirələrini çözələməsi üçün söhbəti Əfqanıstandan saldım. Evimizə qapandıqca vaxtın necə keçməsinin heç bir anlam kəsb etmədiyini duymağa başladıq. Elə bil bələkdə qırxı çıxmayan uşaq idik, yavaş-yavaş gecəylə gündüzün yerini səhv salırdıq. Anamın xatirələri təkrarlananda və bir də müğənni olacağını az qala hər gün israrla sübut eləməyə çalışan nəvəmin “repertuarı”nda təzə mahnılar peyda olanda evimizin divarları arasında zamanın hələ dayanmadığını hiss edirdim. Ömrünün əlli ilindən çoxunu çiçək, vəba, qızılca, vərəm kimi yoluxucu bəlaların qarşısını almağa həsr eləmiş doxsan beş yaşlı anam hər gün əllərini yuyur, spirtləyir, məni də, nəvəmi də bunu eləməyə məcbur edirdi. Bu bəlanı da adladacağımıza elə əmin idi ki, onun optimizmini paylaşmamaq mümkün deyildi. İsti divarlarımızdan kənarda – ölkələrini, şəhərlərini, kəndlərini gəzməkdən doymadığımız dünyamızda vəziyyət hələ də yaxşı deyildi.

- Həkim, düzünü deyin, mən ölməyəcəm, hə? Belə yaşlı görsənməyimə baxmayın ha, heç altmış yaşım olmayıb. Həkim, mən ölməyəcəm, eləmi? -, Bakıda Novruz şənliklərində iştirak eləmək üçün İrandan Azərbaycana gələn turistlərin bəzilərində virusun nəticələri müsbət çıxmışdı. Onlardan vəziyyəti ağır olanları isə Nadirəylə Arifin çalışdığı xəstəxananın reanimasiya şöbəsində yerləşdirmişdilər. İki qaşının arasında hind qızları kimi yumru qara xalı olan kişinin nəfəs almağı çətinləşəndə, süni nəfəs aparatına qoşmaqdan başqa əlac qalmamışdı. Az qala hər gün Nadirənin skafandrın qalın eynəyinin arxasından parlayan çuxura düşmüş gözlərinə baxaraq günahsızlığını sübut eləməyə çalışan uşaqlar kimi hələ altmış yaşının tamam olmadığını dönə-dönə söyləyirdi.

- Bilirəm, bu, elə bir dərdi ki, qocaları götürür. Amma, həkim, Allaha and olsun ki, mənim heç altmış yaşım olmayıb. Vallah, altmış yaşım yoxdu…

 - Sizə heç altmış da vermək olmaz,- Nadirə onun xəstəlik tarixçəsinə göz gəzdirib dilləndi. Öskürək hələ ki, şiddətli olmasa da, qızdırma artıq öz işini görmüşdü; kişinin dodaqları çat-çat olmuş, burnunun ətrafı və gözünün altı göyərmişdi, nəfəs almağı çətinləşdikcə nəbzinin ritmi də aşağı düşürdü. Xəstə müalicəyə adekvat görünürdü, lakin bir vaxtlar vərəmin zədələdiyi ağ ciyərləri hərarətin artacağı təqdirdə həyatını təhlükə altında qoya bilərdi. Onunla eyni palatada yatan xəstəni artıq xilas eləmək mümkün olmamışdı. Elə başqa xəstəxanalardan gələn xəbərlərdə də ürəkaçan bir şey yox idi. Kişi qara qızdırmadan ayılıb özünə gələndə, hər gün eyni şeyləri danışırdı. Bəlkə də sayaqlayırdı, amma Nadirə üçün onun danışığına qulaq asmaq, vaxt tapdıqca söhbət eləmək elə müalicə qədər vacib idi. Virusun caynağında çırpınan xəstələrin çoxu heç sayaqlaya da bilmirdilər. İnsan bir göz qırpımında statistik rəqəmə çevrilirdi – hər gün bu qədər yoluxdu, bu qədər öldü, bu qədər sağaldı. O, sanki özünün rəqəm olmadığını sübut etmək üçün mücadilə aparır, yalnız və yalnız sağalanların cərgəsində dayanmaqda israrlı idi. Bu xəstəxanada sayaqlamağı bacarmaq elə nəfəs almaq qədər vacib idi.

- Altmış nədi ki, hə, həkim? Altmış nə yaşdı ki?

 - Əlbəttə bir yaş deyil. Siz də maşallah, yaxşı görünürsünüz…

 - Həkim, mən sizin şəklinizi çəkəcəm. Mən rəssamam axı… rəssamam…

 - İnşallah! Sağalandan sonra, amma skafandrda yox.

- Mən bilirəm necə çəkəcəm. Sizin şəkilinizi… özüm bilirəm… Skafandrda olsanız da, sizi görürəm… Altmış yaş boş şeydi, eləmi?

- Yaşınızı özünüzə dərd eləməyin, artıq.

 - Yox, həkim, mən özüm tez-tez belə deyirəm ki, qoy əzrayıl da eşitsin. Mən bayrama gəlmişdim axı... Heç bayram vaxtı da adama qıyarlar? Altmış yaş nədi ki?..

- Bəs nə çəkrisiniz? Portret, peyzaj…

 - Mən müharibə adamlarından çəkirəm, həkim. Bilirsiniz nə qədər müharibələr görmüşəm? Biz Əfqanıstan qaçqınıyıq. Çoxdan… Çoxdan qaçmışıq... müharibədən… İndi Təbrizdə…-, öskürək şiddətləndiyindən nə qədər çalışsa da, sözünün davamını gətirə bilmədi. Nadirə onun başını dikəldib su verdi. Hərarəti də artmışdı. İndi o, hər gün qılığına girdiyi əzrayılla növbəti savaşa başlamışdı. Həkim dan yeri sökülənə qədər alını hind qızları kimi xallı xəstənin başının üstündən çəkilmədi. “Yox, mənim altmış yaşım yoxdu… yox… yox… altmış nə yaşdı ki…”,- o, bütün gecəni bax beləcə sayaqladı. Səhər Nadirəni Arif əvəz edəndə xəstə bir az toxtamışdı, ağır-ağır da olsa, nəfəsi gedib gəlirdi.

Dünyanın bütün xəstəxanaları dolub-daşırdı, sanki bəşəriyyət eyni vaxtda savaş vəziyyəti almışdı. Hamı səbirsizliklə Şərqdən yayılan bəlanın kökünü kəsən vaksinin hazırlanacağı günü gözləyirdi. Günlər uzandıqca, evə qapanmış adamların səbri də tükənirdi. Yalnız təbiət öz işindəydi; baharın nəfəsi toxunan ağaclar çoxdan tumurcuqlayıb, çiçək açmışdı, köhnə “beşmərtəbə”lərin həyətində yumrulanmış alçalar, göyərmiş əriklər pitrax budaqlarına dırmaşacaq dəcəllərin yolunu gözləyirdi. Novruzu yola verəndən sonra Pasxanın çıxmasına bəndmiş kimi sərçələr civildəşərək pəncərələrimizi döyəcləyir, hər səhər onları yemləyəcək adamların yolunu gözləyən alabəzək göyərçinlər kimsə gözə dəyməsə də, yenə də ümidlərini itirməyib səkilərin kənarına qonardılar. Əslində ümidini itirməyən tək onlar deyildi, insanların dəvə səbri tükənsə də, göyərçin ümidi hələ öləziməmişdi. Nadirə artıq başqa xəstəxanaya təhkim olunmuşdu, Arifsə reanimasiya şöbəsində işinə davam edirdi. Sağalanların sayının yavaş-yavaş artdığını da birinci onun dilindən eşitdik. Xəbərlər proqramlarında karantin rejiminin artıq yumşaldılacağı barədə ara-sıra söhbətlər gedirdi. Bizim göyərçin ümidimiz günü-gündən qanadlanır, evimizin divarları arasında qərar tutmayıb doğma şəhərimizin yaşıl xiyabanlarının üzərindən ötmək istəyirdi. Arif hamımızın, hətta aylardı ki, müğənni olacağını israrla söyləyən nəvəmi də heyrətə salan müjdəli xəbərini isə mayın ortalarında verdi. Pandemiyadan sonra ilk dəfəydi ki, ailəlikcə nahar süfrəsinə toplanmışdıq, az öncə xaricdəki qardaşımla da “Skyap”la söhbətləşməyimiz anamın nigarançılığına son qoymuşdu. Dünyamızın yavaş-yavaş özünə gəlmək istəməsi hamımızı sevindirdi. Arif əlində iri dördkünc bağlama evə gələndə, nəvəm bunun ona hazırlanmış növbəti sürpriz olduğunu düşünüb civiltili səsini başına atdı. Bu aralarda könlünü almaq üçün demək olar ki, hamımız ona balaca da olsa nəsə sürpriz edirdik axı.

- Bunu xəstəxanaya gətirmişdilər. Sənə gəlibmiş, - Arif çiyinlərini çəkərək bağlamanı Nadirəyə göstərdi, - özü də Təbrizdən.

Qızım gözlərini döyüb üzümüzə baxdı. Nə bizim İranda qohumlarımız var idi, nə də onun rəfiqələri. Hər halda mənə elə gəldi ki, bu, yenə Arifin növbəti zarafatlarından biridi. Yorğun, üzücü günlər yaddaşımızda ilişmiş pis yuxu kimi arxada qalmışdı və biz yavaş-yavaş pandemiyadan əvvəlki həyatımızın ritminə qayıtmağa cəhd göstərirdik. Zarafatlar isə bir zamanlar həyatımızın az qala gündəlik normasına çevrilmişdi. Nadirə bağlamanı açandaysa, bunun zarafat yox, gözəl bir portret olduğunu gördük – çuxura düşmüş gözlərindən sevinc yağan əsmər sifətli həkim başını azca yana əyib gülümsəyirdi. Gur qara saçlarını boynunun arxasından buraxmış, əllərini ağappaq xalatının qarşısında çarpazlamışdı, başındaysa üzündəki yorğun təbəssümü tamamlayan şahzadəsayağı zərif bir tac var idi. Rəsmin aşağısında kursivlə bu sözlər yazılmışdı – “Xilaskarım - taclı mələk. Məhəmmədəlidən. Təbriz”. “Məhəmmədəli” adını oxuyan kimi Arif onun reanimasiyada Nadirənin müalicə elədiyi hind qızları kimi alını xallı kişi olduğunu söylədi. Qızım son aylarda sayını itirdiyi xəstələrinin arasından hər gün əzrayılı yola gətirmək üçün altmış yaşının tamam olmadığını söyləyən təbrizli rəssamı da, ona verilən sözü də unutmamışdı. Lakin hamıya qəribə gələn portretin nəvə Nadirədən çox, nənə Nadirənin cavanlığını xatırlatması idi. Bunu hamıdan yaxşı mən bilirdim, çünki bütün ömrüm çuxura düşmüş gözlərindən heç vaxt sevincini əsirgəməyən, ağ xalatında mələyə oxşayan, əsmər simalı qadının gözlərinin qabağında keçmişdi. Xatirələrimizin köhnəldiyini zənn etdiyimiz anda, üstündəki beton qatını yararaq günəşə sarı boy göstərən körpə fidan kimi təzə xatirələr göyərir və yaddaşımızı korşalmağa qoymur.

İş ondadı ki, taclı virusun gətirdiyi pandemiyanın həyatımıza qatdığı “müjdə”lər bununla da bitmədi. Dünənə qədər müğənni olacağını israrla söyləyən nəvəm divardan asdığımız “taclı mələyin” portretini görər-görməz indi də həkim olmaq həvəsinə düşmüşdü. Amma bu dəfə deyəsən, lap ciddi idi; səhər açılandan axşama kimi hamını müayinə edir, qızdırmamızı ölçür, əllərimizi spirtləyirdi - pandemiya qurtarmışdı, amma bizim evdə “proflaktik tədbirlər” görünür hələ çox davam edəcəkdi.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

Şəhla Rəvan,

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm...

 

HƏYAT SƏN NƏ ŞİRİNSƏN?!

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!

Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..

Özünü bu dünyada heç kəs qonaq sanmamış,

Ancaq ömrün özü də bərabər paylanmamış.

Ömür paylanan zaman görün kimə nə düşdü

Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

                                          Bəxtiyar Bahabzadə

 

Şeirin təhlili

Bəxtiyar Vahabzadənin bu şeiri həyatın dəyəri, onun fərdlərə görə fərqli qavranılması və ömrün qısalığı mövzusunda dərin düşüncələr təqdim edir. Şeir həm lirik, həm də fəlsəfi təbiəti ilə oxucunu düşündürməyə vadar edir.

 

Başlıq və ilk misra

"Həyat sən nə şirinsən?!" başlığı və ilk misra şeirin əsas ovqatını - həyata qarşı heyranlıq və məftunluğu ifadə edir. Bu sual nidası həyatın nə qədər dəyərli olduğunu vurğulayır.

"Səndən doymaq olarmı, həyat sən nə şirinsən!" misrası bu heyranlığın davamıdır və həyatın bitməsini arzu etməmək hissini çatdırır.

 

Həyatın qədrini bilənlər

Şair qeyd edir ki, "Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!.."

Bu misra həyatın dəyərinin hər kəs tərəfindən eyni şəkildə qəbul edilmədiyini, yalnız onun əhəmiyyətini dərk edənlər üçün "şirin" olduğunu göstərir. Bu, həm də bir növ oxucuya mesajdır ki, həyatın qədrini bilmək lazımdır.

 

Qonaq sanmaq və ömrün bərabər paylanmaması

Burada "Özünü bu dünyada heç kəs qonaq sanmamış, ancaq ömrün özü də bərabər paylanmamış" misraları insan təbiətinin bir paradoksunu ortaya qoyur. İnsanlar bu dünyada daimi yaşayacaqmış kimi davranır, ölümsüzlük arzulayır. Lakin həyatın qısa və keçici olduğu reallığı qaçılmazdır.

Şair ömrün "bərabər paylanmaması" faktını vurğulayaraq, insanların ömür müddətinin fərqli olduğunu, bəzilərinin daha qısa, bəzilərinin daha uzun yaşadığını qeyd edir.

 

Simvolik müqayisə - Qarğaya üç yüz il, şahinə on il…

"Ömür paylanan zaman görün kimə nə düşdü

Üç yüz il boz qarğaya, on il şahinə düşdü."

Bu misralar şeirin ən güclü fəlsəfi məqamlarından biridir. Burada şair ömür müddəti ilə həyatın keyfiyyəti arasındakı ziddiyyəti göstərir. Boz qarğa uzun ömürlü, lakin adətən "adi", "boz", "maraqsız" həyat sürən bir varlıq kimi qəbul edilir. Şahin isə qısa ömürlü olsa da, "şanlı", "qürurlu", "azad" və "nəcib" həyatın simvoludur. Bu müqayisə ilə şair demək istəyir ki, həyatın uzunluğu deyil, onun keyfiyyəti, məzmunu, necə yaşanması daha vacibdir. Qısa, lakin mənalı bir həyat, uzun, lakin mənasız bir həyatdan daha dəyərlidir. Bu həm də ömrün ədalətsiz bölüşdürüldüyü hissini yaradır, lakin eyni zamanda bu "ədalətsizlik"də bir növ "məna" və "dərinlik" olduğunu da göstərir.

 

Son misra

"Doymaq və getmək: "Həyat sən nə şirinsən, kim səndən doydu getdi?" son misra ilk misraya bir növ qayıdışdır, lakin daha dərin bir kədər və sual ehtiva edir.

Bu sual həm ritorikdir, həm də oxucunu düşündürməyə vadar edir. Heç kim həyatdan tam doyub getmir, çünki həyatın şirinliyi, cazibədarlığı insanı həmişə ona bağlayır. Ölüm isə insanın doymadan, istəmədən getdiyi bir məqamdır. Bu misra həyatın dəyərini, onun itirilməsi ilə bağlı kədəri və sonsuzluq arzusunu ifadə edir.

 

Ümumi nəticə:

Bəxtiyar Vahabzadə bu şeirində həyatın dəyərini, onun fərdlərə görə fərqli dərk edilməsini, ömrün qısalığını və keyfiyyətinin uzunluğundan daha vacib olduğunu fəlsəfi və emosional şəkildə ifadə edir.

Şeir sadə dildə yazılsa da, dərin məna qatlarına malikdir və oxucunu həyatın mənası haqqında düşünməyə çağırır. Şair insanın həyata bağlılığını, ondan doymadan getmək məcburiyyətini və ömrün məzmununun vacibliyini ustalıqla təsvir etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Orucova Təranə, QHT sədri, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, həm də qlobal miqyasda müstəqil və güclü mövqeyə sahib olan bir dövlətdir.

 

Onun sözləri həm daxili auditoriyaya güvən, həm də xarici qüvvələrə aydın bir mesaj idi.“Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm? Çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək.”

Bu bəyanat sadəcə siyasi ritorika deyil – bu, Azərbaycanın siyasi iradəsinin, hərbi gücünün və milli birliyinin təntənəsidir.

 

44 Günlük Zəfər – Sözlə deyil, əməllə yazılan tarix oldu.

 

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Uzun illər işğal altında qalan torpaqlarımız diplomatik yolla deyil, qanla, canla, əzmlə və milli ruhla geri qaytarıldı.

Prezident İlham Əliyev cəbhədə olduğu qədər informasiya savaşında da ön cəbhədə idi. Onun “Qarabağ Azərbaycandır!” ifadəsi təkcə xalqa deyil, dünyaya səsləndirilmiş sarsıdıcı bir xəbərdarlıq idi.

Bu ifadə artıq beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağın rəsmi və hüquqi gerçəkliyinin rəmzidir. 

Qələbədən sonra bölgədə həyata keçirilən yenidənqurma, bərpa və böyük qayıdış  planları isə bu torpaqların gələcəyini inşa edir.

 

Təhdidlərə qarşı qətiyyətli mövqe: Sülh istəyirik, amma sülhü qorumağı da bacarırıq

 

Prezidentin çıxışında vurğulanan əsas mesajlardan biri də Azərbaycanın təhdidə təslim olmayan mövqeyi idi. Əgər əvvəllər Azərbaycan torpaqlarının işğalına göz yumulurdusa, bu gün artıq heç kim Azərbaycanın milli maraqlarına qarşı çıxmağı düşünə bilmir. 

Çünki Azərbaycan artıq:

-Modern orduya

-İqtisadi gücə

-Qlobal diplomatik nüfuza

və ən əsası, bütöv xalq dəstəyinə sahibdir.

Biz sülh tərəfdarıyıq, lakin bu sülh zəiflik üzərində qurulmur. Bu, güclü mövqedən doğan, haqqın müdafiəsi üzərində qurulan bir sülhdür. Biz haqlıyıq, 

Biz güclüyük, 

Bİz birlikdəyik.

Və biz hər zaman deyəcəyik: 

Qarabağ Azərbaycandır!

Bu gün artıq Ermənistan da reallıqları qəbul etməyə məcburdur. Uzun illər bölgədə gərginlik yaradan, işğal siyasəti ilə yaşayan Ermənistan indi sülh danışıqlarında masaya oturmağa, Qarabağın Azərbaycan torpağı olduğunu rəsmən tanımağa doğru irəliləyir.

Hazırda gedən sülh prosesləri göstərir ki, Azərbaycanın gücü, qətiyyəti və liderliyi regionda yeni bir mərhələnin əsasını qoyur. İndi əsas məqsəd dayanıqlı sülh, qarşılıqlı hörmət və əməkdaşlıqla bölgənin gələcəyini qurmaqdır.

Əgər Ermənistan bu tarixi fürsəti düzgün qiymətləndirərsə, ekspromt şəkildə aparılan sülh danışıqları yaxın zamanda müsbət nəticələnəcək və Cənubi Qafqazda qalıcı sabitlik bərqərar olacaq.

Amma hər kəs bilməlidir: Azərbaycan heç vaxt geri çəkilməyəcək. Sülh istəyirik, amma şərtlərlə – Azərbaycanın şərtləri ilə! Qələbə ilə başlayan yol, sülhlə davam edəcək – lakin bu sülh gücümüzün, haqqımızın və liderliyimizin nəticəsi olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Redaksiyanın poçtundan rubrikasında sizlərə Aytən Ağasıyevanın “Sevgimizin qəbzi” adlı hekayəsini təqdim edir.

 

 

Sevgimizin qəbzi

gör məhəbbət ona nə qədər baha başa gəlir..

 

Kassada sıra gözləyən beşinci adam idim. Təndirdə bişən çörəyin yandırıcı istisi adamın üzünə necə vurursa, bu günün istisi də elə idi. Ona görə də su almaq üçün marketə gəlmişdim.

 Məndən öncə sırada duran dörd uşaq marketdən nə almışdılarsa hamısını tükətmişdilər, əllərində boş kağızlar və butulka var idi. Kassir boş kağız və butulkaları sistemə vuranda uşaqlarla birlikdə gülməyə başladı. Mənsə onları kənardan izləyib gülümsəyirdim. Bu gülüş kassirin üzünü örtən yorğunluğu, qaşlarının düyününü bir müddətlik yox eləmişdi. Elə mənim də yazacağım yazımın sərlövhəsinə ipucu vermişdi.

Suyun qəbzini də götürüb, evə gəldim. Əlimdəki qəbz mənim susuz olduğumu, su almağa getdiyimi, ordakı uşaqların sərgüzəştini həmişə mənə xatırladan təsdiqləyici  kağız parçası olmuşdu artıq.

Dəftərimi açıb, qəbzi qoymaq istəyəndə bir kağız parçası daha gördüm. Uzun müddətdi vərəqlərin arasında yaşayan bu kağız parçası isə ən xoşbəxt günlərimdən yadigar idi, üstünü oxudum:

Cappy pulpy portağal – bir manat otuz qəpik.... Eti cin portağal – bir manat... moskva peçenye- bir manat..... Ödəniş üsulu nəğd-beş manat otuz qəpik..

Qəbzi oxuduqca Təhminənin səsi ilə ahəng olan sözlər beynimdə sanki akkord yürüyüşü edirdi:

........On sentyabr..iyirmi beş manat sıfır sıfır qəpik.. Yaazıq Zaur, gör məhəbbət ona nə qədər baha başa gəlir.. Cırma, qoy yadigar qalsın. Bu bizim ən xoşbəxt günlərimizin qəbzidir, Zaur....

         Akkord yürüyüşü tamamlananda başa düşdüm ki, elə bu qəbz də bizim sevgimizin qəbzi idi..

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Cümə axşamı, 11 Sentyabr 2025 14:04

Vaqif Səmədoğlu Rəsul Rza haqqında

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU RƏSUL RZA HAQQINDA

 

POEZİYA NƏHRİ

 

Elə çaylar var ki, canlı nə varsa hamısında heyrət və etibar hissi, qəmli, amma güclü məhəbbət hissi oyadırlar. Azərbaycanda, təpələr və meşələr içində gizlənmiş vadilərdə, insan beyninin qırışları kimi qıvrılan dərələr boyu köhnə, kiçik, günəşin kor qoyduğu çaylar var. Təbiət suyu onlara yalnız baharda bəxş edir və bu zaman möcüzə baş verir – çay doğulur...

Suyu qurumuş Arvan çayının sahilində bir uşaq dayanmışdı. Ona tərəf gələn anlamadığı gurultunu təəccüblə izləyirdi. Üstünə çay gəlirdi. Suyla və daşla, baharla və həyatla dolu bir çay. Bu, balaca uşağın – gələcək şair Rəsul Rzanın həyatda ilk sarsıntısı idi.

Sonralar o, bir dəfə də olsun öz uşaqlığına etibarsız çıxmadı. Balaca uşağın ürəyi, şairin ürəyi ilk dəfə titrəyən o ana xəyanət etmədi.

Həyatında heç vaxt qarşıdan gələn gurultulu selin qabağından qaçmadı, gözəl və yenilməz gələcəyin nəhri, yeniliyi, həmişə qeyri-adi və çətin görünən yeniliyi açıq üzlə qarşıladı. Bu gün, altmış yaşında da şair əvvəlki kimi heyranlıq və qüdrətlə Yenini salamlayır.

Elə poeziya var ki, təbiəti xatırladır. Stixiyalara tabe olmayan, düşünən qəlblə və ilhamlı iradəylə yönəldilən təbiəti. Belə təbiət torpaq kimidir, hər şeyin öz məqamında gəldiyi torpaq kimi – öz vaxtında buludlar əkinlərə yağış göndərir, otlar yorğun və ac sürülərin gəlişiyçün boy atırlar, çeşmələr susuzluqdan cadar-cadar olmuş insanların ayaqları altında üzə çıxır.

Rəsul Rza poeziyasının mahiyyəti də belədir. Lazımlı olmaq, gərək olmaq, vaxtında gəlmək – onun devizidir. Ona görə də Rəsul Rzanın öz-özlüyündə qiymətli yaradıcılığı həm də elə bir qaynaqdır ki, poeziyamızın bir çox böyüklü-kiçikli çeşmələri, çayları bu qaynaqdan başlanır. O, susuzluğun məğzini və əlacını dərk etmiş və bu möcüzənin sirrini başqalarına da vermişdir...

Onun poeziyası – xeyirxah müdrik təbiətə və bu təbiətin içində insana həsr olunmuş himndir. Onun poeziyası şüursuz, kortəbii qüvvələrə meydan oxumaqdır.

 

Neçə gündür yağış yağır,

Necə yağır, necə yağır.

Səhər yağır.

Axşam yağır.

Gündüz yağır.

Gecə yağır.

O yanda səhralar yanır,

Burda yağış heçə yağır.

 

Quruculuğun yüksək romantikası, dövrün nəbzinin döyünməsi – qafiyələnmiş sözlər deyil, şairin həyatının özü, şəxsi ömürlüyüdür. O, son dərəcə sadə və eyni zamanda qaynar temperamentlidir, hiss və fikirlərini ifadə edərkən xalq zərb-məsəllərini andıran cümlələr tapır. Belə dildə yazmaqda ona təcrübəsi və erudisiyası, istedadı və yaddaşı kömək göstərir. Xalqımıza gözəl bələddir, onun keçmişini və tarixini, məişətini, nəğmələrini və adətlərini yaxşı tanıyır, qəhrəmanlarını da, xəyanətkarlarını da unutmur, Azərbaycan dilinin hər bir sözünü, demək olar ki, fiziki şəkildə duyur. Bəlkə elə buna görə də şeirlərində hər söz canlı bir varlıq kimi yaşayır; söz hərəkət edir, rəngdən-rəngə düşür, tamamilə yeni ahəngdə səslənir, sanki yenidən doğulur. Məsələ onda deyil ki, şairin söz ehtiyatı çox zəngindir, məsələ ondadır ki, onun şeirində fikir sözün qulu yox, ağasıdır. Söz nə qədər qəşəng səslənsə də, qafıyəsi nə qədər uyar olsa da, Rəsul Rza qələmi onu pozacaq, əvəzində başqa bir söz yazacaq, qoy bu cür gözəl səslənməyən söz olsun, amma fikri daha dəqiq ifadə etsin, yerinə düşsün.

Rəsul Rza şeir və poemalarının ilk misralarından oxucunu özüylə bərabər düşünməyə sövq edir, bədii və ictimai problemlərin həllində onu sanki öz həmkarı, həmfikri sayır. O, oxucusunu müstəqil düşünməyə, yaratmağa (bəli, bəli, hətta yaratmağa) çağırır və addımbaaddım onunla bərabər yeriyir.

Bizim əsrdə, zəka böyük zəfərlər qazandığı bir əsrdə, böyük fikir qısa bir sözə və düstura sığışdırıla bilən zamanda oxucu şeir kitabını açarkən düşünməyə hazır olmalıdır, şeirdə yalnız şirin əyləncə axtarmamalıdır.

Yeri gəlmişkən, Rəsul Rzanın bu barədə parlaq və dəqiq sətirləri var:

 

Aydındır şeirin dili.

İstəyirsən sevincdən,

istəyirsən qəmdən yaz.

Elə aydındır bu dil

nadan yüz yol oxusun,

yenə bir şey anlamaz.

 

Bəli, Rəsul Rza poeziyası aydındır. Sözün ən yüksək mənasında aydındır. Şair sanki öz səyini və əsrlər boyu yığılmış zəngin təcrübəni bir vəhdətdə birləşdirir. Onun yaradıcılığının orijinallığı sənətə yuxarıda qeyd etdiyim namuslu münasibətdən yaranır.

Rəsul Rzanın seçdiyi yol əsl poeziyaya aparan yoldur:

 

Düşünürəm, şeir yazıram.

Mən bu uzun yolda

Getməyə, getməyə, getməyə də,

ən yaxın duracaqda düşməyə də hazıram.

Ancaq...

Bu şeiri qurtarım.

Bir yenisini başlayım.

Bir də...

Nə yol qurtarır,

nə arzular.

 

Bu sətirlər 1962-ci ildə yazılmış “Hamımız yoldayıq” adlı gözəl şeirdəndir. Şair bu şeiri iyirmi, otuz il bundan qabaq da yarada bilərdi. “Yol qurtarmır”, amma yol hər an, hər dönüşdə qırıla bilər. Bax buna görə də şair “şeiri” qurtarmağa tələsir, “bir yenisini başlamaq” istəyir. “Vaxt var ikən”, sonsuzluq imkan verənəcən...

Rəsul Rza sistematik təhsil görməmişdir. Özü etiraf etdiyi kimi, “hətta əməlli-başlı ali təhsil məktəbi” də bitirməyib. Tərcümeyi-halında müxtəlif vaxtlarda oxuduğu məktəbləri sadalayır. Onların sayı... on birdir. Həyatda nail olduqları hamısı – müstəqil təhsilin, öz üzərində gərgin işləməsinin nəticəsidir. O, tibbi və fəlsəfəni, kənd təsərrüfatını və kinonu öyrənib. Bu məsələdə o, həm həkim, həm riyaziyyatçı, həm filosof, həm də tarixçi olan klassik şairləri xatırladır.

Rəsul Rzanın öz üzərində inadlı işi əslində özgələrçün görülən işdir. Çünki məhz bu zəhmətin sayəsində o, indiki məqamına çatıb: poeziyada yeni yollar açan şair, gənc, istedadlı şairlər dəstəsi yetirmiş müəllim, alim və ictimai xadim məqamına. Təsadüfi deyil ki, ilk Azərbaycan ensiklopediyasının yaranmasına da o, başçılıq edir.

Şəxsiyyətin çoxcəhətliliyi və zənginliyi yaradıcılığının çoxcəhətli zəngin olmasının rəhnidir və bunların vəhdəti Rəsul Rzanın poeziyasını universallığı ilə fərqləndirir, onun dəstxətini başqalarından seçdirir. Adama elə gəlir ki, həllolunmaz məsələdir – bir konkret rəngdə zidd qütblərdə dayanan fikirləri, assosiasiyaları, günümüzün ən aktual problemlərini cəmləşdirmək! Rəsul Rza bu məsələni, ixtiraya, kəşfə bərabər olan bu məsələni həll edə bilib.

Sətirdən-sətrə, şeirdən-şeirə, poemadan-poemaya Rəsul Rza yorulmadan insanın yaşarılığından, onun xilasedici, hər şeyə qalib gələn vəzifəsindən danışır. O, “insan ülfəti”nə inanır, çünki insanlığın taleyi, yer üzündə sülhün taleyi bundan asılıdır.

60 illiyini qeyd etdiyimiz günlərdə şairin şeirləri sanki yeni cür səslənir. Bəlkə də kimsə bu şeirlərdə bir yorğunluq duyacaq – uşaq yaşlarından ağır zəhmətə alışmış insanın yorğunluğunu. Ağır şair zəhmətinin nəticəsi olan yorğunluğu. Şair əməyi, məlum olduğu kimi, istirahət günləri və məzuniyyət ayları olmayan, ümid lağımlarında gecə-gündüz aparılan işdir. Ancaq bu, yalnız zahirən yorğunluq kimi görünə bilər. Axı şairin “təqaüd yaşı” – yalnız onun ölümündən sonra başlayır. Rəsul Rzanın damarlarında qəribə enerji ilə aşılanmış bir qan axır və o, hər an ilhamlı əməyə çevrilməyə hazırdır. Hər dəfə öz gəlişiylə bizi heyrətləndirən bahara oxşayır bu əmək.

Bax beləcə, bahar kimi, çay, nəhr kimi, Rəsul Rza yaradıcılığı da hələ uzun illər şair və oxucu nəsilləri qarşısına çıxacaq. Poeziya adlanan bu dolğun, qüdrətli nəhr özüylə səslər və rənglər, mərdlik və həqiqət gətirəcək.

                                                                                     "Vışka" qəzeti, 19 iyun, 1970

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

Cümə axşamı, 11 Sentyabr 2025 13:03

Yeni nəsil komedik aktyorların ən populaylarından biri

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, xüsusən cənub bölgəsinin, talışların ləhçəsiylə parodiyalar edib seyrçini güldürməkdə pərgardır. Əksər müasir komediyalarda, telelayihələrdə bir qayda olaraq iştirak edir. Hərdən rejissorluğa, prodüsserliyə də baş vurur.

Söhbət bu gün doğum günü qeyd edilən Müşfiqdən gedir!

 

Komediya aktyoru, rejissor Müşfiq Şahverdiyev 11 sentyabr 1983-cü ildə Lənkəranda anadan olub. Bəxt sarıdan heç də gileyli deyil. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanıb.

"My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır.

Xatırladım ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşüb və rekordu təzələyib.

 

Filmoqrafiya

 

1. Yanmış körpülər

2. Niyə?

3. Niyə? 2

4. Ağ Tük

5. Miras

6. My name is İntiqam

7. Qayınanamız

8. My name is İntiqam 2

9. Gizlənpaç

10. O başdannan

11. Komedixana

12. Qara Qura İşlər

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Cümə axşamı, 11 Sentyabr 2025 12:46

"Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

 "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Kimyaçı mədəniyyət sarayında təşkil olunan tədbirdə şəhid ailələri, qazilər, media və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

  Əvvəlcə haqq-savaşında canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmış, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdi. Sonra ŞAD İB-nin təşəbbüsü və Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə BAYFİLM MMC-nin istehsal etdiyi "MİSSİYA" qısametrajlı bədii film izlənilmişdi.

 Abşeron-Xızı Regional Mədəniyyət idarısinin əməkdaşı, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdüllməcid Axundovun anası Ceyran Həsənova qonaqları salamladı. O vurğuladı ki, 2016-cı ilin Aprel döyüşlərində ordumuz ilk qalibiyyətini əldə etdi və böyük Zəfərin başlanğıcı həmin döyüşlərində tarixləşdi. Nəhayət, otuz ilin Vətən həsrətinə son qoyuldu. Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı və xalqımız məğrur xalq, ordumuz isə dünyanın ən güclü ordusu sıralarında yer aldı.

Natiqlər çıxış edərək bildirdilər ki, ədalətin və bütövlüyün bərpasından artıq beş il ötür. Bizi zəfərə aparan yol məhz 2016-cı il “Aprel döyüşləri”, 2018-ci il mart ayında “Günnüt əməliyyatı”, 2020-ci ildə “Tovuz döyüşləri” 44 günlük Zəfər səlnaməsinə gələn qalibiyyət yolumuzdur. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, xalqımızın birliyi sayəsində qələbə qazandıq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Qırx dörd gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu, hərb tariximizə qızıl hərflərlə Qələbə yazıldı.

Tədbir tanımış səhnə ustalarının gözəl ifaları ilə yekunlaşdı.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Cümə axşamı, 11 Sentyabr 2025 12:29

Zamanla dost olan sumqayıtlı saatsaz

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

İnsanlar zaman anlayışını min illər boyu başa düşməyə, ölçməyə çalışıblar. Əvvəl kölgə ilə, sonra su ilə, qumla və nəhayət mexanizmlərlə...

 

Qədim Misirdə günəş saatı vardı. Kölgənin düşdüyü yerə görə vaxt təyin edilirdi.

Su saatları Babil və yunan mədəniyyətlərində istifadə olunurdu.

Ən qədim mexaniki saatlar isə orta əsrlərdə Avropada kilsələr üçün düzəldilmişdi (təxminən 13-cü əsr).

1600-cü illərdə ilk dəfə yayla işləyən mexaniki cib saatları meydana gəldi.

17–18-ci əsrlərdə saatçılıq sənəti bir sənət növü kimi İsveçrə, İngiltərə və Almaniyada çiçəkləndi.

Sovet dövründə, Azərbaycanda da saat ustalığı peşə məktəblərində öyrədilirdi. O dövrün saatları - "Победа", "Луч", "Слава", "Восток" bir çox ailənin evində bu gün də işlək vəziyyətdədir.

Zaman dəyişdi, amma saat ustaları dəyişmədi. Zamanla eyni səbrlə, eyni diqqətlə işləməyə davam etdilər.

Yolum Sülh prospektindən düşmüşdü. Divar saatımı təmir etdirmək niyyətindəydim. Buradakı saatsaz köşkünə yaxınlaşdım. Ata-övlad bir yerdə çalışırdı. Ustad övladından şəyird olmaz, deyirlər. Hiss etdim ki, Nurlan da atası Müşfiqin yolunu davam etdirərək həvəslə və inamla çalışır.

O dedi:

Uşaq vaxtı atamın köşkünün qapısından içəri girəndə sanki başqa bir dünyaya düşürdüm. Tıqqıltıların, mexanizmlərin, susqun saatların danışdığı bir aləmə. O, sanki zamanla danışırdı. Hər saatın içində bir həyat, bir xatirə gizlənmişdi. Mənə elə gəlirdi ki, atam sadəcə saatları yox, insanların zamanla olan münasibətini düzəldir.

Öyrəndim ki, Müşfiq Səttər oğlu Məmmədov 1972-ci ildə Qubadlının Mərdanlı kəndində doğulub. Sadə bir kolxozçu ailəsinin övladı kimi zəhmətə kiçik yaşlarından alışıb. 1989-cu ildə orta məktəbi bitirib, Bakı Tədris Kurs Kombinatında saat ustalığını öyrənib. O gündən zamanla münasibəti artıq peşə yox, bir sənət, bir sevdaya çevrilib.

Sonra hərbi xidmət, ardınca Qarabağ döyüşləri... 1992–93-cü illərdə Topağac uğrunda döyüşlərdə yaralanıb. Amma nə ağrı, nə də zaman onu sındırmayıb.

1993-cü ildən Sumqayıtda gördüyünüz kiçik bir köşkdə çalışır. Otuz iki ildir ki, bu köşkdə saatlar susmur. Onların dilini atamdan yaxşı anlayan olmur.

O, mənə saatsazlığı öyrətmədi. Mən özümdən asılı olmadan öyrəndim. Çünki bu sənət bizdə peşədən çox bir yaşama tərzidir. Mənim üçün bu köşk sadəcə iş yeri deyil, vaxtla bağ qurulan bir məkandır.

Bəzən düşünürəm ki, insanın vaxtı pozularmı? Pozular. Atam onu düzəltməyi bacarır.

Bəziləri tarix yazır, bəziləri zamanı düzəldir. Atam ikinci qrupdandır. Amma məncə, o da bir tarix yazır: səssiz, təmkinli və tıqqıltılarla.

 

Saatsaz köşkündən ayrılarkən düşündüm ki, Müşfiq Məmmədov kimi insanlar cəmiyyətin səs-küysüz, lakin ən sabit təbəqəsini təşkil edir. Onlar göz önündə deyillər, amma onlarsız gündəlik həyatın axarı pozular. Hər təmir etdikləri saatda zamanla dostluq edən bir ustanın əli, səbrin və hörmətin izi qalır.

Bəzən bir saat sadəcə bir mexanizm deyil. O, keçmişi, bu günü və gələcəyi birləşdirən körpüdür. Müşfiq ustanın köşkünə baş çəksəniz, bunu özünüz də hiss edərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

 

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

 

Qeyd edək ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.

 

 “Ədəbiyyat və incəsənət”

(11.09.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəşər tarixində zamanı irəli aparan yazıçılar olubdur. Onlardan biri də O.Henri təxəllüsü ilə bizə tanınan amerikalı yazıçıdır. 11 sentyabr ABŞ-da faciəli günün – terrorun ildönümüdür. Amma həm də bu dahiyazıçının doğum günüdür.

 

Məşhur Amerika yazıçısı Uilyam Sidni Porter (William Sydney Porter) 11 sentyabr 1862-ci ildə Amerika vətəndaş müharibəsi zamanı Şimali Karolina ştatının Greensboro şəhərində anadan olub. O, 1898-ci ildə ata adının yazılışını Sidney olaraq dəyişdirib. Porter 1876-cı ildə xalası Evelina Mariya Porterin ibtidai məktəbini bitirib. Daha sonra Lindsey Street Liseyinə daxil olub.

Xalası 15 yaşına qədər ona repetitorluq etməyə davam edib. 1879-cu ildə Qrinsboroda əmisinin aptekində işləməyə başlayıb və 30 avqust 1881-ci ildə 19 yaşında Porterə əczaçı lisenziyası verilib.  Aptekdə o, həm də şəhər camaatının cizgilərini çəkərək təbii bədii istedadını nümayiş etdirib.

Onun əsərləri qısa hekayə janrında xüsusi yer tutur. O. Henri öz hekayələrində adi insanların gündəlik həyatını, kiçik arzularını, sevgi, dostluq, mərhəmət və ümid mövzularını ustalıqla təsvir edib. Əsərlərinin əsas cəhəti qəfil sonluqları — gözlənilməz finalıdır. Bu üslub sonralar “O. Henri üslubu” kimi məşhurlaşıb. O. Henri həm yumor, həm də incə duyğuları birləşdirərək oxucunu həm güldürüb, həm də düşündürüb.

 

"Təhsili və ilk illəri"

 

O, əvvəlcə farmatsevt köməkçisi kimi işləyib və burada çoxlu tibbi biliklər əldə edib. Daha sonra Texas ştatına köçərək müxtəlif işlərdə – müəllim, xəzinədar, jurnalist, hətta bankda məmur kimi fəaliyyət göstərib.

 

"Həbs həyatı"

 

Onun həyatında dramatik bir dönüm də var. İşlədiyi bankda vəsaitlə bağlı qanun pozuntusu ittihamı ilə həbs olunub. Həbsdə olarkən yazmağa daha çox vaxt ayırıb və qısa hekayə janrına ciddi yanaşmağa başlayıb. Maraqlıdır ki, o, “O. Henri” təxəllüsünü də həmin dövrdə götürüb. Təxəllüsün mənşəyi tam məlum olmasa da, yazıçının söz oyunu və sirli üslubunu əks etdirib.

 

"Yazıçılıq karyerası"

 

Azadlığa çıxdıqdan sonra Nyu-Yorka köçüb və ömrünün son illərinə qədər yüzlərlə hekayə yazıb. Onun əsərləri qəzet və jurnallarda çap olunub, qısa zamanda məşhurlaşıb.

Əsərlərində əsasən adi insanların həyatı (satıcılar, polis işçiləri, kasıb sənətkarlar, tələbələr, küçə insanları), yumor və istehza, humanizm və ən əsası gözlənilməz sonluqlar xüsusi yer tutub.

Maraqlı fakt: Dünyada “O. Henri mükafatı” adlı ədəbi mükafat var. Bu mükafat hər il ən yaxşı qısa hekayə müəlliflərinə təqdim olunur və yazıçının xatirəsinə böyük ehtiram əlamətidir.

 

(The Gift of the Magi)

 

Bu hekayə sevgi və fədakarlığın simvoludur. Gənc ailə – Cim və Della – çox kasıbdır. Yeni il üçün bir-birinə hədiyyə almaq istəyirlər, amma pulları yoxdur. Della öz uzun saçlarını satır ki, Cimin sevimli saatına zəncir alsın. Cim isə öz saatını satır ki, Dellanın saçları üçün daraq alsın.

Nəticədə hədiyyələr “yararsız” qalır, amma onların sevgisi hər şeydən dəyərli olduğunu sübut edir.

 

 (The Cop and the Anthem)

 

Azadlıq və insanın içindəki vicdan barədə hekayə. Soapi adlı bir dilənçi qışda həbsxanada qalmaq istəyir, çünki orada istilik və yemək var. Bu məqsədlə o, müxtəlif cinayətlər törətməyə çalışır, amma hər dəfə uğursuz olur. Axırda kilsənin qarşısında himn eşidir, ürəyində yeni həyata başlamaq qərarına gəlir. Elə həmin anda polis onu saxlayır və kiçik bir səbəbdən həbsə göndərir.

Yazıçı bununla insanın taleyindəki istehzalı döngələri göstərir.

 

(The Ransom of Red Chief)

 

Yumorla dolu məşhur hekayədir. İki adam zəngin bir adamın oğlunu qaçıraraq pul qazanmaq istəyir. Amma uşaq çox dəcəl çıxır, onları bezdirir və dözülməz oyunlarla əsir saxlayan kimi olur. Sonda oğlanın atasına pul verməyə məcbur qalırlar ki, uşağı geri alsın. Məşhur “Evdə tənha” filmi məhz bu ssenari əsasında çəkilibdir.

Burada O. Henri cinayət və gülüşü ustalıqla birləşdirir.

 

"Ölümü"

 

O. Henri 1910-cu ildə qaraciyər xəstəliyindən Nyu-Yorkda vəfat edib. Ömrü qısa olsa da, qısa hekayə janrını bənzərsiz üslubu ilə zənginləşdirib.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

4 -dən səhifə 2421

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.