
Super User
Kəlbəcərdən yayılan sözün və qələmin işığı -ESSE
Rəna Təbəssüm, “Ədəbiyyat və incəsənət” üçün
Sadəcə gündəlik həyatla məhdudlaşmayan, sözün gücü, yaradıcılığın əbədi nəfəsi ilə tarixə həkk olan izlərdə maraq doğuran ömürlər var. Namiq Dəlidağlı geridə qalan 55 illik ömrünün izində Kəlbəcərdən yayılan sözün müqəddəs yükünü və qələmin işığını gələcəyə daşımaqdadır.
Özünü yaradıcılığa həsr edən N.Dəlidağlı qələmə aldığı poetik nümunələrlə ədəbiyyat tarixinin yaddaşında özünə yer eləyən şəxsiyyətlərdəndir. 55 yaş yaradıcı adamın ömrünün bir hesabatıdı, həm də. Ötən illər ərzində həm ədəbi mühitdə, həm də jurnalistika aləmində qazandığı hörmət, oxucu sevgisi onun zəhmətinin və istedadının bəhrəsidir. Deməli, bu yubileyi təkcə yaşın göstəricisi deyil, həm də cəmiyyətin söz adamına verdiyi qiymətin bir təntənəsi kimi dəyərləndirməliyik.
Namiq Dəlidağlının asan olmayan həyat yolunun başlanğıcı Kəlbəcərdən keçir. Hələ orta məktəb illərindən rayonun “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilən şeir və məqalələri ilə istedadlı qələm sahibi kimi tanınıb, qəzetdə ştatdankənar müxbir olaraq fəaliyyət göstərib. Gənc yaşlarında uşaq xatirələrinin məskəni olan doğma Kəlbəcərin dağlarından, saf bulaqlarından ayrılıb. Məcburi köçkünlük kimi ağır dərdin acısını yaşamaq onun da ömür payına düşüb. Bu dərd təbii ki, taleyində dərin izlər buraxıb. Yaradıcı insan üçün isə bu, həm də ilhamın, sözün mayasına hopan bir nisgildir.
O, təkcə öz ailəsinin yox, bütün bir xalqın ağrı-acısını yaşayaraq köçkünlük mövzusunu həm poeziyasında, həm də publisistik yazılarında vətən həsrəti kimi ifadə edib. Köçkünlük dövründə yaşadıqları onun qələmini daha da itiləşdirərək möhkəmləndirib, sözün dəyərini, yaddaşın əhəmiyyətini artırıb. Kəlbəcərdən yayılan sözün və qələmin işığında bir xalqın dərdini ifadə edərək poetik dillə öz duyğularını, yurd həsrətini, sevgi və insanlıq mövzularını misralarına köçürə bilib. Hər bir şeiri onun daxili dünyasının güzgüsü olmaqla yanaşı, həm şəxsi tale, həm də bütöv bir millətin yaddaşı olub. Tanınmış şairin poeziyasında səmimiyyət var, çünki o, sözləri bəzək üçün deyil, ürəkdən yazır. Həssas qəlbli ədəbiyyat adamının qələmi sevginin zərif notlarını, insanlıq duyğularını, torpaq həsrətini, mübarizə ruhunu əks etdirir. Hər misrası oxucunun qəlbinə toxunur, onu düşündürür, duyğulandırır. Bənzərsiz söz çələngində həm kədər, həm ümid, həm də güc var. Qələmi yalnız yazmaq üçün deyil, həm də yaşamaq, yaşatmaq üçündür...
Namiq Dəlidağlının yaradıcılığı təkcə şeirlərlə məhdudlaşmır. Jurnalist kimi fəaliyyət göstərdiyi illər ərzində o, cəmiyyətin səsini eşitdirməyə, gerçəkləri oxuculara çatdırmağa çalışır. Mətbuat onun üçün sadəcə peşə deyil, bir missiyadır. O, yazılarında sosial problemləri qabardıb, insanların düşüncələrinə işıq salır, həqiqətin keşikçisi kimi çıxış edir. Jurnalistika onun üçün qələm savaşının başqa bir cəbhəsidir və o, bu cəbhədə də uğurla mübarizə aparır, qalib gəlir.
1993-cü ildən dövri mətbuatda imzası daha çox tanınan jurnalist-filoloq Namiq Dəlidağlı müxtəlif qəzetlərdə müxbir, parlament müxbiri, şöbə müdiri işləyib. “168 saat”, “Hər şey sizin üçün”, “Dəlidağ” və digər qəzetlərin baş redaktoru olub. Bu gün isə “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, Özbəkistanda nəşr edilən “Sevgi sükutu” adlı kitabların müəllifi, “Manevr.az”, “Dəlidağ.az”, “Sumqayıtfakt.az” saytlarının təsisçisidir. İmzası beş publisistik kitabda da yer alıb. Şeirləri təkcə ölkə daxilində deyil, həm də xaricdə nəşr edilən ədəbi toplularda dərc olunur.
Namiq Dəlidağlı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, bir sıra ədəbi və media mükafatlarına, Prezident təqaüdünə layiq görülüb. Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və “Kaya” xəbər portallarının köşə yazarıdır. 2022-ci ilin iyul ayından Azərbaycan Jurnalistlər Birliyinin Kəlbəcər bölməsinin sədridir.
Ömrünün oğlan çağını yurdsuz ötürən, özünü fəsillərin qışı sanan, otuz ilə yaxın həsrətini çəkdiyi, xəyal qanadlarında seyr etdiyi Kəlbəcərə yenidən qovuşan şair ürəkdən deyir:
Gəlirəm, “yorduğum” yerlər, gəlirəm,
yıxılıb-durduğum yerlər, gəlirəm,
ay evcik qurduğum yerlər, gəlirəm,
gəlirəm qoynunda yaşayam indi.
Dağlar, çox xatirəm qalıbdı səndə,
hərdən yol azsam da dumanda, çəndə:
gəzib öyrənəcəm çöldə, çəməndə,
bir az nabələdəm, naşıyam indi.
Əsl ədəbiyyata, sözə xidmət edən Namiq Dəlidağlının ömrü elə sözlərlə də yoğrulub. Bir tərəfdə poeziyanın incə ruhu, digər tərəfdə jurnalistikanın sərt və obyektiv dili, prinsipial mövqeyi dayanır. Bu güc onun şəxsiyyətində və yaradıcılığında birləşərək, həm ədəbiyyata, həm də mətbuata dəyər qatıb, imzasını tanıdıb. Yaxından tanıdıqca qələm adamının ömrü və yaradıcılığı bir həqiqəti xatırladır: İnsan köçkün ola bilər, amma sözün, yaradıcılığın, qələmin vətəni yoxdur. Qələm hər yerdə doğmadır, söz hər yerdə işıq saçır.
Namiq Dəlidağlının 55 illik həyat yoluna baxanda böyük bir zəhmətin, sarsılmaz iradənin, illərlə davam edən yaradıcılığının mənzərəsi görünür. Qarşıdakı illərdə, şübhəsiz ki, hələ yazacağı şeirlər, işıqlandıracağı mövzular, oxucularla bölüşəcəyi həqiqətlər var.
Ömür sözlərlə, qələmlə, yaradıcılıqla davam edir. Bu yubiley isə yeni uğurların başlanğıcıdır.
55 illik ömrünüz mübarək, Namiq Dəlidağlı! Yazın, yaradın... Kəlbəcərdən yayılan müqəddəs sözünüzün və qələminizin işığı gələcək nəsillərin yolunda çıraq olsun!
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)
Miskin Abdal. Oğuzun Xaçmaz kəndi. Dağda faciə
İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bir neçə gündür Miskin Abdalın həyatına aid məlumatları və əsərlərini oxuyuram. Onun həyatı ilə bağlı məlumatlar yadıma bir hadisəni saldı.
Deməli, üzun illər bundan öncə-1990-cı illərin ortalarında Bakıya gedərkən təsadüfən Oğuz rayonunun Xaçmaz kənd sakini, öz kəndlərindəki natamam orta məktəbdə direktor işləmiş mərhum Telman Nəsrullayevlə yol yoldaşı olmuşdum. Qəbələ ərazisindəki magistral yoldan Qafqaz dağlarının gözəl mənzərəsi açılırdı. Telman müəllimgilin kəndinin də bu dağların ətəyində yerləşdiyini bildiyimdən üzümü ona tutub soruşmuşdum:
- Telman müəllim, heç o dağlara, qayalıqlara çıxmısan?
Rəhmətlik gülümsəyib demişdi:
- Sən elə bilirsən, o dağlara çıxmaq asandır?! Bilirsən, oralarda, o uca dağ və
qayalarda nə qədər adam tufana düşüb, qayadan uçub ölüb?! Babam deyirdi ki, Şah İsmayılın vəziri Miskin Abdalın uşaqları da o qayalarda borana düşüb həlak olublar.
İndi peşimanam ki, niyə söhbəti ucalamadım. Bəlkə, o, Miskin Abdal barədə babasından eşitdiyi başqa məlumatları da söyləyəcəkdi. Nə isə...
Neçə gündür ki, onun dedikləri fikrimdən çıxmır. Maraq məni rahat buraxmır..
Soruşa bilərsiniz ki, Miskin Abdalı, türklər demişkən, bu qədər önəmli qılan nədir ki? Qısa söyləsəm, çox şey!
Bilməyənlər üçün də bir neçə kəlmə deyim. Tarixdə “Miskin Abdal” kimi tanınmış, əsl adı Seyid Hüseyn Məhəmməd oğlu olan bu şəxsiyyət Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Qeyb Ərəni", böyük övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Pir sahibi olub. Mistik, metafizik qüdrət və kərəmət sahibi imiş. Filologiya elmləri doktoru, professor M.Allahmanlı “Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” adlı kitaba ön sözdə yazır ki, tarixi şəxsiyyət olan Miskin Abdal 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Atası Məhəmmədin yaxından qayğısı sayəsində kiçik yaşlarından o dövrün ədəbi və rəsmi dövlət həyatı üçün zəruri sayılan ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, cəng oyunlarını mənimsəmiş, Göyçə ozan, qopuz mühitinin sirrlərinə yaxından bələd olmuş, çox erkən yaşlarından İslam dininin, o cümlədən, «Quran»ın incəliklərini dərindən öyrənərək, «Abdallıq nəzəriyyəsi» və onun əsasında yaranmış Səfəvilərin ideya məsləki olan «Səfəviyyə» sufilik təriqətinin geniş təbliğinə başlamış, çox qısa zamanda yüksək ad-san qazanmışdır. Bütün İslam aləmində, hətta üç ənənəvi səmavi dinin müqəddəs məkanı olan tarixi Fələstin ərazisində, Qüdsdə - müsəlmanların 2-ci məscidi sayılan “Əl-Əqsa”da böyük sufi mürşidi, övliya, pirani ustad kimi tanınmışdı. Təsadüfi deyildir ki, şeirlərinin birində özü belə deyirdi: “Günbəz əl-Cizrədə, Məscid-Əqsada, Onlar da tanıyır dür usta məni”. Hüseynin ulu babası Yaqubla Ş.İ.Xətainin ulu babası Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. İsmayılın hələ uşaq olarkən düşmənləri tərəfindən təqib edildiyi illərdə, məhz Göyçədə ən çox etibar etdiyi Miskin Abdal və onun atası Məhəmməd Cəfər oğlu tərəfindən Göyçə gölündəki Ağdamar adasında yerləşən eyni adlı qalada təqiblərdən gizlədilərək mühafizə edilməsi, ilk tərbiyəsini də Miskin Abdaldan alması barədə qaynaqlar mövcuddur. Ona görə də bu münasibətlər qardaşlıq-ailə münasibətləri qədər səmimi, yaxın və etibarlı olmuşdur.
1500-ci ildə Şeyx Heydər oğlu İsmayıl «Qızılbaşlar hərəkatı» çərçivəsində Şimali Azərbaycana yürüşlər edərkən, Göyçəyə gəlib, Zərgərli (Sarıyaqub) kəndində mürşidi olmuş, bu yerlərdə ən böyük dayağı olan lələsi Seyid Hüseyni – Miskin Abdalı ziyarət etmişdi. 1501-ci ilin sentyabr ayının 24-də Təbrizdə Şeyx Heydər oğlu İsmayıl şahlıq şərbətini, məhz Seyid Hüseynin – Miskin Abdalın əlindən alıb, içmiş, onun xeyir-duası ilə qırmızı geyinib, şahlıq taxtında əyləşmişdi.
Miskin Abdal sarayda yüksək dövlət vəzifələrində, bəzi mənbələrə əsasən, həmçinin Səfəvilərdə Şahdan sonra 3-cü vəzifə sayılan vəzir vəzifəsində çalışmışdır. Bir müddət sarayda şairlər birliyinə də başçılıq etmişdir. Daha sonra diplomatik missiya ilə əlaqədar xaricə (Bağdada, Şama, o cümlədən Osmanlı Türkiyəsinə və s.) ardıcıl səfərlər etmişdir. Bir neçə dəfə Osmanlı sultanı Sultan Səlimlə görüşmüş, onu mənasız qardaş qırğınlarından çəkinməyə çağırmışdır. 1514-cü ildə Çaldıran döyüşündə sərkərdə kimi iştirak etmişdir.
1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdal ilə bağlı fərman imzalayaraq, onun Allah tərəfindən verilmiş böyük hikmət, fəzilət, kəramət (möcüzələr göstərmək qabiliyyəti və sair) sahibi olmasını, böyük sufi mürşidi, övliya olduğunu Səfəvilər dövləti adından təsdiq etmişdir. Fərmanda deyilirdi: "Ey mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona inanın, nə mətləbiniz varsa, ondan diləyin!"
1524-cü ilə qədər Təbrizdə sarayda müxtəlif yüksək dövlət vəzifələrində çalışmış Miskin Abdal Şah İsmayılın vaxtsız vəfatından bərk sarsılır və saraydan birdəfəlik üz döndərib, doğma Göyçəsinə qayıdır. Burada məktəb açıb, maarifçilik işləri ilə məşğul olur. 1535-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində 105 yaşında vəfat edir və doğma kəndində dəfn olunur.
Miskin Abdal təkcə siyasi və diplomatik fəaliyyəti ilə kifayətlənməyib, Azərbaycan ədəbiyyatına çox dəyərli töhfələr verməklə, onu zənginləşdirmişdir. O, misilsiz bədii dəyərə malik gəraylı, qoşma, təcnis, divani, bayatı və deyişmələrin müəllifidir. "Aslan şah və İbrahim", "Yetim Hüseyn" dastanlarının yaradıcısıdır. Yaratdığı aşıq havaları Azərbaycan musiqisinə, aşıq yaradıcılığına misilsiz bəstəkarlıq töhfələri olmaqla, aşıq yaradıcılığını, musiqisini zirvələrə qaldırmışdır. Hələ sağlığında və vəfatından sonra aşıqlar tərəfindən onun həyat və fəaliyyətindən bəhs edən "Miskin Abdal və Sənubər" və "Miskin Abdal və Şah İsmayıl" dastanları yaradılmışdır.
Onun ilk həyat yoldaşı Təbrizli Mahmudun qızı Sənubər olmuş, bu evlilikdən cəmi bir neçə ay sonra Sənubər xanım vəfat etdiyindən, o 50 yaşınadək evlənməmiş, yalnız 50 yaşında İrəvandan tacir qızı Həlimə xanım adlı qadınla ailə qurmuşdur. Həlimədən 4 övladı dünyaya gəlmişdir. Oğlanlarının adı Şadman, Əli və Həsən, qızının adı Məleykə olmuşdur.
Zənnimcə, Miskin Abdal haqqında bu qədər kifayətdir. Qayıdaq söhbətimizin məğzinə. Mənə maraqlıdır: Həqiqətən, Miskin Abdal Xaçmazda olubmu? Onun uşaqları “Dağıstan dağlarında” (Qafqaz dağlarında) haradan gəlib, haraya gedirlərmiş? Hadisə harada, hansı şəraitdə və necə baş verib? Hörmətli oxucum, zənn edirəm ki, bunlar sizə də maraqlıdır.
Bir həvəskar araşdırması etmək istədim. İlk işim qədim Xaçmaz kəndinə gedib yaşlı insanlarla görüşmək oldu. Görüşdə AYB-nin Oğuz bölməsinin (Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edir) sədri Vüsal Oğuz də iştirak edirdi. Təəssüf ki, kənddə yaşlı adamların sıraları çox seyrəlib, “yeni yaşlananlar” isə ümumi sözlərdən başqa bir şey demədilər. Vüsal müəllimdən onu öyrəndim ki, vaxtı ilə Xaçmaz kəndinin şimalında, Qalaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyində Abdallı adlı kiçik kənd olub, orada çox qədim qəbirlər var. Kəndin sakinləri də burada insanların məskunlaşmasının qədim tarixə malik olduğunu bildirdilər. Onu da qeyd edim ki, Abdallı kəndi dağ keçidlərindən birinin (Xaçmaz keçidinin) qarşısında yerləşir.
Araşdırmalarımdan belə məlum oldu ki, Abdallı toponiminin mənşəyi və mənası haqqında elmi ədəbiyyatda müxtəlif mülahizələr irəli sürülüb. Sözün mənşəyi və mənası haqqında bir mülahizənin tərəfdarları toponimi qədim türk mənşəli abdal tayfasının adı ilə bağlayırlar. Abdallı sözünü "abdal tayfasına məxsus yaşayış məntəqəsi" kimi izah edirlər. Bir sıra tədqiqatçılar bu sözü Yaxın və Orta Şərqdə Abdal adı ilə məlum olan sufi-dərviş icması ilə əlaqələndirirlər. Digər bir mülahizənin tərəfdarları isə toponimi məşhur Miskin Abdalın adı ilə bağlayır, köç yeri olduğunu, sonradan kəndə dönüşdüyünü söyləyirlər. “Abdallı” toponimi barədə bir sıra başqa fikirlərin olduğunu da qeyd etməklə kifayətlənir və bu söhbəti də çox uzatmaq istəmirəm.
Böyük danışmaq kimi olmasın, araşdırmalarımı davam etdirdim. Mənbələrdən öyrənə bildim ki, Miskin Abdal sufi müridlərinin hazırlanması və Səfəvilərin şimal sərhədlərindən gözlənilən təhlükələrin qarşısının alınması üçün bir müddət Şirvanda və Dağıstanın indiki Axtı (Doqquzpara) rayonu ərazisində fəaliyyət göstərib. (Mənbə: https://goyce.az/news.php?id=1807).
Paytaxtı Axtı olan bu rayonun hazırda Azərbaycanla 62 km. sərhədi vardır. Böyük Qafqaz sıra dağlarından Axtı regionunun ərazisinə əsrlər boyu bir neçə dağ keçidi olub. Deyilənə görə, keçmişdə, o cümlədən sovet dövründə də bu keçidlərlə ora gediş-gəliş çox olarmış. Şəxsən mən həmin keçidlərdən istifadə edənlərdən bir çoxunu şəxsən tanıyırdım. Yuxarıda qeyd etdiyimiz kimi, belə keçidlərdən biri də Abdallıdan başlayan Xaçmaz keçididir. (qədim Alban keçidi)
Miskin Abdal Axtıda (Doqquzpara) Dağıstanın ləzgilər yaşayan, ərazisində yeganə şiə məzhəbində olan, oranın ən böyük yaşayış məntəqəsi Miskinçi kəndində yaşamış, çoxsaylı möcüzələr göstərmişdir. Kənd əhalisi Miskin Abdal sayəsində Sufizmin Səfəviyyə təriqətinə (mənbələrdə, həmçinin şiəliyə) keçmişlər. (Mənbə: http: //www.anl.az/down/meqale/kredo/2019/aprel/643489(meqale).pdf)
“Miskin Abdal-Səfəvilərin böyük ideoloqu, sufi şeyxi” kitabında göstərilir ki, “Müəyyən səbəblər üzündən Miskin Abdal, 1503-cü ildə diplomatik missiyasını başa vurub, geri qayıdarkən Dağıstan (Qafqaz) dağlarında ailəsi ilə birlikdə güclü borana düşür. Boranda özü, arvadı Həlimə, böyük oğlu Şadman, qızı Məleykə xilas olsalar da, kiçik yaşlı oğlanları Həsən və Əli bu köçün qurbanı olurlar. Bu barədə o, “Dağlar”rədifli qoşma və bayatısında həmin bədbəxt hadisəni də qələmə almışdır:
Nəhs illərdən satın aldın nəhs günü,
Çağırıb dumanı, tökdün çiskini,
Gözü yaşlı qoydun Cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.
Bu dağlar zülüm dağlar,
Kəsilib yolum dağlar,
Hanı o bir cüt balam:
Həsənim, Əlim, dağlar?!
Bir başqa mənbədə göstərilir ki, hadisə həmin ildə Miskin Abdal valideynlərinin - anası Növrəstə ilə atası Məhəmməd kişinin ölüm xəbərini eşidərək Şahın icazəsi ilə Dağıstanın Miskincə kəndindən Zərgərli kəndinə, yəni Sarıyaquba geri qayıdarkən baş verib.
Deməli, mərhum Telman müəllimin babasının dedikləri düz imiş. Mənbələrdə uşaqların olüm səbəbi olaraq tufan-boran, donvurma və qayadan yıxılmaq qeyd olunur. Filologiya elmləri namizədi H.İsmayılovun 2001-ci ildə “Səda” nəşriyyatında çap olunmuş “Miskin Abdal” kitabına ön sözdə yazdığına görə, donvurmadan həlak olan uşaqlar (Həsən və Əli) həmin yerdə də dəfn olunmuşlar.
Tədiqatlarda o da qeyd olunur ki, Xaçmaz kəndində Miskin Abdalın tərəfdarlarının qəbrləri indi də durur. Professor M.Allahmanlının “Kredo” qəzetinin 04 aprel 2019-cu il tarixli sayında dərc olunmuş “Səfəvilərin böyük ideoloqu Miskin Abdal” adlı məqaləsində oxuyuruq: “Miskin Abdalın Oğuz rayonunun Xaçmaz kəndində bir müddət olması, 20-yə qədər tərəfdaşlarının qəbirlərinin də orada olmasını irəli sürənlər var”. Bu fikir şair, publisist, folklorşünas, pedaqoq və jurnalist T.Hüseynzadənin 2005-ci (təkrar 2018-ci) ildə çap olunmuş “Miskin Abdal – Qeyri Ərəni, Təsəvvüf Piri” adlı əsərində və digər mənbələrdə də təkrarlanır.
Şübhəsiz ki, Miskin Abdal kimi yüksək nüfuz sahibi səfərlərə, o cümlədən irşad fəaliyyəti göstərməyə 3-5 nəfərlə yox, xeyli tərəfdarları ilə gedirdi. Bunların arasında onun öz soyundan olanlar da az deyilmiş. Məsələn, Sarı Abdal kimiləri. (Mənbə: https://kulis.az/xeber/edebi-tenqid/-1513)
Bizcə, Miskin Abdal Dağıstana Xaçmaz (qədim Alban) keçidindən getmişdir. Tarixi Xaçmaz keçidi bu kəndin şimalından - Abdallıdan başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Bu aşırımlar Dağıstanla sərhəddə, Baş Qafqaz silsiləsində, dəniz səviyyəsindən çox yüksəkdədir.
Yəqin ki, keçid çətin və təhlükəli olduğuna (Miskin Abdal özü bu barədə şeirlərinin birində belə söyləyirdi: “Bu dağlar zülüm dağlar”) görə, onun tərəfdarlarının içərisində olan çox yaşlı qocalar, xəstələr, uşaq və qadınlar yuxarıda adını çəkdiyimiz indiki Abdallı kəndinin ərazisində qalaraq, həmin yerdə köç salmışlar. Onlar burada - Xaçmaz kəndi ilə yanaşı, digər kəndlərdə öz irşad fəaliyyətlərini davam etdirmişlər. Sonralar həm özləri, həm də yerli camaat bu yeri Miskin Abdalın şərəfinə Abdallı adlandırmışlar.
Güman ki, yuxarıda qeyd etdiyimiz səbəbdən Zərgərli kəndinə, yəni Sarıyaquba yenə həmin keçiddən geri qayıdarkən Fiy və ya Malqamud yüksəklilərinin birində (bizcə, Malqamudda) məlum faciə baş vermişdir. Çətinliklə Abdallıya – köç yerinə gəlib çatan Miskin Abdal burdakı tərəfdaşlarının bir qismi ilə tələsik valideynlərinin yasına - öz kəndinə yola düşür. Tərəfdarlarının bir hissəsi isə burda – Abdallıda qalıb daimi olaraq məskunlaşır və yerli əhali ilə qaynayıb qarışırlar.
Tədqiqatçılların Səfəvillərin böyük ideoloqu Miskin Abdalın bir müddət Xaçmazda yaşaması, onun soyundan olanların və tərəfdaşlarının 20 nəfərə qədərinin qəbirlərinin hələ də həmin kənddə qalması barədəki fikirləri, burdakı Abdallı toponiminin onun adı ilə bağlı olması barədə dolaşan rəvayətlər və həmin kəndin dağ keçidlərindən birinin qarşısında yerləşməsi, Miskin Absalın 2 oğlunun dağlarda həlak olması və kərəmətləri haqqında yaşlı insanların söylədikləri, nəhayət, buradan Dağıstana – Axtıya (Doqquzparaya) ən yaxın keçidin Abdallıdan başlayan Xaçmaz keçidi (qədim Alban keçidi) olması da bu ehtimallara haqq qazandıra bilər.
Əlbəttə, bunlar bizim şəxsi fikir, düşüncə və qənaətlərimizdir. Məsələnin daha ciddi və dərindən araşdırılmasına ehtiyac vardır.
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ –16.Mütaliə səmərəliliyi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
16.
MÜTALİƏ SƏMƏRƏLİLİYİ
Bəs mütaliənin səmərəliliyini təmin etmək üçün hansı qaydalara riayət etmək lazımdır?
-mütaliənin səmərəli olması üçün oxucunun əsər haqqında qeydlər aparması məqbuldur.
-bəzi əsəri təkrar mütaliə etmək lazımdır. Təkrar mütaliə biliyi zənginləşdirir. “Nizamini, Füzulini mən artıq oxumuşam” demək yanlışlıqdır. Böyük, dahi sənətkarları nə qədər çox oxusan, bir o qədər çox bilik qazanarsan.
-təkrar mütaliə həm də estetik zövqü inkişaf etdirir. Böyük sənət əsərlərinin təkrar mütaliəsi onların tam anlaşılması, hərtərəfli izah edilməsi üçün lazımdır. Dahi yazıçı Lev Tolstoy Çexov haqqında yazırdı: “O, elə nadir yazıçılardan biridir ki, əsərlərini dəfələrlə təkrar oxumaq olar. Mən bunu öz təcrübəmdən bilirəm”.
-musiqiyə necə ki, təkrar-təkrar dönürsən, bir kitaba da eləcə dönməlisən. Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Nüsrət Kəsəmənlinin “Gümüş yuxular”, Vahid Əzizin “Əllərimin kölgəsi”, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” kitablarını oxucuların ayrı-ayrı halda hətta 15-20 dəfə oxumaları faktları vardır.
Növbəti: 17.Mütaliənin mahiyyəti
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)
Azərbaycanla bağlı olmayan Azərbaycanın Xalq Artisti
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın xalq artisti Tofiq Şahverdiyiev əslən azərbaycanlıdır əlbəttə,12 sentyabr 1938-ci ildə Bakı şəhərində anadan olub. Lakin Rusiyada -Taqanroqda böyüyüb. Bu sarıdan onu bəzən rus sənətçisi kimi də qələmə verirlər.
Müharibə illəri ailələri üçün iztirab gətirib. Atası İkinci Dünya müharibəsi zamanı həlak olub. Kiçik yaşlarında Tofiq yetim qalıb.
Məktəbi bitirdikdən sonra ali təhsilini də Taqanroqda alıb.
1960-cı ildə o, Taqanroq Radio Energetika İnstitutunu bitirib. Daha sonra Riqa və Minsk zavodlarında mühəndis işləyib.
Amma sənətə, daha çox kinoya sevgi özünü göstəribdir, o, öncə - 1964-cü ildə səs texnik kimi Riga kinostudiyasında işləməyə başlayıbdır.
Onun yaradıcılıq dövrü də bundan sonra – səksəninci illərdə başlayıbdır.
1995-ci ildə Şahverdiyev "The Crusader" filmində Cameo rolu ilə ortaya çıxıb. İlk sınaq uğurlu olub. Rusiya Rejissorlar Gildiyasına üzv qəbul edilib, 1990-cı ildə Rusiya Rəssamlar İttifaqının Rəssamlar və Fotoqrafları bölümünün də üzvü olub.
Bəli, energetikin, necə ki aktyorluq hobbisi lub, eləcə də fotoqrafiya hobbilis olub. Həyatını isə məhz hobbilərinə bağlayıbdır.
Hal-hazırda o, Moskvada yaşayır, 87 yaşı var və 1992-ci ildən fəliyyətdə olan "Studio TS"da işləyir. O, həmçinin ssenarist və fotoqrafdır. Rusiya Federasiyasının əməkdar artistidir.
27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülübdür. Düzdür, Azərbaycan mədəniyyəti üçün demək olar, heç nə etməyibdir, amma bu adı fəxri titul kimi veriblər ona.
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)
İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq
Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə layihəsi olaraq həyata keçirilən “Üzeyir Hacıbəyli Mükafatı” musiqi və incəsənət məktəbləri, mərkəzlərinin pedaqoji fəaliyyətində xüsusi nailiyyətlər göstərmiş müəllimlərə təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq. Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq və iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə təqdim edilən sənədlərin ekspertizası həyata keçiriləcək, ikinci mərhələdə isə namizədlər ixtisasları üzrə açıq dərs təqdim edəcəklər.
Namizədlərin fəaliyyətinin qiymətləndirilməsi Ekspert Komissiyası tərəfindən aparılacaq, mübahisəli məsələlərə isə Apellyasiya komissiyası baxacaq. Nəticələrə əsasən, ən yüksək bal toplamış 25 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görüləcək.
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)
Türk Mədəniyyəti və İrsi Fondu ilə “İRS Nəşriyyat Evi” arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşlıq yönümlü tədbirləri davam edir və fondun prezidenti Aktotı Raimkulova bu yöndə “İRS Nəşriyyat Evi” -nin direktoru Musa Mərcanlı ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına fonddan verilən məlumata görə, görüş çərçivəsində Türk dünyasının zəngin mədəni irsinin və çoxəsrlik tarixinin təbliği, təşviqi və araşdırılmasına yeni üfüqlər açacaq Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədin əsas məqsədi ortaq nəşrlərin hazırlanması, təqdimatlar, seminarlar, sərgilər və digər mədəni tədbirlərin təşkili istiqamətində tərəflər arasında sıx əməkdaşlığın qurulmasıdır.
Fondun prezidenti Aktotı Raimkulova “İRS Nəşriyyat Evi”-nin türk xalqlarının zəngin mədəni və ədəbi irsinin dünyada tanıdılması istiqamətində göstərdiyi təşəbbüsləri yüksək dəyərləndirib. O, Fond ilə Nəşriyyat evi arasında imzalanan Memorandumun gələcəkdə yeni ortaq layihələrin həyata keçirilməsinə geniş imkanlar açacağını qeyd edərək, belə əməkdaşlıqların Türk dünyasının mədəni birliyinə və beynəlxalq nüfuzuna əvəzsiz töhfə verəcəyini vurğulayıb.
Bu əməkdaşlıq ümumtürk dəyərlərinin qorunması, tanıdılması və gələcək nəsillərə əmanət kimi ötürülməsi yolunda mənəvi körpü olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)
GAP Antologiyasında Vida Heşmətinin “Qadın” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Vida Heşmətidir.
Vida Heşməti
Təbriz
QADIN
Dünyanın yaraşığı qadındırsa
Hələ qadınların yaraşığı deyil dünya!
Mikrofonların əngində
Saqqız olub qadın.
Sekolaritəsinə
İpəkdən don geydirsələr də,
Demokrasiyasına bal qatsalar,
Göbək ciyəsi
Aşxanaya atılmış
Canı düşlərindən çıxmalıdır.
Ancaq
Hələ də onu qiymətləndirən
Erkək yasaların yazılmamış
Səhnə arxasıdır.
Yoxsa vitrinlər
Boş bəhanədi...
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)
Salamməlik perronundan keçən sonuncu qatar
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Tanrı gözəl duyğuları yaşamağı ürəkdən hiss edən bütün insanlara xoşbəxtliyi ovuc içlərində nəsib edir. Budur, min bir həvəslə, istəklə, sevinclə, əziyyətlə addım-addım Ordubadın Kotam kəndindəki Zəngəzura açılan perronu Salamməlikdəyəm. Bu tarixi binada, bu möhtəşəm perronda duyğuları izhar etmək çox çətindir.
Sonuncu qatarın sanki fitini eşidir, uşaq təbəssümü yaranır çöhrəmdə. İllərə yollara, sərnişinlərinə, ona əzəli və əbədi sadiq olan Araza bu qoca və yaşlı bina qürurla dirayət göstərir, bir an belə yıxılmaq, dağılmaq, yox olmaq istəmir. Axı necə yox olsun o canlı tarix. Zamanın sınaqlarından güllə yaraları ilə üzüağ çıxan bir tarix ölərmi? Xeyr, o ölməyib, qarşımızdadır. Bizi əvvəlki kimi salamlayır, sevinir və təbəssüm edir. Qəlbim dağa dönür bu perronda. Sanki hiss edirəm, Zəngəzura gedəcək ilk qatarın sərnişiniyəm.
Perrondakı qoca tut ağacı da illərin sərt rüzgarına boy verib öz sərnişinlərinin yolunu gözləyir. Axı o ağac kölgəsinə sığınan həsrətli sakinlərini öz sərinliyinə qonaq etməyin, dadlı və şirin meyvəsindən dadmağın intizarını çəkir. Axı o şən-şaqraq uşaq səslərinə, deyib-gülən sərnişinlərin baxışına həsrət qalıb. Həsrət qalıb cavanların itələşə-itələşə, dartına-dartına stansiyada qatarın açılan qapılarına basabasla daxil olmasına. Həsrət qalıb alverçilərin vurhavuruna, tuthatutuna, qaçhaqaçına. Həsrət qalıb qonaq yolu gözləyənlərin göynəyən gözlərinə. Həsrət qalıb əsgər yolu gözləyən anaların ağ örpəyinə. Həsrət qalıb nişanlı qızların ürkək baxışlarına. Həsrət qalıb həsrətin özünə. Həsrət də belə ağır gələrmiş həsrətin tərəzisində?!
İtkilər çox ağır olur. İnsanoğlu heç zaman itkilərlə barışa bilmir. Yaxınlarımızı itirdiyimizdə barışa bilmədiyimiz kimi. Bəlkə də, Elxan Məmmədov da Culfa Lokomotiv Deposunda maşinist köməkçisi kimi sonuncu qatarı geri döndərdiyi gün ilə razılaşa bilməyib. 1992-ci ilin aprel ayında maşinist Tahir Abuzərovla son qatarı hərəkət etdirib bu stansiyada 8 saat gözlədikdən sonra geri dönüş edən bu adamlar axı necə razılaşa bilərlər bu tarixi ədalətsiz günlə. Bəlkə, onlar da mütləq ümidlidirlər ki, yol qısa zamanda açılacaq və onlar yeni qatarla gözü yol çəkən sərnişinlərini Zəngəzur mahalından keçərək paytaxt Bakıya aparacaqlar.
Vaxtilə çoxlu sayda dəmir yolu heyətinin çalışdığı bu stansiya indi öz qatarlarını və sərnişinlərini ümidlə gözləməyə davam edir. Perronda tüğyan qoparan sərt rüzgar da öz hiddətini boğa bilməyərək acığını Arazdan çıxır, onun bol-bərəkətli suyunu lal qayalıqlara çırpır.
Dünyanın hər yerində uğurla qarşılanıb əl sallanaraq yola salınan qatarları bizim iblis qonşularımız zaman-zaman güllə-baran edib yolunu kəsərək yağmalayıblar. İnsanların bir-birinə gül uzatdığı, təbəssüm etdiyi illərdə onlar bu tolerantlığa qarşı çıxaraq içlərindəki kini qusublar. Dünyada sülhün, sevginin, dostluğun simvoluna çevrilən, ölkələr arasındakı sərhədlərdə körpü rolu oynayan dəmir yollarını və perronları yararsız hala salaraq öz simalarını ortaya qoyublar.
Ümumiyyətlə, Sədərəkdən Ordubada qədər olan dəmir yolunun uzunluğu 188 kilometrdir. 1941-ci ildə istifadəyə verilən Salamməlik stansiyasından Zəngəzur mahalının Ağbənd stansiyasına qədər olan məsafə 54 kilometrdir. İki stansiya arasında isə Zərəni, Kərçivan, Mehri, Astazur, Nüvədi stansiyaları yerləşir. Cəmi 54 kilometrlik məsafədə öz içinə qapanıb barbarlıqla hökm edən bu nasist erməni milləti sanki bizim bəxtimizə yazılmış qara yazıdır. Amma unudublar ki, yazıya mütləq pozu var. Onlar hələ Arazın nəriltisini, gurultusunu və şaqqıltısını yaxşı eşitməyiblər. Hələ qaranlıq gecənin mütləq doğan Günəşini görməyiblər. Bu günəşli günlər çox yaxındır. Əlimizi atıb tuta biləcək qədər yaxındır. Əlbət bir gün...
Dəmir relslər üzərində üzü Zəngəzur istiqamətində tunel körpülərə tərəf hərəkət edirəm. İlahi! Gəncliyimdən arzularımda yarım qalan o möhtəşəm tunel körpüyə yaxınlaşıram. Hər sütunu bir qaya, hər qarışı tarix qoxur bu yerlərin. İçimdən bir dəli hıçqırıq keçir. Bilmirəm, sevincdəndir, ya kədərdən köksüm yarılır, Tanrım. Birdən boğazımdakı qəhər od püskürür. Duyğularımı gizlətmək istəməzcəsinə hönkürtüylə ağlayıram. İlahi, insanı insana qovuşduran bu tunel körpülər necə həsrət çəkib, fəryad edir. İnsan kimi əşyalar da cansızlaşıb, həsrət çəkir, sakinliyində dincəlib, səssizliyində sükuta dönüb heykəl olur. Əlim toxunduqca sanki bu beton pillələrin yumşaldığını, bir anda mənimlə bərabər nəfəs alıb-verdiyini hiss edirəm. İlahi, bu doğmalıq 32 ildə heç zərrə qədər də azalmayıb. Əksinə, daha da böyüyüb, alovlanıb, şölələnibdi...
Qatar bu dünyanın cənnətidir mənə görə. Qatarı stansiyada görərkən həyəcan qarışıq xoş hisslərdən tutmuş vaqonun dəmir pillələrinə ayaqlarımı basana qədər keçirdiyim hisslər mənə o qədər məhrəmdir ki, bölüşsəm, xatirəsi itər, bəlkə də. Atam deyir, ən son 6 yaşın olarkən bu qatarla Bakıdan Naxçıvana gəlmişik. Bəlkə də, bu gün o anı hiss edirəm deyə sığınıram bu tunel körpülərə. İllərdir, içimdə yığışıb qalmış ləzzəti yaşamaq üçün o səhnəni zehnimdə təkrar-təkrar canlandırıram. Vaqonun hər pilləsinə qalxdıqca sanki hansısa hündürlüyü fəth edir, dönüb son dəfə perrona baxanda vidalaşdığım o həzin günlərin kədəri içimə dolur. Qatar kupeləri mənə görə, doğmaları, yadları yırğalaya-yırğala uzaqlara aparan bir otaq, bir beşikdi. İllər sonra bu tunelə girdiyimizdə kupenin pəncərəsindən əl salladığımı xatırlayır və düşünürəm ki, bu mənim özünə stansiyadan baxan sərnişin kimi özünü yola salmaq istəyim idi. Uzaqlaşan qatarlar sanki mənim üçün uzaqlaşan adamlar idi. Bunları düşünə-düşünə otuz səkkiz yaşımda hələ də altıyaşlı uşağa çevrilməyimə sevinirəm. Çünki hər birimiz uşaqlaşdıqca məsumlaşır, məsumlaşdıqca dünyamızı gözəlləşdiririk.
Deyirlər, Zəngəzur yolu açılanda bütün qatarları ləğv edəcəklər, tək axırıncı qatardan başqa. O qatarı, yəqin ki, vağzalda muzey kimi saxlayacaqlar. Mən də qocalıb əldən düşənə qədər vəfalı sərnişin kimi darıxanda bilet alıb o qatardakı vaqonların birində əyləşəcəyəm. Pəncərədən çölə baxaraq bədənimi yırğalaya-yırğalaya xəyalən yola düşəcəyəm. Sonra yenə gözlərimi yumub Culfa Lokomotiv Deposunun maşinistləri olan Elxan Məmmədov və Tahir Abuzərovun qışqıra-qışqıra “tələsin, tez olun, gecikirik” çağırışlarının sədası altında ürəyimdə təkrar-təkrar əyləşdiyim qatara pıçıldayacağam: “Bağışla, mən bilmədim, sən Salamməlik perronundan keçən sonuncu qatarsan!”
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)
Daim axtarışda olan Kamran Həsənli
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, heç nədən şou yaratmağı, gəlir əldə etməyi gözəl bacarır. Məsələn, space telekanalında guya iki toy müğənnisini yarışdırıb qalibi müəyyən etmək istəyir. Qalib isə sənətkarlığına görə deyil, dost-tanışdan, qohum-əqrəbadan və varsa da əgər, pərəstişkarlarından daha çox sms toplayan olacaq. Və əlbəttə ki, sms də pul ilədir. Bəzən burada qalib gəlmək amacında olan müğənnilər bank krediti götürüb on-on beş min manat ətraflarına paylayırlar ki, on asəs versinlər.
Bax, Kamran Həsənli belə Kamran Həsənlidir.
Aktyor, şoumen Kamran Həsənli 11 sentyabr, 1963-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb. Şoumenlik, teleaparıcılıq, sonra da siyasət!
6 mart 2023-cü il tarixində Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub. Partiya buraxılanadək bu postu tutub.
2000-ci ildən etibarən televiziya aparıcısı kimi Musiqili meydan, Sizin saat kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub. Toylar kralı‚ Bağlama, Şənbə Kamran Həsənli ilə, Günəbaxan, Bazar səhəri verlişlərində aparıcı kimi tamaşaçıların görüşünə gəlib. Eyni zamanda ANS TV-də Axşam-Axşam verlişinin aparıcısı olub..
Filmoqrafiya
1. Qış nağılı 1
2. Qış nağılı 2
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)
“YAŞAT” Fondu beşinci “Məktəbli ləvazimatları” layihəsini reallaşdırıb
“YAŞAT” Fondunun təşkilatçılığı ilə beşinci dəfə “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılıb. Belə ki, yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan məktəbli övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.
“Ədəbiyyat və incəsənət” portalına YAŞAT-dan verilən məlumata görə, Respublikanın bütün ərazisi üzrə 900-dən çox şəhidin 1500-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Ümumilikdə məktəblilərin 800 nəfərə qədəri oğlan, 700 nəfərə qədəri isə qızdır.
Layihənin sponsorları bp, “NEQSOL Holding”, “Bakcell”, “Norm” ASC, “AzInTelecom” və Nar, dəstəkçilər isə Abşeron Logistika Mərkəzi, "Azərsun Holdinq"dir.
Uşaqlarımızın təhsil yolunu işıqlandırmaq və gələcəyə olan inamlarını möhkəmləndirmək bizim üçün sevinc və qürur mənbəyidir.
Qələbəni bizə yaşadanları YAŞAT!
“Ədəbiyyat və incəsənət”
(11.09.2025)