Super User

Super User

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi  “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirdə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, layihənin rəhbəri tarix elmləri doktoru Kamran İsmayılov, fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli,  Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov, filologiya üzrə fəlsəfə doktoru, Füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçisi Zəkulla Bayramlı, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin elmi işçisi Yaşar Bəhrəmov və başqaları iştirak edib.

Dəyirmi masada həyata keçirilən layihənin aktuallığı, “Zəngəzur dəhlizi” məsələsinin tarixi aspektləri, XIX əsrdə və XX əsrin əvvəllərində Zəngəzur qəzasında cərəyan edən proseslər, ermənilərin bu ərazilərə köçürülməsi,  Zəngəzur dəhlizinin Azərbaycan və Türk dünyası üçün strateji bir məsələ olması kimi mövzular müzakirə edilib. Bundan əlavə layihə çərçivəsində çap edilən özündə bir sıra dəyərli faktları və maraqlı məlumatları əks etdirən “Zəngəzur dəhlizi” məsələsi tarixi-siyasi kontekstdə” adlı kitabın ərsəyə gəlməsindən,  Azərbaycan və dünya ictimaiyyətinə təqdim edilməsi məsələsindən də danışılıb.

Sonda müəllif Kamran İsmayilov “Zəngəzur dəhlizi” məsələsi tarixi-siyasi kontekstdə” adlı kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edərək, tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

Çərşənbə axşamı, 29 İyul 2025 17:01

Balakəndə 5 ildə ASANlaşan 700 mindən çox müraciət

 

Balakən regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 29 iyul 2020-ci il tarixində açılıb. 17 avqust 2020-ci il tarixindən fəaliyyətə başlayan mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.

Fəaliyyət göstərdiyi müddət ərzində Balakən regional “ASAN xidmət” mərkəzinə 712 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe”, uşaqlar üçün əyləncə guşəsi də mövcuddur.

Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə 400-ə yaxın könüllü məzun olub.

Hazırda 28 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyon 79 mindən çox vətəndaşın 88 milyondan çox müraciəti daxil olub.

Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9 % təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mədəni irs obyektlərinin ICESCO-nun siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş ilk seminarının açılışından çıxış edib

 

28 İyul, 2025-ci il tarixində, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İslam Dünyası ELM, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıdakı regional ofisində mədəni irs obyektlərinin ICESCO-nun siyahılarına daxil edilməsi üçün nominasiya dosyelərinin hazırlanmasına həsr olunmuş ilk seminarının açılışında çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, fondun prezidenti tədbirin İslam, həmçinin Türk dünyasının zəngin mədəni irsinin qorunması və tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, seminarın məhsuldar müzakirələr və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına əminliyini ifadə edib.

Çıxışında Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun ICESCO ilə sıx əməkdaşlıq etdiyini və bu istiqamətdə birgə layihələrin, o cümlədən, Qırğızıstanda İssık-Kul gölü sahilində keçiriləcək “Ruh Sanat” beynəlxalq mədəni forumun həyata keçirildiyini qeyd edib. Fondun prezidenti Səmərqəndin İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması çərçivəsində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə məhsuldar görüşü və Fond ilə ICESCO arasında Anlaşma Memorandumunun imzalanması istiqamətində əldə olunan razılaşmalar barədə də məlumat verib.

Açılış mərasimində, həmçinin ICESCO-nun Bakı regional ofisinin direktoru Əbdülhəkim əs-Sənan, ICESCO-nun Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri Anar Kərimov, direktor müavini Məryəm Qafar-zadə və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sədrinin müavini Rüfət Mahmud çıxış edərək seminarın əhəmiyyətinə toxunub, iştirakçılara uğurlar arzulayıblar.

Seminar çərçivəsində təlim sessiyalarına da start verilib. Bu sessiyalarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan nümayəndə və ekspertlər iştirak edirlər. Sessiyalarda ICESCO-nun nominasiyalar siyahısına təqdim olunması üçün sənədlərin hazırlanması ilə bağlı nəzəri və praktik biliklər paylaşılır.

Qeyd etmək lazımdır ki, seminarda Türk Mədəniyyəti və İrsi Fondunun heyəti də iştirak edir. 

 

Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 29 İyul 2025 18:41

Keçib gedənlər - Orxan İsmayılov, HEKAYƏ

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Orxan İsmayılovun  hekayəsi təqdim edilir. 

 

 

Gənc ikən (indi də qocalmamışam) öz arzularımın və meyillərimin əsirinə çevrilmişdim. Bunlarısa şəhər həyatının vüsətində reallaşdırmaq daha asandır, nəinki kənddə. Etiraf edirəm ki, yay tətillərində kəndə gedəndə dözülməz dərəcədə darıxırdım. Əslində, kəndə sevinə-sevinə gedirdim, amma bir müddətdən sonra oranın yeknəsək həyatı məni yorur, cizgiləri gözlərimə boz və tutqun görünürdü. Kənd camaatı da - qonşularım, qohumlarım - nə isə xüsusi, inadcıl, adamayovuşmaz idilər; onlarla olan münasibətim qısa və quru dialoqlarla məhdudlaşırdı. Onlar (cod saqqallı, arıq üzlü kişilər) mənimlə təşnələşəndə qaşqabaqlı halda: "Bir işin qulpundan yapış", "Tez oyan" deyirdilər. Özümlə apardığım kitabların hamısını tezliklə oxuyub qurtarırdım. Mənim üçün orada artıq bircə məşğələ qalırdı: balıq tutmaq. Deyim ki, balıq tutmaq olduqca orijinal bir işdir. Səni sakitləşdirir də, əsəbiləşdirir də. Çəmənin kənarında boy verən qarağacın altında oturub həm qırmağına balıq düşməsini gözləyirsən, həm də ot-ələfin, gəncliyin, həyatla bağlı olan qorxularının rayihəsi ilə ciyərlərini doldurursan. Düşünürsən, düşünürsən, sakit-sakit düşünürsən. Bəzənsə qarmağına suyun üzüylə axıb-gedən şax-şəvəldən, zir-zibildən savayı heç nə düşmür və bu anlarda balıqçılığa olan münasibətində qərəz yaranır; bu qərəz elə həddə çatır ki, ümidsizlikdən tamam başını itirirsən.

Mən qəlbimi də tez-tez bəxş edirdim. Adətən qısaömürlü olan məhəbbət macəralarından əlahiddə zövq alırdım. Qızlara bəslədiyim münasibət isə kübar mühitdə qəbul olunmuş qaydalardan, zahiri utancaqlıq pərdəsinə bürünmüş əlamətlərdən uzaq idi; mən dəniz qamışı kimi tez alışır, adətən istəyimə tez çatır və tez də sönürdüm.

Lakin mən kənddə bir dəfə ciddi aşiq olmuşdum. Ürəyimi çalan həmin qızı toyda görmüşdüm. Bu əhvalat belə olmuşdu: birinci kursu bitirib yay tətilində kəndə qayıtmışdım. Qonşuluqda toy vardı, yollandım ora. Kürəyimi stulun söykənəcəyinə dayayıb yenicə oturmuşdum ki, birdən gözüm dikdaban tuflilərdə üzərinə xalça sərilmiş uzun pilləkənin pillələriylə gümrah addımlarla enən tünd qara saçlı, qonur gözlü, gülümsər çöhrəli, qədd-qamətli qıza sataşdı. Bu, qonşumun nəvəsi - Səbinə idi, uşaqkən birlikdə o qədər cırcırama tutmuşuq ki... Heyranlıq və utancaqlıq ifadə edən baxışlarla bir xeyli süzdüm onu, başımda saysız-hesabsız fikirlər cilvələndi.

Evə gələn kimi oturdum, üzümü tutub elə hey onun barəsində fikirləşdim. Onunla elə burada, bu kənddə uzun və xoşbəxt bir insan ömrü yaşaya bilərdim. Bir çox adamların yaşadığı kimi... Evimizdəki hər kəsi öz inadımla dalana dirədim. Dedim, ya universitetdən imtina edib əsgərliyə gedəcəyəm, ya da o qızı mənə alın. Bu düşüncə canıma-qanıma işlədi, beynimdə bunun üçün onlarla vadaredici səbəb kök saldı. İnadkar və usandırıcı təkidlərimə baxmayaraq, razılıq vermədilər. İki-üç gün ac qaldım. Qayıtdım Bakıya. Zəng vurdum evə ki, bəs, universitetin qabağındayam, qızgilə getməsəniz, ərizəmi yazıb çıxacağam. Məndən bir az vaxt istədilər, razılaşdım.

Aylar keçdi, dərs başlandı. Öz təbiətim və vərdişim etibarilə unutqan olmağım həsədimin bütün hüdudları aşmasına əngəl törədir və bunun nəticəsi olaraq mən zamanla qızı tamam unutdum.

Şəhərdəsə başqa bir qız mənə aşiq olmuşdu. Buna tam əmin idim. O, dolu bədənli, mehriban baxışlı bir qız idi, adı Zərintacdı, uzun hörüklərlə əhatələnmiş xoş cizgili sifəti vardı; hər məni görəndə qızarırdı, nə vaxt əlindən tutsam, əli əsirdi, baxışlarımız çarpazlaşanda gözlərini yerə dikirdi, bəzən isə nazlanaraq dodağımdan ona qarşı xoş sözlər qopmasını gözləyirdi. Mən isə özümdənrazı halda onun qulağına "Səni sevirəm" deyə pıçıldamışdım. İstəyirdim ki, o, mənə tez isinişsin, heç nədən çəkinməsin, mənim onu oxşayıb-sığalladığım kimi, o da sıxılıb-utanmadan mənə cavab versin. Ancaq o, utancaq idi, mənim çox da irəli getməyimə mane olurdu. Hiss edirdim ki, o, məndən yalnız pak, təmiz nəvazişlər, mehriban, amma şəhvətsiz oxşamalar istəyir, istəyir ki, bu yaxınlığın sonu izdivacla nəticələnsin, əvvəl ruhumuz, sonra da taleyimiz birləşsin. Hətta mənə elə gəlirdi ki, qız səbirsizliklə bizim toyumuzu gözləyir, mənim isti nəvazişlərimdən daha çox bu təhər şeyləri xəyal etməkdən zövq alır. Qız məni əməlli-başlı çıxılmaz vəziyyətə salmışdı. Bu, həqiqətən də, çıxılmaz vəziyyət idi və ola bilsin ki, məhz buna görə mən laqeydlik göstərərək bu məsələnin dərinliyinə getmədim. Mən öz ehtirasımı cilovlamaqdan yorulmuşdum, anlaşılmaz taqətsizlik əldən salmışdı məni. Elə hey dərindən köks ötürürdüm. Nəhayət, başa düşdüm ki, bu yorğunluğun, köks ötürmələrin səbəbi - mənim səbirsizliyimdir. Bundan sonra da istəyimə çatmaq üçün səbir təşnəsinə çevrilə bilməzdim, ona görə də, ən yaxşısı ondan qaçmaq, bacardıqca uzaqlaşmaq idi. Bunu isə ona yadlaşdığımı göstərə-göstərə, qəlbində özümə yer tuta bilmədiyimi anlada-anlada, axmaq davranışlarımla onun rəğbətini qazana bilmədiyimi sübut etməyə çalışa-çalışa etdim. Amma mən heç də uzun, hüznlü və tənha günlər keçirmədim, yeni münasibətlərə can atdım, yeni başlanğıclara həvəsləndim. Bəli, məni bu baxımdan tam mənasilə bəxti gətirən adam adlandırmaq olardı. Lakin bununla bərabər, mən, həmişə həyatımda nəyinsə çatmadığını hiss edirdim. Nədənsə elə zənn edirdim ki, təkəm, bir kimsəm yoxdur. Bilaixtiyar tez-tez düşünürdüm ki, yanımda mənə həyan olacaq, əzizləyəcək heç kəsim yoxdur. İstəyirdim ki, həyatımda elə bir adam olsun ki, onunla daha sadə və daha dostcasına əlaqələr quraq. Birlikdə olanda özünün, şəxsən özünün nə istədiyi, nəyin xəyalı ilə yaşadığı haqda müfəssəl sorğu-suala tutam onu. O isə hər şeyi açıqdan-açığa danışa, nəyisə etiraf etməyə çəkinməyə.

Mənimlə münasibət quran qızlar çox qısa müddətdə xarakterimin sabitsizliyinin nə demək olduğunu öyrənirdilər. İkicə həftəlik yox olanda və bundan sonrakı ilk görüşdə bizim söhbətimiz çox uğursuz olurdu. Qızlar açıq və kobudcasına mənim məsuliyyətsiz olduğumu deyir, bu münasibətin ömrünün uzun olacağına inanmadıqlarını bəyan edirdilər. Mən bununla razılaşmağa məcbur qalsam da, nə heyrətlənir, nə də kədərlənirdim. Əksinə, bir andaca onlar üçün yad və uzaq bir adama çevrilirdim. Çünki mən qızlarla adətim üzrə, sadəcə, öz başımı qarışdırmaq, əylənmək üçün söhbət edir, "sevgi-sevgi oynayırdım". Ayrıldığım qızlar isə məni unuda bilmirdi. Məndən hər nə qədər uzaq olurdularsa da, bir o qədər məni görmək arzusu ilə yanırdılar.

Amma bir gün elə bir şey oldu ki, bu, həyatımın bundan sonrakı dəqiqələrini zəhərləmək gücündəydi. Bu hadisə bir payız günü, günorta baş verdi.

Elmlər Akademiyasının qarşısındakı insan qaraltılarıyla dolu parkda veyil-veyil dolaşırdım. Hava həm sərin, eyni zamanda qar havası kimi təmiz idi. Günəş şəhərin qərb qurtaracağı üzərində dayanmışdı, yerdə uzun kölgələr sürünürdü. Oturacaqlarda oturan bir dəstə bekar adam ötüb keçənlərə göz qoymaqda idi. Bir də baxdım ki, incə, zərif boyunlu, qəşəng, qonur gözlü bir qız yumşaq addımlarla, quş kimi süzən yerişlə parkda gəzinir. Başladım quzu güdən canavar kimi ona göz qoymağa. Amma bir neçə addım atıb onu daha yaxından görəndə heyrətimdən çaşıb qaldım. O, mənim kənddə aşiq olduğum qız - Səbinə idi. Mən onu tamam yadımdan çıxarmışdım və bir də görəcəyimi (özü də şəhərdə) güman etmirdim. Geridə qalan illər ərzində heç dəyişməmişdi, hətta saçlarının daranışı da o vaxtkı kimi idi. O, nəhayət, boş skamya tapıb əyləşdi. Əyləşən kimi də başladı telefonuyla əlləşməyə. Ürəyimdə dedim: "Görəsən, o məni tanıyacaq? Əgər tanımasa, kim olduğumu mütləq ona deməliyəm. Hətta bir neçə il bundan qabaq ona bir andaca dəli kimi aşiq olduğumu da bildirməli, fürsət tapıb bunu ona deyə bilmədiyim üçün üzr də istəməliyəm". Bu fikir canıma-qanıma işlədi və onun nə dərəcədə uğurlu olacağını indi, məhz indi yoxlamaq istədim. Yeriyib düz Səbinənin yanında oturdum və oturan kimi də nəzərlərimi ona yeritdim. Onun parıltılı qara saçları səliqə ilə arxaya daranıb hamarlanmışdı (sonuncu dəfə görəndə də belə idi). Göyümtül sviteri sinəsini şux tuturdu. Sol biləyində zərif əl işi olan bilərzik, üzərində isə kiçicik, dairəvi saat vardı. Zərif barmaqlarının yüngül hərəkətiylə telefonda qurdalanır, gözünün ucuyla da mənə baxmırdı. Özümü itirdim, bilmədim nə edim, başladım əsnəməyə. O qədər əsnədim ki, lap ağzım aralı qaldı. Gördüm yox, onun diqqətini cəlb edə bilmirəm, bəm səslə yanıqlı-yanıqlı fit çaldım. Yenə bir nəticəsi olmadı. Bu dəfə başladım öskürməyə, boğazımdan ard-arda quru, xışıltılı öskürək qopdu. Bu da yetkin sifəti ehtiraslı və gözəl olan Səbinənin eyninə olmadı. Nəhayət, əzabverici utancaqlıqla "Deyəsən, tələbəsiniz?" - deyə soruşdum. Gözlərini telefondan ayırmadan həvəssizcəsinə "Aha" - dedi. Dilim açıldı. Dedim, mən də tələbəyəm. Səbinə dinmədi, iri, qara gözlərini yuxarı qaldırıb gülümsündü və təzədən başını aşağı saldı. Yox, o, məni tanımamışdı. Mən özümdə güc tapıb adımın Orxan olduğunu deyəndə də bu ad ona xüsusi gəlmədi və o, sükutunu pozmadı. Artıq başa düşdüm: o, ümumiyyətlə məni görməzdən gəlirdi! Birdən telefonunda nəsə oxudu və bu zaman onun gözlərinin parıltısı ən qiymətli ləl-cəvahirat parıltısını üstələdi, yanaqları çiçək kimi açıldı və o, cəld ayağa qalxdı. Titrəyən səsimlə "M-mən, bilirsiniz, h-hansı Orrxanam..." dedikdə isə arxasını mənə tərəf çevirib sözümü ağzımda qoydu. Tələsik və vüqarlı addımlarla üzü metroya yol tutdu. Damağıma bir siqaret qoyub tərəddüdsüz onu təqib etdim. O yeridikcə arxadan onun yaraşıqlı vücudunu seyr edirdim. Səki boyu irəliləyib metronun xəyalət kimi ucalan ön fasadının qarşısında dayandı. Burada oynaq gözlü, cılız, kəkilli, seyrək sarışın saqqalı uzunsov sifətinə bir az da eybəcərlik qatan bir oğlan onu qarşıladı. Hərarətlə qucaqlaşıb görüşdülər. Oğlan boz paltosunun döş cibindən rəngli kağız bükülüsü çıxarıb Səbinəyə uzatdı. Sevincindən çılğına dönən qız yerindən sıçrayaraq oğlanın əlləri arasına aldığı eybəcər sifətini öpüşlərə qərq etdi. Onlar bəxtiyar halda qol-qola girib yolun o biri tərəfinə keçdilər və burada nəyisə gözlədilər. İki-üç dəqiqədən sonra əl-ələ tutub gələn oğlanla qız onlara yanaşdı. Qızlar öpüşərək, oğlanlar isə əllə görüşdülər. Yeni gələn qızın cizgilərini tam görəndə məni elə bil ildırım vurdu. Yerimdə quruyub qaldım. O, bir vaxtlar məni sarsılmaz məhəbbətlə sevən qız - Zərintac idi. Onun əlindən tutan oğlanın görünüşü isə əsl gicbəsər görünüşü idi. O, uğultulu-cingiltili səsiylə "Tələsməliyik, yoxsa gecikəcəyik", dedi və bir neçə addım atıb yolun kənarında dayanmış taksiyə yaxınlaşdı. Başını sürücü tərəfdəki açıq pəncərədən içəri doğru uzadıb nəsə danışdı, yəqin gedəcəkləri yeri söylədi və qiyməti öyrəndi. Ardından əl işarəsiylə yoldaşlarını çağırdı. Özü qabaqda oturdu, Zərintac, Səbinə və kəkilli oğlan isə arxada əyləşdilər. Maşın tərpəndi.

Ah, nə böyük məyusluq! Bir anlıq sinəmdə kəskin ağrı duydum, sanki ürəyimə iynələr sancıldı. "Sən bir işə bax!" deyə mızıldandım. Sarsılmış, ruhdan düşmüş mən, labüd fəlakəti dəhşətlə gözləyən adamlarsayaq yerimdə vurnuxdum. Ya taleyin bu oyununa inana bilmədiyim, ya da pərt olduğum üçün bir anlığa qorxudulmuş küçük kimi inildədim. Üzümü çevirəndə gözlərim dayanacağın yanında qoyulmuş zibilqabına sataşdı. Nədənsə elə hiss etdim ki, zibilqabı ağzını geniş açıb mənə gülür, göz vurur, "zavallı" deyir. Özümü saxlaya bilmədim, yaxınlaşıb tutarlı bir təpik ilişdirdim ona. Baxmayaraq ki, ayağım ağrıdı, birdən-birə içimdəki qəzəb soyudu və sakitliklə əvəz olundu. Sanki zibilqabına vurduğum zərbə güclü bir sakitləşdirici kimi dərhal öz təsirini göstərdi. Damağımda yanıb qurtaran siqaretin kötüyünü yerə tullayıb, qranit pilləkənlərlə qalxdım, metroya girdim.

 

Aprel, 2025-ci il

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

Çərşənbə axşamı, 29 İyul 2025 18:10

Yaşamaq gözəldir, qardaşım!

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Elə biliridm ki, yaşda məndən kiçikdir. Sən demə, beş il, beş ay məndən qabaq dünyaya gəlib. Maşallah yaşından xeyli cavan görünür. Uzaqbaşı ona 50-55 yaş vermək olar. Onu çoxdan tanıyıram. Aramızda salam-əleyk var. Xoşbət adamdır, Allah ondan çox şeyləri əsirgəməyib. Anadangəlmə liderdir və öz cazibəsi sayəsində ətrafına onlarla insan toplaya bilir. Açıq qəlbli, inamlı və enerjilidir. O, kifayət qədər iddialıdır və qərar verəndə, ona nail olmaq əzmindədir. Həyəcanlanarsa edə biləcəyi işlərin heç bir həddi-hüdudu olmur və inanılmaz dərəcədə səxavətli, sadiq və şərəflidir. Yoldaşlıqda, dostluqda heç vaxt əlini cibinə salmaqdan çəkinmir, məmnuniyyətlə dostların hesabını verir. Hər hansı bir qərara gəldisə, onu fikrindən döndərmək mümkün deyil, çünki o, həmişə haqlı olduğuna əmindir. Özünə çox arxayındır, inamlı üslubu ilə tanınır. Mehriban davranışı ilə yanaşı, dostlar arasında məşhur olan bir xarakterə də malikdir- Qürurludur...

 

O, 1960-cı ilin iyul ayının 22-də Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-1982-ci illərdə Bakı 2 №-li tibb texnikumuna təhsil alıb. Təhsil arası- 1978-1980-ci illərdə Sevostopol şəhərində əsgəri xidmət keçib. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. 1985-ci ildə Şərur rayon Komsomol komitəsinin nəzdində yaradılmış "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilib. 1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınaraq, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir. 1990-cı ilin əvvəllərindən başlayan Sədərək döyüşlərinin fəal iştirakçısı olub. 1991-ci ildə Şərur rayon Sovetinə deputat seçilib. 1991-ci ildə Şərur rayon Uşaq-Gənclər Şahmat məktəbində direktor işləyib. 1997-ci ildə Sumqayıt şəhər "Cırtdan" uşaq kino-teatrının direktoru təyin olunub, eyni zamanda "Dünyanın səsi" qəzetində redaktor kimi fəaliyyətini davam etdirib. "Gəncliyin səsi" qəzetində məsul katib, "Dəlidağ" qəzetində baş redaktor vəzifələrini icra edib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədridir. 2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər "Şaman" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktoru olub. 2008-ci ilin əvvəllərindən bu günə qədər "Möhtəşəm Azərbaycan" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda "Azərikimya" Dövlət Şirkətinin mətbu orqanı olan "Azərbaycan kimyaçısı" qəzetinin baş redaktoru işləyib. Ölkə başçısının müvafiq Sərəncamı ilə "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə veriləndən sonra, fəaliyyətini "Azərikimya" İstehsalat Birliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir. 2014-cü ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb...

 

Sinəsini irəli tutaraq inamla yeriyir. Müsbət xüsusiyyətləri arasında ən əhəmiyyətli xüsusiyyəti-  saf niyyətli olmasıdır. Hər kəsə kömək etmək istəyir və hər an yardımçı olmağa hazırdır. Güclü, cəsarətli və qorxmazdır. Uğursuzluqdan və ya rədd edilməkdən qorxmur. Çünki onun üçün hər hansı bir problemi həll etmək, necə deyərlər, iki vur ikidir. Çətinliklərdən heç vaxt geri çəkilmir...

 

Müsahibələrinin birində deyir ki:- “Mən ədəbi yaradıcılığa təxminən 80-ci illərdə başlamışam və həmin vaxtlar şeirlərimi Rafiq Bayram imzası ilə yazırdım. İlk şeirim bu imza ilə 1983-cü ildə dərc olundu və 1988-1989-cu illərə qədər də məhz Bayram təxəllüsü ilə şeirlər yazdım. 1988-ci ildə, 28 yaşım olmağına baxmayaraq, yaxşı mənada risk elədim, şeirlərimi topladım və nəşriyyata üz tutdum. O vaxt bilirsiniz ki, kitabda, qəzetdə şeir və ya məqalə dərc etdirmək böyük bir inqilab sayılırdı və kimin ki, şeirləri dərc olunurdu, hamısı 30-40 yaşlarında idilər. Bir söz də deyim ki, əgər nəşriyyatda nə isə dərc elətdirmək istəyirdinsə, mütləq ona iki müsbət rəy verilməli idi. Mən bir il gözləməli oldum, 1989-cu ildə mənə müsbət cavab gəldi və məni nəşriyyata dəvət elədilər. Kitabımın adı "Bir yol başlamışam” oldu və kitab artıq çap olunmağa başladı. Nəşriyyatın baş redaktoru İslam Türkay zəng edib dedi ki, sənin soyadın ilə Tofiq Bayramın soyadı qulaqda eyni şəkildə qafiyələnir. Bəlkə başqa bir təxəllüs seçəsən özünə. Mən əslən Naxçıvanın Şərur rayonunun Şəhriyar kəndindən olduğum üçün hətta təklif də etdilər ki, təxəllüsün Şəhriyar olsun. Qeyd edim ki, kəndin adının Məhəmməd Hüseyn Şəhriyarın adı ilə əlaqəsi yoxdur. Lakin bu, mənim üçün çox əhəmiyyətli idi, çünki bundan sonra Allah qismət edərsə, bütün yaradıcılığım boyu eyni təxəllüs ilə yazılarım, şeirlərim dərc olunacaqdı. Buna görə də mən üç gün möhlət istədim və üç təxəllüs ilə nəşriyyata müraciət etdim. Onların içərisindən həm özümün, həm də ki, ölməz şairimiz Xəlil Rza Ulutürkün də bəyəndiyi Oday təxəllüsünü seçdim və mən bu təxəllüs ilə şeirlər yazmağa başladım. Onu da qeyd edim ki, Naxçıvan şəhəri üzrə 29 yaşında, dövlət xətti ilə şeirləri dərc olunan ilk şair mən olmuşam.  Çoxları məndən soruşur ki, sən Türkiyə türküsən bəyəm, Oday təxəllüsü ilə şeirlər yazırsan?! Lakin Oday təxəllüsünün əslində  dilimizdəki iki sadə sözdən- "Od” və "Ay” sözlərindən əmələ gəldiyini çoxu bilmir. Buradakı "Od” sözü odlar yurdu olan Azərbaycanı, "Ay” sözü isə bayrağımızdakı ayı təmsil edir...”

 

Bəli, bu dəfə sizə şair, publisist, yurnalist Rafiq Odaydan danışıram. Dünya malında gözü olmayan, dostcanlı, ləyaqətli qardaşımız Rafiqdən. Çox inadkardır. Ədalətli olduğunu bildiyi işin sonadək ardıyca gedir. Fərqli fikirlərə hörmətlə yanaşması var. Amma qarşı tərəfin fikirləri dürüst olmadısa qəbul etmir. İş həyatında çalışqandır. İdarəetmə və təşkilati işlərdə mahirdir. Müxtəlif mühitlərə girməkdən və orada sərbəst olmaqdan zövq alır. Və bu vəziyyət onun üçün vazkeçilməzdir...

 

“Türkiyə türkcəsi ilə bizim dilimiz eyni kökdən əmələ gəlib və bu dillər arasında 90 faiz oxşarlıq var. Bəzi sözlər var ki, onların dilimizdə işlənməyinin əleyhinəyəm. Eynilə Türkiyə türkcəsində işlənən və əleyhinə olduğum sözlər də var. Amma deyərdim ki, onların işlətdiyi sözlərin hamısının bizim dildə qarşılığını tapmaq mümkündür. Hətta Türkiyənin elə kəndləri var ki, onlar danışanda bizim sözlərdən çox istifadə edirlər. Ümumiyətlə, Azərbaycan dili türk dilləri içərisində ən gözəl, ən şirin, ifadə vasitəsinə görə ən yüksək səviyyədə olan dildir. Gələcəkdə türk xalqlarının ortaq dilini yaratsalar, mən inanıram ki, sözlərin 60-70 faizi sırf bizim dildən götürləcək.”- söyləyir.

 

Onun ilk məqalələri orta məktəbdə oxuyarkən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində çap olunub. "Vətən gəz" adlı ilk şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc edilib. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri də işləyib. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaradaraq, bir neçə il kəndbəkənd gəzib və olduğu kəndlərdə folklor nümunələrini toplayaraq, onları mütəmadi olaraq rayon qəzetində çap etdirib. Sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru-Rafiq Odayın təqdimatında" adlı kitabını ərsəyə gətirib. Bundan əlavə o, "Bir yol başlamışam", "Gecələr içimə göyüzü yağar", "Ömür gedir öz köçündə", "Qarabağ şikəstəsi", "Xatirələr işığında", "3 Aprel günəşi", "Əlli min də qayğısı var əllimin", "Ədəbi-tənqidi məqalələr", "Həyatın yaşama düsturu" və "Qərib ruhların nəğməsi" kitabları işıq üzü görüb. “Həsən Bəy Zərdabi”, "Qafqaz - Media" və "Qızıl qələm" mükafatları laureatıdır. 20 kitabın tərtibçisi, 200-dən artıq kitabın redaktoru olub. 100-ə yaxın kitaba ön söz yazıb...

 

Deyir ki:- “Mənim fikrimcə, adam həyatında üç şeyə əməl etsə, daim uğur qazanacaq və hörməti olacaq:  Birincisi, yalan danışma! Çünki sən yalanı bir, iki və uzağı, üç dəfə danışa bilərsən, sonra qarşındakı sənə inanmayacaq və artıq onun gözündə etimadını itirəcəksən. İkincisi, heç vaxt gecikmə! Mən həmişə çalışmışam ki, dəvət olunduğum yerə gecikməyim. Çünki gecikmək "mənim kitabım”da yoxdur. Üçüncüsü isə yalan yerə vəd vermə! Bir işi ki, yerinə yetirməyəcəksən, yalandan camaatı aldatmağın yeri yoxdur. Ya söz vermərəm, ya da ki, canımla qanımla sözümün arxasında durmağa çalışaram. Düşünürəm ki, uğurlarımı bu üç prinsipə əməl etməyimə görə qazanmışam...”

 

Bir sözlə, o, çox punktual və aktiv adamdır. Özündə nəciblik, mərdlik, cəsarət, nəzakət və s. bunlara bənzər xüsusiyyətləri ehtiva edir...

 

Zarafat etmirəm, bu günə kimi elə bilirdim ki, uzaqbaşı onun 55 yaşı var, sən demə, iyulun 22-də 65 yaşı tamam olub. 65 yaşlı kişiyə nə arzulayarlar? Yalnız yaşamaq! Yaşamaq gözəldir, qardaşım!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

Aida Eyvazlı Göytürk,

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri. “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

“...Mən heç zaman Novorossiysk buxtasında dəniz sahilində bir yerə yığılıb soyuqdan donan və ölən 17 min nəfərə yaxın dağlıları unutmayacağam. Qışın bu çovğunlu və qarlı  çağında  onları  ac-yalavac, dənizin sahilinə sıxışdırmışdılar.  Yaşamaq üçün heç bir ehtiyatları yox idi. Buralarda açıq havada aclıq və səfalət üzündən yayılan tif, ospa xəstəliyi də onların sayını ildırım sürəti ilə azaldırdı. İnsanlar əlacsız idilər...  Nəm torpağın üstündə iki körpə uşağı da yanında əynindəki nazik nimdaş köynəkdə uzanılı qalmış bir gənc çərkəz qadınının cansız bədənin görəndə dəhşətə gəldim. Körpələrdən biri son nəfəsini verirdi, həyatla ölüm arasında mübarizə aparır, çabalayırdıdı. Digər körpə isə anasının döşünü axtarırdı ki, əmsin...”. Bu sətirlər XIX əsrinhərb tarixçisi Berje Adın “Dağlıların Qafqazdan köçürülməsi” (Берже Ад. П . Выселение горцев с Кавказа. // Русская старина. 1882. Т. 33.Книга 2. Стр. 362-363) kitabındandır. Bu xatirə Çərkəz xalqının iztirablarının kiçik bir epizodudur.  Şimali Qafqazın avtoxtonsakinləri – qədim adı “adıq” olan çərkəzlər böyük məşəqqətlər çəkib.

 

Hələ I Pyotr dövründən çərkəzlərin tale üzünə gülmür. 1857-ci ildə Çar II Aleksandrın “Qafqazda rus kazak əhalisinin yerləşdirilməsi və yerli tayfaların bir hissəsinin köçürülməsi vasitələri haqqında” fərmanı çərkəzlərin etnik təmizlənməsini gücləndirir. İvan Drozdov adlı rus zabiti 1863-64-cü ildə baş verən hadisələri, çərkəzlərin başına gətirilən müsibəti belə qeyd edirdi: “Fevralın sonunda ordu dağlıların köçürülməsinə nəzarət etmək üçün Marte çayının sahilinə çatdı, etiraz edənlərə güc tətbiq edirdilər... Yollarda iyrənc bir mənzərə var idi... hər yerdə qadınların, uşaqların, qocaların itlər, vəhşi heyvanlar tərəfindən parçalanmış  meyiti səpələnmişdi... Quduzlaşmış ac heyvanlar acından taqəti qalmayan insanların üstünə cumur, onları diri-diri parçalayırdılar... Yəqin ki, insanlıq yaranan gündən bu qədər insanın ölüb yollarda qaldığı olmamışdı... Dağların sakinləri qırılmış, ölmüşdülər. İndi Kuban vilayətində  həmin o insanların əvəzinə dağlarda ancaq ayı, it, canavar görünürdü...  Qara dənizin şimal-şərq sahili meyitlərlə dolu idi... (И. Дроздов. Последняя борьба с горцами на Западном Кавказе // Кавказский сборник. 1877. Т. 2. С. 548).

Çar Rusiyasının qanlı fərmanı ilə  öz yurdlarından didərgin salınmış, öz doğma yurdlarına bağlı, dağlarına yaxından bələd olan çərkəzlər təslim olmurdular. Onlar dağlara, kahalara çəkilib rus ordusuna hücum edirdi.  Bu isə çar komandanlığını çox hiddətləndirirdi.  Dağlıların qanına susamış çar hakimiyyətinə mənsub mundirli çinovniklər və kazaklardan ibarət olan dəstələr Qara dəniz sahilini boşaltmaq üçün burada yaşayan avtoxton xalqı məhv etmək planını qəddarlıqla həyata keçirirdi.

1929-cu ildə Qafqazşünas akademik  Simon Canaşi  1863-cü ildən başlayan çərkəz soyqırımının şahidi olmuş 91 yaşlı şahid Napasau Yabarakhu Qansakxunun şahid ifadəsini belə qələmə almışdı:  “Məcburi köçürülmə zamanı dənizdə ölənlərin bədənlərini su sahilə atırdı. Sahildə  insan sümükləri və insan kəllələrindən zolaq yaranmışdı. Düşmənimə də belə mənzərəni görməyi arzulamıram (Сим. Джанашиа, Труды, Т.IV.Тб, 1968, стр.124).

Çərkəzlərin deportasiyası 1853-cü ildə başladı və 1910-cu ilə qədər davam etdirildi.

Çərkəzlərin deportasiyası zamanı yollarda ölənlərin sayı haqqında  Çar Rusiyasının Trapezundakı  konsulu  A.N.Moşin yazırdı: “Deportasiyanın ilk günlərində Trapezuna və ətraf əyalətlərə 247 min nəfər adam gətirildi.  Onlardan 19 000 nəfəri ölüb, 63290 adam sağdır, gətirilənlər arasında  hər gün 180-250 adam ölür. İnsanların arasında tif xəstəliyi yayılıb... 1863-cü ilin noyabr-dekabr ayları ərzində Tarpezuna 100 nəfər köçəri gəlib,  Konstantinopola  və Varnaya 4650 adam göndərmişik. Onların arasında da hər gün 40-60 adam ölür. Trapezunda hələ 2050 nəfər adam gözləyir” (Берже А. Я. Выселение горцев с Кавказа. — Русская старина. 1882, Т. XXXIII, с. 176. Цит. по: Ф. Бадерхан. «Северокавказская диаспора в Турции, Сирии и Иордании (вторая половина XIX — первая половина XXвека)».. М.: Институтвостоковедения РАН, 2001. стр. 40.).

1867-ci ildə Osmanlıda rəsmi məlumatlara görə, Osmanlı İmperiyası ərazisində sürgün edilən çərkəzlərin sayı (öldürülənlər istisna olmaqla) 595 min nəfər idi." (А.В. Кушхабиев. Рецензия на статью Д. Сыромятникова «Война как средство конструирования нации».).

Mühacirətin çətinliyini öz gözləri ilə görən türk ordusunun çərkəz zabiti Nuri sonralar həmin dəhşətli hadisələri belə xatırlayırdı: “...Yelkənli qayıqlarda dalğalar və küləklər bizi it kimi o baş-bu başa atırdı. Kimisi suya düşüb boğulur, kimisi aclıqdan ölürdü. Hamının əyin başı cırıq-cırıq paltarda idi. Xəstələnənlər ümidlərini üzmüşdülər, ölümü ən gözəl nemət və qonaq kimi gözləyirdilər. Nə hamilələr, nə qocalar, nə də uşaqlar xilas ola bilmirdilər. Bizim son sığınacaq yerimiz dənizin suları idi...”.

Çərkəzlərin deportasiyası və soyqırımı ilə bağlı söhbət etdiyim həmsöhbətlərim İsraildə yaşayan qafqazşünas, tarixçi alim və jurnalist, Çərkəz Şurasının müşaviri Avraam Şumleviç, Türkiyədən Çərkəz İcmasının nümayəndəsi Selcuk Ulutaş, çərkəz irsini araşdıran gürcüstanlı  professor Merab Çuxua, “Çərkəzlərin Milli Hərəkatı”nın Avropa üzrə  nümayəndəsi İbrahim Yaqanov onu da dedilər ki, XIX əsrin ortalarından başlayaraq məcburi soyqırım və köçürülmə siyasəti nəticəsində 1.5 milyon çərkəz öldürülüb. Bu, əsl soyqırımdır. Çərkəzlərin say artımı daha çox Türkiyədə baş verib. Çünki Osmanlı Türkiyəsi həmin vaxt çərkəzlərə, kabarda balkarlarına sahib çıxıb, sayları 6 milyonu keçib. Bundan əlavə isə çərkəzlər həm də, İordaniyada, İsraildə, Misirdə,  Amerikada ,Avropada məskunlaşıblar. Həmin çərkəzlər isə bu gün də öz doğma və tarixi yurdlarına qayıtmaq üçün mübarizə aparırlar. Və əgər 1863-cü ildən başlayaraq 1 milyon 500 mindən artıq çərkəz rus çarının fərmanı ilə öldürülməsəydi, onların sayı bu gün 20-30 milyonu ötüb keçməliydi.

Dünyadakı mühacir çərkəzlər və adıqlar 1992-ci ildə Gürcüstan Parlamentində, 2025-ci ildə isə Ukrayna Parlamentində Çərkəz Soyqırımı haqqında beynəlxalq sənədi qəbul ediblər. İndi isə onlar Litva Respublikasının seymində həmin qanunu qəbul etdirmək üçün çalışırlar.

Çar Rusiyasından qalma “Parçala, hökm et” siyasətinin acı nəticəsidir ki, Rusiyada bu gün də çərkəzlər əsasən Kabarda-Balkar, Adıgey, Qaraçay-Çərkəz respublikalarının ərazinə səpələniblər. Hazırda Rusiyada yaşayan çərkəzlərin ümumi sayı təəssüf ki, 1 milyon nəfər belə deyil. Və bu 1 milyon nəfər olmayan çərkəzlərin öz dillərində cəmiyyətdə yaşayıb, inkişaf etməsinə də  rus hakimiyyəti maneçilik edir.  Vətən dil olmayan yerdə qurtarır. Xoşbəxt o xalqlardır ki, öz dillərini qoruyur və ya onun uğrunda mübarizə aparmağı bacarırlar.

Tarixi faktlara əsaslanmış bu məqaləni “xalqlar həbsxanası” olan Rusiyada soyqırıma uğrayan bütün xalqların əziz xatirəsinə ehtiram olaraq qələmə aldım.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

Çərşənbə axşamı, 29 İyul 2025 17:09

Yayın şiddətli istisinə baxmayaraq…

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

İsmayıl Şıxlı - Azərbaycan ədəbiyyatı tarixində silinməz bir imza. 

İyulun 26-da Xalq yazıçısı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradıcılarından olan İsmayıl Şıxlının vəfatının 30-cu ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanda məzarı ziyarət olundu. 

Yayın şiddətli istisinə baxmayaraq tədbirə qatılanlar çox idi. 

 

Anım tədbirində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri və yazıçının ailə üzvləri iştirak edirdilər.

İlham Pirməmmədov İsmayıl Şıxlının əziz və işıqlı xatirəsini Azərbaycan xalqı tərəfindən daim rəhmət və ehtiramla yad edildiyini qürur hissi ilə vurğuladı: 

 

“İsmayıl Şıxlı şəxsiyyətdir. O, Azərbaycan xalqının dəyərli və əvəzolunmaz ziyalısıdır. İsmayıl Şıxlı tələbələrə bir pedaqoq olaraq təkcə dərs keçmirdi, eyni zamanda milləti sevməyi, vətəndaş olmağı öyrədirdi. Birinci Qarabağ müharibəsində "Qazax" Xeyriyyə Cəmiyyəti İsmayıl Şıxlının təklifi ilə yaradıldı və sıraları genişləndi. Məqsəd torpaqlarımızın müdafiəsi, müharibədə daha az itki vermək idi. Aslan Kəmərlinin rəhbərlik etdiyi "Kəmərli" Xeyriyyə Cəmiyyəti İsmayıl Şıxlının məsləhəti ilə "Qazax" Xeyriyyə Cəmiyyəti olaraq təkmilləşdi və o dövr Qazağın müdafiəsində xüsusi xidmətləri oldu. İsmayıl Şıxlı və eləcə də digər ziyalılar tez-tez Qazağa gedirdilər. Sakinlər səngiməyən döyüşlər zamanı ümidlə yaşayırdılar ki, əgər İsmayıl Şıxlı Qazaxdadırsa, demək Qazax getməyəcək. Ziyalılar hər kənddə görüş keçirir, kəndin hörmətli şəxslərinə öz məsləhətlərini verir və onlara ən çətin anda belə kəndlərdən çıxmamağı tövsiyyə edirdilər. Hörmətli insanların kəndlərdə öndə olması kənd camaatı üçün böyük əhəmiyyət kəsb edirdi. İsmayıl Şıxlının sözü müharibənin, mübarizənin ən çətin illərində silaha çevrildi. Onun tarixi bir ifadəsi insanların dilində zərb-məsələ çevrilib: "Hamınızı milli birliyə, milli qeyrətə çağırıram". İsmayıl Şıxlı da milli birliyin, milli qeyrətin simvolu kimi həm tarixdə, həm ədəbiyyatda, həm də dərs dediyi tələbələrin qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

 

Daha sonra "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri professor Valeh Nəsibli, şair Vəli Xramçaylı İsmayıl Şıxlı haqqında öz xatirələrini danışdılar. O dövrün canlı şahidləri olaraq İsmayıl Şıxlının torpaqların müdafiəsində göstərdiyi fədakarlığı qürur hissi ilə yad etdilər.

Valeh Nəsibli Ulu Öndər Heydər Əliyevin İsmayıl Şıxlıya, onun şəxsiyyətinə, yaradıcılığına verdiyi yüksək qiyməti, dəfn mərasimində iştirakını xatırladı. İsmayıl Şıxlıya olan xalq sevgisindən danışdı: "İsmayıl Şıxlının dəfn mərasimində izdiham vardı. Allah rəhmət eləsin böyük Kişiyə! Nə xoş halıma ki, 30 il bundan öncə Şəhriyar adına saraydan Fəxri xiyabana baş götürən dəfn karvanının qabağında İsmayıl Şıxlının qara çərçivədə portreti əlimdə qürurla mən addımlayırdım".

İsmayıl Şıxlının oğlu Elçin Şıxlı çıxış edərək tədbir iştirakçılarına ailəsi adından təşəkkürünü bildirdi.

 

Hər zaman olduğu kimi anım tədbiri iştirakçıları Fəxri Xiyabanda Qazaxlı ziyalıların - Xalq şairi Səməd Vurğunun, Xalq yazıçısı Mehdi Hüseynin, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın, dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri işləmiş Möhsün Poladovun, Azərbaycan balerinası, xoreoqraf, baletmeyster, Xalq artisti, professor Leyla Vəkilovanın məzarını ziyarət etdilər.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

Çərşənbə axşamı, 29 İyul 2025 16:33

PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 16

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

 

 

16.Güclü həmlə qanunu

«Həmlə – liderin ən yaxşı dostudur».

 

Hər bir lider bəzən öz təşkilatının fəaliyyətinə dəyişiklik etmək lüzumu ilə rastlaşır. Bu zaman açar – irəliyə hərəkətçün impuls hesab olunur, həmin nəsnə də «güclü həmlə» adlanır. Hər bir dənizçiyə məlumdur ki, hərəkətsiz gəmini idarə etmək mümkünsüzdür. Hər bir güclü lider də başa düşür ki, istiqaməti dəyişmək üçün öncə hərəkət etmək lazımdır, güclü həmlə qanununun mahiyyəti də bax elə budur.

Güclü lider həmişə lazımi işlərin baş tutması üçün vasitə tapa bilir. Güclü həmlə yaratmağa elə adam lazımdır ki, başqalarını motivasiya etməyi bacarsın. Ancaq eləsi lazım deyil ki, özünün motivasiyaya ehtiyacı olsun.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

 

Çərşənbə axşamı, 29 İyul 2025 16:06

Sən hansı pəncərədəsən? – ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Baxmaq hər zaman görmək deyil.

Bunu irəliləyən yaşlarda daha yaxşı fərqinə vardım. Heç də hər şey göründüyü kimi deyilmiş.

İnsanların etdiyi ən böyük səhvlərdən biri, həyat hadisələrinə sadəcə öz pəncərələrindən baxmaqdır. Halbuki həyatı, insanları, hadisələri, ətraf mühiti bir pəncərədən baxmaqla tanımaq mümkün deyil.

 

Və bizim ən böyük yanılqılarımızdan biri, hər şeyi öz baxış bucağımızla dəyərləndirməkdir.

Baxdığımız pəncərənin təmizliyindən, mövqeyindən asılı olaraq gördüklərimiz fərqli ola bilər.

Görmək üçün sadəcə göz kifayət etmir, qəlb gözü ilə görmək də gərəkdir.

 

Bəzən də görmək, başqasının pəncərəsindən baxmaqdır.

Çünki hər pəncərə fərqlidir — insanlar kimi.

Kiminin pəncərəsi böyük, kimininki balaca…

Kiminin pəncərəsi günəşə açılır, kimininki qaranlığa, səssizliyə.

 

Ona görə də kiminsə baxışını tam anlamaq üçün onun pəncərəsinin qarşısında dayanmaq gərəkdir.

 

Bəs sən nə vaxtsa öz pəncərədən kənara baxmısan?

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Hətta onlar bəzən qaydaları da pozurlar. Bir fransız rəssam Bakıda metro qatarını rəngləyib yararsız hala salmamışdırmı? Amma əlbəttə ki, bunlar istisnadır. Küçə rəssamlığı incəsənətin ən mükəmməl bir qolu olaraq qalır və qalacaq.

 

Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarlara qeyri-leqal rəsm çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşılarından olan Etam Kryunu təqdim edir.

 

Etam Kryu

İlk olaraq sizə Etam Kryunu təqdim edirik - haqlarında ən çox danışılan küçə rəssamlarını. Bu, iki polşalı küçə rəssamının psevdonimidir. Onların çəkdikləri murallar – divar rəsmləri öz ölçülərinə görə adamı hədsiz təsirləndirir, hətta heyrətləndirir. Onlar tək Polşada deyil, bütün Şərqi Avropada gözəl izlər qoyurlar. İndi planlarında Avropanın Qərbini də bəzəyib Amerikaya üz tutmaq dayanır.

İlk vaxtlarda onlar qeyri-qanuni fəaliyyətə görə cərimələnirdilər, amma indi Polşa hökuməti rəssamlara sifarişlər verir, onlara böyük paralar ödəyir. Onlar da ölkəni, bir növ, abadlaşdırırlar. Təsəvvür edin ki, Polşaya gələn minlərcə turist Varşava, Qdansk, Xojuv, Zaqlembe, Vrotslav, Katovitse kimi şəhərlərdə xüsusi ekskursiya turlarına çıxaraq Etam Kryunun divar rəsmlərinə tamaşa edirlər.

Öz işlərində folklor motivlərinə və sürrealizmə müraciət edən rəssamlar bir işi başa çatdıranacan aylarını sərf edib hədsiz yorulurlar, bununla belə, əsla bezikmirlər. Çünki həqiqətən ortaya şedevr qoyurlar.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

 

 

 

 

 

1 -dən səhifə 2336

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.