Super User

Super User

 

Nizami Kino Mərkəzində Xalq yazıçısı, tanınmış ssenarist və nasir Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə onun ssenari müəllifi olduğu filmlərin retrospektiv nümayişi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tamaşaçılara təqdim olunan ilk film “Bizim Cəbiş müəllim” olub. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, retrospektiv proqramda “Uşaqlığın son gecəsi”, “Truskavetsə kim gedəcək?” və “Dəniz” filmləri də nümayiş olunacaq.

 

O, həmçinin yazıçının həyat yoldaşı Anna İbrahimbəyovaya müəllifin arxiv fotolarını hədiyyə edib.

 

Filmin bərpası prosesindən danışan rejissor Vahid Mustafayev vurğulayıb ki, “Bizim Cəbiş müəllim”in 142 kadrI təmizlənib, bərpa işlərində 6 nəfərlik komanda çalışıb. “Ümumilikdə indiyədək 11 filmin bərpası həyata keçirilib. Onların arasında “Qayınana” filmi də var və yaxın günlərdə rəngli versiyası təqdim olunacaq”, - deyə o əlavə edib.

 

Əməkdar jurnalist Nadejda İsmayılova isə 1969-cu ildə “Bizim Cəbiş müəllim” filminin ilk premyerasında iştirak etdiyi xatirələrini bölüşərək deyib: “O vaxt yaradıcı heyət çox həyəcanlı idi. Hamısı gənc və istedadlı idi. Maqsud isə aralarında ən gənci idi və sonuncu olaraq səhnəyə çıxdı. Film o dövrdən bu günə qədər öz aktuallığını qoruyub və tamaşaçı sevgisi qazanıb. Bu il filmin də 55 illik yubileyidir”. Xalq yazıçısı Natiq Rəsulzadə tədbirdə Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb. Əməkdar incəsənət xadimi Ayaz Salayev isə yazıçının zəngin yaradıcılıq fəaliyyətindən danışıb. Sonda Anna İbrahimbəyova təşkilatçılara və tamaşaçılara minnətdarlığını bildirib. Retrospektiv film nümayişləri sentyabrın 13-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Cümə axşamı, 11 Sentyabr 2025 11:34

Ümid gəmisi -ESSE

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Hər limanda yelkən açıb üfüqlərə doğru yol alan ümid gəmisi hər zaman mənzilə çatmır. Bəzən sahilə yetişir, bəzən tufanla qarşılaşır, bəzən də dənizin səssizliyində uduzur. Dəniz hər gəmini xoş qarşılamır. Hər qonağa səxavətli olmur.

 

Ən önəmlisi, o yolçuluqda bir ümid, bir arayış, bir məqsəd varsa, gedilən yolda səni daha çox sınaq, cəsarət və mübarizə gözləyir. Dəniz cəsarətə meydan oxuyur: qorxağı sevməz, cəsuru sınağa çəkər.

 

Ümid gəmisi sadəcə küləklə deyil, inamla da irəliləyir. O hər şeyi gözə alır, hər dalğaya meydan oxuyur. Fırtına onu qorxutmur. Çünki ümid gəmisi sadəcə mənzilə çatmağı düşünmür, onun üçün gedilən yol — bu yolun özü də bir hədəfdir. Əgər ümid varsa, yol var. Yolun hara varacağını bilməsə də, o irəliləməkdən çəkinmir. Mənzil sadəcə dayanacaqdır, amma yolçuluq insanın özünü kəşf etdiyi, ümidin yaşadığının əsl göstəricisidir.

 

Əgər sən də bir gün yelkən açıb yol alsan, unutma ki, limanda lövbər salmaq sənin sonun deyil, sadəcə nəfəs almaq üçündür. Çünki ümid gəmisi hər dəfə yol alanda yeni üfüqlər, yeni kəşflər gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

 

 

Cümə axşamı, 11 Sentyabr 2025 11:16

Şəhidlər barədə şeirlər - Ruslan Cəfərov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Ruslan Cəfərov

Ruslan Mövlan oğlu Cəfərov 2000-ci il avqustun 2-də Qusar şəhərində anadan olub. 2006-2017-ci illərdə Qusar şəhərində 2 nömrəli tam orta məкtəbdə təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ruslan Cəfərov oktyabrın 21-də şəhid olub. Qusar şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Əsgər Cəfərov Ruslan Mövlan oğlu Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasənŞuşa şəhərinin azad olunmasında göstərdiyi şəxsi igidliyə görə 29.12.2020-ci ildə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Dinlə məni, anam qadın.

Sənin oğlun tarix yazdı.

İndi ona nə desəm də,

Nə yazsam da, yenə azdı.

 

Bilirsənmi, kim olubdu,

Əllərinlə böyütdüyün,

 O balaca oğul balan?

Vətən üçün vuruşaraq,

O müqəddəs torpaqları,

Geri alan,

İgidimiz, şəhidimiz.

 

Hər ananın işi deyil,

Can üstündə can böyüdə.

Tarixin vərdişi deyil,

Belə qəhrəman böyüdə.

 

Sənin kimi anaların,

Böyütdüyü oğullardır,

Bu millətin 30 ildir,

Tapdalanan torpağını,

Geri alan

Tarix yazıb vətən olan.

 

Ürəkləri vətən ilə

Döyünərək tarix olar.

Vətən darda olan zaman,

Həm can verər, həm can alar.

Bunu bilsin bəşəriyyət,

Unudulmaz tarix boyu,

Sizin kimi tarix yazan,

Nə oğullar, nə analar.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

Cümə axşamı, 11 Sentyabr 2025 11:03

Bakılı oğlanlardan biri Azər Məmmədzadə

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Rusca abreviaturasından KVN adlandırılan Şən və Hazırcavablar Klubunun – Sovetlər dönəminin məşhur telekomediya və intellektual brendinin vaxtı ilə ölkəmizdə milyonlarla pərəstişkarı olub. Və əlbəttə ki, rəhmətlik Anar Məmmədxanovun yaratdığı, Bəhram Bağırzadənin, Cabir və Tahir İmanovların inkişaf etdirdikləri “Bakılı oğlanlar” hələ də aktualdır, hələ də sevilir.

Azər Məmmədzadə də bu sıradadır.

 

Tamaşalarda adətən o, xəbər proqramlarının oxucusu rolu ilə yadda qalır. Bir də yaratdığı ən mükəmməl obraz keçmiş parlament spikeri Oqtay Əsədov obrazı olubdur.

 

Aktyor Azər Məmmədzadə 11 sentyabr 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 23 saylı məktəbdə oxuyub. 1988-ci ildə Bakı Dövlət Universitetinə qəbul olub və 1993-cü ildə həmin universiteti bitirib. 1995 – 1996-cı illərdə informasiya texnologiyaları üzrə təhsil alıb.

1991-ci ildən "Parni iz Baku" (“Bakılı oğlanlar”) ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olub. 2009-cu ildən “Planet Parni iz Baku” KVN Teatrının yönəldici prodüseridir.

 

Filmoqrafiya

1. Bir dəfə Qafqazda

2. Bir kəndin sevinci

3. Qorxma, mən səninləyəm! 1919

4. Ölülər XXI əsr

5. Ağanatiq

6. Məhəllə 3

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış jurnalist, “Bakinski raboçi” qəzetinin Mədəniyyət şöbəsinin müdiri Afət İslam ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin anım günü ilə bağlı yazıçı-publisist, politoloq və tədqiqatçı Reyhan Mirzəzadə ilə söhbət edərək “Həqiqi həyat ölüm anından başlayır...” adlı məqalə hazırlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, məqalədə qeyd olunub ki, Reyhan Mirzəzadə böyük ədib Mir Cəlal Paşayevin çoxşaxəli fəaliyyətinə məqalələr hazırlayaraq ədibin şəxsiyyətini, prinsiplərini və dəyərlərini daha dərindən öyrənərək təhlil edib. 

 

Məqalə aşağıdakı keçiddə təqdim olunub: 

https://drive.google.com/file/d/1fexxwL_pZ7ehEizSM5yUEl0CWCRb4yL_/view?usp=sharing

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

 

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

 

Musiqi – sözsüz danışan, insan ruhuna toxunan bir dil. O, millətləri, mədəniyyətləri, dövrləri birləşdirən ən güclü vasitədir. Hər bir nota, hər bir ritm insanın daxili aləmini əks etdirir, duyğuların dərin qatlarına nüfuz edir. “Sərhədsiz musiqi” anlayışı, musiqinin heç bir coğrafi, dil və zaman məhdudiyyəti tanımadığını vurğulayır.

 

Musiqinin qlobal dili

 

Musiqi söz tələb etmir; o, emosiyaları ötürür, insanları birləşdirir. Azərbaycan muğamı kimi milli musiqi janrları dünya səhnəsində öz yerini tapır. Bu musiqi yalnız xalqın tarixi və mədəniyyətini ifadə etmir, həm də beynəlxalq tamaşaçı üçün yeni bir təcrübə təqdim edir. Müasir musiqiçilər isə milli melodiyaları Qərb ritmləri, caz, klassik və elektron musiqi ilə sintez edərək fərqli və eyni zamanda tanış bir təcrübə yaradır.

Belə yaradıcılıq nümunələri göstərir ki, musiqi həm kökləri ilə bağlı qalır, həm də sərhədsiz bir üslubda inkişaf edir. Dinləyici üçün bu, həm tanışlıq, həm də kəşfdir – həm millətinin musiqisini duyur, həm də dünyanın ritmləri ilə tanış olur.

 

Milli musiqi və dünya səhnəsi

 

Milli musiqi əsərlərinin beynəlxalq səhnəyə çıxması mədəniyyətlərarası dialoqu zənginləşdirir. Dünyanın müxtəlif ölkələrində keçirilən festivallar, simpoziumlar və onlayn platformalar musiqiçilərə öz milli melodiyalarını yeni auditoriyaya çatdırmaq imkanı yaradır. Bu proses yalnız musiqi əsərlərinin yayılması ilə kifayətlənmir, həm də mədəniyyətlərin bir-birini anlama və qarşılıqlı hörmət yaratma yollarını açır.

Məsələn, Azərbaycan muğamı yalnız ölkəmizdə deyil, Avropa və Asiyada da böyük maraqla qarşılanır. Muğamın incə melodik quruluşu və ritmik zənginliyi, onu universal musiqi dilinə çevirir və fərqli auditoriyalarda eyni emosional təsiri yaradır.

 

Müasir musiqiçilərin rolu

 

Müasir musiqiçilər və bəstəkarlar sərhədsiz musiqi anlayışını daha da genişləndirirlər. Onlar müxtəlif janrları birləşdirərək, milli musiqi elementlərini müasir texnologiya və səhnə performansları ilə təqdim edir. Bu, həm gənc nəsillərin milli musiqi ilə tanışlığını artırır, həm də dünya musiqi arenasında milli kimliyi qoruyur.

Musiqi vasitəsilə qurulan bu dialoq yalnız səs və ritmlə məhdudlaşmır; o, mədəniyyətlərin, tarixlərin və insan təcrübələrinin bir-birini tanıması üçün körpü rolunu oynayır. Hər bir ifa, hər bir nota həm köklərə hörmət, həm də yeniliyə açıq olmaq deməkdir.

 

Musiqi və insan ruhu

 

Sərhədsiz musiqi insanın daxili dünyasını zənginləşdirir. O, sevgi, həsrət, sevinc və kədər kimi ümumbəşəri emosiyaları ötürür. Musiqi vasitəsilə insanlar yalnız duyğu paylaşmır, həm də mədəni yaddaşlarını möhkəmləndirir və dünyagörüşlərini genişləndirirlər.

Beləliklə, musiqi yalnız əyləncə vasitəsi deyil; o, insanları birləşdirən, milli və beynəlxalq dəyərləri bir araya gətirən güclü bir vasitədir. Sərhədsiz musiqi hər dövrdə, hər coğrafiyada insanın ruhunu toxunaraq, həm fərdi, həm də kollektiv təcrübəni zənginləşdirir.

Sərhədsiz musiqi göstərir ki, musiqi dilini bilməyən bir insan belə onu qavraya, hiss edə və ruhunu zənginləşdirə bilər. Musiqi millətləri birləşdirir, zamanları yaxınlaşdırır, mədəniyyətləri bir araya gətirir. Müasir dövrdə milli musiqi elementlərinin beynəlxalq səhnəyə çıxması, onu yalnız qorumaqla kifayətlənməyib, həm də yeni auditoriyalar üçün açıq, sərhədsiz və əbədiləşdirilmiş bir təcrübəyə çevirir.

Musiqi sərhəd tanımır; o, insan ruhunun ən universal və ən sadiq dostudur.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

Cümə axşamı, 11 Sentyabr 2025 10:01

Sumqayıt Teatrı yeni tamaşaya hazırlaşır

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Qızıl payız həm də yeni teatr mövsümünün başlanması deməkdir.

Ölkə teatrlarından ən stajlı və ən nüfuzlularından biri olan Sumqayıt Teatrı da yeni mövsümə əlidolu gələcəkdir.

 

Sumqayıt Dövlət Dram Teatrı yeni teatr mövsümündə dünya dramaturgiyasının incilərindən sayılan Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” adlı məşhur komediyasını tamaşaçılara təqdim etməyə hazırlaşır.

Yeni məşqlərinə start verilmiş səhnə əsəri klassik komediyanın ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası və aktyor ifaları ilə daha da zənginləşdirilərək təqdim olunacaq.

 

Səhnə əsərində kəndli təbəqəsindən olan, lakin var-dövlət vasitəsilə zadəgan ailəsinə kürəkən olmuş şəxsin faciəvi-komik həyat hekayəsi təqdim olunur. Əsərdə sosial təbəqələrarası uyğunsuz evliliklərin doğurduğu nəticələr, ailə və cəmiyyət münasibətləri incə satirik dillə tənqid olunur.

Dövlət sirafişi ilə hazırlanan tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, qurluşçu rejissoru Ümid Abbaszadə, qurluşçu rəssamı Osman Salmanov, bəstəkarı Vüsal Namazlı, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayeva, Ləman Məmmədlidir.

Əsəri Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin (o dünyası gözəl olsun) tərcümə edib.

Yeni tamaşada obrazları əməkdar artistlər Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Habil Xanlarov, İlahə Səfərova, Aynur Hümbətova, Məryəm Hüseynli, Mətləb Səfərli, Əjdər Zeynalov,Gülnarə Qədirova, Vəfa Qurbanova, Kamran Muradlı, Şəmistan Süleymanlı, Elay Xasiyev, Günəş Bağırsoy, Elmir Mehdiyev, Emil Həmidov və Şəhriyar Aşkari ifa edirlər.

Tamaşanın nümayişinin ilin sonuna qədər təqdim olunması planlaşdırılır.

Əziz sumqayıtlılar, teatra gedin, Sumqayıt Teatrının əməyini yerə vurmayın. Bu tetar sevilməyə layiqdir.

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

Cümə axşamı, 11 Sentyabr 2025 09:33

MÜTALİƏ MƏDƏNİYYƏTİ –Mütaliəyə ayrılan zaman

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

15.

MÜTALİƏYƏ AYRILAN ZAMAN

 

Biz uşaq, yeniyetmə və gənclərə kitab oxumağın faydalarını izah etdik və onları mütaliəyə təşviq etdik. İndi sual olunur. Onlar mütaliəyə nə qədər vaxt ayırmalıdırlar? Bir şəxs gününün neçə saatını mütaliəyə sərf etməlidir?

Bəri başdan qeyd edək ki, mütəxəssilər “kitabın üzərinə döşənməyin” əleyhinə çıxırlar. Çünki kitabı birbaşa, aramsız oxuduqda mütaliə özünün bütün qiymətli cəhətlərini itirir. Belədə, oxucu əsərdəki hisslərlə yaşamağa, həyəcan keçirməyə, əsərin ideya məzmunu, bədii sənətkarlığı haqqında dərindən düşünməyə, ondan zövq almağa macal tapmır. Fasilə və aramla edilən mütaliə daha çox fayda verir, onun təsiri bir o qədər qüvvətli olur.

Bu barədə hazırda yaşadığımız 3-cü minilliyin öz tələbləri var, şimal qonşumuz Rusiyanın nüfuzlu yazıçısı, tanınmış “Qazeta.ru” saytının  kreativ redaktoru Yeqor İvanovun nəzəriyyəsini bir çox mənbələr daim iqtibas kimi gətirirlər. Bu nəzəriyyəyə görə, özündə mütaliə vərdişi formalaşdırmaq üçün ilk dəfədə mütaliəyə hər gün 15 dəqiqə vaxt ayırmaq daha effektlidir.  Dövrdəki vaxt qıtlığı, klikabel təfəkkürün təhrifi insanları bir şeyə, tutalım məhz mütaliəyə fokuslanmağa qoymur. Ona görə də, özündə kitaboxuma vərdişi formalaşdırmağına birdən-birə çox vaxt ayırmaq əsla fayda verməyəcək. Hər gün mütəmadi olaraq 15 dəqiqə oxusanız, beyin tədricən bu prosesə alışacaq. Tədricən mütaliə vaxtını 30 dəqiqəyə qədər artırıb bunu özünüzün gündəlik minimumunuz edə bilərsiniz.

Mütaliə üçün ən uyğun vaxt səhərdir, çünki bu vaxtlarda insan özündə güc axını hiss edir. Zəngli saatı həmişəki vaxtdan yarım saat əvvələ qurub həmin yarım saatı mütaliəyə həsr etmək lazımi effekt verir. Əksinə, gecə yarıyadək gözündən yuxu tökülə-tökülə oxumaq isə sizi tədricən kitabdan itələyə bilər.

 

Növbəti: 16.Mütaliə səmərəliliyi

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

 

Ağalar  İdrisoğlu,

Əməkdar incəsənət xadimi, yazıçı-rejissor. “Ədəbiyyat və incəsənət” üçün

  

 

Xuraman xanım Muradova çağdaş Azərbaycan ədəbiyyatında xüsusi dəsti-xətti, özünəməxsus yazı manerası olan istedadlı vətənpərvər şairə, bir-birindən maraqlı şeirlərin, poemaların müəllifi olan böyük yaradıcı dünyası olan ruh  adamıdır. Baxmayaraq ki, bədii yaradıcılığa hələ orta məktəb illərindən başlayan Xuraman xanım cəmi beş ildir ki, mətbuatda çap olunur, amma bu beş ildə başqa yaradıcı insanların on illərlə gördüyü işlərdən daha çox işlər görüb və uğurlar əldə edib.

 

Bu beş ildə təkcə Azərbaycanda  yox, Türk dünyası ölkələrinin yaradıcı insanları arasında da böyük uğur qazanıb.  Yuxarıda yazdığım kimi  orta məktəbdə  oxuduğu illərdən  o, bədii yaradıcılıqla məşğul olub, amma  2021-ci ilə qədər yazdığı şeirləri mətbuat səhifələrinə çıxarmayıb. Bəlkə yenə də mətbuatda çap olunmasına razılıq verməyəcəkdi, əgər Xalq şairi, sağlığında klassik adını qazanmış  Nəriman Həsənzadə və mən  2021-ci ilin  sentyabr  ayında onunla görüşməsəydik və  israrla onu şeirlərini çap etdirməyə məcbur etməsəydik. Xuraman xanım Xalq şairi Nəriman Həsənzadənin kəşfidir desəm daha düzgün  olar. Çünki həmin ilin sentyabr  ayının  sonlarında Nəriman müəllim Xuraman xanım Muradovanın yaratdığı və rəhbərlik etdiyi “Milan” Hospitalında müalicə olunurdu. Xuraman xanımla görüşəndə bu xanımın böyük ədəbiyyat həvəskar olduğunu    çoxlu şairlərin şeirlərini əzbər bildiyini görüb. Və  eşidəndə ki, Xuraman xanım da orta məktəb illərindən  şeirlər yazır və ondan xahiş edib ki, yazdığı şeirlərdən söyləsin. Əvvəlcə Xuman xanım təvazökarlıq edərək,  söyləmək istəməyib. Amma sonra bir neçə şeirini söyləyib. Ədəbiyyata qarşı həddindən artıq  prinsipial insan olan və hər şeiri bəyənməyən Nəriman  müəllim,  Xuraman xanımın şeirlərini bəyənib və  elə oradan mobil telefonla  mənə zəng vurub belə dedi: “Ağalar müəllim, mən çox istedadlı bir şair xanımı kəşf eləmişəm. Çox maraqlı şeirləri var. Çox istərdim ki, onun şeirlərini mətbuatda çap edəsiniz”. Beləliklə, səhəri günü Nəriman müəllimlə birlikdə  mən “Milan” Hospitalına gəlmişəm və Xuraman xanımla tanış olmuşam. Onun bu Hospitalrda  Avropa və dünya  səhiyyəsi səviyyəsində  gördüyü işlərlə tanış olmuşam və heyran qalmışam. Və  sonra  israrla şeirlərini mənə verməsini xahiş etmişəm. O, isə  bu şeirləri çap etdirmək istəmirdi və bu şeirləri yalnız özü üçün yazdığını deyirdi. Mən elə orada onun beş-altı şeirinin oxumuşam və hamısı xoşuma gəlib. Beləliklə, Nəriman müəllimin və mənim xahişimlə Xuraman xanım Muradova şeirlərinin mətbuatda çap olunmasına razılıq verdi.

 

Yadıma gəlir Xuraman  xanım  Muradovanın şeirləri 2021-ci ilin oktyabr ayında  respublika mətbuatında çap olunanda, böyük oxucu marağına səbəb olmuşdu. Çünki bu şeirlərdəki orijinallıq, onun hər şeirində maraqlı, obrazlı ifadələr tapması, sözaltı mənaların dərinliyi, şeirlərin lakonikliyi, az sözlə böyük fikirlər ifadə etməsi  Xuraman xanımı az bir vaxtda oxuculara çox sevdirdi. Tez bir vaxtda başqa şeirlərini də çap etdik.  Elə həmin il onun “Sənə məktub yazacam” şeirinə çox istedadı bəstəkar  Ruslan Səfərov  mahnı bəstələndi və bu mahnını  cavan, istadadlı müğənni  Mirələm Mirələmov yüksək peşəkar səviyyədə oxudu.  Mahnının sözləri, musiqisi və ifası yüksək peşəkar səviyyədə olduğuna görə az  bir vaxtda böyük populyarlıq qazandı. Bütün bunlardan ruhlanan Xuraman  xanım Muradova da 2023-cü ildə  ilk kitabını  “Sənə məktub yazacam”ı  çap etdirdi. Azərbaycan Yazıçılar Birliyində, Xalq yazıçısı Çingiz Abdullayevin rəhbərliyi ilə bu kitabın böyük təqdimatı oldu. Bu kitaba görə Xuraman xanıma   ədəbiyyat və incəsənət xahəsində böyük mükafat sayılan   “ Humay” mükafatı  verildi. Sonra bu kitab Türk, Özbək və Qırğız dillərinə çap olundu və həmin ölklərdə də çox maraqla qarşılandı. Azərbaycandan, Türkiyədən olan  çoxlu  bədii qiraətçilər onun şeirlərini yüksək peşəkar səviyyədə söyləməyə başladılar. Bir neçə maraqlı bəstəkarlar onun şeirlərinə  yenə    mahnılar yazdılar. Mən bütün bunlara çox sevindim. Çünki daxilimdə böyük bir inam vardı ki, Xuraman xanım Muradaova az bir vaxtda bədii yaradıcılıqda  çoxlu uğurlar əldə edəcək. Axı  o, təkcə istedadlı şairə yox, həm də böyük zəhmətkeş, əldə etdiyi uğurlara adi bir iş kimi baxan xanımdır.  Belə ki, onun sahibkarlıq sahəsində əldə etdiyi böyük uğurlar bunu sübut edirdi ki, Xuraman xanımın  ədəbiyyat sahəsində də  əldə etdiyi uğurlardan heç vaxt  razı qalmayıb və həmişə daha böyük işlər görməyə can atacaq. Əldə etdiyi uğurlara görə heç vaxt özündən razı olmayan belə təvazökar  insanlar da çox mübariz olurlar.

Elə 1987-ci ildən, yəni ali məktəbi bitirəndən sonra əldə etdiyi uğurlara nəzər salanda bunu çox ayadın görmək olur. Belə ki, o, 1987-ci ildə İnşaat Mühəndisləri Akademiyasını  memar-mühəndis kimi yüksək qiymətlərlə bitirib. 1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb və  “Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə  “Laçın” Kiçik müəssisəsinin nəzdində 2009-cu ildən “Laçın” Klinikasını yaradıb. 2014-cu ildə isə  daha böyük iş görərək,  “Milan” Hospitalını ərsəyə gətirib. Xuraman xanım Avropa Tibb Assosiasiyasinin və  EPMA-nin fəxri üzvüdür. Oksford Akademiyasının fəxri  professoru olan ilk azərbaycanlı xanımdır.

Onun   yaratdığı   “Milan” Hospitalı uzun illərdir ki,  insanlarımızın sağlamlığı keşiyində mətin dayanıb. Burada çalışan yüksək səviyyəli, peşəkar həkimlərin və dünya standartlarına cavab verən tibbi avadanlıqların sayəsində Hospitala müraciət edən pasiyetlərin sayı günü-gündən artır. Burada birinci və ikinci  Qarabağ müharibəsi qaziləri, onların ailələri pulsuz müalicə olunurlar.

Xuraman xanım  tibb sahəsində çalışdığı bu müddətdə, bir sahibkar kimi də xalqımıza bu müqəddəs yolda xidmət  edir. Yüksək təşkilatçı, dərin erudiyalı, uzaqgörən siyasətçi Xuraman xanım Muradova   sahibkarlıqla məşğul olmağa başladığı dönəmdə  çoxlu mükafatlarlara layiq görülüb. Onlardan bir neçəsini burada tarix kimi yazıram. Şuşa fatehi Xususi Təyinatlı Qüvvələr komandanı general polkovnik-leytenatnı Hikmət Mirzəyev tərəfindən Fəxri Fərmana layiq görülüb. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanla təltif olunub. Azərbaycan Döyüş Sənətləri Federasiyasının Fəxri Fərmanı ilə təltif olunub. "N" saylı Hərbi Hissə komandirləri tərəfindən  mükafatlandırılıb. Vətən muharibəsində cəbhəyə göstəriyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına laiq görülüb. 2017-ci ildə  “Lider” TV-də Azərbaycan səhiyyəsinin inkişafında və dünya miqyasında tanınmasında verdiyi xüsusi töhvələrə, ailələrin sağlamlığının möhkəmlənməsində göstərdiyi fədakarlığa, xeyriyyəcilik fəaliyyətinə görə təltif olunub. Son zamanlarda isə Xuraman xanım Muradova Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən Xurşid  Banu Natəvan adına mükafata və Türkiyə Cümhuriyyətinin ödülünə layiq görülub.

Beləliklə,  Xurşud  Banu Natəvan  adına mükafatın laureatı, Azərbaycandakı  bir neçə məşhur Hərbi Korpusların, qoşun  birləşmələrinin diplomlarını, Fəxri Fərmanlarını almış, bir neçə xarici ölkələrin ödüllərinə layiq görülmüş,  Türkiyə Cümhuriyyətinin ödülünü almış əsl vətənpərvər azərbaycanlı xanım - Xuraman İsmayıl qızı Muradovanı  xalqımız  əvvəllər  sahibkar kimi yaxşı tanıyırdı.  Amma indi çox maraqlı şair, yazıçı kimi tanıyır. Xuraman xanım Azərbaycanı təkcə mələkətimizdə  keçirilən  möhtəbər  ədəbiyyat  tədbirlərində yox, Türkiyədə, Şimali Kiprdə, Özbəkistanda, Qırğızıstanda və başqa respublikalarda tanınmış yazıçı, şair kimi qarşılayır, onunla  ölkə, ədəbiyyat  rəhbərləri səviyyəsində maraqlı görüşlər keçirilir. Xaql şairimiz Nəriman Həsənzadə də, mən də bundan böyük fəxarət duyuruq. Deməli, Xuraman xanım özünün  Allah vergisi olan  istedadı, ən əsası isə böyük zəhməti, çalışqanlığı ilə az bir vaxtda böyük uğurlara imza atıb. Artıq bu beş ildə onun yeddi kitabı çap olunub. İndi isə xalqımız üçün ən böyük sevindirici hal bu oldu ki, Xuraman xanım Muradova yenicə yardılan türkdilli yazar xanımların yaradıcı təşkilatının- Türk Dünyası Qadın Şairlər ( Yazıçılar) Birliyinin sədri seçildi. Bu, çox böyük və cavabdehli  vəzifədir. Çünki Yer kürəsində 250 milyondan çox türkdilli xalq yaşayır. Və bütün türkdilli xalqlar da çox istedadlı, bacarıqlı, böyük təfəkkürlüdür. İndi bundan sonra bu xaqların yazar xanımlarına  məhz  azərbaycanlı xanım Xuraman Muradova rəhbərlik edəcək. Bu, həqiqətən də böyük qürurverici və cavabdehli işdir. Mən, bu münasibətlə əziz bacım Xuraman xanımı təbrik edirəm və ona yaradıcılıqda və bu cavabdehli işdə daha böyük uğurlar arzu edirəm.

Böyük yaradıcı insanlar deyib ki, “istedad və zəhmət elə bir müqəddəs nemətdir ki, onun qarşısını almaq  elə də asan deyil. O gec-tez özünü lazım olan kimi göstərir. Bax, bundan sonra həmin insanların qarşısını almaq mümkün olmur”.  Bəli. Xuraman xanımın da yazdığı bir-birindən maraqlı, məzmunlu, obrazlı ifadələrlə zəngin  şeirləri, poemaları, hekayələri, bayatıları,  şeirlərinə bəstələnən mahnılar   bizə bu fikiri deməyə əsas verir.

Sizə bədii yaradıcılıqda  bundan sonra da  böyük uğurlar    Türk dünyası şair xanımların başqanı-sədri kimi çətin, cavabdehli, məşəqqətli yolda  uğurlar arzu edirik, Xuraman xanım!

İndi isə Xuraman xanım Muradovanın son vaxtlar yazdığı yeni şeirlərini  sizə təqdim edirik, əziz oxucular. İnanırıq ki, bu şeirlər də sizin xoşunuza gələcək.

 

 

Xuraman  MURADOVA

 (şeirləri)

 

 Salam,  60  yaşım, xoş  gördük  səni

 

Salam, 60 yaşım, xoş gördük səni,

Gecikdin demirəm… vaxtında gəldin.

Nə isti yaymsan, nə də sərt qışım -

Ömrümün ikinci payında gəldin…

 

Öncə gözlərindən tanıdım səni,

Orda dərin izlər qoyubdu zaman.

Bir az yorğunluq var, bir az da qürur

Bir az da qəlbini oyubdu  zaman…

 

Salam, 60 yaşım, otur, dincələk,

Gəl, söhbət eləyək, çay süzüm sənə.

Söylə kim incitdi,  küsdürdü  səni?

Kim qaldı qəlbində, gizlin de mənə.

 

 

Gözlərində izləri var illərin,

Hər xatirəm ömrümə yaraşıqdı.

Amma ruhum - uşaq kimi hələ də,

Sevinclə nur saçan xoş bir işıqdı…

 

Oğlumun, qızımın sevincləri var,

Xeyirxah,  gərəkli hər bir işində.

Demək ki, bu ömür tək mənim deyil,

Onların payı var  xoş  gəlişində…

 

Salam, 60 yaşım, əziz qonaq tək,

Evimə, qəlbimə xoş gəlmisən sən.

Ömrümün ikinci baharı kimi,

Ömrümdən ömrümə xoş gəlmisən sən.

 

           Salam,  Uşaqlığım

 

Salam, uşaqlığım…

Xoş gördük səni.

Bu yaşımda - saçlarıma qar yağan çağımda,

Sənin həyəcanlı gözlərinə baxmağa gəlmişəm…

 

Tanıdınmı məni?

O  vaxt oyuncağını heç kəsə verməzdin…

İndi isə xatirələrini heç kimə etibar etməyən

Mənəm, mən…

 

Qapını döydüm…

Açdın yenə gülümsəyərək,

Əlində bir tikə təndir çörəyi,

Üstündə bir az yağ, pendir -

Bilsən, o bir tikə çörək

İndi necə həsrət mənə…

 

Uzanmışam  divanın bir küncünə,

Nənənin tikdiyi yastığın qoxusunu axtarıram…

Danış, uşaqlığım, danış bir az,

O illərdən nə qaldı sənə?

 

Məktəb çantası yerində durur,

Divardakı saat hələ də gecikmir,

Pəncərənin o tayında günəş oynayır,

Könlümün içində bir səs pıçıldayır:

“Sən burda idin, sən daim burda idin…”

 

İndi bu yaşımda –

Yaralarımla, sevincimlə,

Sənin o saf gülüşünə sığınmağa gəlmişəm.

Qoy bir az qalım…

Üzümə bax, qorxma,

Yenə də mənəm…

Sadəcə bir az yorğunam…

Bir az da küskünəm…

Amma...  sənin  sevən  Xuramanınam…

 

 

           Bir şeir yaz…

 

Bir şeir yaz,

Orda keçmişim sükutla  danışsın,

Atamın  səsi, anamın qoxusu...

Uşaqlıq qapımı döysün yenidən.

Həyətdə  bacımın sakit ayaq  izləri,

İllərlə yolunu gözlədiyim qardaşımın

kölgəsi gəlsin…

 

Bir şeir yaz,

O şeirdə  doğmalarım mənimlə olsun -

Nəfəsimdə, dualarımda,

Dünyanın ən gözəl mahnısı kimi,

Yanımda addımlasınlar…

 

Bir şeir yaz,

Orda düşmənlər zəlil olsun,

Zalım sözə tab gətirməsin,

Haqqın oduna yansın hər fitnə, hər xəyanət.

 

Bir şeir yaz,

Xəbislərə, riyakarlara

Dünya işığı zindan olsun,

Onlar gecənin soyuğunda  azsın,

Biz isə səhərin duası ilə

Haqqın günəşi altında  isinək.

 

Bir şeir yaz,

Sözlər qılınc kəsilsin,

Əyrilərə düzlük dərsi olsun…

Əllərim ümidlə qalxsın göyə,

Adım unudulmasın -

Qəlblərdə yaşasın.

 

Bir şeir yaz -

Elə bir şeir ki,

Oxuyanlar səssizcə köks ötürsün,

“Bu, Xuramanın şeiridir…”

- deyib,

Gözlərinə  nur, qəlblərinə fərəh gətirsin...

 

 

               Türkün  Xanımı

 

Türkün xanımı - millətin, xalqın qeyrəti,

Elin məğrur duruşu, hünər, əzəmət kimidir.

Qəlbindəki dualar  yüz illik tarixdən gələr,

Səbrində, əməlində - Tanrıdan hikmət kimidir.

 

O - ləyaqət güzgüsü, həm anadır, həm bacıdır,

Haqqı heç ödənməyən - sonsuz hesabat kimidir.

 

O- Türkün xanımıdır, igidlər verər vətənə,

Şərəfiylə ucalar, əlçatmaz nemət kimidir.

 

Həm çiçəkdir, həm polad, həm zərifdir, həm də ki, sərt,

Qanı Türkün qanıdır - gücdür, dəyanət  kimidir.

 

Göz yaşlarında dua, gülüşlərində bahardır,

Sözü - namus sözüdür, xalqa əmanət kimidir.

 

O - sevgidir, mərhəmətdir, nurdur, bərəkətdir,

Onu Allah göndərib - göylərdən enmiş mələkdir.

O - Türkün  anasıdır, yerdəki cənnət kimidir,

O- Türkün  xanımıdır, yerdəki cənnət kimidir.

 

 

          Sübh  Dualarım

 

Sübh namazında – hələ  qaranlıqda,

İşıq  doğmamış, üfüqlər  yanmamış.

Dənizlərin  üzərindən  süzülən dualarım,

Buludları  yara-yara  yüksəlir  göylərə.

 

O dualar - qəlbimin  sükut  çiçəkləridir,

Yaradana  boylanan  yalvarış  səsləridir,

Səmalara  toxunur, ulduzlara  qarışır,

Mələklərdə  dil  açıb  elə  məndən  danışır.

 

Sabahın  sükutunda  eşidilən  bir  nida,

Ümidimin  çırağı, ruhumun   yüksəlişi.

Göylərə  qalxan  o saf  yalvarışlar...

Məni  Rəbbimə  ən  yaxın  edən  anlar.

 

Şükürlə  açılar  dua  əlləri,

Səmada  pıçıldar  iman  dilləri.

Rəhmətin  yağışı  ruhuma  qonar,

Ümidlə  açılar  könül  gülləri.

 

O-Allaha  bağlılıq  o, ruhun  pıçıltısı,

O,  rəhmət   yağışıdır, göydən  yerə  dönəcək.

Dua  acizlik  deyil, iman  gücünün  səsi,

O sevgidən  yaranır, Yaradana  dönəcək…

 

      “Ağ  saçlarım”

 

İllər  pıçıldadı  ki, saçlarının  ağı  çox.

Dedim, hesabsız  olan  bircə  telim  belə  yox.

Sevda  ilə  ödənmiş, ağ  saçların  hesabı,

Eşqlə  möhürlənibdir  onların  hər  kitabı.

 

Güzgü  söylədi  mənə, saçlarına  yağmış  qar...

Dedim, onlar  ömrümün  çiçəkləri, gülüdür.

Səni  dərdə  salmasın  bu  ağların  çoxluğu,

Hər  telim  bir  xatirə, bir ömrün  mənzilidir.

 

Saçlarımdakı  ağlar  həsrətimin   izidir,

Qaranlıq  gecələri  nişıqlı   gündüzüdür.

Sevgi  ilə  yazılmış  susqun  məktubdu  onlar,

Ürəyimdə  gizlənən  bir  sevdanın  izidir.

 

  tellərYaradanın  verdiyi  hikmət  tacı,

Onlar  ömrümün  yolu, sevda   fəlsəfəsidir.

Ağaran  hər  bir  telim  həyatın  həqiqəti,

Ömrün    çiçəkləri, ürəyimin   səsidir.

 

Saçımdakı     tellər  bir  xatirə, bir  dua,

Qocalıq  yükü  deyil, səbrin   nişanəsidir.

Səni   dərdə  salmasın  qoy  ağaran  saçlarım,

Onlar  Allahdan   gələn  ömrün   hədiyyəsidir.

Onlar  mənlə  yürüyən  eşqin   pərvanəsidir.

 

 

       Azərbaycan-Türkiyə 

 

Əzəldən bir doğulub

Birgə boy atmısınız,

Adı, ruhu, qanı, bir,

Kökü, soyu, canı  bir,

Siz doğma qardaşsınız

İşıqlı  gələcəyə 

Azərbaycan-Türkiyə!

 

Tarix boyu  bir olub

Yolunuz, məqsədiniz.

Dünyaya  car çəkibdi

Türk adlı haqq səsiniz,

Sizin bu varlığınız

Bölünməzdir ikiyə

Azərbaycan-Türkiyə!

 

Baş  əyməz türk övladı

Düşməninə, yadına.

Sadiq olub hər zaman

Özünün türk adına.

Layiqdir ərənliyə,

Layiqdir hər sevgiyə,

Azərbaycan-Türkiyə!

 

Daşınızda doğmalıq,

Sözünüzdə qürur var.

Yenilməz vüqarınız

Düşmənin bağrın  yarar.

Siz ey doğma şahinlər,

Turana gedən yolun

Göyərən ümidləri

Sülhün göyərçinləri!

Nə mutlu Türküm deyə,

 Azərbaycan-Türkiyə!

 

 

      Kəndimiz  yada düşür...

 

Düşüb xəyallarımın

Yenə şirin vaxtına...

Əyləşirəm ömrümün

Şirin-şəkər taxtına...

Keçirəm uşaqlığın,

Gəncliyin xoş çağından

Keçirəm kəndimizin

Sakit axan çayından...

Boylanıb gül qoxulu

Çiçəkli çəmənindən

Dərirəm laləsindən,

Küskün bənövşəsindən.

Bağ-bağçamız gülüşür,

Kəndimiz yada düşür...

Göz gəzdirib sürməli

Al-əlvan meşəsinə.

Üzümü söykəyirəm

Dağların sinəsinə..

Çobanın tütək səsi,

Yazın ilıq nəfəsi

Qonum-qonşu harayı,

Sevindirir hər kəsi,

Bulud-bulud  yağışlar.

Qəlbimin sərinliyi,

Torpaq qoxusu duyur,

Ruhumun dərinliyi.

Könlüm elə üşüyür

Kəndimiz yada düşür...

Qol budaqlı çinarlar,

Yollara işıq saçır.

Neçə qəlblərə fərəh,

Ümudlərə yol açır...

Neçə ömür sirdaşı,

Neçə sevən ürəyə

Olubdu yol yoldaşı.

Hər düşən yarpağında,

Bir sevdanın izi var,

Hər yarpağın köksündə,

Bir yarımçıq arzu var.

İllər necə ötüşür...

Kəndimuz yada düşür...

Atalı, həm analı

Ömümün ən xoş günü.

Necə də sevinərdik

Kəndimizin toy günü.

İsti ocağımızın

Başına yığışardıq,

Nağıllı gecələrdə

Nağılla yarışardıq.

Doğmaların ətrini

İndi kənddən alıram,

Ömrü günü beləcə

Sakit yola salıram

Yolların ayrıcında

Xəyallarım görüşür

Kəndimiz yada düşür...

 

      Səcdənə  gəlmişəm, Şuşam!

 

Həsrətdən üşüyən  arzularımı, 

Götürüb səcdənə gəlmişəm, Şuşam. 

Neçə baharımı, neçə yazımı, 

Sənsiz həyatımdan silmişəm, Şuşam. 

 

Mərmi gülüşlərin göz dağım olub, 

Hər damla göz yaşın bulağım olub, 

Sənsiz kaş bilsəydin nə çağım olub, 

Dərdinlə can verib ölmüşəm, Şuşam. 

 

Anam tək sinəmə bağladım səni, 

Hər gecə, hər gündüz qoxladım səni, 

Otuz il ürəkdən ağladım səni, 

Otuz il ürəksiz gülmüşəm, Şuşam. 

 

Qarlı dağlarına çökən duman-çən, 

Mənim ürəyimə çökmüşdü  nədən, 

Ruhumu özüylə aparıb gedən, 

Dünyanı öz dünyam bilmişəm, Şuşam. 

 

Olub keçənləri unudaq daha, 

Bağışla, deyəsən batdım günaha, 

Bilsəydin açılan bu xoş sabaha, 

Nə qədər qurbanlar kəsmişəm, Şuşam. 

 

Xoşdur azadlığın, xoşdur bu sədan,

 Səni gözlərimdə yaşatdım hər an, 

Səcdənə durubdur qızın Xuraman, 

Səni candan artıq   sevmişəm, Şuşam.

 

 

         Turan  elləri

 

Gözün aydın olsun, ey ulu yurdum,

 Yayıldı dünyaya Türkün gür səsi!

Nuruna  qərq  oldu könüllərimiz,

Cahana  od saldı Turan nəfəsi…

 

İgid oğullarım, çıxıb  tufandan,

Qaldırdı göylərə  “kurt  başlı”  tuğu!

Zəfər tarixini yazan əllərim,

Göstərdi âləmə  “Dəmir Yumruğu!”

 

Yenilmez Türk  ruhu, Türkün  geyrəti,

 Tarixin bağrından qopup gəldik biz!

Bu torpaq uğruna, vətən uğruna,

Qan axıdıb can verərək öldük biz!

 

Yüksəldərək yurdun  hür bayrağını,

Duyduq azadlığın  şirin dadını.

Çıxdıq savaşlardan alnımız açıq,

Yaydıq  bu dünyaya Türkün adını.

 

Birlikdə  yürürlər Kızıləlma’ya, 

Qardaş  Türkiyə’ylə, can Azərbaycan.

Kazak, Türkmən, Özbək, Kırgız da gəlir,

Qurulacaq mütləq, o büyük Turan!

 

Sönməyən çırağam , yanan ocağam,

Əslım Oğuz Türk’ü, hədəfim Turan.

Günəş kimi doğub yurdum üstünə,

Saçarım nurumu,  rəhbərim Qur’an.

 

Əsirlərlə  ayrı düşsək də bizlər.

Tariximiz eynı, dilimiz birdir.

Bir ağacın qollarıyıq  biz Türkler,

Qönçəmiz də birdir, gülümüz birdir.  

 

Gəlin, səmasında qanad  gərək biz,

Sarsın qollarımız Turan  elini.

Birləşək biz  eyni bayraq altında,

Bayrağımız olsun, TURAN  gəlini!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

 

 

Cümə axşamı, 11 Sentyabr 2025 08:28

Sumqayıt səninlə fəxr edir, CƏBRAYIL DÖVLƏTZADƏ

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəzi şəhidlər var ki, həqiqətən də adları dillər əzbəridir. Belə şəhidlər sırasında dayanan Cəbrayıl Dövlətzadə sumqayıtlıdır, sumqayıtlıların qürur yeridir.

 

Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilinə Sumqayıt şəhəri "Təfəkkür" liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub..

 

Təltifləri

1. "Vətən uğrunda" medalı (ölümündən sonra)

2. "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)

3. "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Cəbrayıl Dövlətzadə vəfatından sonra Azərbaycan cəmiyyətində Polad Həşimovun intiqamını alan əsgər olaraq anılır. Yazıçı Azad Qaradərəli 2021-ci ildə Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən “Cəbrayıl əfsanəsi” adlı roman yazıb. Əsər proloq, epiloq və 19 fəsildən ibarətdir. "Palmali" şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov 2022-ci ildə Cəbrayıl Dövlətzadə adına gəmi istifadəyə verib. Gəminin medalyonlarını Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadəyə təqdim edib.

 

Allah qəhrəmanımıza rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2025)

5 -dən səhifə 2421

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.