
Super User
Qalada əncir festivalı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda əncir festivalı keçirilib.
“Ədəbiyyqt və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Abşeronun təbii zənginliklərini və xüsusilə Qala bölgəsinin əncirçilik ənənələrini təbliğ etməyi hədəfləyən bu festival yerli sakinlərin, fermerlərin, turistlərin və media nümayəndələrinin diqqətini cəlb edib.
Festival çərçivəsində iştirakçılar əncirin mətbəxdə və təbiətdə rolu, həmçinin sosial və mədəni əhəmiyyəti ilə yaxından tanış olublar. Yerli şeflərin təqdimatında keçirilən kulinariya şouları zamanı əncirdən hazırlanan müxtəlif yeməklər nümayiş etdirilib və dadım nümunələri təqdim olunub. Festivalın şef arenaları bölməsində İçərişəhərdə fəaliyyət göstərən “Shakh Garden”, “Qəbələ”, “La Quzu”, “Pendir Çörək”, “Çay bağı 145” restoranlarının peşəkar aşpazları tərəfindən əncirəsaslı yeməklərin hazırlanması nümayiş etdirilib və mətbəx həvəskarlarına praktiki məsləhətlər verilib. Bu fəaliyyət həm peşəkar, həm də həvəskar iştirakçılar üçün əsl təcrübə fürsətinə çevrilib.
Tədbir çərçivəsində qadın sağlamlığına dair xüsusi müzakirə paneli təşkil edilib. Ənənəvi təbabət və müasir tibbi yanaşmaların bir araya gətirildiyi bu sessiyada iştirakçılar ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı qazanıblar.
Uşaqlar üçün isə “Nənənin nağılları” adlı xüsusi proqram həyata keçirilib. Qədim Abşeron nağılları balaca ziyarətçilərə nəql olunub, regionun zəngin folkloru və mədəni irsi tanıdılıb. “Müdriklik Ağacı” və meditasiya guşəsi də festivalın diqqətçəkən məkanlarından biri olub.
Festivalda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutları – Meyvəçilik və çayçılıq, üzümçülük və şərabçılıq, əkinçilik, baytarlıq, heyvandarlıq və Bitki Mühafizəsi Elmi-Tədqiqat institutları öz fəaliyyət istiqamətləri üzrə təqdimatlarla çıxış ediblər. İştirakçılara bu institutların meyvəçilikdə innovativ yanaşmalar, üzümçülük və şərabçılıqda yeni texnologiyalar, ekoloji dayanıqlı əkinçilik üsulları, baytarlıq və heyvandarlıqda sağlamlıq xidmətləri, həmçinin bitki mühafizəsi sahəsində qabaqcıl həllər barədə məlumatlar təqdim olunub.
Bununla yanaşı festivalda, tingçilik və bitki mühafizə şirkətləri də öz məhsul və xidmətlərini sərgiləyiblər.
Tədbirdə Aqrar Xidmətlər Agentliyi də iştirak edərək fermerlərə göstərilən xidmətlər – bitki sağlamlığı, toxumçuluq, laboratoriya xidmətləri, torpaq və su analizi, baytarlıq və fitosanitar xidmətlər barədə məlumat verib.
Festivalın sonunda Qala Qoruğunun ərazisində əncir tingləri əkilib.
Sonda böyük süfrə başında əncirəsaslı ləzzətli təamlar iştirakçılara təqdim olunub
“Ədəviyyat və incəsənət”
(09.09.2025)
Böyük alimin yadigarı FƏRƏH ƏLİYEVA
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki: - “Mən atamdan çox şey öyrənmişəm. Onun ömür yolunda özündən sonra qoyduğu təmiz ad və ləyaqət övladlarına bir mirasdır. Atam həmişə işlədiyi Bakı Dövlət Universitetini özünün birinci evi hesab edirdi. O, 60 ildən çox bu universitetdə çalışıb. Onun düşüncəsində Bakı Dövlət Universiteti Azərbaycan elminin bir modeli idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləndə atam ən əziz övladının ən xoş günü kimi sevinirdi…”
Haqqında söhbət açdığım Fərəh Əliyeva görkəmli alim, bütün ömrü boyu Cümhuruyyət və mətbuat tarixini araşdıran professor, rəhmətlik Şirməmməd Hüseynovun yadigarlarından biridir. 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə indiki Bakı Musiqi Akademiyasını bitirərək, bu ali məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlayıb, dərs deyib. Sonra akademiyanın elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilədək Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.
1994-cü ildə "XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 11 may 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir. Eyni zamanda Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Bir neçə kitabın müəllifidir.
Xidmətlərinə görə müxtəlif dövlət mükafatlarına layiq görülüb:- 2017-ci ildən Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adını daşıyır. 2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub...
Çox səliqəli, xoş xasiyyətli və xeyirxahdır. Ardıcıllığı sevir. Hər bir hərəkətini əvvəlcədən planlaşdırıb, həyata keçirir. Ciddi insan olduğundan, qərarları da ciddi olur. Hər bir qənaəti ağıl və məntiqə söykənir. Sabitliyi çox yüksək qiymətləndirir, bunun üçün hisslərini cilovlamağa hazırdır. Nizam-intizamı xoşlayır. Mükəmməl bir insan olduğu üçün təkcə özünə qarşı deyil, ətrafdakılara qarşı da tələbkardır. İdeal sahibədir. Səhərdən axşama kimi işlə məşğul olsa da, heç vaxt evindəki nizamı başqasına tapşırmır. Mehriban və qayğıkeş xanımdır. Liderlik qabiliyyəti yüksəkdir. Vaxtını bölüşdürməyi bacarır, necə deyərlər, həyatının bir tərəfi digər tərəfə görə heç vaxt əziyyət çəkmir, hər yerdə vaxtında olur və hər şeyi nəzarətdə saxlaya bilir...
“Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin məqalələrindən birində çox maraqlı detal oxumuşdum. Qeyd edirdi ki, avropalıların mədəsində həzm olmaq istəmirsinizsə, onların beyinlərinin məhsullarını həzm edin. Yeni nəsil diasporumuz artıq mədədə həzm olunmayacaq, ancaq onlar özləri beyin məhsullarının yaradıcıları olmalıdırlar. Bu həm də Azərbaycan diasporunun hədəfidir. Davamlı işi yeni nəsil həyata keçirə bilər. Onlar artıq həmin ölkələrin bərabərhüquqlu vətəndaşları kimi işləməlidirlər. Akademik səviyyə o qədər dərin, nüfuzedici olmalıdır ki, sözü keçərli olsun, səsi eşidilsin. Xaricdə yaşayan soydaşlarımız bir məsələni dərindən bilməlidirlər ki, onların missiyası Azərbaycanın mənafeylərinə uyğun haqqın, ədalətin carçısı olmaq və bunu ustalıqla həyata keçirməkdir.”- söyləyir…
Şən, gülərüz, diqqətli, nəzakətli və nəcibdir. Xaraktercə realistdir, həyatdan nə istədiyini yaxşı bilir. Məntiqə söykənməyən arzular haqqında xəyal qurmağı mənasız sayır, həm də sevmir.
O, öz imkanlarını adekvat qiymətləndirməyi bacarır və həmişə yalnız öz gücünə arxalanır, üstəlik çox məsuliyyətlidir. Bütün bunlarla yanaşı, dövlətə, dövlətçiliyə sidqi ürəkdən bağlı və sadiqdir. Bu yolda xidmət etməkdən zövq alır. Sanki ömür bitər, amma işlər bitməz!- devizi onun üçündür...
Deyir ki:- “Vətənin, millətin taleyi anlayışı ortaya gələndə biz dəmir yumruq kimi birləşə bilirik və bu yumruğun gücü çox qüvvətlidir.”
Bəli, Ali Baş Komandanın timsalında biz bu yumruğun necə Zəfər çaldığının şahidi olmuşuq. Sentyabrın 7-si Fərəh xanımın növbəti ad günü oldu. Əminik ki, yeni yaşıbda da o, yalnız uğurları sıralayacaq.
Fərəh xanıma fərəhli günlər arzusu ilə.
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
Araz axar lil ilə...
Azadə Novruzova,
şair, publisist. “Ədəbiyyat və incəsənət”
Tamxil müəllimi tanıyandan Vətəni, yurdu necə əziz tutduğunun şahidiyəm. Hələ çoxdan “Bütöv Azərbaycan” deyib durub. Deyir niyyətimə o qədər kəm baxanlar olub. Amma arzuya, niyyətə qoruq-qəytağ yoxdur. Gəlir könüldən keçir və səni rahat qoymur. Ürəyin o istək üçün atdanır.
Bir ağbirçəkdən eşitmişdim deyərdi ki, könlündən həmişə gözəl istəklər keçir. Allah verəcək, nəsib edəcək. Sən eləcə sidq ürəkdən arzula.
Deyirəm Tanrı sənə gözəl bəxt-tale yaza, fələk görə oddana. Götürüb ağ kağıza qara dağıda. Sən də bir ömür qaragün olasan. Qanın bir, canın bir, dilin bir, xeyir-dıvan (duan) bir, oturub-durduğun bir ola gavır gələ aradan məftilli hasarlar çəkə. Və həmən gündən o tay o tayda qala, bu tay bu tayda. Olasan indən belə o tay Azərbaycan, bu tay Azərbaycan.
Düz (1828-2025) 197 il ayrılıq odunda qovrulasan, yanasan. Hadisənin cəbrini hesablamaq adi, yazmaq asandır. İki min iyirmi beş çıx min doqquz yüz iyirmi səkkiz bərabər oldu yüz doxsan yeddiyə. İndi gəl bu illərdə yaşananları yaz. 197 kitab da bəs etməz. Heç cürə sadələşmir ki, sadələşdirəsən, ortaq məcrəc tapasan, qüvvətə yüksəldəsən, kokaltına alasan, kəsrə çevirəsən, kəsirdədirsə kəsirdən azad edəsən, vurasan, böləsən, toplayıb, çıxasan. Yüz minlərlə taledən bəhs edəsən, milyonlardan söz açasan.Yerində qalan doğmalarına ara açılanda gedib qardaşımı, bacımı, əmimi, dayımı, xalamı, bibimi axtarın tapın vəsiyyəti ilə dünyasını dəyişənlərin ruhları hələ də sərgərdan, hələ də Arazın üstündə dolanırlar. Bu dərdin dəvasını niyyət edirik ki, ara açıla, get-gəl ola üstüaçıq, qaysaqsız yaralar qəvr edə yavaş-yavaş sağala. Heç buna kəm baxarlar, ay gavır?
Yaxşı adamın səni arayıb, axtarmağı sevincdir. Tamxil müəllimin zəngi həmişəki kimi xoş oldu. Xudafərinə bir səfərimiz olacaq, Sizi də ürəyimizdən keçirtdik, uyğun olacaq? Götür-qoy etmədən bəli dedim. Elə isə hazırlanın gedib Xudafərini ziyarət edəcəyik. Təşəkkür etdim, sağollaşdıq. Bir iki gün sonrakı zəngində səfərimiz Laçına olacaq deyəndə yenə bəli dedim, niyə belə oldusunu soruşmadım. Çünki, niyə sualı çoxdan bilirəm ki, cavabsız olur. O sualı heç kimə vermirəm. Bu gün gəldi, o gün də gələcək. Laçına deyib gülə-gülə getdiyimiz kimi Xudafərinə də gedəcəyik. Araz Həkəri kimi sevincdən coşub daşacaq.
Ortancılımız Nicatın tələbə adı qazanmağı, Laçın səfərimizin sevincinə qarışdı. Nicatla çıxdıq yola. Yazımızı yazana şükürlər olsun. Qərib bacım səfərimizdən xəbər tutub ismarıc yolladı. Laçının nəfəsinə toxunan 38 ildir ki, dağın o üzündə qalan və Minkənddən əlimizin içi kimi görünən Şəkimizdən əsən mehi doyunca ciyərlərinizə çəkin. Mənim də payımı gətirin. Bu əmanət payın boxcasın Nicat könlündə bağlayıb quşun qanadında xalasına yetirdi. İlahi bizi bütün arzu, niyyətlərimizə beləcə tez yetir. Yazının əvvəlində etdiyim niyyətimizə də işıq sürəti ilə elə yazının sonunda yetək.
Araz axar gül ilə, Həkəri coşar sevincdən... Ay Laçın, can Laçın! Biz sənə mehman Laçın!
Laçınla aramızda çox bağımız var. Dədə-baba qohumluğumuzdan çox əziz günləri xatırlayıram. Ərrəhman babamın qohum əqrabası Minkəndə Şəkidən gedənlərdən idi. Feyzullah baba əli dolu, paylı-püşlü gəlib gedərdi. Yaşıl iri çamadanı bu günkü kimi yadımdadır. Ərrəhman babam ona əmioğlu deyərdi. Misir əmini, İbrahim əmini də xatırlayıram. Evimizdən, isti ocağımızdan hər dəfə bizi özləri özlərinə hay, bizim isə erməni dediklərimiz didərgin salanda üz tutduğumuz tutalgah Laçın və Naxçıvan olub. Kimin gümanı hara çatıb quru canlarını götürüb ora gediblər. Pis günümüzün yiyəsi olublar. Eviniz, eşiyiniz həmişə abad olsun, dar gündə olanın üzünə həmişə açıq qapınızda Allah toy-düyün havasın əskik etməsin. Laçında, Şahbuzda, Naxçıvanın özündə Şəki əsillilərimiz xeylidir. Səs-sədalarını eşidib, yüksək məqamlarından xəbər tutanda şad oluruq.
Şəki deyəndə əksəriyyət Nuxa Şəkisini düşünür. Yox e mən əzəl Şəkidən, Zəngəzurun qədim Şəkisindən deyirəm. Yaşı tarixin yaddaşına eramızdan əvvəl yazılan, hər daşı tarix olan, əsrarəngiz təbiəti, füsunkar gözəlliyi olan sanki Tanrının öz qələmi ilə çəkdiyi şəkil Şəkimizdən...
Bakıdan ta Laçınacan keçdiyimiz yolu-izi yaddaşıma köçürdüm. Elə qəribsəmişdim... Bizim Bakıya yolumuz - Qarakilsə-Bakı avtobusunun gediş-gəlişi Laçından, Şuşadan keçirdi. Yenə də keçəcək!
Sübh namazına cəm olub, əsr namazına Laçına çatdıq. Səfərdə iştirak edənlər bir-birimizi daha yaxından Laçında tanıdıq. Çoxumuz qahım çıxdıq. Amma bu günə kimi bir-birimizdən xəbərimiz olmayıb. Deportasiya bəlasına bizi düçar edənlər elə özləri bu zülmə düşsünlər. Dünyadan köçənlərindən, qalanlarından xəbərsiz-ətərsiz, diyarbadiyar olsunlar. Laçında şərqi qərbi bütövləşdi Zəngəzurun. Bizim təhər deyim, “Bitəv Zəngəzur” olduq. Laçın bəxtəvər gəlin kimi bərbəzəkli, üzü gülər qarşıladı bizi. Bəylik kəndində köçümüzü saldıq. İlahi, şükür sənə. Gül-çiçək, ot-ələf, daş-qaya, dərə-təpə, Həkəri çayı üzümüzə gülürdü. Hələ Laçına qayıdan laçınlıları demirəm. Gözləri gülürdü. Ərk edib sağ əlinizi başımıza qoyun, ay laçınlılar, bizdə yurdumuza qayıdaq dedim. Susub eləcə bir-birimizin dolan gözlərinə baxırdıq. Birimiz sevincdən, birimiz həsrətdən. Bəylik kəndinin ağsaqqalı Asif müəllim, irəli gəlib qızım, sağ əlimi sənin başına qoyub, sidq ürəkdən deyirəm, Allah sizi arzunuza çatdırsın. Bizim kimi öz evinizə yığışasınız. Hər kəs bir ağızdan Amin dedi.
Uzaq yolun yorğunluğun alıb, axşamüstü çay qırağına endik. Adaşım Azadə xanımla çayboyu səssiz-səmirsiz aşağı-yuxarı xeyli gəzdik. Həkərinin laylası könlümü dilə gətirdi.
Əzizim nə çəkirəm,
Kim bilir nə çəkirəm.
Şəki, səndən aralı
Gor əzabı çəkirəm.
*
Əzizim Taxtakörpü,
Çox gördüm taxtakörpü.
Şəki, yadımdan çıxmır
Səndəki taxtakörpü.
*
Şəki səni istərəm,
Həsrətindən xəstəyəm.
Üzüm sənə sarıdır,
Gəlirəm at üstəyəm.
Bu heyində uzun illər bir yerdə çalışdığımız indi isə Laçına geri dönən əziz Zülfiyyəm Laçında olduğumu eşidib görüşümüzə gəldi. Sevinc içində sevinc yaşadıq. Laçına xoş gəlmisiniz, bacı! Gözüm güldü, könlümün çiçəyi çırtdadı. Bu xoş gəldin ürəyimə yağ kimi yayıldı.
İlk ziyarətimiz Laçında tənha şəhidin məzarı oldu. Şəhid Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları 44 günlük Vətən Müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonunun Xudafərin kəndində tapılaraq doğulduğu Laçın rayonunda torpağa tapşırılıb. Camal Quliyev könüllülər dəstəsində Laçın, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində fəal iştirak edib. Bu tənha şəhid məzarı günaltında od kimi alışıb-yanırdı sanki. Laçının girəcəyindəki bulaqdan su gətirmişdik, gülə-çiçəyə bələndi bir an içində tənha məzar. Elə hiss etdim ki, göy-yerə birləşəcək bu an. Əl uzatsan buludlara çatacaq. Bu müqəddəs ziyarətdə hisslərimi olduğu kimi ifadə edə bilmədiyimi etiraf edirəm. Sevinc, göynəlti, qəhər, sızıltı, qürur daha nələr yaşatdın İlahi! Vətən uğrunda yola çıxan hər bir şəhidimizi hörmət və ehtiramla anıb, əziz ruhlarına rəhmətlər oxuduq.
Şad gündə gəlmişdik, bu ziyarətə. Torpağa tökülən müqəddəs şəhid qanından gül-çiçək boy atıb üzümüzə gülürdü azad Laçında.
Anam həmişə deyir ki, 37 ildir ki, üzü Şəkiyə sarı yatıram. Atamın dağılan məzarı yuxumdan çıxmır... Bu gecə mən də üzü Şəkiyə sarı yuxuya getdim. Şəki qibləm oldu. Can Vətən, sərin meh nəfəsini nəfəsimə toxundurdu. Könlüm gecənin səssiszliyinə pıçıldayırdı... Bu meh Vətəndən əsir...
Bir meh əsdi, basdı məni bağrına
Elə bildim,
ayrılığı əsir alıb, anam qucdu ruhumu.
Elə bildim,
zindan çəkib, qandal qırıb atam sardı boynumu.
Elə bildim,
qonaq gəldi əsgər gedən qardaşım.
Elə bildim,
Tanrı payım balam öpdü əlimi.
Elə bildim,
qərib düşən əzizlərim, doğmalarım, yığışdılar başıma.
Aman Allah, bu meh Vətəndən əsir,
dilim-dodağım əsir,
əlim ayağım əsir,
Bu meh vətəndən əsir,
Əsir vətəndən, əsir.
Çiçəkdən-güldən əsir,
Obadan-eldən əsir,
Dağılan məzarlıqdan
Qəbirdən-gordan əsir
Əsir vətəndən, əsir
Bu meh Vətəndən, əsir...
Onu da bildirim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə -“Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində həyata keçirilən görüşdə Laçın ictimaiyyətinin nümayəndələri, Bəylik kəndinin ziyalıları, ağsaqqalları, gəncləri ilə də yaddaqalan xoş anlarımız oldu. Taxtakörpüdə Laçınlılarla görüşümüzdə etdiyim niyyətim hasil olmuşdu. Laçınlılarla Laçında görüşmək arzulamışdım. Elə əziz laçınlılardan da Şəkidə görüşərik, deyib ayrıldım...!
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
Sumqayıtlı Vətən Müharibəsi qəhrəmanı ADİL İBRAHİMLİ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sumqayıt şəhərindən çıxan Qarabağ müharibəsi qəhrəmanlarından daha biri barədə danışmaq istəyirəm. Bu gün onun doğum günüdür. 1-ci Qarabağ müharibəsi günlərində dünyaya gəlib 2-ci Qarabağ müharibəsi günlərində şəhadətə ucalan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil İbrahimliyə gəlin Allahdan rəhmət diləyək.
Ailəli idi. 2 övladı yadigar qalıb.
Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib.
2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edib.
Baş leytenant Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Adil İbrahimli qələbənin bircə addımlığında olarkən noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
II Fəxri Xiyabanda dəfn olunub.
Təltifləri
1. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
2. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
3. "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
4. "Vətən uğrunda" medalı (ölümündən sonra)
5. "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
6. "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
7. "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
2021-ci ildə Sumqayıt şəhərində Adil İbrahimlinin adına yaşadığı ərazidə bulaq tikilib. 2021-ci ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adı verilib.
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 13-1.Mütaliə mədəniyyətinin inkişaf mərhələləri
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
13-1.
MÜTALİƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ
Mütaliə mədəniyyətinin inkişaf mərhələləri 3-dür.
1. BİRİNCİ MƏRHƏLƏ. Bədii əsərdə bir qism oxucu hər şeydən çox onun məzmunu, fabulası ilə maraqlanır. Digər qism hiss, həyəcan, ehtiras axtarır. Hər iki kontingent üçün asudə vaxtı səmərəli keçirmək, yaxşı əylənmək üçün mütaliə lazımdır. Bu, əyləncəli mütaliədir. Əyləncəli mütaliə Mütaliə mədəniyyətinin ən aşağı mərhələsidir. Məsələn, satılma tirajına görə dünyada ilk cərgədə qərarlaşmış kitablar “Harri Potter” seriyasıdır ki, müəllifi C.K.Roulinq olan bu romanlar macəra janrındadır, gənc sehirbaz Harri Potter və onun dostlarının sərgüzəştlərindən bəhs edir. Bu romanlar əyləncəli mütaliə üçün nəzərdə tutulubdur. Ən çox satılanlar sırasında müasir bir sıra yazarların, eləcə də klassik dönəmin Aqata Kristi, Artut Konan Doyl kimi ustaların yazdıqları detektivlər də ön sırada qərarlaşıbdır. O xümlədən bizim ölkəmizdə bu janra maraq böyükdür. Dünyaşöhrətli Xalq yazıçımız Çingiz Abdullayev, kitabları Teas-press yayın evinin satış listəsində həmişə öndə qərarlaşan Elxan Elatlı, yeni debüt etmiş Fəxrəddin Qasımoğlu azərbaycanlı detektivsevərlərə bir-birindən maraqlı yeni-yeni kitablarını ərməğan etməkdədirlər. Detektiv janrı əyləncəli mütaliənin ən geniş yayılmış və populyar növüdür.
Əyləncəli mütaliənin bir növü də erotik romanlardır. 2015-ci ildə işıq üzü görən və qısa müddət ərzində 55 ölkədə çap olunan, tirajı milyonu keçən “Bozun əlli çaları” romanının triumfunu kim xatırlamır? Britaniyanın qadın yazıçısı E.L.Ceymsin qələmindən çıxan bu roman məhz erotik romandır.
Əlbəttə ki, kitab oxumaq özlüyündə müsbət haldır, istənilən şəxs kitab oxuyursa onu alqışlamağa dəyər. Zira, əgər o, sonadək yalnız əyləncə xatirinə kitab oxuyursa, bu artıq alqışlanası hal deyil. Belə ki, əyləncəli mütaliə oxucunun zövqünü korşaldır, nəticədə həqiqi sənət əsərləri onlara darıxdırıcı, maraqsız gəlir. Qoy oxucular macəra da oxusunlar, detektiv də oxusunlar, insanları kitabı sevdirmək, mütaliəyə alışdırmaq üçün əyləncəli mütaliənin əhəmiyyəti böyükdür, amma sonradan oxucuların mütaliə mədəniyyətini inkişaf etdirmək, onları 1-ci mərhələdən 2-ci mərhələyə qaldırmaq zəruridir.
2. İKİNCİ MƏRHƏLƏ. Əgər oxucunun mütaliə mədəniyyəti 1-ci mərhələyə nisbətən yüksəkdirsə, onu 2-ci mərhələyə aid edirlər. Bunlar bədii əsərdən böyük estetik zövq və yüksək həzz alan oxuculardır. Onlar oxuduqları əsərləri dərk edirlər. Halbuki, mütaliə mədəniyyətinin 1-ci inkişaf mərhələsində olan şəxslər barədə bunları söyləmək olmaz. Məsələn, yazıçı Varis “Yeddi iyunun yazısı” essesində yazır: “Bizə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları”ni tədris edəndə 3-cü minillik insanının mobil telefondan və internetdən qopub kitaba inteqrasiyası üçün yazıçıya cəmi 3 abzas şans verildiyini bildirmiş, uzunçuluqdan, müəmma və mücərrədçilikdən, bol bədii ifadə vasitələrindən qaçmağın lüzumunu sübut eləmiş, əsas oxucu kütləsi sayılan, hədsiz sosiallaşmış Z nəslinin maraq dairəsini nəzərə almağı tövsiyyə etmişdilər. Və ən əsası, təlqin olunmuşdu ki, hər bir bədii əsər öz mesajı ilə dəyərlidir.
Bəs nə edəsən ki, əksər oxucularımız hadisə təfsilatına, təhkiyəyə uyurlar, amma mesajlara önəm vermirlər? Bakı Kitab Klubunun elan etdiyi kimi, Azərbaycanda ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanımı oxuyanlar bir uğursuz sevgi əhvalatına təəssüflə acıyırlar. Halbuki, o romanda sevgi əhvalatı yalnız butaforadır. Canlı olan isə "məqsəd vasitələri doğruldur” deyərək ən əyri, ən alçaldıcı yollarla məqsədlərinə çatanlara bu sayaq yüksəlişin sonda çöküş olacağı qanunauyğunluğunu sübut etməkdir.”
Həqiqətən də cəmiyyətin qarşısında duran ən ümdə məsələ kitab oxuyanların sayını artırmaqdır, eyni zamanda, onların mütaliə zövqünün də korşalmasına imkan verməməkdir. Bu isə, həqiqətən, çox çətin bir prosesdir və özlüyündə həm naşirləri, həm yazarları, həm kitabxana əməkdaşlarını, həm pedaqoqları, həm də ki, əlbəttə, valideyinləri külüngü eyni nöqtəyə vurmağa səfərbər edir.
3. ÜÇÜNCÜ MƏRHƏLƏ. 3-cü mərhələnin oxucusu böyük estetik mədəniyyətini, bədii yaradıcılıq xüsusiyyətini anlaması, əsəri bədii və ideya cəhətdən bütövlükdə təhlil etmək qabiliyyəti ilə fərqlənənlərdir. Əlbəttə ki, əgər oxucu Kafkanın “Qəsr”, Bulqakovun “Usta və Marqarita”, Oruelin “1984” romanlarını oxuyursa, Füzulinin qəzəllərini oxuyub rahat şəkildə qavrayırsa, demək onun mütaliə mədəniyyəti ən yüksək mərhələdədir.
Növbəti: 13-2.Mütaliənin hərtərəfli olması qaydası
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
Teatrımızda mükəmməl ad – KAMRAN QULİYEV
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət””
Naxçıvan Teatrında işlədiyi müddətdə Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev H. Cavidin "Şeyx Sənan"ında Keşiş, "Uçurum"unda Uluğ bəy, "Ana"sında Səlim, "Topal Teymur"unda Əmir Teymur, A. N. Ostrovskinin "Günahsız müqəssirlər"də Neznamov, A. Dudayevin "Astana"da Nikolay, H. Arzulunun "Əlincə qalası"nda Əmir Altun, "İtilənən Xəncərlər"ində Qubuşov, C. Məmmədquluzadənin "Kamança" pyesində Qəhrəman Yüzbaşı, "Anamın kitabı"nda Mirzə Məmmədəli, O. Kamalın "Yad qızı"nda Məzhər bəy, A. Turan Oflazoğlunun "Dəli İbrahim"ində Silahdar Yusif, N. Nərimanovun "Nadir şah"ında Nadir şah, N. Həsənzadənin "Atabəylər"ində Qızıl Arslan, "Pompeyin Qafqaza yürüşü"ndə Pompey, İ. Əfəndiyevin "Hökmdar və qızı"nda, İbrahim xan və s. rollar oynayıb. Bu rollar da onu məşhurlaşdırıbdır.
Kamran Quliyev 9 sentyabr 1958-ci ildə dünyaya göz açıb. 1981-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub, 1986-cı ildə institutu bitirib. Kamran Quliyev 1979-cu ildən Naxçıvan teatrında aktyor işləyir. 1997-ci ildən teatrın baş rejissorunu əvəz edib. 2004-cü il fevraldan 2013- cü ikin iyun ayına qədər teatrın direktoru və baş rejissoru vəzifəsində çalışıb.
Rejissor kimi Anarın "Sizi deyib gəlmişəm"(1992-ci il), Həmid Arzulunun "İtilənən xəncərlər"(1996), "Ərsizlər və arsızlar"(1999), "Mərhəmət məhəbbət deyil"(2003), Rauf İçərişəhərlinin "Arzum çin oldu"(1997), "Kələkbaz qızlar"(1999), Ramiq Muxtarın "Şəhərli kürəkən"(1998), Ü. Hacıbəyovun "Arşın Mal Alan"(1999), Həsən Elsevərin "Qorxulu oyun"(2000), H. Cavidin "Topal Teymur"(2000), "İblis"(2003),(2007), Elçinin "Mənim ərim dəlidir"(2001), "Mənim Sevimli dəlim"(2002), İ. Əfəndiyevin "Şeyx Xiyabani"(2001) Adil Babayevin "Yarımçıq şəkil"(2001), N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü"(M. Fərzəlibəyli ilə birlikdə 2002), İ. Məlikzadə "Gəl qohum olaq"(2002), M. F. Axundovun "Lənkəran xanın vəziri"(2004), Hidayətin "Bu dünyanın adamları"(2004), C. Məmmədquluzadə "Dəli Yığıncağı"(2005), Elman Həbib "Sahilsiz çaylar"(2005), Mir Cəlal "Dirilən adam"(2006) əsərlərinə və digər tamaşalara quruluş verib.
1987-ci ildə Azərbaycan SSR əməkdar artistİ, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 25 sentyabr 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. 26 iyul 2002-ci ildə Prezident Mükafatı alıb. Hazırda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində çalışır.
“Ədəbiyyat və incəsənət”
(09.09.2025)
Venesiya kinofestivalının mükafatçılarının tam siyahısı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İtaliyanın Venesiya şəhərində 82‑ci Beynəlxalq Venesiya Kino Festivalı bu dəfə də kimlərinsə triumfu, kimlərinsə uğursuzluğu, kino adına xeyli qənaətbəxş nəticələr, bəzi iadlar və çoxlu dedi-qodularla yadda qaldı. 27 avqust–6 sentyabr 2025 tarixlərində keçirilən festivalın əsas mükafatçılarını Reuters-ə istinadən təqdim edirik;.
1.
Əsas Mükafatlar
Qızıl Şir (Golden Lion) – Ən Yaxşı Film
Father Mother Sister Brother (rejissor Jim Jarmusch) festivalın ən prestijli mükafatına layiq görülüb.
Gümüş Şir – Böyük Jury Mükafatı (Grand Jury Prize)
The Voice of Hind Rajab (rejissor Kaouther Ben Hania) — bu film Qəzza zolağında beş yaşlı bir qızın yardım çağırışını təsvir edən və tamaşaçılar arasında 23 dəqiqəlik dayanmadan alqış dalğası yaratmış dramatik təsiri ilə tanınıb.
Gümüş Şir – Ən Yaxşı Rejissor
Benny Safdie – The Smashing Machine filmi ilə bu mükafata layiq görülüb.
Xüsusi Jury Mükafatı (Special Jury Prize)
Below the Clouds (rejissor Gianfranco Rosi) — əlavə xüsusi mükafat.
2.
Aktrisa və Aktyor Mükafatları
Ən Yaxşı Aktrisa (Volpi Cup)
Xin Zhilei – The Sun Rises on Us All filmindəki performansı ilə mükafatlandırılıb.
Ən Yaxşı Aktyor (Volpi Cup)
Toni Servillo – La Grazia filmindəki rolu ilə mükafata layiq görülülüb.
3.
Digər Mükafatlar
Ən Yaxşı Ssenari: At Work (Valérie Donzelli və Gilles Marchand)
Marcello Mastroianni Mükafatı – Luna Wedler – Silent Friend filmində göstərdiyi performansla.
Auditoriya Mükafatı (Armani Beauty Audience Award) – Calle Málaga (rejissor Maryam Touzani)
Lion of the Future (Debüt Filmləri üzrə) – Short Summer (rejissor Nastia Korkia)
4.
Orizzonti (Horizons) Bölməsi
Ən Yaxşı Film: En el Camino (rejissor David Pablos; Meksika) – həm əsas film, həm də festivalın Queer Lion mükafatını qazanıb.
Ən Yaxşı Rejissor: Anuparna Roy – Songs of Forgotten Trees ilə Orizzonti kateqoriyasında ən yaxşı rejissorluğa görə mükafat alıb. Bu, Orizzonti bölməsində mükafat alan ilk Hindistan rejissoru kimi tarixə düşüb.
5.
Həyat Uğurları və Onur Mükafatları
Kim Novak, 92 yaşında, festivalda Golden Lion for Lifetime Achievement — karyerasına görə həyat uğurları mükafatı ilə təltif edilib. Həmçinin festivala onun haqqında çəkilən “Kim Novak’s Vertigo” adlı sənədli film təqdim edilib.
Werner Herzog – eyni kateqoriyada daha bir həyat mükafatı laureatıdır.
Şəkildə: Festivalın baş mükafatı Amerikanın müstəqil kinosunun klassiki Cim Carmuşa (Jim Jarmusch) qismət olur. O, əsla favorit deyildi. Foto -BBC.
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
Bu ağrı haradandır, ay Raskolnikov? - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bəzən düşünürəm... yox, əslində çox vaxt düşünürəm. Hətta bəzən düşünməkdən o qədər düşünürəm ki, düşünməyimin belə artıq düşünülmüş olduğunu düşünürəm. Yaxşı, görəsən bu dövrü necə qıra bilərəm? Yox, başqa sual, bu dövrü qırmağa ehtiyac varmı? Və beləliklə, mənasızlığın içində məna axtarıram.
Kimsə demişdi ki, insan əvvəlcə var olur, sonra isə "özünü müəyyənləşdirir". Mən isə əvvəlcə doğuldum, sonra isə çox düşünməkdən cibimə pul yığdım. Bəs bu pul nəyə lazımdır? Var olmaq üçün pul lazımdır? Yoxsa pul olmasaydı, mən daha az var olardım? Bu da bir kimlikdir, elə deyilmi? Kimlik.. Hə, kimlik. Bəlkə də mənim kimliyim, sadəcə cibim və içindəki puldur. Hər dəfə pul çıxdıqda, mən özümü bir az daha çox hiss edirəm, yəni, var olduğumu təsdiqləyirəm.
Gəl dostum, indi əsas məsələyə toxunaq. Mənasızlıq. Əgər hər şey mənasızdırsa, bu cümlə də mənasızdır. Mənasızlıqda mənalı olmaq, əslində mənası olmayan şeyi mənalı etmək. Niyə mən də bunu eləmirəm? Niyə kiməsə "bu mənalıdır" deyəndə onlar inanırlar, amma mən deyəndə mənasızdır? Deməli, əslində bu cümlə çox mənalıdır. Çünki o öz mənasızlığı ilə mənanı ləğv edir. Mənanı ləğv etdiyi üçün isə... özlüyündə bir mənaya çevrilir.
Yəni, başa düşürsən dostum? Mən də yox. Yaxşı, bəs mən nə başa düşürəm? Mən heç nə anlamıram, amma mənasızlığı anlamamaq da bir mənadır, elə deyilmi? Amma Dostoyevski olsaydı, göz yaşları içində deyərdi, "Axı insan əzab çəkə bildiyi qədər insandır." Yəni, əzab yoxdursa, insan da yoxdur? Və mən əzab çəkdiyim üçün varam? Amma bəs mənim əzabım sarkazm və boşqab yığmaq qədər dərin olmasa?
Və mən soruşuram: Bu ağrı haradandır, ay Raskolnikov? O isə cavab verir: "Bir mənaya ehtiyacım var idi... ona görə bir qadını baltaladım." Ah, əlbəttə, böyük mənalar böyük hərəkətlərə gətirib çıxarır. Mən isə? Mənim mənam cibimlə, telefonun batareya səviyyəsi ilə və soyuducuda sındırılmış yumurtayla ölçülür.
Nitşe isə yazardı: "Əgər kifayət qədər uzun müddət boşluğa baxsan, boşluq da sənə baxar." Mən isə uzun müddət soyuducuya baxdım, orada heç nə yox idi. Yaxşı, baxdım, amma boşluq da yox idi. Sadəcə bir soyuq plastik və yumurta qırığı. Boşluq yox, əvəzinə soyuducunun sarkazmı. Boşluq geri baxmadı. Sadəcə yumurta sındı. Bu da həyatdır. Əbədi qayıdış yox, əbədi aclıq. Həyat yumurtanın sındığı kimi əyləncəli və bir o qədər əzablıdır bəlkə də.
Və sonsuzluq məsələsi... Əgər sonsuzluq anlayışına sahibiksə, niyə telefonun batareyası ölür? Sonsuzluq niyə məni hər dəfə 10% batareya ilə tərk edir? Sonsuzluq heç vaxt bitməyən batareya kimi deyil, daha çox telefonun şarjı kimi tez tükənən, sarkazmlı bir yalandır. Niyə "daha 5 dəqiqə yatım" deyirik və zaman bizə sadəcə kinayəli bir təbəssüm atır? Yatmaq istəyirəm, amma zaman belə düşünmür. Zaman deyir: "Yaxşı, yuxunu kəs, həyat səni gözləyir!" Zaman sonsuz ola bilər, amma sən niyə 7-də işə gecikirsən? 7-də işə gecikmək, sonsuzluğa verilən ən absurd cavabdır.
Bəlkə də zaman özü də bezib bizdən. Zaman deyir ki, "mən onsuz da sonsuzam. Siz niyə hər şeyi çatdırmaq istəyirsiniz axı Görmürsünüzmü, heç nə etmədən də hər şey keçir?" Sən demə, zaman həm də kinayəni çox sevirmiş.. Və bəlkə də, bütün bu fəlsəfi əzabların ortasında, bizə yalnız bir həqiqət qalır. Mənalı və ya mənasız,çay süzüləndə həmişə soyuyur. Soyuq çay, soyuq həyat, soyuq varlıq... Amma yaxşıdır, ən azından çay var. Bəzən düşünməkdən, bəzən düşünməməkdən, bəzən isə sadəcə oyanmaqdan başım ağrıyır. Elə bil bu baş, bu bədənə uyğun deyil. Ya da bədən bu başı daşımaqdan yorulub. Bəlkə də mən bu bədənə tərs bir fikir kimi düşmüşəm. Bir yanlışlıq. Bir səhv bilet. Bir tənha metafora. Başım ağrıyır.. və heç bir ağrıkəsici işə yaramır. Həyatın özü kimi. Bəzən dərman içirəm ki, sakitləşim amma dərman içdikdən sonra düşünürəm, "Sakitlik nədir axı? Sakitlik, ağrının başqa formada gizlənməsidir yoxsa sadəcə ağrını görməzdən gəlməyimiz?" Bu ağrı günlərlə çəkir. Hətta bəzən düşünürəm ki, bu artıq baş ağrısı yox, başda yaşayan bir yazarın tənbəl romanıdır. Səhifə-səhifə eyni cümlə, "niyə?". Hər səhifədə eyni sual və cavab yoxdur. Hər səhifədə bir az daha çox qaranlıq. Bəlkə də beynim mənimlə yazışır. Bəlkə bu ağrı, məktubdur.
Göndərən: Şüur.
Mövzu: Heç nə.
Başım ağrıyır çünki yuxudan oyandım. Başım ağrıyır çünki yuxuya getmədim.
Başım ağrıyır çünki düşündüm. Başım ağrıyır çünki düşünmədim.
Başım ağrıyır çünki varam. Olmasaydım, ağrımazdı. Deməli, ağrının özü də sübutdur. Mən varam, çünki ağrıyıram. Hansısa ölü yazar yanımda olsayd, bəlkə də biri yazardı, "İnsan nə qədər çox düşünürsə, bir o qədər çox başı ağrıyır." Başqa biri cavab verərdi, "bəlkə də baş ağrısı Tanrının varlıq haqq-hesabıdır. "Sən çox sual verdin, indi al cavabını: sancı!""
Mən bəzən başımı tuturam, amma sanki baş mənə aid deyil. O, başqa bir insanın depressiyaya düşmüş orqanıdır. Bəlkə də kimin başısa səhvən mənə ilişib. Mən isə gündəlik ağrılarla oyanıb yatıram, elə bil varlıq, başda gəzən sonsuz bir səslə eyni cümləni təkrarlayır:
"Sən heç nə deyilsən, amma çox şey hiss edirsən. Niyə?"
Sakitcə durub, ağrını dinləyirəm. O danışmır. Amma susaraq qışqırır. Sanki beynimdə miniatür bir varoluş konfransı keçirilir. Moderator Əzabdır, spiker isə boşluq. Və sən bütün günü başınla danışırsan. Qulaq asan yoxdur. Baş isə cavab vermir. Cavab verəndə isə bu olur, "gum", "part","zzzz" bunlar ya ağrı siqnallarıdır, ya da həyatın özünün titrəməsi. Baş ağrısı sadəcə fiziki deyil. O, mövcudluğun sarkazmıdır. "Sən yaşayırsan? Al sənə ağrı. Bir az da düşün. Əvvəlcə sorğula, sonra ağrını qəbul et. Sonda isə... yenidən ağrını sorğula." Başım sanki dünyaya deyir, "mən səndən doymadım. Amma sən məndən çoxdan bezmisən."
Yuxusuzam. Artıq üçüncü gecədir ki, bu lənətə gəlmiş ağrıdan yata bilməmişəm. Nə gecə mənə yuxu verir, nə də səhər yuxusuzluğumu geri alır. Əvəzində zaman... Zaman sadəcə keçir. Elə bil heç nəyin baş verməməsinə baxmayaraq, tələsir. Sən hara tələsirsən, axı zaman? Mən yerimdəyəm. Və təxmini bundan 35-40 il sonra da burda olacam.
Saat 03:17.
"Bu saat niyə var? Bu konkret dəqiqə nəyə xidmət edir? Həyatda heç kim "03:17-də həyatımı dəyişdim" deməyib. 2 il əvvəl 04:17 də sadəcə, tək mənim həyatım dəyişib. Vəssəlam"
Zamanla küsülüyəm. Nə vaxt barışmışdıq ki, küsək? Mən doğulanda o artıq qaçırdı. Mənimsə əllərim boş idi, tutmağa nə bir fikir vardı, nə də bir səbəb. Zaman isə saatlarla, təqvimlərlə, xronoloji silsilələrlə məni izləyirmiş kimi davranır, amma heç vaxt gözümün içinə baxmır. Zamandan şikayətçiyəm. Niyə məni götürüb heç yerə aparmır?
Yuxusuzam. Çünki gözlərimi yumanda beynim qışqırmağa başlayır:
- Sabah nə olacaq?
- Əgər sabah varsa.
Və ya sən sabaha qalacaqsansa.
- Qaldınsa belə, görəsən səhər ac qalacaqsan?
- Su çənini doldurmusan?
Başımda bu səslər dönür, dönür, dönür. Əslində yuxusuzluq, elə zamanla müharibənin sakit dövrüdür. Top səsləri yox, amma beyin səsi var. Fikirlər yeriyir, yürüş edir, bayraq qaldırır, hakimiyyətə gəlir və heç nəyi dəyişmir. Fikir rejimi dəyişsə də, aclıq eyni qalır.
Bəzən saatın səsi belə mənə ironiya kimi gəlir. "Tik-tak" — elə bil Zaman mənim qulağıma pıçıltı ilə deyir ki, "Sən heç vaxt yetməyəcəksən." Cavab verirəm, "Heç yerə?”, "Bəli, heç yerə. Amma tələs."
Yuxusuzam. Və əgər bu hal bir az da uzansa, bəlkə də Zaman mənimlə danışmağa başlayacaq. Və mən ona deyəcəm:
- Bağışla, mən sənə uyğun bir varlıq deyiləm.
Zaman cavab verəcək:
- Onsuz da mənə uyğun heç kim yoxdur. Mən özümə də uyğun deyiləm.
Yuxusuzam. Və artıq zamanın axını mənə qum saatı yox, hər gün yenidən təkrarlanan bir zarafat kimi gəlir. Amma gülə bilmirəm. Çünki çox yorğunam. Amma yatmıram. Çünki çox fikir var. Amma fikir deyərsən? Hamısı eyni sualın başqa. variantları.. "Əgər sabah varsa, bu gün nəyə lazımdır?", "Əgər hər şey keçəcəksə, niyə indi keçmir?", "əgər vaxt hər şeyi sağaldırsa, niyə mən hələ də eyni yerdəyəm?"
Və beləliklə, yuxusuzluq, mənim zamana olan etirazım, passiv dirənişim, səssiz inqilabım olur. Zaman axır, mən isə gözlərimi qapaya bilmirəm. Çünki hər dəfə qapadığımda, içimdəki saat deyir,
"Sən gecikmisən. Nəyə? Bilmirəm. Amma mütləq nəyəsə."
Tavana baxıram. Və yenə. Artıq 3 cü gecədi bu.
Gözlərim yanır. Yatmaq istəyirəm. Yuxu gəlmir. Qaranlıq otaqda yeganə sabit varlıq odur, tavan. Və mən onunla danışmıram, amma... danışırmışam kimi hiss edirəm. Onun səssizliyi sanki cavabdır. Elə bir cavab ki, nə inkar edir, nə də təsdiqləyir. O sadəcə... var. Mənə oxşayır. Səndə nəsə var, ay tavan. Bir qəddarlıq var, amma sakit. Elə bil deyirsən ki, "Hara baxırsan, bax. Mən dəyişməyəcəm." Və sən dəyişmirsən. Bu səssizlik, bu heçliyə bənzər mövcudluğun... məni də susdurur. Niyə sənə baxıram axı? Həqiqətən baxırammı? Yoxsa içimdəki boşluq səni sadəcə fon kimi istifadə edir? Bəlkə sən heç tavan deyilsən. Bəlkə sən üstümə yığılmış bütün cavabsızlıqların sərtləşmiş formasısan. Sual vermədiyim günlərin cəzası. Ya da əksinə, çox sual verdiyim üçün Tanrı tərəfindən yuxusuz qalmaqla cəzalandırılmışam. Nə bilim... Bəzən düşünürəm, bəlkə sən yuxunun özüsən. Səssiz, hərəkətsiz və əlçatmaz. Baxıram... və gözümün qarşısında nə varsa, onu çəkirsən özünə. Xatirələr, qorxular, sabahkı gün üçün planlaşdırdığım saxta motivasiyalar. Hətta uşaqlıqda düzəldə bilmədiyim oyuncaq qatar da. Hamısını udursan, tavan. Sanki düşüncələrim səssizcə sənin üstünə axır. Və sən... heç nə demirsən. Sakitcə udursan hər şeyi. Eynilə həyat kimi. Sən bilirsənmi, insan necə susur içində dostum? Qışqırmadan. Danışmadan. Sadəcə baxaraq. Mən bu gecə də tavana baxaraq susuram.
Və tavan.. sən bu susqunluğun şahididir. Hər gecə. Eyni baxış. Eyni mövqe. Eyni nəticəsizlik.
Tavana baxıram. Amma əslində özümə baxıram. Gecənin içində parlaq bir tənha nöqtəyə çevrilmişəm. Nə qədər zaman keçib, bilmirəm. Saat yəqin 4-ü keçib. Amma mən hələ də burdayam. Və sən də burdasan. Bəlkə də bu dünyada sabit olan tək şey, mənim səni hər gecə belə baxışlarla məhv etməyim və sənin buna göz yummağın. Ən səssiz döyüş bizim aramızdadır, tavan. Və sənin qalib gəlməyin üçün bir söz belə deməyin lazım deyil.
İndi hər şey sakitdir. Tavan yerindədir. Zaman keçib, amma fərqinə varmaq üçün artıq çox gecdir. Gecə ilə səhər arasında bir yerdəyəm — nə oyanmışam, nə də tam yatmışam. Varlıqla yoxluq arasındakı bu incə qatda nəfəs almaq belə qəribə gəlir. Hər şey keçdi... ya da keçməyib, amma mən keçmişəm. O qədər sual verdim ki, indi sükut belə artıq sual kimi səslənir. Başımda səslər yoxdur artıq. Sadəcə sakitlik var. Amma o sakitlikdən xoşbəxtlik doğmur. Sanki səhnə bitib, tamaşaçılar çıxıb, işıqlar sönüb, amma aktyor hələ də səhnədə qalıb. Niyə? Bilmir. Bəlkə də həyat elə bu idi: gözlədiyin mənanı tapmamaq, amma tapmadığın üçün də bir növ... rahatlamaq. "Deməli, mənlik deyilmiş" demək və bir az yüngülləşmək.
Bu qədər düşüncədən sonra gəlib çıxırsan bir nöqtəyə. Heç bir şey anlamadın. Və bəlkə də... bu, anlaman gərəkən tək şey idi. Həyatın mənası yoxdur, bəli. Amma hər dəfə çay süzüləndə yenə də soyuyur. Və bu səhnə təkrar-təkrar oynanır. İnsan var, insan düşünür, insan yorulur, insan susur. Sonra yenidən.. Var.
Bəlkə də bütün bu sarkazm, bu fəlsəfə, bu tənhalıq, sadəcə bir şey üçündür. Yuxudan ayılanda "hər şey normaldır" deyə bilmək. Halbuki heç nə normal deyil. Və bu da... tamamilə normaldır...
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
“ABAD” Şəkidə “Sənətkarlıq diyarı” tədbirini reallaşdırıb
5 sentyabr 2025-ci il tarixində Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, tədbir Şəki Şəhər İcra Hakimiyyətinin və “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin tərəfdaşlığı ilə reallaşdırılıb.
Əsas məqsəd qədim sənətkarlıq ənənələrinin yaşadılması, müasir dövrdə inkişafı, yaradıcı insanların bir araya gətirilməsi və mədəni dəyərlərin təbliği olub.
UNESCO-nun “Yaradıcı şəhərlər” şəbəkəsinin üzvü olan Şəki şəhərində keçirilən tədbir çərçivəsində “ABAD”çı sənətkarların “Konstitusiya və Suverenlik İli” mövzusunda hazırlanmış əsərlərindən ibarət sərgi təşkil edilib, müxtəlif sənət sahələrinin canlı nümayişləri ictimaiyyətə təqdim olunub. Qonaqlar Şəkinin zəngin tarixi-mədəni irsi ilə yanaşı ölkəmizin müxtəlif bölgələrindən gələn sənətkarların yaradıcılıq nümunələrini də yaxından izləmək imkanı qazanıblar.
Sonda tərəfdaş qurumlar və iştirakçı sənətkarlar qədim sənət ənənələrinin qorunması və təbliğindəki xidmətlərinə görə sertifikatlarla təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)
GAP Antologiyasında Tohid Namvərin “Sahildə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Tohid Namvərdir
Tohid Namvər
Parsabad
SAHİLDƏ
Sevgidən Biz iki sınmış qanadıq, sahildə,
Közmələnmiş yara idik, qanadıq sahildə.
Sanki dağdan düzə enmiş iki qurduq və ac-ac,
Yağlı bir cəmdəyə möhtac uladıq, sahildə.
Susduq ancaq ki, baxışdıq təpədən dırnağadək,
Duz kimi gözlərimizlə yaladıq sahildə.
"Mövcu-həsrət" üzünə şillə çəkən sal qayayıq,
Tufana qarşı dayanmış inadıq sahildə.
Sevgi qoynunda ki, dünyaya göz açmaqdır ölüm,
Ölməyə qolları biz çırmaladıq sahildə.
Yaşlı gözlərdə ümid tapmaq üçün zilləndik,
Biz yasaq bir adanı tapdaladıq sahildə.
İki yanmış kösöv olduq dayanıb gizlincə,
Bir ocaq varlığımızdan qaladıq sahildə.
Sevgimiz güllə toxunmuş quşa bənzər, Adlım,
Sevgidən biz iki sınmış qanadıq, sahildə.
“Ədəbiyyat və incəsənət”
(08.09.2025)