
Super User
DİQQƏT: Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir
Sentyabrın 20-21-də Cakarta şəhərində “İndoneziya və Müsəlman dünyası Film Festivalı 2025” keçiriləcək. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri, o cümlədən Azərbaycan Respublikası festivalda nümayiş olunacaq filmlərini təqdim etməklə, iştiraka dəvət edilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, festivala 2022-2025-ci illərdə istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii, sənədli, animasiya filmləri qəbul olunur.
Filmlərin metrajları 10-30 (qısametrajlı) və 70-120 (tammetrajlı) dəqiqə aralığında olmalıdır.
Festivalda “Bəşəriyyət və həmrəylik”, “Müsəlmanların gündəlik həyatı”, “Müsəlman qadınlar və gənclik”, “Yerli ənənələr və müsəlmanların mədəniyyəti”, “Mənəviyyat, əxlaq və həyat səyahəti”, “Tolerantlıq və birgəyaşayış” mövzularında olan filmlərə üstünlük verilir.
Zorakılıq, pornoqrafiya, nifrət və kafirlik aşılayan filmlərin festivalda iştirakına icazə verilmir.
Filmlərin festivala qəbulu avqustun 2-də başa çatır. Müraciət və daha ətraflı məlumat əldə etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 14
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderliyin xüsusi qanunları hansılardır?
«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Beləliklə, 21 qanundan növbətisi:
14.Tam etibar qanunu.
«İnsanları öncə liderin özü, sonra isə onun böyük ideyası cəlb edir»
Lider böyük arzusunu tapır, sonra insanları tapır. İnsanlar öncə lideri tapırlar, sonra onun arzusunu.
Çox insanlar liderlik məsələsində hər şeyi baş-ayaq qoyurlar. Onlara elə gəlir ki, qoyduqları ideya cəzbedici olsa, insanlar mütləq bunun ardınca gedəcək, onları lider kimi qəbul edəcəklər. Halbuki liderlik tam əksinə işləyir. İnsanlar layiq bildikləri liderlərin ardınca gedirlər. Liderin ideyası isə sonra gəlir. İnsanlar «Nike» firmasının krossovkalarını ona görə almırlar ki, çox keyfiyyətlidir, ona görə alırlar ki, bu krossovkaları məşhur basketbolçu Maykl Cordan reklam edir. İnsanlar məşhur aktyor Çarlton Xestonun Milli Odlu Silah Assosiasiyasının dəstəyinə yönəli mövqeyini ona görə maraqla dinləmirlər ki, Xeston bu mövzunun gözəl bilicisidir, ona görə dinləyirlər ki, ona böyük inam bəsləyirlər. Əgər insanlar bir dəfə bir insana inanıblarsa, onun rəyinə, nöqteyi nəzərinə həmişə şans verməyə hazırdırlar.
İnsanlar, hətta ideyanı bəyənsələr belə bəyənmədikləri liderin ardınca getməyəcəklər. Bu aksiomdur. Onlar başqa lider axtarışında olacaqlar. Amma lideri bəyənib ideyanı bəyənməyəndə, yenə də liderin ardınca gedəcəklər, amma ideyasına narazılıq bildirəcək, dəyişdirilməsinə can atacaqlar.
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
Mayk Omerdən növbəti bestseller
Könül, “Ədəbiyyat və incəsənət”
Kitabsevərlər üçün xoş töhfə: “Amazon bestsellerleri” buraxılışından Rusiyada – Eksmo nəşriyytatında dərc edilən növbəti kitab Azərbaycanın satış şəbəkəsinə daxil olub. Söhbət tanınmış yazıçı Mayk Omerin “Qatilin daxilində” adlanan romanından gedir.
Roman triller janrındadır. Profaylerdən – kriminal psixoloqdan bəhs edir roman. Bu şəxs hətta olduqca mənasiz görünən ən xırda detallardan ən hiyləgər caninin, qatilin belə obrazını yarada bilən peşəkardır.
Profaylerlər kənardan hər şeyə qadir superqəhrəmanlar kimi görünürlər. Xüsusən də, onlar qadındırlarsa. Başgicəlləndirici süjet, sonadək gərginlik və intriqa ilə səciyyələnir “Qatilin daxilində” romanı.
Xatırladaq ki, romanın ilk ABŞ nəşri 2018-ci ilə təsadüf edir.
İNDİ İSƏ DAHA ƏTRAFLI:
Maykl Omer (“Mike Omer”) tərəfindən yazılmış “Qatilin daxilində” (ingiliscə orijinal adıyla Inside the Killer və ya The Killer’s Mind) dedektiv-psixoloji triller janrına aid bir romandır. Qeyd edək ki, kitab 2022-ci ildə Azərbaycanın satış şəbəkəsinə daxil olmuş və “Amazon bestseller” statusu qazandığı bildirilmişdir
Kitab barədə əsas məlumatlar
Janr: Kriminal psixologiya / triller
Əsas mövzu: Profayler – cinayətkar psixoloq obrazı vasitəsilə, zahiri gözlə görünməyən, lakin hər detala diqqət verən bir mütəxəssisin cinayət hadisələrinə yanaşması təsvir edilir. Profayler qadın obrazı kimi təqdim edilir və hesab olunur ki, hətta ən xırda detallar da caninin şəxsiyyət profilini yarada bilir .
Süjet: Həyəcanlı süjet xətti, şübhə atmosferi və finalın sonuna qədər gərginliyin saxlanması ilə seçilir.
Müəllif haqqında qısa məlumat
Maykl Omer əvvəllər IT sahəsində çalışıb və yazıçılığa keçiddən sonra “Qatil ağlı” adlı əsəri ilə ciddi uğur qazanıb. Öz müəllif təsəvvürünü qurarkən həm thriller həm də sky-fantastik janrları təmsil edən başqa təxəllüslərlə də çıxış etmişdir.
Azərbaycan nəşri
Nəşri Azərbaycan dilinə tərcümə edilib və ölkədə satılan kitab bazarına daxil olub; rus dilində nəşri olmaya bilər, azərbaycan dilində məşhurdur .
Nəşrçilər və təfsilatlar barədə (isbn, nəşriyyat, səhifə sayı və s.) dəqiq mənbə məlumatı olmasa da, kitabla bağlı yerli media və kitab veb-portalları tərəfindən yazıldığı məlumdur.
Bu kitabı oxumaq istəyirsinizsə:
Kitabxanalarda və onlayn mağazalarda axtara bilərsiniz, xüsusən Qanun Nəşriyyatı və ya Teas Press kimi yerli nəşriyyat platformalarında.
Mövcuddursa PDF və ya e‑kitab versiyalarına da nəzər yetirə bilərsiniz.
Nəticə
“Qatilin daxilində” dərindən psixoloji analiz və kriminal intellektual araşdırmanın birləşdiyi bir triller romanıdır. Əgər cinayət psixologiyası, profilinq və gərgin süjetlər sizi maraqlandırırsa, bu kitab sizin üçün uyğun seçim ola bilər.
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
GAP Antologiyasında Səhər Xiyavlının “Niyə çıxdıq yola biz” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Səhər Xiyavlıdır.
Səhər Xiyavlı
Xiyav
NİYƏ ÇIXDIQ YOLA BİZ?!
Gedirdik qasırğalı havada,
dağ-dərəli, uçurumlu yollarda.
Töküllürdü başımıza xəzəllər,
Beynimizdə püskürən volkan
Ürəyimizdə dəlisov dəniz.
Gedirdik tuzanaqda,
başı havalı, sərsəm.
Çör-çöp gözlərimizdə,
Ayaqlarımız qabar-qabar.
Açarkən gözlərimizi
Çıxılmaz küçələr idi.
Açarsız qapılar
Hər yer divar-divar...
Biz idik peşman ayaqlar
Hüzünlü baxırdıq arxamıza.
Gəldiyimiz qanlı-qadalı yollara!
Axıtdığımız qan tərə!
Qaranlığa axışan sonuclara!
Gecənin dərisi daha qatılaşmışdı
Zavallı əllərimiz qısır,
Kal arzularımızın boyu əl çatmaz.
İndi qurtarmaz gecələrdə
Sivrilmiş hulqumlarla
GÜNƏŞ bağırırıq,
SƏHƏR çığırırıq.
Görəsən günəş bir də
Qonaq gələcəkmi,
Nəmiş dustağımıza?!
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
3-cü yer və Seyidəli Sübhi
“Ədəbiyyat və incəsənət” portal sizlərə portalın və “Ulduz” jurnalının birgə təşkilatçılığı ilə Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsində fərqlənən gənc şairlərin şeirlərini təqdim etməkdədir.
III YER
Seyyidəli SÜBHİ
QAYIDIŞ
Bir çörək alacaq, qayıdacaqdım
– küçə sürgün etdi yüz fikrə məni.
İslandı qarışqa qalacıqları,
Yağış güllələdi fikirlərimi.
Düşdüm bu boşluqda illər itkini,
Bulud üstümə min fikir ələdi,
Ömrü bozluqlara sürdüm, qayıtdım:
–Dayandım, dinlədim qarışqaları,
Uçdu başım üstən quş yuvaları,
İlan ağzındakı quş balaları.
İzlədim, göz önü gördüm,
qayıtdım.
Əcələ əl atmaq keçdi könüldən,
Keçdim bu bir qırıq çörək ömürdən!
Xəyalən saçları qara kömürdən
qızımın tellərin hördüm,
qayıtdım.
Qayıtdım ürəyim səksəkələrdə...
İtim hiss eləmiş daş səkilərdən,
Muştuluq istədi evdəkilərdən –
Ayaq səslərimə hürdü:
– "QAYITDI"!
MELODRAM
Divarında bir fotoluq yerin olsa,
mənə saxla.
Sevinsən, özünçün sevin,
Ağlayanda mənə ağla!
Məni ətrimdən unut, qız!
Bəs nə?!
Qoxu – xatirədi…
Mən adda gerçəyin yoxdu,
Bu yuxun xatirədi...
Tənhalıq – Tanrı taxtıdır,
Görən, Adəmə yaraşar?
Ayrıldıq....
Ömür olacaq
təkadamlıq tamaşa…
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
Şəhidlər barədə şeirlər - Xudayar Yusifzadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Xudayar Yusifzadə
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar — üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.
Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.
Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət elədi və "gizir" hərbi rütbəsi alıb.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə muğam ustası Əlibaba Məmmədovun bəstələdiyi təsnifi ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət alıb və Xudayar Yusifzadə qısa müddət ərzində şəhadətin rəmzinə çevrilib.
Mahnısını dinlədim,
Bağrımbaşı qanoldu.
Özü tarixə döndü,
Səsiylə dastanoldu.
ŞəhidolduXudayar,
Ağladaraqhərkəsi.
Qaldı bizə yadigar
Onunzəfərnəğməsi.
Üzündə təbəssümü
Ölüməqarşı çıxdı,
Oxuduğubirmahnı
Qələbə marşı çıxdı.
Neçə belə mahnını
Özüylə apardı o.
Savaşın ortasında
Sevməyi bacardı o.
Oxudu vətən boyu
Qələbə nəğməsini,
Susdurdu öz səsiylə
Düşmənin gülləsini.
Qorudu vətəni də,
Bizi də, şəhid oldu.
Səsi də şəhid oldu,
Özü də şəhid oldu.
Şəhidlik havasını
Çaldı ürəyimizdə.
Getdi Tanrıya sarı,
Qaldı ürəyimizdə.
Onunigidliyindən
Nəsillərdanışacaq,
Vətənin ürəyində
Əbədiyaşayacaq!
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
QƏRBİ AZƏRBAYCAN ŞEİRLƏRİ – Həsən Mirzəyev, “Dərələyəz”
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün yağı əlində olan o ellərimizlə bağlı şeirləri
təqdim edir.
Həsən MİRZƏYEV
DƏRƏLƏYƏZ
Ey ana torpağım, ey can diyarım,
Hanı o səndəki el, Dərələyəz?!
Ey cənnət məkanım, ey dağ vüqarım,
Pərən-pərən olub el, Dərələyəz!
Yaram göz-göz olub, bil, Dərələyəz!
Düşmən əlindəsən, gələ bilmirəm,
Axan göz yaşını silə bilmirəm,
Dərd məni öldürür, ölə bilmirəm,
Aylarım olubdu il, Dərələyəz!
Sənsiz lal olubdu dil, Dərələyəz!
Ömür sarayımı sökür həsrətin,
Qəddi-qamətimi bükür həsrətin.
Həsrətdən ağarıb tel, Dərələyəz!
Dərdindən yay olub bel, Dərələyəz!
Sənsiz qışa dönüb baharım, yazım,
Susubdur kamanım, dillənmir sazım,
Həsənəm, bu dərdi, de, necə yazım?
Didərgin olubdu el, Dərələyəz!
Göz yaşım olubdu sel, Dərələyəz!
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
Azərbaycan Dünya Gənclər İnkişaf Forumunda təmsil edilib
Çinin Suçjou şəhərində “Qlobal inkişaf üçün gənclərin potensialının açılması” şüarı altında “Gənclərin İnkişafı Qlobal Forumu–2025”in açılışı keçirilib. 100-dən çox ölkə və 17 beynəlxalq təşkilatdan 500-ə yaxın şəxsin, o cümlədən gənc nazirlərin, liderlərin və müxtəlif təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan da təmsil olunub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, forum BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə və Çinin inkişaf, təhlükəsizlik və sivilizasiya sahəsində gənclərin beynəlxalq əməkdaşlığına töhfə verməyi hədəfləyib.
Tədbirdə “Gənclərin İnkişafı üzrə 2025-ci il Qlobal Fəaliyyət Planı” çərçivəsində 100 layihə təqdim olunub, yaşıl istehlak, texnoloji innovasiyalar, süni intellekt və mədəni irsin qorunması mövzularında sessiyalar təşkil edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tədbir çərçivəsində “İpək Yolu Gənc Sahibkarlar” adlı forum keçirilib. Afrika, Asiya və Avropadan 35 ölkədən 37 gəncin qatıldığı tədbirdə sahibkarlıq, innovasiya və qlobal çağırışlar mövzusunda panel müzakirələr aparılıb.
“İpək Yolu Gənc Sahibkarlar” forumunun açılış mərasimində Çin Gənclər Federasiyasının Baş Katibinin müavini Liu Kai və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Prezidenti Aytən Əliyeva çıxış ediblər. Xanım Liu Kai çıxışında gənclər arasında sahibkarlıq və əməkdaşlığın əhəmiyyətindən, “Böyük İpək Yolu” Gənclər İttifaqı ilə birgə əldə olunan uğurlardan və “Bir Yol, Bir Kəmər” təşəbbüsü çərçivəsində görülən işlərdən danışıb. Aytən Əliyeva tədbirin məqsədinin İpək Yolu ölkələrindən gəncləri bir araya gətirmək və sahibkarlar şəbəkəsi yaratmaq olduğunu bildirib. Çin Gənclər Federasiyasına ev sahibliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə işə göstərdiyi dəstək üçün təşəkkür edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Beynəlxalq Əlaqələr və Dayanıqlı İnkişaf Departamentinin rəhbəri Afət Məmmədova forumun moderatoru kimi çıxış edib. Onun ingilis və çin dillərində apardığı sessiyalar yüksək qiymətləndirilib.
“Gənclərin Səsi: İpək Yolu İnnovatorları” adlı sessiyada Pakistan, Türkiyə, Seneqal, Misir, Qazaxıstan və digər ölkələrdən olan gənc startapçılar innovativ layihələrini təqdim ediblər. Panel müzakirələrdə gənclərin innovasiyalar vasitəsilə qlobal problemlərə cavab verməsi və davamlı inkişaf məqsədlərinə töhfəsi müzakirə olunub.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Daha sonra iştirakçıların Şanxay, Çanşa və Sian şəhərlərinə işgüzar səfəri baş tutub.
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
ANAR, ”Ədəbiyyatımızın həqiqət günü”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ”ƏDƏBİYYATIMIZIN HƏQİQƏT GÜNÜ”
(Yusif Səmədoğlunun ilk romanı barədə)
İstər təbiətdə, istər ictimai həyatda elə hadisələr, elə vaqeələr olur ki, onlar yaddaşlarda uzun zaman yaşayır, hafizələrə iz salır, şüurlara hakim kəsilirlər. İncəsənətin, ədəbiyyatın da belə hadisələri, belə vaqeələri var. Mötəbər ədəbi məclislər, təntənəli yubileylər, başqa tədbirlər mədəni həyatın əlamətdar mərhələləridir. Amma sənətin, ədəbiyyatın ən mühüm hadisəsi – böyük təsir gücünə malik yeni bədii əsərin yaranmasıdır. Belə əsərlər, şübhəsiz, hər gün, ya günaşırı yaranmır, odur ki, onların dünyaya gəlməsini xüsusi qeyd etməyə dəyər. “Azərbaycan” jurnalının builki dördüncü nömrəsində Yusif Səmədoğlunun “Qətl günü” adlı romanı dərc olunmuşdur. Mən bu romanı ədəbi hadisə hesab edirəm.
Bəzən sadə mətləblərdən bəhs edən sadə, hətta bəsit əsərlər meydana çıxır. Bəzən mürəkkəb, qəliz mətləblərə həsr olunmuş, amma formaca çox sadə, asan qavranılan, yüngül dərk olunan əsərlərlə rastlaşırıq, bəzənsə qəliz mətləbləri, mürəkkəb məzmunu ifadə etməkçün ancaq və ancaq qəliz, mürəkkəb, çətin qavranılan forma tələb olunur. Bu formanı məzmunun özü müəyyənləşdirir. Elə hisslər, fikirlər, elə həyat materialları var ki, onları yalnız xüsusi bədii vasitələrlə ifadə etmək mümkündür.
“Qətl günü” çətin əsərdir. Daha doğrusu, qavranışı çətinlik törədən əsərdir. Roman ilk oxunuşdan bəlkə də tam dərk olunmur. Dərin müəllif qayəsi yüngül, asan oxunuşla açılmır. Bunu öz təcrübəmlə təsdiq edə bilərəm. Romanla ilk dəfə əlyazması şəklində tanış oldum. Əsər dərhal məni tutdu, qüvvətli təsiri altına aldı. Amma yalnız əsəri ikinci dəfə jurnal səhifələrində mütaliə edəndə gördüm ki, ilk oxunuşda çox şeyi bütün dərinliyiylə duya bilməmişəm. Bəlkə haçansa əsəri yenidən oxumalı olsam, onun yeni-yeni qatları açılacaq, həqiqi bədii əsərin xüsusiyyətlərindən biri də elə bu – pünhanlıq, mübhəmlik deyilmi? O, bütün sirlərini birdən-birə açmır, bizi uzun müddət ərzində, ömrümüzün müxtəlif məqamlarında təzədən ovsunlayır.
60-cı illərdə Fransada başlamış ədəbi mübahisənin əks-sədası hər tərəfə yayıldı – söhbət romanın süqutundan gedirdi; roman bir janr kimi öləcəkmi, qalacaqmı? Romanı basdırmağa çalışanların yanıldıqları qısa bir müddətdən sonra hamıya, hətta bu iddiada olanların özünə də aşkar oldu. Roman qaldı, roman qalacaq və insanın bədii sözə, tarix haqqında, bugün haqqında, keçmiş və gələcək haqqında, zaman haqqında geniş ümumiləşdirmələr, həyatın yerli-yataqlı nəsr təsvirinə ehtiyacı durduqca, müxtəlif talelərin, xarakterin toqquşmasına marağı sönmədikcə – roman janrı da yaşayacaq. Amma bu mübahisələr də hər halda göydəndüşmə deyildi. Roman məhv olmurdu, roman bir janr kimi dəyişirdi, yeniləşirdi və həmin mübahisələr də bu təbəddülat, başqalaşma ərəfəsində meydana çıxmışdı. İyirminci yüzilliyin məhz elə bu çağında keyfiyyətcə yeni olan roman forması geniş şöhrət tapdı. Daha doğrusu, forması yox, formaları, çünki ənənəvi janr xüsusiyyətinə bir yandan sırf fantastik və tam realistik ünsürlərin qəribə calağından bəhər gətirmiş, folklordan, əsatirdən, qədim aldanış və inanclardan qidalanmış, cilovsuz müəllif təxəyyülüylə bəzənmiş roman meydan oxuyurdusa, digər tərəfdən çılpaq, yalın, sərt faktoqrafiyaya əsaslanan sənədlərdən, həqiqətən olmuş hadisələrdən təsirlənən yazılar ona rəqib çıxırdı. Avropada başlanmış bu mübahisəni roman janrının xeyrinə həll edən əsərlər başqa qitələrdə, uzaq ölkələrdə ortaya çıxdılar. Sovet nəsri, Latın Amerikası ədəbiyyatı, müasir yapon yazıçıları romanın yeni, gözlənilməz və qeyri-adi formalarını nümayiş etdirdilər. Bir tərəfdən Bulqakovun çox illər qabaq yazılmış, amma məhz bu dövrdə oxuculara çatdırılmış “Usta və Marqarita” romanı, Markesin “Yüz ilin tənhalığı” əsəri, Aytmatovun povestləri, o biri tərəfdən D.Qranin və A.Adamoviçin “Blokada kitabı”, T.Kapotenin “Adi cinayət” adlı sənədli yazısı iri nəsr janrlarının tamamilə yeni və tükənməz imkanlarını göstərirdilər.
Klassik Avropa roman ənənəsi müəyyən durğunluq, yaxud bəhrəsiz eksperiment dövrü keçirirdisə, müxtəlif iqlimlərdə, bəzən bir-birindən çox uzaq qaynaqlardan qidalanan dünya romanı keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyurdu. Miflə, əsatirlə, folklorla qaynayıb-qarışan, həyata, tarixə, insan taleyinə qeyri-adi görüm nöqtəsindən baxan bu romanda real vaxt anlayışı, zaman ardıcıllığı başqalaşdı, tamamilə yeni ölçülər kəsb etdi. Real vaxt axarı bədii vaxt dolaşıqlığıyla əvəz olundu. “Gün var əsrə bərabər” – bu qədim və müdrik deyim Aytmatov romanının bədii zaman ölçüsü oldu. Yeni roman formalarının mayası müxtəlif janr ünsürlərindən, rəngarəng ifadə səpgilərindən yoğrulurdu.
Çağdaş romançılıq axtarışlarının uğurlu nəticələrini “Qətl günü”ndə də görmək olar. Bu əsər Azərbaycan tarixiylə, ictimai həyatımızın həm iki yüz ili, həm əlli-altmış il bundan qabaqkı, həm də bugünkü dövrləriylə bağlıdır. Romanda uzaq və yaxın keçmişimizin, müasir yaşayışımızın, taleyimizin, milli mənəviyyatımızın bir çox mühüm məsələləri qaldırılır. “Qətl günü” bütün bu problemləri içəridən bilən və dərindən duyan, bu məsələlər haqqında ciddi, ağrılı fikirlərə dalan müəllifin qələm məhsulu, qəlbinin səsidir. Müəllif cəmiyyətin tarixi inkişaf yollarını da izləyə bilir, ən sadə adamların adi məişət, həyat qayğılarına da bələddir. Hardasa XVIII əsr Qarabağ xanlığının tarixi, Qacar basqını, Molla Pənah Vaqif taleyilə səsləşən, amma heç vəchlə bu hadisələrin real salnaməsi olmayan səhnələrdə də, müasir kənd feldşeri Mahmudun, tatar Temirin güzəranını təsvir edən, dəmiryol stansiyası bufetinin koloritini canlandıran epizodlarda da dəqiq yazıçı müşahidəsi, plastik ifadə ustalığı var, personajlar müəyyən tezislərin tərcümanı kimi deyil, canlı, ətli-qanlı, diri nəfəsli insanlar kimi durub-oturur, davranır, danışırlar. Həm də hərə öz real varlığına, yaşadığı dövrə, mənsub olduğu zümrəyə, aldığı təhsil və təlim xüsusiyyətinə uyğun olaraq danışır. Şübhəsiz ki, dialoqlardakı bu leksik zənginlik, dürüstlük romanın mühüm məziyyətlərindəndir.
Xalq həyatının, psixologiyasının, dilinin incəliklərini üzvi surətdə mənimsəmiş yazıçı dünya ədəbiyyatının müxtəlif istiqamətlərindən də agahdır, müasir nəsr texnikasından, ayrı-ayrı roman axtarışlarının ifadə əlvanlığından bacarıqla istifadə edə bilir. “Qətl günü” bir daha təsdiq edir ki, heç vaxt ədəbi bilikləri, peşəkar hazırlığı, kitablardan, mütaliədən, savaddan gələn xüsusiyyətləri xəlqiliyə qarşı qoymaq olmaz. Bu süni dilemmanı, qarşılaşdırmanı ortaya atanlar iddia edirlər ki, yazıçı ya xəlqi olmalıdır, ya savadlı. Əgər savadlıdırsa, deməli, xəlqi deyil. Mən heç cür başa düşə bilmirəm ki, nəyə görə kəmsavadlıq xəlqiliq əlaməti olmalıdır. Təbiidir ki, xalq özü də bu sayaq yarımçıqlığı qəbul etmir və “dad yarımçıq əlindən” deyir.
“Qətl günü” yüksək humanist pafosla yazılmış əsərdir. Burda zorakılığın, ölümün hər hansı şəklinə qarşı, insan mənliyini tapdayan, mənəviyyatını əzən hər hansı cəbrə qarşı acı bir etiraz var. “Qətl günü” müəyyən tarixi hadisələri əks etdirən, real ictimai faktordan doğulmuş, konkret zaman aşırımlarıyla bağlı əsərdir. Amma romanda bir əbədilik havası, zamanın fövqündə yaşayan bir ruh var ki, ötən əsrləri, illəri, günləri, situasiyaları, xarakterləri nə isə ümumbəşəri, əzəli mövqedən seyr etmək imkanı yaradır. XVIII əsrin hadisələri də müəyyən və dəqiq müəllif mövqelərindən təqdim olunur.
Əsərin humanist pafosu insana qahmar durmaq, insan dəyərlərini qorumaq, hifz etmək əzmidir. İnsanı alçaldan, onu sıxma-boğmaya salan, təkləyən, pisikdirən – hər şey müəllifin qəzəbinə keçir.
Romanda müxtəlif dövrlərdə ömür sürmüş real və xəyali personajlardan başqa bir məşum obraz da var – hadisələrin başı üstündə duran bu obrazı Tale adlandırmaq olar. Ona “qismət”, “aqibət”, “qəzavü-qədər” də demək olar. Taleyin gücünü, əzəmətini, qaçılmazlığını təcəssüm etdirən bu obraz müxtəlif rəmzlər, təşbehlər, şərti ifadə vasitələrilə təqdim olunur. Bu rəmzlərin, təşbehlərin içində ən görümlüsü Baba Kaha, daha doğrusu, Baba Kahanın gizlin, qaranlıq mağaralarında yatan, ya da yatmayıb pusquda duran, məqamını gözləyən qəfil külək, gözlənilməz qasırğa, amansız rüzgardır. Tarixin hansı günündəsə, insan ömrünün hansı saatındasa bu rüzgar qəfil qara yel kimi “kahadan bayıra sıçrayır, rastına nə çıxırsa yıxıb dağıdır, “ikiayaqlılar”, “bəni-Adəmin” zalımını da, məzlumunu da, fatehini də, əsirini də, qalibini də, məğlubunu da haqlayır, kəmənd olub boğazlara dolanır, taleyin əfvsiz qətl hökmünü yerinə yetirir. Müxtəlif taleli insanların və müxtəlif dövrlərin insanlarının ölüm ayağında duyduqları buz soyuqluğu – romanın başqa bir şərti, rəmzi obrazıyla – Zirzəmi obrazıyla bağlıdır. O zirzəmiylə ki, neçə ölkəyə qan uddurmuş XVIII əsrin fatehi də öz əcəlinə belə bir rütubətli zindanın buzlu şaxtasında qovuşur. Romanda şər qüvvələr, yamanlığa, qara yelə, ölüm şaxtasına, suyu qurumuş çayın məşum məcrasına qarşı duran dəyərlər hansılardır? Xeyir, Yaxşılıq, Ümid çırağının işığı hardan süzülüb gəlir? Həyat, Xeyir, Ümid çırağının daşıyıcıları müxtəlif dövrlərin yanar zəka sahibləri, münəvvərlər, sadə, namuslu, saf adamlardır, öz ləyaqətini, dəyanətini, mənəvi bütövlüyünü hər hansı şəraitdə qoruyub saxlamağı bacaran insanlardır. Məhz bu insanların ilıq nəfəsləri qorxulardan, vahimələrdən buz bağlamış qəlblərin, beyinlərin buzunu əridir, donunu açır. Roman səhifələrində doğma qalasının hərbi sirlərini işğalçı sərkərdəyə satan, ənam əvəzinə öz yurdunun ən məşhur şairinin başını istəyən XVIII əsr “əhli-qələmləri” varsa, paxıllığa, biganəliyə qarşı sinə gərənlər də var. Əbədi həqiqətləri, dəyişməz bəşəri dəyərləri XVIII əsrin sonunda məşhur şair yaşadırsa, ondan yüz əlli il sonra Sədi Əfəndi də böyük ziyalı missiyasına sədaqətini saxlayır. Romanda təsvir olunan Sədi Əfəndinin təbiəti sakit, xasiyyəti mülayim, ruhu isə əyilməzdir.
“Usta və Marqarita” romanında çox vacib bir fikir ifadə olunub: əlyazmanı oda atırlar, alışmır. Demə, əlyazmalar yanmırlarmış. Bu fikir “Qətl günü”nün də təməl fikirlərindəndir. XVIII əsrdə məğrur şairin boynu vurulur, amma şairin həqiqi qiymətini və dəhşətli aqibətini bilən saray təlxəyi Üfləmə Qasım onun əlyazmalarını hifz eləyir, arabanın içində, otun-ələfin altında gizlədir, işğal olunmuş yurdundan uzaqlara qaçırdır.
Taleyin bütün keşməkeşlərinə baxmayaraq, Sədi Əfəndinin yazdığı roman da məhv olmur. “Qətl günü” adlanan bu tarixi romanın əlyazması uzaq bir yerdən tapılır, doğrudan da, əlyazmalar yanmırmış, itmirmiş, batmırmış. Həqiqətən, ədalətin, sənətin sönməz çırağı estafet kimi nəsildən-nəslə, əsrdən-əsrə keçirmiş. Mənəvi dəyərlər ölümsüzdür. İnsan ləyaqəti bütün qasırğalardan, qara yellərdən güclüdür. İnsanların dövranların başı üzərindən bir-birlərinə göndərdikləri ismarışları hökmən ünvana çatası, mənzilə yetəsidir. Oxucunun romandan çıxardığı nikbin, ümidli, həyatı təsdiqedici nəticə belədir.
Romanda ağır, faciəvi söhbətlər var. Finalı da yalançı, saxta gümrahlıqdan uzaqdır. Amma “Qətl günü” bir oxucu kimi məndə ən işıqlı, ən xoş duyğular oyatdı, fikrimə yeni təkan verdi, düşüncələrimi arıtladı, durultdu. Hisslərimi, mülahizələrimi yalnız əsər müəllifiylə deyil, başqalarıyla bölüşmək istədim.
Bəzən biz ürəyimizi açan, döşümüzə yatan əsər oxuyanda gözləyirik ki, təsadüfən küçədə müəllifinə rast gələk, ona xoş sözlər deyək. Bəzən ətalətimizi üstələyib telefonla zəng vurur, təbrik edirik. Ərinməsək, hətta məktub da yazıb rəyimizi bildiririk. Xoş sözlə də, xeyirxah telefon zəngi də, səmimi məktub da çox yaxşıdır. Amma şəxsi rəyimizin geniş ədəbi ictimaiyyətə çatdırılmasının ən səmərəli şəkli mətbuatdır. Odur ki, mən Yusif Səmədoğlunun yeni və ən böyük əsəri haqqında fikrimi qəzet vasitəsilə ifadə etməyə çalışdım.
“Ədəbiyyat və incəsənət” qəzeti
21 iyul 1984
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)
Mətbuat tariximiz və onun yaradıcısı – DÜŞÜNCƏLƏR
Ağalar İdrisoğlu, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün
Xalqımız həqiqətən də çox istedadlı və dərin kökləri olan xalqdır. Sadəcə biz, bu xalqı, onun mədəniyyətini, ədəbiyyatını, incəsənətini, elmini, təhsilini, səhiyyəsini, mətbuatını və onlarca lazımlı sahələrini dünya səviyyəsində lazım olan kimi təbliğ etmirik. Bu, əlbəttə tarixlər boyu belə olub və yəqin ki, bundan sonra da belə olacaq.
Bunun ən böyük səbəbi isə daxilimizdə olan həsəd, paxıllıq, tayfabazlıq, yerlibazlıq və mən deyərdim ki, ən əsası isə cahillikdir. Çünki təxminən yüz ildən bir qədər çoxdur ki, biz heç vaxt istəmirik ətrafımızda olan istedadlı həmvətənlərimizi təbliğ edək. Çünki yuxarıda dediyim kimi daxilimizdə yerlibazlıq, tayfabazlıq, icma psixalogiyası dərin kök salıb. Amma keçmişimizə baxanda, keçmiş tariximizi, ədəbiyyatımızı vərəqləyəndə elə uzağı getməyək, 150-200 il əvvələ boylananda görürük ki, bizim necə böyük ziyayılarımız, maarfipərvər insanlarımız olub ki, bütövlükdə həyatını, var-dövlətini millətin inkişafına həsr edib. Bu milləti işıqlı yola çıxarmaq üçün hətta bütün var- yoxundan, canından belə keçiblər. Məgər biz həmin insanların davamçıları deyilikmi? Bəs biz niyə belə cılızlaşdıq? Bu pis xislət bizdə haradan yarandı?..
Bax, uzun illərdir bu suallara çoxlu ziyalılarımız kimi mən də cavab tapa bilmirəm. Amma bircə ona təsəlli tapıram ki, bizim belə ulu babalarımız olub. Əgər biz də onların yolunu təmənnasız aparsaydıq, yerlipərəstlik xislətinə tutulmasaydıq, püşvət xəstəliyi bizi öz qoynuna almasaydı, məddahlıqdan uzaq olsaydıq, inhisarçılıq daxilimizdə kök salmasaydı bu son yüz ildə böyük klassiklərimizi dümya səviyyəsinə çıxarıb, onların gözəl əsərlərini dünya xalqlarının dilində çap etdirib və dahilərimizi Yer kürəsində layiqincə tanıdardıq. Bax, onda Yer kürəsində olan həmin millətlər bizə həsəd aparardılar...
Onların sayı yüzlərlədir. Belə dahi insanlarımızdan biri də Həsən bəy Zərdabi olub. Onun təkcə 1873-cü ildə Milli Teatrımızın yaranmasında başda olması və iki il sonra isə Milli Mətbuatımızı yaratması artıq bəs edir ki, bu insana biz qızıldan heykəl qoyaq. Amma və çox əfsus ki, biz bu insanı yaddan çıxartmışdıq. Hətta bir müddət sümüklərinin belə hansı qəbistanlıqda olduğunu belə unutmuşduq. Çox sağ olsun ki, böyük alimimiz Abbas Zamanov və ətrafında olan bir neçə ziyalımız onun sümüklərini tapdı. Bu sümüklər isə uzun illər dahi insanın evində qorunub saxlanıldı... Axır ki, Fəxri xiyabanda dəfn olundu...
Bizim millətimizin biganəliyinə bu, tam tutarlı bir sübutdur. Nə isə... Dərdlərimiz çoxdur. Problemlərimiz isə ondan da çoxdur. Çox əfsus ki, yenə də mətbuat, teatr sahəsində bir balaca vəzifəsi olanlar, hər bayram gələndə öz yaxınlarını siyahılara “soxuşdurur” və Prezidentə təqdim ediblər. Həmişə olduğu kimi bu dəfə də belə oldu... Mən tam əminəm ki, gələn bayramlara da belə olacaq... Çünki mən, ömrümün 60 ilini mətbuata, ədəbiyyata və 50 ilini peşəkar teatr sənətinə həsr edən insan kimi bunu həmişə belə görmüşəm... Ona görə də qətiyyətlə deyirəm: “Vallah, biz düzələn xalq deyilik”...
Ən əsası isə Milli Mətbuatımızın 150 ili tamam oldu və biz bu bayramı da qeyd elədik. Bu bayramlardan biri də Milli Mətbuatımızın 150 illiyi günlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının birlikdə keçirdiyi “AZƏRBAYCAN MİLLİ MƏTBUATI – 150” tədbiri oldu. Belə ki, Azərbaycan Teatr Xadimləri Ittifaqında iyul ayının 21-də mədəniyyəti, o cümlədən teatr sənətini təbliğ edən jurnlistlərlə keçirilən görüş 150 illik bir ənənənin davamı kimi çox xarakterik və maraqlı idi. Orada bir daha vurğulandı ki, hələ 1873-cü ildə gələcək “Əkinçi”nin yaradıcısı, ideya müəllifi Həsən bəy Zərdabi və gimnaziyada onun şagirdləri - 19 yaşlı Nəcəf bəy Vəzirov başda olmaqla, onların təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadənin iki komediyası “Sərgüzəşti-vəziri-xani Lənkəran” və “Hacı Qara-mərdi xəsis” komediyaları səhnələşdirilib. Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində bu tamaşalarla peşəkar teatrın təməli qoyulub. Elə buna görə də mətbuat təmsilçiləri Teatr Xadimləri Ittiaqına özlərinin doğma ünvanı kimi təşrif gətirmişdilər.
Səmimi ovqatda keçən görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri- Xalq artisti, Dövlət mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü Hacı İsmayılov jurnalistləri salamlayıb, mətbuatla teatrın sıx bağlılığından bəhs edərək, maraqlı fikirlər deyib, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 1875-ci ildə “Əkinçi”nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verən və maraqlı məsləhətini bildirənlərdən olduğunu xatırlayıb. Həmin mətbuatın da bu gün teatrla əlaqələrinin daha da dərinləşdiyini vurğulayıb və bunu ilk növbədə görüşə toplaşmış jurnalistlərin xidməti kimi dəyərləndirib.
Hacı İsmayılov və müavinləri – “Şöhrət” ordenli Xalq artisti, Dövlət mükafatı laureatı, professor, Prezidentin Fərdi Təqaüdçüsü İlham Namiq Kamal, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürov başlıca mövzusu mədəniyyət olan mətbuat nümayəndələrinə ən xoş arzularını bildiriblər. Sonra aşağıda adları qeyd dolunan teatr işçilərinə, bir qrup jurnalistlərə, ““İttifaqın dostu” diplomlarını verdilər.
Bunlar- Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə,
Trend Beynəlxalq İnformasiya Agentliyi Mədəniyyət şobəsinin rəhbəri
Vüqar İmanov,
Real Təhlil İnformasiya Mərkəzinin Proqram Departamentinin rəhbəri
Kamran Qasımov,
Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaktoru Suvar İbadov (Abdulla Suvar),
“Xalq” qəzetinin Humanitar siyasət şöbəsinin müdiri, Əməkdar jurnalist , şair
Əli Nəcəfxanlı,
İKİ SAHİL.AZ xəbər portalı üzrə şöbə müdiri
Qvami Rəsulov,
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
105 FM radiosunun rejissoru, jurnalist Vəfa xanım Sərdar (Qədirova),
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı, daramaturq, jurnalist, publisist, Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, “Azad Azərbaycan” qəzetinin redaktoru Ağalar İdrisoğlu (Mehdiyev),
Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri
Fidan xanım Əlizadə,
“VƏTƏN SƏSİ” saytının müxbiri Mina xanım Rəşid (Şıxova),
Jurnalist Şəlalə xanım Camal,
Mədəni tədbirlərin təşkilatçısı Sevda xanım Əliyeva,
PRESSKLUB. AZ saytının redaktoru Ramilə xanım Qurbanlı,
Aşağıda adları yazılanlar “Fəxri fərmanla” təltif olunublar:
Azərbaycan Televiziyası Mədəniyyət Kanalı “Min maska” layihəsinin rəhbəri
Həmid Əsədzadə,
Azərbaycan Televiziyası Mədəniyyət kanalı Mədəniyyət xəbərləri redaksiyasının müxbiri Məmməd Məmmədli,
M. F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçısı
Sələmə xanım Məhərrəmova,
M. F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri
Elvin Nüsrətoğlu (Abdulxalıqov),
Jurnalist-dramaturq Ülviyyə xanım Heydərova,
Jurnalist-dramaturq Cavid Zeynallı.
Bu insanlar isə “Teatr fədaisi” medalı ilə təltif olundular:
Gülcahan xanım Mirməmməd,
Həmidə xanım Rüstəmova,
Samirə xanım Behbudqızı.
Çıxış edənlər onu da vurğuladılar ki, Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida xanım Qafarova burada keçirilən tədbirlərlə bağlı maraqlı məlumatları onlara göndərir və hər tədbirə də onları dəvət edir.
Beləliklə, bir tarixi gün də arxada qaldı. Və həmin gün çəkilər fotoşəkillər də teatrımızın və jurnalistikamızın tarixində zaman-zaman işıqlanacaq. Ən əsası isə həmin tədbirə toplaşanlar bir qürur hissi keçirtdilər ki, xalqımızın belə bir dahi övladı olub. Baxmayarq ki, uzun illər biz onu yaddan çıxartsaq da, amma o, yaşadığı keşməkeşli dövrdə bizi yaddan çıxartmayıb və xalqımız üçün peşəkar teatrı və peşəkar mətbuatı yadigar qotub gedik. Çox yaxşı olar ki, biz də bir millət olaraq, xalqımızı dünyada tanıtmağa qadir olan bu sahələrə çox üstünlük verək. Teatrlarımıza lazım olan şərait yaradaq ki, dünyada tanınsın. Azad mətbuata lazım olan kimi şərait yaradaq ki, millətimizi dünyada təbliğ edə bilsin. Büna görə də ilk öncə hər birimizdə böyük ürək olmalı, obyüktiv tənqiddən inciməməli, ziyalılarımıza yaxşı şərait yaratmalı, milləti özümüzdən çox sevməliyik. Hər yaradıcı insanın da layiqli qiymətini vaxtında verməliyik. Əgər bunaları bacara bilsək, biz dünyada öz sözü, öz imzası olan ən aparıcı millətlərdən biri ola bilərik. Axı biz millət olaraq çox istedadlıyıq. Belə istedad da Yer kürəsində olan hər millətə verilməyib. Bunu sübut etmək üçün təkcə bir faktı deməyimiz və dünyada təbliğ etməyimiz kifayətdir. Biz bir millət olaraq intibah dövrünə XII əsrdə başlamışıq. Avropa xalqları isə intibah dövrünə XV əsrdə başlayıblar.
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)