“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Səhər Xiyavlıdır.
Səhər Xiyavlı
Xiyav
NİYƏ ÇIXDIQ YOLA BİZ?!
Gedirdik qasırğalı havada,
dağ-dərəli, uçurumlu yollarda.
Töküllürdü başımıza xəzəllər,
Beynimizdə püskürən volkan
Ürəyimizdə dəlisov dəniz.
Gedirdik tuzanaqda,
başı havalı, sərsəm.
Çör-çöp gözlərimizdə,
Ayaqlarımız qabar-qabar.
Açarkən gözlərimizi
Çıxılmaz küçələr idi.
Açarsız qapılar
Hər yer divar-divar...
Biz idik peşman ayaqlar
Hüzünlü baxırdıq arxamıza.
Gəldiyimiz qanlı-qadalı yollara!
Axıtdığımız qan tərə!
Qaranlığa axışan sonuclara!
Gecənin dərisi daha qatılaşmışdı
Zavallı əllərimiz qısır,
Kal arzularımızın boyu əl çatmaz.
İndi qurtarmaz gecələrdə
Sivrilmiş hulqumlarla
GÜNƏŞ bağırırıq,
SƏHƏR çığırırıq.
Görəsən günəş bir də
Qonaq gələcəkmi,
Nəmiş dustağımıza?!
“Ədəbiyyat və incəsənət”
(25.07.2025)