Super User

Super User

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

14.

MÜTALİƏNİN HƏRTƏRƏFLİ OLMASI QAYDASI

 

“Nə gəldi oxuma!” – şübhəsiz, bu tövsiyyələri hər biriniz eşitmisiniz. Həqiqətən də, mütaliə zamanı seçim imkanlarından istifadə etmədən kortəbii şəkildə nə gəldi oxumaq əsla yolverilməzdir.

Kitab anlayışına bu formatda çap edilən istənilən çap məhsulu aiddir. Gəlin unutmayaq, heç bir bədii şuradan, senzuradan, yoxlamadan keçməyən, müəllif hesabına çap olunan minlərlə kitablar var ki, onlar oxucu zövqünü korlayır, onlara fayda vermək əvəzinə aqressiya, küskünlük, ətrafdakılara nifrət hissi aşılayır, onları səhv yollara sürükləyir. Dövlətin nəşr prosesinə müdaxilə etməməsi bu cür əyriliklərə, neqativliyə yol açır. Buna görə də müəlliflərin öz məsuliyyətlərini bir kənara qoyub (hər kəs özünü dahi sanır), naşirlərdən maddi gəlir naminə bu sayaq kitablara meydan verməməyi tələb etməyin əsil zamanıdır.

Biz seçmələdik və ziyanlı kitabları yox, faydalılarını seçdik. Bu, işin birinci tərəfidir. Bəs bu faydalıları necə gəldi, hansı ardıcıllıqla oldu oxumağımız düzgündürmü? Bu isə işin ikinci tərəfidir.

Təsadüfi deyil ki, mütaliəni məktəbə bənzədirlər. Hər bir məktəbin dərəcəsi, öz sinifləri olduğu kimi, mütaliənin də dərəcəsi və sinifləri vardır. IX sinif proqramını mənimsəməmiş şagirdin X sinfə keçməsi mümkün olmadığı kimi, oxucunun bilik səviyyəsinə uyğun gəlməyən kitabı mütaliə etməsi də ona lazımi fayda verə bilməz.

Çox kitab oxumaq heç də əsas şərt deyil. Əsas şərt oxuduğunu başa düşmək, dərk etmək, ondan nəticə çıxarmaqdır.

Mütaliənin müəyyən sistem üzrə aparılması şərtdir. Pedaqoq və alimlərdən bir çoxu bədii ədəbiyyatı tarixi xronoloji qayda ilə mütaliə etməyi məsləhət görür. Əvvəl keçmişi, sonra müasiri.

Əks xronoloji qayda da var, əvvəl yaxın dövrləri, get-gedə uzaq dövrləri.

Belədə adi oxucu uzun müddət müasir ədəbiyyatdan uzaq düşür. Digərində isə klassiklərdən bixəbər olur. Bəs qızıl qayda hansıdır? Oxucu bədii əsərləri paralel olaraq iki istiqamətdə mütaliə etməlidir. Yeni və keçmiş. Çünki yenini mütaliə etməyən müasir həyatdan ayrı düşür, keçmişi mütaliə etməyən isə mədəni inkişafdan geri qalar.

Sadə şəkildə şərh edilən kütləvi kitablardan başlayıb tədricən elmi kitablara keçmək məsləhət görülür. Oxucu birdən-birə çətin kitablara müraciət edərsə başa düşməz və onun mütaliəyə olan marağı sönər. Bacarıqla seçilmiş kitab mütaliənin müvəffəqiyyətli olmasını təmin edir.

Əsəri öyrənmək məqsədi ilə oxuyan oxucunun mütaliəsi onu poetik əsər kimi oxuyan oxucunun mütaliəsindən fərqlənir. Makedoniyalı İskəndər Homerin “İlliada”sını Axilles surətini bir ideal sayaraq dönə-dönə oxumuşdur.

 

Növbəti: 15.Mütaliəyə ayrılan zaman

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

 

Avstriyanın paytaxtı Vyanada Azərbaycan klassik musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Sounds of the Land of Fire” (“Odlar Yurdunun Sədaları”) adlı ikinci beynəlxalq piano müsabiqəsi başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.

Bu genişmiqyaslı layihənin direktoru Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadədir. Proqramın ərsəyə gəlməsində Abuzər Manafzadə (müsabiqənin məsləhətçisi), Sabina Rzazadə (incəsənət üzrə məsləhətçi), Ramazan Nəbiyev (müavin və informasiya texnologiyaları üzrə məsləhətçi), Elçin Bağırov (maliyyə üzrə məsləhətçi) və Raul Məmmədzadənin (mədəni təşkilatlarla əməkdaşlıq üzrə köməkçi) böyük rolu olub.

Beynəlxalq piano müsabiqəsinin final mərhələsi Vyana şəhərinin mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında, laureatların qala-konserti isə Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova bu mötəbər tədbirin qala-konsertinə ev sahibliyi etməkdən qürur duyduğunu bildirib. O, müsabiqənin ikinci dəfə keçirilməsini və dahi bəstəkar Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmasını yüksək qiymətləndirib.

Azərbaycan Akademik Birliyinin rəhbəri Sahilə Rzazadə isə iştirakçıların həm istedad, həm də cəsarət nümayiş etdirdiklərini vurğulayıb. Tədbirin ərsəyə gəlməsində əməyi olan tərəfdaşlara, dəstəkçilərə və münsiflər heyətinə minnətdarlığını ifadə edib.

Münsiflər heyətinin sədri, Xalq artisti, professor Fərhad Bədəlbəyli gənc istedadların üzə çıxarılmasında xüsusi əhəmiyyətə malik olan müsabiqəyə qarşıdakı illərdə uğurlar arzulayıb.

Müsabiqə zamanı müxtəlif ölkələrdən olan gənc pianoçular Qara Qarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, Qalib Məmmədov, Fərhad Bədəlbəyli və digər tanınmış Azərbaycan bəstəkarlarının zəngin irsinə müraciət ediblər.

Münsiflərin qərarına əsasən, Eunseon Ahn (Cənubi Koreya, 27 yaş) I dərəcəli laureat, Nanase Kuroki (Yaponiya, 29 yaş) və Naoe Sasaki (Yaponiya, 24 yaş) II dərəcəli laureat, Hidayət Sadıqbəyli (Azərbaycan, 21 yaş) və Tomiris Bekturova (Qazaxıstan, 25 yaş) III dərəcəli laureat adına layiq görülüblər.

Azərbaycan bəstəkarları Əşrəf Abbasovun "Folk Song" (6 miniatura) və "Humoreska", eləcə də Cövdət Hacıyevin "Joke" və "Fairy Tale" əsərlərini yüksək peşəkarlıqla ifa etdiyinə görə 23 yaşlı çexiyalı musiqiçi Daniel Boura xüsusi mükafatla təltif edilib.

Müsabiqə ilə bağlı daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

www.lofmc.com

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

 

 

 

Çərşənbə, 10 Sentyabr 2025 08:04

Gənclər niyə teatra getmir?

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gənclər Teatrı həqiqətən də gənclərimiz üçün çalışır. Tamaşalarda həm didaktika, həm informasiya, həm motivasiya var. Amma nədənsə tamaşalar zamanı zalda gənclərə istisna halda rast gəlmək olur. Gənclər, niyə belə passivsiniz, bilmək olmur.

Bu gün həmin teatrın bir aktrisası barədə danışaçağam.

 

Bu gün doğum günü olan Azərbaycan Respublikasının əməkdar artisti Qəmər Məmmədovadır.

10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 2013-cü ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.

 

Əsas rolları:

1. Sara xatun - («Sara xatun», N.Cəfərli)

2. Nazlı - («Qarışqa yuvası», Ə.Qiyas)

3. Güllü - («Vicdanın hökmü»,H.Mirələmov)

4. Sevgili - («Generalın son əmri», V.Səmədoğlu)

5. I qadın - («Labirint», E.Hüseynbəyli)

6. Anaxanım - («Axırı sakitlikdir», E.Hüseynbəyli)

7. Hosuil Emmi - («IV Kin», Q.Qorin)

8. İolanka - («Gecə soyğunçuları», M.Mitroviç)

9. Gövhər xanım - («Məhv olmuş gündəliklər», İ.Əfəndiyev)

10. Marianna – («Tədbirə qarşı tədbir», V.Şekspir

 

Filmoqrafiya

- O dünyadan salam

- Həm ziyarət, həm ticarət...

- Yalan

- Cavad xan

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2025)

Çərşənbə axşamı, 09 Sentyabr 2025 17:30

GAP Antologiyasında Vida Heşmətinin “Sülh” şeiri

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Vida Heşmətidir.

 

Vida Heşməti

Təbriz

 

SÜLH

 

Keşkə səsini dağlara, 

Nəfəsini bağlara

Gözəlliyini göy qurşağına paylaşaydım. 

İsti əllərini sevgililərin ilk görüşünə

Ürəyini

Oğlu savaşda yubanmış ananın

Sap-sarı astanasına. 

Maviliyini dənizlərə qoşaydım

Səni dalğalarla bağlaşaydım. 

Ahaaaaay

Mahnılarımın Sarı gəlini

Buludlardan uzaldaydın yağış əlini. 

Ulduzlardan göz vuraydın, 

Gülümsəyən heykəlini

Calanaydın qaraqançıl kürəmizin

Qsır dodaqlarına. 

Səs-səsə verib oxuyaydıq

Ozaylar uzunu. 

Saçın ucun hörməzlər

Gülü qönçə dərməzlər…

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

 

Çərşənbə axşamı, 09 Sentyabr 2025 16:39

Cənubun ən məhsuldar tədqiqatçı alimi...

 

 

 Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əgər məndən soruşsalar ki, Bilal Alarlı kimdir, düşünmədən cavab verərəm:- Cənubun ən məhsuldar tədqiqatçı alimi, gözəl insan, necə deyərlər, kara gələn adam...

 

Həyatı rəngarəng olub; xoş günlər də yaşayıb, düz söz üstündə iztirablara sinə də gərib. Hətta sovet hökumətinə qarşı çıxdığına görə zindanda da yatıb. Amma heç zaman sarsılmayıb, həvəsdən düşməyib. Cənub bölgəsi ilə əlaqədar mükəmməl araşdırmaları var. Və bu araşdırmaların arxasında böyük zəhmət, dönməz iradə durur...

 

Sadə olduğu qədər də mürəkgəb adamdır. Sadədir ona görə ki, heç zaman təkəbbür göstərməz, təmtəraqdan uzaq qaçar, mürəkgəbdir ona görə ki, yalançılara, rüşvətxorlara, zalımlara qarşı amansızdır...

 

Səxavətli və qonaqpərvərdir. Evinə qonaq gəldisə onun nazını çəkər, xidmətində dayanmaqdan zövq alar, yaşadığı Cəlilabad rayonunun görməli yerlərini gəzdirməkdən yorulmaz. Gedərkən qonağına öz əli ilə həyətyanı sahəsində əkib becərdiyi nemətlərdən pay verər...

 

Cənubluların ona borcu çoxdur. Şəxsi vəsaiti ilə tez-tez cənub rayonlarını gəzərək, müfəssəl tədqiqatlar aparıb. Bəli, onun öz hesabına nəşr etdirdiyi kitablar gələcək nəsillərə istinad yeri, elmi mənbələrdir...

 

Bilal Alarlı Allahın möcüzəsidir, ikinci həyatını yaşayır. On beş yaşında klinik ölüm keçirib. Onu ölmüş bilib, qəbrini də qazıblar. Amma komadan ayılandan sonra düz 40 il boş qalmış qəbrinin üstündə hər İlaxır çərşənbədə şam yandırıb. Üç ali məktəb bitirib, aspiranturada oxuyub, dissertasiya müdafiə edib, 30-dan çox kitabın müəllifidir...

 

Sentyabrın 8-də Bilal Alarlının 67 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

 

Çərşənbə axşamı, 09 Sentyabr 2025 16:11

Onu da xərçəng aparıb

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Son vaxtlar dünyasını dəyişən əksər insanların diaqnozu eyni olur – xərçəng xəstəliyi.

Bu xəstəliyin apardığı istedadlı bir aktyor Azərbaycan Respublikasının əməkdar artisti Zili Namazov barədə danışmaq istəyirəm. Axı bu gün onun doğum günüdür.

Aktyor daha çox 2013-14-cü illərdə yazıçı Varisin “Bir ovuc torpaq” romanının ssenarisi əsasında çəkilmiş eyniadlı serialda parlamışdı...

 

Zili Namazov 9 sentyabr 1952-ci ildə dünyaya göz açıb. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışıb.

Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb. Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib.

Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə də fəaliyyət göstərib. Gənc aktyorların formalaşmasında yaxından iştirak edib. Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində ikinci rejissor kimi işləyib.

 Kino fəaliyyəti ilə yanaşı, televiziya sahəsində də, çalışıb.

 

Filmoqrafiya

1. 777 №-li iş

2. 777 №-li müəssisədə

3. Alman klinikasına şəxsi səfər

4. Bəlkə...

5. Bəyaz həyat

6. Bəyin oğurlanması

7. Bir ovuc torpaq

8. Bircəciyim

9. Birisigün, gecəyarısı...

10. Bumeranq

11. Dad

12. Dağıdılmış körpülər

13. Dalan

14. Dəvətnamə

15. Doğma sahillər

 

Aktyor Zilli Namazov 27 dekabr 2021-ci ildə Bakı şəhərindəvəfat edib.Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

Çərşənbə axşamı, 09 Sentyabr 2025 15:36

VAQİF SƏMƏDOĞLU, sonuncu şeir

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU

      

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin...

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

Çərşənbə axşamı, 09 Sentyabr 2025 15:04

Ramiz Rövşəndən ETİRAF

 

 

“Ədəbiyyat və incəsənət” portal dəyərli şairimiz Rüstəm Behrufinin qeydlərini diqqətinizə çatdırır.

 

Ramiz Rövşən ustad şairimiz.

Buna söz yox!

O həm də dəyərli bir dostdu. 

30-40 illik dostluğumuz var! Bizi bir zamanlar dəyərli ədəbiyyat adamı Natiq Səfərov tanış eləmişdi. Qəbri nurla dolsun.

Dünən Ramizə əhvalını soruşmaq üçün telefon açdım. Çox şükür, sağlamlığı yerində.

Bir az da yazı-pozudan danışdıq. 

Belə bir dialoq keçdi aramızda:

 

NƏ YAZMIŞIQ KİFAYƏTDİ,

BUNDAN SONRAKI QƏNİMƏTDİ...

 

Sağollaşıb, vidalaşdıq. 

5 səqiqədən sonra Ramizdən zəng gəldi:- Dediyimə  arxayınlaşma, bayaq dediyim sözlər

 

TƏNBƏLLİYƏ BƏRAƏTDİ!

 

Sənə cansağlığı, sağlam ömür arzulayıram, dəyərli Ramiz Rövşən, dəyərli qardaş--"sözün tozuni almaq"dan daha çox, onu layiq olduğu məqama qaldıran adam!

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

 

 

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Yaqublu Oğuz rayonunun kəndlərindən biridir. Hər yerdə olduğu kimi burda da zaman-zaman müxtəlif hadisə və əhvalatlar baş vermişdir. Həmin hadisə və əhvalatlarla bağlı kənd sakinlərinin söylədikləri onların cəsarətindən, hazırcavablığından və zəkasından xəbər verir. Hadisə və əhvalatlarla bağlı söz söyləyənlər öz şəxsi ləyaqətlərini qorumağa çalışan, məğrur və bütov adamlardır. 

Hadisə və əhvalatlarla bağlı söylənilənlərin əsas pafosu nöqsan və eybəcərliklərə gülmək, onların tənqidi və ifşasıdır. Burada deyilmiş sözlər yaramazlıqlara və nöqsanlara atılmış “söz daşlarıdır”. Bu əhvalatları eşitdikcə, oxuduqca nöqsan və eybəcərliklərlə barışmaz olan insanları görürük. Görürük ki, onlarda həyatın işıqlı tərəfinə ehtiraslı məftunluq hissi var.

70-80 il bundan əvvəl baş vermiş bu hadisə və əhvalatlarla bağlı söylənilənlər artıq bədii təfəkkürün süzgəcindən keçmiş, zəka ilə nurlandırılmış ümümxalq dili zəminində formalaşan idiomlara, ibarə və aforizmlərə, atalar sözü və məsəllərə, lətifələrə çevrilməkdədir.  

Həmin hadisə və əhvalatlardan bir neçə nümunə təqdim edirik.

 

 

HƏRCAYİ SÖZÜNMƏRCAYİ CAVABIOLAR

 

Hüseynkişi şənvə hazırcavabadamidi.

Rayonunbaş baytarhəkimiişləyənvaxtlarındaucqarDaşağılkəndində çayxanadaoturubmuş. Kənddə qonaqolanbirnəfərə onunhazırcavablığı haqqındadanışırlar. HəminadamHüseynkişinin çayxanadaolduğunueşidib, deyilənlərindoğruluğunuyoxlamaq üçünoragəlir, salamsız-kəlamsızvə ucasəslə soruşur:

-Deyirlər, burada bir eşşək həkimi var, kimdir o?

Hamı Hüseyn kişinin üzünə baxıb nə cavab verəcəyini gözləyir. O isə başını qaldırmadan və halını pozmadan ucadan soruşur:

-Haran agrıyır?

Söz tapa bilməyib pərt olan qonaq həmin gün kəndi tərk edib gedir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

 

Çərşənbə axşamı, 09 Sentyabr 2025 14:00

Sərdar Cəlaloğluna cavab: HƏCƏR VƏ NƏBİ HAQQI

 

Adilə Nəzərova,

Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Son illər Azərbaycan xalqının tarixdə yetişdirdiyi qəhrəmanlar barədə məqsədli şəkildə yayılan uydurmalar içində ən çox qıcıq doğuranlardan biri də Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım haqqında deyilənlərdir. Xüsusilə də “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib” kimi əsassız, heç bir sənəd və mənbəyə söykənməyən iddialar xalqımızın yaddaşına, milli dəyərlərinə atılan çirkabdır.

 

Əgər kimsə həqiqəti bilmək istəyirsə, ciddi mənbələrə baxmalıdır. Həcər xanım haqqında ən dolğun və dəqiq məlumatı Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi və maarifçi Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” əsərində tapmaq mümkündür. Bu kitabı yazan şəxs Nəbinin və Həcərin müasiri olub, onların dövrünü görüb və çoxlu şahidlərin xatirələrini qeydə alıb. Orada bircə kəlmə də Həcərin “7 dəfə ərə getməsi” haqqında söz yoxdur. Əksinə, bütün yazılanlardan görünür ki, Həcər Nəbinin ən yaxın silahdaşı, həm həyat yoldaşı, həm fədakar ana, (bu barədə sonra) həm də mübarizə dostu olub.

 

Bundan başqa da həm sovet dövründə, həm də müstəqillik illərində alimlər və tədqiqatçılar Həcər xanımın həyatını yazıblar. Onlardan əsaslarını qeyd edirəm:

       1. Hüseyn Baykara – “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabında Qaçaq Nəbinin mübarizəsini izah edir və Həcəri onun ən yaxın silahdaşı kimi təqdim edir.

       2. Rəfail Rüstəmzadə – “Azərbaycan tarixi qəhrəmanlıq dastanları” əsərində Həcərin igidliyini, qadın qəhrəmanlıq ənənələrini zirvəyə qaldırdığını xüsusi vurğulayır.

        3. Füzuli Bayat – “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (2019) monoqrafiyasında Həcərin xalq yaddaşındakı yerini geniş şəkildə göstərir, onu Azərbaycan qadınlarının qəhrəmanlıq simvolu kimi dəyərləndirir.

       4. P.Vostrikov – Qori müəllimlər seminariyasının məzunu, Zəngəzur məktəblərinin müdiri olmuş tədqiqatçı, Həcərin döyüşkənliyi və silah işlətməkdəki məharəti barədə yazır.

      5. “Qafqaz” qəzeti (1895-ci il, 25 oktyabr) – Həcərin həbsə salınmasına baxmayaraq mübarizəsindən dönmədiyini yazır.

      6. Məhəmmədhüseyn Şəhriyar - "Qaçaq Nəbi” şeirində Həcər xalqın qəhrəman qadın simvolu kimi tərənnüm olunur.

       7. Mehmet Əl Turan - Qaçaq Nəbi və Həcərin nəticəsi. AzərTAC-ın əməkdaşına verdiyi müsahibədə qeyd edir ki, Qaçaq Nəbi və Həcər xanım yalnız döyüş meydanında deyil, ailə həyatı və nəsil davamçılığı ilə də xalqın yaddaşında yaşayırlar. Qaçaq Nəbinin iki oğlu (Əhməd və Xəlil) və bir qızı (Zeynəb) olub; Həcər xanım oğullarına özünün toxuduğu kilimləri verərək yadigar saxlamış və onları Nəbinin yolunu davam etdirməyə təşviq etmişdir. Mehmet Əl Turan Avstraliyada yaşayır və hazırda nəvəsinə Nəbinin adını verib. O, iki il öncə Azərbaycana gələrək Aşağı Molluda Həcərin məzarını ziyarət edib. Onun dediklərinə görə, Həcər xanım Mehmet Əl Turana söyləyib ki, sovet dövründə onların adı hər yerdə yasaq edilib. 

       Mənfur qonşuların (!) səyi ilə yaranan uydurma şayiələr – məsələn, Həcərin 7 dəfə ərə getməsi də buradan qaynaqlanır.

 

Sərdar Cəlaloğlunun Həcər xanım barədə səsləndirdiyi bu sözlər göründüyü kimi heç bir elmi qaynağa əsaslanmır. Onun cavabı isə bu idi: “Məndən deməkdi, gedin araşdırın də...” 

Buyurun, Sərdar bəy, araşdırdıq. 

 Bunun adı məsuliyyətsizlikdir. Tarixi şəxsiyyətlər haqqında danışanda “dedim, oldu” prinsipi ilə yox, sənədlərlə, mənbələrlə danışmaq lazımdır. Sizin dediklərinizin əksinə, xalqın yaddaşında Həcər xanım həmişə mübariz qadın, Nəbinin silahdaşı kimi qalıb. Onun qəhrəmanlığı dastanlara, şeirlərə, mahnılara düşüb. Hətta “Qaçaq Nəbi” dastanında bəzi yerlərdə Həcərin obrazı Nəbidən də uca tutulur. Çünki xalq onun qəhrəmanlığını, sədaqətini yüksək qiymətləndirib.

Bütün ciddi mənbələrdən aydın görünür ki, Həcər xanım Nəbi şəhid olduqdan (bəli, məhz şəhid. Çünki tarixi mənbələr göstərir ki, Qaçaq Nəbi 1896-cı ildə arxadan pusquya düşürülərək öldürülüb. Bəhlul Behcət, Hüseyn Baykara və digər tədqiqatçılar qeyd edir ki, Nəbinin ölümündə məqsəd xalq arasında onun nüfuzunu azaltmaq və çar hökumətinə xidmət edən erməni və rus dəstələrinin intiqamını almaq idi.) sonra yalnız bir dəfə yaxın qohumuna ərə gedib. Bunun səbəbi də çox sadə idi: xalq arasında “dul qadın” damğasından yaxa qurtarmaq və düşmənlərin böhtanlarına son qoymaq. Bu, həmin dövrün sosial-ictimai mühitindən doğan bir hal idi. Əslində, bu da Həcərin yenə də öz qeyrətini, şərəfini qorumaq üçün atdığı addım idi.

 

“Həcər 7 dəfə ərə gedib” deyənlər isə xalqın qəhrəman qadın simvolunu aşağılamaq, onu gözdən salmaq istəyənlərdir. Bu, sadəcə, qara piar və xalqın mənəvi dəyərlərinə hücumdur.

 

       *Tarixi faktlar yalnız keçmişi göstərmir, eyni zamanda bu gün üçün də mesaj daşıyır: Qaçaq Nəbinin arxadan pusquya düşürülərək şəhid edilməsi, onun azadlıq mübarizəsini dayandırmaq məqsədini əks etdirirsə, indi də onun və Həcər xanımın yolunu davam etdirənlərin qarşısına daş qoymaq istəyən qüvvələr mövcuddur. Sərdar Cəlaloğlunun uydurma iddiaları da elə bu məqsədə xidmət edir: xalq qəhrəmanlarını gözdən salmaq, onların nüfuzunu zəiflətmək və tarixi yaddaşı təhrif etmək.

 

Son söz olaraq demək istəyirəm ki, Qaçaq Nəbi və Həcər xanımın adı Azərbaycan xalqının milli yaddaşına qəhrəmanlıq, azadlıq sevgisi, mərdlik və fədakarlıq rəmzi kimi yazılıb. Onların obrazı heç bir yalanla, heç bir uydurma ilə zədələnə bilməz.

Sərdar bəy, unutmayın ki, xalqın yaddaşında yaşayan tarixi şəxsiyyətlər barədə danışmaq məsuliyyət tələb edir. Burada “deyilənlər” yox, yalnız sənəd və fakt danışa bilər. Siz isə Həcər xanım barədə söylədiyiniz cəfəng sözlərə hələ də heç bir mənbə, arxiv, kitab, səhifə göstərə bilməmisiniz. Bəs hanı sübut? Haradadır istinad etdiyiniz qaynaqlar?

Biz xahiş etmirik, tələb edirik: əgər iddianız düzdürsə, fakt gətirin. Əks halda, “Həcər yeddi dəfə ərə gedib” kimi uydurmaların bütün məsuliyyəti yalnız və yalnız sizin üzərinizdə qalır. 

Xüsusi qeyd: Əslində, mənim Sərdar Cəlaloğluna hörmətim var, onun siyasi və ictimai fəaliyyəti bəzi sahələrdə dəyərlidir, amma tarixi faktları təhrif edən, xalq qəhrəmanlarını gözdən salan yanlış fikirlərinə etiraz etmək məcburiyyətindəyəm. Bu etiraz həm tarixi həqiqətin qorunması, həm də nəsillərə düzgün irs ötürülməsi üçün vacibdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.09.2025)

 

 

8 -dən səhifə 2421

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.