Super User

Super User

Çərşənbə axşamı, 10 İyun 2025 16:06

SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Durna”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

DURNA

 

Mən
 yuxuda durna oluram
 gecələr,
Çırpıb qanadlarımı
 yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
uçuruq diyar-diyar…
uçuruq – qəlbimizdə
torpaqdan aldığımız
ən şirin,
Ən incə,
ən sevimli arzular.

 

Uçuruq uça bildikcə…
Bizə həsrət qalan ellərə
qanad salırıq,
Uca-uca dağların başında
əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
         ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
qalxıram ayağa:
Sonra bütün günü
nə həvəsim olur,
nə macalım,
bir də yerdən üzülüb
                   durna olmağa.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Keçmiş Vartaşen şəhəri və  rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindən olub. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, IX–XVI əsrlərdə Şirvanşahlar, XVI–XVIII əsrlərdə Səfəvilər dövlətlərinin, XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək isə Şəki xanlığının tərkibinə daxil olmuşdur.

 1930-cu il 8 avqust tarixli qərarla Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar inzibati vahid kimi mərkəzi Vartaşen kəndi olmaqla ayrıca Vartaşen rayonu təşkil olunub. Vartaşen kəndinə 1961-ci il sentyabrın 9-da rayon tipli qəsəbə, 1969-cu il martın 15-də isə şəhər statusu verilib. 1991-ci ilin fevralında Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən həm Vartaşen şəhərinin, həm də rayonun adı dəyişdirilərək Oğuz adlandırılmışdır.

Bizim söhbətimiz Vartaşen toponimi haqqında olacaqdır. Toponim təbii və ya insan tərəfindən yaradılan obyektlərin xüsusi adıdır. Onlar bir yerin keçmişini, orada baş vermiş tarixi hadisələri, xalqın tarixini, etnik qrupların tərkibini, etnogenizini, təfəkkürünü, məşğuliyyətini, dilini, dini inanclarını, mədəniyyətini və s. əks etdirir. Toponimlərin öyrənilməsi və əhəmiyyəti yalnız tarixçilər, coğrafiyaçılar və dilşünaslar üçün deyil, həm də hər bir insan üçün faydalıdır.  Ona görə də onların tədqiq olunması olduqca əhəmiyyətli və çox maraqlıdir.

Vartaşen toponimi də öyrənilməsi maraqlı olan belə toponimlərdəndir. Bəri başdan deyək ki, bu toponim haqqında bir sıra versiyalar var və fərqli mülahizələr söylənilmişdir.

Həmin versiyaların bir qismində ehtimallara, əfsanə və rəvayətlərə, bir qismində isə real tarixi gerçəkliklərə istinad olunur.

Məsələn, bir mülahizəyə görə, “Varta” yağış ilahələrinin birinin adı olub.   Toponim də həmin ilahənin adı və “şen” sözü ilə formalaşıb.

 Başqa bir mülahizədən isə belə məlum olur ki, əslində Vartaşen sözünün əsli türkcə “Artaş” olub. “Ar” (”ər”) türkcə igid, mərd mənasını verir. “Taş” isə türk dillərində t>d əvəzləməsini nəzərə alsaq, “daş” deməkdi. Deməli, “Artaş” daş kimi, möhkəm insan mənasını verir. Kənd də Artaş tərəfindən salındığı üçün Artaşın (yəni Artaşın yaşadığı yer, kənd)  adlanmışdır. Sonralar A>V əvəzlənməsi olmuşdur.

Filologiya üzrə fəlsəfə doktoru Ə.Ələkbərli və E.Qaraqoyunlu “Türk mənşəli erməni soyadları” əsərində (səh:452, Bakı, “Qaya”-2016) yazırlar ki, “...saitlə başlanan sözlərin əvvəlinə “v” samitinin əlavə olunması bulqar dilinə də xas bir əlamət olmuşdur və Azərbaycanda bulqar türklərinin məskunlaşması ilə əlaqədar buradakı toponimlərdə də belə dil hadisələrinə tez-tez rast gəlinir. Məsələn: Eti//Veti//Vedi. Keçmiş Vartaşen rayonunun adı da bu yolla düzəlmiş ola bilər”.

 

Digərlərinə görə, toponim hind-iran mənşəli “vard” (gül) və türk mənşəli “şen” (kənd) sözlərindən yaranmış, “güllər kəndi”  deməkdır. Bu fikir “Azərbaycan Sovet Ensiklopediyası”nda (II cild, səh:410, 1978-ci il) da təkrarlanır. 

“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə isə (II cild, səh:142, 2007-ci il)   göstərilir ki, "Vartaşen" toponimi  fars dilindəki "varde" (qala, qüllə) və "şen" (kənd, məskən) sözlərindən ibarət olub, (-a birləşdirici saitdir) "qala kəndi" mənasını verir.  

Bəzi araşdırmaçılar da toponimin adını Rusiya Elmlər Akademiyasının 2015-ci ildə çap etdirdiyi "Albania Caucasica" kitabında adı keçən “Vərdud” (“Gülüstan”) kəndinin adı ilə əlaqələndirirlər. Həmin kəndin VI-XV əsrlərdə indiki Oğuz şəhəri ərazisində yerləşdiyini nəzərə alaraq Vartaşen toponiminin də bu ad əsasında formalaşdığını bildirirlər.

Vartaşen toponimi Albaniyada Mehranilər sülaləsinin əsasını qoyan, Girdiman dövlətini yaradan Mehranın nəvəsi, Cavanşirin ulu babası, alban knyazı Cəsur Vardanla da əlaqələndirilir. Vardan qədim alban şəxs adlarından olub. AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rza(yev) özünün “Oğuzda “Avesta”nın izləri” adlı əsərində (Mingəçevir-2010, səh:74) yazır: “Vartaşen” sözünün mənşəyinin hind-iran, erməni mənşəyi ilə heç bir əlaqəsi yoxdur...Vartaşen də türk-Azərbaycan mənşəli sözdür. Bu toponim Vardan adlı şəxsin adından yaranmışdır...Burada “d” “t”-ya çevrilmiş, “n” isə düşmüşdür. Söz ilkin formada “Vardanaşen” olmuş, sonralar “Vartaşenə”ə çevrilmişdir”. Belə ehtimal olunur ki, “Vartaşen” ucada, ali məqamda duran, ərənə, od oğluna, Tanrı övladına məxsus yer mənasını daşıyır.

Yuxarıda adı şəkilən “Türk mənşəli erməni soyadları” əsərində (səh:452) də qeyd edilir ki, “-an şəkilçisinin köməyilə yaranan art+an//artan sözü feili sifətdir. “V” samiti proteza hadisəsi yolu ilə “artan” sözünün əvvəlinə əlavə edilmiş və Vartan şəxs adı düzəldilmişdir. Vartan şəxs adını... Azərbaycanın keçmiş Vartaşen (indiki Oğuz) rayonunun adı ilə müqayisə etmək olar”.

 

Tarixi faktlar göstərir ki, Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsindəki Aranzəmin  kəndinin digər adı da vaxtı ilə “Vardaşın” olub. B.Budaqov və Q.Qeybullayev “Yuxarı Qarabağ toponimləri” əsrində (2005) qeyd edirlər ki, XVIII əsrdə Şirvan xanı Mustafa xan bir neçə Yuxari Qarabağ kəndini  öz xanlığına köçürmüş və onlar indiki Oğuz rayonu (keçmiş Vartaşen) ərazisində “Vartaşın” adlı kənd salmışlar. Bu fakta istinad edən bəzi araşdırmaşılar indiki Oğuzun keçmiş adının  yuxarıda adı çəkilən Aranzəmin kəndinin ikinci adından götürüldüyünü iddia edirlər. Lakin "Albania Caucasica" kitabında göstərilən faktlar toponimin tarixinin daha qədimlərə gedib çıxdığını göstərir.

Vartaşen toponiminin tərkibindəki “şen”ə istinadən onun erməni sözü olması haqqında deyilənlər isə tamamilə cəfəngiyatdır. M.Kaşğarlının, L.Z.Budaqovun, İ.M.Dyakonovun, H.A.Abelovun tədqiqatlarında göstərilir ki, "şen" sözü sırf türk sözüdür və bu söz "yaşayış yeri", "kiçik məntəqə", "məhəllə", "abad yer", “kənd” mənasındadır. XIII əsrə aid "Türk-ərəb lüğəti"ndə də "şen" sözünün, "məskun", "əhali yaşayan yer", "əhalisi sıx olan yer" mənasında olduğu göstərilmişdir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, tanınmış dilçi alim F.Rzayev özünün “Naxçıvan əhalisinin etnogenizi tarixindən m.ö. II-I minilliklər (Naxçıvan oykonimləri əsasında) əsərində (II cild, səh: 129, Naxçıvan-2017.) haqlı olaraq yazır ki, “bu gün erməni dilində gen-bol işlənən “şen” sözü qədim türk sözü olmaqla onların dilinə adlamış qar dənəsi-“qar kut”, “lavaş”, “dolma”, “soğan” kimi minlərlə sözlərimizdən biridir. Ermənilər həm dilimizi, həm tariximizi, məişət və inanclarımızı oğurlamaqdan bu gün də əl çəkmir, özlərini “qədim xalq” kimi tanıtmağa çalışır, oğurluqlarını davam etdirirlər”. Onlar hətta Qərbi Azərbaycandakı tarixi yaşayış məntəqələrinin də bəzilərinin adını dəyişərək “Vartaşen” qoymuşlar. Məsələn, 1945-ci ildə Artaşat rayonundakı Mehrablı kəndinin adı “Vartaşen”lə dəyişdirilmişdir.       

 AMEA Folklor İnstitutunun elmi işçisi T.Nəsib  də “Qars, Ani və çevrəsindəki tarixi-coğrafi adların öntürk uyqarlıqları, orta əsrlər türkmonqol maddi-mənəvi həyatı ilə etimoloji bağlılığı və bunlara erməni iddiası” adlı məqaləsində yazır: “Şen” kökü ilə yaranmış toponimlər yanlış olaraq ermənicə yer, yurd mənasında izah olunur. Həmin kök ilk başlanğıcda, türkcə əcdadla bağlı yurd deməkdir. Bu, açıqca şenadan (börüdən), qurddan törəmə əcdad əfsanəsinin yaddaş qatının ifadəçisi və daşıyıcısıdır. Şimali Azərbaycanda Qutqaşen (Qəbələ), Vartaşen (Oğuz) yaşayış məskənlərinin adı da hər cəhətdən birbaşa həmin əcdad əfsanəsinin ruh aləmini özündə cəmləşdirib. Qut kökü göyün kutunu (xeyirxahlığını) almaq mənasını, qa kökü ikinci əfsanədə 4 qardaşdan birinin qu quşuna çevrilməsi inancını, şen kökü də börüdən (şena) törəmə təsəvvürünü Qutqaşendə cəmləşdirərək birləşdirib. Eyni cəhətdən də Vartaşen toponimində də Var-bar (börü), ta dağ kultu, şen-yenə də börüdən (şena) törəmə mənaları birləşib”.

Hörmətli oxucu, oxuyub gördüyünüz kimi, araşdırmaçılar “Vartaşen” toponimi barədə xeyli versiya irəli sürsələr də, çoxlu mülahizə və ehtimallar söyləsələr də, bu barədə hələlik konkret yekdil fikir yoxdur. Bu isə adı çəkilən toponimin daha ətraflı öyrənilməsinə ehtiyac olduğunu göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

                                                                                          

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının redaktoru Əkbər Qoşalının “Olaylar”a verdiyi geniş və maraqlı müsahibəni oxucularımızla bölüşürük: 

 

Ədəbiyyatın cəmiyyətlə dialoqunu qurmaqda, milli kimliyi qoruyub gələcək nəsillərə çatdırmaqda söz adamlarının üzərinə böyük məsuliyyət düşür. Bu missiyanı uğurla yerinə yetirən qələm sahiblərindən biri də tanınmış şair-publisist, Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalıdır. Onun yaradıcılığı milli düşüncəyə, mənəvi dəyərlərə və bəşəri duyğulara söykənir. Ədəbi fəaliyyəti ilə yanaşı, ictimai fikir proseslərində də fəal iştirak edən Əkbər Qoşalı müasir dövrün ədəbi və mədəni çağırışlarına özünəməxsus yanaşması ilə seçilir.

Şair-publisist Əkbər Qoşalı ilə ədəbiyyat, milli ideya, yaradıcılıq yolu və zamanın ruhu haqqında maraqlı müsahibəni təqdim edirik.

 

-Əkbər müəllim, publisist kimi yazılarınızda sosial məsələlərə kəskin, bəzən də poetik yanaşma müşahidə olunur. Poeziyadakı Əkbər Qoşalı ilə publisistikadakı  Əkbər Qoşalı arasında hansı fərqlər və ya paralellər vardır?

 

-Əslində, poeziyada da, publisistikada da, digər janrlarda, yaradıcılıq növlərində də bir Əkbər var. - Janr, növ və s. fərqliliyi olsa da, əlbəttə, vuran eyni könül, yazan eyni əldir. Klassik kulturoloji üslubla desək, əl-ürək-ruh birliyi ilə yazılıbsa, janrın, növün, kateqoriyanın, hətta mövzunun elə də prinsipial önəmi qalmır. 

Poeziya - mənim içimdəki "mən"in səsi-ünü, publisistika - necə deyərlər, çöldəki, yaxud adi gözlə də görünən və sosiallaşmış adamın dilidir, üslubudur, yanaşmasıdır. Şeirdə  duyduqlarımız obrazlaşdırılır, publisistikada düşündüklərimiz əsaslandırılır. Şeirdə simvolika üstünlük qazana bilir, publisistikada açıq və ya daha açıq danışmış oluruq. Necə deyərlər, biri - qəlbin sözüdür, biri - vicdanın hayqırtısı; dərinlikdə və üfüqötəsində qəlb vicdanı, vicdan qəlbi tamamlamırsa, yazılanlar nəyə yarar?.. 

Yəni, hər iki halda da müəllif bəlli - mənəvi, milli, estetik və ictimai mövqe daşıyıcısıdır. Fərq isə, poetik dildə metaforlar, bədiilik, obrazlılıq, publisistik yazıda təhlil, fakt, arqumentin üstünlük təşkil etməsindədir. Təkrarçılıq olmasın, ancaq hər ikisində mənimçün səmimiyyət, məsuliyyət və həqiqət axtarışı bir növ ortaq damardır.

 

-Siz həm də Türk dünyası mövzusunda fəal fikirlər söyləyirsiniz. Şeirdə "türkçülük" və "şair ruhu" necə birləşir? Sizcə, şair bu ideyaları sadəcə yaşatmalı, yoxsa yönəltməlidir də?

 

-Türkçülük, turançılıq mənim üçün sadəcə fikir deyil, həm də ruh halıdır - başqa sözlə, özümü ifadəmdir, gözümün üfüqgenişliyi, sözümün məna dərinliyidir. Şeirdə bu ruh - ya dilin özündə, ya da duyğunun yönündə təcəlla edir, səciyyə qazanır. Şair ulusunun söz yaddaşıdır, elin vicdanıdır, tarixin nəfəsidir. Yəni şair həm yaşatmalı, həm də, belə demək olarsa, yön verməlidir. Əgər şair sadəcə nostalji duyğularla yetinirsə, ideyanı gələcəyə daşıya bilməz. 

Məncə, türkçülük, turançılıq düşüncəsi təkcə bir tarix, folklor, ya da mifoloji məsələsi deyil; türkçülük həm də çağdaşlıq, yenilik və gələcək hədəfdir, Qızıl Alma yolçuluğudur. Biz "ortaq keçmişdən ortaq gələcəyə" aparan ulu yolun yolçularıyıq. Şeirdə bu ruh poetik bir nişanə, əlamət kimi görünürsə, publisistikada o, ideoloji, daha doğrusu, ideya xətt kimi irəliləyir.

 

-Ədəbiyyat bəzən öz dövründən irəli, bəzən də ondan geridə ola bilər. Sizcə, Azərbaycan poeziyası bu gün hansı dövrdədir - zamanın qabağında, ortasında, yoxsa arxasında?

 

-Bu sual təkcə poeziyanın deyil, bütöv götürsək, toplumun güzgüsüdür. Azərbaycan poeziyasında fərqli səviyyələr var: bəziləri zamandan irəlidədir, yaxud buna can atır; bəziləri öz günündə eşələnir, bəziləri isə keçmişin bir növ təkrarı ilə uğraşır. Ancaq bütövlükdə deyə bilərəm ki, poeziyamız yenidən öz köklərinə - milli-estetik dəyərlərinə qayıtmaqla yanaşı, dünya ədəbiyyatı ilə mümkün və vacib dialoqa girir. Bu, pozitiv haldır. 

Zamanın qabağında olmaq isə təkcə çağdaş forma deyil, həm də düşüncə keyfiyyəti, fikir səviyyəsi, xarakter ismarıcıdır. Bu mənada, bir qisim şairimiz çağının ruhunu duyur, digərləri isə bu ruhu yalnız təqlid edir. Bir dəstə də var ki, harda olduqlarını, nə etdiklərini heç özləri də bilmir...

 

-Şeirinizi oxuyan adam sizi şəxsiyyət kimi daha yaxından tanıyırmı? Yoxsa Əkbər Qoşalını anlamaq üçün şeirdənkənara - publisistikaya, çıxışlarınıza, fəaliyyətinizə də baxmaq lazımdır?

 

-Artıq vurğuladığımız kimi, şeir - müəllif üçün duyğu, düşüncə və onlardan irəli ruhi gücün fikir meydanında təntənəli paradıdır; publisistika - fikrimiz, sosial-siyasi mövqeyimizdir. Bir yazarı bütöv şəkildə tanımaq istəyən onun yaradıcılığına da bütöv baxmalıdır - poeziya olsun, publisistika olsun, ictimai fəaliyyət olsun - onların ayrı-ayrılıqda ifadə etdikləri birgə ifadəlilikdən üstün deyil. 

Oxucu şeirdə məni hiss edər, publisistikada anlayar, ictimai fəaliyyətimdə isə yaşadığımı və  necə bir amalla yaşadığımı görər. 

Təkcə şeirə baxan məni duyğusal adam kimi qavrayar, publisistikaya baxan isə daha qətiyyətli, prinsipial... - bunlar ayrı-ayrılıqda doğrudur, amma bütövlük, mahiyyət öz tamlığını - fikir, duyğu və əməl birliyində tapır. Əgər klassik sufi filosoflarının üslubunu nəzərə alsaq və bəndə qatında ifadəni qüsur saymasaq, çoxşaxəli fəaliyyət göstərən universal yaradıcı insanın halı bir növ, "Vəhdətül-vücud" düsturuna uyğun yorumlana bilər. 

 

-Sizcə, yazıçı və ya şair üçün "ideoloji mövqe" nə dərəcədə vacibdir? Ədəbi azadlıq və milli məsuliyyət arasında necə bir tarazlıq yaratmaq olar?

 

-Əgər yazıçı toplumun nəfəsini duyursa, o ideoloji mövqe qaçılmazdır; amma bu, bir partiyanın proqramı kimi deyil, vicdanın mövqeyi kimi, daha dəqiqi, ideyanın özü kimi anlaşılmalıdır. Ədəbi azadlıq fərdi ifadədir, milli məsuliyyət isə ümumi varlıqla bağlılıqdır. Məncə, nə azad  yazıçılıq milli mənsubiyyətsiz, nə millət azad ruh və fikirsiz irəliləyə bilməz. Bunlar qoşa qanad kimi yorumlanmağı haqq edir. "Milli olmayan bəşəri ola bilməz" - Asif Atanın sözüdür. Yazıçının azad olması, onun köksüz olması deyil, əlbəttə. Əlbəttə, ədəbi azadlıq və milli məsuliyyət bir-birinə qarşı deyil, əksinə, bir-birini tamamlayan dəyərlərdir. Tarazlığı vicdan və səmimiyyət təmin edir.

 

-Bu sualım sizə bəlkə haşiyə kimi gələcək - yəqin yaradıcılığınıza, ideya-siyasi xəttinizə, başqa sözlə, ideoloji yönümünüzə görə tənqidlərlə də rastlaşırsınız - belə hallarda necə bir mövqe göstərirsiz, cavabınız nədən ibarət olur?

 

-Aha. İmzasına, səmimiyyətinə və fikri mövqeyinə sayğı duyduğum şəxslərin tənqidlərini nəzərə alıram, düşünürəm, bəzən də uhulət-suhulətlə cavab verirəm. Özümə muhatab bildiklərimlə fikir mübadiləsi mənim üçün də, onlar üçün də həm faydalı, həm də zəruri olur. Amma sözündə, mövqeyində ardıcıllıq olmayan, əsassız iddialarla ortaya çıxanlar - açığı,  məni nə intellektual, nə də insani baxımdan maraqlandırmır.

Bilirsiz, bizim özümüzə görə çevrəmiz, mühitimiz var; zaman-zaman elə olur ki, hansısa yazını, statusu paylaşanda artıq bilirik - "marallarım" harada olsalar da, bir azdan pırtdayıb çıxacaqlar. Hirs-hikkə, paxıllıq, qısqanclıq əsiri olanların bu halları onların çeçələ barmağının ucunca ağıllarını, yarımdəftərlik savadlarını, bir atımlıq "istedad"larını da sıfırlayır və "nə yuvanın quşu" olduqlarını hər halları ilə görə bilirik. Bəzən sadəcə sosial səbəblərlə və çox da əsassız inciyənlərin bu incikliyi guya "ədəbi tənqid" kimi qabartmağa çalışdığını müşahidə edirik. Bu isə artıq qərəz və şəxsi ambisiya məsələsi olub, acı gülüş doğurur.

Mən nə etdiyimi, hansı yolda olduğumu və bu yolun kimlərə nəyə görə rahatsızlıq yaratdığını bilirəm. Öz prinsipləri, duruşu, gələcək baxışı olan insanlar üçün bu cür bekara təzyiq cəhdləri təəccüblü deyil. Ən önəmlisi - şəxsi münasibət və ya münasibətsizlikləri ədəbi, ictimai müstəviyə daşımaq nəyə yarar? 

Mən həmişə səmimiyyətin, dürüst yanaşmanın tərəfindəyəm. Əgər tənqid sağlam və aydın məqsədlidirsə, o zaman mənim üçün dəyərlidir. Yox, əgər bu, sadəcə qaranlıqdan atılan daşlardırsa - onların hədəfi də, mənası da olmur. Yaramazlar öz yolsuzluqlarında olsun, biz də öz və düz yolumuzda! Əvvəl Allah!

 

-Aydındır. Əkbər bəy, mənə elə gəlir, yaradıcılığınızda zaman anlayışı həm poetik, həm fəlsəfi məna daşıyır. Sizcə, zaman sizi dəyişir, yoxsa siz zamanı?

 

-Zaman - həm içimizdə, həm çölümüzdə axan bir anlayışdır. Mən zamanı təkcə təqvimdə yox, həm də öz ruhumuzun halında, toplumun dəyişən mənzərəsində görürəm. Şair, yazıçı zamanın "ötəni" deyil, "duyanı" olmalıdır. Yəni şairin hünəri zamanın səsini eşidib onu ifadə etməsindədir. Bəzən zaman bizi dəyişir - çevrə, ictimai proseslər, yaşantılar və s... bəzən isə biz zamanın ruhunu dəyişməyə can atırıq. Məncə əldə qələm, könüldə sevda, ağılaltında təlatümlər varsa, şeir yazanda, esse qələmə alanda, məqalə işləyəndə bir növ zamanla dialoqa girmiş oluruq. Bəlkə, elin "gör, nə hala düşmüsən" deyimi də, Məmməd  Arazın "umdum nə verdi ki, küsdüm nə verə?" sualı,  Aşıq Veysəlin "Uzun, incə bir yoldayım" müəyyənliyi və hətta, Yunus Əmrənin "gəl, gör məni eşq neynədi?" ritorikası da o təlatümlərin, şimşək çaxışlarının, gurşadların məhsuludur... Yəqin ilin bütün fəsillərində haradasa, bir əli qələmli, könlü dolu, gözü yolda olan var ki, onuncun "Caddələrdə rüzgar" yoxdursa belə, yenə, "Lampada titəyən alov üşüyür"...

Uzun sözün qısası, yəni vurğuladığımız münasibət təkcə dəyişmə yox, həm də dönüş olsa gərək...

 

-Şeirdə "mən" çox vaxt "biz"ə çevrilir. Siz öz poeziyanızda daha çox fərdi bir ruhla danışırsınız, yoxsa ümummilli, kollektiv bir kimliklə?

 

-Yaxşı sualdır. Mənim şeirlərimdə "mən" bir insan olaraq var, amma bu "mən" sırf şəxsi eqo deyil, bir ruh halıdır - toplumun, ulusun, Türk dünyasının yaşadığı duyğu-düşüncənin qısa özətidir. "Mən" - o "biz"in içində bir nəfəsdir. Şeir dəftərdi yaşantı da, ümumi taleyüklü hisslər də var, təbii; amma ümumilikdə desək, mən şeirə ulusumun könlündəki sızıltını, alnındakı qırışı, gözündəki umud işığını gətirməyə çalışıram. Ona görə də bəzən bir sətirdə həm bir fərdin, həm bir toplumun dərdi yığılmış ola bilər. Bu, həm poetik məsuliyyətdir, həm də mənəvi borc...

 

-Sizcə, bir yazarın, özəlliklə də şairin daxili təkamülü onun dilinə necə sirayət etməlidir? Başqa sözlə, zamanla üslub dəyişməlidirmi, yoxsa qorunmalıdır?

 

-İç təkamül yazının təbii nəfəsidir. Şair, əgər yaşadıqları ilə dəyişmirsə, yazdıqları ilə də dəyişə bilməz. Amma dəyişmək dedikdə, bu kökdən qopmaq anlamında olmamalıdır. Mənə görə, üslub bir ağacsa, dəyişmək onun budaqlarının yeni səmtlərə uzanmasıdır, kökünün quruması deyil. Zamanla dil cilalanır, fikirlər dərinləşir, bəlkə səs tonu dəyişir - bu normaldır. Amma ruh eyni qalmalıdır. Üslub - təkcə texnika deyil, həm də şəxsiyyətin səslənmə formasıdır.

 

-Sizcə, insan ruhunda hansı anlar şeirə çevrilir? Həmin anlarda daxildə baş verən prosesləri necə izah edərdiniz?

 

-Ruhun susduğu, amma ürəyin danışmaq istədiyi anlar var - bax, şeir orda doğulur. Hər kəs yaşar, amma hər kəs yazmaz. Şair yaşadıqlarını duyğunun içindən süzüb sözə çevirən şəxsdir. Mənim üçün şeir bəzən bir baxışın altında cilvələnir, bəzən bir qoxunun içində, nə bilim, səssizlikdə, bir gecənin lap dərin yerində doğulur... An olur ki, bir söz, cümlə beynində işıq kimi yanır və hiss edirsən ki, artıq illa yazmalısan. Bu, təkcə estetik seçim deyil, bir növ varlığa borcdur. Hər bir şeir, əslində, yaşadığımız bir anın təntənəsidir - ya içdən gələn qırılma, ya da qalxma nöqtəsi - belə olunca da, nöqtə nöqtəlikdən çıxır, uzanır nida olur...

 

-Bir gün qələmi yerə qoymaq məqamı gəlsə, sizcə, hansı əlamət sizin buna hazır olduğunuzu göstərər?

 

-Ağır sualdır. Məncə, insan yazmağı dayandıranda yox, sözlə yaşaya bilməyəndə qələmi yerə qoyur. Yazı mənim üçün nəfəs kimidir - nəfəs almadığın an artıq başqa varlıq olursan. Əgər bir gün içimdən gələn söz məni oyatmasa, yazdıqlarıma, özümə inanmasam və ya hiss etsəm ki, artıq sözüm heç kimin ruhunu oxşamır, toxunuşu yoxdur - "deməli, artıq fərqli qərar verməyin vaxtıdır" deyərəm və o qərarı verərəm.

 

-Oxuculara Əkbər Qoşalını daha dərindən tanımaq üçün hansı şeiri və ya hansı yazını oxumağı tövsiyyə edərsiniz və niyə məhz onu?

 

-Doğrusu, bu, çətin sualdı... amma çətin olduğu qədər də maraqlıdır. 

Məncə, belə örnəklər ən azı ikirəqəmli ədədlər sayındadır. Bu an isə ağlıma gələn, "Karantin dövrünün üçüncü şeiri", yenə "Karantin dövrünün beşinci şeiri"dir. Poemaların isə hər birini fərqləndirsək, qüsur olmaz zənn edirəm: "Dərvişin nağılı", "Su pərisi" və "Çobanbayatı" - hər üçü haqqında mötəbər, sağlam fikirlərə bələdəm. - Onlar mənim həm poetik, həm də ruhani, mistik baxışlarımı ifadə edir. Bu şeirlərin, poemaların hər biri haqqında ən ümumi fikir "təbiət və tərbiyə" antitezisi odaqlıdır. 

Digər tərəfdən "Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası..." adlı - Azərbaycan Yazıçılarının Qurultayına məruzəmi vurğulaya bilərəm - mötəbər rəylərə görə, burada həm aydın baxış, həm məsuliyyətli yanaşma, habelə yeni ideyalar vardır. 

Əlbəttə, yayınladığım, çap etdiyim yazıların hər biri mənimçün doğmadır, dəyərlidir; sizin bu, bir qədər gözlənilməz sualınız qarşısında yadıma düşənləri dedim. - Ən azı, adını çəkdiyim örnəklərlə həm duyğusal, həm də fikri baxışlarımı daha aydın çatdıra bildiyim qənaətindəyəm.

 

-Heç olmazsa, həmin iki şeiri bizimlə bölüşə bilərsinizmi?

 

-Əlbəttə. Sevə-sevə. Buyurun:

 

KARANTİN DÖVRÜNÜN ÜÇÜNCÜ ŞEİRİ

 

Duyğuma yenildim,

Düşündüm, daşındım.

Fikr etdim, zikr etdim,

Dərd açdım, danışdım...

 

Yeridim, yüyürdüm,

Dəyişdim... və artdım.

Taleyim, taleyim,

Səni mən yaratdım.

 

Nəyim var - ömürdü!..

Öz yaxam, öz əlim...

Hər sabah, hər sabah

Qiyamət günüdü,

Mən yenə,

mən yenə,

Hər günün adına

bir fidan dikəltdim...

 

KARANTİN DÖVRÜNÜN BEŞİNCİ ŞEİRİ

 

Bulaqlar, bulaqlar,

bol sulu bulaqlar,

Özünüz, özünüz su içmədiniz.

 

Ağaclar, ağaclar,

bar verən ağaclar,

Meyvə yemədiniz, yarpaq dərmədiz.

 

Ah, Günəş,

ah, Günəş, hələ sən,

hələ sən...

Səni nə isidər?

 

Çiçəklər, çiçəklər,

nə qoxlarsınız?

 

Yağışı üstünə yağmayan buludlar,

bəs sizi kim duyar,

bəs sizi kim ağlar?..

 

Bir də mən, bir də mən -

Ömrünü özünə çox görən...

 

Müsahubəni aldı: Səidə Ramazanova

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

 

 

 

 

Çərşənbə axşamı, 10 İyun 2025 14:33

Qacarlar dövründə Azərbaycan türklərinin rolu

 Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bugünkü mövzumuz Qacarlar dövründə Azərbaycan türklərinin roludur. Qacarlar dövrü əlbəttə ki, türk qövmününü inkişafında və türkçülüyün təntənəsində böyük əhəmiyyət kəsb edir, bu səbəbdən də mövzu maraq doğurur.

 

Qacarlar dövrü (1796–1925) Azərbaycan tarixində mühüm bir mərhələ təşkil edir. Bu dövrdə həm siyasi, həm də mədəni baxımdan Azərbaycan türklərinin bölgədəki rolu və təsiri xüsusi əhəmiyyət kəsb etmişdir. Qacarlar sülaləsinin mənşəcə türk olması, Azərbaycanın tarixi torpaqlarının Qacar imperiyasının tərkibində olması və azərbaycanlıların dövlət idarəçiliyində, hərbi sahədə, ədəbiyyat və elm mühitində fəal iştirak etməsi bu dövrü daha əhəmiyyətli edir. Bu araşdırmada Qacarlar dövründə Azərbaycan türklərinin müxtəlif sahələrdəki fəaliyyəti təhlil olunur.

Qacarlar, Qızılbaş tayfa ittifaqının tərkibinə daxil olan və əsasən qacar adlı türk tayfasından çıxmış bir nəslə aiddirlər. Bu tayfa XVII əsrdə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış və sonralar İran siyasi səhnəsində nüfuz qazanaraq hakimiyyətə gəlmişdir. Qacar sülaləsinin qurucusu Ağa Məhəmməd şah Qacar Şuşada böyümüş, burada siyasi və hərbi təcrübə qazanmışdır. Bu fakt Azərbaycanın Qacarlar üçün mərkəzi ərazi olduğunu təsdiqləyir.

 Qacar imperiyası dövründə Azərbaycan türkləri müxtəlif səviyyələrdə siyasi hakimiyyətdə təmsil olunmuşdur. Təhmasib mirzə, Abbas mirzə və digər şahzadələr Azərbaycan türklərindən ibarət ordu ilə idarəetmədə mühüm rol oynamışlar. Bir çox hallarda Qacar sarayında Azərbaycan türkcəsi əsas ünsiyyət dili olmuşdur. Diplomatik yazışmalarda və dövlət sənədlərində də bu dilin istifadəsinə rast gəlinir.

Qacar ordusunun əsas hissəsi Cənubi Azərbaycanın və ətraf bölgələrin türk tayfalarından təşkil olunmuşdu. Azərbaycan türkləri peşəkar süvari dəstələri, xüsusilə də QızılbaşŞahsevən tayfaları vasitəsilə Qacar dövlətinin hərbi gücünün əsas dayağı olmuşdur. 1804–1813 və 1826–1828-ci illər Rusiya-İran müharibələrində azərbaycanlılar əsas döyüşçü qüvvə kimi iştirak etmişdir.

 Qacar dövründə Azərbaycan türkcəsində ədəbiyyat geniş inkişaf etmişdir. Abbasqulu ağa Bakıxanov, Səbuhi, Zərdabi, Mirzə Fətəli Axundzadə kimi mütəfəkkirlər bu dövrdə maarifçilik ideyalarını yayaraq milli şüurun yüksəlməsinə töhfə vermişlər. Həmçinin Güney Azərbaycanda Məhəmməd Tağı Sidqi, Şəhriyar kimi şəxsiyyətlər azərbaycanlıların ədəbi-mədəni həyatında dərin iz buraxmışlar.

 XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Cənubi Azərbaycanda milli oyanış prosesi güclənmiş, azərbaycanlı ziyalılar arasında konstitusiyalılıq, milli dil və mədəniyyətin qorunması ideyaları yayılmışdır. 1905–1911-ci illər İran inqilabında azərbaycanlılar fəal iştirak etmiş, Təbriz bu hərəkatın mərkəzlərindən birinə çevrilmişdir. SəttarxanBağırxan kimi milli qəhrəmanlar bu mübarizənin əsas simaları olmuşdur.

 Qacarlar dövrü Azərbaycan türklərinin həm siyasi, hərbi, həm də mədəni cəhətdən bölgədə böyük rol oynadığı bir dövrdür. Onlar dövlətin idarə olunmasında mühüm vəzifələr daşıyır, ordunun əsas sütununu təşkil edir və milli mədəniyyətin inkişafında fəal iştirak edirdilər. Azərbaycan türkləri bu dövrdə təkcə İranın deyil, bütövlükdə türkdilli xalqların tarixində iz qoymuş, milli kimliklərinin formalaşması və qorunmasında müstəsna rol oynamışlar.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Naxçıvan eli bir çox məşhur ədiblər, elm xadimləri yetişdirib. Bu sırada incəsənət xadimləri də az deyil. Və əlbəttə ki, Naxçıvan dahi rəssam Bəhruz Kəngərlinin vətənidir.

Zaman-zaman Naxçıvandan digər tanınmış rəssamlar da çıxıb. Onlardan biri də Azərbaycanın xalq rəssamı Rafiq Mehdiyevdir.

 

Rafiq Mehdiyev 1933-cü ilin bugünkü günündə - 10 iyununda Muxtar Respublikanın Şahbuz rayonunda anadan olub.  Ə. Əzimzadə adına rəssamlıq texnikumunu, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika fakültəsini bitirib.

Onun yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin "Axşam" və "Səhər" adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində "Kənd", "Uşaqlar", "Qadın uşaqla birlikdə", "Bazarda", "Bir cərgə", "Son gün", "Güllələnmə", "Bir cərgə", "Yağışdan sonra" tablolarının adlarını qeyd etmək olar.

Rəssamın dəzgah qrafikası ilə yanaşı, bir-birindən gözəl və maraqlı rəngkarlıq nümunələrinin də olduğunu söyləyən sənətşünaslar diqqətə çatdırıblar ki, Rafiq Mehdiyevin respublika bədii sərgilərində  "Üzümyığanlar", "Təzə xəbər", "İstirahət", "Natürmort" tabloları uğurla təqdim edilib.

Rəssam pedaqoji fəaliyyətini də uzun illər davam etdirmişdir, müdafiə etmiş, professor fəxri adınadək yüksəlmişdir.

O, 1980-ci ildə əməkdar rəssam, 1992-ci ildə isə xalq rəssamı fəxri adına layiq görülmüşdür. 

2003-cü ildən isə prezident təqaüdçüsü olmuşdur. 

Rafiq Mehdiyev bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

28 noyabr 2009-cu ildə isə o, Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

Çərşənbə axşamı, 10 İyun 2025 13:29

BİRİ İKİSİNDƏ – İlkin Əhmədoğlunun debütü

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün debütdür, sizlərə İlkin Əhmədoğlunun şeirləri təqdim edilir.

  

ŞƏKLİNİ ÇƏKMİŞƏM

 

Dənizdə çəkmişəm şəklini.

Çəkmişəm dupduru

dənizin ləpələrinə...

Ətrini səpmişəm

Bakının bəyaz gecələrinə.

Gözlərinin rəngini

Xəzərdə axtarmışam.

Ürəyimdə sevda çiçəyi,

Aydan, gündən nur alıb.

Palitra yaratmışam

Ürəyimin içi boyda.

Şəklini çəkmişəm

Bu dənizin özü boyda...

 

 

MƏN SUSDUM

 

Mən susdum,

susmaz ürək.

Qasırğa sovurar, inləyər ruzigar,

içimdə bir hiss, bir şeir qaynar

                              bu gecə...

Kimsə bilməz, kimsə

               duymaz, susaram.

Susar mənimlə həsrət,

Susar mənimlə səbir.

susar həyat, susar zaman...

Acılarım dinər, danışar,

                          kimsə duymaz.

Dörd divardan başqa...

 

 

QARAYLA AĞ ARASINDA QALMIŞAM

 

Bir təpədən boylanıram dörd yana,

Aranla dağ arasında qalmışam.

Keçidlərim dumanlandı gözümdə,

Bağçayla bağ arasında qalmışam.

 

Arzularım saçlarını yolubdu,

Tale yolum o tay, bu tay olubdu,

Ümidlərim Araz-Araz solubdu,

Sol ilə sağ arasında qalmışam.

 

Açılmayır fikirlərdən gül üzüm,

Qərarsızdı aylı gecəm, gündüzüm,

Hərdən məni zilə çəkir öz sözüm,

Qarayla ağ arasında qalmışam.

 

 

SƏNİ GÖZLƏRİMƏ ÇƏKDİM

 

Mən səni gözlərimə çəkdim,

Xəbərin olsun.

Gəl, artıq qalma uzaqlarda...

Tut əllərimi,

Dözmürəm yoxluğuna.

Rəsmini ürəyimə çəkdim,

Gəl sən də çək məni

Gözlərinə, ürəyinə....

Səni yağışlara, buludlara –

Lap uzaqlara çəkdim...

Səni kitablara,

divarlara çəkdim.

Gəl sən də məni

həsrətinə çək..

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

Çərşənbə axşamı, 10 İyun 2025 13:00

“Sürüyə qayıdış” – HEKAYƏ

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yaz təzəcə öz taxtına oturmuşdu. Günəş Kəlbəcərin qarlı zirvələrini də qızdırmağa başlamışdı. Dağ çaynın dəli nərəsi qulaq batırır, min bir rəng çalan, qoxusu adamı bihuş edən çiçəklərin, otların qoxusu ciyərlərimə dolurdu. Səhərin erkən saatları idi. Sakitliyin içində qoyun mələşmələri, cobanların səsi eşidilirdi. Babamla birlikdə sürünü yaylağa aparırdıq.

 

Hər daşın, hər kolun adını bilən babam bu dağların sirrini oxuya bilirdi, buludun rəngindən yağış, yoxsa dolu olacağını, selin haradan gələcəyini, qoyun arxacının hada olsa, təhlükəsiz olacağını ovcunun içi kimi bilirdi. Bir dinşəməklə qurdun sürüyə hansı məsafədə olduğunu, itin hürüşündən, atın kişnəməyindən, qoyunların hürkməyindən təhlükənin nə həddə olduğunu duyurdu. Mən babamın bu bacarıqlarına heyran qalmışdım. Mən də ana təbiətlə öz dili ilə danışmağı öyrənməyə çalışırdım.

Yolumuz Kəlbəcərin bir dağlıq ərazisindən keçirdi. Qaya döşləri günəşin altında elə bil közərirdi. Birdən babam ayaq saxladı. Əlini gözünün üstünə kölgəlik edib dağın ətəyindəki qayalığa baxdı. Baxışları bir nöqtədə donub qaldı.

— Bala, bax o qayanın başına... Çəpişləri görürsən?

Baxdım. Bəli, qayanın üstündə iki çəpiş dayanmışdı. Sakitcə itburnu kolunun yarpaqlarını dodaqları ilə dartıb yeyir və tez-tez qulaqlarını şəkləyib ətrafa baxırdılar. İncə bədənləri günəşin altında qızıl kimi parıldayırdı. Onlara baxanda elə bil təbiətin bir sirri açılırdı: nə gözəl idi azadlıq! Amma babamın baxışlarında qəribə bir tanışlıq vardı. Bu itirdiyini uzun müddət sonra tapan uşağın sevincinə bənzəyirdi.

O, çobanlara səsləndi:

— Ayə, payızda bizim sürüdən qaçan keçinin balalarıdı! Biz burdan arana qayıdanda doğmaq üçün qaçmışdı, xatırladınız?

Çobanlar təlaşla sağa-sola səpələndilər. Hərəsi bir tərəfdən qayanı dövrəyə aldı. İtlər də onlara kömək edirdi. Bu dağlarda çoban itləri çobanın ən yaxın silahdaşı idi. Mən isə baxırdım. Əllərim tərləmişdi, qəlbim sürətlə döyünürdü. Həyəcandan boğulmaq üzərə idim. Həmin an o çəpişlər mənim üçün azadlığın simvoluna çevrilmişdilər. Ürəyimdə Allah yalvarırdım ki, kaş çobanların əlindən qurtula bilsinlər.

Qovalaqaç başladı. Çəpişlər qaydan-qayaya dırmaşır, tullanır, ayaqları sürüşür, yüksək səslə mələyir, sanki ana təbiəti köməyə çağırırdılar. Ancaq, deəyəsən, Tanrı  öz hökmünü vermişdi, insan oğlu qalib gəlməli idi. Çobanlar çəpişlərin yönünü sürüyə sarı yönəldəndə ana keçi də göründü. Balalarının köməyinə tələsən ana keçinin gözlərində bir həyəcan, bir qorxu vardı. O, balalarına sarı qaçdı, lakin insan səddi onu saxladı.

Babam çobanlara işarə edib növbəti əmrini verdi. Sanki komandir öz əsgərlərini hansısa əməliyyata göndərmişdi və növbəti tapşığını verirdi:

— Ana keçini sürüyə qatın. Amma bu çəpişlər axşam qaçacaq, sürüdə qalmazlar. Onları tutub kəsmək lazımdı...

Bu sözlər məni sarsıtdı, oxa dönüb sinəmə sancıldı. Başımı aşağı saldım. Susdum. Gözlərim yaşardı. Valideynlərimdən də çox sevdiyim babama qarşı içimdə sanki nifrəti yarandı. Yavaş səslə xahiş etdim:

-Baba, nə olar, çəpişləri kəsməyək, hər ikisi dişidir, bala verərlər, saxlayaq.

O, üzümə baxdı, ürəyimdən keçənləri gözlərimdən oxudu:

-Yaxşı, sən deyən olsun, amma onlar dayanmayacaq, qaçacaqlar.

Bütün günü gözümün qabağında o ana keçi dayanmışdı. Təsəvvürüm məni heyrətə gətirmişdi: o keçi bu dağlarda təkbaşına doğub, balalarını böyüdüb. Ayılar, canavarlar, soyuq gecələr, ac-susuz günlər — bunların heç biri onun əzmini sındıra bilməmişdi. Amma insan... insanın bir qərarı onun və balalarının azadlığını əlindən aldı.

Axşam düşəndə babamın dediyi oldu, çəpişlər qaçmağa çalışdılar. Babam haqlı idi. Onların canı hələ də dağa bağlıydı. Və o can azadlıq üçün çırpınırdı. Amma bu çırpınışın sonu yox imiş...

Səhəri gün o çəpişləri görmədim. Onların səsi, nəfəsi, baxışları o dağlarda qaldı. Sanki dağın sinəsində bir ana fəryadı, hıçqırtısı əbədi səsləndi. Keçi isə sürüdə idi. Sakit, boynu bükük, lal. Onun susqunluğu hər şeydən çox danışırdı.

O gündən sonra mən dağlara daha fərqli baxmağa başladım. Artıq əminəm ki, ana təbiət insandan daha mərhəmətlidir. Təbiət səni dəyişməyə çalışmaz, sənə olduğun kimi yer verər. Amma insan əvvəlcə səni azad qoyar, sonra azadlığını əlindən alar, sonra da sənin yerinə qərar verər.

O keçi öz balalarını təbiətin qılıncından qoruya bilmişdi, amma insanın hökmündən qoruya bilmədi. Çünki insan qərarı ilə təkcə cismi yox, ruhu da öldürə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

 

Çərşənbə axşamı, 10 İyun 2025 12:28

Gül yanaqlı Gülyanaq xanım...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Atası Zakir kişi musiqiçi olduğundan, övladlarının da bu sənətdə olmasına pis baxmayıb. Qızları hər dəfə müsabiqədən qalib gələndə, çox sevinib. Və bu yolda qızlarına özü cığır açıb. Hətta böyük qızı Gülyazı istəyi ilə Bakıya gətirib, Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olunmasına şərait də yaradıb...

 Deyir ki:- “Atamız daha çox bizim ali təhsil almağımağımızı düşünürdü. Valideyn kimi adımızın təmiz olmasını istəyirdi. Bəzən tərəddüd içərisində olurdu ki, qız uşaqları Bakıya gedib təkbaşına nə edəcəklər? Ailə qurub sonra oxumaq dalınca getməyimizi istəyirdi. Amma o da mümkün deyildi. Mən bu işə gəlib yiyələnmədən ailə qursaydım, hər şey bir kənarda qalacaqdı. Ona görə mən inadkarlığımla öz karyeramı qurdum. Otuz ildən çoxdur ki, səhnədəyəm. Doğrudur, kənddə böyümüşəm, təbii ki, hər kəs kimi mənim də arzularım olub və bu arzularla sənətə qədəm atmışam.Çox şükür, arzuma nail oldum. Hardan hara gəldiyini, hansı çətinliklərdən keçdiyini unudan adam gələcəyini görə bilməz.

 Uşaqlığı kənddə, zəhmətkeş insanların arasında keçib, həm dərslərini oxuyub, həm də mədəni kütləvi tədbirlərdə iştirak edib. Təsərrüfat işlərini, dərslərini, bir də sənəti sevib. Və onu bu sənətə öz istəyi, sevgisi gətirib...

 Kənddən gələndə Allaha əl açdım ki, qəbul olunum, oxuyum, arzuma çatım. Heç vaxt təkəbbürlü, eqolu olmadım. Tələbəlik illərini başa vurdum, Bakıda yaşadım, sənətdə gələndən 5 il sonra Ulu öndər tərəfindən Əməkdar artist adına layiq görüldüm.”- söyləyir.

 Bəli, bu dəfə sizə xalq artisti Gülyanaq Məmmədovadan söhbət açmaq istəyirəm. O, 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin muğam şöbəsində, 1996–2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. Sonra, 2002-ci ildə universiteti magistr dərəcəsi ilə başa vurub...

 Deyir ki:- “Koronovirus zamanı məndə panik atak yarandı, düz altı ay xəstə yatdım. Öz canımdan qorxmurdum, uşaqlar, yoldaşım, bacı-qardaş, hamının dərdini çəkə-çəkə özüm xəstələndim. Sağ olsun psixoloqum, bir dərmanla sağaltdı məni. Amma həyəcanlananda, qorxanda, stress yaşayanda yenidən qayıda bilər. Yoldaşımda polipdən çevrilmə adenokarsinoma aşkarlanmışdı. Bunu öyrəndiyimdə panik atak yenidən qayıtdı. Üç gün əlim-ayağım əsdi. Özümə dedim ki, mən güclü olmalıyam ki, onu qoruya bilim. Çöldə ağlayıb, yanında gülümsünürdüm ki, heç nə anlamasın. Səkkiz aya yaxın Türkiyədə müalicə olundu. Əməliyyatla ondan iki kilo şiş çıxardılar. O qədər qorxu yaşadım ki, onu əməliyyatdan çıxarıb, məni əməliyyat otağına saldılar. Böyrəyimdən əməliyyat olundum. Stressdən bütün orqanlarımın iş prinsipi pozulmuşdu.

 Zəhmətkeşdir. İradəli və inadkar xanımdır. Çətinliklərə sinə gərməyi bacarır. Arzularını həyata keçirməkdə əzmkardır. Yeniyetmə yaşlarında bağda-bostanda işləyəndə arzu etdiyi müğənni peşəsinə də, onu elə əzmkarlığı gətirib. Təkəbbürdən uzaq, səmimi birisidir. Uşaqlıq dövründə tütünlə, ipəkqurdu yetişdirməklə məşğul olduğunu danmır...

 Çox çətin idi tütünlə məşğul olmaq, ipəkqurdunu yetişdirmək. İnsan nə qədər inamlı olarsa, Allah ona mükafat verər. Zəhmətinlə nə isə əldə edəndə onun qədir-qiymətini də bilirsən. Bəli, unutmamışam ki, bir vaxtlar əkinlə məşğul olmuşam, tütün əkmişəm, becərmişəm. Nə olsun ki, əsas odur ki, bu gün sənətkar kimi xalq məhəbbəti qazanmışam, gözəl ailəm var.”- söyləyir.

 Allaha gecə-gündüz yalvarır ki, eqoizmdən uzaq olsun. Sadə həyatı çox xoşlayır, özünü cəmiyyətin bir üzvü hesab edir və insanları çox sevir. “Məni mən edən insanların sevgisidir. Bu sevgiyə qarşı necə eqolu olmaq olar?”- deyə, sual verir...

 Deyir ki:- “Sizə bir şey danışım, indiki evimdən öncəki ev “Xruşşovka” idi, beşinci mərtəbədə yaşayırdıq. Tanınırdım, Əməkdar artist idim. Arabir səhər saat beşdə yuxudan durub, beşinci mərtəbədən birinci mərtəbəyə qədər pilləkənləri süpürüb yuyurdum. İstəyirdim ki, təmizlik olsun. Heç kəs də bilmirdi ki, bunu mən edirəm. Süpürgə əlimə yapışmayacaqdı ki. Kənddə doqqazdan evə qədər meydan boyda yer idi, hər gün süpürmürdükmü? Tütün düz, su daşı, həyət-baca təmizlə. Kənd uşaqları hamısı görür bu işləri...

 O, 1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib.1993-cü ildən Rəşid Behbudov adına Mahnı Teatrında vokalist kimi çalışır...

  Bəli, xalq artisti, yüksək dərəcəli vokalist Gülyanaq Məmmədova belə xanımdır. Bu gün o növbəti yaşına qədəm basacaq. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

Cahangir Namazov,

“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Müsahibimiz, tanınmış koreyalı şair, yazıçı, tərcüməçi və jurnalist, bir çox beynəlxalq ədəbi mükafatların laureatı, Koreya Sülh və Əməkdaşlıq İnstitutunun vitse-prezidenti və siyasi elmlər üzrə fəlsəfə doktoru (PhD) Byeong Cheol Kangdır. 

 

— Söhbətimizi Koreya ədəbiyyatı ilə başlayaq... Sizin fikrinizcə, Koreya ədəbiyyatının unikal xüsusiyyətləri hansılardır?

 

— Koreya ədəbiyyatının ruhu tarix, emosiyalar və kollektiv təcrübə ilə dərin şəkildə bağlıdır.  Əsas anlayışlardan biri "han"dır — Koreyalılara xas olan kədər və dözüm hissi, millətin mübarizələrini və ümidlərini əks etdirir.  

Bu emosional dərinlik Koreya ədəbiyyatına güclü bir rezonans verir. 

Ümumi ədəbi ənənələrdən təsirlənsə də, Koreya ədəbiyyatı xüsusilə tarixi travmalar — Yapon işğalı, Koreya müharibəsi və milli bölünmə kimi hadisələrin əks olunması ilə fərqlənir və tez-tez fərdlərin daha böyük tarixi qüvvələrin təsiri altında necə təsirləndiyini təsvir edir.  Ənənə və yeniliyin qarışığı onun əsas güclərindən biridir.  

Klassik formalardan tutmuş bir sətirlik şeirlər kimi müasir eksperimentlərə qədər, Koreya ədəbiyyatı dəyişiklikləri qəbul edir, eyni zamanda köklərinə hörmət edir.  

Müasir Koreya yazıçıları getdikcə daha çox gender, sinif və şəxsiyyət məsələlərinə toxunur, müxtəlif və şəxsi səslərin yaranmasına səbəb olur.  İnternetin köməyi ilə Koreya ədəbiyyatı indi qlobal auditoriyaya daha sürətlə çatır, təsirini və mədəni mübadiləni genişləndirir. 

 

 — Hansı ədəbi janrlarla daha çox əlaqə hiss edirsiniz, bu janrlara sizi xüsusilə cəlb edən nədir?

 

— Ən çox əlaqə hiss etdiyim ədəbi janrlar poeziya və qısa hekayələrdir.  

Poeziya məni, emosional gücü və lirik gözəlliyi ilə cəlb edir.  

Bir sətirlik bir şeir bütöv bir emosiyalar, xatirələr və mənalar dünyasını əhatə edə bilər.  

Qısa hekayələr də məni güclü şəkildə cəlb edir.  Xüsusilə bir fərdin həyatının gözlənilməz yollarla necə şərh oluna biləcəyini göstərən dönüşlər və dəyişikliklərdən zövq alıram.  Bu kəşf və anlayış hissi məni davamlı olaraq ədəbiyyat dünyasına daha dərindən cəlb edir. 

 

— Sizcə, bir yazıçının öz həqiqi "mən"ini kəşf etməsi və ifadə etməsi vacibdirmi, kimlik axtarışı sizin əsərlərinizdə necə əks olunur?

 

— Bəli, düşünürəm ki, bir yazıçının öz həqiqi "mən"ini kəşf etməsi və ifadə etməsi çox vacibdir.  Yazmaq sadəcə gözəl cümlələr qurmaq deyil: dürüstlük, orijinallıq və daxili dialoqdur.  Yazıçı xatirələri, emosiyaları, dəyərləri və bəzən ziddiyyətləri ilə səmimi şəkildə üzləşdikdə, əsərləri dərinlik, aydınlıq və güclü rezonans qazanır. Oxucular səmimi bir səsi təbii olaraq hiss edirlər. 

Mənim əsərlərimdə kimlik axtarışı təkrarlanan bir mövzudur.  

İstər poeziya, istərsə də nəsr yazımda, daim bu suallara cəlb olunuram: —İnsan hansı növ kimliyə malikdir?  Mənim fərdi kimliyim insanlığın ümumi kimliyi ilə necə əlaqəlidir?  Mən dilə və başqalarına necə bağlıyam?  Bəzən bu sualları şəxsi refleksiya ilə araşdırıram,  bəzən isə aidiyyət, dəyişiklik və yaddaşın qarışıqlığı ilə mübarizə aparan personajlar vasitəsilə.  Xüsusilə Koreya ədəbiyyatında, kollektiv tarix və şəxsi təcrübə dərindən birləşdiyi üçün, özünü kəşf etmək ənənə və müasirlik, şəxsi və siyasi arasında bir səyahətdir.

 Mənim üçün yazmaq özünü tanıma və yenidən tərif etmə prosesidir və inanıram ki, bu səyahət ədəbiyyata davamlı əhəmiyyət verir. 

 

— Yazıçı olaraq, hansı fəlsəfi dünya görüşünə sahibsiniz, bu dünya görüşü ədəbi yaradıcılığınıza necə təsir edir?

 

— Şair və yazıçı olaraq, insanın mürəkkəbliyini, Buddizmin keçicilik və qarşılıqlı əlaqəlilik anlayışlarını əhatə edən fəlsəfi bir dünya görüşünə cəlb olunuram.  

Həyatı sabit absolyutlar silsiləsi kimi deyil, ziddiyyətlərin bir arada mövcud olduğu, daim dəyişən bir axın kimi görürəm:  —Sevinc və kədər, əminlik və şübhə, fərdilik və cəmiyyət. Sadə cavablar axtarmaqdansa, bu perspektiv məni mövzuları və personajları incəlik və empati ilə araşdırmağa təşviq edir.

Bu dünya görüşü ədəbi işimə dərin təsir göstərir.  

Tez-tez kimliyin axıcılığına və insanların tarix, yaddaş və münasibətlər arasında necə naviqasiya etdiklərinə diqqət yetirirəm.  

Xüsusilə, insanlar qeyri-müəyyənlik və dəyişiklik arasında necə mənalar tapırlar və şəxsi hekayələr daha geniş sosial və tarixi qüvvələrlə necə kəsişir?  

Ayrıca, tam əminliklə hərəkət edən insanların kütləvi vəhşiliklər törətdiklərini müşahidə edirəm.  Onların şəxsiyyətlərinə baxdıqda, çoxlu pis insanları cəzalandırmaq inancıyla mütləq yaxşılığa can atma meyli var. 

 Yazılarım, aydın həllərdən çox ,bu mürəkkəbliyi təbəqələnmiş hekayələri poetik dil və açıq suallar vasitəsilə əks etdirməyə çalışır. Nəticədə inanıram ki, ədəbiyyatın rolu insan təcrübəsinin zənginliyini əks etdirməkdir. Həm gözəlliyini, həm də qeyri-müəyyənliyini əhatə edərək, oxucuları varlıq haqqında dərin bir dialoqa dəvət etməkdir. 

 

—Yazıçı olaraq azadlıq və məsuliyyət arasında necə tarazlıq saxlayırsınız?

 

—Məncə, yazıçı üçün azadlıq və məsuliyyət arasında tarazlıq saxlamaq olduqca önəmlidir. Yazıçılıq yaradıcı azadlıq tələb edir: —Fikirləri, hissləri və formalı sərbəst şəkildə ifadə etmək bacarığını. Lakin bu ifadə azadlığı eyni zamanda məsuliyyət də gətirir: —Gerçəyə qarşı, təsvir olunan mövzulardan tutmuş oxucular qarşısında olan məsuliyyəti. Xüsusilə, həssas mövzulara və ya real təcrübələrə toxunduqda, sözlərimin etik təsirini dərindən düşünür və diqqətlə yanaşıram.

 

—Yaradıcı prosesə başlamazdan əvvəl hansı zehni və emosional hazırlıq görürsünüz, yazı prosesi sizə hansı duyğuları yaşadır?

 

—Yaradıcı prosesə başlamazdan əvvəl zehni sakitlik və emosional hazır vəziyyət əldə etməyə çalışıram. Adətən səssiz meditasiya və ya daxili düşüncələr vasitəsilə zehnimi arındırır, özümü ilham üçün açıq hala gətirirəm. 

Qəlbimi məşğul edən hissləri, xatirələri və ya sualları yazı vasitəsilə araşdırmağa yönəlirəm. Bəzən şəxsi təcrübələr üzərində düşünür, bəzən isə əsərimin mövzusuna uyğun mühitə qərq oluram. Səyahətlər zamanı seyr etdiyim mənzərələrdə keçirdiyim hissləri qeyd etmək və yadda saxlamaq da mənim yaradıcılığımı gücləndirir.

 

—Bir şairin daxilindəki ağrını ifadə etməsi nə dərəcədə vacibdir?

 

—Daxili ağrını ifadə etmək bir şair üçün çox önəmlidir. Şeir elə bir vasitədir ki, insani hissləri, xüsusən də dərdləri incə sənətə çevirə bilir. İçəridə yığılan ağrı insanı narahat və bədbəxt edir. Səmimi ifadə olunan şeirlər vasitəsilə şair bu ağrını gözəlliyə çevirir, oxucularla güclü empatiya və bağ qurur. Bu proses həm şairin özünə şəfa verir, həm də oxucuların öz yaralarına təsəlli tapmasına kömək edir. Şeir vasitəsilə daxili ağrı insanın kövrəkliyi, davamlılığı və ümid haqqında ümumbəşəri həqiqətləri üzə çıxara bilər.

 

—Yaradıcılıqla məşğul olan biri kimi hansı çətinliklərlə qarşılaşırsınız?

 

—Yaradıcılıqla məşğul olan biri kimi, qarşılaşdığım ən böyük çətinliklərdən biri ilhamla davamlı zəhmət arasındakı tarazlığı qorumaqdır. İlham gözlənilmədən gəlir, lakin ilham olmadıqda belə mütəmadi oxumaq və yazmaqla məşğul oluram. Digər bir çətinlik isə iqtisadi ehtiyaclar ilə yaradıcılıq arasında balans yaratmaqdır. Gündəlik qazanc üçün işləməli olduğum zaman yazmaq daha çətin və məhdud olur. Həyatın qayğılarından qurtulmaq, daxilimdəki səsi qorumaq və ona inanmaq ciddi sınaqdır.

 Vaxt məhdudiyyəti, maddi sıxıntılar və oxucu gözləntiləri də yaradıcılıq prosesinə mənəvi yük salır.

 

—Ədəbiyyat və siyasət arasında qarşılıqlı əlaqəyə münasibətiniz necədir, onlar bir-birini necə təsir edir?

 

—Ədəbiyyat və siyasət bir-biri ilə dərin və mürəkkəb əlaqələr içindədir. 

Ədəbiyyat çox zaman cəmiyyətin aynası olur, siyasi reallıqları, ictimai çarpışmaları və ideoloji mübarizələri əks etdirir. Romanlar, şeirlər və esse yazıları vasitəsilə yazıçılar güc strukturlarını tənqid edə, kənarda qalanların səsini çatdıra və alternativ gələcəklər təsəvvür edə bilərlər. Beləliklə, ədəbiyyat siyasi müdaxilə və müqavimətin forması olur. 

Avtoritar rejimlər çox vaxt tənqidi fikirlər söyləyən yazıçıları susdurmağa çalışırlar. Siyasət də ədəbiyyatın yaranma və qəbul edilmə şəraitini formalaşdırır. 

Siyasi sistemlər, senzura və ictimai siyasətlər nəyin sərbəst ifadə ediləcəyini, nəyin isə basdırılacağını müəyyən edir. Tarixi hadisələr və siyasi mühitlər də ədəbi əsərlərin mövzularına, üslubuna və təciliyyətinə təsir edir. Məsələn, zülm və ya ixtilal dövrlərində çox güclü ədəbi hərəkatlar yaranır ki, bunlar hakimiyyətə meydan oxuyur və dəyişiklik çağırışı edir. Koreyada da bir zamanlar ifadə azadlığı məhdud olsa da, bu gün geniş şəkildə qorunur və tətbiq olunur.

Nəticə etibarilə, ədəbiyyat və siyasət daim dialoq içindədir. Onların qarşılıqlı təsiri kimliyimiz, ədalət, azadlıq və cəmiyyət haqqında anlayışımızı dərinləşdirir. Bu dinamik əlaqə hər iki sahəni zənginləşdirir və dünyanı daha geniş mənada qavramağımıza yardım edir.

 

—Koreya ədəbiyyatının gələcəyi haqqında fikirləriniz necədir, müasir yazıçılar gələcəyə necə töhfə verə bilər?

 

—Məncə, Koreya ədəbiyyatının gələcəyi böyük imkanlar və ümidlərlə doludur.

 Koreya cəmiyyəti qloballaşdıqca və daha çoxçeşidli hala gəldikcə, ədəbiyyat da inkişaf edir: --mövzular, üslublar və səslər baxımından daha geniş və zəngin olur. 

Koreya ədəbiyyatının tarixi köklərindəki emosional dərinlik və mədəni zənginlik bu gün də öz təsirini saxlayır və artıq daha müasir və müxtəlif formalarda ifadə olunur. Koreya ədəbiyyatı dünyaya açıqdır və başqa mədəniyyətlərlə qarşılıqlı əlaqəyə hazırdır. Ən önəmlisi isə, yazıçılar fərdiliklərini və orijinallıqlarını qoruyaraq, açıq dialoqlarda fəal iştirak etməlidirlər. 

Şəxsi təcrübənin həqiqəti ədəbiyyat vasitəsilə dünyaya çatdırıldıqda, bu empatiya, anlayış və mədəni mübadilənin güclü bir vasitəsinə çevrilir. 

Müasir yazıçılar həm milli, həm də bədii sərhədləri aşaraq dünyagörüşlərini genişləndirdikcə, Koreya ədəbiyyatının gələcəyi daha canlı, əhatəli və qlobal dəyərli bir məcraya yönələcəkdir.

Koreyada baş vermiş mühüm tarixi və siyasi hadisələr mənə həm dərin emosional, həm də intellektual ilham verib. Yaponiya işğalı, Koreya müharibəsi, Koreya yarımadasının bölünməsi və demokratikləşmə hərəkatları kimi hadisələr yalnız koreyalı xalqın kollektif yaddaşında iz buraxmaqla qalmayıb, həm də mənim yazıçı kimliyimi və həyatdakı məqsədimi formalaşdırmaqda mühüm rol oynayıb. Mən bu dövrlərdə koreyalıların yaşadıqlarını digər dünya vətəndaşlarının hissləri ilə müqayisə edərək empatiya nöqtələri axtarmağa çalışıram. Bu tarixdən doğan ümumi emosiyalar əsərlərimdə zaman-zaman görünür: -Bəzən birbaşa olaraq həmin dövrlərdə yaşamış qəhrəmanların hekayələri vasitəsilə, bəzən də simvolik olaraq, köç, həsrət və ümid kimi ümumbəşəri duyğularla. Mən xüsusilə tarixin axınına səssizcə qapılan insanların həyatına diqqət yetirirəm. Unudulmuş səslər, danışılmamış hekayələr və zülm və dəyişikliklər fonunda yaranan mənəvi suallar məni heyran edir. Şeirlərimdə və bədii əsərlərimdə göstərməyə çalışıram ki, tarix sadəcə bir arxa fon deyil, o, bu gün də hisslərimizi, münasibətlərimizi və seçimlərimizi formalaşdırmağa davam edən canlı qüvvədir. Ədəbiyyat vasitəsilə yaddaşı yaşatmağa, şəfa və dialoq üçün məkan yaratmağa və insanın həm tarixin içində yaşadığını, həm də onu aşma gücünə malik olduğunu dərk etməyə çalışıram. Məsələn, bir dəfə Polşadakı gözəl bir ağcaqayın meşəsində gəzərkən heyranlıq içində donub qaldım. Həmin an doğma vətənimin günəşini necə darıxdığımı hiss etdim. O an başa düşdüm ki, dünyanın müxtəlif ölkələrində yaşayan mühacirlər də öz doğma yurdlarını necə dərin həsrətlə xatırlayırlar. Təhlükəsiz və gözəl ölkələrdə yaşayan insanların da qəlbində müharibə və ya yoxsulluq içindəki vətənlərinə qarşı sonsuz bir həsrət var. Qaçqınların bu acı həyatı yalnız bu günün qlobal vətəndaşlarına deyil, həm də bizim öz əcdadlarımızın həyatlarına da güzgü tutur.

 

— Koreya mədəni irsinin hansı aspektlərini araşdırmağa çalışırsınız, bu araşdırma yaradıcılığınıza necə təsir edib?

 

— Koreya mədəni irsinin araşdırmağa çalışdığım cəhətləri arasında ənənəvi dəyərlər, tarixi yaddaş, xalq nağılları, dil və xüsusilə də yalnız koreya xalqına xas olan dərin “han” duyğusu var. Mən həmçinin nəsillərarası hekayə ötürülməsi, Konfutsi dəyərləri ilə müasir fərdiyyətçilik arasındakı gərginlik, rituallar və ailə quruluşları, həmçinin şifahi ənənələrin şəxsiyyətin formalaşmasına təsiri ilə də maraqlanıram. Lakin mənim ən böyük diqqət mərkəzim buddist mədəni irsinin təsiridir. Buddist mədəni elementlərin araşdırılması mənim yaradıcılığıma dərindən təsir göstərmişdir. Zaman və məkan anlayışını aşan buddist dünyagörüşü, insan təbiətinin əsas, varoluşsal suallarını izah etmək və anlamaqda böyük kömək edir. Bu araşdırmalar nəticəsində mən anladım ki, yerli kimliklə qlobal empatiya arasında ziddiyyət yoxdur.

Əksinə, mədəni dərinliyə endikcə, dinlərdən və sərhədlərdən asılı olmayaraq, insanları birləşdirən ortaq təcrübələr daha aydın şəkildə üzə çıxır. Bu düşüncə mənim yazıçı səsimi gücləndirir və həm milli kimliyə, həm də ümumbəşəri duyğulara toxunan əsərlər yaratmağıma imkan verir.

 

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

 

 

 

 

 

 

Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının studiyasında (Artstudiya) Cəfər Cabbarlının birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib.

Teatrın yaydığı məlumata görə, səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.

Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

11 -dən səhifə 2249

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.