“KİŞİ KİMİ YAŞAYIN!” - Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şəkər xəstəliyindən gözləri tutulmuşdu, sonuncu əsəri olan “Ölən dünyam”ı diktə edib, həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm”.

Ölüm ayağında heç bir vəsiyyət etməyib, amma övladlarına son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!”.

 

Ədəbiyyat tarixində qalmasını tək bircə romanı ilə özünə təmin edən, adı kiçikdən böyüyə hamının dilində dolaşan böyük İsmayıl Şıxlının 26 iyul günü anım günüdür.

Biz eşidə-eşidə, görə-görə gəlmişik, bir çox məşhur, istedadlı kişi mədəniyyət xadimləri insan kimi müsbət keyfiyyətlərə malik olmayıblar, içki meyilli, qadın meyilli, var-dövlət meyilli olmaları daim nların mənfi xüsusiyyətlərini qabardaraq üzə çıxarıb. Amma İsmayıl Şıxlı gözəl yazıçı olmağı ilə bərabər nümunəvi insan idi, belələrinə “ağır otutub batnab gələn kişi” deyilir.

İngilis bayrağı kimi oyan-buyana əsən, qeybətcil, onun-bunun qarşısında daim baş əyib iltifat göstərən, sözünü tutmayanlar İsmayıl Şıxlı şıxsiyyətini öyrənsinlər, anlasınlar ki, əsl kişi olmaq nə deməkdir.

 

Azərbaycan SSRi xalq yazıçısı İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax qəzasının İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Qazax qəzasının Kosalar kənd orta məktəbinə daxil olub. Orta məktəbi bitirdikdən sonra Qazax Pedaqoji Texnikumunda oxuyub. Texnikumda təhsil alarkən komsomolsıralarına daxil olub. Qazax Pedaqoji Texnikumunu bitirdikdən sonra Kosalar kənd orta məktəbində müəllimlik edib. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub və 1941-ci ildə ali təhsilini bitirib.

İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib. Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olub, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilib. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasına sədrlik edib.

 

"Ədəbi yaradıcılığı"

 

İlk mətbuat əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. Ədəbi nəsr yaradıcılığına 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

 

"İctimai-siyasi fəaliyyəti"

 

İctimai işlərdə fəal çalışıb. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan KP Bakı şəhər komitəsinin, Azərbaycan KP MK-nın, Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib.

Milli azadlıq hərəkatının ön sıralarında olub.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilib.  Xidmətlərinə görə "Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medallarla təltif edilib.

 Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb.

 

Kitabları

 

1. Yetər Aslanova

2. Kerç sularında (hekayələr)

3. Dağlar səslənir

4. Daşkəsən (oçerk)

5. Ayrılan yollar

6. Dəli Kür

7. Cəbhə yolları

8. Məni itirməyin

9. Namərd gülləsi (hekayələr)

10. Daim axtarışda (məqalələr, publisist çıxışlar)

11. Ölən dünyam (roman)

 

İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

1997-ci ildə İsmayıl Şıxlının anadan olmasının 80 illiyinə Ziya Şıxlinski tərəfindən çəkilən "Azanfilm" istehsalı Ayrılan yollar adlı qısametrajlı sənədli film həsr olunub.

28 yanvar 2019-cu ildə Azərbaycan prezidenti İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.

 

İndi isə oxuculara İsmayıl Şıxlı ilə bağlı bir neçə maraqlı faktı təqdim edəcəyəm:

-İsmayıl Şıxlı zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb;
-İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə - Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər olub.

-1937-ci ildə qohumu Ümidə xanımla nişanlansa da, yalnız 7 il sonra ailə həyatı qura bilir. Baxmayaraq ki, qohumdurlar, nəsilləri arasına qan davası düşübmüş. Sonralar barışıblar. İşmayıl Şıxlının bu evlilikdən Elçin və Fərrux adında iki oğlu dünyaya gəlib.
-İ.Şıxlının nəşr olunan ilk şeiri “Quşlar”dır, 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.
Həmin gün şair deyib: “Mən həm sevinirəm, həm də kədərlənirəm. Sevinirəm ki, şeirim çıxıb. Kədərlənirəm ki, bir də şeir yazmayacam”.
-Yazıçının ən sevilən əsəri olan “Dəli Kür” romanı 9 ilə ərsəyə gəlib. 1969-cu ildə yazıçının ssenarisi əsasında “Dəli Kür” filmi çəkilib. Lakin filmə qarşı SSRİ-də təzyiqlər olması səbəbi ilə bəzi səhnələr kəsilib. Yalnız təsadüf nəticəsində yandırılmayan filmin finalı müstəqillik illərində bərpa olunub.
- İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir. Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. Deyir, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. İntriqalar səhhətinə də pis təsir edirmiş. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3-cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi.
- Hüseyn Arifdən ən maraqlı lətifələri o qələmə alıb. Lakin bu lətifələrin hər biri üçün Hüseyn Arifdən icazə alıb. O lətifələr ki, şair tirajlanmasını istəməyib, İsmayıl Şıxlı onları nəinki qələmə alıb, heç danışmayıb da! Hətta ən yaxın adamlarına belə.
-İsmayıl Şıxlı zahirən çox yaraşıqlı kişi idi və toylarda inanılmaz gözəlliklə rəqs edirdi. Daha çox “Ruhani” havasına oynayardı.
- İsmayıl Şıxlı Bakıya gələndə ilk düşdüyü ev gələcək qayınatasının evi olub. Qohum kimi gəlib. O bina sonralar Yazıçılar İttifaqına verilib və İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının sədri olanda həmin kabinetdə oturub. İndi həmin otaq AYB sədri Anarın iş otağıdır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.