İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2025-ci il tarixli “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamına əsasən milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərə fəxri adlar, medallar verildi. Oğuzun dəyərli ziyalısı, Yeni Azərbaycan Partiyasının üzvü Hüseynov Nazim İsa oğlu (Nazim Hüseynli) də bu sırada idi və “Tərəqqi” medalına layiq görülmüşdür.
Onun barəsində ətraflı danışmaq qırarına gəldim.
Nazim Hüseynli 07 mart 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1970-ci ildə kənd orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası bölümündə təhsil almışdır.
1975-ci ildə universiteti bitirib Oğuz rayon qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlamış, sonra şöbə müdiri işləmişdir. Bir müddət digər sahələrdə çalışdıqdan sonra yenidən rayonun mətbu orqanı olan “Oğuz yurdu” qəzeti redaksiyasına qayıtmış, orada 10 il redaktor müavini və sonradan 25 il redaktor vəzifəsində çalışmışdır.
Yaradıcılığa orta məktəbin yuxarı siniflərində oxuyarkən başlamış, bədii yazıları respublikanın qəzet və jurnallarında, Yazıçılar Birliyinin ədəbi orqanlarında, “Gənclik” və “Yazıçı” nəşriyyatlarında buraxılmış “Bahar çiçəkləri”, “Yaşıl budaqlar”, ”Yeni səslər” almanaxlarında dərc olunmuşdur.
1991-ci ildə “Yazıçı” nəşriyyatında hekayələrdən ibarət “Şabalıdlı dərə” adlı ilk kitabı çap edilmişdir. 2000-ci ildə “Oğuz lətifələri”, 2001-ci ildə “Uzun hörüklü qız”, 2008-ci ildə “Oğuzdur elim mənim”, 2012-ci ildə “Yurdum, torpağım, əzəl ünvanım-Oğuz”, 2015-ci ildə “Qədim Oğuz yurdu-Xaçmaz kəndi”, 2018-ci ildə şeir və poemalardan ibarət “Bütövlük həsrəti”, 2022-ci ildə “Ver, verim”, 2024-cü ildə “Torpaq uğrunda şəhid varsa Vətəndir”, 2025-ci ildə “Hamıdan da Vətən üstün” adlı kitabları buraxılmışdır.
Hekayələrində Qarabağ savaşı, kənd həyatı, kənd adamlarının qarşılaşdıqları problemlər, onların mənəvi dünyasında baş verən aşınmalar, şeir və poemalarında vətənpərvərlik, Azərbaycanın bütövlüyü, türkçülük və turançılıq ideyalarının təbliği mühüm yer tutur.
2002-ci və 2006-cı illərdə nəşr edilən Oğuz yazarlarının yaradıcılıq nümunələri toplanmış “Kövrək addımlar” və “Oğuzun sözü” almanaxlarının tərtibçisi və redaktorudur.
2009-cu ildə Uşaq ili və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibətilə Azərbaycan jurnalistləri arasında keçirilən “Uşaq hüquqları hamı üçün” mövzusunda jurnalist yazıları müsabiqəsində I yerə layiq görülmüşdür. Həmin il Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif edilmişdir. ”Qızıl qələm“ mükafatı laureatıdır. 2022-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Azərbaycan junalistlər arasında elan olunan fərdi yazı müsabiqəsində “Zəfərlərimizin müəllifi: xalq-dövlət-ordu birliyi-“Dəmir yumruq” yazısı ilə mükafatçılar sırasına çıxmışdır.
2022-ci ildə Türkiyənin Adana şəhərində Çukurova Ədəbiyyatçılar Dərnəyinin düzənlədiyi VII Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı adına təsis edilmiş Atatürk Medalı ilə təltif edilmişdir.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Nazim müəllimi təbrik edir və gələcək fəailiyyətində uğurlar arzu edirik!
Qeyd: Yazının hazırlanmasında etdiyi köməkliyə görə YAP Oğuz Rayon Komitəsinə təşəkkür edirik.
“Ədəbiyyat və incəsənət”
(26.07.2025)