Təqvim və dəyişən MƏZMUN Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Zamanın alnına yazılan – yaddaş, yaddaşın daşına çevrilən tarixlər var. Elələri də var, illərlə sinəmizə daş olub, amma gün gəldi, silkindik, dirçəldik və qalxıb o daşlardan Zəfər heykəli dikdik…

 

23 sentyabr 1993 – çağdaş Azərbaycan tarixinin qaranlıq səhifələrindən biri. O gün, Ağdam – Azərbaycanlı ruhun şəhəri, mədəniyyətin, dirənişin və insanlıq hafizəsinin qala-divarı – Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Və biz torpaq itirmədik o gün, sanki ruh itirmişdik, ruh!..

Bu sətirlərin müəllifinin ailə üzvü – o zaman mayor, bu gün polkovnik – həmin döyüşün içindən dərinləməsinə keçib gələnlərdəndir. O gün düşmən yalnız şəhəri yox, ocaqları qaralatdı, taleləri İlahi işıq xəttindən ayırdı sanki. Və həmin gündən sonra 23 sentyabr bizim üçün “Matəm günü”, “Ağdamın qara günü”, “Susmağa məcbur qaldığımız tarix” oldu da oldu... – Üç onillik boyunca öldük-öldük dirildik və son dirilişimiz bir daha ölməmək üzərə bəngü diriliş oldu!

Yazının müəllifi övladlarının 5-ci sinfədək verdiyi ağır  suallarını unuda bilmir: “Ata, biz niyə həmişə uduzmuşuq?”, “Biz heç vaxt qalib gəlməmişikmi?”… - Dərsliklər elə bil qaramatla örtülüydü: işğal, matəm, işğal, soyqırım, ölüm-itim, matəm, işğal, işğal…Cavablar vardı - ağıl kəsirdi, amma könülləri ovutmaq olmurdu. Göz yaşları suallardan gizlənirdi…

Zaman dəyişdi.

Biz dəyişdik.

Tarix dəyişdi əvəl-Allah!

İndi, həmin tarix – 23 sentyabr – artıq xatırlanmır. - Ağrının yerini açıqalınlı qürur alıb. O ağrının yerində indi 44 günlük Zəfərin şəfəqləri sayrışır. O gündən sonra – 2023-cü ilin 19-dan 20-nə keçən gecə – bir sutkadan az çəkən antiterror əməliyyatı ilə Azərbaycan dövləti öz içindəki terror yuvalarına – “boz zona”lara tam nöqtə (daha doğrusu, nida!) qoydu. İndi “boz zona”ları “yaşıl zona”lar əvəz edir. - Oralar doğal yaşıllığın yanısıra ruhi yaşıllığı, insan(lıq) iqliminin əlvanlığını yansıdır.

 

Budur, ən rəmzi məqamlardan birini bölüşək: 23 iyul 2025-ci ildə, Ağdamı təmsil edən “Qarabağ” komandası Avropada “Şelburn”u 3:0 hesabı ilə məğlub edərək yeni tarixi yazdı. Sanki hərb meydanındakı qələbələr futbol meydanına daşınıb kimi gəldi mənə. 23 iyul ola, Ağdamın “Qarabağ” adlı klubu ola və uduza - bu heç xoş olmazdı, heç, heç!.. Hərçənd 23 iyul 5 ildir qaramatdan arınıb…

Bəli, artıq meydan dəyişib: futbol, diplomatiya, mədəniyyət, sənət, elm və b. meydanlarda qələbə çalma vaxtıdır. Silahın yerini qələm, əks-təbliğatın yerini zəka, bir sözlə, ruhi güc tutub.

Bu Zəfərin arxasında – dünyanın ən humanist dəmir yumruğu dayanır. Elə bir yumruq ki, polad kimi sərt, mərhəmət kimi şəfqətli, haqq kimi dürüst, zaman kimi dəqiqdir…

Biz artıq işğal günlərini xatırlamamaqda haqlı olduğumuz kimi, Zəfər günlərini unutmamaq borcumuz vardır. Müzəffər Ali Baş Komandanın rəhbərliyindəki Azərbaycan Ordusu torpaqlarla birgə, ulusun inamını, övladların sualına verəcəyimiz cavabları geri qaytardı.

23 iyul – bir vaxtlar yas saxladığımız tarix, bu gün Qələbə ruhunun xas qalibiyyətini içimizdə daşıdığımız gündür.

Zəfərin yiyəsi – ULUSdur!

Təqvimin ünvanı – HƏQİQƏTdir!

Vətən yolunda can verənlərin ruhuna – SALAM OLSUN!

Şəhidlər ölmədi, Vətən bölünmədi!

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.