İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təqvimdə 26 iyul günü dünyaya gələnlər sırasında Azərbaycan Respublikasının xalq artisti Ağacəbrayıl Abasəliyevin adını görüncə dərhal qərara gəldim ki, haqqında yazım.
Ağacəbrayıl Abasəliyev 26 iyul 1955-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1961-ci ildə görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmov və bəstəkar, pedaqoq Adil Qaray Məmmədbəylinin tövsiyəsi ilə 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, əməkdar artist Elman Bədəlovun sinfinə daxil olub. 1965-ci ildə 3-cü sinifdə oxuyarkən məktəblilər arasında Respublika Festivalının laureatı olub. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 1972-ci ildə 2-ci kursda, Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olub. Həmin ildə Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunub, Bakı şəhər 8 saylı Uşaq musiqi məktəbində müəllim, sonralar isə şöbə müdiri vəzifəsində çalışıb.
1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblını yaradıb. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınan müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış ediblər. Ağacəbrayıl Abasəliyev 1970–1974-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda kamança ixtisası üzrə, 1974-cü ildə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olub, 1979-cu ildə Konservatoriyanı üç ixtisas üzrə — ifaçı-solist, xalq çalğı alətləri orkestrinin dirijoru və müəllim kimi bitirib. 1979-cu ildən S. Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda kamança ixtisası üzrə təyinatla müəllim işləyib.
1981-ci ildə Üzeyir Hacıbəyov adına ADK-nın "Xalq Çalğı Alətləri" kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1988-ci ildə Dövlət Muğam Teatrının yaranmasında və kollektivin seçilməsində yaxından iştirak etməsi onun yaradıcılığında əlamətdar hadisə kimi qeyd olunmalıdır. Belə ki, 2003-cü ilə qədər (teatr bağlanana qədər) bu teatrın əvvəl musiqi rəhbəri, sonra bədii rəhbər vəzifəsində çalışıb. Çoxlu sayda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini kamança ilə fortepiano üçün işləyib və müxtəlif fənlər üçün proqramlar işləyərək tədrisə daxil edib.
2019-cu ildən Azərbaycan Milli Konservatoriyası "Xalq Çalğı Alətləri" kafedrasının professoru vəzifəsində çalışır.
1991-ci ildə SSR və Azərbaycan Xalq artisti Zeynəb Xanlarovanın dəvəti ilə ansamblın musiqi rəhbəri olub və dünyanın bir çox ölkələrində Zeynəb xanımla qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib. 2002-ci ildən Üzeyir Hacıbəyli adına BMA-da "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının baş elmi işçisi olub. Azərbaycan musiqisini xarici ölkələrdə (ABŞ, Yaponiya, Macarıstan, Hindistan, İraq, Səudiyyə Ərəbistanı, İran, Fransa, Türkiyə, İtaliya və s.) təmsil edib.
Gənc musiqiçi kadrların hazırlanmasına görə dəfələrlə Mədəniyyət və Təhsil Nazirliyinin Fəxri Fərmanı və təşəkkürnamələri ilə təltif olunub. Onun tələbələri arasında 4 nəfər – Respublikanın Əməkdar artisti (Elnur Əhmədov, Fəridə Məlikova, Səlim Abbasov, Rauf İslamov) və 1 nəfər Xalq artisti (Elşən Mansurov) fəxri adlarına layiq görülüblər.
2007-ci ildə "Azad Azərbaycan" televiziya kanalında uğurla həyata keçirilən "Xalq ulduzu" müsabiqəsində münsiflər heyətinin sədri olub. 2015-ci ildən "Azad Azərbaycan" televiziyasında "Nanəli" verilişinin musiqi rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə isə Azərbaycan Dövlət Televiziyasının dəvəti ilə "Yaşadanlar, yaradanlar" adlı layihəsində müəllif verilişinin yaradıcısı olub. İllər ərzində bu verilişdə görkəmli bəstəkarlar, şairlər və korifey musiqiçilərə xatirə gecələri keçirilib, onların əsərləri A. Abasəliyevin rəhbərlik etdiyi ansamblın ifasında təqdim olunub. 2021-ci ildən "Azad Azərbaycan" televiziyasının dəvəti ilə "Nanəli" verilişinin musiqi rəhbəri vəzifəsində çalışır.
Filmoqrafiya
- Dərviş Parisi partladır — Kamança ifaçısı
Fəxri adları və mükafatları
1. 16 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Əməkdar artist, 30 dekabr 2015-ci il tarixdə isə "Xalq artisti" fəxri adına layiq görülüb.
2. 6 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb
Bir sözlə, mədəniyyətimizə olduqca çox töhfələr verib.
Allah xeyirli ömür nəsib etsin.
“Ədəbiyyat və incəsənət”
(26.07.2025)