"Səssizliyin səsi" – Çox yaşamayacağını hiss edən ŞƏFA HÜSEYNOVA ÜÇÜN REKVİYEM Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Söz əvvəli epitafiya:

Səsi ilə sevindirdi, səssizliyi ilə düşündürdü...

Ömrü qısa, izi dərin oldu…

Musiqidə yaşadı, xatirələrdə qaldı...

 

İlk dəfə onu Əli Kərim adına Poeziya Evində gördüm. İstedadlı şair İbrahim İlyaslı məni onunla tanış etdi. Həmin vaxtdan uzun illər keçsə də bugünkü kimi yadımdadır. Səhnədən uzaq, səssiz, amma gözlərində poeziya kimi bir dərinlik vardı. O, sözə oxumaq qədər inanırdı, baxışları danışırdı. Sanki susanda da deyəcək çox sözü vardı.

Həmin gün təsadüf bizi bir yolun yolçuları etdi. Evimizədək birgə getdik. Şəhərin sakit küçələrində addımlarımız yüngül, söhbətimiz isə dərin idi. Həmin yolçuluqda mən onun musiqisindən əvvəl düşüncələrinin ritmini eşitdim.

Maraqlı həmsöhbət idi. Deyilənlərə baş qoşmaqla kifayətlənmirdi, onları öz düşüncəsi ilə tamamlayırdı. Bir söz deyirdin, o isə sanki həmin sözün qaranlıqda qalmış kölgəsini tapıb üzə çıxarırdı. Adi bir ifadəni belə bənzərsiz bir yanaşma ilə söyləyirdi. Gələcək istəklərindən söz açırdı.

Kreativ, fərqli fikirləri vardı...  Həm həyat, həm sənət, həm də insan ruhu haqqında özünəməxsus baxış bucağına malik idi. O, həm danışanda, həm susanda düşündürən adamlardan idi.

O yol qısa deyildi, amma elə bil bir ömür idi. Və mən düşünürəm: bəzən bir insanı tanımaq üçün illər deyil, birgə yaşanmış bir axşam, bir yol boyu danışılmış bir neçə fikir kifayət edir...

                                                   ***

Bəziləri səhnədə doğulur, bəziləri səhnəyə doğulur. Şəfa isə sanki səhnəyə könlünü qoyub, səhnədən könüllərə köçənlərdəndi...

Onun səsi yaddaşlara düşmüş bir xatirə kimiydi: dinlədikcə darıxdıran, düşündürən, dərinləşdirən. Əsl adı Şəfa, soyadı Hüseynova idi. Amma o, təkcə bir ad deyildi: bir hal, bir ovqat, bir duyğunun özüydü.

1975-ci ilin martında Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində doğulan Şəfa, uşaq yaşlarından içində musiqiyə qarşı izaholunmaz bir meyl hiss edirdi. Hələ məktəb illərində səhnəyə çıxanda dinləyicilər onun səsindəki təmkin və duyğunun böyüklüyünə təəccüblənirdi. Hər oxuduğu nəğmə, hər səsləndirdiyi misra bir növ daxili dünyasının işıqlı pəncərəsi olurdu.

1988-ci ildə ailəsi ilə birlikdə Sumqayıta köçdü. Burada həm əla qiymətlərlə dərs oxudu, həm də musiqiyə nəfəs verdi. 1992-ci ildə Türkiyədə Egey Universitetində Türk filologiyası üzrə təhsil aldı, 1993-cü ildə Azərbaycana dönərək Bakı Dövlət Universitetində təhsilini davam etdirdi. Oxuduğu müddətdə konsert gəlirlərini Qarabağa yardım fonduna bağışlayırdı. Nəğmələrinə Vətən sevgisini qatırdı. Səsindən Azərbaycan boylanırdı.

Şəfa nə oxuyurdusa, əvvəl ruhunda hiss edirdi. Onun mahnıları təkcə melodiyadan ibarət deyildi. Bir fəlsəfə, bir həyat dərsi vardı. “Geri dön”, “Sevgi qatarı”, “Ölə bilərəm” kimi mahnıları təkcə səs gözəlliyinə görə deyil, dediyi sözlərə görə yaşayırdı.

Hər ifasında yaşanmış bir ağrı, danışılmamış bir hekayə vardı. Onun səsi gülə-gülə ağlayan adamın səsi idi. Adi sözlərə yeni nəfəs, köhnə duyğulara yeni don geyindirməyi bacarırdı.

2005-ci ilin dekabrında bir toy məclisindən qayıdarkən avtomobil qəzası baş verdi. Onun həyatı da, musiqisi də sükuta büründü. Anası hadisə yerində vəfat etdi, qardaşı ağır xəsarət aldı. Şəfanın özü isə 3 günlük koma dövründən sonra gözlərini bu dünyaya birdəfəlik yumdu. Cəmi 30 yaşında.

Ən böyük ağrı isə onu sevənlərin sözləridir: “Özü demişdi: hiss edirəm, çox yaşamayacağam...”

Bəlkə də çox şey hiss edirdi, amma az şey danışırdı.

Bibisi Qiyafət xanımın dedikləri:

-Şəfa Hseynova uşaqlıqdan oxumağa həvəsli idi. Poeziyanı da çox sevirdi. Əruzu, şeiriyyəti yaxşı mənimsəmişdi. Özü də şeirlər yazırdı. Bir dəfə isə toyda mahnı ifa edərkən insanların diqqətini özünə cəlb etdi. O gündən sonra o, müğənni kimi fəaliyyət göstərməyə başladı...

Şəfa bir dəfə ailəli olub. Valideynləri onun evlənəcəyi adamla ailə qurmasına qarşı idi. Lakin, o, həmin şəxsi sevdiyini deyərək onunla nikaha girib. Həyat yoldaşı Anar “N-brothers” qrupunun ilk solistlərindən biri olub. Onların evliliyi cəmi üç ay çəkib. Ayrılığa səbəb Anarın Şəfaya qarşı başqa qadınlarla xəyanət etməsi və ondan maddi tələblərinin çox olması olub.

Şəfa həyat yoldaşından ayrılsa da onu çox sevib. İfa etdiyi bir çox mahnıları, xüsusilə “Geri dön” mahnısını məhz Anar üçün yazıb. Bir dəfə qardaşı onu mətbəxdə keçmiş əri üçün yazılan mahnıya qulaq asıb ağladığı yerdə görüb. Şəfa keçmiş ərini hələ də sevdiyini və mahnını onun üçün yazdığını ağlaya-ağlaya etiraf edib.

Həyat yoldaşından, sevdiyi insandan ayrılandan sonra müğənni şəxsi həyatla bağlı hər şeyi unudur. Bütün fikrini sənətinə yönəldir. Onun özü ilə bağlı bircə arzusu olur. Nə zamansa ana olmaq.

Bir zamanlar efirlərə çıxmaqdan imtina etmişdi. Daha çox el şənliklərində oxuyurdu. Bunun əsas səbəbi isə siması ilə bağlı kompleksli olması idi. Burnunu estetik əməliyyat elətdirəndən sonra efirlərə yenidən çıxmağa başladı.

2005-ci ilin mart aynda 30 yaşı tamam olan zaman ailə üzvləri ad gününü keçirtmək istəsələr də o, qəti şəkildə etiraz edir və bacısına deyir ki, mən bilirəm ki, bu yaş mənə düşməyəcək, elə 30 yaşımda da dünyadan köçəcəm.

Şəfanın ən böyük arzularından biri Alim Qasımovdan dərs almaq olub. Ailm Qasımov onun səsini dinləyəndən sonra dərs verəcəyini bildirib. Bunun üçün çox sevinən Şəfa gündəliyinin ilk səhifəsinə bu günü həyatının ən xöşbəxt günü kimi qeyd edib. Sonralar o, muğam ifa etmyə başlayıb, qavalla səhnəyə çıxıb.

Atası “Sarıtel” aşıq havasını çox sevdiyindən Şəfa demək olar ki, bütün el şənliklərində bu havanı ifa edirdi.

O, 2005-ci il dekarbırn 3-də Saatlı rayonuna qohumların toyuna ailəsi ilə birgə getdi. Toyda anası ilə də son dəfə şəkil çəkdirib. Geri qayıdanda maşını Şəfanın qardaşı idarə edib və qəza törədib. Həmin vaxtı isə Şəfa başını anasının dizinə qoyub yatıbmış. Onları xəstəxanya çatdırsalar da Şəfanın anası dərhal dünyasını dəyişib. Şəfa isə üç gün komada qalıb.

Hadisə yerinə çatarkən Şəfanın üzərindəki zinyət əşyalarının elə hadisə yerindəcə oğurlandığının şahidi olmuşduq.

Şəfa komada olanda Alim Qasımovdan xahiş etdik ki, son dəfə onu ziyarət etsin, bəlkə Şəfa ustadını görüb komadan ayılar. Alim müəllim sözümüzü yerə salmayıb xəstəxanaya - Şəfanın yanına getsə də komadan ayılmadı və anasının üç mərasimi günü 30 yaşında xəstəxanada vəfat etdi.

Bizim üçün bütün bunları xatırlamaq çox ağırdır… 

… Şəfa arxasında nə qədər albom, ya disk qoyduğunu düşünmürdü. Onun üçün əsas olan iz qoymaq idi: səsdə, sözdə, söhbətdə, yaddaşda.

Bəlkə də bu dünya onun incəliyinə yetə bilmədi. Çünki Şəfa Hüseynova bu dünyanın qarmaqarışıq səhnəsində çox saf, çox dərin, çox həssas idi.

Onun haqqında yazmaq çətindir. Çünki o, özü bir yazı idi. Oxuduğu mahnıların arasına bəzən öz susqunluğunu, bəzən tənhalığını, bəzən isə qürurla gizlədilmiş kədərini əlavə edirdi...

 

Söz ardı epitafiya:

Səsini sükutla qoyub getdi.

Amma bu sükutun içində

nə qədər səs var idi...

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.