İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Axundovanın anım günüdür. Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunan Şəfiqə xanım Azərbaycanın mədəniyyət tarixində özünə şərəfli bir yer edibdir.
Düşünürəm ki, onun həyatı, əsərləri barədə hər bir azərbaycanlı səhih məlumata malik olmalıdır.
Şəfiqə Axundova 21 yanvar 1924-cü il tarixində qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olub.
Şəfiqə xanımım bacısı Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları yoldaşları ilə tez-tez qonaq olurdular və bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı.
Şəfiqə Axundova incəsənət idarəsinin rəisi, yazıçı Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəçiliyi ilə Üzeyir Hacıbəyovla görüşüb. Üzeyir Hacıbəyov ona musiqi təhsili almağı tövsiyə edib və Hacı Xanməmmədovun tar sinfinə göndərib. Bir ildən sonra o, Ağabacı Rzayevadan tarın sirrlərini öyrənib. Beləliklə, Şəfiqə Axundovanın uğurlu təhsil yolu Üzeyir bəyin xeyir-duası ilə 1941-ci ildən başlayıb. O həmçinin Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsini öyrənib.
1943-1944-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alıb. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. Üzeyir bəy gənc yetirməsinin yaradıcılığı, uğurları ilə daim maraqlanıb. Konservatoriyanın nəzdində hazırlıq kursları açan Üzeyir bəy gənc bəstəkarlara Azərbaycan xalq musiqisinin əsaslarını öyrədib, fərdi olaraq onların əsərləriylə məşğul olub, birlikdə muğamları nota köçürüblər.
Gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq sənətinin klassik qayda-qanunlarını daha dərindən öyrətmək üçün Üzeyir bəy Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya dəvət edib və gənclər böyük ustaddan bəstəkarlığın sirlərini öyrəniblər.
Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1972-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib. Şəfiqə Axundova 26 il -1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışıb.
Axundova1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.
2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
Əsərləri
1. "Vicdan" pyesindən "Nədən oldu" mahnısı, «Gəlin qayası» radiopyesindən «Könül təranələri» mahnısı, «Natəvan» pyesindən «Neyçün gəlməz» mahnısı.
2. Şərəf Rəşidovun «Kəşmir mahnıları» poeması əsasında yazdığı musiqi «Kəşmir mahnıları» məcmuəsinin yaranmasına səbəb olub.
3. Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı "Gəlin qayası" operası
4. Novruz Gəncəlinin librettosu əsasında yazdığı "Ev bizim, sirr bizim" operettasında simfonik orkestr üçün yazdığı suitalar, simli kvartet üçün pyesləri, xor üçün silsilələri
5. Əyyub Abbasovun "Adil və Sərvinaz" tamaşasına musiqi bəstələyib.
6. "Son məktub", "İliç buxtası", "Qaynana", "Böyük ürək", "Vicdan", "Sən nə üçün yaşayırsan?", "Qızıl Əjdaha", "Natəvan", "Yaşar", "Aydın", «Dost Əli», «Rübailər aləmində», "Əlvida, Hindistan" kimi tamaşalarına mahnılar bəstələyib
7. Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansları
8. “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər.
9. “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Gəl, ey səhər”, “Yaşatdın elləri”, “Sevgi ölmür” lirik mahnıları.
Filmoqrafiya
- Azərbaycan elləri
- Mənim atam Əliövsət Sadıqov
- Bəstəkar Şəfiqə Axundova
Mükafatları
1. "Şərəf nişanı" ordeni
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
4. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
5. "Şöhrət" ordeni
Şəfiqə Axundva 26 iyul 2013-cü ildə vəfat edib. II Fəxri xiyabanda dəfn olunub. 2024-cü ildə haqqında "Şərqin nəğməkar qızı" sənədli filmi çəkilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.07.2025)